ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə2/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   2   3   4   5   6   7   8   9   ...   37

BODEN: Hər ikisi ola bilər: dövlət ya bir qisim insanın öz azad­lığını könüllü olaraq başqasının ixtiyarına ver­mə­­si yolu ilə, ya da güclülərin məcburiyyəti ilə təsis olu­na bilər. Dövlət ya bilava­sitə olaraq xalqın bir yerə top­laş­ması vasitəsilə təsis edilir, ya da başqa dövlət­dən gələnlərin yaratdıqları koloniyalardan törəyir.

MARKS: Amma bir məqamı da unutmaq lazım deyildir: bir xalq başqa bir xalqı kölələşdirərkən eyni zaman­da özü­nün də zəncir­lə­rini hazırlayır.

BİSMARK: Bunlar yalnız sadəcə olaraq sözdür. Siz hər hansı bir torpağı işğal etməkdən ötrü mə­nə şərait yaradın. Mən sonra si­zin üçün bu torpağın əsr­lər boyu biz­im doğ­ma torpağımız olduğunu sübut edən yüzlərlə dəlil gətirim.

QUMPLOVİÇ: Bəşər cəmiyyətinin tarixi də təbiətin sarsıl­maz qanunları əsasında idarə olunur və elə bir dəyişik­liklərə uğramır. Cəmiy­yə­tin inkişafında əsas rol etnos­ların mü­barizəsinə aiddir. Bu mübarizə nəticəsində bəzi et­nos­lar yox olub getmiş, bəziləri isə hökm­ranlığa çat­mışlar. Müharibələr və bir qisim zəif etnos­­ların güc­lü­lər tərəfindən əsarət altına alınması təbiidir. Döv­lət məhz bu zorakılıq nəticəsində yaranmışdır. İstis­mar və müstəm­lə­kə­çilik təbiidir və tarixin əsas hərə­kət­verici qüvvəsidir.

HERDER: Burada bir məqamı mütləq nəzərə almaq gərəkdir: hansı xalq etiraz etmirsə, yalnız onu əsarət altına almaq olar.

LİXTENBERQ: Herderin son dərəcə gözəl ifadə etdiyi bu fikri tarixin aksiomu kimi qəbul etmək olar.

QUMPLOVİÇ: Elədir. Tarixdə əsas rol ayrı-ayrı şəxsiyyət­lərə deyil, etnos­lara və onların mü­barizəsinə aiddir.

ƏMİR TEYMUR: Yox, elə deyil. Hər hansı məmləkətdə cəbr və zülm, fitnə və fəsad güclənib artarsa, ədaləti bərqərar etmək, fit­nə-­fəsa­dın, zülmün kökünü kəsmək üçün nə­cabətli hökmdarların bu məmləkətlərə hücuma keçməsi gərəkdir.

PEYN: Amma bu bir həqiqətdir ki, suverenlik hüququ ayrı-ayrı şəxs­lərə deyil, ancaq xalqa məxsusdur.

ƏMİR TEYMUR: Yox. Dünyanın məskun hissəsi o qədər kiçikdir ki, ora­­da hətta iki adamın hökmranlığına dəyməz.

GERTSEN: Bu məsələdə belə bir cəhət də nəzərə alınmalıdır ki, insan­ları zahiri həyatda azad etmək onların daxili azad­lıqlarından da­ha çox ola bilməz. Nə qədər qəribə olsa da, xalqlar artıq azadlığa köləliyin məcburi məhkumluğuna nisbətən daha çətin­lik­lə dö­zür­lər.

BERDYAYEV: Azadlıq əzabı doğurur. Azadlıqdan imtina edərək əzabı azaltmaq olar. Azadlıq ağrıya razılaşmanı, ağrını yaşamaq qa­bi­liy­yətini nəzərdə tutur. İnsanların ən dahiləri həmişə istisna­sız ola­raq daxili səsə qulaq asaraq dünyaya münasibətdə konfor­mizm­dən imtina etmişlər. İm­­­ti­na şəxsiyyətin köləlik əleyhinə mü­barizəsidir.

MAKİAVELLİ: İm­­­ti­na meyli insanların əksəriyyəti üçün səciyyəvi de­yil­dir. İnsan öz təbiəti etibarı ilə eqoist olduğundan, şəxsi ma­ra­ğı­nın ödənilməsinə can atdığın­dan onun eqoizmini cilovla­maq və qayda-qanunu bərqə­rar etmək üçün insanlar üzərində zorakılıq etmək zərurəti yaranır. Bu zorakılıq funksiyasını da döv­­lət yerinə ye­tirir.

HOBBS: İnsanlar dövlətin yaranmasına qədər hamının hamıya qarşı mü­haribəsi vəziyyətində idilər. Bu, cəmiyyətin təbii vəziyyəti idi. Dövlət ümumi sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün insanlar arasında razılaşmanın nəticəsi olaraq yaradıldı. Təbii vəziyyətdə insan­lar bərabər və azad olsalar da, təhlükə və qorxu içərisində idilər.

SİSERON: Xeyr, bu səciyyə bir o qədər də dəqiq deyildir. Dövlətin mey­dana gəlməsi hər şeydən öncə adam­la­rın ümumiyyətlə bir­ləş­­mə­yə, ittifaqa meyilli olması ilə bağlıdır.

ARİSTOTEL: Ayrı-ayrı ailələrdən kəndlər, ayrı-ayrı kəndlər­dən isə döv­lət yaranır.

BODEN: Müəyyən mənada, elədir. Dövlət bir çox ailələrin bir mər­­­kəz­dən idarə olunmasıdır.

VOLF: Bir qədər dəqiqləşdirilsə, dövlət ailələrarası razılaşma­nın məh­su­lu olaraq meydana gəlmişdir. Ayrılıqda götü­rülmüş hər bir ailə həyat üçün zəruri olan şeyləri ayrı­lıqda əldə edə bilmədiyi üçün dövlət yaratmaq barədə digər ailələrlə, hətta Aristotel bunu in­kar etsə də, məhz müqavilə bağlamaq qərarına gəlmişdir.

HOBBS: Fiziki və zehni qabiliyyət baxımından adamlar təbiətən bəra­bər hüquqlu yaradıldıqlarından hər bir insan baş­qaları ilə eyni dərəcədə bütün hüquqlara malikdir. Bununla yanaşı olaraq insa­na doğrudan da dərin eqoizm, xəsislik, qorxu və şöhrətpərəstlik də xasdır. Hər bir in­san öz paxıl soydaşları ilə, rəqibləri ilə, ona düşmən olan şəxslərlə əhatə olunmuş­dur. İnsan, məhz elə buna görə də insanın canavarına çevrilir və bir qədər öncə xatırlat­dı­ğım hamının hamıya qarşı müharibəsi vəziy­yətini yaradır. Bu labüd müharibə­dən yayınmaq üçün insan öz təbii hüquqlarının bir hissə­sindən imtina etməli və bunları dövlətə həvalə etməlidir.

BEKKARİA: Daimi müharibələrdən və özbaşınalıqdan yoru­lan və əldən düşən insanlar özlərinə məxsus olan azadlı­ğın bir hissəsini qur­ban verməklə birləşmək qənaətinə gəlmişlər. Belə birləş­mə­də insanların məqsədləri isə bun­dan ibarət olmuşdur ki, azad­lıq­ları­nın qalan hissəsindən sakit və təhlükəsiz şəraitdə zövq ala bilsin­lər. Beləliklə ümumi xoş­bəxtlik naminə adamların qurban ver­dik­ləri azadlığın məcmusu millətin ali hakimiyyətinin yaran­ma­sına səbəb olur.

MOR: Xeyr. Dövlət xalqa zülm vermək üçün varlılar tərə­findən qurul­muş qəsddir.

LENİN: Başqa cür deyilərsə, dövlət bir sinfin digər sinif üzərin­də əsa­rə­ti üçün maşındır.

ŞTİRNER: Doğrudur. Dövlət insan üzərin­də əsarət maşınla­rından biri­dir. Siyasi azadlıq deyir ki, dövlət azaddır, dini azadlıq deyir ki, din azaddır, vicdan azadlığı deyir ki, vic­dan azaddır və beləcə bü­tün bunlar demir ki, Mən dövlətdən, dindən, vicdandan aza­dam, demir ki, Mən on­lardan xilas olmuşam. Bütün bunlar Mə­nim azad olduğu­mu demir, Mənim üzərimdə hökmranlıq edən qüv­vənin azad olduğunu deyir.

KONSTAN: Amma digər tərəfdən, xalqa da həddindən artıq azadlıq vermək hakimiyyət üçün təhlükəlidir, necə ki hakimiyyətin həd­dən artıq mərkəzləşməsi xalqa ziyan verir.

MİLLS: Burada hansısa orta hədd axtarılıb tapılmalıdır. Məsələn, ameri­kan­lar belə bir fikirdən heç cür imtina etmək istəmirlər ki, dövlət özünəməxsus şəkildə qurulmuş elə bir avtomatdır ki, onun fəa­liy­­yəti əks mənafelərin qarşı­lıq­lı müvazinət prinsipi ilə tən­zim­lə­nir.

HOBBS: Dövlət ictimai müqavilə əsasında yaradılarkən, bu müqavilə­yə görə, ayrıca götürülmüş hər bir fərd öz azad­lı­ğı­nın və mülkiy­yə­ti­nin bir hissəsini könüllü surətdə ümumiyyətlə dövlətə deyil, məhz hökmdara verməklə hökm­darın üzərinə onun təhlü­kə­siz­li­yini təmin etmək öhdəli­yini qoyur. Təhlükəsizliyin təmi­natı və­tən­daşın tə­bii hü­­ququnu yaradır. Sülh qayğısı – təbii hü­qu­qun əsası­dır. Hökmdarın hakimiyyəti elə buna görə də toxunul­maz­dır. Hökmdar hakimiyyətinin hər hansı bir formada məhdudlaş­dırılması və ya bölünməsi – dövlətin məhvinə gətirib çıxara bilər.

POLİBİ: Bu fikir çox sərt ifadə olunub, amma ümumiyyətlə doğrudur. Ayrı-ayrılıqda öz acizliklərini hiss edən fərd­lərin yekcins kütlədə birləşməsi təbii prosesdir. Bu za­man öz fiziki gücü, qorxmazlığı ilə başqalarından seçilən bir nəfər kütlənin rəhbərinə və hökm­darına çevrilir.

ƏMİR TEYMUR: Doğrudur. Mən məzlumları zalımların əlindən məhz öz ciddiliyim və zəhmimlə xilas etdim.

LOKK: Mən Teymurun hökmdarlıq fəlsəfəsi ilə deyil, daha çox Hobbsun ic­timai müqavilə nəzəriyyəsi ilə razılaşar­dım. Hobbsun ictimai mü­qavilə nəzəriyyəsi ümumiyyətlə götürüldükdə doğru­dur, la­kin ictimai müqavilə vətəndaş­ların təbii hüquqlarını qoru­ma­lı olan bir təsisat kimi yal­nız hökumət hakimiyyətini doğurur. Am­ma, bu hakimiy­yətin özünü xalqın iradəsindən kənarda saxla­yır. Hökumət hakimiyyəti mən­bəyi xalqdan gələn qanunlara tabe etdirilməlidir. Bu zəru­rətdən isə başqa bir haki­miyyət, xalq nü­ma­yən­dələrindən təşkil edilmiş qanunve­rici hakimiyyət doğu­lur. Döv­lətin strukturunda bundan başqa məncə daha bir hakimiy­yət də vardır. Bu, fede­rativ, yəni xarici münasibətlər ha­kimiyyətidir, kraldan və nazirlərdən iba­rətdir.

MONTESKYÖ: Mənə elə gəlir ki, hakimiyyətin bölgüsü məsə­ləsində Lokkun təqdim etdiyi sxemə nisbətən Aris­totelin təq­dim etdiyi sxem həqiqətə daha çox yaxındır. Lokk hərbi hakimiyyətlə yana­şı, həm də məhkəmə haki­miy­yətini də icra hakimiyyətinin tərki­binə daxil edir. Əslində isə məncə məhkəmə hakimiyyəti ic­ra ha­kimiy­yətin­dən azad olunmalıdır. Bir daha vurğulayıram ki, mən hakimiyyəti icra, məhkəmə və qanunverici hakimiy­yətə bö­lən qədim mütəfəkkirin, Aristotelin mövqeyində dururam.

RUSSO: Cəmiyyətin dövlətəqədərki təbii vəziyyəti haqqında Hobbsun söylədiyi fikrə qayıtmaq istərdim. Mən Hobbs­dan fərqli olaraq be­­lə düşünürəm ki, insanların dövlətin yaran­masından öncə azad və bərabər olduqları təbii vəziyyət bəşəriyyətin xoşbəxt uşaq­­­lıq dövrü idi. Sonra insanlar öz əmək vasitələrini və üsul­la­rı­nı tək­mil­ləşdir­dilər və bununla da xüsusi mülkiy­yətin və mülkiy­yət bəra­bər­sizliyinin yaranmasını şərtlən­dirdilər. Nəticədə döv­lət və bir qədər sonra isə siya­­si bərabər­siz­lik mey­dana çıxdı. Bununla da insanların azadlığına və bərabər­li­yinə son qoyuldu.

İBN XƏLDUN: Məncə də elədir. Güclü dövlət hakimiyyəti­nin yaran­ma­sı ilə bəsitlik dövrünün bərabərsizliyi, azad­lığı, bolluğu tədri­cən sivilizasiya dövrünün ağalığı, bəra­bər­siz­liyi və əsarəti ilə əvəz olundu.

LENİN: Bir qədər konkretləşdirilsə, dövlət o yerdə və o za­man mey­da­na gəlir ki, orada və o zaman cəmiyyətin siniflərə bölünməsi, is­tis­­mar edənlər və istismar olunan­lar meydana gəlir və onlar ara­sın­da amansız mübarizə başla­yır.

HOBBS: Bu yalnız müəyyən mənada, belədir. Dövlətin qu­rul­ması za­ma­nı insanlar məhz hamının hamıya qarşı apardığı müharibənin dəhşətli vəziyyətindən xilas olmaq istəyini əldə əsas tuturlar. Bu dəhşətli müharibə vəziyyəti isə in­sanları qorxu altında saxlayan aşkar bir hakimiy­yətin olmadığı şəraitdə insanların təbii ehtiras­larının nə­ticəsi kimi meydana gəlir.
III

(müharibə)
MİLLS: Milli dövlətin meydana gəlməsinə qədər döyüşkən in­san­lar zora əl atmaq imkanına malik idilər və yerli miq­yasda tez-tez də əl atırdılar. Ayrı-ayrı silahlı dəstələ­rin yerlərdə hökmranlıq et­mə­­si milli dövlətlərin ya­ran­ma ərəfəsində adi bir hadisə idi. Lakin, bir zaman gəldi ki, yerlərdə zorakılıq və hökmranlıq edən bu in­san­lar milli ordunu formalaşdırdılar və milli ordu­da xidmət et­mə­li oldular.

ORTEQA-İ-QASSET: Dövlət – hər şeydən əvvəl təhlükəsiz­liyin qa­ran­tı­dır. Buna görə də, dövlət hər şeydən əvvəl ordudur.

MİLLS: Amma dövlətlərdə daxili sülh heç də həmişə pe­şəkar orduya istinad etməmişdir. Tarixdə sül­hün digər əsasları da mövcud ol­muş­­dur. Öz şərəf və qüd­rətinin qılıncdan asılı olduğuna əmin olanların əleyhinə yönələn Tanrı sülhü Kral sülhü də bizə məlumdur.

MOR: Bütün krallar isə öz vaxtlarını həvəslə hərb elminə sərf edir və təzə məmləkətlərin ələ keçirilməsi qayğısına qalırlar. Amma lazımdır ki, onlar öz vaxtlarını xoş mə­ram­lı işlərə sərf etsinlər və artıq əldə etdikləri məmləkət­ləri sülh şəraitində lazımınca idarə edə bilsinlər.

MİLLS: Belə olmuş olsaydı, yaxşı olardı. Amma sülh – qarşılıqlı qor­xu­dur, silah­lanmış rəqiblərin keçirdiyi qarşılıqlı qor­xu­nun mü­vazinətidir. Belə bir məqama da diqqət yetirmək maraqlı olar: əgər hərb­çi gücə malik deyildirsə və yaxud başqaları belə hesab edir­lərsə, hərb­çi mülki dairələrdə də yüksək vəziyyətə nail ola bilməz. Buraya belə bir faktın konstatasiyasını da əlavə edim ki, XIX əsrin sonlarında Birləşmiş Ştatların vətən­daş nəzarəti altın­da qalan hərbi idarəsində cəmləşən yüksək rütbəli zabitlər heç bir vəcdlə Amerikanın elitasına aid edilə bil­məz­di. Elita yalnız biznesmenlərdən və siya­sətçi­lərdən ibarət idi.

VEBLEN: Döyüş şücaətinə qarşı yalnız o zaman ehtiram göstərilir ki, mü­haribə şərəfli iş hesab edilir.

HOBBS: Doğrudur, amma əldə qılınc olmadığı halda bağlan­mış hər bir müqavilə də insana heç bir təhlükəsizlik tə­mi­natı verə bilmə­yən boş sözdür.

SAİB: Amma igidlik cövhəri olsa, əsa da qılınc kimi iş görər.

ƏMİR TEYMUR: Düşmən qoşununu məğlub etmək doğrudan da əsgə­rin çoxlu­ğun­dan, düşmənə yenilmək isə onun sayı­nın azlı­ğın­­dan deyildir.

BODEN: Qətiyyətli insanlarla mübarizə aparıldıqda onların ruhu daha da inadcıl olur, onlar müqavimətlə qarşılaş­ma­dıqda isə güzəşt edir­­lər.

KLYUÇEVSKİ: Cəsarətli və qorxaq arasındakı fərq ondan ibarət­dir ki, birinci təhlükəni dərk edərək qorxu hissini ke­çirmir, ikinci isə təh­­lükəni dərk etməyərək qorxu hissini keçirir.

DİDRO: Qorxaq dərrakəsini itirdiyindən çox zaman heç də onun üçün nəzərdə tutulmamış uçuruma doğru gedir.

ARİSTOTEL: Amma müharibə isə sadəcə olaraq mülkiyyət əldə etmək­dən ötrü təbii bir vasitə və qul ovudur.

RATSEL: Görünür elə bu səbəbdəndir ki, mədəni və qabaqcıl xalqların müharibələri xüsusən tufanı xatırladır.

MİLLS: Yer kürəsində çoxlu milli dövlətlərin mövcudluğu fak­­tı müa­sir müharibələrin yaranmasının başlıca şərtidir. Eyni zamanda re­al və ya xəyali olub-olmama­sından ası­lı olmayaraq hər bir icti­mai iğtişaş zamanı cəmiy­yətdə hərbi idarəetməyə qayıtma meyil­ləri müşahidə olunur.

MABLİ: Amma vətəndaş müharibəsini də heç də həmişə ədalətsiz he­sab etmək vətən­daşları zora qarşı müqavimət göstərməməyə ça­ğır­­maq deməkdir. Bu doktrina əxlaqa və ictimai rifaha zid­dir.

HEGEL: Müharibə ümumiyyətlə ona görə zəruridir ki, o xalq­ları əxlaqi düşkünlükdən qoruyur. Çünki insan dün­yəvi olan hər bir şe­yin fani, ötəri və keçici olduğunu praktik olaraq yal­nız müha­ribədə dərk edir.

ŞOPENHAUER: Fərdlərin dava-dalaşı dövlət tərəfindən üzə çıxarılıb qar­şısı alına bilməyəndə daxilə qayıdır və get­dik­cə artan borc ki­mi xalqlar müharibəsinə çevrilir, tez və böyük məbləğdə qanlı qur­banlar tələb edir.

MİLLS: Bu hal özünün konkret tarixi ifadəsini həm də o onda tapır ki, Avropada ümumi səfərbərlik bazasında yaradı­lan ilk ordular inqi­labi ordular idi. Sülh – milli dövlət tərə­fin­dən zor vasitələri­nin mərkəzləşdirilməsinin və in­hi­sar­laş­dırılmasının nəticəsində yaranır.

HİTLER: Sülh cəmiyyətdə müvəqqəti keçid dövrü, müharibə isə onun normal vəziyyətidir.

HERAKLİT: Müharibə azad olmağa layiq olanları azadlığa çı­xa­rır, kölə olma­ğa layiq olanları isə kölələşdirir. Mü­haribə hər şeyin ata­­sı, hər şeyin şahıdır.

PİXT: Müasir dil ilə deyilərsə, müharibə ictimai tərəqqinin ami­­lidir, bü­tün yüksək mədəniyyətlər müharibədən törəmiş­lər.

FULLER: Məncə də elədir. Müharibə doğrudan da tarixin apa­rıcı ami­li­dir.

PLATON: Amma yox, qətiyyən elə deyildir. Müharibənin günahı az ada­mın üzərinə düşür, bundan əziyyət çəkən­lərin çoxu isə bizim dostlarımızdır.

RATSEL: Razı deyiləm. Xalqlar çəkiclə zindanı xatırladırlar. Qaliblər çə­kic, məğlublar isə zindan rolunu oynayırlar.

HEGEL: Xalqlar müharibədən təkcə möhkəmlənərək çıxmır­lar, həm də zahiri müharibələrin sayəsində millətin öz da­xi­li antaqonizm­ləri də həll olunur, onlar daxili əmin-amanlıq əldə etmiş olurlar.

PLATON: Müharibə bütün hallarda siyasi sənətin ayrılmaz bir hissəsi olaraq qalır.

KLAUZEVİTS: Bir qədər dəqiqləşdirilsə, müharibə siyasətin baş­qa va­si­­tə­lərlə davam etdirilməsidir.

LENİN: Bu mücərrəd fikir öz konkret mənasını marksizmdə tapır. Mü­ha­ribə bu və ya digər sinfin siyəsətinin dava­mıdır. Hər bir sinifli cə­miyyətdə hakim sinfin siyasətini davam edən müharibə­lər olduğu kimi, həmçinin məzlum sinfin də siyasətini davam edən müharibələr olmuş­dur.

ÇERNIŞEVSKİ: O zaman ki, əməkçi sinif dövlətdə həlledici təsirə malik olacaq, bu zaman hər bir müharibə ehtimalı da yox olacaq­dır.

MİLLS: Hərbçi isə bunun əksini düşünür. O, iqtisadi təsisat­la­rı çox zaman hərbi təchizat üçün bir vasitə hesab edir.

BİSMARK: Elə buna görə də, müharibə kimi ciddi işi qətiyyən hərb­çi­lə­rə etibar etmək olmaz.

ƏMİR TEYMUR: Rəiyyətdən alınan mal və xərac o miq­darda olmalıdır ki, rəiyyətin vəziyyətinin pisləşməsinə səbəb olmasın. Çünki rəiy­yətin vəziyyətinin pisliyi xəzi­nə­nin məhv olmasına bərabər­dir. Xəzinənin sorulması isə hərbçi­lərin dağılıb getməsinə səbəb ola­caqdır, hərbçi­lərin dağı­lı­şıb getməsi də öz növbəsində səl­tə­nə­­tin qüd­rətini məhvə aparacaqdır.

MİLLS: Gəlin bu hadisəni Avropa tarixinin faktları əsasında anlamağa çalışaq. XVIII əsrdə mülki elementlər haki­miy­yətə gələrək təca­vüz­kar hərbi özlərinə tabe etdirə bildilər və vətəndaş cəmiyyəti qurdular. Hərb müəy­yən çərçivəyə salınaraq və neytrallaşdırıla­raq öz siyasi qüdrə­tini azaltdı. Hərbçilər qərarların icraçıları ro­lun­­da çıxış etdilər. XX əsr isə bu diqqətəlayiq hadisənin keçici və davamsız olduğunu aşkar etdi və bu hal bütün sənaye ölkə­lə­rində özünü göstərdi. Postnapoleon dövründən başla­yan və bi­rin­ci dünya müharibəsinə qədər davam edən sülh dövründən sonra isə dünya tarixinin əvvəlki gedişi yenə də bərpa olun­maq­dadır. Hərb yenə də özünün əvvəlki nüfuzu­nu qaytarmaq­dadır. Siyasi vaku­um hərbi əyanlar tərəfindən doldurulmaqdadır.
IV

(vətəndaş cəmiyyəti)
HEGEL: Vətəndaş cəmiyyətinin inkişafı dövlətin inkişafın­dan daha son­ra başlayır. Vətəndaş cəmiyyətində hər bir kəs özü üçün məq­səd­dir, başqaları isə onun üçün heç nə­dir.

STALİN: Vətəndaş cəmiyyəti adı altında gizlənən burjua cəmiyyətinin mahiyyətini anlamaq gərəkdir. Burjua dün­yasında dövlətin funk­si­yala­rını unutmaq olmaz. Burada dövlətin funksiyalarına yalnız ölkənin müdafiəsinin və “nizam”ın mühafizəsinin təşkili və ver­gi­­lərin yı­ğıl­­ması aiddir. Əksinə, burada dövlət ka­pi­ta­list təsər­rü­­fa­tının əlindədir.

UELLS: Mən bəlkə də siyasətin iqtisadi şərhinə Stalindən daha çox ina­nı­ram. İxtiraların və müasir elmin sayə­sin­də indi insan kollek­ti­vinin daha yaxşı təşkilinə və daha yax­şı fəaliyyətinə, yəni sosia­liz­mə gətirən nəhəng qüvvələr hərəkətə gətirilmişdir. Fərdi əməl­­lə­rin təşkili və tənzim­lənməsi sosial nəzəriyyələrdən asılı olmayaraq mexaniki zərurətə çevrilmişdir.

MARKS: Mən Hegelin vətəndaş cəmiyyəti ilə bağlı fikirlərinə qayıtmaq istərdim. Hegeldən və onun siyasi nəzəriyyədə bir çox ardıcıl­la­rın­dan fərqli olaraq mən düşünürəm ki, cəmiyyət dövlət­dən ya­ra­nmır, əksinə, dövlət cəmiyyət­dən yaranır.

ORTEQA-İ-QASSET: Amma cəmiyyətin dövlətləşdirilməsi faciəvi­dir. Cəmiy­yət dövləti əvvəlcə həyatı asanlaşdıran alət kimi yara­dır. Sonra dövlət üstünlüyü ələ alır və cəmiy­yət onun xətri­nə yaşa­ma­ğa məcbur edilir. Tezliklə dövləti saxlamaq üçün insani re­surs­lar çatışmır və əcnəbilərin çağırılma­sı­na ehtiyac yaranır. Gə­lən­­lər son nəticədə sa­hibə, aborigenlər isə bu yadellilərin kölə­si­nə çev­rilir­lər.

BERDYAYEV: Köləliyin mənbəyi bundan daha dərinlərdə­dir. Cəmiy­yət­də, özü də hər cür cəmiyyətdə kölə­edici nəsə vardır və o, dəf edil­məlidir. Köləliyin mənbəyini şəxsiyyət və fərd arasındakı fərqdə axtarmaq lazımdır. Şəxsiyyət heç zaman cəmiyyətə qarış­mır, hə­mişə on­dan üstündür. Fərd isə cəmiyyə­tin bir hissəsidir və ona tabedir. Şəxsiyyət cəmiyyə­tin bir hissəsi deyildir, əksi­nə cəmiy­yət şəxsiyyətin bir hissəsidir. Şəxsiyyətin cəmiy­yətyaratma qüd­rə­ti vardır, cəmiyyət şəxsiyyətin yaradıcı­lıq məh­su­ludur. İnsanın daxilindəki şəxsiyyət dünyanın öz-özlüyündə və öz-özü üçün kifayət olmadığını diktə edir. Dünya insan tərəfin­dən dəf edilməli və geridə sax­la­nıl­malıdır. Şəxsiyyət dün­yanın başqa obyektləri ilə yanaşı duran bir obyekt kimi, dünyanın bir hissəsi kimi dərk edilə bilməz. Antropoloji elmlər, biologiya, psixolo­giya, sosio­lo­giya isə insanı məhz belə dərk etmək is­təyirlər. Bu yolla insan yal­­nız qismən dərk olunur, insa­nın bir şəxsiyyət kimi sirri isə dərk olunmamış qalır. Şəxsiyyət obyekt kimi de­yil, yalnız sub­yekt kimi, yəni, mövcudluğun sirrinin gizləndiyi son­suz subyek­tivlik kimi dərk oluna bilər. İnsanın daxilindəki şəx­siy­­yət so­sial qrupun determinasiyası üzərində qələbədir. Şəxsiy­yət ak­tiv­lik­dir, müqavimətdir, dün­yanın ağırlığı üzərində qələbə­dir, azad­lı­ğın dünyanın köləliyi üzərində təntənə­sidir.

ARİSTOTEL: Məncə isə cəmiyyət və dövlət öz təbiətinə görə hər bir in­sandan daha öncədir. Əgər insan təcrid olunmuş bir vəziyyətə düş­­­dük­­də bu vəziyyət onu tam qane edirsə, başqa fərdlərlə ün­siy­­yət­siz keçinə bilirsə, o artıq insan de­yildir, ya alçalaraq hey­va­na, ya da yüksə­lərək tanrıya çev­rilmişdir.

MOJEVSKİ: Aristotel doğru deyirdi. İnsan cəmiyyətindən kə­na­r­­da ya­şa­­ya bilən və heç kəsə ehtiyacı olmadan keçinə bilən kəs, doğ­ru­­dan da ya tanrıdır, ya da heyvan. Bu həqi­qəti Aristotel tama­milə də­qiq ifadə etmişdi.

SPİNOZA: Tənhalıq qorxusu hər bir insana xasdır, çünki tən­halıqda heç bir kəsin elə bir gücü olmur ki, onun özünü­müdafiəsinə və zəruri həyat vasitələri ilə təmin olun­ma­sına zəmanət versin. Elə buna görə də, insanlar təbi­ətləri etibarı ilə cəmiyyətə can atırlar və mümkün de­yildir ki, insanlar haçansa ondan çıxa bilsinlər.

TUSİ: Cəmiyyətin meydana çıxması insanın özünü qoruyub sax­laması və nəslini mühafizə etməsi üçün öz növünün, yəni başqa insan­ların köməyinə ehtiyacının olması ilə əla­qə­dardır.

ORTEQA-İ-QASSET: Bununla belə, mən diqqətinizi bir daha fərd-cə­miy­­yət qarşıdurmasından dövlət-cəmiyyət qarşıdurma­sı­na yö­nəl­­tmək istərdim. Dövlət hər cür so­sial özfəaliyyəti sona qədər boğur və heç bir yeni toxum­lar yaratmır. Cəmiyyət kölə­ləş­dirilir, onun bütün qüv­vələri dövlətə xidmətə sərf edilir. Cəmiyyət döv­lət üçün, insan isə dövlət maşını üçün yaşamağa məcbur edi­lir. Dövlət yalnız maşın olduğu üçün, onun sazlığı və vəziyyəti mü­hi­t­in canlı qüvvəsindən asılı olduğu üçün, son nəti­cədə cəmiy­yət­in bütün şirəsini soraraq gücdən düşür, laxlayır, və ölümlərin ən ölüsü ilə, mexanizmin paslı ölümü ilə ölür. Lakin, əgər vətən­daş cəmiy­yəti güc­lü­dürsə, dövlətin məhvedici müqa­vi­mə­tini asan­lıqla qı­ra da bilir. Böyük Karlın hakimiyyəti XVI Lüdovikin haki­miyyətindən çox zəif idi, amma əvəzində Koro­linq­­lər za­ma­nı cəmiyyət qüdrətsiz idi. Cəmiyyət qüvvələrinin dövlət qüv­və­ləri üzərində üstünlüyü isə inqilaba gətirib çıxart­dı.

V

(inqilab)
RUQE: İnqilabi dövrdə dövlət artıq keçilməz, dumanlı, sirli və buna görə də yad bir vəziyyət olmaqdan qalaraq milli özü­nüdərkin pro­sesdə olan mövcudluğuna, özünümü­əyyən­ləş­dirən millətə çev­­rilir.

MARKS: İnqilablar – tarixin lokomotivləridir.

LENİN: İnqilablar – əzilən və istismar olunanların bayra­mı­dır. Xalq küt­lələri yalnız inqilab zamanı möcüzələrə qa­bil olur, yeni icti­mai qaydaların aktiv yaradıcısına çev­rilir.

KARLEYL: İnqilabı əslində isə çoxluq deyil, azlıq törədir.

STALİN: Doğrudur, inqilab üçün aparıcı inqilabi azlıq gərəkdir. La­kin, bu azlıq milyonlarla insanın heç olmasa passiv dəstə­yi­nə istinad etmədi­yi halda nə qədər iste­dadlı, sadiq və ener­jili olsa da, gücsüzdür.

BODEN: Hər bir siyasi çevrilişin əsasında isə əmlak bəra­bər­sizliyi du­rur.

Bill GEYTS: Çox böyük var-dövlət əldən-ələ keçir, amma bunu böyük məsuliyyətlə, bu vasitələri cəmiyyətlə və onlara daha çox ehtiya­cı olanlarla ən yaxşı bir qaydada bölüşmək öhdəliyi ilə etmək gə­rək­dir.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin