despotdur, zor tətbiq etməklə hakimiyyəti ələ alan, zəbt edən insan isə tirandır.
Dövlətin tiranik təbiəti buradan göründüyü kimi heç də bütün hallarda dövlət hakimiyyətinin zor tətbiq etməklə ələ keçirilməsi, zəbt edilməsi ilə müəyyənləşmir. Daha konkret desək, dövlətin tiranik xarakter alması heç də kiminsə zor tətbiq etməklə hakimiyyətə gətirilməsi deyildir, kiminsə hakimiyyətinin zor tətbiq etmə nəticəsində meydana çıxması əlaməti ilə müəyyənləşmir. Dövlətin tiranik təbiəti başlıca olaraq başqa bir əlamətlə, kiminsə zor tətbiq edərək hakimiyyəti ələ alması əlaməti ilə və bütün əhalini bu hakimiyyətin nüfuz dairəsinə daxil etməsi ilə müəyyənləşir. Tiranın hakimiyyətinin digər, heç də birincidən az əhəmiyyətli olmayan əlaməti isə bir qədər öncə qeyd olunduğu kimi ondadır ki, burada zor tətbiq etmə, zor göstərmə, zor işlətmə, zorakılıq ədalətsizliyə qarşı müqavimət və mübarizə forması kimi çıxış edir.
Tiraniya yalnız o halda özünü doğruldur ki, hökmdar dövlətin qarşısında duran bütün problemləri görür, təbəə kütləsini hərəkətə gətirməklə və onun hərəkətini tənzimləməklə bu problemləri həll edir. Hökmdarın dövlət qarşısında duran problemlərin həllinə yönələn iradəsi bu problemlərin dəyişilməsindən asılı olaraq dəyişilir. Bu dəyişilmə hökmdar iradəsinin icraçısı olan məiyyət kütləsinin daimi olaraq fəaliyyətdə saxlanılmasında əks olunur. Dövlət qarşısında duran problemlərin həllinə yönələn bu fəaliyyət tiranı əgər belə demək mümkündürsə, dövlətin ruhuna çevirir.
Tiraniya bir qayda olaraq o halda tarix meydanına çıxır ki, irsi aristokratiya ölkənin iqtisadi inkişafı üzərində öz real nəzarətini artıq itirmişdir, özü də, bu, tiran tərəfindən aristokratik senatın keçmişin bir qalığı kimi ləğv etdiyi zamandan daha öncə baş vermişdi. Çünki tiraniyanın meydana çıxması, əsasən ticarətin, sənətkarlığın və sənayenin inkişaf etdiyi, demosun – «burjua»nın1 – güclü olduğu rayonlarda baş verir.
Tiranizmin meydana gəlmə ərəfəsində mülki həyat irsi aristokratiyanın nəzarətindən çıxdığı üçün, müstəqilləşdiyi üçün, faydalılıq prinsipi ədalət prinsipindən azad şəkildə fəaliyyət göstərirdi, faydalılıq prinsipinin təcəssümçüsü olan şəhər kəndin istismarçısına çevrilmişdi. Əhalinin əksəriyyətini təşkil edən kəndli kütləsi öz üzərində dövlətin himayəsinə məhz bu halda daha çox ehtiyac duyurdu. Tiran mülki həyatı yenidən hərbçinin nəzarəti altına salmaqla həm də bu ehtiyacı ödəyir, əhalini, ilk növbədə isə əlbəttə ki, kəndli kütləsini istismar zülmündən qurtararaq xalqa çevirir.
Əgər aristokratiyada dövlətin maddi təminatçısı rolunda kənd çıxış edirdisə, tiraniyada artıq bu öhdəlik həm də şəhərin üzərinə düşür. Əgər ilk öncə kəndin təhlükəsizliyinin təminatçısı əmir idisə, tiran indi kəndi şəhərin istismarından xilas edir.
Aristokratiya və tiraniya elə buna görə də bir-birindən təkcə hakimiyyətin suvereni rolunda bir adamın, yoxsa bir neçə adamın çıxış etməsi ilə deyil, həm də onların himayə etdikləri sosial məkanın həcmi ilə fərqlənirlər.
Bununla yanaşı tiraniyanı və aristokratiyanı doğmalaşdıran əlamətlər də mövcuddur. Əgər aristokratiya cəngavər mədəniyyəti üzərində cücərən zadəgan mədəniyyətinin siyasi təcəssümüdürsə, tiraniya cəngavər mədəniyyətinin özünün siyasi təcəssümüdür. Cəngavər və zadəgan mədəniyyətləri həm də subyektivist təbiətli olmaqla ümumi əsaslara malikdirlər və onların hər ikisi obyektivist təbiətli şəhər mədəniyyətinə yaddırlar.
Tiraniyada şəhərli bir tacir və sənətkar olaraq artıq möhkəmlənsə də, onun məiyyət durumunda qalan hissəsinin, tiraniyanın meydana çıxmasına qədər əhali üzərində müəyyən nüfuza, eyni zamanda həm də müəyyən mənada hakimiyyətə malik olan hissəsinin öncə malik olduğu status və müəyyənlik tiraniyanın meydana çıxması nəticəsində laxladılır, onun sözün həm yaxşı, də həm pis mənalarında məmur statusu və müəyyənliyi kəsb etməsinə doğru təkamülü dayandırılır. Bu təkamülün, yəni məiyyət durumunda olan insanların məmur statusu və müəyyənliyi kəsb etməsinə doğru istiqamətlənən tarixi gedişin yenidən bir daha sosial gerçəklik amilinə çevrilməsi tiraniyanın bir dövlət forması olaraq böhran keçirdiyi dövrdə baş tutur. Belə ki, məmur statusunun siyasi gerçəklikdə yenidən yer alması tiraniyanın bir siyasi sistem olaraq təbiətinə zidd olduğu üçün, bu statusun dirçəldilməsinin bir zərurət olaraq etiraf olunması ilə tiraniya da öz tarixi inkişafının sonuna doğru gedir, öz mövcudluğunun böhran mərhələsinə qədəm qoyur.
Bu məqamı anlamaq üçün bir qədər öncəyə, səbəblərə qayıdaq. Tiraniyanın böhranı o zaman başlayır ki, tiran dövlət başçısı olsa da, artıq dövlət qarşısında duran real problemləri görə bilmir, gördükdə belə, onların həll olunma mexanizmlərini tapa bilmir. Hökmdardan gəlməli olan hökmlərlə bu problemləri həll etməli olan təbəə kütləsinin, ilk növbədə isə məiyyətin icraçılıq instinktləri həmin hökmlərin yoxluğu şəraitində korşalmağa başlayır. Belə halda hökmdar onun iradəsini yerinə yetirməli olan məiyyət kütləsini öz iradəsinin qeyri-müəyyənliyi üzündən düzgün istiqamətdə, yəni dövlət qarşısında duran real problemlərin həllinə yönəmli olan istiqamətdə hərəkətə gətirə bilmir. Tiran idarə etmədən hökmranlıq etdiyi məqamdan başlayaraq onun hakimiyyəti bəzən hətta nominal xarakter də daşımağa başlayır. Çünki indi onun hökm vermək səlahiyyəti varsa da, düzgün hökm vermək qabiliyyəti və qüdrəti artıq yoxdur. Çünki “hökm vermək” artıq “idarə etmək” mənasını vermir, yalnız “hakimiyyətdə olmaq” mənasını verir.
“Hakimiyyətdə olmaq” və “idarə etmək” sözlərində daşınan mənaların bu kontekstdə bir daha və bir qədər də aydınlaşdırılması məqsədi ilə linqvistik imkanlardan, xüsusən də rus dilinin linqvistik imkanlarından istifadə etmək faydalı olardı: rus dilində hakimiyyətdə olmaq mənasını verən властвовать, господствовать sözlərindən fərqli olaraq, idarə etmək mənasını verən править sözü daha yumşaq səslənir və mənşə etibarı ilə də çox yəqin ki, düzgün şəklə salmaq, yoluna qoymaq mənasından törəmişdir. Belə ki, rus dilində idarə etmək mənasını verən править sözünün hərfi tərcümədə düzgün mənasını verən правый, правдивый sözlərinə bənzəyişi görünür heç də təsadüfi deyildir. Править sözü yəqin ki yalnız forma etibarı ilə deyil, həm məna etibarı ilə, semantik olaraq, həm də mənşə etibarı ilə правый, правдивый sözlərinə yaxındır və son nəticədə düzgün şəklə salmaq, idarə edərək yoluna qoymaq, bir qədər qısa şəkildə ifadə olunsa və sadələşdirilsə, düzgün idarə etmək mənasını verir.
Hökmdar dövləti təkbaşına olaraq düzgün idarə etmək, yəni dövləti problemləri həll edə biləcək qərarlar qəbul etmək qüdrətini itirdikcə və eyni zamanda hakimiyyətin yeganə mənbəyi olaraq qaldıqca cəmiyyətdə mövcud siyasi nizam pozulur, siyasi reallıq ədalətin meyarlarından getdikcə daha çox uzaqlaşır.
Hökmdar burada öz qüdrəti ilə dövləti möhkəmləndirə bildiyi kimi, öz qüdrətsizliyi ilə onu zəiflədə də bilir.
Hökmdarın malik olduğu hüquqlar və imtiyazlar onların köməyi ilə yerinə yetirilməli olan vəzifələrdən, onların vasitəsi ilə həll edilməli olan problemlərdən ayrı düşdüyü üçün öz mənasını itirir, mənasızlaşır. Oynamalı olduğu, lakin oynaya bilmədiyi rol tiranın vəziyyətinə ikimənalı xarakter verir.
Hökmdar özünün bu ikimənalı vəziyyətindən xilas olmaq üçün öz keçmişini, öncə etdiklərini, tiraniyanın formalaşma dövrünü yaddaşında bir daha canlandırır, indiki böhran durumunun təsiri altında olub-keçənləri artıq tənqidi olaraq nəzərdən keçirir, nəyin düzgün edildiyini, nəyin isə düzgün edilmədiyini aydınlaşdırmağa çalışır və bu aydınlaşdırma nəticəsində də öz fəaliyyət prinsiplərinə bəzi dəyişikliklər edir. Cəmiyyətin inkişafında öncə zərərli hesab etdiyi və buna görə də qarşısını aldığı bəzi meyilləri indi ağlabatan hesab edir və onlara yeni həyat verir. Bu özünü xüsusən onda göstərir ki, tiraniyanın böhran mərhələsində hakimiyyət sahibi olan hökmdar məiyyətin məmur statusu kəsb etməsinə doğru istiqamətlənən tarixi-siyasi prosesi bərpa edir, daha konkret deyilərsə, məiyyətin içərisindən seçdiyi bəzi şəxslərə müəyyən məsələləri onun hökmü olmadan müstəqil həll etmə hüququnu və məiyyətin digər hissəsi üzərində sərəncam vermə səlahiyyətini verir və bununla da yenidən məmur kütləsini formalaşdırır.
Məmur kütləsi yenə də məiyyətdən törəyir. Lakin məmur məiyyətdən fərqli olaraq, müəyyən qərar qəbul etmək hüququna malik olması və məiyyətin bir hissəsi üzərində sərəncam vermə səlahiyyəti əldə etməsi ilə yanaşı, həm də müəyyən bir fəaliyyət formasına bağlıdır. Məiyyətin fəaliyyət forması isə ümumiyyətlə qeyri-müəyyəndir. Amma buna baxmayaraq, məiyyət kütləsi içərisindən bəzi insanlara məmur statusunun verilməsi və onlara məiyyətin yerdə qalan digər hissəsini faktiki olaraq idarə etmək hüququnun verilməsi məiyyətin həmin o digər hissəsinin də müəyyən xidməti müstəqil olaraq yerinə yetirmə istiqamətində ixtisaslaşması ilə paralel baş verir.
Məiyyətin ixtisaslaşması əsasən iki istiqamətdə baş verir. Məiyyətin bir hissəsi hökmdarın mükafatvermə alətinə, ümumiləşdirilmiş şəkildə deyilərsə, xəzinədara, digər hissəsi isə hökmdarın cəzavermə alətinə, ümumiləşdirilmiş şəkildə deyilərsə, cəllada ayrılır. Ordunun özü də artıq bir xilaskar kimi deyil, daha çox cəzavermə aləti kimi çıxış edir. Əgər hökmdar cəlladın hökmdarı sifəti ilə xəzinədarı cəza qorxusu altında saxlayırsa, xəzinədarın hökmdarı sifəti ilə cəlladı mükafatla şirnikləndirir. Tiraniyanın bu son mərhələsində siyasi hakimiyyət tədricən, bir tərəfdən, xüsusi məcburiyyət aparatını, digər tərəfdən isə xüsusi mükafatlandırma aparatını formalaşdırır, dövlət getdikcə genişlənməkdə olan institusional forma alır. Təbəənin əvəz idealı hökmdarın əlində idarəetmə aləti olur.
Əvəz ideyasına təbəənin özü isə əlbəttə ki, hökmdardan daha artıq siyasi əhəmiyyət verir və bu ideyanın vasitəsi ilə daha artıq siyasi əhəmiyyət əldə edir. Məiyyət ixtisaslaşma yönümündə təkamül etdikcə, məmur statusunun siyasi çəkisi getdikcə artır, çünki artıq ixtisaslaşmış konkret məmur və onun sərəncamında olan məiyyət dövlət üçün mühüm əhəmiyyət kəsb edən konkret işi digər insanlara nisbətən daha yaxşı görürlər, bu isə həm onların dəyərini və dövlət aparatında mövqeyini möhkəmlədir, həm də nəticədə dövlətin hərbi və mülki altsistemləri arasındakı nisbət də ciddi dəyişikliklərə uğradır. Tiraniya öz inkişafının böhran mərhələsinə daxil oluncaya qədər mülki əhalinin fəaliyyəti ikinci dərəcəli əhəmiyyətə malik idi. Əsas fəaliyyət sferası olaraq müharibə çıxış edirdi və ön planda da elə müharibə idi. Tiraniyanın böhranı zamanı o da aşkar oldu ki, mülki fəaliyyətin də əhəmiyyəti artmış, mülki həyat müharibə ilə eyni güclü olmuşdur.
Tiraniya cəngavər mədəniyyətinin siyasi təcəssümü olaraq tarix səhnəsinə çıxsa da, onun özünün tarixi inkişafının sonuncu, böhran mərhələsində hökmdar öz hakimiyyətini cəngavərlik instinktlərinə meydan verməklə deyil, daha çox məmur instinktlərinə meydan verməklə möhkəmlənir və bu dövrdə o, artıq şəhərli həyat tərzinin himayəçisi, cəngavər və qismən də zadəgan həyat tərzinin isə boğucusu, daha dəqiq deyilərsə, cəngavər və zadəgan instinktlərinin istismarçısı sifəti ilə fəaliyyət göstərir, şəhərli kütləsinə istinad edir, hərbçinin, ordunun gücündən isə sui-istifadə edir.
Hökmdar şəhərlə irsi zadəganlıq və həqiqi cəngavərlik arasındakı ziddiyyəti bu dövrdə artıq şəhərin xeyrinə həll edir.
Şəhər ilk öncə hökmdarın möhtəşəmliyini və onun hakimiyyətinin daha üstün olmasını nümayiş etdirmək, onun və onun ətrafının firavanlığını, rahatlığını təmin etmək üçün meydana çıxmışdısa, indi şəhər artıq sanki bir müstəqil siyasət subyektinə çevrilməyə başlayır və hökmdarın özünü də bu siyasətlə razılaşmağa təhrik edir. Bu hal isə özünü həm də onda göstərir ki, şəhərin getdikcə artmaqda olan maliyyə ehtiyaclarının ödənilməsi üçün əyalətlərdən daxil olan vergilərin miqdarı getdikcə artırılır və əyalətlərdən alınan vergilər paytaxta daxil olan sərvətin başlıca mənbəyi olduğundan əyalətlərin sayının artırılması üçün hökmdar müntəzəm olaraq yeni işğalçılıq müharibələrinə təhrik edilir. Hərb xilaskarlıq vasitəsi deyil, işğalçılıq vasitəsi olur.
Lakin, bununla belə, bu mərhələdə hökmdar şəhərlə irsi zadəganlıq və həqiqi cəngavərlik arasındakı ziddiyyəti bütövlükdə şəhərin xeyrinə həll etsə də, həmin mərhələdə bir çox zadəganların da hökmdar tərəfindən müdafiə edilməsi faktları tarixə məlumdur. Amma bu faktlar tiraniyanın son, böhran mərhələsi üçün qanunauyğunluqdan daha çox, istisnaları ifadə edir. Hökmdar tarix meydanında artıq məhz şəhərli iradəsinin ilkin siyasi ifadəçisi sifəti ilə görünür və şəhəri yenidən kəndin istismarçısına çevirir. Tiraniya bütün bunlarla da öz tarixi inkişafının sonuncu mərhələsində özünün əksliyinə çevrilmiş olur.
Tiraniyanın sonda öz əksliyinə çevrilməsi öz ifadəsini həm də onda tapır ki, tiranın məiyyətə olan klassik münasibətindən fərqli olaraq, burada hökmdar artıq məmur kütləsinə münasibətdə məiyyət psixologiyasının əvəz prinsipini, «hər kəs qəbahətlərinin müqabilində və ölçüsündə cəzalandırılmalı, xidmətlərinin müqabilində və ölçüsündə isə mükafatlandırılmalıdır» prinsipini əsasən gerçəkləşdirir.
Tiraniyanın klassik mərhələsindən onun son, böhran mərhələsinə keçid ilk növbədə həmin bu məqamla, bir tərəfdən, cinayət və cəza arasında, digər tərəfdən isə, xidmət və mükafat arasında münasibətlərin birmənalılaşdırılması ilə səciyyələnir və şərtlənir. Məiyyətin və xüsusən formalaşmaqda olan məmur kütləsinin klassik mənada tirana olan nifrəti həm də onunla bağlı idi ki, tiran heç bir kəsə haqqı onun xidmətlərinin müqabilində və xidmətlərinin ölçüsünə müvafiq vermirdi, verdiyi cəzanın ağırlığı da qəbahətin ağırlığına müvafiq deyildi.
Tiraniyanın son mərhələsində hökmdarla məmur kütləsi arasında artıq formalaşan birmənalı xidmət-mükafatlanma münasibətləri son dərəcə mühüm bir siyasi hadisəni doğurur. Məmur bu münasibətlərdən müntəzəm olaraq faydalanmaq xatirinə onların həmişəlik saxlanılmasına çalışır və elə buna görə də məhz məmur hakimiyyətin irsi olmasını və bununla da monarxiyanın doğuluşunu şərtləndirir.
İRSƏN VERİLƏN HAKİMİYYƏT:
MONARXİYA
Hökmdarla məmur kütləsi arasında tiraniyanın son mərhələsində formalaşan birmənalı xidmət-mükafatlanma münasibətləri ona görə hakimiyyətin irsi xarakter kəsb etməsinə, başqa sözlə, monarxiyanın bir siyasi sistem olaraq formalaşmasına səbəb olur ki, dövlətin xəzinəsindən müntəzəm olaraq öz payını alan məmur bu pay alma hüququnu gələcək üçün də qoruyub saxlamağı arzulayır, bundan ötrü isə hökmdarın hakimiyyətini daimi, irsi görmək istəyir və edir.
Hakimiyyətin irsi xarakter alması onun həm də hökmdarın özü üçün praqmatik qavranılması ilə, hakimiyyətin bir borc, vəzifə, xalqın taleyi üçün məsuliyyət kimi deyil, səlahiyyət, hüquq, hökmranlıq kimi qavranılması və qəbul edilməsi ilə bağlı idi. Elə buna görə də hakimiyyət öz inkişafının yalnız o məqamında irsi xarakter daşımağa başlayır ki, bu məqam tiraniyanın son mərhələsinin, tiraniyanın böhran keçirdiyi mərhələnin bir məntiqi nəticəsi olaraq yer alır. Çünki məhz bu mərhələdə hökmdar üçün mühüm olan ədalət və xalqın taleyi deyildir, hakimiyyətdir.
Monarxiya tiraniyadan daha bir cəhəti ilə də fərqlənir. Bu cəhət tiraniyanın klassik mərhələsindən fərqli olaraq monarxiyanın institusional xarakter daşımasıdır. Monarxiyada məiyyətin bir çox nümayəndəsi hökmdarın iradəsinə yalnız sadəcə olaraq bir şəxs olaraq deyil, həm də bir vəzifə daşıyıcısı olaraq, bir məmur olaraq tabedir. Monarxiyada hər bir məmur tiran məiyyətindən fərqli olaraq müəyyən vəzifə daşıyıcısı olduğu üçün məmurun yerinə yetirəcəyi xidmət monarxın canlı iradəsindən daha çox, vəzifənin özünün xarakterindən irəli gəlir.
Monarxiya məhz bu cəhəti ilə tiraniyadan həm fərqlidir, həm də üstündür. Lakin monarxiyanın elə bir cəhəti də vardır ki, monarxiya özünün bu cəhəti ilə nəinki tiraniyadan və ya despotiyadan, əslində hətta bəlkə respublikadan da üstündür. Monarxiyanın tiraniyadan, despotiyadan, əslində hətta respublikadan belə üstünlüyü isə ondan ibarətdir ki, monarx ölkəni və xalqı tiraniyada olduğu kimi amansızlıqla eksperiment obyektinə çevirmir, despotiyada olduğu kimi ölkəyə müvəqqəti olaraq işğal olunmuş və buna görə də talan edilməli olan bir ərazi kimi, xalqa isə təslim və kölə edilməli olan insan kütləsi kimi baxmır və ya respublika üsul-idarəsində olduğu kimi ölkəni və xalqı hətta heç ölkə və xalq ilə də siyasi sövdələşmə obyektinə çevirmir. Monarxiyanın tiraniyadan, despotiyadan, əslində hətta respublikadan belə mütləq üstünlüyü isə ondan ibarətdir ki, monarx ölkəni və xalqı özününkü hesab edir, özünə doğma bilir və doğma edir, özünün və nəslinin taleyinin ölkənin və xalqın taleyi ilə bağlı olduğu əqidəsindədir, buna görə də bütün gücü ilə ölkənin və xalqın inkişafının və yüksəlişinin qayğısına qalır.
Qayıdaq tiranın və monarxın müqayisəli təhlilinə.
Tiran yalnız öz ürəyinin hökmü ilə hərəkət edir, digərlərinin mövqeyi və mülahizələri, hətta ictimai rəy onun üçün əhəmiyyətə malik deyildir, onun özü ictimai rəyi yaradandır. Monarx üçün isə digərlərinin rəyi, mövqeyi, hətta məsləhəti belə əhəmiyyətlidir. Üstəlik monarxın xüsusi bir məsləhətverənə belə ehtiyacı vardır. Onun bu ehtiyacının ödənilməsi ilə isə siyasət meydanına yeni bir oyunçu çıxır və tarix həmin oyunçuya vəzir adını verir. Vəzir siyasət meydanına öncə hökmdarın məsləhətçisi, müşaviri statusunda bir məmur olaraq daxil olur və siyasət meydanına daxil olduğu zamandan hökmdarın ən yaxın ətrafında birincilər sırasında olur, hətta tezliklə onun yaxın ətrafının birincisi olur. Lakin vəzir hökmdar sarayının hökmdarın özündən sonra ən mühüm siyasi siması olsa da, buraya məmur statusunda daxil olanların tarixən heç də birincisi deyildir, üçüncüsüdür. Saraya bir məmur olaraq vəzirdən öncə daxil olanlar və möhkəmlənənlər isə əlbəttə ki xəzinədar və cəllad statuslarını daşıyanlardır. Xəzinədar və cəllad statusları monarxiyaya tiraniyadan bir miras olaraq keçir, amma monarxiyada köklü dəyişikliklərə uğrayır. Bu hal xüsusən xəzinədarın statusu ilə bağlıdır. Xəzinədar bir sosial-siyasi sima olaraq tiraniyanın böhran mərhələsində meydana çıxmışdı və tiraniyanın klassik mərhələsinin kvartirmeysterin sosial-siyasi statusunu əxz etmişdi. Əgər xəzinədar tiraniyanın böhran mərhələsində kvartirmeysterin tam həcmdə hüquqi-siyasi varisi idisə, monarxiyanın doğuluşu prosesində o, bu statusun xeyli hissəsini artıq itirmişdi, qalan hissəsini isə indi vəzirlə bölüşmək məcburiyyətindədir. Monarxın xəzinədarı tiranın kvartirmeysterindən ona görə daha az sosial-siyasi statusa malikdir ki, monarx tirana nisbətən daha az dərəcədə hərbçidir, və buna görə də mülki işlər, xüsusən maliyyə işləri ona bir o qədər də yad deyildir. Bu da mülkiyyətin idarə edilməsində xəzinədarın rolunu xeyli azaldır. Vəzirin siyasət meydanına çıxması ilə isə mülkiyyətin idarə edilməsində xəzinədarın öncə malik olduğu rol və təsir vəzirlə demək olar ki, yarıbayarı bölünmüş olur. Sonradan dövlət başçısının bilavasitə nümayəndəsi statusunda maliyyə və iqtisadi işlərə başçılıq edən yüksək rütbəli şəxs olaraq vəkil vəzifəsinin təsis edilməsi ilə xəzinədar öncə malik olduğu siyasi əhəmiyyətini və ölkənin iqtisadi inkişafındakı rolunu və təsir gücünü demək olar ki büsbütün itirir. Oxşar siyasi təkamül cəllad statusu üçün də səciyyəvidir. Əgər tiraniyanın klassik mərhələsi cəza üsulu kimi yalnız ölüm cəzasını, fiziki işgəncəni, icbari əməyi (köləliyi) və əmlak müsadirəsi cəzasını tanıyırsa, tiraniyanın son, böhran mərhələsindən başlayaraq cəza növlərinin siyahısına həbs, azadlıqdan məhrum etmə, sürgün və cərimə cəzaları da əlavə edilir. Bununla əlaqədar olaraq daxili təyinatlı cəza ordusu yaradılır və cəllad öncə malik olduğu siyasi əhəmiyyətini demək olar ki itirir. İndi mühüm siyasi əhəmiyyət kəsb edən daha cəllad deyildir, daxili təyinatlı cəza ordusunun başçısıdır.
Monarx tirana nisbətən daha az dərəcədə hərbçi olduğundan, tiraniyadan monarxiyaya keçid mərhələsində müharıbınin yerini getdikcə daha çox diplomatiya tutmağa başlayır.
Tiranın və monarxın müqayisəli təhlilin davamına qaldıqda isə qeyd etməliyik ki, tiran və monarx arasındakı fərq yuxarıda söylənilənlərdən savayı həm də ondan irəli gəlir ki, əgər tiran məiyyəti bilavasitə idarə edirsə, monarx məmuru həm də qanun vasitəsilə idarə edir.
Qanunlar və hüquq, sözün tam mənasında, siyasi təkamülün yalnız yuxarıda xatırlanan mərhələsində, tiraniyanın son, böhran mərhələsində formalaşır, elə bir mərhələdə ki, bunu monarxiyanın təşəkkül mərhələsi də adlandırmaq olar. Qanun yazılı hüquq olaraq o halda tarix meydanına çıxır ki, hökmdarın iradəsi rasional müstəvidə artıq tam həcmdə yerinə yetirilmir. Bu isə əvvəla ondan irəli gəlir ki, hökmdarın rasional iradəsi dövlətin bir bütöv orqanizm kimi üzvi iradəsi ilə üst-üstə düşmür, ondan fərqlənir. Həmin bu fərq artdıqca isə dövlətin bir bütöv orqanizm kimi üzvi iradəsi hətta hökmdarın özü üçün də getdikcə daha artıq dərəcədə qeyri-müəyyən olur, onun sözü bu qeyri-müəyyən iradənin təsadüfi ifadəçisi olduğundan, getdikcə azalmaqda olan entuziazmla qarşılanır, bununla da hakimiyyət öz təbiiliyini getdikcə daha çox itirir. İkincisi, bu mərhələdə hökmdarın iradəsi əslində həm də əxlaqi hissdən, ədalət duyğusundan uzaq düşdüyü üçün o təbəə tərəfindən bir o qədər də ürəklə yerinə yetirilmir. Təbəənin əxlaqi hissləri və ədalət duyğusu hökmdarın əxlaqi hisslərindən və ədalət duyğusundan kifayət dərəcədə fərqli olsa da, hökmdarın iradəsinin artıq əxlaq və ədalət prinsiplərindən uzaq düşdüyünü əslində hökmdar da, təbəə də ayrı-ayrılıqda özünəməxsus bir şəkildə olsa da hiss edirlər. Təbəə hökmdarın iradəsinə və siyasi instinktlərinə artıq bütün qəlbi ilə bağlı olmur və buna görə də hökmdarın göstərişlərini bəzən düzgün anlamır, bəzən unudur və bəzən də qəsdən təhrif edir. Bəzən hətta gizli və min hiylə ilə olmuş olsa da hökmdarın sözünə məhəl qoyulmur, onun sözü getdikcə artmaqda olan etinasızlıqla qarşılanır, bunun mümkün olduğu bütün hallarda onun göstərişlərinə əslində barmaqarası baxılır. Lakin bu halın səbəbi yalnız təbəədə, və ya yalnız hökmdarda deyildir, bunun səbəbi həm də obyektiv şəraitdədir, siyasi təkamülün özünün xüsusiyyətlərindədir. Belə ki, tiraniyanın son, böhran mərhələsi ərəfəsində dövlətin ərazisi və əhalisi işğallar nəticəsində həddindən ziyadə artdığı üçün, daha çox adamı idarəetməyə cəlb etmək, daha çox adama göstəriş vermək, daha çox adamın göstərişləri necə icra etdiyi barədə hesabatlarını dinləmək, daha geniş miqyasda vəziyyəti analiz etmək, çoxsaylı insanların taleyi ilə bağlı olan problemləri həll etmək üçün düzgün qərarlar qəbul etmək və bu qərarların çoxsaylı insanlar tərəfindən icrasına nəzarət etmək lazım gəlir. Bu isə bir adamın edə biləcəyindən daha çoxdur, o adam nə qədər qüdrətli bir hökmdar olmuş olsa belə, hətta tiran belə olmuş olsa da. Çünki hökmdar idarəetməyə cəlb olunan bu çoxsaylı insanların artıq heç də hamısını tanımır və tanıya da bilməz, heç də hamısının adlarını bilmir, hansına hansı tapşırığı verdiyini də heç də həmişə xatırlamır. Hökmdardan gələn tapşırıqlar həm də bunun nəticəsində lazımınca yerinə yetirilə bilmir və yerinə yetirilmir. Belə halda hökmdar təbəə kütləsinin bir hissəsinin, ilk növbədə isə mürəkkəb iş görən hissəsinin ümumiyyətlə nə etməli olduğunu yazıya köçürtdürərək mütləqləşdirir və yazıya köçürülmüş öhdəliklərin müntəzəm olaraq yerinə yetirilməsini onlara bir vəzifə olaraq tapşırır və bununla da onları konkret məmur vəzifəsinə təyin etmiş olur. Hökmdarın iradəsi rasional olaraq müəyyənləşdirilərkən və sanksiyalaşdırılarkən isə onun sözü də öz əhəmiyyətini artırır, qanuniləşir. Qanun hər şeydən öncə konkret məmur vəzifəsinə təyin olunan kəsin, vəzifə sahibinin yerinə yetirməli olduğu xidməti öhdəliklərin təsvirini özündə ehtiva edir.
Qanunun meydana çıxması ilə hökmdarın hər bir təbəəyə ayrıca tapşırıq verməsinə, və deməli ki, təbəənin hər birini şəxsən tanımasına, onların şəxsi adlarını bilməsinə və bu səbəbdən də konkret tapşırığı onlardan hansı birisinə verdiyini təfərrüatları ilə xatırlamasına ehtiyac qalmır. Hökmdar artıq ayrıca şəxsə sadəcə olaraq bir ayrıca şəxs kimi tapşırıq vermir, ayrıca şəxsi vəzifəyə təyin etməklə ona tapşırıq vermiş olur. Hökmdar üçün indi icraçının adı onun yalnız şəxsi adı deyildir, həm də hökmdar tərəfindən ona verilən addır, yəni onun vəzifəsinin adıdır. Qanunun meydana çıxması ilə tapşırığı hökmdar artıq heç də bütün hallarda konkret şəxsə, konkret şəxsi ad daşıyıcısına deyil, həm də konkret vəzifə daşıyıcısına verir.
Qanun isə hər şeydən öncə vəzifə sahibinin yerinə yetirməli olduğu öhdəlikləri fiksasiya edir. Qanun ümumi adlar vermək, yəni vəzifə təsis etmək əsasında təbəəyə ümumi tapşırığın verilməsi ehtiyacından yaranır və bu ehtiyacı ödəyir. Qanunun meydana çıxması ilə monarx artıq ümumi tapşırıqlar verərək idarəetmənin öhdəsindən daha asanlıqla gəlir.
Monarx tirandan fərqli olaraq, qanun vasitəsilə idarə etdiyindən, monarxın özü bütün hallarda ya bilavasitə qanunvericidir, ya da onun qanunvericiyə ehtiyacı vardır.
Monarxın qanunvericiyə ehtiyacını tarixən ilkin olaraq ödəyən isə onun yaratdığı və fəaliyyətini öz nəzarəti altında saxladığı Dostları ilə paylaş: |