Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti


Sudan yaylası və Şimali Qvineya



Yüklə 60,83 Kb.
səhifə12/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   ...   8   9   10   11   12   13   14   15   16
Afrika tam

Sudan yaylası və Şimali Qvineya
Böyük Səhradan cənubda yerləşən bu fiziki-coğrafi sahə qərbdə Atlantik okeanı sahilindən şərqdə Həbəşistan yaylasının qərb ətəklərinə qədər uzanır. Onun şimal və cənub sərhədləri çox yerdə morfostruktur sərhədlərə uyğun gəlmir, əksinə, o çox yerdə vahid morfostrukturları kəsib keçir. Beləliklə, Sudan-Qvineya fiziki-coğrafi sahəsinin şimal və cənub sərhədləri əsasən landşaft əlamətlərinə, xüsusilə yağıntıların paylanmasına görə keçirilir.

Sudan-Qvineya sahəsinin Böyük Səhra ilə sərhədi şimalda “Sahil” landşaft zonasının şimal kənarı ilə keçirilir. Bu sərhəd qərbdə 17° şimal eninə təxminən müvafiq gəlir. Seneqal çayı mənsəbindən şərqə - Tumbuktuya (Seneqal çayı və Nigerin şimal dirsəyi rayonu Sudana daxil edilir), oradan Air yaylasının cənub ətəyinə uzanır. Çad gölünün şimalından (Çad və Bodele arasından), Ennedi və Darfur yaylaları arasından keçib Kassala yaxınlığında Həbəşistan yaylasının dik qərb yamacı ətəyində qurtarır.

Cənub sərhəd, qərbdə Qvineya körfəzinin sahilləri, Kamerun yaylasının şimal yamacı ilə, şərqdə Azande yaylası ilə keçirilir. Beləliklə, Sudan-Qvineya sahəsinə Seneqal ovalığı, orta Niger çökəkliyi, Şimali Qvineya yüksəkliyi və sahil ovalığı, Bauçi, Çad çökəyinin cənub hissəsi, Azande yaylasının şimalı, Vadai, Darfur, Kordafan yaylaları və Yuxarı Nil çökəyi daxil olur. Sahəsi 6 mln. km2-ə yaxındır.

Ərazinin yayla və dağlıq sahələri platformanın qədim kristallik süxurlarından ibarətdir. Bu süxurlar Seneqal ovalığının yüksək şimal-şərq kənarında (Assaba tirəsi), Şimali Qvineya yüksəkliyi və yaylalarında , Çad və Ağ Nil çökəkləri arası yaylalarda, Gəzirə düzənliyində və başqa yerlərdə səthə çıxır. Bu sahələrdə kristallik süxurlar qalınlığı bir neçə metrə çatan (bəzən 10-20 m) qədim aşınma laterit qabığı ilə örtülür.

Şimali Qvineyada, Vadai yaylasında arxey kristallik süxurları kembridən əvvəlki dövrlərin turş və orta tərkibli maqmatik süxurları ilə kəsilmişdir.

Paleozoy erasının əvvəlində Qərbi Sudan və Şimali Qvineyada meridian (və buna yaxın) istiqamətli əyilmələr yaranır. Həmin əyilmələrdə kembri, ordovik, silur, devon, əhəngdaşı, qumdaşı qatları toplanır. Möhkəm qumdaşı, əhəngdaşı qatları bəzən Qərbi Sudanda düzənliklərin dördüncü dövr çöküntüləri arasında alçaq tirələr əmələ gətirir (Dahar-Ualata, Dahar-Tişiç pilləsi və s.). Sudanda bu çöküntülərin geniş yayıldığı sahələr Sahil yaylası, Futa-Callonla Liberiya massivi arasındakı sahə və Volta çökəyidir.

Devon dövründən mezozoyun ortalarına, xüsusilə təbaşir transqressiyasına qədər Qvineya-Sudan ərazisi kontinental denudasiyaya məruz qalmışdır. Təbaşir dövrünün əvvəlində ərazidə ümumi əyilmə baş vermişdir. Tektonik əyilmələr sahəsi (Orta Niger, Aşağı Niger, Benue çökəkliyi) dəniz suları ilə örtülmüşdür. Paleogen və neogenin dəniz çöküntüləri Seneqal və Qvineya sahil ovalığında (Lomedən şərqdə), Ota Nigerdə geniş yayılmış, Çad çökəkliyində isə az sahələrdə rast gəlinir.

Kaynazoy erasında, xüsusilə neogendə yer qabığının ümumi aktivləşməsi ilə əlaqədar olaraq, Sudan-Qvineya ərazisində anteklizlər (qalxanlar) yüksəlir, çay dərələri dərinləşir, böyük çökəklərdə kontinental (allüvial, göl və eol) çöküntüləri toplanır. Orta Niger, Çad və Yuxarı Nil çökəklərində dördüncü dövrün allüvial və eol çöküntüləri geniş yayılmışdır. Tektonik qırılmalar üzrə bu dövrdə püskürmələr də baş verir. Darfurda püskürmə dördüncü dövrdə də davam etmişdir. Burada geniş lava yaylası və vulkanik massivlər (Cəbəl-Marra, 3088 m) yaranmışdır. Sudan-Qvineya sahəsi faydalı qazıntılarla zəngindir. Kristallik əsasın çıxıntılarında, xüsusilə Şimali Qvineya kristallik massivlərində qızıl, almaz, alüminium, qalay və s. faydalı qazıntı yataqları vardır.

Geoloji və tektonik quruluşun sadəliyi ilə əlaqədar olaraq, Sudan-Qvineya ərazisinin relyefi də olduqca sadədir. Ərazinin şimal hissəsini əsasən batıq sahələr, cənub hissəsini isə yayla və yüksəklilər tutur. Şimal batıq zona Seneqal ovalığından başlamış Darfur yaylasına qədər uzanır. Burada qərbdən şərqə relyefin aşağıdakı böyük formalarını görmək olar: 1) Seneqal ovalığı (daxilində Ferlo səhrası yerləşir), 2) Seneqal çayı ilə sahil yaylası arasında səthi bir qədər parçalanmış olan Assabo tirəsi və ətraf sahələr, 3) Orta Niger düzənliyi, 4) Orta Niger və Çad suayrıcısı, 5) Çad çökəyi (çox hissəsi dəniz səviyyəsindən 240-300 m yüksəkdədir), 6) Vadai – Baqrimi (1770 m), Darfur (3088 m) və Kordafan (1413 m) yaylaları, 7) Orta Nil çökəyi və Gəzirə düzənliyi.

Ərazinin əksərən yüksəkliklərdən ibarət olan cənub hissəsində aşağıdakı böyük oroqrafik (eyni zamanda morfostruktur) elementlər diqqəti cəlb edir. Şimali Qvineya yüksəkliyi – bir neçə massiv və yaylalardan ibarətdir. Qərbdə yüksəkliyi 1538 m-ə çatan Futa-Callon yaylası, ondan cənub-şərqdə isə daha geniş sahədə Syerra-Leone-Liberiya yaylası yerləşir (Nimba massivi, 1854 m). Şimali Qvineyanın bu yüksək yaylalarına 1500-2000 mm-dən artıq yağıntı düşür.

Syerra-Leone-Liberiya yaylasından şimal-şərqdə hündürlüyü 500 m-ə çatan geniş peneplen yayla uzanır. Yayla çay dərələri ilə çox kəsilmiş və şərqdə meridian istiqamətdə uzanan Volta çökəyi ilə əhatələnir. Volta çökəyinin şərq kənarı ilə meridian istiqamətində uzanan alçaq massivlərdən (yüksəkliyi 500-1000 m) arxeyin qırışıqlı kristallik süxurlarından ibarət olan Toqo və Atakor dağları bundan şərqdə isə Qərbi Nigeriya yaylası yerləşir.

Qvineya körfəzi ilə Şimali Qvineya yüksəkliyi arasında sahil ovalığı yerləşir. Qambiya çayı ilə Şerbro çaylarının mənsəbləri arasında isə inqression sahil inkişaf etmişdir. Pleystosendə sahilin çökməsi nəticəsində çay dərələrinin mənsəblərini dəniz suyu basmış, bir çox buxtalar (Baterst, Konakri, Fritaun və s.) yaranmış və möhkəm süxurların çıxıntıları olan təpəli ovalıq su altına keçmişdir. Həmin sahədə dənizdə bir çox kiçik qayalı adalar qrupu vardır (Bisaquş, Los, Şerbro). Niger çayı dərəsindən şərqə qalxanvarı formalı Cos (Bauçi) massivi ucalır. Bunun maksimal yüksəkliyi 2000 m-ə çatır.

Sudanın iqlimi tropik səhra iqlimindən daia rütubətli ekvatorial iqlimə keçid təşkil edir. Burada bütün il ərzində temperatur az dəyişir və yüksək olur. Yağıntıların miqdarı və yağıntılı günlərin sayı şimaldan cənuba tədricən artır. Sudan və Qvineya üzərində il ərzində şimal-şərqdən əsən quru tropik passatlarla, cənub-qərbdən əsən rütubətli dəniz və ekvatorial musson havaları bir-birini əvəz edir. Ölkə üzərində qışda Böyük Səhradan gələn tropik kontinental hava, yayda isə Qvineya körfəzi və Konqo hövzəsindən gələn rütubətli ekvatorial mussonlar hakim olur. Ölkənin səhraya qovuşan şimal kənarında illik yağıntıların orta miqarı 250 mm-dən, yağıntılı dövrü isə 3 aydan azdır. Cənubda illik yağıntıları 500-1000 mm, yağıntılı dövrün davamiyyəti 4-5 ay olan ikinci zona yerləşir.

Əvvəlki zonalardan daha geniş sahəni əhatə edən və illik yağıntıların miqdarı 1000-1500 mm olan üçüncü zona, yüksək massiv və dağları çıxmaqla bütün Şimali Qvineya yaylasını, Bauçi, Adamua massivlərini, Azande yaylasının şimal hissəsini əhatə edir. Yağıntılı dövr 8-10 ay davam edir. Axırıncı zona Qvineya körfəzinin şimal və şimal-şərq sahillərini və yüksəkliklərin cənub, cənub-qərb yamaclarını tutur. Burada yağıntıların miqdarı 1500-2000 mm-ə çatır, quraq dövr yoxdur. Bəzi yerlərdə yağıntılar 3000 mm və daha çoxdur (Futa-Callon və Nimba massivlərinin cənub yamacında, Nigerin deltasında). Qvineya sahili ovalığının bəzi yerlərində isə 1000 mm-dən az yağıntı düşür (Fil dişi sahili, Qızıl sahil). Qvineya sahili və Seneqalda orta illik temperatur 23-24°-dir. İllik temperatur amplitudu 4-6°-dən artıq deyildir. Sudanın şərqində orta illik temperatur 30°, ən sərin ayda isə 22-23°-dir.

Böyük Səhradan fərqli olaraq, Sudan-Qvineya ərazisinin çay şəbəkəsi yaxşı inkişaf etmişdir. Qərbi Afrikanın bir neçə böyük, yüzlərlə orta və kiçik çayları bilavasitə bu ərazidən başlanır və burada da dənizlərə tökülür. Burada ən böyük çay Nigerdir. Qərbi Afrikanın Nigerdən sonra ikinci böyük çayı Seneqaldır.

Şimali Qvineya yaylasından cənuba bir çox kiçik və çox sulu çaylar axır. Bunların arasında Volta, Komoe, Bandama, qərbdə isə Qambiya ən böyükləridir. Şimali Qvineya çayları ilboyu çox sulu olur və əksəriyyəti yazda və payızda daşırlar. Bu çaylar çox astanalı və şəlaləlidir.

Nil çayı Şərqi Sudan (Yuxaı Nil) çökəyi daxilində daşıb geniş bataqlıqlar əmələ gətirir. Nil çayının Şərqi Sudanda olan sol qollarından Bəhr-Əl-Ərəb, Lol, Qur, İbba çayları qidalanmasına və səviyyə rejiminə görə başqa Sudan çaylarından az fərqlənir.

Sudanda torpaq-bitki örtüyünün paylanmasında coğrafi enlik zonallığı özünü aydın göstərir. Sudan-Qvineya ərazisində landşaftın enlik zonalarının qanunauyğun olaraq yerləşməsi hər şeydən əvvəl, həmin zonaların rütubətlənmə dərəcəsindən asılıdır. Şimalda Böyük Səhranın cənub kənarına paralel Sahil zonası uzanır. Bu zonada seyrək otlar, yovşan, xırda tikanlı kollar və s. yayılmışdır. O şimalda tədricən səhraya keçir. Ümumiyyətlə bu zona səhralaşmış savanna da adlanır.

Ot bitkilərindən şiyavərin müxtəlif növləri, kol bitkilərindən xırda yarpaqlı və tikanlı akasiyalar yayılmışdır. Bəzi yerlərdə torpağın səthi çılpaq olub, ot və kol bitkiləri çox seyrəkdir.

Sahil zonasından cənubda Sudan zonası yerləşir. Bu qərbdə ensiz zolaq, Niger və Çadda geniş zona təşkil edir. Bu zonada Sudan tipli savanna landşaftı hakimdir. Burada alçaq və orta boylu (1-1,5 m) Sudan otu sıx örtük əmələ gətirir. Şimali Savannada (bu zonanı belə də adlandırmaq olar) ağac bitkilərindən baobab, çətirli akasiyaların bir neçə növləri və s. bitir. Lakin ağaclar çox seyrək yayılmışdır.

Şimali Savannada ən geniş yayılmış torpaqlar qırmızı-qonur torpaqlardır. Şərqdə qırmızı, qonur, Şari çökəyində, Şərqi Sudan çökəyinin kənarlarında qara və boz hidromorf tropik torpaqlar yayılmışdır. Çad və Şərqi Sudan çökəyinin subasar sahələrində tropik bataqlıqlar yayılmışdır. Bataqlıqların əsas bitkisi papirus və qamışdır. Tək-tək ağaclara da rast gəlinir.

Qvineya-Sudan savannası əvvəlkindən xeyli fərqlənir. Bitki örtüyünün əsas fonunu yüksək boylu Sudan otu təşkil edir. Bunun hündürlüyü 2-2,5 m-ə çatır. Taxıl-ot bitkiləri burada əsas fon əmələ gətirir. Park şəkilli meşələr zonanın cənubunda otlu savannadan daha çox yer tutur.

Qvineya-Sudan savannasında karite (yağ ağacı), nete, yağ palması, kola, pandanus, “pendir ağacı”, yabanı qəhvə ağacının bir neçə növü (Liberiya qəhvəsi, Ərəbistan qəhvəsi və s.) və s. ağaclar meşə əmələ gətirir.

Qvineya zonası landşaftı öz xüsusiyyəti və tipinə görə daima rütubətli, həmişəyaşıl ekvatorial zonadan fəqrlənmir. Qabarma-çəkilmə zonasında (bunu amfibiya torpaqları da adlandırırlar) manqr meşələri, Nil çökəyində isə bataqlıqlarda ekvatorial tipli meşələr və cəngəlliklər geniş yer tutur. Burada ən çox yayılmış ağac növü rafiyadır.

Qvineyanın həmişəyaşıl ekvatorial tipli meşələrində 4-5 mərtəbə müşahidə edilir. Hündürlüyü 40-50 m-ə çatan ağaclar yüksək mərtəbəni əmələ gətirir. Bu uca ağacların altında orta boylu ağaclar və alçaq mərtəbə bitkiləri çox sıx və keçilməz örtük əmələ gətirir. Alçaq mərtəbələr üçün müxtəlif bitkilər – lianlar, epifitlər, ayıdöşəyilər, banan xarakterikdir. Həmişəyaşıl meşələr (bunu musson meşələridə adlandırırlar) tərkibinin çox zənginliyi ilə fərqlənir.

Sudanda olduğu kimi Şimali Qvineya vilayətində də təbii landşaft insan tərəfindən xeyli dəyişilmişdir. Əhalisi çox sıx olan ərazilərdə tropik meşələrin və meşəli savannaların yerini plantasiyalar, əkin sahələri və yaşayış məntəqələri tutur.

Heyvanlar aləmi üçün meymunlar, xüsusilə şimpanze, açıq yerlərdə antilop, meşələrdə fil, quşların bir çox növləri (tutuquşular, buynuzlu quşlar və s.) səciyyəvidir. Hər yerdə ilanlar (zəhərsiz pitonlar, zəhərli qara gözlüklü ilan), həşərat vardır.

Sudan-Qvineya ərazisinin yuxarıda göstərilən qısa kompleks səciyyəsi onu aşağıdakı fiziki-coğrafi vilayətlərə bölməyə imkan verir: Qərbi Sudan, Mərkəzi Sudan, Şərqi Sudan və Şimali Qvineya.




Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin