mükalİmə ÖNCƏSİ TEZİSLƏR
1
Dünyanın Platon, Hobbs, Hegel, Kont, Spenser kimi bir çox məşhur filosofları cəmiyyəti, sözün geniş mənasında, dövləti canlı orqanizmə bənzətmişlər. Bu bənzətməni ən azı metaforik mənada qəbul etməmək isə mümkün deyildir. Elə həmin metaforik mənaya söykənərək belə bir fikir irəli sürülə bilər ki, əgər siyasi fəlsəfə bu sosial orqanizmin beyni rolunda çıxış edirsə, siyasi hakimiyyət onun ürəyi olaraq çıxış edir. Həmin mövqe platformasında dayanaraq təsdiq etmək olar ki, əgər siyasi fəlsəfə və onun təmsilçiləri sosial orqanizmin zəkasını təcəssüm etdirirlərsə, siyasi hakimiyyət və onun təmsilçiləri sosial orqanizmin iradəsini təcəssüm etdirirlər. Zəka və iradə arasındakı münasibətlər necədirsə, ideya və qətiyyət arasındakı münasibətlər necədirsə, siyasi fəlsəfə və siyasi hakimiyyət arasındakı münasibətlər də elədir. Güclü iradə dərin zəkanı tələb edir. Əgər iradə güclüdürsə, o, daimi olaraq zəkadan qidalanmanı, idraki təminatı, gerçəkləşdirilməli olan yeni ideyaların yaradılmasını, intellektual resursların aktuallaşdırılmasını, məfkurəvi bazanın zənginləşdirilməsini tələb edir. Və əksinə, əgər zəka daimi olaraq inkişafdadırsa, gerçəkləşdirilməsini, deməli ki, güclü iradəni tələb edir. Bu mülahizələri fərd müstəvisindən cəmiyyət müstəvisinə keçirsək, inamla təsdiq edə bilərik ki, əgər siyasi hakimiyyət sosial iradənin təcəssümü olaraq güclüdürsə, o, sosial zəkanın inkişafını, gerçəkləşdirilmək üçün yeni ideyaların yaradılmasını, yeni sosial məqsədlərin müəyyənləşdirilməsini və bunun əsasında da hüquqi və ideoloji bazanın daim yeniləşdirilərək möhkəmləndirilməsini, başqa sözlə, siyasi fəlsəfənin daimi inkişafda olmasını tələb edir. Bu məqamın əksinin də analogiyası mövcuddur. Əgər siyasi fəlsəfə məhz sosial zəkanın təcəssümü olaraq inkişaf edirsə, gerçəkləşdirilmə təyinatından qopub-ayrılmayıbsa, sosial iradənin təcəssümü olan güclü hakimiyyəti tələb edir.
2
Siyasi fəlsəfənin hər bir tarixi tipi sona qədər inkişaf etdirildikdə, uyğun siyasi doktrinanı törədir. Belə siyasi doktrinalara kommunistik siyasi doktrina, tiranik siyasi doktrina, aristokratik siyasi doktrina və demokratik siyasi doktrina aid edilə bilər.
3
İdeal dövlət kommunistik siyasi doktrinada əxlaq ideyasının, tiranik siyasi doktrinada mərdlik ideyasının, aristokratik siyasi doktrinada insanın təbii təyinatı ideyasının, demokratik siyasi doktrinada isə qanun ideyasının təcəssümüdür.
4
Qanun – siyasi fəlsəfənin konkret nəticələrinin hakimiyyət tərəfindən tanınması, sanksiyalaşdırılması və icraya qəbul edilməsidir, siyasi fəlsəfənin o konkret nəticələrinin qəbul edilməsidir ki, onların daimi bir prinsip olaraq gerçəkləşdirilməsi üçün məsuliyyəti hakimiyyət öz üzərinə götürür. Qanun bu nöqteyi-nəzərdən, sosial iradənin sosial zəka ilə ortaq məxrəcə gətirilməsidir. Qanunun bir siyasi alət olaraq meydana çıxması ilə siyasi hakimiyyət və siyasi fəlsəfə arasındakı münasibətlər sosial zəkanın və sosial iradənin artıq yalnız konkret canlı təmsilçiləri arasında ünsiyyət xarakterini daşımayıb, həm də siyasi hakimiyyətin canlı təmsilçiləri ilə siyasi fəlsəfənin artıq cansız, ehkamlaşdırılmış nəticələri arasındakı münasibətlərə transformasiya olunmuş şəkildə öz ifadəsini tapmış olur. Amma qanun bütövlükdə siyasi fəlsəfənin siyasi hakimiyyət tərəfindən bir vaxt, vaxtilə tanınmış, sanksiyalaşdırılmış və icraya qəbul edilmiş cansız, ehkamlaşdırılmış nəticələri olaraq da qalmamalıdır. Sosial zəka dərinləşdikcə və eləcə də sosial iradənin təcəssümü olan siyasi hakimiyyət gücləndikcə, onların ortaq məxrəcə gətirilmə məqamı, yəni qanun da zənginləşdirilməli, inkişaf etdirilməlidir, əlbəttə ki xalqın özünün siyasi fəlsəfəsi əsasında, xaricdən zorla qəbul etdirilən prinsiplər əsasında yox. Görünür həm də elə bu səbəbdəndir ki, bəşər tarixində öz möhtəşəmliyi ilə seçilən ölkələrdə siyasi fəlsəfə bir canlı zəka olaraq həmişə yaşadılır.
5
Dövlət özlüyündə, özünün xalisliyində və ilkinliyində nə qanunun, nə də hakimiyyətin mücəssəməsi olmamışdır, nə qanunun müdafiəçisi kimi, nə də hakimiyyətin öz təsir dairəsini genişləndirməsi prosesinin nəticəsi kimi meydana gəlməmişdir, nə qanunun, nə hakimiyyətin, nə də hakimiyyət orqanlarının meydana çıxması ilə yaranmamışdır. Dövlət, qanundan və qanunvericilikdən, hakimiyyətdən və hakimiyyət orqanlarından daha görkəmli və daha əzəmətli bir hadisədir. Çünki dövlətin mahiyyəti əslində onun hakimiyyət sistemi deyil, himayə sistemi olmasındadır. Çünki o, özünün xalisliyində və ilkinliyində insanın zülmdən və zülmkardan himayə məkanıdır.
6
İnsanlar zülmə, təzyiqə və azğınlığa məruz qaldıqları zaman özləri üzərində siyasi və ya qeyri-siyasi diktaturanın varlığını, zülmdən, eləcə də azğınlıqdan və təcavüzdən mühafizə olunduqları halda isə özləri üzərində icmanın və ya dövlətin varlığını hiss edirlər. Ən azı elə bu səbəbdən də, sosial həyatın dövlət strukturunun ixtirası insan zəkasının ən görkəmli nailiyyətləri sırasına aid edilməlidir.
7
Hakimiyyətin və siyasətin ən mükəmməli himayəni, ən eybəcəri zülmü xatırladır. Əgər insanın gördüyü iş onun təbii təyinatını gerçəkləşdirməyə istiqamətləndirilibsə, onun təbii təyinatını ifadə edirsə, onun özünütəsdiqinə yönəlibsə və onun bu işdən zorla qoparılıb ayrılmasına yol verilmirsə, bu insan himayə altındadır. Yox, əgər insanın məşğul olduğu iş onun ürəyincə deyildirsə, onun təbii təyinatının ifadəçisi deyildirsə, onda bu iş bütün hallarda insan üzərində zülm və zorakılıqdır, az və ya çox dərəcədə olub-olmamasından asılı olmayaraq. Zülm, zorakılıq – insanın sevmədiyi işi ona gördürmədir. İnsanları zorakılıqdan xilas etmə isə onlara onların həqiqi həyati ideallarını açıb göstərmədir, onlara öz həqiqi təbii təyinatlarını gerçəkləşdirmək, öz sevimli işləri ilə məşğul olmaq inamını və şüurunu vermədir.
8
Əgər cəmiyyətdə insanlar öz yerlərində deyillərsə, əgər insanlar öz təbii təyinatlarını gerçəkləşdirmirlərsə, bu cəmiyyət çirkin cəmiyyətdir, ədalətsiz cəmiyyətdir, eybəcər cəmiyyətdir. Bədən üçün xəstəlik adlandırılan eybəcərlik cəmiyyət üçün ədalətsizlik kimi özünü göstərir.
9
Dövlət, nə marksizmin güman etdiyi kimi, bir sinfin digər sinif üzərində hökmranlıq aparatı, nə anarxizmin güman etdiyi kimi, insan azadlığı üzərində zorakılıq sistemi kimi, nə də nasionalizmin güman etdiyi kimi, ari xalqının qeyri-ari xalq üzərində hakimiyyəti kimi yaranmamışdır. Həm marksizmin, həm anarxizmin, həm də nasionalizmin təqdim etdiyi səciyyə ümumiyyətlə dövlətə deyil, öz mahiyyətinə yadlaşmış, eybəcərləşmiş dövlətə aiddir.
10
Xalis dövlət aristokratik təfəkkürün, hakimiyyət dövləti isə praqmatik təfəkkürün təcəssümü və nəticəsidir. Dövlətin himayə sistemi formasında meydana çıxması ideyasına söykənən aristokratik siyasi təfəkkürdən fərqli olaraq mahiyyəti etibarı ilə praqmatik təfəkkür üzərində qurulan potestar konsepsiya dövlətin lap başlanğıcdan hakimiyyət sistemi formasında meydana çıxmasını iddia edir. Dövlətin hakimiyyət və hakimiyyət orqanları formasını alması əslindəsə onun praqmatikləşməsinin məhsuludur. Praqmatik təfəkkür üzərində formalaşan konsepsiyaya ən xarakterik nümunə olaraq Makiavellinin siyasi nəzəriyyəsi göstərilə bilər. Makiavellinin nəzəriyyəsi praqmatik xarakterli siyasi konsepsiyasının ən bariz və ən ilkin formalarından biridir. Üstəlik onu da diqqətə çatdırmaq lazım gəlir ki, Makiavelli dövləti vətəndaş cəmiyyətindən fərqləndirərkən və ona qarşı qoyarkən dövləti dövlət hakimiyyəti ilə eyniləşdirmiş və elə buna görə də dövlətin potestar konsepsiyasının əslində banisi olmuşdur. Marksizmin dövlət nəzəriyyəsi də potestar konsepsiyasının qəbul edilməsi üzərində qurulur. Marksizm ancaq hakimiyyət forması almış dövləti tanıyır və üstəlik dövlətin meydana çıxmasını ondan da daha mühüm hesab etdiyi və ondan daha əvvəl mövcud olduğunu qəbul etdiyi digər bir hakimiyyətlə, iqtisadi hakimiyyətlə, bir sinfin digər sinif üzərində mülkiyyət hakimiyyəti ilə bağlayır. Maraqlıdır ki, praqmatizmə ruhən yad olan anarxizm də dövləti əslində hakimiyyətlə ümumiləşdirdiyi üçün dövlətin təbiətinin ümumən anlaşılmasında potestar konsepsiya mövqeyindən çıxış edir. Lakin, anarxizm hakimiyyətin meydana çıxmasını azadlığın boğulmasının başlanğıcı kimi qiymətləndirərək, onu rədd edir və onunla mübarizə aparır, onu köləliyin mənşəyi və sosial daşıyıcısı hesab edir, potestar konsepsiya bütövlükdə praqmatik təfəkkür üzərində qurulduqda isə anarxizmdən fərqli olaraq, hakimiyyətin gətirdiyi köləliyi zəruri hesab edir və ondan faydalanmağa çalışır.
11
Həqiqi dövlət həqiqi aristokratizmlə eyni vaxtda doğulur.
12
Dövlətin yaranması, təkamülü və süqut etmə mexanizmləri ailənin yaranma, təkamül və süqut mexanizmlərini xatırladır. Ailənin yaranması zamanı kişi hər şeydən öncə qadının həyatı üçün, onun bir qadın olaraq təbii təyinatını gerçəkləşdirmək üçün məsuliyyəti öz üzərinə götürür və qadının öz təbii təyinatını gerçəkləşdirməsinin başlanğıcını qoyur. Qadın bununla da onda daşınan generativ resursların sui-istifadəyə məruz qoyulmaması üçün, yəni övladtörətmə təyinatı ilə istifadə olunması üçün, və eləcə də ümumiyyətlə qadına xas olan altruistik meyillərin də həmçinin təyinatı üzrə gerçəkləşdirilməsi, yəni bu meyillərin övlad böyüdüb boya-başa çatdırması yönümündə gerçəkləşdirilməsi üçün imkan əldə etmiş olur. Bu mənada ailənin yaranması ilə qadın kişinin himayə məkanına qaxil olmuş olur1.
Ailənin maskulin (Kişi) və feminin (Qadın) başlanğıcların fərdlər səviyyəsində, daha doğrusu əks cinslərdən olan fərdlər səviyyəsində bir sosial sintez forması olaraq meydana gəlməsinə bənzər bir hadisə dövlətin yaranması zamanı bütövlükdə cəmiyyət miqyasında baş verir. Dövlət sosial həyatda maskulin və feminin başlanğıcların vahid bir axına qoşulması ilə öz tarixini başlayır, amma maskulin və feminin başlanğıcların vahid bir axına qoşulması, sintezi bu halda fərdlər səviyyəsində, əks cinslərdən olan fərdlər səviyyəsində deyil, sosiumlar səviyyəsində, əks qütblü sosiumlar səviyyəsində baş verir. Maskulin təbiətli cəngavər mədəniyyəti ilə feminin təbiətli icma mədəniyyətinin əks qütblü sosiumlar olaraq sintezi dövlətin əsasını qoyur. Bu məqamın daha konkret, daha sadə ifadəsi isə belədir ki, təbiətləri etibarı ilə sülhsevər və zəhmətkeş olan kəndli icmaları təbiətləri etibarı ilə döyüşkən və mübariz olan köçərilər tərəfindən üzülərək məhv olma təhlükəsi altında ikən köçəri tayfalardan birinin himayəsinə sığınır, onun vasitəsilə digər köçəri tayfaların təcavüzündən mühafizə olunurlar. Kəndli himayəyə sığındığı andan rəiyyətləşir və vergi ödəyicisi olur. Cəngavər himayəçi olduğu andan zadəganlaşır və vergi hesabına mütəmadi təminat mənbəyinə malik olmuş olur. Rəiyyətin sosial statusu və dünyaduyumu, bir qədər kobud terminlərdən istifadə edilsə, kəbinli arvadın sosial statusunu və dünyaduyumunu xatırladır. Zadəganın sosial statusu və dünyaduyumu isə, indi bir qədər kobud deyil, bir qədər sadə terminlərdən istifadə edilsə, ailə qurmuş gəncin sosial statusunu və dünyaduyumunu xatırladır. İki insanın ailə adlı vahid bir sosial strukturda birləşməsindən yeni insanlar, yəni övladlar, – oğullar və qızlar meydana gəldiyi kimi, yuxarıda adları çəkilən iki mədəniyyətin - cəngavər və icma mədəniyyətlərinin - dövlət adlı vahid bir sosial strukturda birləşməsindən yeni mədəniyyətlər – zadəgan və şəhər mədəniyyətləri - meydana gəlir.
Ailənin təbii sonu valideynlərin övladtörətmə qabiliyyətlərinin, dünyaya yeni insan gətirmə qabiliyyətlərinin tükənməsi ilə şərtləndiyi kimi, dövlətin də təbii sonu, bir tərəfdən, atanın təcəssümü olan hakimiyyətin gücdən düşməsi ilə, iqtidarın haqqı gerçəkləşdirmə qüdrətinin üzülməsi ilə, siyasi aristokratizmin yaradıcılıq imkanlarının tükənməsi ilə, digər tərəfdən isə, ananın təcəssümü olan, əkinçi həyat tərzi zəminində formalaşan icma mədəniyyətinin təkamül imkanlarının tükənməsi ilə və analıq rəmzi olan torpağın və bütövlükdə təbii mühitin eroziyası ilə şərtlənir.
13
Dövlətin yaranması üçün iki ən mühüm müqəddəm şərtlərdən biri olan cəngavər mədəniyyəti köçərilik prinsiplərinin mütləqləşdirilməsi üzərində qurulmuşdur, sosial həyatın maskulin başlanğıcını özündə təcəssüm etdirməklə, kişi əxlaqının dəyərlərinə söykənir, onun başlıca əxlaqi keyfiyyətləri cəsarət və ürəklilikdir, ürəyin çağırışına inam və ürəyə sədaqətdir. Cəngavər ağlına deyil, ürəyinə daha çox inandığından, onun üçün əməlin nəticəsi deyil, əməlin özü dəyərlidir. Nəticənin qorxusundan ürəyin səsinin boğulması cəngavər üçün yolverilməz olduğundan, Tale kultu cəngavər davranışının nüvəsini təşkil edir. Burada rəiyyət yoxdur, burada vətəndaş yoxdur, burada igidlər vardır. Burada varlı yoxdur, kasıb yoxdur, burada yalnız mərd və onun əksliyi olan namərd vardır. Cəngavər dəyərləri çərçivəsində mərd olmayan kəs insan deyildir. Burada namərd insan kimi deyil, nəsə iyrənc bir əşya kimi qavranılır. Cəngavər mədəniyyətinin ən əyani təsvirlərindən biri ilə biz bizim doğma Kitabi-Dədə-Qorqud-da rastlaşırıq. Kitabi-Dədə-Qorqud bu mədəniyyəti son dərəcə gözəl təqdim edir.
14
Dövlətin yaranması üçün iki ən mühüm müqəddəm şərtdən ikincisi olan icma mədəniyyəti əkinçi həyat tərzi zəminində təşəkkül tapmışdır, sosial həyatın feminin başlanğıcının mücəssəməsi olmaqla qadın əxlaqının dəyərlərinə söykənir, onun başlıca əxlaqi keyfiyyətləri xeyirxahlıq və mərhəmətdir. İcma mədəniyyətinin himayəyə sığınmaq istəyi də onun qadın təbiətli olmasından irəli gəlir. İcma mədəniyyəti üçün səciyyəvi olan dünyagörüş mahiyyət etibarı ilə dini xarakter daşıyır. Əkinçi həyat tərzi zəminində formalaşan xalis icma mədəniyyəti daxilində igid yoxdur, bəndə vardır. Burada varlı-kasıb qarşıdurması da yoxdur, mömin-kafir qarşıdurması vardır. İcma mədəniyyətinin əxlaqi dəyərləri fonunda bəndəlik həqiqi insanlıq, kafirlik isə insanlığın öz mahiyyətinə yadlaşmasıdır. Tanrının bəndə üzərində hidayəti icma şüurunun başlıca ehkamlarından birini, bəlkə də, ən başlıcasını təşkil edir. İcma şüurunun başlıca ehkamlarından ikincisi isə Axirət gününə inamdır. Axirət Tanrının bəndə üzərində mütləq himayəsi kimi qavranılır. Burada Tanrının bəndə üzərində hidayəti dövlətin rəiyyət üzərində himayəsindən daha mühümdür və dövlətin rəiyyət üzərində himayəsi bir çox hallarda Tanrının bəndə üzərində hidayətinin bir simvolu kimi qavranılır.
15
Dövlət oturaq əkinçi həyat tərzi üzərində qərarlaşan icma mədəniyyəti ilə köçəri həyat tərzi üzərində qərarlaşan cəngavər mədəniyyətinin sintezi nəticəsində özünün ilkin və əzəli formasında, himayə dövləti olaraq tarix meydanına çıxması anında mədəniyyətin üçüncü tipini - zadəgan mədəniyyətini formalaşdırır, hətta dövlətin bir himayə sistemi olaraq meydana çıxması zadəgan mədəniyyətinin formalaşması ilə əslində ifadə olunur demək daha düzgün olar. Dövlətin yaranması ilə köçəriliyin başlıca əxlaqi sərvəti olan cəsarət icma əxlaqının başlıca dəyəri olan xeyirxahlığın təsiri altında yeni status kəsb edir və maskulin əxlaqın yeni kodeksini formalaşdırır. Zadəgan bu kodeksin daşıyıcısı olur. Sonradan aristokratizm adını alan bu davranış kodeksində cəsarət mərdlik səviyyəsinə, xeyirxahlıq isə ədalət səviyyəsinə yüksəlir. Zadəgan mədəniyyətinin başlıca əxlaqi dəyəri isə ləyaqətdir. Ləyaqət obrazlı şəkildə ifadə edilsə, mərdlik və ədalət adlandırılan ata-anadan törəmişdir. Zadəgan mədəniyyətinin başlıca əxlaqi dəyəri olan ləyaqət mübarizəni və cəmiyyət həyatına aktiv müdaxiləni nəzərdə tutduğundan, zadəgan mədəniyyəti maskulinlik prinsipləri üzərində qurulmuş mədəniyyətdir, daha doğrusu maskulinlik prinsipləri üzərində qurulmuş mədəniyyətin ikinci tarixi formasıdır.
16
Dövlət fenomeninin meydana gəlməsi şəhər adlı mühüm bir sosial strukturun və şəhər mədəniyyətinin meydana gəlməsinin də tarixi müqəddiməsi olur. Əgər mədəniyyətin üçüncü tipinin - zadəgan mədəniyyətinin - əsası dövlətin yaradılmasının başlanğıc məqamında qoyulursa, mədəniyyətin dördüncü tipinin - şəhər mədəniyyətinin - əsası zadəgan mədəniyyətinin doğuluşundan sonra, daha dəqiq deyilərsə, himayə dövlətinin hakimiyyət dövlətinə çevrilməsi prosesində qoyulur. Heç də təsadüfi deyildir ki, ilk şəhərlər ilk dövlətlərin mövcud olduğu ərazilərdə salınmışdır. Eramızdan əvvəl IV-III minilliklərdə Misirdə, Mesopotamiyada, Hindistanda və Çində böyük su hövzələrində tikilmiş hökmdar iqamətgahları sonradan salınmış şəhərlərin əsasına çevrilmişdir. Bu prosesdə hökmdarların yanında xidmətdə olan məiyyət kütləsinin rolu xüsusilə həlledici olmuşdur. Həmin o məiyyət şəhər mədəniyyətinin insani resurslarını təşkil etməklə, şəhərlinin ilkin tarixi tipi olmuşdu. Məiyyət kütləsi kənd təsərrüfatı ilə məşğul olmaq zərurətindən azad olunsa da, öz mövcudluğunu başqa qəbildən olan amillərdən asılı vəziyyətdə qoymuşdu. Bu kütlə özünü özgə ehtiyaclarının ödənilmə vasitəsinə çevirməklə bunun əvəzində verilmiş mükafatla yaşayan insanlardan ibarət formalaşdırılmışdı. Şəhərlinin ilk tarixi nümunəsi - hökmdarların yanında xidmətdə olan məiyyət olsa da, sonradan məiyyətin ixtisaslaşması baş verir, məiyyət kütləsi içərisindən əvvəlcə sənətkar, tacir və qasid tarixi tiplərinin, sonra isə məmur tarixi tipinin ayrılması baş verir. Məiyyət kütləsi özünün tarix meydanına atılması ilə həm icma, cəngavər və zadəgan mədəniyyətləri ilə artıq yanaşı duran dördüncü mədəniyyət tipini – şəhər mədəniyyətini - formalaşdırır, həm bu mədəniyyətin konkret daşıyıcısının - şəhərlinin - tarix meydanına çıxmasını şərtləndirir, həm də sənətkar, tacir, qasid və məmur tarixi tiplərinin formalaşması üçün əsas olur. Şəhər mədəniyyətinin başlıca əxlaqi dəyəri isə ağıllılıqdır. Ağıllılıq bu mədəniyyət kontekstində yalnız nəticəsi faydalı olan işlə məşğul olmaq, nəticəsi faydalı olmayan işdən isə çəkinmək mənasına malikdir. Şəhərli üçün ürəyinin istədiyini deyil, faydalı olanı etmək mühümdür. Şəhər mədəniyyəti femininlik prinsipləri üzərində qurulmuş mədəniyyətin ikinci tarixi forması olur. Şəhər mədəniyyətinin yuxarıda xatırlanan başlıca əxlaqi sərvəti – ağıllılıq - və bütün digər dəyərləri feminin xarakterlidir, qadın davranış üslubunun sosial müstəvidə bir mücəssəmə formasıdır.
17
Mədəniyyətin dörd tipi ailənin dörd üzvünü xatırladır. Cəngavər mədəniyyəti atanın, əkinçi həyat tərzi zəminində formalaşan icma mədəniyyəti ananın, zadəgan mədəniyyəti oğulun, şəhər mədəniyyəti isə qızın mücəssəməsidir. Hər bir ailə üzvünün statusu xalqın bədii təfəkküründə özünün yığcam və səlis təsvirini tapmışdır: Ata – düşmən çəpəri, ana doğma ocağın qoruyub saxlayanı, evin dayağı, oğul – evin tacı, qız isə – yaraşığıdır.
18
Mədəniyyətin hər bir konkret tipi öz siyasi idealını hakimiyyətin bu və ya digər formasında tapır. İcma mədəniyyəti üçün daha çox avtoritet prinsipi üzərində qurulmuş hakimiyyət forması səciyyəvidir. Cəngavər mədəniyyəti tiranik hakimiyyət forması ilə, zadəgan mədəniyyəti aristokratik hakimiyyət forması ilə, şəhər mədəniyyəti isə demokratik hakimiyyət forması ilə daha doğmadır. Tiranik hakimiyyətlə demokratik hakimiyyət arasında keçid formaları olaraq despotik hakimiyyət və monarxik hakimiyyət çıxış edir. Demokratik hakimiyyətlə aristokratik hakimiyyət arasında aralıq element olaraq isə liberal hakimiyyət dayanır.
19
Avtoritet prinsipi üzərində qurulmuş hakimiyyət bir hakimiyyət forması olaraq özünün xalis görkəmində meydana çıxır. Bu halda icraçı təkcə iradəsini deyil, həm də zəkasını hakimiyyət sahibinə tabe etdirir. Özü də belə bir tabeolma könüllü və təmənnasız olaraq baş verir. Amma nə zor prinsipinə istinad edən hakimiyyətdə, nə də demokratik prinsipinə söykənən hakimiyyətdə tabeolma nə könüllü, nə də təmənnasızdır.
20
Tiranik hakimiyyət yalnız iradə üzərində hakimiyyətdir. Burada yalnız hakimiyyət sürən öz ürəyinə, öz hisslərinə, öz zəkasına etibar edir. Tiranizm şəraitində hakimiyyətin obyektləri isə öz ürəklərinə, öz hisslərinə, öz zəkalarına əslində etibar etmirlər, onlar əslində heç hakimiyyət sürənə də bir o qədər, tam olaraq etibar etmirlər, ona yalnız müəyyən dərəcədə ümid bəsləyirlər və həm də ondan sadəcə olaraq qorxurlar. Tiranizm ümid və qorxu hisslərinə istinad edir. Tiran hakimiyyət altında olanların öncədən rəiyyət durumunda olanlarını da, zadəgan durumunda olanlarını da eyni statusa - təbəə statusuna salır. Rəiyyət özünü bütövlükdə himayəçinin ixtiyarına verən kəs olmaqla özünü hakimiyyətin ixtiyarına verən kəs statusunu, təbəə statusunu demək olar ki çox asanlıqla qəbul edir, zadəgan isə özü üzərində himayəçini və hakimiyyəti qəbul etməyə çətinliklə də olsa məcbur edilir. Tiran zadəgana da, rəiyyətə təbəə statusunu qəbul etdirməklə onları vahid bir toplum kimi formalaşdırır. Həmin bu toplum isə xalqdır.
21
Despotik hakimiyyət tiranik hakimiyyətə oxşar olaraq yalnız iradə üzərində hakimiyyətdir. Lakin despotizm tiranizmdən fərqli olaraq, hakimiyyət sürənin emosional iradəsinə deyil, artıq rasionallaşdırılmış iradəsinə istinad edir. Despotizmin tiranizmdən ən mühüm fərqi isə ondan ibarətdir ki, despot özünü təbəənin yalnız bir hissəsinin himayəçisi edir, özünü təbəənin yalnız bir hissəsinin hamisi kimi hiss edir, hakimiyyət altında olan digər təbəələr üzərində isə özünü sözün pis mənasında hökmdar kimi, yəni bir ağa kimi dərk edir, bütövlükdə xalqı məzlum insanlar toplumuna, yazıq bəndələr yığnağına çevirir. Əgər tiranizm ümid və qorxu hissləri üzərində qurulursa, despotizm yalnız qorxu hissinə istinad edir. Üstəlik burada despot hakimiyyətin tək sahibi statusunda olsa da, əslində öz məxsusi iradəsindən, öz hisslərindən, öz zəkasından daha çox, himayə etdiyi və əslində mənafeyinə xidmət etdiyi azlığın dəstəyinə etibar edir və bundan daha pis olanı isə odur ki, xalqı himayə etdiyi azlığın caynağına da verir. Dövlət hakimiyyəti despotizm formasını əslində insanların bir qisminin digər qismi üzərində zorakılıq aparatına çevrildiyi zaman kəsb edir. Praktikada isə despot əksər hallarda və əslində xalqı bürokratiyanın pəncəsinə verən kəsdir.
22
Monarxik hakimiyyət hakimiyyət sürənin hakimiyyət altında olanla həm də razılaşdırılmış iradəsinə istinad edir, psixoloji olaraq gözlənti qaydasında və təhtəlşüur səviyyəsində, hüquqi olaraq isə, təsisat və təyinat qaydasında razılaşdırılmış iradəsinə. Monarxiyada da həmçinin hökmdar xalqı öncə olduğu kimi bir təbəə kütləsi olaraq tanısa da, amma, burada təbəə onun ən aktiv və ən təşəbbüskar hissəsinin timsalında hakimiyyətə tam etibar etməsə də, hakimiyyətə xidmət göstərməyə və bu xidmətin əvəzində hakimiyyətdən faydalanmağa daha çox çalışır. Burada hakimiyyətin irsi olmasını da əslində təbəənin məhz hakimiyyətdən mütəmadi olaraq faydalanan və hakimiyyətdən mütəmadi olaraq öz payını götürən hissəsi, yəni məmur statusunda olan hissəsi şərtləndirir.
23
Aristokratik hakimiyyət hissiyyat, şüur və iradə üzərində hakimiyyətdir. Aristokratik lider sıravinin, necə deyərlər, «hakimiyyət altında olanın» ürəyini onun özündən də daha yaxşı duya bildiyi üçün, onun beynində daşınan həqiqəti ondan daha yaxşı dərk etdiyi üçün, onun həyati instinktlərini ondan daha yaxşı ifadə edə bildiyi üçün, ona ürəyin instinktlərinə etibar etməni təlqin edir. Hakimiyyət altında olan ifadəsini ona görə müəyyən qeyd-şərtlə verirəm ki, aristokratik lider insanları əslində aksidental iradənin deyil, həqiqətin sərəncamına verir və bununla da onları yaşadır, insanlara həqiqi həyatı bəxş edir. Aristokratik hakimiyyət ürəkdə daşınan həqiqətin hakimiyyətidir.
24
Demokratik hakimiyyət hakimiyyət sürənin rasional və hakimiyyət altında olanla verbal olaraq razılaşdırılmış iradəsinə istinad edir. Demokratizm, despotizmdən fərqli olaraq, hakimiyyətin subyekti ilə hakimiyyətin obyekti arasında razılaşdırmanı artıq yalnız tərəflərdən birinin fiziki təzyiqi altında və təhtəlşüur qorxu hissiyyatı səviyyəsində deyil, həm də könüllülük qaydasında və daha pisinin hakimiyyət əldə etməsinin qarşısını almaq şüuru səviyyəsində həyata keçirir. Demokratizm onunla ən azı bir ümumi əlamətə, hakimiyyətin təsisat və təyinat qaydasında həyata keçirilməsi əlamətinə malik olan monarxizmdən fərqli olaraq isə, hakimiyyət sürənlərlə hakimiyyət altında olanlar arasındakı münasibətləri həm təsisat, həm də təyinat baxımından yalnız birtərəfli qaydada deyil, həm də qarşılıqlı və canlı razılaşdırma qaydasında həyata keçirir. Demokratizm hətta hakimiyyətin hakimiyyət altında olanların iradəsini yerinə yetirdiyini də bəyan edir. Bu bəyan etmə siyasi reallıqda öz ifadəsini dövlətdə əsas vəzifə təsisatlarının referendum qaydasında konstitusiya qəbul edilməsi yolu ilə müəyyənləşdirilməsi və əsas vəzifə təyinatlarının seçki qaydasında həyata keçirilməsi faktlarında tapır.
Dostları ilə paylaş: |