ON İKİ GÜN ÇOVĞUNDA
15 yaşlı Salman Məhəmməd oğlu Qasımov, anası Ayna, qardaşı Ənvər, qohumları Sona, qonşuları
Tofiq 12 gün qarlı meşələrdə ac-susuz, olmazın işgəncələr çəkmiş, neçə-neçə Xocalı sakininin dəhşətli
ölümünün şahidi olmuşdular.
Salmanın dediklərindən: — Atışma başlayanda biz evimizin zirzəmisində idik. Sonra atəşin
şiddətləndiyini görüb, dəmiryolun altındakı beton boruya doluşduq. Gecə saat 2 radələrində çayı keçib meşəyə
çıxdıq. zirvəyə qalxıb, Abdal-Gülablıya keçmək istəyirdik. Meşədə çoxlu Xocalı sakini vardı. Təpəyə qalxanda
bizi qarşı tərəfdən ermənilər atəşə tutdu. Hümbət kişinin oğlu öldü. Əliş Quliyev boynundan yaralandı. Sağa
tərəf qaçıb güllədən yayınmaq istədik. Qabağımızı burda da kəsib bizi atəşə tutdular. Türk Abdulla öldü.
Mərkəz qarnından ağır yaralandı. Yenidən geri qayıtdıq. Yenə də erməni atəşi ilə qarşılaşdıq. Malik dayı ağır
yaralandı. Biz yerə oturduq. Qaryağdı, Salman, Yusifəligil getdilər. Onları gülləyə tutmuşdular. Bilmədik
taleləri necə oldu. Biz gecəni oturduğumuz yerdə keçirtdik. Tofiqin anası donub öldü. Malikin qoluna girib
meşənin qalın yerinə apardıq. İki gün orda qarın üstündə qaldıq. İki gündən sonra Malik öldü. Doqquz nəfər
qalmışdıq. Gəlib bir təpənin alt tərəfində kolların arasında oturduq. Aşağıda böyük bir erməni kəndi vardı.
Bizdən iyirmi beş-otuz metr aralı silahlı ermənilər keçib gedirdilər. Onlar bizi görmürdü. Toran düşəndə
sıldırımlı yamacı sürüşüb, həmin kəndə tərəf endik. Kəndə bir maşın gəldi. Deyəsən, erməni meyidi gətirmişdi.
Camaat qışqırışırdı. Burda Mirvari xalagil də kolların arası ilə gizlənə-gizlənə getdilər. Biz beş nəfər qaldıq.
hara getdiyimizi bilmirdik. Gecələr yol gedir, gündüzlər gizlənirdik. Yeməyimiz yalnız qar idi. Gecə gəlib başqa
bir kəndə çıxdıq. Bura Şelli kəndi idi. Əvvəlcə oranı erməni kəndi bilib, sola burularaq getdik. Çayı keçib bir
qəbiristanlığa çıxdıq. Qar elə möhkəm yağırdı ki. Beş nəfər anam Aynanın balaca şalının altına girmişdik. Qar
çoxalanda anam şalı çırpır, yenidən şalın altına doluşurduq. Sən demə, bura Ağdamın Qarağacı qəbiristanlığı
imiş. Burda post
[45-46]
olduğunu görəndə bir az uzaqlaşıb, qəbristanlığın üst tərəfindəki üzümlüyə çəkildik.
Posta maşınların gəlib-getdiyini gördük.
Tofiq dedi ki, gedirəm o posta. Gəlməsəm, bilin ki, erməni postudur.
O gedəndən on-on beş dəqiqə sonra dörd nəfər avtomatlı adamın bizə tərəf gəldiyini gördük. Elə bildik
ki, ermənilərdir. Mən ayağa dura bilmirdim. Anamgil durub qaçmaq istəyəndə həmin adamlar:—Bacı,
qorxmayın, bizik, azərbaycanlıyıq—dedilər.
Bizi maşına qoyub Yaqub Rzayevin qərargahına gətirdilər. Bıçaqla donmuş ayaq sarğılarımızı kəsib
çıxartdılar. Bizə isti corab geyindirib, Ağdam xəstəxanasına, ordan da təyyarə ilə Bakı Təcili Tibbi Yardım
xəstəxanasına apardılar. Cərrah Nuru Bayramovun səyi nəticəsində həyata qayıtdıq. Bizi Nuru Bayramov üç
aydan çox müalicə etdi. Əvvəlcə mənim ayaqlarımı dizimdən kəsmək istədilər. Bayramov tələsməməyi bildirdi.
Uzun müalicədən sonra iki ayağımın pəncələrini kəsməyə məcbur oldular. Qardaşım Ənvərin iki, anamın iki,
qonşumuz Sonanın üç barmağını kəsdilər. Sağ olsun Nuru həkimi və oranın tibb bacılarını.
İndi kəsilmiş ayaqlarıma baxanda fevral ayının 25-dən mart ayının 8-nə qədər çəkdiyimiz əzab-
əziyyətlər yada düşür.
Dostları ilə paylaş: |