Ana dili, həyat bilgisi dərslərində linqvistik yaddaşı iti olan şagirdlərə təlim
materialları tərtib etmək sadə görünsə də, bu, riyaziyyat dərsində müəllimi
düşünməyə vadar edir. Linqvistik yaddaşı iti olan şagirdlərə hesablama: toplama,
çıxma, müqayisəetmə kimi tapşırıqların mətn şəklində təqdim edilməsi onların
problemi daha dərindən dərk etməsinə xidmət göstərmiş olur. Riyaziyyat
dərsliklərində verilən məsələlər də linqvistik yaddaşı iti olan şagirdlər üçün
yararlı olan materiallardır.
Riyazi yaddaşı iti olan şagirdlər qruplaşdırılarkən müəllim onların tapşırıqlarında
rəqəmlərin, həndəsi fiqurların yer tutmasına əhəmiyyət verməlidir. Məsələn,
Ana dili dərsində kiçik mətn tərtib etməli olan şagirdlər qrupuna riyazi məsələni
əks etdirən bir şəkil təqdim edilə bilər. Şagirdlərə həmin şəkil üzrə mətn tərtib
etmək, mətni oxumaq və sair fəaliyyətlər tapşırmaq olar.
Şagirdlərin görmə, eşitmə, linqvistik və riyazi-məntiqi, təbiət, bədən-kinetik,
fərddaxili, fərdlərarası dərketmə tiplərinə, üsullarına əsasən qruplaşdırılması
və təlim tapşırıqlarının da bu baxımdan tərtib edilməsi və ya seçilməsi bütün
dərslərdə tətbiq edilməli bir yanaşma deyil. Müəllim məqsəd baxımından dərsin
forma və üsullarında dəyişikliklər etdiyi kimi, bu iş üsulunu da mütəmadi tətbiq
etməməli, yalnız zərurət yarandıqda müraciət etməlidir. O, sinfi qruplaşdırarkən
şagirdlərin fərqli dərketmə üsullarından müxtəlif məqsədlərlə istifadə edir.
Belə ki, bir halda müəllim eyni dərketmə üsullarına aid olan şagirdləri
qruplaşdırmaqla onların mürəkkəb problemlərini həll etməyə, digər halda isə
bir üsulda dərketməsi daha çox inkişaf etmiş şagirdləri digər dərketmə üsullarına
aid olan uşaqlarla bir qrupda əməkdaşlığa cəlb etməklə və müvafiq tapşırıqlar
verməklə, onlarda müxtəlif dərketmə üsullarının daha da inkişaf etdirilməsinə
nail ola bilər.
Bütün bu araşdırmaların aparılması üçün zəruri qiymətləndirmə üsulları və
vasitələri müəyyənləşdirilmiş, diaqnostik qiymətləndirmə vərəqləri, əqli
inkişafdan ləngimə hallarının olub-olmadığını müəyyənləşdirmək üçün müşahidə
vərəqi (mütəxəssislər tərəfindən işlənmiş), dərketmə üsulunu (intellekt tipini)
müəyyən etmək üçün şagirdlər üçün test, valideynlər üçün sorğu vərəqi və
müəllim üçün test vərəqləri işlənib hazırlanmış, təcrübəçi müəllimlər tərəfindən
araşdırmalar zamanı istifadə edilmişdir.
Dostları ilə paylaş: