sözARDI ƏVƏZİNƏ:
Kitab üzərində düşüncələr
«Mən belə hesab edirəm ki, siyasətdə gələcək nəsillər üçün də ədalətli və doğru ola biləcək ümumi həqiqətləri müəyyən etmək üçün bizim dünya hələ çox gəncdir. Bizim hələlik üç min ili əhatə edən təcrübəmiz yoxdur». Bu sözləri David Yum 1740-cı ildə, Makiavellidən üzü bəri 300 ilə yaxın siyasi təcrübənin nəticələrini yekunlaşdırarkən yazmışdı. Onun yaşadığı vaxtdan indiyə qədər bəşəriyyət bir neçə möhtəşəm siyasi və mənəvi çevrilişlərdən keçmişdir. İndi üçüncü minilliyin başlanğıcındayıq. Problemin aktuallığı da göz qabağındadır.
İnsanın təbiətində və siyasətdə olan danılmaz həqiqətləri ümumiləşdirmək üçün bizim kifayət qədər təcrübəmiz və elmi təhlil qabiliyyətimiz vardırmı?
Qədim yunanlar qırx yaşı elmi mühakimə və yaradıcılıq qabiliyyətlərinin zirvəsi hesab edir və ömrün bu çağını «akme» adlandırırdılar. Adil Əsədovun Siyasətin fəlsəfəsi adlandırdığı əsər hər cəhətdən - həm minilliklərin fəlsəfi yekunlaşdırılması baxımından, həm də qədim yunanların akme adlandırdıqları hadisə baxımından vaxtında ərsəyə gəlmişdir.
Hər bir elmin əsasını öyrənilən hadisə və proseslərin daha uğurlu təhlilini verməyə imkan yaradan ideal-tipik konstruksiyalar təşkil edir. Bəşəriyyətin siyasi inkişaf ənənələrinin hər bir ölkədə özünəməxsusluğunu şərtləndirən müxtəlifliklərin təhlili ideal-tipik konstruksiyalar olmadan mümkün deyildir. İdeal arxetiplər ciddi şəkildə ilk dəfə Maks Veber tərəfindən irəli sürülmüş və işlənilmişdir. Vahid fikri obraz təşkil etməklə bərabər «obyektiv mümkün» olan ideal-tipik konseptlərdən istifadə hər bir elmi təhlilin ən vacib xüsusiyyətidir. Poststrukturalist filosoflar Delez və Qvattari özlərinin «Fəlsəfə nədir?» adlı yeni kitabında yazırlar: Filosofun vəzifəsi fəlsəfi təfəkkür konseptlərini, paradiqmalarını kəşf etmək, yaratmaq və formalaşdırmaqdır». Bunun öhdəsindən gəlməyi isə Kant «özünün şəxsi mühakimə cəsarəti» adlandırırdı.
Adil Əsədov qarşısına qoyduğu vəzifənin öhdəsindən ləyaqətlə gəlmiş, yeni ideal-tipik modellər təqdim etməklə, fəlsəfənin möhtəşəm dünyasına, bir «damla» da əlavə etmişdir. Və mən Rikkertin Veber metodu haqqında dediklərini misal gətirərək, öz təəssüratımın bununla tam üst-üstə düşdüyünü bildirirəm. «Veberin dahiliyi ondadır ki, onun elmi nəzəriyyəsi heç bir adi metodoloji sxemə yerləşmədiyi halda, dərin bir sistemliliyə malikdir; lakin, məhz elə buna görə də yeni-yeni və xüsusi tədqiqatlara yol açır, onları istiqamətləndirir».
Son illərdə siyasi qütblərin və qovğaların sıxışdırdığı ölkəmizdə tarix və siyasət yalnız, necə deyərlər, qapı və pəncərəmizdən hər birimizin həyatına daxil olmuş, hər bir kəs onun iştirakçısına çevrilmişdir. Siyasət, futboldan sonra insanların ən çox bacardığı sahəyə çevrilmişdir. Burada ən təəssüf doğuran xüsusiyyətlərdən biri də odur ki, insanlar müvafiq dünyagörüş sistemi olmadan, Qərbi Avropa ölkələrindən fərqli olaraq, şüurlardakı inqilabı yaşamadan həyatın, siyasətin və tarixin inqilabları ilə üz-üzə qalmışlar. Ən çox səslənən sual isə «Nə etməməli?» sualıdır.
«Fəlsəfənin siyasətin fəlsəfəsində başa çatması» qənaəti çox məntiqidir. Metafizik anlayışların problematik müstəvisində təhlil aparan müəllif Materiya, Dünya Ruhu, Dünya İradəsi, Dünya Zəkası, həyat seli, substansiya, ekzistensiya, mütləq ideya kimi kateqoriyalara münasibətini bildirir. Mənim subyektiv fikrimə görə, müəllif dualist və ya plyuralist olmaqdan daha çox, monistdir və onun yanaşma metodu Hegelin panlogizminə yaxındır, bəlkə də eynidir. Digər tərəfdən, müasir elmin bəraət qazandırdığı «subyektiv başlanğıc» faktorunun həlledici hesab edilməsi elmiliklə bərabər, XX əsrdə qulaqları döyənək etmiş maddi-iqtisadi başlanğıcın birinciliyi fikrinə əksdir və ən azı məhz buna görə də, çox orijinal və yenidir.
Platon belə hesab edirdi ki, dövləti filosoflar idarə etməlidir. Leybnits isə belə hesab edirdi ki, dövləti akademiyalar idarə etməlidir. Təbii bir sual meydana çıxır: alim kimdir?, necə olmalıdır? Elmdə 20/80 nisbəti hər kəsə məlumdur. 20% dahi, ideyalar ixtiraçısı, 80% isə tədqiqatçı, sistemləşdirici və təsnifatçı kimi məlumdur. Problemin belə qoyuluşuna etiraz edənlərə demək istərdim ki, Platonun dahi ixtiraçı, ideyalar yaradıcısı, Aristotelin isə təsnifatçı, sistemləşdirici kimi səciyyəsi elmdə qəbul olunmuş fikirdir. Yaxud yunan elmi ixtiraçı, Şərq elmi isə təsnifatçı kimi xarakterizə edilir. Mübahisəli olsa da, mənim fikrimcə, hər iki sahə öz-özlüyündə dəyərlidir. Biri olmadan o biri mümkün deyildir. Elm hər ikisinin vəhdətindən ibarətdir. Birinci anlayırsa, ikinci izah edir və hermenevtik dairə tamamlanır. Bu məqamı Adil Əsədov xüsusi bir vurğu ilə qeyd edir.
Adil Əsədov Siyasətin fəlsəfəsini fəlsəfənin son sözü adlandırır. İlk əvvəl bu fikir şaşqınlıq yaradır. Lakin müəyyən tarixi paralellər aparılarsa, bu şaşqınlıq aradan qaldırıla bilər. Kibernetikanın və sinergetikanın banisi A.Boqdanov yazırdı: nizam elmi (tektologiya) olan yerdə fəlsəfəyə ehtiyac qalmayacaq; Yaxud Fukudzava liberalizmi bəşəriyyətin və tarixin ən ideal sonu, vəziyyəti, kəşfi adlandırırdı. Bu kontekstdə Adil Əsədovun məntiqi başa düşülür, burada liberalizm deyil, siyasi aristokratizm «tarixin sonudur». Mən belə başa düşürəm ki, müəllif Dünya Ruhunu insan, Dünya Nizamını gerçəklik, birincidən ikinciyə doğru yolu mümkün edən siyasi əməl fəlsəfəsini isə son söz adlandırır. Buna qarşı etiraz etmək isə qeyri-mümkündür.
Siyasətin fəlsəfəsində Adil Əsədov siyasi aristokratizmin təşəkkül dinamikasını izləməklə, siyasi həyatın arxitektonikasını, inkişaf vektorunu, nizam parametrlərini aşkara çıxarmış, sosiumda, eləcə də Kosmosda Nizama nail olmaq elminin əsas müddəalarını təqdim etmişdir.
Nizam elmini alimlər, filosoflar təqdim edir, «centlmenlər» (L.Straus) həyata keçirir.
Adil Əsədovun aristokratizmə verdiyi tərif belədir: «Aristokratik siyasi doktrina ictimai həyatın ideal formasını heç bir hakimiyyətin olmadığı və hər bir insanın sosial orqanizmdə öz həqiqi yerini tapa bildiyi cəmiyyətdə görür». Aristokratizmin əsas prinsipləri kimi ədalətli əxlaq və mənəviyyat, intellektual qüdrət, yenilməz iradə və nəciblik hesab olunur. Necə deyərlər, XXI əsr siyasətinin arzu olunan modeli burada öz əksini tamamilə tapmışdır. Bu model dünyada baş verən sosial-mədəni transformasiyaların meyli ənənəsini də, əksmərkəzləşmə meyillərini, iki minilliyin sosial nəticəsi kimi formalaşmış «siyasi fəal insan» (A.Smolenski) faktorunu da əhatə edir.
Biz «uğur və fayda» sivilizasiyasında yaşayırıq. Bu, həqiqətdir. Yaponiyanı bugünkü səviyyəyə gətirib çıxaran milli uğur fəlsəfəsi (mey-dzi) və texnonasionalizmdir. Çıxış yolu axtarmaq üçün hökmən «fayda» fenomeni nəzərə alınmalıdır. «Ya fayda, ya ədalət» prinsipini bir qədər dəyişərək «elə etməlisən ki, əxlaqi və mənəvi ədalət faydalı olsun» prinsipi irəli sürülməlidir.
İnsanın bir varlıq kimi baza strukturu nəzərə alınmalıdır. Siyasi nizamın meyarı isə çox düzgün müəyyən edilmişdir: siyasi nizamın meyarı heç də fayda deyildir, əxlaq və mənəviyyatdır. Siyasi əməl və mənəviyyat birlikdə sözün böyük mənasında nizama aparır. Həyata ölümlə hədd qoyulursa, əmələ, siyasi əmələ mənəviyyatla hədd qoyulmamalıdır. Bu həddi keçmək olmaz. Bəşəriyyətin bütün fəlakət və məşəqqətləri bu həddin pozulması üzündən baş vermişdir.
Adil Əsədovun ideal siyasi nizam fəlsəfəsi nizama nail olmanın ən düzgün və yeganə meyarını əks etdirdiyi üçün real siyasi fəaliyyətin əsası kimi qəbul edilə bilər. Mənəviyyat, vicdan bir vaxt Qədim Yunanıstanda «zəiflərin güclülərə qarşı hiyləsi» kimi qəbul edilsə də, mən heç şübhə etmirəm ki, sivilizasiyanın bütün fəlakətləri mənəvi və əxlaqi təfəkkürün parçalanması üzündən baş vermişdir. Məhz buna görə də, tarixi fürsət siyasi əxlaqla üst-üstə düşərsə, gələcəyin əzəməti və əbədiyyəti danılmazdır.
Siyasi fəlsəfəsinin Adil Əsədov təqdimatı tarixi və siyasi psixologiya kimi elm sahələri ilə məşğul olanlar üçün də,
göydəndüşmə əsərdir. Mən bu sahədə daim ədəbiyyat axtaran tədqiqatçılara rast gəldiyim üçün belə deyirəm.
Elita və psixologiya az işlənmiş problem sahəsidir. Müəllifin ideal-tipik modelləri əsasında hər bir elitanın fəaliyyət motivlərini anlamaq və qiymətləndirmək mümkündür. Necə deyərlər, elita və onun siyasi fəlsəfəsi gözlərimiz önündə bütün aydınlığı ilə canlanır. Qərar qəbul edən şəxs hansı meyara əsaslanırsa, onun hansı elitaya aid olduğu aydın olur.
Sonda demək istərdim ki, bizim bəyənmədiyimiz Qərbdə elita 80 ildir ki, intellektual testlərdən keçir və burada siyasi fəlsəfəni alimlər dövlətə təqdim edir. Bizim sosializmdən əxz etdiyimiz vərdiş isə hələ qalmaqdadır, siyasi fəlsəfəni elmə dövlət təqdim edir. Və əgər hələlik Qərbə «fayda və uğur» fəlsəfəsi irad tutulursa, onda Qərbin buraxdığı səhvləri təkrar etməmək üçün Adil Əsədov siyasi nizam fəlsəfəsini təqdim edir: növbə elitanındır. Bu gün qanun islahatları konveyerinin aramsız işlədiyi bir vaxtda Otto fon Bismarkın sözləri yada düşür: pis qanunlarla və yaxşı məmurlarla bir təhər idarə etmək mümkündürsə, yaxşı qanunlarla və pis məmurlarla idarə etmək isə heç cür mümkün deyildir. Hazırda inkişaf demokratiya və Azərbaycan modeli haqqında tədqiqatlar baş alıb gedir. Siyasi fəlsəfə isə öz inamlı addımlarını hələ təzəcə atmaqdadır. Hər halda «dünyanın o başına səyahət birinci addımdan başlayır» (Lao-tszı).
Tahirə ALLAHYAROVA,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru
Zadəgan dövləti ideyasının ortaya atılması, doğrudan da, zadəganlıq əməlidi, xilaskarlıqdı. Zadəgan dövləti ideyası ölümdən qurtara bilər müasir dünyanı. Bir qədər bəxt də lazımdır ki, bu möhtəşəm ideyaya biganə qalmasınlar.
Siyasi fikir sahəsində son əsrlərdə yaranmış düşüncə yeknəsəkliyini məhz bu kitab pozmalıdır. Demokratiyadan elə yapışıblar ki, elə bil bəşərin yaradıcılıq imkanları tükənib. Onsuz da hamı hiss eləyir ki, demokratiya idealının azdan-çoxdan malik olduğu şirə artıq qurtarmaq üzrədir. Demokratiya gerçəkliklə sövdələşmədi. İnsani problemlər yalnız İdealdan qopan İşığın nuru ilə həll oluna bilər. Demokratiya Atasızlıqdı. Ögey Atanın zülmündən (despotiyadan) qaçıb sığınıblar demokratiyaya. Bəşərin, doğrudan da, ən amansız, ən praqmatik vaxtıdı.
Kitab gözəl, işıqlı, dərin fəlsəfi idrakçılıq nümunəsidi. Müəllif alimlik edəndə onunla razılaşmamaq olar, bəzi məsələlərdə etiraz etmək olar, lakin elə ki, filosofluq başlayır … mübahisə əbəsdir. Saflıqla, azadlıq eşqi ilə, alovlu insanpərvərliklə mübahisə günahdır. Filosofluqla bağlı elə bir məqam olmadı ki, ürəyimdə əks-səda doğurmasın.
Müəllifin gücü – fəlsəfi refleksiyadadır. Filosof aqibəti, fəlsəfə, məntiq barədə mülahizələr – dahiyanə.
Metodologiya cəfəngiyatının tənqidi necə orijinal, qəti və gözəldir!
«Tədqiqatçı alimdən daha çox oxuyur, daha çox savadlıdır». Dahiyanə ştrixdi! Bu cür ştrixlər o qədər çoxdur ki, yağış kimi üstünə səpələnir elə bil.
«Sənətkar və qətiyyət» mövzusu dəhşətli dərəcədə təzə və sarsıdıcı təsir bağışlayır. Məncə, burada uduzma yoxdur. Sənətkar dərin olduğu üçün iradəsi fəaliyyətsiz olur. O bilir ki, mütləq mənada bu Çayın qabağını almaq mümkün deyil. Bunu onun qədər duymaq çox çətindir. Cəngavərdə qətiyyət körpə sadəlövhlüyü hesabına yaşayır. Kşatri dünyanın mahiyyətinə qapıla bilsəydi, qılıncını atardı, brahman olardı, dağlara çəkilərdi (Budda kimi). Upanişadalarda, Mahabharatada bu hal tez-tez açılır. Bu, müdriklik və fəallıq mövzusudur. Sənətkar müdrik olmasa da, ona doğru gedən yoldur. Bu yolu təkcə Tolstoy, Taqor kimilər getsə də.
Hind ruhunun əsas ideyası: problemlər, ziddiyyətlər mayyanın ifadəsidir. Həqiqət ziddiyyətsizliyin dərkidir.
Problemlərin dərkindən də həqiqətə yüksəlmək olar, inkarından da. Əsas məsələ ziddiyyətsiz, problemsiz, mütləq, sonsuz, kamil təmələ təmas edə bilməkdir.
Hind materialına istinad yoxdur. Hərçənd ki, brahman (zadəgan), kşatri (cəngavər), vayşi (icmaçı, əkinçi), şudra (şəhərli) paraleli üzdədir. Şəhərli ruhu (praqmatik, dayaz) elə şudra ruhu kimi təqdim edilir. Demokratiya («gəda hakimiyyəti») elə şudra erasıdı. «Dünyanı zadəgan-cəngavər birliyi xilas edəcək» fikri hinddə vardır.
«Zadəgan mədəniyyətində insanın öz təbii təyinatına uyğun sosial məkandan kənarda qalması, başqa sözlə yazıqlıq qadağan olunur» - deyirsiniz. Tam anlamıram. Yazıqlıq məsələsi ilə tam razıyam. O biri təyini isə anlamıram. Zadəganlar – tacsız imperatorlardır. İsa kimi kasıb tələbələrin əhatəsində gəzəndə belə. Onlar sosial mühiti axtarmırlar, yaradırlar. Şahanə görkəmi və ruhi rəvanlığı onlara həqiqətin dərki gətirir. Buddaya şahlıq da gədalıq kimi gəldi. Tolstoy sərgərdanlığı qraflıqdan üstün saydı. Hansı sosial mühitdən gedir söhbət? Zadəganı yazıqlaşdırmırmı bu «sosial mühit» axtarışı?
Zadəgan-cəngavər fərqi. Zadəgan üstünlüyünün açılmasını istərdim. Bir az da geniş. Zadəganın nurdan başqa səlahiyyəti, imtiyazı, hökmü olmamalıdır, məncə.
Kitabda qoyulan məsələlərin bir çoxu mənim düşüncəm üçün yeni olduğundan onların mənalandırılması və mənim daxili dünyamla razılaşdırılması, yaxud inkarı üçün xeyli vaxt lazımdır. Bu fikirlər isə isti-isti ruhumda yaranmış həyəcanların yalnız ilkin ifadəsidir.
Həmişə dünyada iki tip adamlar olub, olacaq: Əsillər və Saxtalar, Sağlamlar və Şikəstlər, daxilində Xeyir daşıyanlar və Şərə xidmət edənlər. İkincilər minlərlə doğulur həmişə. Birincilər həmişə az olur. Əsillik libasına bürünməyən saxta tapmayacaqsınız, sağlamlıq libasına bürünməyən şikəstə rast gəlməyəcəksiniz. Elə Şər yoxdu ki, Xeyir paltarı geymək arzusunda olmasın. Bu onların qədim şakəridi. Problem bundadı.
Dünyanı saxtaların hakimiyyətindən qurtarmaq üçün gedən mübarizə əbədidir.
Uğur olsun!
Müşfiq ŞÜKÜROV,
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının
Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə
Problem Şurasının elmi katibi