RUMINİYA: İkinci Dünya müharibəsində Rumıniya Almaniyanın satilleti idi və ölkədə Antonesko diktaturası hökm sürürdü. Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi. Birinci hökumətin başçısı kral Mixay oldu. Müharibə nəticəsində Rumıniyadan 170 min nəfər öldü, itkin düşdü və yaralandı. Faşist diktaturası devrildikdən sonra demokratik partiya və təşkilatların nüfuzu sürətlə artdı. 1947-ci il yanvarın 4-də xalq kütlələrinin təzyiqi altında kral hökuməti yenidən təşkil etdi. Hökumətin başçısı general P.Redesku təyin edildi. Lakin bu hökumət kütlələrə qarşı hücuma keçdi. 1945-ci il fevral ayının 24-də 500 min əhali nümayişə çıxaraq hökumətin istefasını tələb etdi. Nümayişçilərə atəş açıldı. Lakin hökumət də istefaya getməyə məcbur oldu. 1945-ci il mart ayının 6-da Rumıniyada Əkinçilər cəbhəsinin lideri Petra Qrozanın başçılığı altında Milli-demokratik cəbhə hökuməti təşkil edildi. Ölkədə sosial-iqtisadi və sosial dəyişikliklərin keçirilməsi prosesi gücləndi . Ən mühüm addım aqrar islahatın keçirilməsi idi. 918 min aztorpaqlı və torpaqsız kəndli torpaqla təmin edildi. Mülkədarlar sinfi ləğv edildi. 8 saatlıq iş günü tətbiq edildi, sosial sığorta sistemi yaradıldı, bərabər əməyə görə bərabər əmək haqqı verilməyə başladı. Müəssisələrdə fəhlə nəzarəti qoyuldu. SSRİ Rumıniyaya dəmir yollarını bərpa etməkdə kömək göstərdi. 1945-ci il avqustun 6-da SSRİ ilə Rumıniya arasında diplomatik münasibətlər yaradıldı. 1945-ci ilin dekabrında İngiltərə və ABŞ da Rumıniya ilə diplomatik münasibətlər yaratdı.
1945-ci ilin oktyabrında Kommunist Partiyasının baş katibi G.Georgiy-Dej seçildi.
1946-cı il iyulun 11-də Rumıniyada seçki qanunu qəbul edildi. Qadınlara və hərbi qulluqçulara seçki hüququ verildi. Faşistlər və satqınlar seçki hüququndan məhrum edildilər. 1946-cı il noyabr ayının 19-da keçirilən parlament seçkilərində demokratik partiyaların bloku 414 yerdən 348-ni tutdu. 1946-cı il dekabın 20-də parlament Milli Bankın milliləşməsi haqqında qanun qəbul etdi. Pul islahatı keçirildi. 1947-ci ilin iyulunda Milli-saranist partiyasının fəaliyyəti qadağan edildi. Milli liberal partiyası isə özü-özünü buraxdı. Caranistlər parlamentdən və hökumətin tərkibindən çıxarıldılar. Yeni təşkil edilmiş hökumətin tərkibinə kommunistlər, sosial-demokratlar və əkinçilər cəbhəsinin nümayəndələri daxil oldular. Demokratik hərəkatın yüksəlişi şəraitində kral Mixay taxtdan əl çəkməyə məcbur oldu.
1947-ci ildə Rumıniya Xalq Respublikası elan edildi və onun ilk rəhbəri Georgiy Dej oldu. SSRİ-nin fəal köməyi nəticəsində Rumıniyada kommunistlər hakimiyyətə gəldilər və ölkədə 1948-ci ildən 1989-cu ilədək birpartiyalı sistem hökm sürdü.
50-ci illərdə ölkədə sosial-iqtisadi islahatlar keçirildi. Sənaye, nəqliyyat və banklar milliləşdirildi. Aqrar islahat keçirildi. Rumıniya 1949-cu ildə Qarşılıqlı İqtisadi Yardım Şurasına, 1955-ci ildə isə Varşava müqaviləsi təşkilatına və BMT-yə üzv oldu. Müharibədən qabaq Macarıstana verilmiş Transilvaniya yenidən Rumıniyaya qaytarıldı. 1965-ci ildən 1989-cu ilə qədər Rumıniyada Nikolaye Çauşeskunun diktaturası hökm sürdü. Bəzi rümın tarixçiləri bu dövrü «qızıl dövr» kimi xarakterizə edirlər. 70-80-ci illərdə Avropadakı sosialist ölkələri içərisində Rumıniya yeganə ölkə idi ki, 20 milyard dollara qədər xarici borclarını ödəmişdi. Rumıniyada sənayenin ən çox inkişaf etdiyi sahə neft sənayesi idi.
1985-ci ildə SSRİ-də baş verən dəyişikliklər Rumıniyadan da yan keçmədi. Belə ki, Çauşeskunun diktaturasına qarşı xalq hərəkatı gücləndi. 1989-cu il dekabrın 5-də Transilvaniyadakı Timişoar şəhərində güclü nümayişlər baş verdi. Bu nümayişlər bütün ölkəni bürüdü və 1989-cu il dekabrın 21-də N.Çauşesku və onun arvadı Yelena Çauşeskunun güllələnməsi ilə nəticələndi. 1965-ci ildən mövcud olan Rumıniya Sosialist Respublikasına və 1974-cü ildə təsis edilmiş prezidentlik vəzifəsinə son qoyuldu.
1990-cı ildə Milli Qurtuluş Cəbhəsinin lideri İ.İliyesku prezident seçildi. Ölkədə Milli Qurtuluş Cəbhəsinin rəhbərliyi altında yeni cəmiyyətin yaradılması başlandı. Bazar iqtisadiyyatına keçildi. Köhnə dövlət qurumları ləğv edildi. Kommunist Partiyası buraxıldı. Dövlətin adı dəyişdirildi, Rumıniya Respublikası adlandırıldı. Siyasi plüralizmə keçildi. Xalq təsərrüfatının yenidən qurulması başlandı 1990-cı ildə Müvəqqəti Milli Birlik Şurası yaradıldı. Bununla belə, ölkədə iqtisadi və siyasi böhran artdı, sosial gərginlik yarandı. Rumın-macar millətlərarası ixtilaflar gücləndi. Siyasi qüvvələrin yenidən qruplaşması və siyasi partiyaların formalaşması prosesi başladı.
1992-ci ildə keçirilən yeni prezident seçkilərində Milli Qurtuluş Cəbhəsinin rəhbərlərindən olan İ.İliyesku yenidən Rumıniyanın prezidenti seçildi. 1992-ci il prezident seçkilərindən sonra ölkədə iqtisadi böhranı və siyasi çətinlikləri aradan qaldırmaq üçün ciddi-cəhdlər göstərildi və bu problemləri qismən də olsa, həll etmək mümkün oldu. 1995-ci ildə ölkənin yeni Konstitusiyası qəbul edildi. 1996-cı ildə keiçrilən prezident seçkilərində Demokratik Konvensiya hərəkatının lideri Emil Konstantinesku qələbə çaldı. 2000-ci ildə yenidən İ.İlyesku prezident seçildi. Rumıniyada bazar iqtisadiyyatına keçilməsi üçün islahatlar aparıldı. Dövlət müəssisələri səhmdar şirkətlərinə çevrildi.
Rumıniya xarici siyasətində daha çox Qərbə meyl edir. Avropa Şurasının, Avropa İttifaqının, ATƏT-in üzvüdür. Rumıniya Qara Dəniz ölkəsi kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının da fəal üzvlərindəndir. Rumıniya Moldaviya ilə iqtisadi inteqrasiya və «ümumi mədəni və mənəvi məkan»ın yaradılmasına xüsusi diqqət yetirir.
Dostları ilə paylaş: |