LENİN: Kapitalistlərin mövqeyi məlumdur. Məncə, Bodenin mövqeyi daha doğrudur, lakin, bu mövqe bir qədər yumşaq ifadə olunmuşdur. Sosial inqilabın əsasında milyonların təxminən belə bir inamı durur: aclıq zülmündən qıvrıla-qıvrıla yaşamaqdansa, inqilab uğrunda ölmək daha yaxşıdır.
SPİNOZA: Qiyamlar, müharibələr, qanunlara qarşı nifrət, onların şüurlu olaraq pozulması doğrudan da çox zaman təbəələrin zalımlığından daha çox, ali hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gəlir.
POLİBİ: Qədimlərdə bir dəfə şah seçilən kəs qocalana qədər taxtda otururdu. Hakimiyyətdə olduğu müddətdə sədlər çəkdirmək, əlverişli məntəqələri möhkəmləndirmək, yeni torpaqlar tutmaq kimi qayğılarla məşğul olan hökmdarlar dedi-qoduya, həsədə məruz qalmırdılar. Çünki istər geyimlərində, istər yeyib-içməklərində, istərsə də yaşayış tərzlərində xalqla onların arasında heç bir fərq olmurdu və həmişə də ünsiyyət saxlayırdılar. Onlar sonradan isə belə bir qərara gəldilər ki, öz təbəələri kimi geyinmək daha hökmdara yaraşmaz, ən gözəl güzəran, ən zəngin süfrələr ancaq onlarınkı olmalıdır, ədəb qaydaları isə yalnız sadə camaat üçün qoyulmuşdur. Əgər hökmdarların bu cür əməlləri adamlarda həsəd və narazılıq doğururdusa, onların kişi-qadın münasibətlərindəki qadağanlara etinasızlıq göstərməsi adamlarda qarşısını heç nəyin ala bilməyəcəyi qəzəb və nifrət selini coşdururdu. Nəticədə xalqın hakim dairələrə qarşı üsyanı başlayırdı.
BODEN: Xalqın monarxı öldürmək hüququ yoxdur, lakin tiranı öldürmək hüququ isə vardır.
MARKS: Hər cür həqiqi xalq inqilabının ilkin şərti isə belədir: bürokratik-hərbi maşın bu vaxta qədər olduğu kimi bir əldən başqa ələ verilməməlidir, sındırılmalıdır.
LENİN: İnqilabçı olmaq doğrudan da o deməkdir ki, zərərli olan, vaxtını keçirmiş olan hər şey aman verilmədən dağıdılmalıdır.
CEFFERSON: Xalqın hüquq və azadlıqları keşiyində lazımi səviyyədə dura bilməyən bir dövləti xalq nəinki devirməli, hətta onu devirmək xalqın bilavasitə vəzifəsi olmalıdır.
ORTEQA-İ-QASSET: Lakin inqilab quruluşa edilən qəsd deyildir, əvvəlkini gözdən salan yeni quruluşun tətbiqidir.
RUSSO: Əgər ali dövlət hakimiyyəti despotik hakimiyyətdirsə, burada qüdrətli və qadir despot qarşısında hamı hüquqsuzluqda bərabər olduğu üçün despotik dövlətdə bərabərsizlik özünün ən yüksək nöqtəsinə çatmış olur. Lakin, həmin bu hüquqsuz əksəriyyət son nəticədə despotik hakimiyyəti devirərək bərabərsizliyi ləğv edir və öz təbii hüquqlarını özünə qaytarır.
ULPİAN: Təbii hüquq təbiətin hətta bütün heyvanlara belə öyrətdiyi hüquqdur.
KAMPANELLA: Belə olduğu halda ən təbii hüquq odur ki, hər şey ümumidir. Günəş şəhərində məhz belə olduğu üçün burada zülmün, yalanın, oğurluğun, qarətçiliyin kökü olan acgözlük məhv ediləcəkdir.
BENTAM: Təbii hüquq təlimi yalandır və saxtadır. Hər bir hakimiyyət hər bir qiyamı yatırmaq hüququnu özündə saxlayır.
CEFFERSON: Həyatda hər şey dəyişilə bilər, yalnız insanın təbii hüquqları dəyişilməz qalmalıdır, daha doğrusu insana zülm etməyə, onu istismara məruz qoymağa heç kimin haqqı yoxdur və onun təbii hüquqları toxunulmazdır.
BİSMARK: Bütün bunlarla yanaşı bir həqiqəti də unutmaq olmaz: İnqilabı dahilər düşünür, fanatiklər həyata keçirir və fırıldaqçılar isə ondan faydalanırlar.
PESTEL: Hökumət ümumi fəaliyyətə sərəncam vermək və dövlətdə hamıya və hər kəsə xoşbəxtlik vermək üçün ən yaxşı vasitələri seçmək vəzifəsinə malikdir. Dövlətin verməli olduğu xoşbəxtlik isə iki əsas predmetdən – əmin-amanlıqdan və firavanlıqdan – ibarətdir. Əmin-amanlıq hökumətin birinci məqsədi, firavanlıq isə ikinci məqsədidir. Bu məqsədləri həyata keçirməkdən ötrü onun xalqdan ona tabe olmağı tələb etməyə haqqı vardır. Xalqın vəzifəsi tabe olmaqdır. Amma, eyni zamanda onun hökumətdən tələb etmək hüququ vardır ki, hökumət daimi olaraq ümumi xoşbəxtliyə çalışsın və təkcə hökmranlıq etməsin, həm də xalqı həmin bu əmin-amanlıq və firavanlıq məqsədlərinə doğru aparsın. Bu tələb xalqın hakim dairələrə qarşı mübarizəsinə də çevrilə bilər.
POLİBİ: Xalqın hakim dairələrə qarşı mübarizəsinə isə pislər yox, ən nəcib, məğrur və qorxmaz vətəndaşlar başçılıq edirlər. Çünki məhz belələri başqalarının özbaşınalığına hamıdan az dözürlər. Elə ki, üsyançı dəstələr onları özlərinə rəhbər kimi qəbul edib, arxasında möhkəm dayanır, onda şah və mütləqiyyət üsulu ləğv edilir. Onu istibdadın pəncəsindən xilas etməsinə sanki minnətdarlıq əlaməti olaraq xalq dərhal çevrilişin sahibkarlarını hakimiyyəti ələ almağa çağırır və öz talelərini onların ixtiyarına verir.
LENİN: Hər bir inqilabın başlıca əsas məsələsi də əslində elə dövlət hakimiyyəti haqqında məsələdir. Hakimiyyət hansı sinfin əlinə keçməlidir? Bu, həqiqətən də əslində hər şeyi həll edir. Çünki inqilabi mübarizənin məqsədi hakimiyyətin ələ alınmasıdır.
VI
(hakimiyyət) LOKK: Dövlət malikanə ağalığı, ailə, vahid təsərrüfat kimi kollektiv formalardan məhz siyasi hakimiyyətin mövcudluğu ilə fərqlənir.
PARSONS: İqtisadi sistemlərdə pulun oynadığı rola bənzər rolu siyasi sistemlərdə hakimiyyət oynayır. İqtisadiyyatın diqqət mərkəzində həmişə pul və pul münasibətləri durduğu kimi, siyasətin də diqqət mərkəzində həmişə hakimiyyət və hakimiyyət münasibətləri durur.
VEBER: Siyasətin özü bütövlükdə hakimiyyətin ələ alınmasını, əldə saxlanılmasını və istifadə olunmasını istiqamətləndirən fəaliyyətdir.
PESTEL: Bu fikri bir qədər incələmək lazım gəlir. İnsanların ən ümumi məqsədi bütün cəmiyyətin və ayrılıqda onun hər bir üzvünün xoşbəxtliyidir. Həmin məqsədi həyata keçirmək üçün isə, əlbəttə ki, müəyyən əməllər lazımdır. Bu əməlləri şəxsən mən ümumiyə və xüsusiyə bölərdim. Ümumi əməl bütün cəmiyyətə aiddir və bütün cəmiyyətin adından həyata keçirilir. Xüsusi əməl isə ayrılıqda hər bir üzvün məşğuliyyətindən ibarətdir. Bütün cəmiyyətin adından həyata keçirilən əməl sərəncam verənlərin vəzifəsini, ayrı-ayrı üzvlərin adından və ayrı-ayrı üzvlər tərəfindən həyata keçirilən əməllər isə tabe olanların vəzifəsini təşkil edir. Vətəndaş cəmiyyəti dövlət adını aldığı zaman sərəncam verənlər hakimiyyət adını, tabe olanlar isə xalq adını alırlar. Hakimiyyət və xalq hər bir dövlətin başlıca tərkib hissələridir.
HOBBS: Elədir. İnsanlar yalnız o halda öz əllərinin əməyi ilə əmin-amanlıq şəraitində yaşaya bilirlər ki, onları yadellilərdən və bir-birindən qoruya bilən ümumi hakimiyyət mövcud olur.
ŞTİRNER: Amma, bununla belə, dövlət əməyin kölələşdirilməsi üzərində qurulur və əmək bu köləlik zülmünü devirdikdən sonra dövlətin də sonu gələcəkdir.
EYNZİDEL: Doğrudan da, idarəetmənin ən yaxşı forması odur ki, burada az idarə edirlər. Ən mükəmməl forma isə odur ki, orada ümumiyyətlə idarə etmirlər.
LAO-TSZI: Hakimiyyət dinc olanda xalq da sadəlövh olur, hakimiyyət işgüzar olanda isə, xalq bədbəxt olur.
ANTİSFEN: Burada bir nüansı da nəzərə almaq lazımdır. Bir dəfə mənə “Siyasətlə necə rəftar etmək lazımdır”? – sualını verdilər. Mən bu zaman, – “Odla rəftar edən kimi”, - cavabını verdim. “Nə o qədər yaxın durmaq lazım deyildir ki, səni yandırsın, nə də çox uzaq olmayasan ki, soyuqdan donasan”.
ŞTİRNER: Dövlətin isə həmişə bir məqsədi var – fərdləri məhdudlaşdırmaq, əl-ayağını bağlamaq, hansısa bir ümumiyə tabe etmək. Dövlət açıq-aşkar məhdudiyyət ifadə edir, mənim məhdudiyyətimi, mənim köləliyimi.
TOLSTOY: Amma o da doğrudur ki, bir adamın başqası üzərində hakimiyyəti hər şeydən öncə hakimiyyət sürəni məhv edir.
ARİSTOTEL: Bununla yanaşı, belə bir məqamı da mütləq nəzərdə saxlamaq lazımdır ki, hakimiyyət və tabeolma cəmiyyət həyatı üçün son dərəcə zəruridir, özü də yalnız zəruri deyildir, bir çox insanlar üçün həm də eyni zamanda faydalıdır. Cəmiyyətdəki qeyri-bərabərlik ona daxilən xas olan bir hadisədir. Bu qeyri-bərabərlik cəmiyyətin öz içərisində təbii olaraq formalaşır. Birinin itaətdə, digərinin isə hakimiyyətdə olması insanların öz təbiətlərindən doğur. İnsanların bir qismi təbiətən kölə, başqa qismi isə – təbiətən azaddır.
BERDYAYEV: Yox, bu düşüncə - kölə düşüncəsidir, azad adamın düşüncəsi deyildir. Azad insan özlüyündə mövcuddur. Ağa və qul isə yanaşıdırlar, onlardan biri digəri olmadan mövcud ola bilməz. Əgər ağa başqasının özü üçün mövcudluğu şüurundan çıxış edirsə, kölənin şüuru başqası üçün mövcudluqdan ibarətdir. Köləlik həmişə özgələşmədir. Aristoteldən fərqli olaraq, Feyerbax, sonra isə Marks köləliyin bu mənbəyini görürdülər, lakin onu eyni zamanda insan köləliyini qanuniləşdirən materialist fəlsəfə ilə bağlayırlar. Digər tərəfdən, köləliyə son qoyulma ağalığın yaranması demək deyildir, ağalıq köləliyin əks tərəfidir. İnsan ağa olmalı deyil, azad olmalıdır. Mən buna görə də Aristotelin fikrini inkar edirəm. Platonun və sonrakı mütəfəkkirlərin isə o fikrini təsdiqləyirəm ki, despotun özü də kölədir. Başqasını kölələşdirmə özünü kölələşdirmədir. Prometey azaddır və azadlığa çıxarandır, despot isə kölədir və kölələşdirəndir. Nə ağa, nə də kölə şəxsiyyət deyildir. Ancaq azad olan insan şəxsiyyətdir. Azad insan heç kəs üzərində ağalıq etmək istəmir. Kölələşdirmə qatillikdir. İnsan ona görə kölədir ki, azadlıq çətindir, köləlik isə asan. Köləlik həmişə həqiqətin inkarıdır, həqiqət qarşısında qorxudur. Həqiqət sevgisi isə kölələşdirici qorxu üzərində qələbədir.
CEFFERSON: Azadlıq ağacı isə mütəmadi olaraq tiranların və vətənpərvərlərin qanı ilə suvarılmalıdır. Bu, həmin ağacın kübrəsidir.
HEGEL: Azad insana klassik nümunə olaraq Afina vətəndaşını göstərə bilərik. Afina vətəndaşı əsl azad insan idi, o, instinktiv olaraq nə etməli idisə, onu da edirdi.
BERDYAYEV: Mənə elə gəlir ki, Hegel əslində həqiqi azadlığı tanımır. Hegel azadlığı dərk olunmuş zərurət kimi dəyərləndirir. Gerçəklikdə isə zərurətin nəticəsi olan azadlıq əsl azadlıq deyildir.
TOLSTOY: Ən yazıq kölə – öz zəkasını köləliyə verən və öz zəkasının etiraf etmədiyi şeyi həqiqət kimi qəbul edən kəsdir.
ZİNOVYEV: Köləliyin əsl mənbəyi və sosial dayağı isə məncə məmur institutudur.
LAO-TSZI: Əksinə, dövlətin içində hərc-mərclik başlayanda sədaqətli nökərlər meydana çıxır.
ZİNOVYEV: Bu hal hərc-mərcliyin başladığı zaman deyil, hərc-mərclikdən dövlət hakimiyyətinin formalaşmasına doğru təmayül yer aldığı zaman baş verir. Dövlət hakimiyyəti formalaşarkən köləliyin daşıyıcısı olaraq məmur ordusu meydana çıxır.
MİLLS: Mən belə bir sərt ifadə işlətməzdim. Doğrudur, məmur özü-özlüyündə siyasəti yaratmır, yalnız siyasi qərarların müxtəlif variasiyalarına aid olan informasiyanı toplayır və rəsmi olaraq qəbul olunan variantı həyata keçirir. Bununla yanaşı, məmur intizamlı insandır, onun özünü necə aparacağını qabaqcadan asanlıqla bilmək olur, o ciddi olaraq öyrənib ki, özünün «şəxsi fikri»ni öz xidməti həyatından, xidməti vəzifələrindən ciddi olaraq kənarda saxlamalıdır. Öz həmkarları ilə münasibətdə məmur bir qayda olaraq rəsmi davranır və insanlar arasında onların rütbələrindən və ranqlarından irəli gələn sosial distansiyanı saxlayır. Görünür elə bu səbəbdən də bütün bürokratik təşkilatlarda iyerarxiyanın yuxarı pillələri aşağı və orta pillələrə nisbətən daha az bürokratikdir. Bütün bunlarla yanaşı o da doğrudur ki, məmur öz funksiyasını yerinə yetirmək üçün istifadə etdiyi maddi əmlakın mülkiyyətçisi olmadığı kimi, məmurun özü də şəxsən hakimiyyət sahibi deyildir. Onun həyata keçirdiyi hakimiyyət onun özünə deyil, vəzifəsinə məxsusdur.
PESTEL: Bu hal lap başlanğıcdan dövlətə və hakimiyyətə xas olan bir cəhətdir. Gəlin, bu fikri bir qədər də xırdalayaq. Hansısa bir məqsədə nail olmaq üçün bir neçə adamın birləşməsi cəmiyyət adlanır. Məqsədə nail olmaq üçün vasitələri seçmə zamanı isə cəmiyyətin üzvləri arasında mübahisələr və fikir ayrılığı yaranır. Əgər üzvlər cəmiyyəti məhv etmək istəmirlərsə, onlardan hər biri öz rəyinin bir hissəsini güzəştə getməlidir ki, ümumi fəaliyyət üçün vasitələr seçilə bilsin. Bəs son fikri kim söyləyir, vasitələri kim seçir, üsulları kim müəyyənləşdirir, fəaliyyətə kim sərəncam verir? Bütün bu çətinliklər iki qaydada həll edilir. Birinci halda bir nəfərin və ya bir neçə üzvün əqli üstünlüyü bütün müxtəlif fikirləri razılaşdırır və digərlərini öz üstünlüyünün gücü ilə cəlb edir. Digər halda isə cəmiyyətin üzvləri bir və ya bir neçə nəfərin üzərinə vasitələri seçmək vəzifəsini qoyurlar və bununla da onlara ümumi fəaliyyətə rəhbərlik etmək hüququnu verirlər. Bu halların hər ikisində cəmiyyət üzvləri sərəncam verənlərə və tabe olanlara ayrılırlar.
PLATON: Bu hallardan ikincisi, yəni hakimiyyətin demokratik qaydada formalaşması ilə bağlı mən özümün belə bir narahatlığımı bildirməyə məcburam ki, hakimiyyətin demokratik qaydada formalaşması heç də bütün hallarda uğurlu deyildir. Hakimiyyət bu qayda ilə şərəfsiz insana da verilə bilər.
PİFAQOR: Hakimiyyəti şərəfsiz bir insana vermək isə ağılsızın əlinə qılınc vermək qədər təhlükəlidir.
ANTİSFEN: Yaramaza hakimiyyət vermək dəliyə qılınc verməkdən daha pisdir.
PLUTARX: Həqiqətən də, əlində hakimiyyət olan adamın kiçik günahları da böyük görünür.
VEBER: Əgər əlində hakimiyyət olan adamda daim günah axtarılacaqsa, o, şərəfsizlikdə, ağılsızlıqda, yaramazlıqda, dəlilikdə günahlandırılacaqsa, onun hakimiyyət sürməsi son dərəcə çətindir. Çünki hökmranlıq hakimiyyətin reallığı faktı ilə məhdudlaşa bilməz. O mütləq bu hökmranlığın qanuni olduğu inamını formalaşdırmalıdır.
PERİANDR: Rahat yaşamaq istəyən hökmdar özünü nizələrlə deyil, xalqın məhəbbəti ilə mühafizə etməlidir.
AXUNDOV: İtaətin bünövrəsi ancaq o zaman möhkəm olur ki, o itaət məhəbbət və inamdan irəli gəlir.
VEBER: Hakimiyyət və hakimiyyətə olan inam məncə ən azı üç tipdə ola bilər. Birinci - rasional tipdir. Bu, hökmranlığın məntiqi əsaslandırılmasından doğulan inamdır. İkinci - ənənəvi tip – hökmranlığın milli mentalitetdən doğuluşudur. Üçüncü – harizmatik tip - hökmranlığın hökmran olan şəxsiyyət qarşısında heyranlıq hissindən doğulan inamdır. Harizmatik hökmranlıqda başçı böyük missiyanı yerinə yetirən peyğəmbər, nəhəng tarixi fiqur, yarımallah kimi qavranılır.
LÖVİT: Mənə elə gəlir ki, Veber özünün harizmatik hökmranlıq ideyası ilə totalitar rejimlərin meydana gəlməsinə dolayı olsa da nəzəri olaraq şərait yaratmışdır. Əvvəla, onun özü elə harizmatik rəhbərizmin nümayəndəsi idi və özünün şübhəli mühakimələrinə irrasional inam yaradırdı. İkinci, ona görə ki, onun siyasi etosunun son sözü dəyərlərin qətiyyətli seçimi idi. Bu dəyərlərdən hansının seçilməsi isə Veber üçün əhəmiyyətsiz idi.
YASPERS: Mən bunun əksini düşünürəm. Mənə elə gəlir ki, Veber özünün harizmatik nəzəriyyəsi ilə əksinə olaraq Avropada totalitar rejimlərin meydana çıxmasını qabaqcadan söyləmişdi və Avropaya bu barədə xəbərdarlıq etmişdi.
PUBLİSİY SİR: Özünü idarə etməyi bacarmadığı halda, başqalarını idarə etmək istəyən kəs ağılsızdır.
SOLON: Mən hakimiyyətə iddialı olan kəslərə belə bir məsləhət verərdim: Hakimiyyəti yalnız o zaman ələ al ki, özün tabe olmağı bacarasan.
SENEKA: Özünə hökm etmək doğrudan da böyük hakimiyyətdir.
ARİSTOTEL: Düşünürəm ki, özünə hökm etməyin iki növü bir-birindən fərqləndirilməlidir. Əgər ruh bədən üzərində despotik hökmranlıqla hakimiyyət sürürsə, zəka bütün meyillərimiz üzərində siyasi hakimiyyətə malikdir. Despotik hakimiyyəti, yəni ağanın qul üzərində hökmranlığına bənzər hakimiyyəti və həmçinin eləcə də siyasi hakimiyyəti, yəni dövlət xadiminin vətəndaş üzərindəki nüfuzuna bənzər hakimiyyəti hər bir canlı varlıqda görmək olar.
VEBER: Amma terminlərə dəqiq yanaşılsa, hakimiyyət termini hökmranlıq terminindən fərqləndirilməlidir. Bunu bir daha vurğulayıram. Hakimiyyət institusional forma kəsb etmiş hökmranlıqdır. Hökmranlıq hakimiyyətdən daha əvvəl meydana gəlir və heç də həmişə hakimiyyət formasını almır.
MARKS: Mən bu müddəaya konkret bir nümunə göstərə bilərəm: siyasi hakimiyyət yalnız iqtisadi hökmranlığın törəməsidir.
RUSSO: Heç bir vətəndaş o qədər varlı olmamalıdır ki, başqalarını pulla ala bilsin və heç bir vətəndaş o qədər kasıb da olmamalıdır ki, özünü satmağa məcbur olsun.
DİOGEN LAERTLİ: Sokratın bitki kökləri yediyini görən birinin «Sən bizim hökmdara qulluq etsəydin, heç vaxt bu günə qalıb bitki kökü yeməzdin» sualına Sokrat «Sən də bitki kökləri ilə kifayətlənsəydin, heç vaxt özgəsinə qulluq etməzdin», - cavabını verir.
LENİN: İbrətamiz nümunədir. Öz köləliyini dərk etməyən, utancaq, şüursuz və sözsüz kölə vəziyyətində sürünən kəs sadəcə olaraq kölədir. Öz köləliyini dərk edən kəs isə artıq yarımkölədir. Özünün kölə vəziyyətini dərk edən və ona qarşı mübarizə aparan kəs əslində inqilabçıdır. Kölə həyatının cazibədarlığını, ağasının xeyirxahlığını və yaxşılıqlarını məmnunluqla təsvir edən və bu zaman ağzından su axan kəsə qaldıqda isə, o gədadır, həyasızdır.
BERDYAYEV: Bu məqamın çox dərin fəlsəfi kökləri vardır. İnsan həyatda bir çox hallarda rol oynayır, lakin bu rol özünün olmaya da bilər. Şəxsiyyətin ikiləşməsi ibtidai insanda və ruhi xəstədə daha aşkardır. Sivilizasiyalı insanda isə bu ikiləşmə gizlidir. Tam sosiallaşmış və sivilizasiyalaşmış insan özü də sezmədən tamamilə şəxsiyyətsiz, hətta kölə ola bilər. Xaricdən müəyyənləşən, obyektivliyin hakimiyyətinə əsaslanan heç nə şəxsi deyildir, insanda şəxssiz olandır. İnsan Mənində determinasiya olunan hər şey keçicidir, şəxssizə çevrilmişdir. Şəxsiyyət isə gələcəyin təşəkkülüdür, yaradıcılıq aktlarıdır. Obyektivasiya şəxssizlikdir, insanın determinasiyalı dünyaya atılmasıdır. Şəxsiyyətin mövcudluğu isə azadlığı nəzərdə tutur. Azadlığın sirri - şəxsiyyətin sirridir. Ancaq şəxsiyyət insan ləyaqəti hissinə malikdir. İnsanın ləyaqəti ondakı şəxsiyyətdir.
RUSSO: Azadlıqdan imtina etmək elə buna görə də öz insan ləyaqətindən imtina etmək deməkdir.
MARKS: İnsan bu və ya digər nemətdən imtina etmənin mənfi qüvvəsi ilə deyil, özünün həqiqi fərdiyyətini ifadə etmənin müsbət qüvvəsi ilə azaddır.
LİXTENBERQ: Bu fikirlə razılaşmaq olar. Kölə əməli – heç də həmişə kölənin əməli deyildir.
HEGEL: Kölə sözü bu mənanı ifadə etmək üçün çox kəskin səslənir. Həmin mənanı ifadə etmək üçün mən kölə sözünə deyil, pis adam sözünə üstünlük verərdim. Pis adam – həqiqi olmayan adamdır, yəni özünü öz anlayışına və təyinatına uyğun şəkildə aparmayan adamdır.
RUSSO: Azadlıq o deyildir ki, istədiyini edəsən, azadlıq odur ki, istəmədiyini etməyəsən.
MONTESKYÖ: Bir qədər dəqiqləşdirilsə, azadlıq odur ki, qanunla icazə verilən hər bir şeyi edə biləsən.
DEMOKRİT: Adamlar o halda azad ola bilirlər ki, bütün qanun və qaydalara dəqiq riayət edilir, bütün vətəndaşların bərabərliyi və yekdilliyi üçün şərait yaradılır.
SİSERON: Biz azad olmaq üçün qanunun köləsi olmalıyıq.
VII
(qanun) MONTESKYÖ: Qanunlar sözün ən geniş və ən əhəmiyyətli mənasında şeylərin təbiətindən irəli gələn zəruri münasibətlərdir.
RUSSO: Bir qədər konkretləşdirilsə, hər bir hüquqi qanun ümumi iradənin bəyan olunmasından başqa bir şey deyildir.
VOLTER: Hamı qanun qarşısında bərabər olmalıdır və hər bir insanın hüquq və ləyaqəti cəmiyyətin hər bir üzvü tərəfindən etiraf olunmalıdır.
MARKS: Yox, bu mümkün deyildir. Cəmiyyət qanuna əsaslanmır. Bu, hüquqşünasların fantaziyasıdır. Əksinə, qanun cəmiyyətə əsaslanmalıdır.
KELZEN: Mənsə Marksın tamamilə əksini düşünürəm. Hüquq onun sosial-iqtisadi izahından azad edilməlidir. Hüququn izahı üçün Kantın irəli sürdüyü mövcud və zəruri əksliyi son dərəcə səciyyəvidir. Hüquq zəruri davranış qaydalarının sistemi olmaqla ictimai ətrafdan asılı deyildir. Qanun dövlətin iradəsi deyildir, əksinə, dövlət hüququn təcəssümüdür.
QORQİY: Elə bu səbəbdəndir ki, insanlar üçün qanunun özü insan təbiətinə zidd olan bir tirandır.
SOLOVYOV: Hüququn vəzifəsi heç də şər üstündə duran dünyanı ilahi məmləkətə çevirmək deyildir, müəyyən vaxta qədər onun cəhənnəmə çevrilməsinin qarşısını almaqdır.
ƏFƏNDİYEV: Hüquq ədaləti tanımır, çünki gerçəklik səviyyəsində ədalət olmur, cəmiyyət səviyyəsində ədalət olmur, zaman, şərait, mühit səviyyəsində ədalət olmur, nisbi ədalət olmur, keçici, ötəri, sonlu, qeyri-kamil ədalət olmur, ağalıq-nökərlik səviyyəsində, təbəqələşmə, hamılaşma, özgələşmə səviyyəsində ədalət olmur, cəmiyyətçi ədalət olmur, şəriətçi, zamançı, mühitçi ədalət olmur.
LENİN: Qanun bir siyasi ölçüdür, siyasətdir.
SÜLEYMAN PEYĞƏMBƏR: Ölkə qanundan uzaqlaşdıqca, çoxlu rəislər meydana çıxır.
LİXTENBERQ: Ədalətli hərəkət etmək üçün çox şey bilmək lazım deyil, amma ədalətsizlik törətmək üçün hüquq elmlərini əməlli-başlı öyrənmək lazımdır.
LAROŞFUKO: Cinayət özünə daha asanlıqla himayədarlar tapa bilir, nəinki məsumluq.
BEKKARİA: Qanun isə odur ki, insanlar kasıb yaxud varlı, rəiyyət, yaxud zadəgan olmasından asılı olmayaraq törətdikləri eyni cinayətlərə görə eyni cəzaya da məhkum edilirlər.
MARKS: Dünyanı cəza ilə nə düzəltmək, nə də qorxutmaq heç zaman mümkün olmamışdır və deyildir.
LAO-TSZI: Qanunlar və qərarlar nə qədər çox nəşr olunursa, oğru və quldur da bir o qədər çox olur.
MOJEVSKİ: Bəlkə də bunun əksi doğrudur. Oğru və quldur nə qədər çox olursa, qanunlar və qərarlar da bir o qədər çox nəşr olunur. Əgər hər hansı bir dövlətdə vətəndaşlar nöqsansız tərbiyə alsaydılar və həyalılıqla, təmizliklə, vicdanlılıqla, fəzilətli əxlaqla seçilsəydilər, onda hər bir cəza qanunu tamamilə yersiz olardı; zira qanunlar xeyirxah insanlar üçün yazılmır.
MARKS: Üstəlik, qanunlar çox zaman nəinki xeyirxah olmayan insanlar üçün, hətta xeyirxah olmayan insanlar tərəfindən yazılır, xüsusən, qəddarlıq yalnız qorxaqlığın diktə etdiyi qanunlar üçün səciyyəvidir.
ORTEQA-İ-QASSET: Kütlənin öz-özlüyündə eləyə biləcəyi yeganə iş qisasdır. Kütlə hökmranlığı zorakılığın hökmranlığına gətirir.
MOJEVSKİ: Qanunlar ümumiyyətlə götürüldükdə isə yaxşı adətlərin icrası və pis adətlərin qadağan olunması barədə yazılı sərəncamdır. Adətlər qanunların mənbələri və başlanğıclarıdır. Amma bununla belə qanunların özləri də hansısa bir məntiqi əsasa söykənməlidir.
MONTESKYÖ:Qanunlar, əvvəla, onu yaradan dövlətin təbiətinə və prinsiplərinə uyğun gəlməlidir. Qanunlar qanunvericinin məqsədləri ilə, mövcud nizam ilə şərtlənir, öz yaranma şəraiti ilə bilavasitə bağlıdır. İkinci tərəfdən, qanunlar ölkənin fiziki xassələrinə, iqliminə, torpağının keyfiyyətlərinə, vəziyyətinə, ölçülərinə uyğunlaşmalıdır. Ağılın xarakteri və ürəyin ehtirasları müxtəlif iqlimlərdə tamamilə müxtəlif olduğu üçün qanunlar da müxtəlif olmalıdır. Üçüncüsü, qanunlar bir-biri ilə bağlı olmalıdır. Və nəhayət, dördüncü və ən başlıcası, qanunlar hansı xalq üçün yaradılmışsa, o xalqın xarakteri ilə sıx bağlı olmalıdır. Qanun xalqın azadlıq səviyyəsindən, dinindən, meyillərindən, zənginliyindən, sayından, adətlərindən, həyat tərzindən asılı olaraq qəbul edilməlidir. Çox nadir hallarda mümkündür ki, bir xalq üçün yaradılmış qanunlar başqa xalq üçün də yararlı olmuş olsun.