Sasanilər dövlətinin artıq zülm imperiyasına, ədalətsizliyin timsalına çevrilməsi dövründə isə kommunistik reaksiya olaraq məzdəkizmi doğuldu. İnsanlar arasında bərabərliyin pozulmasını məzdəkizm zülmün və zülmətin xeyir və işıq üzərində əsarəti kimi izah etdi və bu əsarətin yoxsulluğu, paxıllığı, acgözlüyü, yalanı, qatilliyi, oğurluğu və müharibəni doğurduğunu irəli sürdü. Məzdəkilər həqiqi kommunist ideoloqları olmaqla, icma prinsiplərinin bərpası uğrunda mübarizəyə atıldılar.
Məzdəki mübarizədən doğulan rezonansın həlqələrindən biri isə Ərəbistanda meydana çıxan hənifilik oldu. Hənif sözü Tanrının qoyduğu yolla gedən mənasını almışdı.
Bu yolu islam gerçəkləşdirdi və ona mütləqlik xarakterini verdi. İnsanlar arasında qardaşlıq münasibətlərinin mütləqləşdirilməsi ilə bağlı hənifilikdə irəli sürülən ideallar ilkin islamda öz reallığını tapdı və müqəddəsləşdirildi. İslamın təşəkkülündə görkəmli rol oynamış hənifilik tərəfindən bütpərəstliyə qarşı təkallahlılığın təbliği bütün Ərəbistanın vahid bir icmada birləşməsinə, vahid düşüncə və davranış normalarının qərarlaşmasına yönəlmişdi. Bu yönüm təbii ki islama da siyarət etmişdi və islamın sonradan digər regionlara yayılması başqa xalqların da haqq yoluna qaytarılması kimi qavranıldı. Quranda, Məhəmməd Peyğəmbərin hədislərində, sünnə adlandırılan müqəddəs rəvayətlərdə həmin yolun geniş təsviri və təqdimatı verildi. Xatırladaq ki, din sözünün özü də ərəb dilindən tərcümədə elə yol deməkdir.
Belə bir cəhətə də diqqət yetirmək lazım gəlir ki, islamın yaranmasına qədərki Ərəbistanda 360-dan artıq icma Tanrısının mövcudluğu məsələn qədim Yunanıstandakı çoxallahlılıqla heç nədə ümumilik təşkil etmir. Burada allahlar panteonu yox idi, icma allahları vardı. Burada od allahı, dəmirçilik allahı, əkinçilik allahı yox idi, qonşu icmanın allahı vardı. Allahların çoxluğu onların panteonunu yaratmırdı, icmaların çoxluğunu əks etdirirdi.
Məhəmməd Peyğəmbərin başçılığı altında Mədinədə mövcud olan müsəlman icması – ümmət – icma ideallarının ən klassik təcəssümlərindən biri və ilkin orta əsrçiliyin ən gözəl nümunəsi idi.
Müasir islam Qərbin güclü mənəvi təsirinə məruz qalsa da, islamın hələ orta əsrlərdə qərarlaşmış düşüncə ənənələri öz mövcudluğunu və qüdrətini saxlamaqdadır. Lakin, Orta əsrlər öz-özlüyündə yekcins olmamışdır. Həm Avropa ortaəsrçiliyində, həm də müsəlman ortaəsrçiliyində bir-birindən kifayət qədər real əlamətlərlə fərqləndirilə bilən dövrlər mövcuddur. İlkin orta əsrlərdə icma şüuru hakim idi. Bu dövrə Avropanın IV-VII əsrləri aid edilə bilər. Müsəlmanlığın cəngavər ruhuna uyğunlaşdırılması onu sünniləşdirdi, şəhərli ruhuna uyğunlaşdırılması isə – şiələşdirdi. Ömər, islamı cəngavər əxlaqına uyğunlaşdırmaqla sünniləşdirdi. Əli, islamı şəhərli ruhuna uyğunlaşdırmaqla şiələşdirdi. İslam ilahi iradəni zor gücü ilə insanlara qəbul etdirdiyi gündən sünniləşdi, ilahi qüdrətdən faydalanmaq meyillərində isə şiələşdi. Sünnilik də şiəlik kimi icma şüuruna ziddir, deməli, ilkin və həqiqi müsəlmanlığa da əslində ziddir. Eyni zamanda sünnilik də, şiəlik də həm həqiqi cəngavər, həm də həqiqi şəhərli dünyaduyumuna əksdir. Əmir Teymur həqiqi cəngavər idi, amma həqiqi müsəlman deyildi, Ömər Xəyyam həqiqi şəhərli idi, amma əslində müsəlman deyildi. Belə ki, həqiqi şəhərlilik determinizm prinsipinin mütləqləşdirilməsinə istinad etdiyindən, dünyəvi elmi, həqiqi cəngavərlik isə kosmosentrizm prinsipini mütləqləşdirdiyindən panteizmi öz həqiqi dünyaduyumu kimi qəbul edir. Sünnilik ilkin müsəlmanlıqla panteizm, şiəlik isə ilkin müsəlmanlıqla dünyəvi elm arasında mövqe tutur.
Bununla yanaşı, islam mədəniyyətinin bütün tarixi ərzində müsəlman əhalinin böyük əksəriyyəti icma şüurunu özündə daşımaqla ilkin müsəlmanlığa sadiq olmuşdur. Bu insanlar üçün icma davranış prinsipləri – xeyirxahlıq, mərhəmətlilik, ədalətlilik, mehriban qonşuluq, insan münasibətlərində qərəzsizlik, səmimilik və təmənnasızlıq, insanların mütləq və real bərabərliyi başlıca və müstəsna əhəmiyyətə malik idi. Onlar şəhərli fərdiyyətçiliyinə və praqmatizminə heç cür uyğunlaşa bilmədiklərindən şiələşmirdilər. Bu insanlar eyni zamanda köçəri sərtliyinə də heç cür uyğunlaşa bilmədiklərindən sünniləşmirdilər.
Şiəlik şəhərləşma prosesində, sünnilik isə cihad zamanı güclənir, öz əhəmiyyətini artırır. İcma prinsipləri hər iki halda sıxışdırılır. Kəlam fəlsəfəsi icma prinsiplərinə həsrətdən doğulur. Bu, islam fəlsəfəsinin birinci istiqaməti idi. Kəlam fəlsəfəsinin tərəfdarları – mütəkəllimlər əslində icma şüurunun ifadəçisi olan dini həqiqətlərin mütləqliyindən çıxış edir və bu əsasda da özlərini mötəzilə tərəfdarlarına qarşı qoyurdular.
Mötəzilə tərəfdarları dini həqiqətlərin mütləqliyini qəbul etməyib əksinə, zəkanın, ağlın qüdrətini etiraf edirdilər. Zəkanın qüdrətinə olan inam islam dünyasında digər iki fəlsəfi cərəyanın əslində şərikli başlanğıcını təşkil edir. Bu istiqamətlərdən biri cəngavər dünyaduyumunun və onun zəminində formalaşmış aristokratizmin rasionallaşdırılmasından ibarət olan sufizm və mahiyyəti etibarı ilə onun bir qolu olan işraqilik fəlsəfəsidir. Həmin istiqamət insan zəkasını fövqəlbəşər və fövqəltəbii zəkanın təzahürü kimi başa düşür, insan zəkasının kamilliyini ilahi zəkaya uyğunluq dərəcəsində görür. İnsan zəkasının qüdrətindən çıxış edən digər istiqamət praqmatik cərəyan idi. Zəka burada insanın dünyadan faydalanma vasitəsi idi və bu zəmində də qiymətləndirilirdi. Praqmatik zəminli zəka kultu əslində analitik təfəkkürün insan qarşısında duran bütün problemləri həll edə biləcəyinə olan inam idi.
İslam fəlsəfəsi yaranarkən əvvəlki fəlsəfi ənənələrdə özünə zəmin axtardı və qədim yunan fəlsəfəsinin timsalında belə bir zəmini tapdı. İslam fəlsəfəsində icma istiqaməti Sokrata və sokratizmə, aristokratik cərəyan Platona və platonizmə, praqmatik istiqamət isə Aristotelə və aristotelizmə istinad edirdi. Praqmatik cərəyan – məşşailik Aristotelin elə güclü təsirinə məruz qalmışdı ki, bütövlükdə aristotelizmə çevrilmişdi.
İslam fəlsəfəsi göründüyü kimi yuxarıda qeyd olunan üç düşüncə axınının yataqları boyunca təkamül etmişdir. Kəlam fəlsəfəsi, öz mahiyyəti etibarı ilə ilkin müsəlmanlığın, sufizm sünniliyin, məşşailik isə şiəliyin ifadəçisi idi. Burada söhbət, formal müsəlmanlıqdan, formal sünnilikdən və formal şiəlikdən getməyib, həqiqi müsəlmanlıqdan, həqiqi sünnilikdən və həqiqi şiəlikdən gedir. Belə ki, həqiqi müsəlman öz iradəsini könüllü olaraq Tanrının iradəsinə tabe etdirir. Həqiqi sünni özünün və başqalarının iradəsini zorla ilahi iradəyə tabe etdirir. Həqiqi şiə isə ilahi iradədən öz problemlərinin həlli üçün istifadə etməyə çalışır.
Həm sünnizmdə, həm də şiizmdə müsəlman icmasının fundamental yaşayış prinsipləri təhrif olunur.
Xürrəmlik islam dünyasının bu prinsiplərə həsrətindən yarandı.
Nizaminin kommunist utopiyası da real islamın islam ideallarından, həqiqi islamdan, icma prinsiplərindən ayrılması ilə bağlı idi.
İcma şüurunun oxşar qaydada iki istiqamətdə özgələşməsi Avropada da müşahidə olunmuşdur. Belə ki, cəngavərliyin xristianlaşdırılması öz ifadəsini xristianlığın katolikləşməsində tapdı. Xristianlığın burjualaşması1 isə sonradan onu protestantizmə çevirdi.
Orta əsr Avropasında taboritlərin və anabaptistlərin bərabərlik idealları kommunizmə yaxın idi.
Münser tərəfindən xüsusi mülkiyyətin inkarı və mülkiyyətin ümumiliyi ideyası cəmiyyətdə geniş vüsət tapmışdı.
Avropanın icma şüurunun rasionallaşdırılması prosesinin gedişində Morun Utopiyası və Kampanellanın Günəş şəhəri yarandı.
Fransız gerçəkliyinin burjualaşması, bir tərəfdən bu burjualaşmanın sona çatdırılmasını, hakimiyyəti demokratikləşdirmə istəyini, digər tərəfdən isə, burjualaşmanı ləğv və məhv etmə istəyini doğurdu. Birinci istiqamətə Monteskyö – Volter – Didro – Helvetsi – Holbax – Kondorse – Kont – Tokvil, ikinciyə isə Melye – Russo – Morelli – Mabli – Baböf – Furye – Sen-Simon – Lamenne – Kabe aid idi. Maraqlıdır ki, həyatın burjualaşmasına qarşı Mestr - Bonald – Şatobrian – Renuvye – Ten – Hüqo zənciri üzrə təkamül edən aristokratik reaksiya da kommunizm ilə mənəvi bir yaxınlıq duyurdu. Özü də bu yaxınlıq təkcə ideya düşməninin ümumiliyindən, burjua əxlaqına, məntiqinə, instinktlərinə qarşı ümumi nifrətdən doğmurdu, Napoleonun hakimiyyəti illərində Furye və Sen-Simon kommunist ideallarının təkcə geniş nəzəri təsvirinə nail olmurdular, həm də onların gerçəkləşdirilməsi üçün iş görürdülər. Üstəlik, Sen-Simon Avropanın ən görkəmli və ən qədim zadəgan nəslindən idi. Lamennenin feodal sosializmi kapitalizmin haqsızlıqlarını ifşa etməklə yanaşı, kommunizmin də bir sıra haqlı cəhətlərini təsdiq edirdi.
İngilis Ouen kommunist cəmiyyətinin iqtisadi əsaslar üzərində qurulmasına səy göstərdi və buna müəyyən miqyasda və müəyyən mənada nail oldu.
Marks kommunizmi siyasi mübarizənin idealına çevirdi.
Marksın bir şəxsiyyət kimi portretində ən səciyyəvi cizgilər mübarizlik, cəngavərlik və aristokratizmdir. Marks proletar sinfinin mənafeyini müdafiə etsə də, özündə heç zaman proletar şüurunu hiss etmədi. Materializmin ifadəçisi olsa da, özü heç zaman materialist olmadı. Əgər o, özündə proletar şüurunu hiss etsəydi, ruhən materialist olsaydı, maddi nemətlərə sahib olmaq motivləri ilə yaşayardı. Lakin, o, bunu etmədi. Özünün böyük zəkasını, qiymətli varlığını binəsiblərin, əzilənlərin, incidilənlərin, istismar olunanların müdafiəsinə yönəltdi, onların gələcəyini düşündü, onları xoşbəxtliyə qovuşdurmaq arzusu ilə yaşadı. Ruhən proletar deyil, aristokrat olduğunu sübut etdi.
Marksın portretində başqa bir mühüm cizgi yəhudilikdir. Marksın bir kommunist hərəkatının rəhbəri kimi yəhudi olmasının heç də təsadüfi olmadığını görkəmli rus filosoflarından Bulqakov və Berdyayev də qeyd etmişlər və marksist kommunizmini yəhudi apokalipsisi, yəhudi xiliazmı kimi qiymətləndirmişlər. Marks başda olmaqla dünya kommunist hərəkatının əksər aparıcı xadimləri yəhudilər idilər. Bu da təsadüfi deyildi. Belə ki, yəhudilik ikili xarakter daşıyır. O, bir tərəfdən, kəndli dünyagörüşünün mühüm elementi olan icma şüurunu, digər tərəfdən isə şəhərli dünyagörüşünün mühüm elementi olan praqmatizmi özündə daşıyır. Yeni dövrün kommunizmi icma şüuru ilə praqmatizmin özünəməxsus, ziddiyyətli sintezindən ibarət olduğundan onun idealları ilkin olaraq yəhudi hərəkatı içərisində özünə kök salmışdı.
Lakin, Marks sadəcə olaraq bir yəhudi hadisəsi deyildi, ümumbəşəri bir hadisə idi.
Marksın möhtəşəm Kapitalının nəşrindən on il keçdikdən sonra Morqanın Qədim cəmiyyəti və iyirmi il keçdikdən sonra isə Tönnisin İcma və cəmiyyəti çap olundu. Qədim cəmiyyət də, İcma və cəmiyyət də Kapitalın müəyyən mənada məntiqi davamı idi.
Elmi klassikanın bu üç şah əsərindən hər birində icma həyat tərzinin dəyərləri burjuaya və burjua dəyərlərinə qarşı qoyulurdu. Marksda burjua sosial təşkilatlanma kommunist sosial təşkilatlanmaya qarşı, Morqanda müasir fərdiyyətçilik qədim kollektivizmə qarşı, Tönnisdə cəmiyyət atomizmi icma vahidliyinə qarşı qoyulmuşdu. Bu qarşıqoyulma ümumi tarixi əsasa malik idi və təkcə XIX əsr Avropası üçün səciyyəvi deyildi.
İcmaçı nəzəriyyələr içərisində dünyada ən geniş yayılanı və inkişaf etdiriləni isə Marksın ideyalarına söykənən nəzəriyyə, marksizm oldu.
Marksizm bütövlükdə Karl Marksın şəxsiyyəti ilə eyniləşdirilə bilməz. Marksizmdə doqmatik ruh, Karl Marksda isə azad ruh hakimdir.
Marksizm üçün bir icma nəzəriyyəsi olaraq ən mühüm əlamətlərdən biri bərabərlik prinsipi olduğundan marksizm insanlar arasındakı münasibətlərdə hər cür hakimiyyəti pisləyir və onun məhv edilməsini özünün strateji məqsədlərindən biri kimi vurğulayır.
Marksizm ümumiyyətlə dövləti də siyasi hakimiyyətlə eyniləşdirir və bu əsasda da onu ən azı nəzəriyyə səviyyəsində inkar edir. Marksizm burada anarxist nəzəriyyə ilə eyni nöqteyi-nəzərdən çıxış etmiş olur. Anarxizm də marksizm kimi dövlət anlayışı altında dövlət hakimiyyətini başa düşür və onu köləliyin mənbəyi kimi rədd edir. Marksist kommunizmi dövlətin anlaşılmasında anarxizmə nisbətən bir addım da irəli gedərək dövlətdə köləliyin ikiqat mənbəyini görür. Siyasi hakimiyyətin köləlik mənbəyi olmasını marksizm onun təkcə öz təbiəti ilə deyil, həm də marksizmdə siyasi hakimiyyətin müqəddəm şərti kimi başa düşülən iqtisadi hakimiyyətlə – bir sinfin digər sinif üzərində mülkiyyət hakimiyyəti ilə izah edir.
Marksizmdə kommunist özünüidarə cəmiyyətin siyasi idarəolunmasına qarşı qoyulur. Lakin, marksizm unudur ki, idarəetmənin özü bütün hallarda hakimiyyətin başqa üzü olaraq qalır.
Düşünürəm ki, cəmiyyət yalnız o zaman hakimiyyətin doğurduğu köləlikdən azad ola bilər ki, hər bir insan cəmiyyətdə özünün təbii təyinatına uyğun yeri tuta bilsin. İnsanların cəmiyyətdə oynamalı olduğu rol kənardan təlqin olunacağı təqdirdə hakimiyyət və köləlik həmişə labüddür.
Köləlik əslində sosial özgələşmənin başqa adıdır, hətta bu özgələşmə könüllü və şüurlu edilsə də.
İctimai təşkilatların rolunun artmasının dövlətin ölüb-getməsi ilə nəticələnəcəyi barədə marksizmin söylədiyi fikir də həqiqətə uyğun deyildir. İctimai təşkilatların rolunun artması cəmiyyəti icmaya çevirmir, onu yalnız demokratikləşdirir.
Marksizm hüquqi dövlət ideyasını burjua ideyası kimi qiymətləndirir və belə hesab edir ki, hüquqi normalar kommunizmdə kommunist əxlaqının normaları ilə əvəz ediləcəkdir. İcma mədəniyyətinin prinsiplərindən ibarət olan bu normalar artıq yuxarıda sadalanmış və dəfələrlə xatırlanmışdı. Marksizm icma mədəniyyətinin bu əxlaqi sərvətlərinə səhv olaraq azadlığı da əlavə edir. Lakin, azadlıq icma mədəniyyətinin və eyni zamanda kommunist əxlaqının ruhuna ziddir. Kommunizm həmişə icmanın fərd üzərində üstünlüyündən çıxış edir və köləliyi elə buna görə də həmişə özündə ehtiva edir.
Kommunizm, özünü icmanın himayəsində rahat hiss edənlərin toplumu və nəzəriyyəsidir. Burada icmanın mənafeyi fərdin mənafeyindən, ictimai rəy fərdi rəydən, ictimai tapşırıq şəxsi təşəbbüskarlıqdan həmişə üstündür.
Həqiqi kommunist, kommunizm idealının həqiqi daşıyıcısı əslində qadın əxlaqının prinsipləri ilə fəaliyyət göstərir və buna görə də avtoritarizmə meyillidir.
İcma mədəniyyətində aşkar müşahidə olunan dinə olan meyillilik fərdin himayəyə sığınma, mütləq şəxsiyyətin himayəsinə sığınma istəyindən doğur. Marksist kommunizm Tanrını inkar etsə də, Marksın özünü ilahiləşdirir. Kommunizm, şəxsiyyət qarşısında heyranlıq və səcdə etmədən mövcud ola bilməz.
Marksın ayrı-ayrı ideyalarına istinad edən müxtəlif marksizmlər yarana bilərdi və yarandı. Bu marksizmlər içərisində isə ən nüfuzlusu sovet marksizmi, yəni marksizm-leninizm oldu. Marksizm-leninizmin banisi isə Marksdan daha çox Lenin və Stalin idi.
Real insan münasibətlərində bərabərliyin, həmrəyliyin, təmənnasız xeyirxahlığın və səmimiliyin itirildiyi, fərdiyyətçiliyin və eqoizmin isə ön plana çıxdığı hər bir şəraitdə icma dəyərlərinə həsrət yaranır və bu həsrət kommunizm xarakterli nəzəriyyələri yenidən dirçəldir və inkişaf etdirir.
İcma düşüncə ənənələrinin və həyat prinsiplərinin XX əsr Azərbaycanında rasionallaşdırılması və gerçəkləşdirilməsi missiyası Nəriman Nərimanovun çiyinlərinə düşdü. Qədim Çində Lao-tszının, Qədim Yunanıstanda Evgemerin, Yambulun, Faley Xalkedonlunun və Sokratın, Sasanilər imperiyasında Məzdəkin və məzdəkizmin, Ərəbistanda hənifiliyin və ilkin islamın, Səlcuqi imperiyasının son, zəifləmiş çağlarında Nizaminin, Avropanın son Orta əsrlərində və Yeni dövründə taboritlərin, anabaptistlərin, Münserin, Morun, Kampanellanın, Uinstenlinin, Melyenin, Russonun, Mablinin, Morellinin, Baböfün, Sen-Simonun, Furyenin, Ouenin, Lamennenin, Kabenin, Marksın, Morrisin, Rusiyada Leninin gördüyü işi Azərbaycanda Nərimanov yerinə yetirdi.
Nərimanov gerçəklikdən çıxış edən real nəzəriyyələrdən daha çox, gerçəkliyə yeridilərək onu gözəlləşdirməli olan utopik nəzəriyyəyə daha çox bağlı olduğu üçün romantik idi. Kommunizm idealı Nərimanovun romantik ruhu ilə çuğlaşarkən öz cazibədarlığını daha da artırırdı: Qafqaz dağlarının uca yüksəkliklərində Qırmızı bayraq qaldırıb, orada kommunizmin əsasını qurmaq vaxtı çatmışdır, - sözlərində ifadə olunan məftunluq və vəcd Nərimanovun gerçəkliyi gözəlləşdirmək əzmindən doğurdu. Gerçəklikdən çıxış edən və gerçəklikdən faydalanmağa çalışan real müsavat nəzəriyyəsi Nərimanova qəlbən yad idi.
Yeri gəlmişkən qeyd edim ki, kommunizm idealı Azərbaycanda təkcə Nərimanovu deyil, saf qəlbli insanların bir çoxunu da ovsunlamışdı. Zadəgan partiyası olan İttihad kommunizmə qarşı həmişə daxili bir yaxınlıq duyurdu. Kommunizm nəcib qəlbli Vurğunun da ilham mənbəyi oldu:
Mən söhbət açsam da yüz qərinədən,
Bu gündən ayrıla bilməyəcəyəm.
Böyük kommunizmin sabahına mən
Sadə xatirə tək gəlməyəcəyəm.
Ellər uzadacaq şair ömrünü:
Görməmiş, yazmamış o böyük günü
Yüz il yaşasam da ölməyəcəyəm.
Lakin, bununla belə, akademik Cəmil Quliyevin obrazlı şəkildə söylədiyi Nərimanov göylərin adamı deyildi, yerin adamı idi, yerdə gəzirdi mühakiməsində də aşkar bir həqiqət vardır. Nərimanovun özü bu həqiqəti belə ifadə edirdi: Bizə insanların xoşbəxtliyi, xalqın birliyi, qardaşlığı və yoldaşlığı lazımdır. Bu məhəbbəti, bu insanlığı, bu qardaşlığı və bu yoldaşlığı yalnız kommunizmin qoyduğu qanunlar verə bilər, bu qanunları isə yalnız Sovet hökuməti həyata keçirə və qoruya bilər. Nərimanov sovet gerçəkliyindən və bir qədər də dəqiqləşdirsək Qızıl Ordu reallığından sadəcə olaraq faydalanmaq, istifadə etmək istəmirdi, o, səmimi olaraq inanmaq istəyirdi ki, Qızıl Ordu doğrudan da xalqın müdafiəçisidir, məzlumu azğından, istismar olunanı istismarçıdan xilas edə biləcək qüdrətə və əzmə malikdir. Lakin real XI Ordu özünün ideal təyinatına uyğun idimi? Nərimanovda bu suala qəti və birmənalı cavab yox idi. O, bu sual qarşısında həmişə tərəddüd keçirirdi. Onun Qızıl Orduya və bütövlükdə sovet gerçəkliyinə ikili münasibəti həmin tərəddüd hissinə söykənirdi. Bir tərəfdən haqqın arxasında dura biləcək qüdrətə malik orduya və hakimiyyətə dövrün ehtiyacını Nərimanov bütün varlığı ilə duyurdu və bu ehtiyac onu Qızıl Orduya və sovet hakimiyyətinə möhkəm bağlayırdı. Digər tərəfdən isə müsəlman dünyasına yeridilən XI Ordunun reallığı Nərimanovun nəcib ruhunda daxili bir narahatlıq və həm də bir qədər nifrət də yaradırdı.
Sovet gerçəkliyinə münasibətdə oxşar ikili duyğunu biz Sakit Donun ölməz obrazı olan Georgi Melexovda da duyuruq. Şoloxov Georgi Melexovun sovet gerçəkliyinə münasibətdə keçirdiyi bu ikili duyğunu özü də dərindən yaşamış və oxucusunu da yaşatmışdır.
Sovet İttifaqı kommunizm ideallarının gerçəkləşdirilməsi üçün sınaq meydanı oldu. Kommunizm ideallarının üstünlükləri və nöqsanları bu məkanda bütün çılpaqlığı ilə özünü göstərdi. Burada kommunizm idealı gerçəkləşdirilərkən kommunizmi deyil, sosializmi törətdi. İcmaçının şəxsiyyət qarşısındakı heyranlığından real olaraq kommunizm deyil, sosializm törədi.
Əgər kommunizm icma qarşısında köləlikdən çıxış edirsə, sosializm dövlət qarşısında köləlikdən çıxış edir.
Sosializm əslində tiranizmin yeni adıdır. Stalin XIV Lüdovikə necə də bənzəyirdi?! Dövlət mənəm hökmü onların hər ikisinə də necə də yaraşırdı?!
Stalin sosializmi əsasən, ümumi cizgilərində məhz belə bir tiraniya idi.
Əgər Stalin sosializmi tiranizmə bənzəyirdisə, poststalin sosializmi Aristotelin hələ b.e.ə. IV əsrdə politiya adlandırdığı sosial quruma bənzəyirdi.
Mənə elə gəlir ki, siyasi təkamülün təbii yolu marksizmin iddia etdiyi kimi, kapitalizmdən sosializm vasitəsilə kommunizmə doğru deyildir, əksinə sosializmdən (tiranizmdən, və ya müasir qərb siyasi terminologiyasının dili ilə deyilərsə, totalitarizmdən) kapitalizmə doğrudur. Baş Katib (tiran) dövləti problemləri öz zəkasının qüdrəti ilə həll edə bilmədikdə ”xalqla məsləhətləşməyə” ehtiyac duyur və Parlamenti yaradır. Sosializm (tiranizm) kapitalizmə və demokratizmə doğru təkamül edir.
Berdyayev düzgün olaraq qeyd edirdi ki, demokratiya və sosializm ideyaları əks ideyalardır. Karl Marksın özü, Berdyayevin dahiyanə olaraq sezdiyi kimi, heç vaxt demokrat olmamışdır, onun bütün pafosu mahiyyət etibarı ilə antidemokratik xarakterlidir. O, icmaçıdır, kommunistdir, qətiyyən demokrat deyildir. Kommunizm Avropa xalqlarının fikrinə və həyatına heç də demokratik təlim kimi daxil olmamışdır. Fransız inqilabına icma mədəniyyətinin reaksiyasını ifadə edən Baböf də, Furye də, Sen-Simon da antidemokratdırlar.
Sosializmin demokratikləşməsi sosializmin məhvini şərtləndirir. SSRİ-nin Xruşşov dövründə zəifləməsi və Qorbaçov dövründə məhv olması bunu bir daha təsdiq edir.
Digər tərəfdən, sosializm və demokratiya eyni əsasa da maliklərdir. Bu əsaslar determinizm prinsipindən irəli gəlir. Determinist ruhlu tezisi - “hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə” tezisini biz sosializmin prinsipi kimi öyrənmişik. Bu, görünür doğrudan da belədir. Lakin, bu tezis ədalətin plebey izahının, – “hər kəs əməyinin ölçüsünə uyğun şəkildə mükafatlandırılmalı, qəbahətinin ölçüsünə uyğun şəkildə cəzalandırılmalıdır” izahının yalnız xüsusi ifadə formalarından biridir. Əslində burjua mənşəli olan və determinizm prinsipindən çıxış edən həmin izah sosializmin kapitalizmlə eyni qəbildən olmasını təsdiq edir. “Hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə” tezisi əməyin mükafatlanma xatirinə edildiyini nəzərdə tutur və buna görə də insan təbiətinin özgələşdirilməsini və eyni zamanda kölələşdirilməsini qanuniləşdirir.
“Hər kəsdən qabiliyyətinə görə, hər kəsə tələbatına görə” tezisi isə heç də kommunist əməyi ideyasını deyil, daha çox burjua əməyi ideyasını ifadə edir. Determinizmə əsaslanan, mükafatlanma xatirinə yerinə yetirilən və mükafatlanmanı nəzərdə tutan əmək kommunist əməyi deyildir. Kommunist əməyinin əsasında mükafatlanma stimulu deyil, icma qarşısında borc hissi durur. Kommunist əməyi icmaya sədaqətliliyi, bir qədər əvvəl söylənilən daha kəskin ifadə ilə deyilərsə, icma qarşısında köləliyi nəzərdə tutur. Həqiqi kommunist əməyi determinizmi tanımır, determinizm sosializm və kapitalizm üçün səciyyəvidir.
Stalin bütün xalqı əslində nəhəng təbəə, daha doğrusu, icraçı kütləsinə çevirməklə, özünün göstəriş və qərarlarına yalnız icra reaksiyası ilə cavab verən total dövlət sistemini yaratmışdı. Təşəbbüskarlıq icraçılıqdan, aktiv determinizm passiv determinizmdən qəti olaraq ayrılmışdı. Bu dövrdə əgər passiv determinizmin daşıyıcısı olan, yəni dövlətə sədaqətlə xidmət edən insan ideallaşdırılmışdısa, aktiv determinizmin daşıyıcısı olan insan, yəni Stalinin özü ilahiləşdirilmişdi.
İcma qarşısında borc hissini nəzərdə tutan kommunist doktrina insanın təbii təyinatı ideyası ilə tamamlandıqda aristokratik doktrinaya doğru təkamül etmiş olur. Kommunizm ideyası sosializm ideyasından daha çox, aristokratizm ideyasına yaxındır.
Xilaskar ruhlu Marksın, nəcib ruhlu Nərimanovun, zadəgan ruhlu Səməd Vurğunun kommunizm ideyası qarşısındakı heyranlığı da görünür elə bununla bağlı idi.
Kommunizm idealları yalnız aristokratik instinktlə tamamlandıqda qüdrətli olur. Əks halda isə bu ideallar despotizmlə çuğlaşaraq sosializmi, və ya praqmatizmlə çuğlaşaraq kapitalizmi törədir.
|