Senatın hakimiyyət strukturu olaraq yenidən meydana gəlməsi də aristokratik təsisatın bir imitasiyası olaraq qiymətləndirilə bilər, aristokratik təsisatın ona görə bir imitasiyası olaraq ki, senat indi varisi olduğu tarixi qurumun hüquqi səlahiyyətlərini demək olar ki bütövlükdə mənimsəsə də, onun aristokratik təsisat olması ən azı birmənalı deyildir.
Senatın yenidən meydana gəlməsi ilə parlamentin öncə malik olduğu hüquqi səlahiyyətlərin çox və daha mühüm hissəsi bir sıra digər səlahiyyətlər də əlavə edilməklə indi Senata aid edilir və Senat parlamentin yuxarı palatası statusunu kəsb edir. Parlamentin öncə malik olduğu səlahiyyətlərin qalan hissəsinin hüquqi subyekti olmaq üçün isə bu səlahiyyətlərin onun tərəfindən həyata keçirilməsinə bir sıra məhdudiyyətlər də qoyulmaqla parlamentin aşağı palatası təsis edilir və bu aşağı palata nümayəndələr palatası adı ilə adlandırılır.
Nümayəndələr palatası təsis olunarkən bu palatanı təşkil edəcək kəslərə ilkin olaraq xalqın nümayəndəsi mənası verilir, ən azı rəsmi səviyyədə. Bu bir faktdır, və mən bunu qətiyyən inkar etmək fikrində deyiləm. Amma mən buraya belə bir faktın da konstatasiyasını əlavə etməyi zəruri hesab edirəm ki, oliqarxiyanın tarix meydanına çıxması ilə xalq adından təkliflər vermək və ideyalar irəli sürmək imkanına real olaraq xalqın heç də sıravi nümayəndəsi deyil, böyük maliyyə resurslarına malik oliqarx tərəfindən dəstəklənən nümayəndəsi sahib ola bilir. Bu səbəbdən də oliqarxiyanın bir siyasi sistem olaraq təbii təkamülü prosesində xalqın nümayəndəsi tədricən əslində oliqarxın nümayəndəsi olur, xalqın qanun sifarişçisi hüquqi statusu, imtiyazları və səlahiyyətləri də əslində əsasən elə oliqarxa aid olur, qanun sifarişçisinin hüquqi statusu olmasa da, imtiyazları və səlahiyyətləri bütövlükdə oliqarxa məxsus olur.
Parlamentin yuxarı palatası, Senat təsis olunduğu ilk zamanlarda oliqarxlararası razılaşmaların əldə edilməsi üçün rəsmi məkan statusunda olmuşdur. Bu baxımdan Senatın təsis olunması oliqarxların qeyri-rəsmi toplantılarına rəsmi status verilməsi kimi də dəyərləndirilə bilər. Oliqarxlar burada kardinal məsələlər ətrafında rəsmi razılaşmalara nail olmuşlar.
Senat təsis olunduğu ilk zamanlarda bir çox hallarda oliqarxların özlərindən ibarət formalaşdığı halda, parlamentin aşağı palatasının əksər hissəsi bir qayda olaraq oliqarxların etibar etdikləri insanlardan, onları təmsil edə bilənlərdən, onların nümayəndəsi ola bilənlərdən formalaşmışdır. Aşağı palatanın məhz nümayəndələr palatası adlandırılması həmçinin elə bu kontekstdə də mənalandırıla bilər. Parlamentin aşağı palatasına məhz nümayəndələr palatası adının verilməsi bəlkə də oliqarxların nümayəndələrinin palatası kontekstinə malik olmuşdur və onun təsis olunmasının əsasında da bəlkə elə məhz bu məna, oliqarxların nümayəndələrinin palatası mənası dururdu, bu təhtəlşüur olaraq da baş verə bilərdi, elə şüurlu olaraq da.
Oliqarxik sistemdə parlamentin yuxarı palatasının aristokratik sistemin senatına bənzərliyi isə yuxarıda qeyd olunduğu kimi, əsasən zahiri xarakter daşısa da, bununla belə, həqiqi aristokratik ruhlu iri maqnatların mümkünlüyü və siyasi həyatda aktiv iştirakı bir sıra hallarda, bəlkə də bir çox hallarda bu bənzərliyə həqiqi xarakter də verə bilir.
Oliqarxın ruhən aristokratik təbiətli olması ideal bir situasiyadır. Doğrudur, reallıqda bu ideal situasiya yaranmaya da bilir, amma yarana da bilir. Nəzərə alınmalıdır ki, burjuanın və irsi aristokratiyanın kəskinliklə qarşı-qarşıya durması yalnız Yeni dövrün başlanğıcı üçün səciyyəvi idi. Həm Yeni dövrün başlanğıcından öncə, həm də Yeni dövrün sonrakı, daha çox inkişaf etmiş mərhələlərində burjua ilə irsi aristokratiya arasında çox ciddi yaxınlaşma meyilləri müşahidə olunmuşdu. Əgər Yeni dövr ərəfəsində burjua aristokratik titulların mənimsənilməsinə meyilli idisə, Yeni dövrün sonrakı, daha çox inkişaf etmiş mərhələlərində irsi aristokratiyanın mənəvi deqradasiyadan xilas olan hissəsində xalis nəzəri fəaliyyət sferasına çəkilmə meyilləri ilə yanaşı, burjualaşma meyilləri də müşahidə olundu və irsi olaraq aristokratik mənşəli olan bu insanların burjualaşma istiqamətində inkişafı hətta kifayət qədər geniş miqyasda yer almışdı.
İrsi aristokratiyanın mənəvi deqradasiyadan xilas olaraq xalis nəzəri fəaliyyət sferasına çəkilən hissəsi bilik iqtisadiyyatının ön plana çıxması ilə səciyyəvi olan müasir dövrdə mühüm əhəmiyyət kəsb etməkdədir. İndiki postindustrial dövrdə iqtisadi fəaliyyət sferasının üstün mövqeyinin intellektual fəaliyyət sferasının üstün mövqeyi ilə əvəzlənməsi baş verir və bununla bağlı olaraq belə bir fakt da xüsusu əhəmiyyət kəsb edir ki, Amerika Birləşmiş Ştatları milyarderlərin sayına görə dünyada birinci yerdə olsa da, hal-hazirda Amerika Birləşmiş Ştatlarının nə Senatında, nə də nümayəndələr Palatasında bircə nəfər də milyarder yoxdur.
Elə bu səbəbdəndir ki, aristokratik resursların istifadəsi indi getdikcə daha çox intellektual fəaliyyət sferasında baş verdiyindən, Senat aristokratik resursların təmərküzləşmə məkanı kimi onların üzə çıxarılmasında və real siyasi problemlərin həllinə cəlb olunmasında əhəmiyyətli rol oynaya bilən bir qurum da ola bilir və aristokratik mənşəli bir təsisat kimi əslində elə olmalıdır da.
***
Dövlətin ümumiyyətlə təkamülünün nəzəri-fəlsəfi baxımdan təqdimatından Azərbaycanın siyasi reallığına bir dönüş etmək istərdim. Bu dönüş Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və 29 dekabr 2012 tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlıdır və həmin Konsepsiyanın “Qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi” adlı 8-ci bölümündə irəli sürülən vəzifələr kontekstində mənim təklif etdiyim bir doktrina ətrafında düşüncələrimi özündə ehtiva edir.
Bu kontekstdə təklif etdiyim həmin doktrina son dərəcə sadə konstruksiyalı bir mülahizənin təqdimatı və əsaslandırılması kimi də qiymətləndirilə bilər. Bu sadə mülahizə isə belədir: Azərbaycanın qanunlarını Azərbaycanın alimləri yaratmalıdırlar.
İrəli sürülən doktrinanın və onun çıxış nöqtəsini təşkil edən bu mülahizənin əsaslandırılması vasitəsi olaraq mənim istinad etdiyim başlıca arqument isə belədir:
Dövləti, əslində bütövlükdə həm də xalqı idarə etməli olan qanunların ən mükəmməllərini təbii ki o kəslər yarada bilərlər ki, onlar həmin bu xalqdandırlar, bu xalqdan olduqları üçün xalqda daşınan intellektual resursların, şüuru və qeyri-şüuru mental dəyərlərin daşıyıcılarıdırlar və üstəlik həmin bu intellektual resursları hərəkətə gətirə bilmişlər və eləcə də xalqda daşınan şüuru və qeyri-şüuru mental dəyərlərin özlərinə maksimum dərəcədə yaradıcı xarakter verə bilmişlər. Bu səbəbdən də xalqı bütövlükdə idarə etməli olan qanunların yaradılması da məhz onlara etibar edilməlidir. Düşünürəm ki, belə olduğu halda xalq öz mövcudluğundan, ideallarından və inkişafından doğan problemlərin ən optimal həllinə nail ola bilər.
Bəs, bunu necə etmək olar?
Düşünürəm ki, bunu etmək Azərbaycanın qanunverici hakimiyyətinin ikipalatalı sistem olaraq təsis olunması vasitəsilə mümkündür.
Azərbaycanın hazırkı birpalatalı qanunverici hakimiyyət orqanı olan Milli Məclis qanun yaradıcılığı prosesində Azərbaycan alimlərinin intellektual potensialından müəyyən dərəcədə istifadə edir. Azərbaycan alimləri Milli Məclisin qanun yaradıcılığı fəaliyyətində həm Milli Məclisin uyğun komissiyasına dəvət olunmuş ekspertlər qismində iştirak edirlər, həm Milli Məclisin aparatında müəyyən dərəcədə təmsil olunmuşlar, və həm də Milli Məclisin üzvlərin bir qismi alimlərdirlər.
Lakin, bu vəziyyət Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin intellektual potensialından yalnız qismən və sporadik bir şəkildə istifadə olunmasına imkan yaradır. Əvvəla, ona görə ki, Azərbaycan qanunlarının yaradılmasında iştirak edən Azərbaycan alimlərinin yalnız bir qismi - Milli Məclisin üzvləri olanları - qanunvericilik təşəbbüsü hüququna malikdirlər. Bundan fərqli olaraq, Azərbaycan qanunlarının yaradılmasında iştirak edən dıgər alimlər - nə Milli Məclisin uyğun komissiyalarına ekspert qismində dəvət olunanlar, nə də Milli Məclisin aparatında təmsil olunanlar - qanunvericilik təşəbbüsü hüququna malik deyillər. İkincisi, Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin iştirak mexanizmləri bir sistem halında olmadığından, onların seçim və təyinat mexanizmi sporatik xarakter daşımaqla heç də ən optimal deyildir.
Düşünürəm ki, Azərbaycanın qanunverici hakimiyyətinin yuxarıda qeyd olunduğu kimi ikipalatalı sistem olaraq təsis olunması Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin iştirakının permanent və daha optimal olması üçün mümkün vasitələrdən biri və hətta mən deyərdim ki, ən optimalı ola bilər. Bu palatalardan birinin ərazilər üzrə əhali tərəfindən seçilən nümayəndələrdən ibarət, digərinin isə sahələr üzrə mütəxəssislər tərəfindən seçilən alimlərdən ibarət təsis edilməsi təklif olunur.
Təklif etdiyimiz sxemdə Qanunverici hakimiyyətin palatalarının adlandırılmasının dünyada artıq formalaşan ənənələrə uyğun şəkildə aparılması nəzərdə tutulur: Qanunverici hakimiyyətin şərti olaraq aşağı palata kimi səciyyələndirilə bilən birinci palatasının Nümayəndələr Palatası, şərti olaraq yuxarı palata kimi səciyyələndirilə billən ikinci palatasının isə Senat adlandırılması təklif olunur. Nümayəndələr Palatasının üzvləri deputatlar, Senatın üzvləri isə senatorlar adlandırılır. Qanunverici hakimiyyətinin özünün bütövlükdə isə əvvəlki adının, Milli Məclis adının saxlanılması məqsədəuyğun hesab edilir.
Nümayəndələr Palatasının üzvləri (deputatlar) inzibati-ərazi vahidləri üzrə, Senatın üzvləri (senatorlar) isə fəaliyyət sahələri üzrə seçilir.
Nümayəndələr Palatasının üzvlərini seçmək hüququna Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərinin birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar, həmin ərazidə yaşayan vətəndaşların nümayəndəsi (deputatı) olaraq seçilmək hüququna isə həmin ərazidə yaşayan və ali təhsilə malik olan Azərbaycan Respublikası vətəndaşları malikdirlər.
Senatın üzvlərini seçmək hüququna uyğun sahə üzrə bakalavr və ya magistr səviyyəsində ali təhsil almış və həmin sahədə çalışan, və ya həmin sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları, Senatın üzvü olaraq seçilmək hüququna isə həmin sahə üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan və həmin sahədə çalışan Azərbaycan Respublikası vətəndaşları malikdirlər.
Nümayəndələr Palatasının üzvləri seçildikləri ərazi vahidinin əhalisinin nümayəndəsi hesab olunurlar və həmin əhalinin adından çıxış edirlər. Senatın üzvləri isə təmsil etdikləri sahənin yüksək ixtisasları ekspertləri olaraq fəaliyyət göstərirlər.
Nümayəndələr Palatasının üzvləri seçildikləri ərazi vahidinin əhalisinin maraqları və tələbləri əsasında həmin ərazi vahidinin məsul vəzifəli şəxslərinə deputat sorğusu göndərmək, qənaətbəxş cavab almadığı halda isə onların cəzalandırılması barədə yuxarı təşkilatlar qarşısında, və buna zərurət olduğu halda Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Eləcə də, Senatın üzvləri təmsil etdikləri sahənin inkişaf perspektivləri baxımından həmin sahənin məsul vəzifəli şəxslərinə sorğu göndərmək, onların cəzalandırılması barədə yuxarı təşkilatlar qarşısında, və buna zərurət aşkar olduğu halda Azərbaycan Respublikasının Prezidenti qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər.
Nümayəndələr Palatasının üzvləri olan deputatlar zonalar üzrə regional deputat qruplarında, Senatın üzvləri olan alim-ekspertlər isə təmsil etdikləri sahələr üzrə daimi komissiyalarda birləşirlər.
Nümayəndələr Palatasının üzvləri Senatın daimi komissiyalarının işində və Senatın ümumi iclaslarında məşvərətçi səslə iştirak etmək hüququna malikdirlər. Eləcə də Senatın üzvləri Nümayəndələr Palatasının ümumi iclaslarında və redional deputat qruplarının işində məşvərətçi səslə iştirak edirlər.
Hər iki palatanın üzvləri, həm Nümayəndələr Palatasının üzvləri olan deputatlar, həm də Senatın üzvləri olan alim-ekspertlər qanunvericilik təşəbbüsü hüququna malikdirlər. Lakin, qanunvericilik təşəbbüsü hüququ təbii ki, yalnız onlara mənsub deyildir. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşınin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qanunvericilik təşəbbüsü hüququna malik olması barədə Azərbaycan Respublikasının Konstitutsyasında indi təsbit olunan məqam düşünürəm ki elə 2020-ci il üçün də mütləq dəyər kəsb edəcəkdir. Əgər Azərbaycan Respublikasının Prezidenti qanunvericilik təşəbbüsü hüququndan bütövlükdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin inkişafı və maraqlarının qorunması üçün istifadə edirsə, qanunvericilik təşəbbüsü hüququnun digər sahibləri, o cümlədən Nümayəndələr Palatasının və Senatın üzvləri qanunvericilik təşəbbüsü hüququndan Azərbaycan xalqının və Azərbaycan dövlətinin inkişafının və maraqlarının qorunmasının konkret aspektləri üzrə istifadə edirlər. Nümayəndələr Palatasının üzvləri seçildikləri ərazinin vətəndaşlarının maraqları baxımından, Senatın üzvləri isə təmsil etdikləri sahənin inkişaf perspektivləri baxımından qanunvericilik təşəbbüsü ilə çıxış edirlər.
Nümayəndələr Palatasının üzvü olan deputat tərəfindən qanunvericilik təşəbbüsü ilə irəli sürülən qanun layihəsi ilkin olaraq həmin deputatun daxil olduğu regional deputat qrupunda müzakirə olunur, məqbul hesab edildiyi halda qanun layihəsi müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə ekspert qiymətləndirilməsi üçün Senatın uyğun daimi komissiyasına, və ya, qanun layihəsi iki və ya daha artıq daimi komissiyanın kompetensiyasına aid olduğu halda, qanun layihəsinin predmetinə uyğun sahələr üzrə daimi komissiyalara göndərilir. Qanun layihəsi Senatın uyğun daimi komissiyasında (və ya, komissiyalarında) müzakirə olunduqdan sonra müvafiq ekspert qeydləri ilə qanun layihəsinin müəllifinin daxil olduğu regional deputat qrupuna göndərilir və göstərilən ekspert qeydləri nəzərə alınmaqla həmin regional deputat qrupunda yenidən müzakirə edilir, məqbul hesab edildiyi halda burada müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə Nümayəndələr Palatasının ümumi müzakirəsinə verilir. Nümayəndələr Palatası qanun layihəsini müzakirə edir, məqbul hesab edildiyi halda onu burada müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə Senatın ümumi müzakirəsinə göndərir. Senat qanun layihəsini növbəlilik qaydasında müzakirə edir və onun qəbul edilməsi və ya, yenidən uyğun daimi komissiyaya və ya komissiyalara göndərilməsi, ya da həmin qanun layihəsi ilə bağlı müzakirələrin dayandırılması barədə qərar qəbul edir. Senat qanun layihəsini tamamlanmış və hazırkı gün üçün mükəmməl hesab etdiyi və bu səbəbdən də onun qəbul olunması barədə Qərar qəbul etdiyi halda Qanun layihəsi və onun Senat tərəfindən qəbul edilməsi barədə Qərar Azərbaycan Respublikasının Prezidentinə göndərilir. Azərbaycan Respublikasının Prezidenti qanun layihəsini ölkənin ümumi maraqları baxımından qiymətləndirərək ya təsdiq edir, ya uyğun düzəlişlərin edilməsi üçün yenidən Senatın müzakirəsinə qaytarır, ya onun tətbiq sahəsinə müddətli və ya müddətsiz məhdudiyyətlər qoyur, ya da onun tətbiqinin ümumiyyətlə istisna olunması barədə qərar qəbul edir. Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildiyi halda Qanun statusunu alır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan zamandan etibarən qanuni qüvvəyə minir.
Nümayəndələr Palatası Senata göndərdiyi qanun layihəsi üzrə müzakirələrin dayandırılması barədə Senatın qəbul etdiyi qərardan Azərbaycan Respublikasının Prezidentinə protest verə bilər.
Senatın üzvü tərəfindən qanunvericilik təşəbbüsü ilə irəli sürülən qanun layihəsi də oxşar prosedurlara məruz qoyulur. Senatorun irəli sürdüyü qanun layihəsi ilkin olaraq onun daxil olduğu daimi komissiyanın iclasında müzakirə olunur, məqbul hesab edildiyi halda müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə Senatın ilkin ümumi müzakirəsinə çıxarılır və burada müzakirə olunduqdan sonra müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə onun birinci oxunuşda qəbul edilməsi və ya, yenidən uyğun komissiyaya və ya, komissiyalara göndərilməsi, ya da həmin qanun layihəsi ilə bağlı müzakirələrin dayandırılması barədə qərar qəbul edir. Senat qanun layihəsini birinci oxunuş mərhələsi üçün məqbul hesab etdiyi halda onu regionların maraqları baxımından müzakirə olunmaq üçün Nümayəndələr Palatasına göndərir. Nümayəndələr Palatasının üzvləri qanun layihəsini seçildikləri ərazinin əhalisinin maraqlarına uyğunluq baxımından müzakirə edirlər və qanun layihəsinə müvafiq dəyişiklikləri edərək onu yenidən Senatın müzakirəsinə göndərirlər. Senat qanun layihəsini növbəlilik qaydasında müzakirə edir və müzakirə zamanı söylənilən və münasib hesab edilən qeydlər əsasında düzəlişlər edilməklə onun ikinci oxunuşda qəbul edilməsi və ya, uyğun komissiyaya və ya komissiyalara göndərilməsi barədə qərar qəbul edir. Senat qanun layihəsini tamamlanmış və hazırkı gün üçün mükəmməl hesab etdiyi və bu səbəbdən də onun ikinci oxunuşda qəbul olunması barədə Qərar qəbul etdiyi halda Qanun layihəsi və onun Senat tərəfindən qəbul edilməsi barədə Qərar Nümayəndələr Palatasının üzvü olan deputat tərəfindən qanunvericilik təşəbbüsü əsasında irəli sürülən qanun layihəsi halında olduğu kimi Azərbaycan Respublikasının Prezidentinə göndərilir. Qanun layihəsininin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkənin ümumi maraqları baxımından qiymətləndirilməsi və müvafiq qərar qəbul edilməsi analoji qaydada həyata keçirilir.
Analoji qayda həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı, Azərbaycan Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələrinə də tətbiq edilir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri ilə bağlı prosedur qaydaları Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşı, Azərbaycan Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və eləcə də, Senatın və Nümayəndələr Palatasının üzvləri tərəfindən təqdim olunan qanun layihələri ilə bağlı prosedur qaydalarından başlıca olaraq onunla fərqlənir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələrinin müzakirəsinin dayandırılması barədə qərar qəbul edilə bilməz, onların tətbiq sahəsinə müddətli və ya müddətsiz məhdudiyyətlər qoyula bilməz, onların tətbiqinin istisna olunması barədə qərar qəbul edilə bilməz.
Mənim təklif etdiyim başlıca sxem budur. Bu sxemin bəzi konkretləşdirmələri tələb edən bir sıra əlavə təfərrüatları da vardır ki, bu təfərrüatlarla bağlı düşüncələrimi möhtərəm oxucumla və mənim konsepsiyam ətrafında müzakirələrə qatılan hörmətli həmkarlarımla bölüşmək istərdim. Amma dərhal qeyd edim ki, bu təfərrüatlar təklifin yuxarıda təqdim etdiyim başlıca məzmunu ilə müqayisədə ikinci dərəcəli əhəmiyyətə malikdir və təklifin başlıca məzmununa əlavə kimi nəzərdən keçirilə bilər.
Bu təfərrüatların bir qismi seçkilərdə iştirak edən elektoratın təsnif edilmə (qruplaşdırılma) prinsipi ilə, digər qismi palataların formalaşdırılma qaydaları ilə, üçüncü bir qismi isə səslərin hesablanması prinsipləri ilə bağlıdır.
Mən bu təfərrüatlarla bağlı mülahizələrimi möhtərəm oxucumun diqqətinə hər bir palata üzrə ayrıca təqdim edirəm:
Öncə Nümayəndələr Palatasına seçkilərdə iştirak edən elektoratın təsnif edilmə (qruplaşdırılma) prinsipi, Palatanın özünün formalaşdırılma qaydaları və üzvlərinin səslərin hesablanması prinsipləri ilə bağlı.
Nümayəndələr Palatasına seçkilərdə iştirak edən elektoratın qruplaşdırılmasının ümumi prinsipini mən belə görürəm:
Nümayəndələr Palatasının üzvlərinin indiki kimi, 40 000 sayda əhalinin yaşadığı ərazi üzrə yaradılan seçki dairələri üzrə deyil, inzibati rayonlar üzrə seçilməsini təklif edərdim. Bir qədər də konkretləşdirilsə, ölkənin paytaxtının da rayonları daxil olmaqla hər rayondan bir deputat və paytaxt və rayon mərkəzi statusunda olan şəhərlər istisna olmaqla digər bütün Respublika tabeliyində olan şəhərlərin hər birindən bir deputat olmaqla seçilməsini məqsədəuyğun hesab edərdim.
Nümayəndələr Palatasının formalaşdırılma qaydalarından birincisi və ən mühümü artıq şərh edilmişdir: Nümayəndələr Palatasının üzvləri (deputatlar) regional deputat qruplarında birləşirlər.
Mən həmin regional deputat qruplarının aşağıdakı kimi təşkil olunmasını məntiqi hesab edərdim.
Bakı-Abşeron regional deputat qrupu. Bu regional deputat qrupuna Böyük Bakı inzibati vahidinə daxil olan rayonlarının hər birindən, və eləcə də Böyük Bakı İnzibati vahidinə daxil olmayan Abşeron rayonunun seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, Respublika tabeliyində olan Sumqayıt şəhərindən şəhərin seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 16 deputat).
Şimal regional deputat qrupu. Bu regional deputat qrupuna Xaçmaz, Xızı, Quba, Qusar, Siyəzən, Şabran rayonlarının hər birindən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 8 deputat).
Şimal-Qərb regional deputat qrupu. Bu regional deputat qrupuna Ağsu, Balakən, İsmayıllı, Qax, Qəbələ, Qobustan, Oğuz, Şamaxı, Şəki (Respublika tabeliyində olan Şəki şəhəri də daxil olmaqla), Zaqatala rayonlarının hər birindən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 12 deputat).
Cənub regional deputat qrupu. Bu regional deputat qrupuna Astara, Lerik, Lənkəran (Respublika tabeliyində olan Lənkəran şəhəri də daxil olmaqla), Masallı, Yardımlı rayonlarının hər birindən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 7 deputat).
Aran regional deputat qrupu. Bu regional deputat qrupuna Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar, Yevlax (Respublika tabeliyində olan Yevlax şəhəri də daxil olmaqla), Zərdab rayonlarının hər birindən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, Respublika tabeliyində olan Mingəçevir və Şirvan şəhərlərinin hər birindən seçki hüququna malik əhali tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 22 deputat).
Dostları ilə paylaş: |