25 Demokratik hakimiyyət kimi, liberal hakimiyyət də hakimiyyət sürənin hakimiyyət altında olanla şüur səviyyəsində razılaşdırılmış iradəsinə istinad edir. Lakin demokratik hakimiyyət ictimai şüura, daha doğrusu, ictimai rəyə, çoxluğun rəyinə söykəndiyi halda, hal-hazırda çoxluğun dayandığı mövqedə dayandığı halda, liberal lider çoxluğun deyil, hər bir kəsin də fərdi şüuruna və mövqeyinə əhəmiyyət verir. Demokratik hakimiyyət xalqı bir millət, onun hər üzvünü isə bir vətəndaş olaraq tanıyır. Liberal hakimiyyət isə xalqı nəsə sirli bir mahiyyət kimi, onun hər üzvünü isə sanki bir şəxsiyyət olaraq qəbul edir.
26 Demokratik lider əksər hallarda özünü xalqı himayə edəcək qədər güclü bilmir. Demokratik iqtidarın buna görə də həmişə müxalifətə ehtiyacı vardır. Demokratik rejimdə iqtidarın tükənməkdə olan hakimiyyət resursları müxalifətin qüvvələri ilə bərpa edilməlidir, əgər müxalifətin belə bir hakimiyyət resursları varsa.
27 Demokratizm şəraitində iqtidarda olanların öz etdiklərini birmənalı olaraq uğur kimi qiymətləndirmələri, müxalifətin isə iqtidarın hər bir addımını bir qayda olaraq pisləməsi, uğursuzluq kimi qiymətləndirməsi, iqtidarı ifşa etməyə çalışması ümumən məlum olan siyasi manera olmaqla yanaşı, həm də müəyyən dərəcədə bir psixoloji amildir. İqtidarda təmsil olunan, ixtiyarında hakimiyyət olan, güc olan insan reallığa, dünyaya və cəmiyyətə ümumiyyətlə ideal nöqteyi-nəzərindən yanaşmağa, reallığı, dünyanı və cəmiyyəti idealın işığında qiymətləndirməyə, hadisələrə ideal baxımından nəzər salmağa, üstəlik, reallığı mümkün olduğu qədər ideala yüksəltməyə, reallıqda, dünyada və cəmiyyətdə daha çox ideala yüksəldilməsi mümkün olan şeyləri görməyə, ideala yüksəldilməsi mümkün olmayan şeyləri isə ümumiyyətlə görməməyə meyillidir, ideala yüksəldilməsi mümkün olmayan şeylər bir qayda olaraq əslində onun diqqətindən kənarda qalır. Müxalifət mövqeyində dayananlarda isə bunun əksi baş verir. Onlar dünyanın ideala yaxın olmasından deyil, idealdan uzaq olmasından şaddırlar, dünyanın idealdan uzaq olmasından ona görə şaddırlar ki, dünyanı ideala yüksəltmək qüdrətindən məhrumdurlar və özlərinin qüdrətsizliyindən və məhrumiyyətlər içərisində olmalarından utanmamaq üçün başqalarını da qüdrətsiz və məhrumiyyətlər içərisində görməyi arzu edirlər. Digər tərəfdən, iqtidarda, yoxsa müxalifətdə olmaq bəzən həm də ona görə siyasi məsələ olmaqdan daha çox, psixoloji məsələdir ki, bu, insanın təbiətən zadəgan ruhlu, zadəgan xislətli olmasından, yoxsa rəiyyət ruhlu, rəiyyət xislətli olmasından irəli gələn bir məsələdir. İdealla yaşamaq, ideala doğru can atmaq, dünyanı ideala yüksəltmək əzmi əgər konkret insanın təbiətinə ümumiyyətlə yaddırsa, o hətta iqtidarda təmsil olunsa belə həmişə küskündür, əzgindir və diqqətlə nəzər yetirilsə, həm də eybəcərdir, özünü müxalifətdən də daha pis vəziyyətdə hiss edir. İnsanda idealla yaşamaq, ideala doğru can atmaq, dünyanı ideala yüksəltmək əzmi olduqda isə, o iqtidarda təmsil olunmasa belə özünü müxalifətçi kimi küskün və əzgin hiss etmir, çünki iqtidarda olub-olmamasından asılı olmayaraq özünün həyati təyinatından irəli gələn məqsədlərini və həyatının əsas işini bilir, buna görə də, həyatını ideala yüksəltmək imkanları və vasitələri ona bir iqtidar payı olaraq verilmədikdə də, o, həyatını ideala yüksəltmək üçün bu imkanları və vasitələri özü əldə edir, özü yaradır və bununla da həyatını mənalı görür və mənalı edir.
28 Demokratikləşmə cəmiyyətdə daşınan aristokratik resursları üzə çıxarmaq və bu resursları cəmiyyətin idarə olunmasına cəlb etmək üçündür və bu mənada da demokratikləşmə hadisəsinin qadının emansipasiyası hadisəsinə bir oxşayışı vardır. Dövlətin demokratikləşməsi hakimiyyətə daha layiq olanların hakimiyyətə cəlb olunması üçün olduğu kimi, qadının emansipasiyası da ona həyat yoldaşı olmaq üçün daha layiq olan kişini, idealda isə onu himayə etmək təyinatını özündə daşıyan kişini üzə çıxarmaq və qadını onun xanımı etmək üçündür.
29 Təəssüflə belə olmuş olsa da, qeyd etməliyik ki, kişi himayəsindən məhrum olan qadın qadına xas olan müsbət keyfiyyətləri - qadınlığı, zərifliyi, nəzakəti, incəliyi, yüksək mədəniyyətliliyi, qayğıkeşliyi və xeyirxahlığı tədricən itirir, qayğıkeşliyi və xeyirxahlığı bütün hallarda və bütövlükdə olmasa da, zərifliyi, nəzakəti, incəliyi, yüksək mədəniyyətliliyi kişi himayəsindən məhrum olduğu bütün hallarda mǘtləq və bütövlükdə itirir. Qadın kişinin himayə məkanından kənarda qaldıqda bir qadın olaraq təravətini və ülviyyətini mǘtləq azaldır. Amma digər tərəfdən, qadın kişinin mütləq hakimiyyəti altında olduqda da ruhu, heysiyyatı və hətta mənəviyyatı belə əzilir və zədələnir, elə bu da həmçinin onu bir qadın olaraq təravətdən salır, ülviyyətini azaldır. Bu isə həm də o deməkdir ki, qadının emansipasiyası ideyası hətta Şərq üçün də bir o qədər mənasız deyildir. Həmin səbəbdən də qadının emansipasiyası ideyasına birmənalı yanaşılmamalıdır, bu ideya nə birmənalı olaraq pis, nə də birmənalı olaraq yaxşı kimi qiymətləndirilə bilməz. Elçin Azərbaycan qadınının emansipasiya tarixinin ədəbiyyatda əks olunan mərhələlərini çox gözəl verir: Almaz, Səriyyə və Təhminə. Düşünürəm ki, bu qiymətli müddəa yalnız ədəbiyyatşünaslıq yönümündə deyil, həmçinin digər bir yönümdə, fəlsəfi yönümdə, və eləcə də siyasi-fəlsəfi rakursda da davam etdirilə bilər. Cəfər Cabbarlının emansipasiyaya uğramış Almazı və Sevili son dərəcə romantik və cazibəli görünür. İlyas Əfəndiyevin Səriyyəsi emansipasiyalaşmada növbəti addımı atır. O, mübarizə aparır, amma mübarizləşdikcə, təəssüflər olsun ki, kişiləşir və bunun da nəticəsində eybəcərləşir. Eybəcər qadın bir çox hallarda məhz kişiyə bənzər qadındır. Və nəhayət, emansipasiyalaşmanın son mərhələsi kimi Anarın Təhminəsinin göstərilməsi son dərəcə səciyyəvidir. Kişi himayəsindən məhrum olmaq mənasında emansipasiyalaşmaya uğramış qadının sonu doğrudan da elə Təhminə olmalı idi. Zadəganlığın himayəsindən məhrum olan şəhərin demokratikləşməsi də təxminən eyni sxem üzrə baş verir. Zadəganlığın himayəsindən məhrum olan şəhərin demokratikləşməsi sözün pis mənasında qadının emansipasiyasına bənzəyir, bu qaydada demokratikləşmiş şəhər təhminələşir, Min bir gecə Bağdadına, Dekameron Florensiyasına çevrilir. Urbanik inkişafın doğurduğu problemlər həqiqi aristokratik təfəkkür zəminində həll oluna bilmədikdə qeyri-aristokratik təfəkkür zəminində həll olunur. Nəticədə, şəhər mədəniyyətinin inkişafı aristokratizmin sığışdırılmasına, dövlətin isə sözün pis mənasında praqmatikləşdirilməsinə və tənəzzülünə gətirib çıxarır.
30 Demokratizm xalqın hakimiyyəti olduğunu bəyan etsə də, əslində şəhərin mənafeyinin ifadəçisi kimi meydana çıxır, dövlət demokratiya və sonradan isə oliqarxiya formalarını alaraq şəhər mədəniyyətinin siyasi ifadəçisinə çevrilir.
31 Demokratizm bir çox hallarda iqtidarın xalqı himayə etmək məsuliyyətindən yayınması ilə, vəzifənin borc kimi deyil, imtiyaz kimi anlaşılması meyli ilə şərtlənir.
32 Aristokratik meyilli hakimiyyət sahibi xalqı himayə etmək məsuliyyətini hiss edir və bu himayəni gerçəkləşdirir, demokratik meyilli hakimiyyət sahibi isə əksinə olaraq xalqın himayəsinə sığınmaq istəyir və bu himayədən faydalanmaq hüququndan maksimum dərəcədə istifadə edir.
33 Məsuliyyət hissi əslində himayə etmək istəyini nəzərdə tutur, hüquq şüuru isə himayədə olmaq istəyini.
34 Aristokratizm maskulin dəyərlərə, demokratizm isə feminin dəyərlərə söykənir.
35 Aristokratizm ürəyin və ağılın, demokratizm isə yalnız ağılın hakimiyyətidir.
36 Aristokratizm haqq duyğusunun və əxlaqi hissin mütləqliyinə, demokratizm isə ictimai rəyə, rasional praqmatizmə, formal olaraq isə hüquqa və qanuna istinad edir.
37 İctimai rəy yalnız cəmiyyəti həqiqətə yüksəltmə resurslarının tükənməsi halında ön plana keçə bilir.
38 Aristokratik lider ictimai rəyə uyğunlaşmır, ictimai rəyi həqiqət səviyyəsinə yüksəldir.
39 Dövlət hakimiyyəti malik olduğu aristokratik resursları tükəndirdiyi halda onu təmsil edənlərin simasında xalqı ədalətsizlikdən, ən azı zorakılıqdan himayə etmək məsuliyyətinə və qüdrətinə malik olmur, ədalətə, əxlaqa və haqqa biganə olur və xalq bu şəraitdə şəxsiyyətin hakimiyyətindən, avtokratizmdənüz çevirərək qanununhakimiyyətinə, hüquqi dövlətəüz tutur. Siyasi təfəkkür əslində, bu halda demokratizm formasını alır.
40 Ümumi, aydın, dəqiq, mütləq, bütün mübahisələrdə tətbiq edilə bilən ideyaya ehtiyac yarandığı zaman qanun meydana çıxır.
41 Qanun sözün əzəli mənasında məmur kütləsinin konkret vəzifə təsisatı daşıyıcısı olaraq xidmət xüsusiyyətlərinin birmənalı olaraq müəyyənləşdirilməsi üçün və eləcə də, xidmətinə görə alacağı əvəzin forma və miqdarının konkretləşdirilməsi üçün yaradılır.
42 Dövlətin ümumiyyətlə hüquqla və qanunlarla bağlılığı ikinci dərəcəli və bəlkə də n-ci dərəcəli əhəmiyyətə malikdir. Dövlətin xalis himayə sistemi olaraq mövcud olduğu halda əməl və əvəz arasında, daha konkret deyilərsə, bir tərəfdən «xidmət və mükafat» arasında, digər tərəfdən isə «cinayət və cəza» arasında birmənalı münasibətlər olmadığı halda, dövlətin mövcud olmadığı ibtidai cəmiyyətdə əməl və əvəz arasında birmənalı münasibətlər mümkündür və olmuşdur. Talion, yəni cinayətkarın etdiyi cinayət əməlini cinayətkarın özünün üzərində eyni ilə təkrar edən cəza və onun xüsusi forması olan qan intiqamı əslində cinayət və cəza arasındakı münasibətləri birmənalılaşdıran adətdir, başqa cür deyilərsə, cəmiyyətin dövlətəqədərki vəziyyətində yazılmamış qanundur.
43 Cəza qanunu ideyasının əsasında qisas instinkti yatır. Vaxtilə Nitşe də buna bənzər bir mülahizə söyləmişdi. Dövlət hakimiyyəti formalaşarkən isə cəza qanunu özgənin əli ilə qisas almanın bir formasına çevrilir.
44 Hüquq prinsipi üzərində qurulmuş hakimiyyət və tabeolma özünəməxsus müqaviləyə istinad edərək könüllü olsa da, təmənnasız deyildir. Burada hakimiyyət də, tabeolma da mükafatlanma xatirinə həyata keçirilir. Dövlət hüquq prinsipi üzərində qurulduqda elə buna görə də özünün xalis və həqiqi formasından müəyyən dərəcədə uzaqlaşmış olur, tabeolma öz səmimiliyini itirir, müəyyən dərəcədə olmuş olsa belə.
45 Dövlət hüquqi prinsipləri arxa plana ataraq şəxsiyyətdə təcəssüm olunan əxlaqi prinsipləri ön plana çıxarırsa, bu halda siyasi təfəkkür icmaçı səciyyə daşımağa başlayır, sözün əzəli mənasında kommunistik xarakter alır. Əgər aristokratik hakimiyyət daxildən qaynaqlanan ədalət duyğusuna əsaslanırsa, əgər tiranik hakimiyyət zora əsaslanırsa, əgər demokratik hakimiyyət ictimai rəyə və hüquqa əsaslanırsa, kommunistik özünüidarə avtoritetə əsaslanır.
46 Dövlətlər kimi elə ailələr də, əsasında fəaliyyət göstərdikləri hakimiyyət tipindən asılı olaraq, aristokratik, demokratik, tiranik və kommunistik təbiətli ola bilərlər. Aristokratik ailə ideal ailədir. Burada ailə başçısı ailənin bütöv bir orqanizm kimi həyatı ilə yaşayır və ailə üzvlərinin hər birini onların həqiqi ideallarının gerçəkləşdirilməsinə doğru istiqamətləndirməklə bütövlükdə ailənin ideallarını gerçəkləşdirir. Aristokratik ailədə ailə başçısı hər bir ailə üzvünü onun özündən daha yaxşı tanıyır, buna görə də onun həyatına onun özündən daha düzgün istiqamət verə bilir. Görünür elə bu səbəbdəndir ki, aristokratik ailədə ailə başçısı hamı tərəfindən sevilir, bu isə o deməkdir ki, ailə başçısı ailə üzvlərinin təkcə iradəsi üzərində deyil, təkcə zəkası üzərində deyil, həm də hissiyyatı üzərində hakimiyyətə malikdir. Burada hakimiyyət səmimi və təbiidir. Demokratik ailədə isə ailə başçısına və eləcə də ailə üzvlərinə hamı tərəfindən yalnız hörmət olunur. Burada sevginin yerini hörmət tutur, ailə başçısı və ailə üzvləri ailənin bütöv bir orqanizm kimi idealları və həyatı ilə yaşamırlar, ən yaxşı halda onların hər birinin öz arzuları və öz idealları mövcuddur, onlardan hər biri digərlərinin öz arzularını gerçəkləşdirmək hüququnu tanıyırlar, qəbul edirlər, hətta bəzən bir-birinə kömək də edirlər. Bu bəzən edilən kömək də bir çox hallarda öz qarşılığını gözləyir. Lakin bütövlükdə onlar bir-birlərinin arzularına, ideallarına, məqsədlərinə və qərarlarına yalnız hörmətlə yanaşmaqla kifayətlənirlər. Bu ailədə vahid iradə və həqiqi birlik yoxdur, burada yalnız şərti razılaşma, necə deyərlər müqavilə vardır. Demokratik ailədə iradələrin qeyri-təbii uzlaşdırılması diqqəti cəlb edir, Hobbsun ictimai müqavilə adlandırdığı razılaşmaya bənzər bir qaydada. Demokratik ailə Qərb ailəsi üçün son dərəcə səciyyəvidir və nikahın müqavilə kimi anlaşılmasını bizim Qərbdən əxz etməyimiz heç də təsadüfi deyildir. Əgər aristokratik ailə orqanizm xarakterlidirsə, demokratik ailə insanları qarşılıqlı faydalı əməkdaşlığa meyilli olan cəmiyyət xarakterlidir. Ailə başçısı isə burada yalnız demokratik liderdir. Onun sözünə yalnız o halda sözsüz əməl olunur ki, onun fikri əksəriyyətin fikri ilə üst-üstə düşür. Demokratik ailədə ailənin bir bütöv olaraq üzvi iradəsi yoxdur. Elə buna görə də demokratik ailə yalnız qarşılıqlı hörmət üzərində qurulmuş ailə olaraq heç də ən yaxşı və ən ideal ailə hesab edilə bilməz. Aristokratik və demokratik ailədən fərqli olaraq, tiranik ailə üçün isə nə səmimi sevgi, nə də səmimi hörmət hissləri səciyyəvi deyildir. Tiranik ailə üçün ümid qarışıq qorxu üzərində qurulan hakimiyyət səciyyəvidir. Burada hamı ailə başçısına təhtəlşüur səviyyədə müəyyən ümidlər bağlamaqla yanaşı əslində ondan sadəcə olaraq qorxur, heç kəs onun arzu və istəkləri ilə nəinki yaşamır, hətta bu arzu və istəklərin mövcudluq hüququnu da qəlbən qəbul etmir, üstəlik onun iradəsinə passiv şəkildə müqavimət də göstərir. Əgər aristokratik ailə orqanizm xarakterli, demokratik ailə qarşılıqlı faydalı əməkdaşlığa meyilli cəmiyyət xarakterlidirsə, tiranik ailə mexanizm xarakterlidir. Əgər aristokratik ailədə hakimiyyət ailə başçısına ehtiram hissi üzərində qurulursa, əgər demokratik ailədə hakimiyyət qarşılıqlı hörmət hissi üzərində qurulursa, əgər tiranik ailədə hakimiyyət ümid qarışığı olan qorxu hissi üzərində qurulursa, şərti olaraq “kommunistik ailə” və ya “icma tipli ailə” adlandırıla bilən ailədə hakimiyyət dözüm prinsipi üzərində qurulur. Əgər ailə üzvləri ailə başçısına ehtiram göstərmirlərsə, ona heç olmasa hörmət etmirlərsə, ən azı ondan qorxmurlarsa, hətta ona qarşı heç dözümlülük də nümayiş etdirmirlərsə, bu, qətiyyən ailə deyildir, insanların təsadüfi yığımına bənzər bir şeydir.
47 Hər hansı bir normal inkişafda olan dövlət kimi, normal inkişafda olan hər hansı bir ailə də özünün təbii təkamülündə hakimiyyət tiplərinin müəyyən, qanunauyğun ardıcıllığını yaşayır. Təzə qurulan ailə üçün aristokratik hakimiyyət səciyyəvidir. Uşaqlar doğulduqca isə vəziyyət dəyişir. Uşaqlar nə qədər ki, körpədirlər, hökm sahibləridirlər, obrazlı şəkildə deyilərsə, tirandırlar. Amma onlar bir qədər böyüdükdən və anlaqlı olmağa başladıqdan sonra tiranik hakimiyyətin subyekti və obyekti arasında mövqe əvəzlənməsi baş verir. Ailə başçısı əvvəlcə uşaqlar üzərində, sonra isə bütün ailə üzərində tiranik hakimiyyət sahibi olmağa başlayır. Uşaqlar böyüyərək özlərinin bəzi problemlərini özləri müstəqil olaraq həll edə bildikləri zaman isə ailə başçısının hakimiyyəti tədricən demokratik xarakter daşımağa başlayır. Hər bir ailə üzvünün öz problemlərini artıq müstəqil olaraq həll edə bildiyi və etdiyi halda isə, ailə bütövlükdə icma xarakterini alır. Dövlətdə də belədir. İdeal dövlət odur ki, xalq dövlət başçısına səmimi olaraq sədaqətlidir və onu sevir. Ortabab dövlətdə xalq dövlət başçısına yalnız hörmətlə yanaşır. Xalqın dövlət başçısından qorxduğu dövlət isə pisdir. Xalqın hakimiyyətə münasibətdə özünü dözümlülüyə öyrətməsi ondan da pisdir. O dövlətdə ki, xalq dövlət başçısını nə sevir, nə ona hörmət edir, nə ondan qorxur, nə də ona qarşı dözümlülük göstərir, bu əslində heç dövlət də deyildir.
48 Hakimiyyətin müstəsna dərəcədə səlahiyyət kimi, imtiyaz kimi, bir hüquq kimi qəbul olunması onun yalnız görünən tərəfinin mütləqləşdirilməsi ilə bağlıdır. Bu anlam hakimiyyətin adi şüur səviyyəsində qavranılmasından doğulur. Adi şüur əlbəttə ki heç də yalanın ifadəçisi deyildir, amma tam həqiqətin də ifadəçisi deyildir, öz təbiəti etibarı ilə və gündəlik qayğıların təzyiqi altında məhduddur. Hakimiyyətin adi şüur səviyyəsində anlaşılmasının məhdudiyyətini aradan qaldırmaq üçün hakimiyyətin aristokratik anlamı diqqət mərkəzinə gətirilməlidir. Hakimiyyətin aristokratik anlamı isə hakimiyyətin müstəsna dərəcədə hüquq kimi deyil, digər insanların taleyi üçün məsuliyyət hissi kimi qavranılmasına söykənir. Hakimiyyətin aristokratik anlamı nöqteyi-nəzərindən, hakimiyyət hüquq, səlahiyyət, imtiyaz olmaqdan daha çox məsuliyyətdir, borcdur, zülmə məruz qalanları zülmdən xilas etmə, ədalətsizliyə düçar olanları ədalətsizlikdən qurtarma məsuliyyəti və istəyidir. Əgər bu məsuliyyət hissi və bu istək xilaskarlıq bacarığı ilə tamamlanırsa, bu, artıq son dərəcə böyük nemətdir. Elə bir böyük nemətdir ki, dövlət yalnız onun sayəsində mövcud ola bilir. Dövlət o dərəcədə mövcuddur, o dərəcədə həqiqidir, o dərəcədə güclüdür və o ölçüdə müstəqildir ki, hakimiyyətin aristokratik resursları o dərəcədə və o ölçüdə inkişaf etmişdir və öz təbii təyinatını gerçəkləşdirməkdədir. Hakimiyyət yalnız bu resurslara sahib olan insanlara məxsus olduqda gerçəkdir. Əslində elə hakimiyyətdən kənarlaşdırılma da əksər hallarda bu resursların tükənməsi ilə əlaqədar olduqda özünü doğruldur. Bunu isə heç də konstitusiya maddəsi deyil, həyatın özü tənzimləyir. Azərbaycanın yaxın tarixindən bircə o faktı xatırlamaq kifayətdir ki, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy prezidentlik müddətlərinin başa çatmasına hələ çox qalmış bir zamanda hakimiyyətdən salınmışdılar. Bu, onların nə pis adam olmaqlarından, nə demokratik olmamalarından, nə də həddindən artıq demokratik olmalarından irəli gəlməmişdi. Bu, onlarda bir rəhbər kimi daşınan aristokratik resursların tükənməsindən irəli gəlmişdi. Çünki rəhbər yalnız özündə daşıdığı aristokratik resurslar tükənincəyə qədər sözün tam mənasında idarə edə bilir. Aristokratik resursların olub-olmaması isə insanların təbii təyinatının göstəricilərindən biridir. Böyüklük edə bilmək üçün, rəhbər ola bilmək üçün, əgər istəyirsinizsə, hökmdar ola bilmək üçün hökmdar təyinatlı olmaq gərəkdir. Hakimiyyətin əvəzlənməsi daha güclü aristokratik resurslara malik olan başqalarının meydanda olması halında təbiidir, hakimiyyətin təbii müddətini əslində aristokratik resursların ölçüsü müəyyənləşdirir. Əgər cəmiyyətdə tənəzzül müşahidə olunursa, bu, hakimiyyətdə daşınan aristokratik resursların artıq tükənməsindən xəbər verir. Yox, əgər cəmiyyətdə inkişaf müşahidə olunursa, bu, hakimiyyətdə daşınan aristokratik resursların hələ də mövcud olmasından və reallaşdırılmaqda olmasından xəbər verir. Əgər real inkişaf varsa, vəzifələr, məsuliyyətlər də genişləndirilməlidir, əslində elə hüquqlar, səlahiyyətlər, imkanlar, və müddətlər də.
49 Dövlətanlayışı ilə çox zaman assosiasiya olunan hakimiyyət məfhumu dövlətin mahiyyətini deyil, yalnız zahiri əlamətlərindən birini əks etdirir.Dövlət hakimiyyət olmadan mövcud ola bildiyi kimi, hakimiyyət də dövlət olmadan mövcud ola bilər. Özündə hakimiyyət resurslarını daşıyan hər kəs bu resursların istifadəsi üçün dövlətdən kənarda da tətbiq məkanı tapa bilir. Məsələn elə yuxarıda barəsində söhbət gedən ailə hakimiyyəti, və ya xidməti statusun verdiyi hakimiyyət. Bundan əlavə, hər bir əmr, hər bir göstəriş, hər bir təklif əslində hakimiyyətdir. Başqalarından nəyisə tələb etmək, başqalarını nəyəsə təhrik etmək səlahiyyətinə və imkanına malik olan hər bir kəs hakimiyyət sahibidir. İcazə verməyin, hətta icazə almağın özü də qismən hakimiyyətdir. İcazə vermək - icazə verənin icazə alan üzərində hakimiyyət sahibi olmasına, icazə alanın qabiliyyətləri və imkanları üzərində sərəncam vermək hüququna malik olmasına işarə vurur. İcazəli olmaq isə ona görə hakimiyyət sahibliyidir ki, insanı öz məxsusi qabiliyyətləri və imkanları üzərində hakimiyyət sahibi edir, ona öz zamanına malik olmaq hakimiyyətini verir. Buraya hətta onu da əlavə etmək olar ki, sual vermək səlahiyyəti də əslində bir hakimiyyətdir, başqalarını müəyyən informasiya verməyə təhrik etmədir, hesabat vermək hökmünü vermədir. Hətta yerində deyilmiş adi belə söz belə hakimiyyətdir. Hər bir eyham, yerində deyilmiş hər bir söz əslində hakimiyyətə malik olmanın göstəricisidir. «Sözümü eşitmədin»in mənası, «İradəmi yerinə yetirmədin»dir. «Söz demək» «hökm etmək»dir. Başqasını müəyyən əmələ təhrik etməyən söz, əslində söz deyildir, ən çoxu anlayışdır.
50 Hətta yalvarış, dua, xahiş, təvəqqe də hakimiyyətdir, lakin, gücsüzün güclü üzərində hakimiyyətidir.
51 Bir insan başqa bir insanın iradəsini öz iradəsinə tabe etdirdiyi və bir insan başqa bir insanın iradəsinə tabe olduğu bütün hallarda hakimiyyət və köləlik mövcuddur. Hakimiyyətnə qədər yumşaldılsa da, köləliyin başqa üzü olaraq qalır. İradə sahibinin icraçıya olan münasibəti hakimiyyət, icraçının iradə sahibinə olan münasibəti isə köləlikdir. Burada yalnız aristokratik hakimiyyət istisna təşkil edir, çünki aristokratik hakimiyyət əslində sözün tam mənasında hakimiyyət deyildir, himayənin sadəcə olaraq simvolik adıdır. Aristokratik hakimiyyət yalnız o halda yer alır ki, insan başqa bir insanın iradəsinə deyil, özünün daxildən gələn, həqiqi iradəsinə tabe etdirilir.
52 Hər bir dövlət aristokratizmin təşəkkülündən tükənməsinə doğru istiqamətlənən tarixi yol keçir. Demokratizm aristokratizmin qismən tükənməsi ilə meydana çıxır. Hakimiyyət aristokratizminin tam tükənməsi isə kolonializmdir.
53 Kolonializm şəraitində müstəmləkə zülmü altında qalan xalqın vətəndaşlıq və rəiyyətlik duyğusu arxa plana, bəndəlik duyğusu isə ön plana keçir, müstəmləkə zülmü altında qalan xalq üçün dövlət artıq öz inkişafını başa çatdırmış olur və onun həyatında dövlətin yerini din tutur.
54 Dövlət öz təbii ölümünə doğru irəlilədikcə özünün tərkib hissələrinə parçalanır. Ordu köçəri tayfalara çevrilərək dünyaya yayılır, icmalar yenidən köməksizləşir, zorakılıqlara və ədalətsizliklərə məruz qalırlar. Ədalətin və haqqın müdafiəsində dura biləcək qədər qüdrətə malik dövlətin yaradılması həsrətlə gözlənilir.
55 Siyasi hakimiyyət iqtidarın cəmiyyəti təşkilatlandırma qüdrətindən qüdrətsizliyədək, şəxsiyyətdə daşınan cəmiyyətqurma resurslarının, aristokratik resursların aşkar olunmasından, əgər belə demək mümkündürsə, kəşf olunmasından bu resurslarının tükənməsinə qədər təkamül yolu keçir.
56 Dövlətin öz təbii inkişafında gəlib keçdiyi təkamül mərhələlərinin hər birində müəyyən siyasi təfəkkür tipi aparıcı mövqeyə malik olur və həmin mərhələyə uyğun siyasi strukturların xüsusiyyətini müəyyənləşdirir. Dörd siyasi doktrinadan – kommunistik, tiranik, demokratik və aristokratik doktrinalar – hər biri bu təfəkkür tiplərindən birinin əsasında qurulur və uyğun mərhələni nəzəri olaraq ideallaşdırır, dövlətin mahiyyətini və mənasını həmin mərhələdə görür. Aristokratik siyasi doktrina dövlətin təşəkkül mərhələsini, tiranik siyasi doktrina siyasi hakimiyyətin formalaşma mərhələsini, demokratik siyasi doktrina vətəndaş cəmiyyətinə keçid mərhələsini və şəhər mədəniyyətinin ön planda olduğu dövrü, kommunistik siyasi doktrina isə – dövlətin tənəzzül mərhələsini daha yaxşı ifadə edir.
57 Dövlətin öz tarixi təkamülündə kəsb etdiyi siyasi formalardan hansının daha uzunmüddətli və etibarlı olması, bir tərəfdən, sosial həyatın maskulin başlanğıcının potensiyası ilə, yəni hakimiyyət aristokratizminin nə dərəcədə qüdrətli olması ilə, digər tərəfdən isə, sosial həyatın feminin başlanğıcının potensiyası ilə, o cümlədən, coğrafi kontekstlə müəyyən olunur.