Gölləri. Afrikada müxtəlif mənşəli göllər vardır. Ən böyük göllər tektonik çökəklərdə yerləşir. Səhra və semiarid vilayətlərdə sinekliz çökəklərdə relikt göllər, yaxud onların qurumuş çalaları qalmaqdadır. Vulkanik ərazilərdə vulkanik göllər vardır. Qvineya körfəzinin şimal sahilində isə laqunlara rast gəlmək mümkündür. Neogendən əvvəl Afrikada çox böyük relikt göllər olmuşdur. Çad və Konqo çökəyinin geniş bir hissəsini tutan göllərin bir qismi iqlimin aridləşməsi nəticəsində ya tamamilə qurumuş, yaxud dayaz və kiçik göllərə çevrilmişdir (Çad, Əl-Cuf, Kattara, Atlas və Tunis Şottları, Makarikari, Nqami). Bir qisim göllər isə (Konqo), reqressiv eroziya nəticəsində suyunu axıtmış və yox olmuşdur, yaxud öz sahəsini çox kiçiltmişdir (Mveru və s.). İqlimin tərəddüdü ilə əlaqədar olaraq Şərqi Afrika yaylası göllərinin də səviyyəsi xeyli aşağı düşmüşdür, onlardan bəziləri isə böyük çökəklərin az bir hissəsini tutur (Rudolf, Rukva və s.).
Afrika göllərinin əksəriyyəti Şərqi Afrika qrabenləri zonasında yerləşir. Burada sahəsinə görə ən böyük göl Viktoriya, dərinliyinə görə isə Tanqanikadır. Bu göl Baykal gölündən sonra dərinliyinə görə dünya gölləri arasında ikinci yerdə durur.