- profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər hazırlayır;
- elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər və s. təşkil edir və həyata keçirir;
- elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak edir;
- təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodik təminatını, ali təhsil müəssisəsinin xüsusi veb-portalını, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;
- elmi əsərləri, dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyatları hazırlayır və nəşr edir;
- tələbələrə və professor-müəllim heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətləri təşkil edir və göstərir;
- təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir;
- maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görür;
- müəllim-tələbə mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq əlaqələr yaradır.
1.27. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər və elmi-pedaqoji kadr hazırlığı üç səviyyədən ibarətdir:
- bakalavriat (tibb təhsili istisna olmaqla);
- magistratura (tibb təhsili istisna olmaqla);
- doktorantura.
Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir:
- əyani;
- qiyabi;
- distant (məsafədən);
- sərbəst (eksternat).
1.28. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli, ali təhsilli mütəxəssislər hazırlanır.
Bakalavriat təhsili başa çatmış ali təhsildir.
Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.
Bakalavriatı bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi verilir.
Bakalavriat təhsili almış məzun, elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər.
Bakalavriat təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq müəyyən edilir.
1.29. Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla, ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur.
Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 1,5-2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır.Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.
Magistratura səviyyəsini bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. Magistraturanı bitirmiş şəxslərə peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verilir.Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam etdirə bilərlər.
Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"na əsasən müəyyən edilir.
Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir.Bu ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
1.30. Tibb təhsili əsas təhsilə və rezidenturaya ayrılır.
Tibb təhsili təhsil proqramları üzrə ali təhsili başa vuranlara müvafiq olaraq həkim və həkim-mütəxəssis ali peşə-ixtisas dərəcələri verilir.
Tibb təhsili üzrə əsas təhsil proqramlarının təhsil müddəti 5-6, rezidenturada isə 2-5 ildir.Bu müddət ayrı-ayrı ixtisasların (ixtisaslaşmaların) təhsil proqramları ilə müəyyənləşdirilir. Rezidentura təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən müəyyən edilir.
1.31. Ali təhsilin üçüncü səviyyəsi doktoranturadır. Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturada) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.
Azərbaycan Respublikasında fəlsəfə doktoru (elm sahələri göstərilməklə) və elmlər doktoru (elm sahələri göstərilməklə) elmi dərəcələri müəyyən edilir.
Doktoranturaların yaradılması və doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"na əsasən həyata keçirilir.
1.32. Ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Ali təhsil müəssisələrinin müvafiq kafedralarına və elmi tədqiqat müəssisələrinə dissertantların təhkim olunması və elmi dərəcələrin verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Azərbaycan Respublikasında aşağıdakı elmi adlar müəyyən edilir:
- dosent;
- professor.
Dosent və professor elmi adlarının verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.
1.33. Ali təhsil müəssisəsi öz imkanları daxilində nizamnaməsinə uyğun olaraq ali təhsilin müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşların əlavə təhsil almasını təşkil edə bilər. Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafı, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:
- ixtisasartırma;
- kadrların yenidən hazırlanması;
- stajkeçmə və kadrların təkmilləşdirilməsi;
- təkrar ali təhsil;
- dərəcələrin yüksəldilməsi;
- yaşlıların təhsili.
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarına əsasən müəyyənləşdirilir və bu təhsil ödənişli əsaslarla həyata keçirilir.
1.34. Ali təhsil müəssisələrində tədris ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir.
Dostları ilə paylaş: |