Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə6/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   2   3   4   5   6   7   8   9   ...   16
Afrika tam

Afrikanın böyük gölləri

Gölün adı

Sahəsi (km2)

Maksimal dərinliyi

(m-lə)


Dünya səviyyəsindən yüksəkliyi (m-lə)

Viktoriya

68000

80

1136

Tanqanika

32900

1435

773

Nyasa

30800

706

472

Rudolf

8500

73

375

Mveru

5000 (yaxın)

14

931

Albert

4200

48

619

Kivu

3000

780

1460

Eduard

2000

114

912

Çad

1000 (daşqın zamanı 2000)

7 (yaxın)

240

Tana

3100-3600

72

1830

Vulkan-bənd göllərindən ən böyüyü Həbəşistan yaylasındakı Tana gölüdür. Göllər Şərqi Afrika landşaftının ən görkəmli elementlərindən biridir. Şirin sulu olduğundan yerli əhali qədimlərdən bu göllərin sahilində məskən salmışdır. Səhra gölləri və axarsız göllərdən Rudolf suyu duzludur. Çad gölündən Bedele çökəyinə olan yeraltı axar onun suyunu şirin saxlayır.

Torpaq və bitki örtüyü

Afrikada torpaq və bitki örtüyünün yayılmasında enlik coğrafi zonallıq qanunu özünü başqa qitələrdə olduğundan daha aydın göstərir. Bunun başlıca səbəbləri qitə ərazisinin şimal və cənub yarımkürələrdə bərabər paylanması və əksərən düzənlik və yaylalardan ibarət olmasıdır. Ekvatorial torpaq və bitki zonalarından subtropik qurşaqlara qədər coğrafi zonalar qitə ərazisində hər iki yarımkürədə inkişaf etməklə qoşa zonallıq əmələ gətirir. Enlik coğrafi zonallıqla yanaşı torpaq və bitkilərin yayılmasında yüksəkliyə görə zonallıqda müşahidə edilir. Bu şaquli zonallıq xüsusilə daha yüksək Şərqi Afrikada, Həbəşistan yaylasında və vulkanik dağlarda, həmçinin Atlas, Kap və Əjdaha dağlarında daha aydın görünür.

Afrika isti qitə olduğundan dördüncü dövrdə, yüksək enilklərdə iqlimdə baş verən dəyişikliklər (iqlimin soyuması) burada torpaq və bitki örtüyünün inkişafına təsir göstərə bilməmişdir. Arxey və Proterozoy eralarından bəri çox hissəsi dəniz transqressiyaları ilə örtülməyən bu qitədə bitki örtüyü eralar boyu təkmilləşmiş və zənginləşmişdir.

Ekvatorial zonaların bitki örtüyündə isə üçüncü dövrdən, hətta mezozoy erasından qalmış bitki nümayəndələrinə təsadüf edilir. Afrikanın bitki örtüyü paleotropik, qolarktika və Kap vilayətlərinə daxildir. Burada olan 4000-dən çox bitki növünün çox hissəsi paleotropik vilayətdədir. Qitədə 9000-ə qədər endemik bitki növü vardır. Afrikada isti sevən bitkilərin yetişməsi üçün çox əlverişli şərait yaranmışdır. Lakin rütubətin qitə ərazisində qeyri-bərabər paylanması üzündən burada çox sıx rütubətliekvatorial meşələr və seyrək ağaclı, sıx və hündür otlu savannalarla yanaşı, bitkisi olduqca kasıb olan, yaxud tamamilə bitkisiz ərazilər də vardır. Beləliklə, Afrikada bitki örtüyünün yayılmasında yalnız istiliyin bolluğu kifayət deyildir. Rütubət bolluğu qitədə üzvi aləmin xarakteri və sıxlığını müəyyən edən ən başlıca təbii amildir. Afrikada tropik, ekvatorial və subtropik qurşaqlarda zonal torpaqlar daha geniş ərazilərdə yayılmışdır. Bununla yanaşı dağlıq sahə torpaqları və düzənliklərin introzonal torpaqları da xeyli sahə tutur.

Ekvatorial zonada və Şimali Qvineya yüksəkliyində daima rütubətli tropik meşələr altında qırmızı-sarı laterit torpaqlar inkişaf etmişdir. Çox sıx və mərtəbəli tropik meşələr altında inkişaf edən bu torpaqların səthinə heç vaxt günəş şüaları düşmür. İl boyu torpaq çox nəm olur və qələviləşməyə məruz qalır. Yüngül və tez həll olan komponentlər alt qatlarda toplanır. Bəzi yerlərdə bu torpaqlar qədim laterit aşınma qatı (dəmirli aşınma qabığında) üzərində inkişaf edir. Bəzi yerlərdə isə onlar alüminium-ferrum tərkiblidir. Mexaniki tərkibi gilli, qumlu və qumsaldır.

Daima rütubətli qiley meşələri zonasında introzonal torpaqlar, Konqo çökəyinin dibində laterit-qiley torpaqlar, çaylar boyu ensiz zolaq əmələ gətirən allüvial torpaqlar, Qvineya körfəzinin şimal sahili boyu inkişaf etmiş manqr meşələrinin bataqlıq torpaqları, nəhayət olduqca az sahədə inkişaf etmiş (Lome ətrafında) tropik qara torpaqlar yayılmışdır. Bu axırıncı tip adətən yağıntıların miqdarı xeyli az olan sahələrdə əmələ gəlmişdir.

Ekvatorial zonanın bitki örtüyü çox zəngindir (Konqo hövzəsində 4° şm. e. ilə 5° c.e. arasında, Qvineya körfəzinin şimal sahilində 8° şm.e. qədər) – 3000-dən artıq ağac növü vardır. Meşələr mərtəbəlidir. Meşələrin içərisi çox qaranlıq olduğundan ot bitkisi yox dərəcəsindədir. Lakin rütubət və qaranlığı sevən kollar və lianlar (sarmaşıqlar) sıx və keçilməz cəngəlliklər yaradır. Bu zona üçün həmişəyaşıl meşələr xarakterikdir. İl boyu temperatur yüksəkdir və az tərəddüd edir, yağıntılar isə 1500-2000 mm-dən artıqdır. Piptadeniya, seyba, terminaliya və s. ağaclar bu meşələr üçün çox səciyyəvidir. Məhsuldarlığı cəhətdən ekvatorial qileylər (meşələr) başqa meşələrdən çox irəlidir. Belə ki, bir hektar sahədə 400-700 ağac olur. Bunlardan yalnız 4-5-i eyni növə aiddir.

Hündürlüyü 50-80 m-ə çatan nəhəng ağaclar, yağ palması (Elaies guinensis), rafiya (şərab palması Rhaphia), seyba (Ceiba tonningi), kola (Cola nitida) və fikuslar tropik meşələrdə ən yüksək mərtəbəni təşkil edir. Aşağı mərtəbələrdə banan, müxtəlif ayıdöşəyilər, liberiya qəhvəsi (Coffea liberica), lianlar, landofilya, səhləb çiçəyi, danaayağılar, yosunlar və s. (kolamus, palma potanq, okean sahilində manqr meşələri) geniş yayılmışdır. Tropik meşələrdə bir çox qiymətli və mənfəətli ağac növləri vardır. Bunlardan çörək ağacı, sarı ağac, səndəl ağacı, kola, kauçukluların bir çox növü, çox möhkəm oduncağı olan eben ağacı, yağ palması, liberiya qəhvəsi, okean sahillərində kokos palması (hind qozu) və s. göstərmək olar.

Ekvator zonasına paralel olaraq şimalda və cənubda nisbətən ensiz zona əmələ gətirən dövrü rütubətli tropik meşələrin və hündürotlu savannaların qırmızı laterit torpaqları yayılmışdır. Bu zonada yarpağını tökən meşələr, çay boyu sahələrdə isə həmişəyaşıl qalereya meşələri yerləşir. Tipik savanna ilə rütubətli qleylər arasında ensiz park meşələri uzanır. Bunlar bir növ savannaları xatırladır. Hündürboylu taxıl otları olan savannada pandanus, fikuslar və başqa ağaclardan ibarət seyrək meşələr yerləşir.

Savanna torpaqları və bitkiləri zonası rütubətli meşələr zonasını şimaldan və cənubdan, dağ savannaları isə şərqdən əhatə edir. Qvineya və Sudanda savannalar Atlantik okeanının sahillərindən yuxarı Nil çökəyi bataqlıqlarına qədər uzanır və öz növbəsində səhralar zonası ilə əhatələnir. Şimal yarımkürəsi savannalarında qırmızı, qonur, cənub yarımkürəsində isə qəhvəyi-qırmızı torpaqlar inkişaf etmişdir.

Savannaların bitki örtüyü müxtəlifdir. Burada ən geniş sahələr hündürboylu otlar (taxılkimilər və s.), seyrək meşələr, çay ətrafı sahələrdə isə qalereya meşələri ilə örtülüdür. Ağac bitkilərindən baobab, çətirli zurafə akasiyası savannalarda tipik mənzərə yaradır. Hündürboylu otlardan filotu, daşdayan və s. göstərmək olar.

Savanna daxilində bir neçə qurşaq ayrılır. Bu qurşaqlar arasında keçid tədricidir. Ekvatorial qileylərlə sərhəddə yağıntı çox, quraq dövr qısa (2 ay) olduğundan burada hündürboylu hiqrofil otlar və qileylərdə yayılmış ağacların bir çoxuna rast gəlinir (yağ palması, pandanus, yağ ağacı və s.). Şimala getdikcə yağıntılar azalır, quraq ayların sayı artır, bitki örtüyündə kserofitlərin rolu artır. Qvineya-Sudan savannalarının orta qurşağı orta boylu otlardan, tək-tək bitən baobab və zürafə akasiyası ağaclarından ibarətdir. Sıx meşələr yalnız çay dərələrindədir. Savannaların şimal qurşağında alçaq-seyrək otlar və akasiya kolluqları inkişaf etmişdir. Kollu akasiya və tikanlı kollar, seyrək meşələr cənub yarımkürə savannalarında dah geniş ərazi tutur. Savannaların bu qurşağında yağıntıların miqdarı az olsa da il boyu müəyyən vaxtda düşür. Bu qurşaqdan şimalda səhralaşmış savanna ensiz zolaq əmələ gətirir. Sahil adlanan bu qurşaqda, bitki örtüyü çox seyrəkdir. Ot bitkiləri azdır (aristada), quraqlığa davamlı kollar yayılmışdır. Bəzi yerlərdə qumluqlara təsadüf edilir. Çad gölü, orta Nigerin dirsəyi bu qurşaqda yerləşir. Orta Niger, Çad və yuxarı Nil çökəklərində bataqlıqlarda papirus, qamış cəngəllikləri, tək-tək ağaclar yayılmışdır.

Cənubi Afrikada səhra zonası ensiz olduğundan və burada səhra qitənin şərq sahilinə çıxa bilmədiyindən onu çox yerdə müxtəlif tipli savannalar əvəz edir. Geniş ərazi tutan savannalar Konqo çayının sol qollarının yuxarı axarını, Okovanqo, Kunen çaylarının yuxarı axarlarını və Zambezinin bütün hövzəsini (Nyasa, Tanqanika göllərinin ətraf sahələri də daxil olmaqla) tutur. Burada Anqolanın yüksək otlu savannaları, seyrək meşələri, Rodeziya və Mozambikin seyrək meşələri, çay boyunca qalereya meşələri yayılmışdır. Böyük çayların daima rütubətli geniş terraslarında və vadilərində isə rütubətli tropik meşələrə təsadüf edilir. Çökəklərdə və subareal delta bataqlıqlarında papirus və qamış bitir.

Böyük Səhranın cənub yarısında (təxminən 25-26° şm. enindən cənuba) tropik səhra bitkiləri yayılmışdır. Burada səhralaşmış savannaya paralel olaraq otlu-kollu səhra qurşağı uzanır. Taxılkimilərdən, kollardan xırda boylu akasiyaların müxtəlif növlərinə, qədim dərələrdə isə palma talalarına rast gəlinir. Böyük Səhranın daha geniş daxili hissələrində kolluq səhra bitkiləri yayılmışdır. Kök sistemi yaxşı inkişaf etmiş alçaq boylu, yastıqvarı kollar çox seyrəkdir. Bu sahədə torpağın səthi çılpaqdır.

Böyük Səhranın şimal yarısında subtropik səhra tipli otlu-kollu sahə daha geniş areala malikdir. Taxılkimilərdən şiyavər, kollardan akasiya, innab, qərbdə Atlantik okeanı sahilində kaktusabənzər südləyənlər, müxtəlif kollar, daşlı səhralarda yastıqvarı tikanlı kollar, qumlu səhralarda taxıl kimilərdən aristidanın növləri, kollardan retam, cır moruq, şoranlarda halofitlər yayılmışdır. Böyük Səhranın vahələrində, Nil vadisində xurma palması, bağlar və taxıl zəmiləri əsas yer tutur. Şimali Afrika səhralarında ən geniş yer tutan tropik və subtropik səhra torpaqlarıdır.

Cənubi Afrikada tipik səhra bitkiləri qitənin yağıntısı az olan qərb sahilinə sıxışdırılmışdır. Namib səhrasında sukkulent bitkiləri olan səhra formasiyası, onu şərqdən əhatə edən yüksəkliklərdə isə otlu-kollu səhra bitkiləri yayılmışdır. Kalaxari çökəyinin geniş hissəsini səhralaşmış savannalar tutur. Burada akasiya kolları, ağacları və seyrək taxıl otları yayılmışdır. Tipik səhra bitkiləri Kalaxarinin cənub-qərb kənarındadır. Karru yaylasında kolluq, sukkulent bitkili səhralar və yarımsəhralar, ondan şərqdəki yayla və yüksəkliklərdə isə əsasən müxtəlif ot bitki formasiyaları, şırımlı topalın müxtəlif növləri, okeana tərəf baxan yamaclarda, otlu-ağaclı-kollu kserofil bitkilər yayılmışdır. Cənub tropiki enliklərində tipik səhra torpaqları yalnız Namib səhrasında, Narıncı çayı hövzəsində və Kalaxarinin cənub-qərb qumlu sahələrindədir. Qalan sahələrdə qırmızı-qonur, dağ qırmızı-qonur torpaqları, Kalaxaridən cənub və cənub-şərqdəki yüksəkliklərdə az sahədə tropik qara topaqlar, boz-qəhvəyi, dağ-boz-qəhvəyi torpaqlar yayılmışdır.

Afrikanın şimal və cənub ucqarlarında subtropik bitkiləri və torpaqları yayılmışdır. Şimal Afrikada Aralıq dənizi sahili boyu səhralaşmış çöllər uzanır. Burada geniş yayılmış alfa otu və boz torpaqlar səciyyəvidir. Atlas dağlarının quraq cənub hissəsi də (Səhra Atlası və Şot yaylası) bu formasiyaya daxildir. Atlas dağlarında relyef və iqlimin müxtəlifliyi bitki örtüyünün müxtəlifliyinə səbəb olur. Dağların yamaclarında mantar palıdı, daş palıd və başqa həmişəyaşıl meşələr, hələb şamından, Atlantika sidr ağacından ibarət iynəyarpaqlı meşələr, zeytun plantasiyaları, cırtdan palmalar, zizifus tikanlı kolluqları və s. yayılmışdır.

Atlas dağlarında, dəniz sahili düzənliklərdə və dağətəyində subtropik sarı torpaqlar, dağlarda dağ qonur-meşə, dağ-qəhvəyi torpaqları, Mərakeş yaylasında qəhvəyi və qara subtropik torpaqlar inkişaf etmişdir. Kap subtropik vilayətində az bir sahədə sarı torpaqlar, qalan sahələrdə isə qəhvəyi, dağ-qəhvəyi, dağ-boz-qəhvəyi torpaqlar yayılmışdır. Bu vilayət daima yaşıl bərk yarpaqlı kserofit formasiyaları ilə Aralıq dənizinin flora sahəsini xatırladır. Lakin Atlas dağları üçün xarakterik olan ağac bitkilərindən mantar palıdına, daş palıd və s. Kap vilayətində rast gəlinmir. Bura üçün daima yaşıl kserofil kollardan, dağlarda podokarpus cə s. ibarət dağ meşələri səciyyəvidir.

Şərqi Afrikada enlik zonallıq yüksəklik zonallığı ilə əvəz olunur. Dağların çox rütubətli yamaclarında və rütubətli dərələrdə daima yaşıl tropik meşələr, Həbəşistanın yüksək yaylalarında isə dağ savannaları yerləşir.

Madaqaaskarda bitki zonaları qərbdən şərqə bir-birini əvəz edir. Çox rütubətli şərq sahilboyunda və dağların şərq yamacında rütubətli tropik meşələr inkişaf etmişdir (səyahətçi ağacı, pandan, tamarind, müxtəlif palmalar), orta zonada otlu savanna, şərqdə isə tikanlı kolluqlar zonası yerləşir.

Adanın şərq sahilində ensiz düzənlik sahənin dövrü rütubətlənən tropik meşələri altında əsasən qırmızı-laterit torpaqlar, dağların şərq yamacının daia rütubətli tropik meşəələri altında humuslu dağ lateritləri inkişaf etmişdir. Şərq yamaclarda və yaylanın dövrü rütubətlənən tropik meşələrində və hündür otlu savannalarında dağ qırmızı torpaqlar, qərb və cənub sahil ovalıqlarında və dağətəyində kserofit tropik meşələrin qəhvəyi-qırmızı, quru savannaların qırmızı-qonur torpaqları inkişaf etmişdir. Madaqaskar ərazisində temperatur şəraitinin eyni olmasına baxmayaraq şərqdən qərbə yağıntıların miqdarının kəskin dəyişməsi coğrafi zonaların meridian istiqamətində uzanmasına səbəb olmuşdur. Burada coğrafi zonallıq eyni zamanda oroqrafik şəraitlə sıx əlaqədardır.


Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin