Mülkiyyət, ən əsası isə torpaq dövlətin nəzarətindən çıxır, xüsusiləşir, alqı-satqı obyektinə çevrilir. Bununla da, təkhakimiyyətliliyin iqtisadi əsasları sarsılır.
Politiyanın siyasi resursları tükəndikcə və politiya özünün siyasi sonuna doğru irəlilədikcə hakimiyyətin cəmiyyət və dövlət qarşısında borc kimi deyil, imtiyaz kimi anlaşılması daha da güclənir.
VƏDLƏ ALINAN HAKİMİYYƏT:
DEMOKRATİYA
Əgər politiyada xalq yuxarıların etimadını qazanaraq hakimiyyət əldə edirsə, demokratiyada bunu o, vəd etməklə ələ aldığı aşağıların etimadını qazanaraq edir. Xalq politiyada dövlətin idarə olunmasına cəlb olunur, demokratiyada isə dövlətin idarə olunmasını ələ alır1.
Bunun necə baş verdiyinə diqqət yetirək.
Hər şeydən öncə onu qeyd edək ki, demokratiya bir siyasi sistem olaraq şəhərin gur inkişafı ilə bağlı meydana gəlir. Demokratiya o şəraitdə formalaşır ki, hakimiyyət onun idarəetmə sferasından bütövlükdə kənarda qalan şəhərli kütləsi üzərində nəzarətini tədricən itirməyə başlayır. Mənşəyi etibarı ilə təbəəlikdən törəyən şəhərli kütləsi ilə ali hakimiyyət arasında subordinasiya münasibətləri itir və hakimiyyətdən qopub ayrılan kütlə özünü artıq müstəqil bir toplum olaraq, öz mövcudluğunu hakimiyyətdən müstəqil olaraq davam etdirə bilən bir vətəndaş cəmiyyəti olaraq dərk etməyə başlayır. Demokratiya da öz təşəkkülünü elə buradan götürür.
Şəhərli artıq təbəə statusunun hüquqi çərçivələrinə sığmır, özünün davranış prinsiplərinin özünə yad olan hakimiyyət tərəfindən müəyyənləşdirilməsi ilə qane olmur, öz davranış prinsiplərinin ona yadlaşan hakimiyyət tərəfindən müəyyənləşdirilməsinin zəruriliyini hər vəcdlə inkar etməyə başlayır, belə bir müəyyənləşdirilmənin əhəmiyyətini hər vəcdlə azaltmağa çalışır, ona rişxənd edir və özünün davranış prinsiplərinin özü tərəfindən müəyyənləşdirilməsini arzulayır, qanunların yaradılmasında iştirak etmək istəyir. Demokratiya da elə bu arzunun, elə bu istəyin reallaşdırılması prosesində gerçəklik statusu qazanır, siyasi həyatda məhz bununla yer alır.
Demokratiya dövrü real həyatda siyasi aktivliyin, hüququn və qanun yaradıcılığının gur inkişafı ilə səciyyələndirilə bildiyi halda, incəsənətdə sarkazm yaradıcılığının gur inkişafı ilə səciyyələndirilə bilər. Tiraniya dövrü poeziyanın, monarxiya dramaturgiyanın, politiya dövrü prozanın gur inkişafı ilə səciyyəvi olduğu halda, demokratiya dövrü onların əksliklərinin, yəni satiranın, komediyanın və lətifənin gur inkişafı ilə səciyyəvidir, əlbəttə ki qanun yaradıcılığının gur inkişafı ilə paralel olaraq.
Qanun burada artıq əvəz prinsipinin ifadəçisindən dövlət üzərində üstünlük əldə etmə vasitəsinə çevrilir.
Qanun ideyası vətəndaşlıq ideyası ilə vəhdətdə şəhərli kütləsinin hakimiyyət üzərində hikkəsinin tarixi təzahür formalarından biri olur. Heç də təsadüfi deyildir ki, bir çox dillərdə vətəndaş sözü şəhərli mənasını verir: ingilis dilindəki city (şəhər) sözündən törəyən citizen (vətəndaş) ifadəsində və ya rus dilindəki горожанин (şəhərli) sözündən törəyən гражданин (vətəndaş) ifadəsində olduğu kimi.
Bu vaxta qədər başlıca olaraq hökmdar iqamətgahının yerləşdiyi məkan mənasını daşıyan şəhər (town), indi tədricən həm də vətəndaşın məskunlaşdığı məkan (city) mənasını kəsb edir1.
Təbəəlikdən vətəndaşlığa doğru istiqamətlənən tarixi təkamül demokratizmin doğuluşunu və hətta qələbəsini mümkün edən mühüm müqəddəm şərtə çevrilir.
Bu tarixi təkamül prosesində bir tərəfdən, dövləti problemlər yalnız hökmdar hakimiyyətinin problemləri kimi deyil, həm də vətəndaş cəmiyyəti durumunda olan xalqın problemləri kimi məna kəsb edir və bu halda xalq əslində xalq olmaqdan qalaraq millətləşir, millət statusunu kəsb edir.
“Xalq” və “millət” arasındakı fərq, əgər əyanilik xatirinə bir qədər kobud şəkildə ifadə olunsa, “sürü” və “dəstə” arasındakı fərq kimidir. Sürü sürülür, dəstə üzvləri isə qərarın qəbul edilməsi prosesində iştirak edirlər.
Xalq və millət arasında başqa bir fərq isə ondan ibarətdir ki, əgər xalq kəndin əsasında formalaşırsa, millət şəhərin əsasında formalaşır. Lakin şəhərin özü əsasən kəndin insani resursları üzərində qurulduğundan, icma dəyərlərini müəyyən dərəcədə və müəyyən formada özündə ehtiva edir. Millət ideyasının özü də şəhər mədəniyyətinin icma mənşəli olduğunu bir daha xatırladır.
Əgər kənd və onun əsasında formalaşan xalq özü üzərində tiranik dövlətin himayəsinə etibar edirsə, şəhər demokratik dövlətin himayəsinə etibar edir.
Əgər tiraniyada dövlət hökmdarın qüdrəti ilə qüdrətlənir və möhkəmlənirdisə, hökmdarın qüdrətsizliyi isə onu zəiflədirdisə, demokratizm şəraitində dövlət artıq vətəndaşın, xalqın, millətin qüdrəti ilə qüdrətlənir, zəifliyi ilə isə zəifləyir.
Vətəndaşın fikri, mövqeyi siyasi əhəmiyyət kəsb etdikcə, başqa sözlə, təbəə vətəndaşa və bütövlükdə xalq millətə çevrildikcə vətəndaşın və xalqın öncə fikrinın və mövqeyinin, daha sonra isə hətta iradəsinin ifadəçisi olan mətbuat siyasi hakimiyyətə bir təzyiq vasitəsinə, və ya son onilliklər ərzində deyildiyi kimi, dördüncü hakimiyyətə çevrilməyə başlayır. Mətbuat cəmiyyətdə, xüsusən də cəmiyyətin ayrı-ayrı sahələrində vəziyyətin necə olduğunu göstərməklə, dolayısı yolla həm də hakimiyyətin harada və nə etməli olduğunu göstərmiş olur. Mətbuat başlıca olaraq derektiv xarakterli olmasa da, faktual və bir çox hallarda isə əslində qeyri-şüuri hesabat xarakterli informasiyanın daşıyıcısı və mənbəyi olmaqla cəmiyyətin idarə olunmasında iştirak edir. Məhz mətbuatın, kütləvi-infirmasiya vasitələrinin inkişafı sayəsində cəmiyyət, xalq, millət dövləti necə idarə etmək barədə hakimiyyətə məsləhət verməyə daha çox ehtiyac duyur.
Digər tərəfdən, cəmiyyət, xalq, millət dövləti necə idarə etmək barədə hakimiyyətə məsləhət verməyə ehtiyac duyduğu bir zamanda hakimiyyət də dövləti idarə etmək üçün kənardan məsləhət almağa ehtiyac duyur və demokratikləşmənin təşəkkülü prosesində bu ehtiyacı ödəməyə başlayır.
Ümumxalq, daha doğrusu, ümummilli problemlər hakimiyyətin hüdudları daxilində həll edilə bilmədiyindən, bu hüdudları aşır, siyasi xarakter daşımağa başlayır.
Siyasətçi heç də həmişə hakimiyyətə malik olan adam olmadığı kimi, ali hakimiyyətə malik olan adam - hökmdar da heç də həmişə siyasətçi deyildir. Siyasətçi ali hakimiyyətə malik olan adamın - hökmdarın əməlləri haqqında mühakimə yürüdən kəsdir, bir qədər kəskin və birbaşa deyilərsə, hökmdarın qeybətçisidir. Siyasət o zaman başlayır ki, insanlar ali hakimiyyətin özünü necə aparması və aparmalı olması barədə mühakimə yürüdürlər, elə bil ali hakimiyyətə məsləhət vermək istəyirlər.
Sözün tam mənasında siyasətin özü də məhz o zaman meydana gəlir ki, hökmdar öz siyasi qüdrətinin məhdudiyyətini, çərçivələrini hiss etdikcə dövləti problemlərin həlli üçün xalqla məsləhətləşməyə ehtiyac duyur1.
Dövlətin demokratikləşməsi yolunda birinci konkret tarixi addım isə Parlamentin təsis olunmasıdır. Parlament hökmdarın dövləti problemlərin həlli üçün «xalqla məsləhətləşmə» ehtiyacından yaranır və özünün tarix meydanına çıxarılması ilə dövlətin demokratiya məcrasında təkamülündə əslində başlanğıc tarixi məqam olur.
Dövlətin idarəolunma işi demokratikləşmənin elə ilk addımından başlayaraq siyasi xarakter alır. Çünki hökumət ona məsləhət verənlərin və onun üzərində nəzarət edənlərin sayının çoxalması ilə bağlı artıq yalnız idarə etməklə kifayətlənə bilmir, həm də müntəzəm olaraq öz fəaliyyətini bəraətləndirməli, əsaslandırmalı, qiymətləndirməli və rasionallaşdırmalı olur. Hökumət burada təkcə idarə etmir, həm də öz idarəetmə fəaliyyəti barədə müntəzəm olaraq hesabat verir.
Parlament özlüyündə isə vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında razılaşma və müvazinət aləti kimi meydana çıxır. Vətəndaş cəmiyyəti tabe olacağı qanunların və verəcəyi vergilərin hakimiyyətlə razılaşdırılması işini rəsmi olaraq məhz parlament vasitəsilə həyata keçirir. Bununla da məhz parlament vasitəsilə həm vətəndaş cəmiyyətinin hakimiyyətdən azad olması faktı rəsmən tanınır, qanuniləşdirilir, həm də vətəndaş cəmiyyətinin hakimiyyətlə birgəyaşayış prinsipləri razılaşdırılır.
İlkin halda parlament hələ ki hakimiyyətin bir qolu deyildir, hökmdar hakimiyyətinin bir davamıdır, parlament bu halda hökmdara tabe olur, yalnız məşvərətçi orqan kimi çıxış edir və silki xarakter daşıyır.
Demokratik təkamülün ilkin mərhələsi olan silki monarxiya ənənəvi tarixşünaslıqda qəbul olunduğu kimi mütləq monarxiya adlandırılan dövlət formasından əvvəl deyil, sonra yaranır. Ənənəvi olaraq mütləq monarxiya adlandırılan siyasi sistem isə əslində politiyadır və silki monarxiyadan daha öncə mövcud olur. Ənənənin mütləq monarxiya adı verdiyi dövlət formasında monarx hakimiyyətin mütləq subyekti kimi qələmə verilsə də, reallıqda bu siyasi sistem baş nazir tərəfindən idarə olunur və həmin bu siyasi sistem silki əsaslar üzrə təşkilatlandırılan parlamenti öz tərkibinə daxil etməklə silki monarxiya statusunu kəsb edir və bununla da himayə etdiyi şəhərli kütləsinin dövlət üzərində hikkəsini qanuniləşdirir.
Lakin Parlamentin özünün yaranması ilə baş nazirin statusunda ciddi dəyişikliklər baş verir. Çünki Parlament hökmdarın verəcəyi qərarlara, təsisatlara və təyinatlara təsir göstərmək səlahiyyətinə və gücünə malik olduğundan, idarəetmədə baş nazirin və ümumiyyətlə nazirlərin müəyyən dərəcədə şəriki olmuş olur.
Hakimiyyətə iddialı olan insanların hələ monarxiyanın sonlarında formalaşan və siyasi partiya adlandırılan birliyi isə bu vaxtdan başlayaraq, yəni parlament institutunun hakimiyyət meydanına çıxması ilə xüsusi məna kəsb edir. Siyasi partiyalar yalnız Parlament tərkibinin seçilməsində deyil, həm də nazirlərin hökmdar tərəfindən seçimində də mühüm əhəmiyyətə malik olurlar. Lakin bununla yanaşı, belə bir faktı da qeyd etmək lazım gəlir ki, siyasi partiyalar layiq olan insanların irəli çəkilməsində əhəmiyyətli rol oynamaqla bərabər, eyni zamanda layiq olmayan insanların da irəli çəkilməsində əhəmiyyətli rol oynamışlar, bunun üçün isə şantajı, insanları düşünülmüş şəkildə çirkaba batırmanı, insanları yalana baş əyməyə məcbur etməni, iftiranı və ikiüzlülüyü mühüm siyasi vasitələrə çevirmişlər. Siyasət çirkin işdir kəlamı burada əsasən özünü doğruldur. Siyasət sözü çirkin iş, hiylə işlətmək, aldatmaq mənalarını məhz parlament institutunun hakimiyyət meydanına çıxması ilə daşımağa başlayır.
Lakin parlament üsul-idarəsində müşahidə olunan çirkab əlbəttə ki siyasətin hamısı deyildir, onun bir hissəsidir, bəlkə də cüzi bir hissəsidir. Unutmaq olmaz ki, parlament və bütövlükdə demokratikləşmə rəsmi dövlət hakimiyyətinin hüdudlarından kənarda qalan aristokratik resursların ümummilli problemlərin həllinə cəlb olunması üçün də mühüm vasitə ola bilir.
Parlamentə sonradan hökmdar tərəfindən qanunverici orqan statusunun verilməsi ilə demokratikləşmə özünün ikinci tarixi addımını atmış olur. Əgər hökmdar bu vaxta qədər malik olduğu hakimiyyətdən etibar etdiyi kəslərə müəyyən hakimiyyət payı verirdisə, indi, Parlamentin məşvərətçi orqandan qanunverici orqana çevrilməsi ilə hökmdar, artıq malik olduğu hakimiyyəti qanunverici orqan statusunu verdiyi Parlamentlə bölüşür.
Parlament qanunverici orqan olaraq nazirlərin və digər dövlət məmurlarının siyasi statuslarının müəyyənləşdirilməsində mühüm rol oynayır, nazirlər və hətta baş nazir üzərində indi daha böyük nüfuza malik olmuş olur, öz siyasi inkişafında hökmdarla nazirlər arasına mühüm həlqə mövqeyini qazanmağa da nail olur.
Parlament özünün sonrakı tarixi təkamülündə nazirlər üzərində, xüsusən də baş nazir üzərində öz nüfuzunu o dərəcədə gücləndirir ki, kontrasiqnatura prinsipini və bəzən hətta onun siyasi daşıyıcısı olan baş nazir institutunu ləğv edir, bununla da baş nazir statusunu və səlahiyyətlərini əslində öz üzərinə götürmüş olur. Bu halda kontrasiqnatura prinsipi öz hüquqi statusunu ratifikasiya prinsipinə verir.
Parlament özündən yuxarıda qalan siyasi strukturların – hökmdarın və həmçinin də Dövlət Şurasının – fəaliyyətini tədricən məhdudlaşdırarkən isə demokratikləşmə özünün üçüncü tarixi addımını atmış olur.
Monarxın və Dövlət Şurasının fəaliyyət azadlığının məhdudlaşdırılması prosesi özlüyündə isə indi artıq qanunun aliliyi prinsipinin, eləcə də hüquqi dövlət və konstitusiya ideyalarının meydana çıxması və getdikcə daha çox əhəmiyyət kəsb etməsi ilə müşayiət olunur.
Qanunun aliliyi prinsipinin ortaya çıxması ilə hakimiyyətin artıq faktiki olaraq itirilmiş mənbə və obyekt müəyyənliyi arxa plana atılır, bu itki leqallaşdırılır. Hökmdar və təbəə aşkar şəkildə olmasa da bəzən özlərinin sərəncam verən və icraçı statuslarını dəyişirlər. Obrazlı şəkildə deyilərsə, sözə baxmalı olan təbəə qanunun aliliyi prinsipini ortaya çıxarmaqla hökmdarı söz verməyə məcbur edən vətəndaşa çevrilməyə başlayır. Təbəə sanki hökmdarın sözündən istifadə edə bilmək üçün ondan söz çəkir. Bir çox hallarda hətta sözün mənbəyi də hökmdarda deyil, təbəədə daşınır. Təbəə hökmdardan söz almağa cəhd göstərir, onu söz verməyə və sözünün üstündə durmağa məcbur edir, başqa sözlə ondan qanunun aliliyi prinsipini qəbul etməyi tələb edir. Qanunun aliliyi prinsipi əslində Sözü nə qədər ki deməmisən, ağasısan, dedin qulusan məsləhətinin hüquqi qüvvəyə mindirilməsidir.
Hüquqi dövlət və konstitusiya ideyaları isə özlüyündə qanunun aliliyi ideyasını müşayiət edirlər. Əgər hüquqi dövlət ideyası vətəndaş cəmiyyətini canlı hakimiyyətdən xilas edirsə, konstitusiya ictimai müqavilə mənasını kəsb edir.
Konstitusiya vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında özünəməxsus müqavilə kimi formalaşır. Konstitusiyanın mövcud olduğu bütün hallarda siyasi hakimiyyətlə xalq arasında müəyyən bir razılaşma mövcuddur. Ya xalq elə bir hakimiyyəti qurur ki, bu hakimiyyət ondan asılıdır. Ya da hakimiyyət xalqı elə dəyişdirir ki, xalq hakimiyyətlə razılaşmaq məcburiyyətində qalır.
Əgər qanunun aliliyi, hüquqi dövlət və konstitusiya ideyaları monarxın və Dövlət Şurasının fəaliyyətini məhdudlaşdırırsa, Monarxın və Dövlət Şurasının belə bir məhdud azadlıqla barışması bu ideyaları gerçəkləşdirir və dövlət bununla da, konstitusiyalı monarxiya formasını alır.
Monarxın hakimiyyətdən tamamilə kənarlaşdırılması və Dövlət Şurasının ləğv edilməsi ilə isə demokratikləşmə özünün dördüncü tarixi addımını atmış olur. Parlamentin suverenə çevrilməsi ilə dövlət respublika formasını, daha dəqiq deyilərsə, parlamentli respublika formasını alır.
Demokratiyada beləliklə bütövlükdə hərbçi mənşəli olmayan siyasi hakimiyyət formalaşır. Demokratikləşmə prosesində hərbçi ümumiyyətlə öz üzərindəki mülki hakimiyyətin getdikcə daha çox artmasını hiss edir və demokratikləşmə prosesi özünün dördüncü tarixi mərhələsində, Spenserin terminologiyası ilə deyilərsə, hərbi cəmiyyəti bütövlükdə sənaye cəmiyyətinə çevirir.
Parlamentin Xalq Yığıncağına doğru təkamülü isə demokratikləşmənin beşinci və sonuncu tarixi addımıdır. Suveren statusunun Xalq Yığıncağına məxsusluğu dövlətə klassik mənada Demokratiya xarakterini verir.
Parlamentin suveren olduğu siyasi rejimlə Xalq Yığıncağının suveren olduğu siyasi rejim arasında aralıq element kimi Polibinin oxlokratiya1 adlandırdığı siyasi rejim çıxış edir, o siyasi rejim çıxış edir ki, onu Polibidən əvvəl Aristotel, Polibidən sonra isə Lebon oxlokratiya adlandırmasalar da, ustalıqla təsvir etmişdilər. Xalq Yığıncağının suveren olduğu siyasi rejimin özü qeyri-stabil olduğundan o, bir qayda olaraq oxlokratiya ilə çuğlaşır.
Demokratizmin meydana çıxması və dərinləşməsi hakimiyyətdə və göz qabağında olan aristokratiyanın siyasi qüdrətinin əhəmiyyətli dərəcədə tükənməsi ilə şərtlənir. Demokratikləşmə prosesinin gedişi zamanı bütövlükdə irsən və ruhən zadəgan olmayan, lakin zadəgan rütbələrini əldə edən silki aristokratiya ümumiyyətlə aristokratiya ilə eyniləşdirilir, buna görə də lənətlənir və nifrətlə damğalanır, bir çox hallarda sürgünə, hətta edama belə məruz qalırlar.
Lakin demokratikləşmədə və onunla paralel baş verən inqilabi sarsıntılarda daşınan tarixi zərurət heç də və qətiyyən hakimiyyətin «aristokratiya»dan «xalq»a ötürülməsində deyil, əksinə hakimiyyətin həqiqətən aristokratikləşməsindədir, hakimiyyətdə həqiqi aristokratiya boşluğunun həqiqi aristokratizmlə doldurulmasıdır. İnqilabın sosial təlatümləri təkcə göz qabağında və hakimiyyətdə olan zadəganlıqda həqiqi aristokratizmi üzə çıxarmaqla tamamlanmayıb, həm də gizli, xalqda daşınan və görünməyən, lakin həqiqi olan aristokratizmi aşkarlamaqdır. İnqilabı zəruri edən yeganə əsas məhz budur.
Yeni dövrün burjua inqilabları adlandırılan təlatümlərin əsasını təşkil edən sosial ziddiyyətlərin qütblərində ilkin olaraq heç də burjua və aristokratiya deyil, burjuanı öz himayəsinə almış həqiqi aristokratiya ilə burjuaya düşmən kəsilən və əslində burjua mənşəli olan yalançı aristokratiya dururdu. Lakin inqilab onu da sübut etdi ki, aristokratiyanın həqiqiliyinin əsl meyarı heç də ədalətin onun tərəfindən sadəcə olaraq müdafiə edilməsində deyil, həm də ədalətin real olaraq gerçəkləşdirilməsindədir. Bu gerçəkləşdirilməni mümkün edə bilən həqiqi aristokratizm inqilabın əzabları içərisindən doğulmalıdır. Bu doğuluşun baş verib-verməməsindən asılı olaraq, dövlət öz həqiqi mahiyyətinə qayıda da bilər, cəmiyyəti öz ağuşuna alan sosial ziddiyyətlər dərinləşə də bilər. İnqilabdan həqiqi aristokratizm doğulmadıqda, bir tərəfdə aclıq və səfalət, digər tərəfdə isə azğınlıq və ləyaqətsizlik hökm sürür. Xalq ədalətsizlik içərisində boğulur. Siyasi həyatda isə insanlar layiq olduqları mövqelərə yox, daha çox fayda götürə biləcəkləri mövqelərə can atdıqlarından cəmiyyətin təbii nizamı pozulmaqda davam edir.
Antisfen afinalılara eşşəyi at hesab etmələrini məsləhət görür. «Niyə təəccüblənirsiniz, siz səsvermə yolu ilə gədanı sərkərdə etməyə öyrəşməmisinizmi?» – deyərək öz təklifini əsaslandırır.
İnqilabi dövrün demokratik hökuməti son dərəcə qeyri-stabil, zəif və azğındır. Dövlətin stabilləşdirilməsi, gücləndiriləsi və həmçinin də azğınlıqdan müəyyən dərəcədə xilas edilməsi indi artıq iqtisadi cəhətdən ən qüdrətli olan iri sənaye və maliyyə maqnatları vasitəsilə həyata keçirilir, dövlət bu halda oliqarxiya formasını alır. Oliqarxiya isə lap başlanğıcdan haqqı ödənilməklə alınan hakimiyyət olsa da, dövlətin oliqarxiya formasını alaraq stabilləşməsi demokratikləşmənin dağıdıcı təmayülünün dayandırılmasını və bütövlükdə inqilabın sonunu şərtləndirir.
HAQQI ÖDƏNİLMƏKLƏ ALINAN HAKİMİYYƏT:
OLİQARXİYA1
Oliqarxiya formalaşarkən burjuanı real olaraq öz nəzarətində saxlaya bilən, iqtisadi cəhətdən ən qüdrətli olan iri sənaye və maliyyə maqnatları ilə ordu hissələrini real olaraq öz nəzarətində saxlaya bilən güclü və nüfuzlu komandanlar arasında ilkin olaraq dövlətin yaranması zamanı cəngavər tayfa və kənd icması arasında əldə olunmuş razılaşmaya bənzər razılaşma əldə edilir. Belə bir razılaşma bir çox hallarda həm iri sənaye və maliyyə maqnatlarını, həm də silahlı dəstə başçılarını bir araya gətirə bilən fövqəladə nüfuz sahibinin vasitəçiliyi ilə də əldə edilə bilir. Bu razılaşmaya görə, təhlükəsizliyin təminatı funksiyasını ordu hissələrini öz real nəzarətində saxlaya bilən komandanlar, maddi təminat funksiyasını isə iri maqnatlar öz üzərinə götürür. Həmin razılaşmadan kənarda qalan həm silahlı dəstələrin, həm də maqnatların müqaviməti isə zor gücünə qırılır. Bu razılaşmadan kənarda qalan silahlılar ya döyüş meydanında məhv edilir, ya həbsə atılır, ya da, sadəcə olaraq silahı yerə qoymağa təhrik edilir. Bu razılaşmadan kənarda qalan maqnatlar isə ya iqtisadi sanksiyalara məruz qoyularaq müflisləşdirilir, ya da hüquqi sanksiyalara məruz qoyularaq neytrallaşdırılır, müsadirə yolu ilə əmlakdan məhrum edilməklə yanaşı, bir çox hallarda həm də həbsə və ya sürgünə, hətta edam olunmaya məhkum edilərək cəmiyyətdən kənarlaşdırılır. İri kapital sahibləri ilə ordu hissələrini öz real nəzarətində saxlaya bilən komandanlar arasında yuxarıda xatırlanan razılaşma mövqeyində duran maqnatlara və silahlı dəstələrə qaldıqda isə, birincilər bu razılaşmaya uyğun şəkildə yeni əsaslar üzərində təşkil edilən hökumətin himayəsi altına alınır, ikincilər, yəni həmin bu razılaşma mövqeyində duran silahlı dəstələr isə bu hökumətin nəzarəti altında olan vahid komandanlığa tabe etdirilir.
Amma ilkin olaraq dövlətin yaranması zamanı cəngavər tayfa və kənd icması arasında əldə olunmuş razılaşma nəticəsində qərarlaşmış birgəyaşayış sistemindən fərqli olaraq, burada üstünlük və suveren statusu təhlükəsizlik funksiyasını yerinə yetirənlərə deyil, əks qütbdə və üçüncü mövqedə dayananlara, yəni maddi təminat funksiyasını yerinə yetirənlərə və barışdırıcıya, bir qədər də konkretləşdirilsə, iri sənaye və maliyyə maqnatlarına və bu maqnatlarla silahlı dəstə başçılarını bir araya gətirə bilən fövqəladə nüfuz sahibinə məxsus olmuş olur.
Buraya belə bir məqamı da əlavə etmək istərdim ki, üstünlük və suveren statusu əldə edən həmin bu tərəflərdən birincilərin həm üstünlüyü və həm də suveren statusu başlanğıc məqamda bir qədər kölgədə qalsa da, əslində daimidir, ikincinin üstünlüyü və suveren statusu isə başlanğıc məqamda bir qədər parlaq görünsə də, müvəqqətidir. İri sənaye və maliyyə maqnatları üstünlük və suveren statusunun daimi daşıyıcıları olaraq həmişə olmasa da, artıq əksər hallarda siyasi hakimiyyətin də əsl faktiki subyekti statusunda çıxış etməyə başlayırlar və tədricən onun əsl subyektinə də çevrilirlər, siyasi hakimiyyətə getdikcə daha cox maqnatların siyasi hakimiyyəti, sözün birbaşa mənasında oliqarxik hakimiyyət xarakterini verirlər. İkincinin üstünlüyü və suveren statusu isə yalnız o halda daimi ola bilir ki, onun özü də bir maqnatın malik olduğu iqtisadi baza əldə etmiş olur, onun özü də bir maqnat qüdrətini kəsb etmiş olur. Bu halda o, maqnatlar içərisində ən parlağı və ən qüdrətlisi olur.
Aristokratik hakimiyyətin subyektləri tarixən aristokrat adlandırıldıqları kimi oliqarxik hakimiyyətin subyektləri də bir sıra hallarda oliqarxlar adlandırılırlar. Heç də təsadüfi deyildir ki, oliqarxik hakimiyyətdə əslində suveren rolunda çıxış edən sənaye və maliyyə maqnatlarının özləri də bəzən sənaye və ya maliyyə oliqarxları və ya sadəcə olaraq elə bir qədər öncə vurğulandığı kimi oliqarxlar adlandırılır.
Aristokratiyanın başlıca siması zadəgan, tiraniyanın başlıca siması tiran, monarxiyanın başlıca siması monarx, politiyanın başlıca siması məmur, demokratiyanın başlıca siması tacir olduğu kimi, oliqarxiyanın da başlıca siması iri sənaye və maliyyə oliqarxlarıdır.
Əgər
aristokratiya dövrü insanların bir qisminin özlərini cəmiyyəti zorakılıqdan xilas etmək missiyasının daşıyıcıları kimi, insanların digər qisminin isə özlərini birincilərin qüdrəti sayəsində zorakılıqdan xilas edilmiş kimi hiss və dərk etmələri əsasında qurulan hakimiyyətin xilaskarlıq resursları tükənincəyə qədər, bu resursların zorakılıq reallıqlarını üstələməsi şəraitində və ölçüsündə cəmiyyətdə baş verən gur inkişaf ilə yanaşı, aristokratiya dövrü digər tərəfdən həm də sosial özünüdərkin məxsusi bədii ifadə formalarının,
cəngavər turnirlərinin və
rəqsin
1 gur inkişafı ilə də xarakterizə oluna bilirsə, əgər