Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə2/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   16
Afrika tam

Afrikanın iqlimi

Afrikanın iqlimi hər şeydən əvvəl, qitənin coğrafi mövqeyi ilə - onun ekvatorial, tropik və qismən subtropik qurşaqlarda yerləşməsi ilə müəyyən edilir. Qitə ərazisinin təxminən ¾ hissəsi üzərində günəş ildə iki dəfə zenitdə olur və bol şüa enerjisi verir. Afrikanın ekvatorial qurşağında ümumi radiasiyanın illik kəmiyyəti 100-140 kkal/sm2, tropik qurşaqlarda 180-200 kkal/sm2, Böyük Səhranın şərqində 220 kkal/sm2, subtropik qurşaqlarda isə 140-160 kkal/sm2-ə bərabərdir. İllik radiasiya balansı qitə üzərində 60-70 kkal/sm2-dir. Beləliklə Afrika illik radiasiya kəmiyyəti və radiasiya balansına görə başqa qitələrdən fərqlənir. O, Yer kürəsinin ən isti qitəsidir.

Afrika iqliminə qonşu okeanlar və Asiya üzərində yaranan barik sahələrin, eləcə də qitənin şimal və cənub hissəsində fəsillər üzrə bir-birinin əksi olan dəyişkən təzyiq sahələrinin təsiri də böyükdür. Afrika üzərində subtropiklərarası atmosfer sirkulyasiyası, külək rejimi və yağıntıların qitə üzərində paylanmasının əsas amilidir. Ekvatorial qurşaqda alçaq təzyiq sahəsi, tropiklərdə isə yüksək təzyiq sahəsinin hakim olması il ərzində tropiklərdən ekvator qurşağına doğru hava cərəyanı yaranmasına səbəb olur. Bundan əlavə Afrikanı şərqdən və qərbdən əhatə edən Hind və Atlantik okeanları üzərində mövcud olan daimi yüksək təzyiq sahələrindən (Cənubi Hind okeanı, Şimali və Cənubi Atlantika antisiklonları) daima qitə üzərinə hava cərəyan edir.

Ekvatorial qurşaqda il boyu qalxan cərəyan, tropiklərdə isə enən hava cərəyanları, tropiklərlə ekvator arasında isə üfüqi hava cərəyanları hakimdir. Tropiklərdən ekvatora əsən quru, isti, tozlu hava passat cərəyanlarıdır. Ekvatordan şimal və cənub subekvatorial zonalara gələn ekvatorial mussonlar çox rütubətli olur. Subekvatorial zonaların fəsli rütubətlənməsi də ekvatorial mussonların davamlılığından asılıdır. Okeanlar üzərində yerləşən daimi təzyiq mərkəzlərindən gələn havalardan yalnız Cənub Hind okeanı antisiklonu qitənin cənub-şərq sahillərinə çox rütubət gətirir. Azor maksimumu və Cənubi Atlantika antisiklonlarının sağ cinahlarından tropik enliklərdə qitəyə daxil olan hava kütlələri sərin olduğundan rütubət tutumu azdır, həm də bu hava kütlələri qitəyə yalnız müvafiq yarımkürələrin yayında daxil olduğundan çox qızmar quru üzərində daha da qızır və yağıntı ayırmaq qabiliyyətini itirir. Qərbdə bütün il boyu yalnız ekvatorial qurşağa bol yağıntı düşür. Bu yağıntıları Qvineya körfəzinin şimal və şimal-şərq sahillərindən daxil olan rütubətli dəniz hava kütlələri verir.

Göstərilən sadə hava sirkulyasiyası sxemi ilin fəsillərindən asılı olaraq xeyli dəyişir. Bunun başlıca səbəbi müvafiq yarımkürələrdə, yay fəslində qitənin şimal və cənub tropik qurşaqlarında alçaq təzyiq sahələrinin yaranmasıdır. Bu səbəbdən, tropiklərdən ekvatora əsən passatların illik rejimində ciddi dəyişiklik baş verir. Passatlar yalnız hər yarımkürənin qış fəslində tropiklərin ümumi (zonal) yüksək təzyiq qurşaqlarına qoşulması ilə güclənir və çox təsirli olur. Onlar ekvatorial qurşağa, hətta onu keçib əks yarımkürəyə də daxil olur. Ekvatorial zonada passatlar çox rütubətlənir və keçdiyi yarımkürənin subekvatorial qurşağında ekvatorial mussonları adlanırlar. Bu küləklər ekvatorial qurşağa şimal-şərqdən (şimal yarımkürəsində qış olan zaman) və cənub-şərqdən (cənub yarımkürəsində qış olan zaman) əsir. Ekvator qurşağını keçdikdə bunlar ekvatordan şimalda sağa, cənubda isə sola meyl edirlər.

Qışda Ön Asiya yaylaları üzrəində yaranan yüksək təzyiq sahəsindən qitənin şimal-şərqinə (xüsusilə Somaliyə) passatlar daxil olur. Dəniz üzərindən keçən passatlar xeyli rütubətlənir və yağıntı verir. Fəsillərin dəyişməsi ilə əlaqədar olaraq Cənubi Hind okeanı antisiklonunun da təsir dairəsi dəyişir. Şimal yarımkürənin qışında onun sol cinahı küləkləri qitənin cənub-şərq sahillərinə, cənub yarımkürənin qışında isə cənub subekvatorial və tropik qurşaqlarında qitənin şərq sahillərinə (Əjdaha dağlarına) çox yağıntı verir, qitənin içərilərinə isə quru halda daxil olur.

Yanvar ayında qitənin şimal hissəsi soyuyur və burada antisiklon hava şəraiti yaranır. Yanvarın orta temperaturu Aralıq dənizi sahillərində və Böyük Səhranın şimal hissəsində 12°, orta hissəsində 12-16°, cənub hissəsində 16-20°-dir. Atlas dağlarını 8° yanvar izotermi əhatə edir. Yayla və yüksək dağlarda isə yanvar ayında temperatur 0°-yə enir və şaxtalar olur. Bu vaxt orta temperatur ekvator qurşağında 24-26°, Yuxarı Nil çökəkliyində isə 28° olur.

Yanvar ayı qitənin cənub hissəsində yayın qızmar ayıdır. Kalaxaridə bu ayın orta temperaturu 26-28° (Kalaxari səhrasının qızmar cənub-qərbində 30°), qitənin cənub sahilində isə 18-20°-dir. Şərqi Afrika yaylalarında bu vaxt orta temperatur 20-24°-dir. Yanvar ayında qitənin şimal yarısında mütləq minimum temperatur 0°, yəni xeyli aşağı olur. Mənfi temperatur 20° şm. enindən şimalda müşahidə edilir (-7°-yə qədər). Atlas dağlarında və yüksək Şott yaylasında -10°, -20° şaxtalar olur. Şimal subekvatorial qurşaqda yanvarda ən alçaq temperatur +8, +10° müşahidə edilmişdir. Bu vaxt Cənubi Afrikada mütləq maksimum temperatur 40-45°-yə (50°-yə qədər) çatır.

İyul ayında qitənin şimal hissəsi çox qızır, cənub hissəsi isə xeyli soyuyur. Ekvatorial qurşağın termik rejimində fəsillərdən asılı olaraq ciddi dəyişiklik baş vermir. Bu vaxt qitənin şimal, Aralıq dənizi sahili vilayətlərində orta aylıq temperatur 28° (30°-yə qədər) olur. Böyük Səhranın geniş ərazisində orta iyul temperaturu 30°, Çad çökəkliyinin şimal hissəsində 32°, Böyük Səhranın şimal-qərb, cənub-qərb və bütün qərb hissəsində 32°-dir (Atlantik sahili ovalıqdan başqa). Böyük Səhranın qərb daxili hissəsində 36°-lik izoter qapanır. Qitənin bu hissəsində mütləq maksimum temperatur 50-58°-yə çatır, torpağın səthi 70°-yə qədər qızır. Ekvatorial zonaya yaxınlaşdıqca rütubət artdığına görə havanın temperaturu bir qədər düşür (Sudanda 28°, ekvatorial qurşaqda 24-26°).

Ekvatordan cənuba iyul ayının orta temperaturu tədricən azalır. Kalaxaridə 10-16°, Karru yaylasında və Əjdaha dağlarında 8°, cənub sahildə 12°-dir. Cənubi Afrikanın yüksək dağlarında qışda şaxtalar olur, qar yağır. İyul ayında Cənubi Afrikada mütləq minimum temperatur müxtəlif yerlərdə -4°, -6°, hətta -11°-yə qədər düşür. Qitə üzərində izotermlərin gedişinə relyef elementlərinin də böyük təsiri vardır. Qitə üzərində temperaturun illik və sutkalıq amplitudu çox böyükdür. Sutkalıq temperatur amplitudu tropik qurşaq səhralarında 25-30°-yə çatır, subtropik və ekvatorial qurşaqda bu xeyli azdır. Ən böyük illik temperatur amplitudu (20°, 26°) Böyük Səhrada müşahidə edilir. Temperatur amplitudu Cənubi Afrikada 14-16°, ekvatorial qurşaqda isə 2-4°-dir. Beləliklə qitənin çox geniş şimal tropik qurşağı kontinental tropik səhra iqlimi ilə səciyyələnir. Burada qış aylarının orta temperaturu yer səthinin eyni coğrafi enliklərindəki sahələrin orta temperaturundan bir qədər az (4-5°), yay aylarının orta temperaturu isə xeyli (10-12°) artıqdır.

Afrikada yağıntılar qeyri-bərabər paylanmışdır. Qonşu qitələrin eyni coğrafi enlikdə yerləşən vilayətləri (Cənubi və Mərkəzi Amerika, Cənubi və Cənub-Şərqi Asiya) Afrikadan daha çox yağıntı alır. Bu ilk növbədə qitə üzərində atmosfer sirkulyasiyasının xarakterindən və kənar vilayətlərdən Afrikaya gələn hava kütlələrinin fiziki-dinamiki xüsusiyyətlərindən asılıdır.

Rütubətlənmə dərəcəsinə görə Afrikada bir neçə qurşaq aydın seçilir. Ekvator qurşağı yağıntıların bolluğu ilə qitənin başqa sahələrindən kəskin fərqlənir. Burada yağıntıların illik miqdarı 1500-2000 mm-dir. Qitə üzərində maksimal yağıntı ekvatoru, coğrafi ekvatora yalnız Konqo hövzəsində uyğun gəlir. Qvineya körfəzi sahilində ən çox yağıntılar körfəzin şimal-şərq küncündə (Niger çayının deltası və Kamerun dağlarının qərb yamacları) və Yuxarı Qvineya yüksəkliyinin qərb hissəsində (Leone-Liberiya massivində Futa-Callon dağları və s.) 5-10° şimal enlikləri arasında düşür. Ekvator qurşağında yağıntılar il boyu bərabər paylanmışdır. Burada quraq ay yoxdur. Lakin payız və yazda günəş ekvatorda zenitdə olduqda yağıntılar daha çox düşür.

Daima rütubətli ekvator qurşağından şimala və cənuba yağıntıların miqdarı tədricən azalır, yağıntılı dövr isə qısalır. 14°-15° şimal və cənub enlikləri arasında yağıntıların orta illik miqdarı 1000 mm-dən artıq olur. Lakin burada ilin quraq və yağıntılı dövrə bölünməsi bütün üzvi aləmin inkişafına kəskin təsir göstərir. Hər iki subekvatorial qurşaqda illik yağıntılar müvafiq yarımkürənin yay fəslində düşür. Bu belə baş verir: şimal yarımkürəsində yay olduqda Böyük Səhra çox qızır və alçaq təzyiq sahəsinə çevrilir. Kalaxari üzərində bu vaxt yüksək təzyiq olur. Passatlar bu yüksək təzyiq sahəsində daha da güclənərək cənub və cənub-şərqdən ekvator qurşağına daxil olur. Bu qurşaqda quru tozlu küləklər öz xassəsini tamamilə dəyişir, çox rütubət götürür və ekvatoru keçərək şimal yarımkürəsinə daxil olur. Burada həmin küləklər öz istiqamətini dəyişir və şimal-şərqə hərəkət edir. Həmin küləklər şimal yarımkürəsi yayında şimal subekvatorial qurşağa, Sudana və Böyük Səhranın cənub kənar hissəsinə yağıntı gətirir. Bu vaxt qitəyə Qvineya körfəzindən (cənub-qərb istiqamətindən) daxil olan çox rütubətli daimi dəniz mussonları 15-18° şimal enliklərinə qədər irəliləyir. Lakin Sudanın şimal sərhədinə yaxınlaşdıqca bu havalar transformasiyaya uğrayır, rütubətini itirir və quru-isti havalara çevrilir, yağıntı vermək qabiliyyətini itirir. Bunun ən başlıca səbəblərindən biri də şimal yarımkürəsi yayında səhranın çox qızması və kondensasiya səviyyəsinin yüksəyə qalxmasıdır. Şimal və cənub subekvatorial qurşaqların ekvator qurşağı sərhədində illik yağıntılar 1300-1500 mm olur, yağıntılı dövr 8-10 ay davam edir və iki maksimum müşahidə edilir. Savannaların şimal (şimal yarımkürəsində) və cənub (cənub yarımkürəsində) sərhədində yağıntıların miqdarı 200 mm, yağıntılı dövrün davamlılığı isə 1-2 aya qədərdir. Ekvator qurşağına tərəf savannalarda yağıntıların miqdarı artır (1300-1500 mm-ə qədər) və yağıntılı dövr uzanır (8-10 aya qədər). Savannanın orta hissələrində isə illik yağıntılar 500-800 mm olmaqla yağıntılı dövr 5-6 ay davam edir.

Afrikada şimal və cənub tropikləri az yağıntılı olur. Böyük Səhrada yağıntıların illik miqdarı 200 mm-dən, onun çox geniş daxili vilayətlərində isə 50 mm-dən azdır. Kalaxarinin şimal və şərq hissəsində 250-500 mm, qərb hissəsində 200 mm-dən az, Namib səhrasında isə 50 mm-dən azdır. Böyük Səhra üzərində kondensasiya səviyyəsi 5 km yüksəkdə yerləşir. Bundan əlavə qışda burada yüksək təzyiq sahəsi yarandığı üçün dəniz və okeanlardan rütubətli hava gəlmir. Yay aylarında isə Böyük Səhra o qədər qızır ki, kənarlardan bura az-çox daxil olan rütubətli havalar çox qızır və doyma dərəcəsindən kəskin uzaqlaşır. Beləliklə ilin hər iki yarısında, səhra üzərində atmosfer sirkulyasiyasının hər iki şəraitində burada yağıntı düşməsi ehtimalı son həddə qədər azalır.

Buna baxmayaraq tropiklərdə az da olsa yağıntı düşür. İllik yağıntı bir, yaxud iki leysan zamanı düşür. Bəzən bir neçə il dalbadal yağıntısız keçir. Böyük Səhranın cənub hissəsində yağıntılar əsasən yayda, şimal hissəsində isə qışda düşür (Aralıq dənizi rejimi).

Şimal yarımkürəsi üçün yuxarıda deyilənlər təxminən eyni sxem üzrə cənub yarımkürəsinin yay fəslində təkrar olunur. Lakin bütün bu proseslər şimal yarımkürəsində olduğu kimi tam təkrar olmur. Burada qitənin cənub-şərq kənarı Hind okeanından gələn dəniz mussonlarının təsiri altındadır. Yağıntıların illik miqdarı 500-1000 mm-dən artıqdır.

Afrikanın şimal və cənub kənar hissələrini tutan subtropik qurşaqlarda yağıntıların illik miqdarı 500-800 mm (Liviya sahillərində 250 mm), Kap dağlarında 1000 mm-ə qədərdir. Hər iki qurşaqda yay quraq, qış yağıntılıdır. Bir tərəfdən yağıntıların azlığı, digər tərəfdən qitə üzərində buxarlanma qabiliyyətinin çox yüksək olması böyük rütubət çatışmazlığını yaradır. Yalnız çox yağıntılı ekvator və subekvator qurşaqlarında, rütubət bolluğu hiss olunur. Qitənin başqa sahələrində buxarlanma qabiliyyəti düşən yağıntıların miqdarından 5-10 dəfə, Böyük Səhrada 20-30 dəfə artıqdır.

Afrikada aşağıdakı iqlim tipləri ayrılır: 1. Ekvator iqlimi. 2. Subekvator iqlimi (şimal və cənub subekvator iqlim qurşağını tutur). 3. Tropik passatlar iqlimi (hər iki yarımkürənin tropik qurşağı səhralarını əhatə edir). 4. Subtropik iqlim (Afrikanın həm şimal, həm də cənub yarımkürə subtropikləri Aralıq dənizi iqliminə aid olub, qışı rütubətli mülayim, yayı quru və istidir).



Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin