tiraniya dövrü vahid personal başlanğıcın mütləqləşdirilməsi əsasında cəmiyyət həyatının ümumən canlanması, bütövlükdə cəmiyyətin vahid başlanğıcdan idarə olunan sanki bir sosial orqanizm məzmununu kəsb etməsi və personal başlanğıcın intelletual və iradi resursları tükənincəyə qədər cəmiyyətin bu zəmində gur funksinal inkişafı ilə yanaşı, digər tərəfdən həm də sosial özünüdərkin bədii ifadə formaları kimi poeziyanın və musiqinin, xüsusən də melodiyanın gur inkişafı ilə də xarakterizə oluna bilirsə, əgər monarxiya dövrü dövlətə xidmətin artıq yalnız canlı tabeçilik qaydasında deyil, eyni zamanda təsisatlar və təyinatlar qaydası ilə aparılması ilə yanaşı, digər tərəfdən həm də sosial özünüdərkin bədii ifadə forması kimi cəmiyyətin ümumi həyatında dramın, xüsusən də faciənin geniş yer alması və gur inkişafı ilə də xarakterizə oluna bilirsə, əgər politiya dövrü dövlətə xidmətin dövlətdən hakimiyyət payı alınması ilə yanaşı, digər tərəfdən həm də sosial özünüdərkin bədii ifadə forması kimi prozanın və təsviri incəsənətin, xüsusən də portret və mənzərə janrlarının gur inkişafı ilə də xarakterizə oluna bilirsə, əgər demokratiya dövrü insanlar üzərində siyasi hakimiyyət əldə etmənin hakimiyyətin zorakı yolla ələ alınması ilə deyil, hakimiyyətin irsən keçməsi yolu ilə deyil, eləcə də hakimiyyət sahibindən hakimiyyət payı alınması, yəni təyinat yolu ilə deyil, seçki yolu ilə baş tutması ilə yanaşı, digər tərəfdən həm də sosial özünüdərkin bədii ifadə formaları kimi əvvəlki siyasi rejimlərin ön plana çıxardıqları bədii formalarının əksliklərinin – sirkin, klounadanın, buffonadanın, satiranın, komediyanın, lətifənin, karikaturanın, daha konkret deyilərsə, cəngavər turnirlərinin və rəqsin əkslikləri kimi sirkin və klounadanın, melodiyanın əksliyi kimi buffonadanın, poeziyanın əksliyi kimi satiranın, dramın və faciənin əksliyi kimi komediyanın, prozanın əksliyi kimi lətifənin, idealın obrazını yaradan təsviri incəsənət formalarının - portret və mənzərə janrlarının əksliyi kimi karikaturanın və eləcə də onlarla paralel həm də siyasi aktivliyin, hüququn və qanun yaradıcılığının gur inkişafı ilə də xarakterizə oluna bilirsə, əgər oliqarxiya dövrü sənayenin gur inkişafı və maliyyə kütlələrinin sürətli axını ilə yanaşı, həm də bir tərəfdən, sosial özünüdərkin bədii ifadə forması kimi arxitekturanın və şəhərsalmanın və digər tərəfdən, elmin və texnikanın gur inkişafı ilə də xarakterizə oluna bilər.
Texnikanın inkişafının oliqarxiya dövründə son dərəcə yüksək səviyyəyə gəlib yetişməsi görünür heç də təsadüfi deyildir. Çünki texnikanın özü əslində təbiətin insan iradəsinə, insan hökmünə tabe etdirilmiş hissəsidir. Oliqarx təkcə digər insanlar, digər vətəndaşlar üzərində deyil, həm də hətta təbiətin özü üzərində də müəyyən hakimiyyətə malik olur. Üstəlik oliqarx digər insanları həmin bu texnikanın əlavəsinə çevirərək onlar üzərində əlavə hakimiyyətə də malik olmuş olur.
Bu fikirlərin bir qədər geniş izahını verməyə çalışaq. Təbəəlikdən vətəndaşlığa doğru, sonradan isə vətəndaşlıq şüurunun dərinləşməsi istiqamətində baş verən tarixi prosesdə şəhərli özünün nəinki cəmiyyətdəki rolunu, hətta bir insan olaraq Kainatdakı rolunu belə yenidən mənalandırmağa başlayır. Oliqarxiyada vətəndaş özünün doğma əvəz prinsipinin tətbiqi üçün cəmiyyətdən və dövlətdən də daha geniş meydan axtarır və belə bir meydanı əslində bütün Kainatın timsalında tapır. Əvəz prinsipi Kainat miqyasına tətbiq edilərkən ümumiləşir, determinizm prinsipi formasını alır. Əgər şəhərli həyat tərzinin ən mühüm elementi olan əvəz prinsipi əvvəlcə adi insan münasibətlərinin əsasına qoyulursa və sonradan mühüm siyasi prinsipə, qanunun aliliyi prinsipinə çevrilirsə, daha sonra bütün Kainatın ontoloji əsasına bağlanaraq qavranılır. Qanun kultu üzərində qurulmuş klassik – deterministik – elm şəhər mədəniyyətinin mütləq bilik tipi mənasını kəsb edir. Unutmaq olmaz ki, təbiət qanunlarını öyrənmək əslində bu qanunlardan istifadə edərək təbiətin özü üzərində hökmran olmaq məqsədinə də xidmət edir. Əgər hüquqi qanunlar həm də dövləti vətəndaşa tabe etdirmək vasitəsi kimi qavranılırsa, təbiət qanunları həm də təbiəti insana tabe etdirmək vasitəsi kimi qavranılır. Oliqarxlar isə təbiəti özlərinə tabe etdirmək istəyən insanların birinciləri sırasındadırlar. Təbiət insan iradəsinin vasitəsinə, daha doğrusu, süni vasitəsinə, yəni texnikaya çevrildikdən sonra, həmin texnikanın özü də oliqarxın cəmiyyət üzərində üstünlüyünün əlavə vasitəsinə çevrilir. Oliqarxiyada siyasi hakimiyyətin subyektinin siyasi hakimiyyətin obyekti üzərindəki nəzarəti, üstünlüyü, artıq yalnız dövlət maşınının vasitəçiliyi ilə deyil, həm də mexaniki maşının vasitəçiliyi ilə həyata keçirilir.
Oliqarxiyada siyasi hakimiyyətin formal subyekti onun faktiki subyektindən fərqlidir, burada eləcə də siyasi hakimiyyətin formal obyekti də onun faktiki obyektindən fərqlənir, əvvəlcə bir qədər, sonra isə əsaslı surətdə.
Sözün geniş mənasında oliqarxiya sistemində siyasi hakimiyyətin faktiki subyekti olaraq iri sənaye və maliyyə maqnatları, faktiki obyekti olaraq isə, əsas etibarı ilə muzdlu işçi çıxış edir, özü də burada söhbət marksizmdə olduğu kumu yalnız kapitalistdən və muzdlu fəhlədən getmir, ümumiyyətlə iri sənaye və ya maliyyə maqnatından və ümumiyyətlə muzdlu işçidən gedir. Bununla belə, marksizmin bütövlükdə dövlətə aid etdiyi səciyyə, yəni dövlətin istismarçının istismar olunan üzərində hakimiyyət aparatı kimi səciyyəsi oliqarxiyaya münasibətdə özünü demək olar ki, tam şəkildə doğruldur və tam çılpaq bir şəkildə də özünü büruzə verir. Siyasətin iqtisadi baza üzərində üstqurum olması barədə marksist müddəa da oliqarxiyanın ruhuna son dərəcə uyğundur.
İri sənaye və maliyyə maqnatları arasındakı həm iqtisadi mübarizə, həm də onların öz aralarında əldə etdikləri razılaşmalar oliqarxik dövlətin bu və ya digər transformasiyasını şərtləndirir. Sərt siyasi rejimdən tutmuş yumşaq siyasi rejimə qədər, dövlətin ərazisinin genişləndirilməsindən tutmuş parçalanmasına qədər, özgə dövlətləri öz dövlətinin təsir dairəsinə salınmasından tutmuş öz dövlətini özgə dövlətlərin təsir dairəsinə salınmasına qədər, özgə dövlətlərdə dövlət çevrilişlərinə, separatizmə və milli-azadlıq hərəkatlarına təhrik etmədən tutmuş onların mövcud siyasi hakimiyyətlərinin möhkəmləndirilməsinə, separatizmin qarşısının alınmasına və milli-azadlıq hərəkatlarının boğulmasına dəstək göstərməyə qədər geniş diapazonlu siyasi gerçəkliklər öz əksini həmin bu transformasiyada tapır.
Digər tərəfdən, maqnatlar dövlət vergisinin çox hissəsini ödəyən kəslər olmaqla, dövlət hakimiyyətinin vergilər hesabına maliyyələşdirildiyi faktına söykənərək hakimiyyətin onların ödədikləri vergilər hesabına mövcud olması qənaətindədirlər, və bu əsasda da hətta dövlət hakimiyyətini özlərinin müəyyən dərəcədə xüsusi mülkiyyəti kimi, dövlət hakimiyyətinin nümayəndələrini isə özlərinin muzdlu işçiləri kimi belə təsəvvür edirlər, üstəlik bir sıra hallarda bunu yalnız təsəvvürdə deyil, həm də gerçəklikdə, əməldə də edirlər.
Hüquqi olaraq ümumiyyətlə vətəndaşın siyasi hakimiyyətinin obyekti statusunda1 qalan dövlət aparatı oliqarxiyada artıq məhz bu transformasiyanın həyata keçirilməsi üçün iri sənaye və maliyyə maqnatlarının ixtiyarında bir alətə çevrilir, maqnatların əldə etdikləri iqtisadi status, yəni maqnatların maqnat olmayanlar üzərində iqtisadi hakimiyyəti, bir qədər də sadələşdirilmiş şəkildə deyilərsə, maqnat olmayanların ehtiyaclarının ödəmə vasitələrinin maqnat olanların əlində toplanması nəticəsində maqnatların həm dövlət hakimiyyəti orqanlarına seçkilərdə faktiki olaraq maqnatların mənafeyi mövqeyində dayanan namizədlərin seçki kompaniyasını sərəncamlarında olan maliyyə resurları ilə və inhisarlarında saxladıqları iri informasiya şəbəkələri vasitəsilə dəstəkləməklə bu namizədlərin dövlət hakimiyyəti orqanlarına seçilməsinə nail olmaq yolu ilə, həm də mövcud hakimiyyətdə təmsil olunan dövlət məmurlarının ələ alınması, korrupsiya yolu ilə maqnatların nail olduqları siyasi status, siyasi hakimiyyətinin faktiki subyekti statusu getdikcə artmaqda olan templə inkişaf edir. Maqnat olmayan vətəndaş isə siyasi hakimiyyətinin yalnız formal subyekti ola bilir.
Maqnat olmayan vətəndaş burada siyasi hakimiyyətin ona görə yalnız formal subyektidir ki, siyasi hakimiyyətin faktiki subyekti statusu oliqarx tərəfindən mənimsənilmişdir. Oliqarx olmayan vətəndaş bu dövr üçün siyasətdən daha mühüm olan sferada, iqtisadi sferada oliqarxın muzdlu işçisi olduğundan, siyasi olaraq da dolayısı ilə onun iradəsinin icraçısı olmaq yönümündə köklənmiş olur. Burada dövlət aparatı hüquqi olaraq ümumiyyətlə vətəndaşın iradəsinin icraçısı olduğu halda, faktiki olaraq maqnatların iradəsinin icraçısı olur. Elə buradan da görünür ki, oliqarxiya üsul-idarəsində oliqarx olan kəs oliqarx olmayan kəsdən daha artıq dərəcədə vətəndaşdır və deməli ki, dövlət aparatı üzərində də daha çox hüquqa malikdir və eləcə də qanun yaradıcılığı təşəbbüsündə olmaq da daha artıq dərəcədə onun imtiyazlarına aiddir.
Maqnatlar qanun yaradıcılığı üzərində üstünlük əldə etməklə dövləti özlərinə leqal yolla tabe etdirə bilirlər və bunun üçün də öz imkanlarından məharətlə istifadə edərək parlamentin həm formalaşmasına, həm də fəaliyyətinə güclü təsir göstərirlər və öz təsir imkanlarını daimi olaraq genişləndirirlər. Onlar dövləti bilavasitə idarə etmək öhdəliyini öz üzərilərinə götürməsələr də, hər şeydən öncə parlament vasitəsilə siyasətə iqtisadi təsir mexanizmlərini həyata keçirirlər və bununla da bütövlükdə dövlət strukturlarının fəaliyyətini öz nəzarəti altına almaq imkanı əldə edə bilirlər və bu fəaliyyəti nəzarət altında saxlaya bilirlər. İri sənaye və maliyyə maqnatları malik olduqları maliyyə resursları vasitəsi ilə müəyyən siyasi partiyaları, siyasi institutları, siyasi rejimləri, siyasi kampaniyaları, siyasi aksiyaları, informasiya vasitələrini, deputat qruplarını maliyyələşdirə bilirlər və məhz bu yolla leqal bir şəkildə hakimiyyətin fəaliyyətini istiqamətləndirə bilirlər və istiqamətləndirirlər. Maqnatlar parlamentə və parlamentdə öz təsir imkanlarını genişləndirdikcə isə parlament əslində iri sənaye maqnatlarının iradəsinin getdikcə daha artıq dərəcədə ifadəçisi olur.
Üstəlik, hakimlərin əhali tərəfindən seçilməsi prinsipi iri sənaye və maliyyə maqnatlarına dövlətin yalnız idarəetmə funksiyası və qanunvericilik funksiyası üzərində deyil, həm də cəza funksiyası üzərində də güclü təsir imkanlarına malik olmaq üstünlüyünü verir. Nəticədə idarəetmə və qanunvericilik hakimiyyətləri ilə yanaşı, həm də məhkəmə hakimiyyətinin başlıca məzmununun, tərkibinin və istiqamətinin müəyyənləşdirilməsi hüququ formal olaraq ümumiyyətlə vətəndaşa, faktiki olaraq isə, müstəsna hüquqlu vətəndaşa, yəni iri sənaye və maliyyə maqnatına mənsub olur, maqnatlar hakimiyyətin hər üç qolunun demək olar ki, tam hüquqlu subyekti kimi çıxış etmiş olurlar.
Əvəz prinsipini fəaliyyətinin başlıca aləti edən maqnat haqqını ödəməklə siyasi hakimiyyətin hamısını olmasa da, böyük bir hissəsini əslində almış olur. Oliqarxiya elə buna görə də, bir siyasi sistem olaraq mahiyyət etibarı ilə haqqı ödənilməklə alınan hakimiyyətdir.
Əvəz prinsipini fəaliyyətlərinin başlıca aləti olaraq tətbiq etməklə maqnatların bütövlükdə siyasi hakimiyyəti özlərinə tabe etdirmə üsullarından ən mühümləri isə əlbəttə ki, korrupsiya yolu ilə idarəetmə hakimiyyəti üzərində üstünlük əldə etmələri və seçkilərtin maliyyələşdirilməsində aktiv iştirak etməklə həm qanun yaradıcılığı üzərində, həm də məhkəmə hakimiyyətinin əsas tərkibinin müəyyənləşdirilməsində təşəbbüsü ələ almalarıdır.
Elə bu səbəblərdəndir ki, maqnatların siyasi hakimiyyət üzərində üstünlüyünün azaldılması da iki yolla – dövlətin effektiv antikorrupsiya fəaliyyəti ilə və davamlı antiinhisar siyasəti ilə - baş verir. Dövlətin antikorrupsiya fəaliyyəti və antiinhisar siyasəti oliqarxiyanın kəskinliyini azaldır, amma onun mənfiliklərini bütövlükdə aradan qaldırmır. Burada parlament bütövlükdə əlbəttə ki yalnız maqnatlarının iradəsini ifadə edənlərdən ibarət olmur, maqnatların iradəsini ifadə edənlərin burada üstünlük təşkil etdiyini desək, bu, daha doğru olar.
Qərb dövlətləri XIX əsrin ikinci yarısından başlayaraq mahiyyət etibarı ilə oliqarxik xarakter daşımışlar. Burada real hakimiyyətin mənbəyi rolunda Rokfellerlərin, Mellonların, Rotşildlərin, Morganların və digər iri maqnatların çıxış etməsi faktı heç vaxt ciddi olaraq şübhə altına alınmamışdır.
Lakin, müasir dünyada oliqarxik siyasi sistemin mənfilikləri təbii XIX əsrdə və ya XX əsrin başlanğıcında olduğu kimi kəskin deyildir. Görünür həm də bununla əlaqədardır ki, müasir oliqarxik siyasi sistem özünü heç də olduğu kimi, yəni oliqarxik sistem kimi tanıtmaq istəmir, özünü öz adı ilə, yəni oliqarxiya adı ilə, yaxud qədimlərdə işlənildiyi kimi, timoktatiya adı ilə adlandırmaq və bu adla tanınmaq istəmir, özünü oliqarxiya adı ilə deyil, başqa adlarla, əsasən respublika, və ya demokratik respublika adları ilə tanıdır, oliqarxik sistem kimi deyil, demokratik sistem kimi özünü səciyyələndirir.
Oliqarxiya respublika kimi səciyyələndirildiyi halda, onun təbii inkişafında yer alan iki mərhələ, yəni parlamentli respublika və prezidentli respublika mərhələləri çox maraqlı cizgilərlə bir-birindən fərqlənir. Ona görə maraqlı cizgilərlə ki, burada mətləb heç də ilk baxışda təsəvvür oluna biləcəyi kimi deyildir, və həmçinin ümumən qəbul olunmuş izah çərçivələri daxilində də deyildir, parlamentli respublika ilə prezidentli respublika arasındakı fərqin ümumən qəbul olunmuş izahının əsasən doğru olmasına baxmayaraq. Belə ki, həmin izahda parlamentli respublikanın prezidentli respublikadan fərqi heç də prezident institutunun bu mərhələlərin birində olmasında, digərində isə guya olmamasında axtarılmır, oliqarxiya bir siyasi sistem olaraq hətta prezident təsisatının siyasi gerçəklikdə yer aldığı halda da parlamentli respublika statusunda ola bilir və üstəlik prezidentli respublika heç də bütün hallarda prezident institutunun təsis edilməsi ilə başlamır, bəzən və bəlkə də bir çox hallarda prezident institutunun təsis edilməsindən fərqli bir zamanda başlayır. Parlamentli respublikanın prezidentli respublikadan fərqinin ümumən qəbul olunmuş izah çərçivələri daxilində öz tam ifadəsini tapa bilməməsinə qaldıqda isə, bununla bağlı belə bir məqamı vurğulamaq kifayətdir ki, parlamentli respublikada prezidentin səlahiyyətləri yalnız dövlət başçısı adını daşımaqla və yaradılacaq hökumətə başçılıq etmək üçün baş nazir postuna namizədin irəli sürülməsi ilə və hətta parlament etimadsızlıq votumu ifadə etməklə hökuməti istefaya göndərmək barədə qərar qəbul etdiyi halda hökumətin təklifi ilə parlamentin özünü buraxmaq və vaxtından əvvəl seçkilər elan etmək hüququ ilə tamamlanmır. Parlamentli respublikada prezidentin statusunu müəyyən edən səlahiyyətlər bütün bunlardan daha çoxdur, və burada sadalanmayan səlahiyyətlərdən biri isə burada sadalananların hamısından əslində daha mühümdür.
Həmin bu səlahiyyətin nədən ibarət olduğuna və nə üçün olduğuna diqqət yetirək.
Parlamentin suveren rolunda çıxış etdiyi istənilən dövlətdə təhlükəsizlik üçün həmişə hədə vardır. Çoxadamlı və çoxsəsli parlament suveren statusunda olduqda faktiki olaraq təhlükəsizliyin qarantı ola bilmir və prezident institutunu da əslində elə bu səbəbdən, təhlükəsizliyin etibarlı qarantı olaraq, bütün silahlı qüvvələr üzərində ali baş komandan səlahiyyətləri ilə təsis edir.
Prezident institutunu təsis etməklə oliqarxik sistem müəyyən mənada ənənəvi monarx statusunu bərpa etmiş olur. Lakin, monarxın ənənəvi olaraq, monarxiyada malik olduğu status prezidentin oliqarxiyada malik olduğu statusdan prinsipial olaraq fərqlənir. Monarxiyada monarxın malik olduğu hakimiyyət mütləq və müddətsiz, oliqarxiyada prezidentin malik olduğu hakimiyyət isə nisbi və müddətlidir. Bu meyarlar, yəni mütləqlik və müddət meyarları baxımından, monarxiyada monarxın malik olduğu status oliqarxiyada oliqarxların malik olduğu statusa yaxındır. Lakin dövlətdə birinci şəxs olmaq, üstəlik həm də bütün silahlı qüvvələrin komandanı olmaq meyarları baxımından, monarxın monarxiyada malik olduğu status prezidentin oliqarxiyada malik olduğu statusa həqiqətən də yaxındır.
Amma bu da bir həqiqətdir ki, oliqarxiyada iri maqnatlara mənsub olan hakimiyyət mütləq və müddətsiz, prezidentə mənsub olan hakimiyyət isə nisbi və müddətli olduğundan, maqnatların hakimiyyəti sülaləvi, prezidentin hakimiyyəti isə seçkili və müvəqqəti xarakter daşıyır.
Lakin, prezident institutunu formalaşdırmaqla oliqarxik sistem ümumiyyətlə dövlətin təhlükəsizliyini möhkəmlətsə də, dövləti daha dayanıqlı etsə də, özünün bir siyasi sistem olaraq sonunun başlanğıcını qoymuş olur. Parlamentli respublikadan prezidentli respublikaya keçid isə oliqarxik sistemin öz sonuna doğru irəliləyişində növbəti addım olur.
Belə ki, prezident tarix meydanına təhlükəsizliyin qarantı kimi çıxdığından, təhlükəsizliyin qarantı statusunda ölkənin bütün silahlı qüvvələri üzərində ali baş komandan səlahiyyətlərinə malik olması son dərəcə ciddi bir amil olaraq ona əslində hökumətin də, elə parlamentin də fövqünə yüksəlmək imkanını verir. Onun hökumətin fövqünə yüksəlişi parlamentli respublikadan prezidentli respublikaya keçidin faktiki şərti, parlamentin fövqünə yüksəlişi isə bu keçidin hüquqi şərti olur. Prezident dövlətin mülki işlərinin idarə olunmasında başlıca sima olan baş nazir üzərində üstünlük əldə etdikdə dövlət parlamentli respublikadan prezidentli respublikaya əslində artıq transformasiya etmiş olur. Bu halda prezidentin siyasi statusu əhəmiyyətli dərəcədə artır. Onun parlamentin fövqünə yüksəlişi, yəni prezidentin parlament tərəfindən deyil, xalq tərəfindən, ümumxalq seçkiləri əsasında seçilməsi artıq baş vermiş bu transformasiyanı yalnız leqallaşdırır.
Dövlətin parlamentli respublikadan prezidentli respublikaya transformasiya etməsi ilə prezident politiyada hökmdar statusunu xatırladan hakimiyyət sahibliyindən, klassik monarxiyada monarx statusunu xatırladan hakimiyyət sahibliyinə yüksəlir. Əgər parlamentli respublikada prezidentin siyasi statusu ənənəvi olaraq mütləq monarxiya adlandırılan politiyada hökmdarın malik olduğu siyasi statusuna yaxındırsa, onun prezidentli respublikada siyasi statusu hökmdarın klassik monarxiyada malik olduğu siyasi statusa yaxındır.
Prezidentli respublika elə bu əsasda da hər an monarxiyaya dönüş edə bilir. Əgər bunu həyata keçirmək inamını və imkanını özündə yaşadan insan ölkənin təhlükəsizliyini və firavanlığını uzun illər ərzində təmin etmək üçün kifayət edəcək qədər aristokratik resursları da özündə bir genetik kod olaraq yaşadırsa, bu, birmənalı olaraq yaxşı haldır, yox əgər ölkənin və xalqın təhlükəsizliyini və firavanlığını təmin etmək üçün kifayət edəcək qədər aristokratik resurslara malik deyildirsə, bu, birmənalı olaraq qarşısı alınmalı olan bir haldır.
Amma bu da bir danılmaz həqiqətdir ki, prezidentli respublika klassik monarxiya ilə respublikanın klassik tipi, yəni parlamentli respublika arasında aralıq mövqe tutur.
Prezidentli respublika ideyası və gerçəkliyi özü-özlüyündə respublikanın klassik tipi olan parlamentli respublikanın xarakteristikasında son dərəcə səciyyəvi və mühüm yer tutan parlamentarizm prinsipinin üstündən inamla qələm çəkir. Parlamentarizm bir prinsip olaraq prezidentli respublikanın xarakteristikasında əslində yoxdur, hakimiyyət bölgüsünün həmin məşhur prinsipi burada öz qüvvəsini və mənasını əslində itirir.
Hakimiyyətin parlamentarizm prinsipi əsasında bölgüsü yalnız parlamentli respublikada tam həcmdə həyata keçirilə bilir, yəni parlamentin hökumət üzərində üstünlüyü və məhkəmə orqanlarının icra hakimiyyətindən asılı olmaması yalnız burada təmin edilə bilir. Baş nazirin rəhbərlik etdiyi bütün hökumət burada parlamentin nəzarəti altındadır, parlamentə hesabat verir, baş nazir hökumətin başçısı olmaqla və deməli ki, icra hakimiyyəti1 təmsilçisi olmaqla qanunverici hakimiyyətdən (parlamentdən) tam şəkildə asılıdır. Burada hökumətə bilavasitə rəhbərlik edən baş nazirlə yanaşı həmçinin prezident də tamamilə əsaslandırılmış bir şəkildə icra hakimiyyətinə aid edilir, dövlətin bilavasitə idarə olunmasından əslində kənarda qalsa da, parlament qarşısında məsul olan və ona hesabat verən baş nazir kimi o da parlament tərəfindən təyin edilir, parlamentin nəzarəti altında olur və parlament qarşısında hesabat verir. Məhkəmə orqanları burada həm hökumətdən, həm də prezidentdən müstəqil olmaqla icra hakimiyyətindən asılı deyildir.
Prezidentli respublika üçün səciyyəvi olan hakimiyyət bölgüsü isə parlamentli respublika üçün xarakterik olan hakimiyyət bölgüsü kimi deyildir, hər şeydən öncə məhz o səbəbdən ki, prezidentli respublika parlamentarizm prinsipinin tələblərinə cavab vermir. Hər şeydən öncə ona görə ki, prezidentli respublikada prezident parlamentin nəzarəti altında deyildir. Əksinə, burada prezident sözün yalnız simvolik mənasında deyil, həm də həqiqi mənasında dövlət başçısı olmaqla, əslində bütün dövlətin başçısıdır, o cümlədən də onun qanunvericilik qolunun, parlamentin. Bu, ən azı iki səbəb ucbatından belədir. Birinci və başlıca səbəb odur ki, parlamenti təşkil edən hər bir deputat müəyyən regionun əhalisi tərəfindən seçilir və həmin region əhalisinin iradəsinin ifadəçisi olmalıdır, prezident isə bütün əhali, bütün xalq tərəfindən seçilir və buna görə də bütün əhalinin, bütün xalqın iradəsini ifadə etməyə təyinatlıdır. Demokratiyanın öz prinsipinə görə, bütün xalqın iradəsi əhalinin müəyyən hissəsinin iradəsi fövqündə durduğundan prezident ayrılıqda hər bir deputatın və deməli ki, bütövlükdə elə parlamentin də fövqündə durmalıdır. İkinci səbəb isə odur ki, prezident burada qanunvericilik təşəbbüsü hüququnun əslində başlıca subyekti olduğundan, qanunverici hakimiyyətin də əslində başlıca subyekti olmuş olur.
Prezidentli respublikada prezident ümumiyyətlə dövlətin başçısı olmaqla həm də məhkəmə hakimiyyətinin fövqündədir. Əvvəla, ona görə ki, burada hakimləri prezident təyin edir və prezident də onları vəzifəsindən kənarlaşdırır. İkincisi, ona görə ki, məhkəmə hakimiyyətinin maliyyələşdirilməsinin forma və miqdarının müəyyənləşdirilməsi faktiki olaraq prezidentin preroqativlərinə aiddir. Üçüncüsü, prezidentin bağışlama və amnistiya hüququ onun təkcə qanunverici hakimiyyətin fövqündə deyil, həm də, məhkəmə hakimiyyətinin fövqündə durduğuna daha inandırıcı bir işarədir.
Prezidentli respublikada elə buna görə də, prezidentin yalnız icra hakimiyyətinin başçısı hesab edilməsi qətiyyən düzgün deyildir. Prezident burada həm sözün simvolik mənasında, həm də həqiqi mənasında dövlət başçısıdır, deməli ki, bütün dövlətin başçısıdır, dövlət idarəetmə funksiyasının ifadəçisi olduqda da, qanunvericilik funksiyasının ifadəçisi olduqda da, cəzavermə funksiyasının ifadəçisi olduqda da onun başçısıdır.
Əgər parlamentli respublikanın son dərəcə mühüm dəyər verdiyi parlament tarixən vətəndaş cəmiyyətinin hakimiyyətlə ortaq məxrəcə gəlmə məkanı kimi yaranırsa, prezidentli respublikada prezident parlamentin fövqündə durmaqla həm də vətəndaş cəmiyyəti ilə hakimiyyətin vahid bir millət olaraq orqanik bir topluma çevrilməsində mühüm rol oynaya bilir.
Bir daha o məqamın üzərinə qayıtmaq istərdim ki, oliqarxiya bir siyasi sistem olaraq özünü əslində olduğu kimi, yəni oliqarxik sistem kimi deyil, demokratik sistem kimi səciyyələndirir. Bu halda demokratiyanın əsas prinsipi olaraq isə hakimiyyətin, ilk növbədə isə parlamentin seçkili olması şərti nəzərdə tutulur.
Parlamentin oliqarxik sistemdəki siyasi statusu onun demokratik sistemdəki siyasi statusunu doğrudan da xatırladır, amma bu xatırlatma daha çox imitasiya xarakterini daşıyır. Parlamentin oliqarxik sistemdəki siyasi statusu öz mahiyyəti etibarı ilə onun daha çox politiya sistemindəki siyasi statusuna yaxındır. Politiyada hökmdara məxsus olan rol isə oliqarxiyada əlbəttə ki, oliqarxlara məxsusdur.
Oliqarxiya bəzən təkcə demokratik hakimiyyət strukturlarını deyil, həmçinin həm də aristokratik hakimiyyət strukturlarını da imitasiya edir.
Dostları ilə paylaş: |