Sümüklərin birləşməsi
Skeleti təşkil edən sümüklərin birləşmələrindən, bağ və oynaqlardan bəhs edən bölməyə sindesmologiya və ya artrologiya deyilir.
Sümüklər bir-biələrilə 2 cür birləşir:
1) fasiləsiz birləşmələr—sinartroz
2) fasiləli birləşmələr—diartroz.
1) Fasiləsiz birləşmələr zamanı birləşən sümüklər arasında ya birləşdirici toxuma—sindesmoz, ya qığırdağ—sinxondroz, ya da sümük toxuması—sinostoz olur. Sindesmoz misalı kimi said və baldır sümüklərini birləşdirən sümükarası zarları göstərmək olar. Sinxondrozlara aiddir: fəqərəarası disklər, qabırğa sümüyü ilə döş sümüyünün birləşməsi. Sinostozlar kimi kəllə sümüklərinin yaşlı adamlarda birləşməsini, 16 yaşdan sonra oma fəqərələrinin birləşməsini misal çəkmək olar.
2) Fasiləli birləşmələrə oynaqlar –articulatio—aiddir. Oynaqlara skeletin hərəkətli nahiyələrində rast gəlinir.
Oynaqlarda əsas və əlavə elementlər olur. Oynağın 4 əsas elementləri var:
1) Oynaq səthləri blok, silindr, yəhər, ellips, kürə şəklində olur. Oynaq səthlərindən biri çıxıq olub, oynaq başı; digəri basıq olub oynaq çuxuru adlanır.
2) Oynaq qığırdağı hialin tərkibli olub, səthləri hamarlayır, onu təkan və titrəmələrdən qoruyur, sümüklərin sürtülməsinin qarşısını alır, hərəkəti asanlaşdırır.
3) Oynaq kisəsi xarici və daxili zardan ibarətdir. Xarici zar sümüküstülüyündən əmələ gəlmişdir. Daxili zar şəffaf sinovial maye ifraz edir ki, bu da sürtülməni azaldır və hərəkəti yüngülləşdirir.
4) Oynaq boşluğu oynaq kisəsi daxilində yerləşən oynaq səthləri arasında qalan nazik yarıqşəkilli sahədir. Bu boşluqda oynaq mayesi var. Oynaq boşluğu hermetikdir, yəni ətrafdakı hava ilə əlaqəsi yoxdur. Oynağın daxi-lindəki təzyiq mənfidir, ona görə də oynaq səthləri bir-birinə həmişə sıxılmış vəziyyətdə olur.
Dostları ilə paylaş: |