62
Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın
Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü
soyqırımı siyasətinin tərkib hissəsidir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan xalqına qarşı həyata
keçirilmiş ən dəhşətli cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq
Qarabağ bölgəsindəki Xocalı şəhərində ermənilərin törətdiyi tarixdə insanlığa qarşı görünməmiş
vəhşilikdir. Bir gecənin içində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı şəhərinin
işğalının faciəli nəticəsi bunlardır: 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 487 nəfər
şikəst olub. 1275 adam erməni əsirliyinin dəhşətlərindən keçib, 150 nəfər itkin düşüb, şəhərin özü isə
yerlə-yeksan edilib. Bu faciənin nəticəsində onlarca uşaq, qadın və qoca güllələnib. Ermənistanın silahlı
qüvvələri və muzdlular bütöv ailələri məhv edib, insanları amansızcasına qətlə yetirmişlər: adamların
dərisi soyulub, qulaqları kəsilib və başlarının dərisi soyulub çıxarılmışdır.
I. Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi
Soyqırımın hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı
qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında
Konvensiya ilə müəyyən olunmuşdur. Hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən
məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlərdən ibarətdir:
- bu cür qrup üzvlərinin öldürülməsi;
- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
- hər hansı bir qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat
şəraiti yaradılması;
- bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi;
- uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini
obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən
əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin
əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin
əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırım kimi
tövsifı üçün kifayət deyil. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri
ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur.
Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı
mülki əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini
sübut edir.
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də danılmaz faktdır.
Soyqırımı cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud olması aydınlaşır:
- tanınan milli, etnik, irqi və ya dini qrupun olması;
- bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea);
- tanınan qrupla bağlı soyqırımı hərəkətlərindən hər hansı birinin törədilməsi (aktus reus).
Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa,
məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər soyqırımı kimi qiymətləndirilə bilməz.
Soyqırımı anlayışı qadağan olunmuş əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını
tələb edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləşdirir:
- niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil,
qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin şəxsiyyət yox, məhz müəyyən qrupa mənsubluğu
soyqırımı qurbanlarını təyin etmək üçün həlledici meyardır;
- niyyət, özü-özlüyündə, başqasından fərqlənən bir qrupun məhvindən ibarət olmalıdır. Soyqırımı
bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-
ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtina kimi səciyyələnir. Deməli, aktus reus
(qadağan olunmuş əməl) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğu
əleyhinə yönəlməlidir;
- niyyət, qrupun tamamilə və ya qismən məhv edilməsindən ibarət olmalıdır;
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır,
63
Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun tamamilə və ya qismən
məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb kimi qoyulmur. Bunun üçün həmin cinayətin
obyektiv cəhətini təşkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun tamamilə və ya qismən məhv
edilməsi niyyəti ilə törədilməsi kifayətdir.
Soyqırımı cinayətinin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı qrupun ən müxtəlif
vasitələrlə cismən məhv olunmasını
bildirir.
"Barselona Trastion Case" işi üzrə qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı
aktlarının qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmışdır. Beynəlxalq
Məhkəmə Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının
əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter
daşıyan normalar kimi tanımışdır.
II. Xocalı soyqırımının beynəlxalq cinayət kimi
tanınması üçün əsas verən hüquqi sənədlər
1. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş
Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya.
2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti
göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri
kimi nəzərdə tutulmuşdur).
3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4).
4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. l).
5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6).
6. Azərbaycan Respublikası Cinayət Məcəlləsi (mad. 103).
7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-
ci il tarixli fərmanı.
III
. Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir:
1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.
2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa
və açıq təhrikçilik, soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır.
4. Soyqırımı cinayətini törətməkdə əmrin icrasına istinad, şəxsi cinayət məsuliyyətindən azad
etmir.
5. Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər
şəxs məsuliyyət daşıyır.
6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir.
7. Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.
8. Soyqırımı cinayətini törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb edən
dövlətə verilməlidir.
Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün
əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq
prinsiplərinə görə bəşəriyyətə qarşı cinayət sayılır.