Mühazirənin növləri. Dinləyicilərin maraq dərəcəsinə və məzmununa görə mühazirələr fərqlənir. Dinləyicilərin maraq dərəcəsinə görə mühazirələri üç qrupa ayırmaq mümkündür: dinləyicilər üçün maksimum maraqlı olan mühazirələr, dinləyicilər üçün az maraq doğuran mühazirələr və dinləyicilər üçün maraqsız keçən mühazirələr.
Həmin mühazirələrdə mühazirəçilərin və dinləyicilərin fəaliyyət xüsusiyyətləri bir- birindən xeyli fərqlənir.
Dinləyicilər üçün maksimum maraqlı keçən mühazirədə müəllim fənnin tədris proqramına aid olan mövzu üzrə tələbələr qarşısında problemlər qoyur, canlı müzakirə aparır. O, mühazirə boyu suallar qoyur, dinləyiciləri düşünməyə, cavab verməyə vadar edir; lazım gəldikdə cavabları dəqiqləşdirir. Suallar, adətən, keçilmiş mövzularla və həyat təcrübəsi ilə bağlı olur. Başqa sözlə, mühazirəçi çalışır ki, mövzunun əhatə etdiyi biliyin (anlayışın) dinləyicilər tərəfindən şüurlu başa düşülməsini-mənimsənilməsini təşkil etsin. Mühazirəçi məşğələ boyu bütün dinləyiciləri öz diqqət mərkəzində saxlayır. Onlarda diqqətin yayınması halı istisna edilir. Bu cür mühazirələrdə dinləyicilərin vəzifəsi əsasən qulaq asmaq deyil, düşünmək, fikirləşmək, yada salaraq mühakimə yürütmək, fikrifəaliyyətdə olmaqdır.
Dinləyicilər üçün az maraqlı olan mühazirələrdə müəllim tez-tez qarşısındakı mühazirə mətninə müraciət edir, bəzən onu oxuyur, diqqətlə qulaq asmağı, yadda saxlamağı dinləyicilərdən xahiş edir; düşündürücü suallar, demək olar ki, qoyulmur. Bu cür mühazirələrdə dinləyicilərin əsas vəzifəsi sakit oturub deyilənlərə qulaq asmaqdan ibarət olur. Başqa sözlə, belə mühazirələr dinləyicilərin şüuruna deyil, əsasən hafizəsinə istinad edir.
Dinləyicilər üçün maraqsız olan mühazirələrdə müəllimin fəaliyyəti mühazirə mətnini cümlə-cümlə oxuyub dinləyicilərə yazdırmaqdan ibarət olur. Təbiidir ki, bu cür cərəyan edən mühazirələrdə dinləyicilərin vəzifəsi deyilənləri dəftərə yazmaqdan ibarət olur. Nəticədə müvafiq biliklər əsasən dəftərdə qalır, beyinlərə hopmur. Qəribədir ki, məhz bu qəbildən olan dinləyicilər şparqalka deyilən xəstəliyə daha tez tutulurlar.
Sual olunur: hansı qrupa aid olan mühazirələr daha çox səmərə verir? Təcrübə göstərir ki, birinci qrupa aid olan mühazirələr! Bu qəbildən olan mühazirələr həm biliyin (mənəvi keyfiyyətin) möhkəm, əsaslı mənimsənilməsini, həm dinləyicilərdə psixoloji funksiyaların inkişaf səviyyəsini, həm də tərbiyəlilik səviyyəsini artırır.
Mühazirələr məzmununa görə də üç qrupa ayırılır: tematik mühazirələr, icmal mühazirələr, yekun mühazirələr.
Seminar. Latın sözündən (seminarium) alınıb, mənası pöhrə ağac əkəndir. Pedaqoji prosesin təşkili formalarından biri olan seminar məşğələsi bir sıra xüsusiyyətlərə malikdir. Seminar da məşğələ cədvəlinə daxil edilir və həmin cədvələ uyğun keçirilir. Seminar məşğələsi də tədris proqramı əsasında təşkil edilir. Bu məşğələnin də müddəti mühazirənin müddəti qədərdir. Bu məşğələ sabit tərkibli qrup tələbələrini əhatə
edir.
Seminar məşğələsinin spesifik cəhətləri də vardır. Seminarda tələbə dinləyici kimi iştirak etməli olmur. O, işləməli, fəal düşünməli, müxtəlif fikirləri tutuşdurmalı, mühakimə yürütməli olur. Tələbə seminar məşğələsinin mövzusu üzrə verilmiş plana uyğun olaraq göstərilən mənbələri nəzərdən keçirir və qarşıdakı müzakirəyə hazır gəlir. Deməli, Milli pedaqogikaya görə təsdiq edilmiş cədvələ və tədris proqramına əsasən bir qoşa akademik saat ərzində sabit tərkibli qrupdakı şəxslərin fikri fəallığına maksimum imkan verən məşğələyə seminar deyilir.
Seminar məşğələsinin növləri müxtəlifdir: tematik seminarlar və xüsusi seminarlar; nəzəri istiqamətli seminarlar
və praktik istiqamətli seminarlar; problemli seminarlar və referativ seminarlar.
Dostları ilə paylaş: |