AVSTRİYA
Avstriyanın dövlətçiliyinin bərpası. 1945-ci ilin martında Sovet silahlı qüvvələri Avstriya ərazisinə daxil oldular. Avstriyanın faşist zülmündən azad edilməsində 80 min sovet əsgəri həlak oldu.
Sovet qoşunlarının Avstriyaya daxil olduğu ilk gündən Avstriya demokratik ölkə kimi dirçəlməyə başladı. Avstriya Xalq Partiyası (AXP) və Avstriya sosialist partiyası (ASP) öz fəaliyyətlərini canlandırdılar. Avstriya Kommunist Partiyası (AKP) açıq fəaliyyətə keçdi. 1945-ci ilin aprelin 27-də sosialist, xalq, kommunist partiyalarının nümayəndələrindən və bitərəflərdən ibarət Müvəqqəti hökumət təşkil edildi. Hökumətin başında Avstriya sosial-demokratlarının görkəmli nümayəndəsi K.Renner dururdu. AKP-nin sədri İ.Kopleninq vitse-kansler oldu. Ölkədə Həmkarlar İttifaqı birliyi də təşkil edildi. Hökumət Avstriyanın müstəqilliyi bəyannaməsi ilə sıxış etdi. Hökumət həmçinin müəssisələrdə ictimai özünüidarə institutlarının təşkili, hitlerçi nasional-sosialist partiyasının qadağan edilməsi, hərbi və faşist canilərinin məsuliyyətə cəlb edilməsi, zəhmətkeşlərin iqtisadi maraqlarının müdafiəsi üçün fəhlə və qulluqçuların palatasının bərpası, nasist fəallarının mənzillərinin faşizm qurbanlarına verilməsi haqqında və s. mütərəqqi qanunlar qəbul edilməsinə nail oldu. 1945-ci ilin iyulunda SSRİ, ABŞ, İngiltərə və Fransa Avstriyada dördtərəfli nəzarət mexanizmi haqqında saziş imzaladılar. Onlar qərara aldılar ki, Avstriya müstəqil, demokratik, sülhsevər dövlət kimi bərpa edilməlidir. 1945-ci ilin noyabrın 25-də Avstriyada parlamentə seçkilər keçirildi. Seçkilərdə ən çox səsi AXP aldı (49,8%). Təşkil edilən hökumətin tərkibinə AXP-dən 8, ASP-dən 6, AKP-dən 1 nümayəndə və iki bitərəf daxil oldu. Hökumətin baş naziri isə AXP-nin lideri L.Fiql oldu. Respublikanın prezidenti K.Renner oldu. Yeni hökumət elan etdi ki, o ölkənin demokratikləşməsi sahəsində tədbirlər həyata keçirəcək, nasizmin kökünü kəsəcək, iqtisadiyyatı bərpa edəcək və əhalinin həyat şəraitini yaxşılaşdıracaqdır.
Avstriya üzrə İttifaq Soveti 1946-cı ilin yanvar-iyun aylarında bir sıra razılaşdırılmış qərarlar qəbul etdi. Bu qərarlar içərisində dövlət aparatının denasifikasiyası, hərbi və yarımhərbi təşkilatların buraxılması, Avstriya hökumətinin hüquqlarının genişləndirilməsi daha mühümləri idi.
Dostları ilə paylaş: |