Antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə
qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının
qorunması, ailəyə valideynliyə hazırlanmaqda kömək etməkdir.
Antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik
tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə
qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə
məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və
sosial dəstəyinin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və antenatal
qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu
səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən,
hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş
tibb personalına ayrılır.
Perinatal səhiyyənin prinsipləri: ►
normal hamiləlik və doğuş zamanı qulluq demedikalizə edilmiş
olmalıdır, əsassız həkim müdaxilələri minimuma endirilməlidir;
►
qulluq uyğun texnologiyanın istifadəsinə əsaslanmalıdır;
►
qulluq regionlaşdırılmağa əsaslanmalıdır – tibb müəssisələrinin
səviyyəsinə görə müəyyən olunmalıdır;
►
qulluq elmi sübutlara əsaslanmalıdır;
►
qulluğa, lazım gəldikdə, müxtəlif ixtisaslı tibb işçiləri cəlb
olunmalıdır;
►
qulluq tam olmalıdır;
►
qulluqda ailənin dəstəyinə geniş yer ayrılmalıdır;
►
qulluq cəmiyyətin mədəni ənənələri ilə ziddiyyət təşkil etməməlidir;
►
hamilə qadın göstəriləcək yardımla bağlı qərar qəbul edilərkən bu
prosesdə iştirak etməlidir.
Bütün hamiləlik boyu qadının bir tibb işçisinin nəzarəti altında
olması məqsədəuyğundur.
Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb
müəssisəsinə 7 gəlişi (hamiləliyin 12-ci həftəsinə qədər, 18-20-ci,
26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində) tövsiyə olunur (B).