MACARISTAN: Macarıstan Almaniyanın satilleti idi. 1944-cü ilin sonunda Macarıstan müstəqil milli cəbhəsi yaradıldı. 1944-cü ilin dekabrında Debretsendə Müvəqqəti Məclis Müvəqqəti Milli hökumət təşkil etdi. Tərkibinə kommunist, sosialist və milli-kəndli partiyasının nümayəndələri daxil oldular. Bu hökumət Almaniyaya müharibə elan etdi. 1945-ci il mart ayının 17-də hökumət iri torpaq mülklərinin ləğv edilməsi və torpaqların kəndlilərə verilməsi haqqında dekret verdi. 600 min kəndli ailəsi torpaq aldı. 1945-ci ilin aprelində. Macarıstan faşistlərdən tam azad edildi. 1945-ci ilin noyabrında keçirilən parlament seçkilərində Xırda kəndli sahibkarlar partiyası 57%, kommunistlər 17% səs aldılar. Yeni hökumətə Xırda kəndli sahibkarları partiyasının nümayəndəsi E.Tildi başçılıq etməyə başladı.
1945-ci ilin dekabrında bütün kömür şaxtalarının milliləşdirilməsi haqqında dekret qəbul edildi. 1946-cı il fevralın 1-də Macarıstan respublika elan edildi. Onun prezidenti E.Tildi seçildi. ABŞ və İngiltərə Macarıstanla diplomatik münasibətlər yaratdı. Macarıstanda əsas diqqət iqtisadiyyatın normal hala düşməsinə verildi. 1946-cı il avqustun 1-də ölkədə maliyyə islahatı keçirildi. 1946-cı il sentyabrın 28-də keçirilən Macarıstan Kommunist Partiyasının III qurultayında üçillik plan bəyənildi. 1946-cı ilin dekabrınadək 14 iri müsəssisə milliləşdirildi.
Sağ mühafizəkar qüvvələr Macar İcması Təşkilatını yaratdılar. Onun başçısı F.Nad idi. 1947-ci il iyunun 3-də Xırda kəndli sahibkarları partiyasının sədri sol cərəyana rəhbərlik edən Dobi oldu. Hökumətə isə Dinyeş rəhbərlik etməyə başladı.
1947-ci il avqustun 31-də Dövlət Məclisinə seçkilər keçirildi. Hökumətin başçısı yenidən Dinyeş oldu. 1947-ci il noyabrın 21-də bankların milliləşdirilməsi haqqında qanun verildi. 1947-ci ildə Macarıstan Xalq Respublikası elan edildi. 1948-ci il iyunun 12-si ilə 14-ü arasında MKP və MSDP-nin birgə qrurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası adlandı. Sədri Şakaşiç, baş katib isə M.Rakoşi oldu. 1948-ci ildə Sakaşiç prezident seçildi. Y.Dobi isə hökumətin başçısı oldu. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi.
1948-ci il fevralın 18-də Macarıstanla SSRİ arasında qarşılıqlı yardım və dostluq sazişi bağlandı. Macarıstan 1947-ci ildə Yuqoslaviya, 1948-ci ildə Rumıniya, Polşa, Bolqarıstan, 1949-cu ildə Çexoslovakiya ilə də müqavilələr bağladı.
1953-cü ilə qədər Macarıstanda Zəhmətkeşlər Partiyasının lideri olan Rakoşinin şəxsiyyətinə pərəstiş hökm sürürdü. 1953-cü ildə Macarıstanda hökumətə başçılıq edən İmre Nad azad fikirlilik tərəfdarı olduğuna görə 1955-ci ildə vəzifəsindən azad edildi. Stalinin ölümündən sonra demokratiyanın SSRİ-də nisbətən genişlənməsi 1956-cı ilin oktyabrında Macarıstanda da sosializmə qarşı hərəkatın baş verməsinə səbəb oldu. İmre Nad 1956-cı il oktyabrın 23-də hökumətə qayıtdı. O, ölkədə çoxpartiyalılığa yol verildiyi, Macarıstan Zəhmətkeşlər partiyasının buraxılması, birpartiyalı sistemin ləğv edilməsi barədə qərar qəbul edildi. Lakin bu, SSRİ rəhbərliyi tərəfindən oktyabrın 30-da «əks-inqilabi qiyam» kimi qeyd olundu. Macarıstan Varşava müqaviləsindən çıxdığını bildirdi. Noyabrın 1-də İmre Nad tələb etdi ki, Sovet qoşunları Macarıstandan çıxarılsın. SSRİ bununla razılaşmadı. Noyabrın 4-də Macarıstana sovet tankları yeridildi və Macarıstanda azad fikirliliyə son qoyuldu. İmre Nad edam edildi. 1956-cı ildən 1988-ci ilə qədər Macarıstanda hakimiyyətə Y.Kadar başçılıq etdi. Onun şüarı belə idi: «Kim bizimlədirsə, biz onunlayıq!»
Macarıstanda 70-ci illərdə aqrar sənaye kompleksləri inkişaf etdi. Əhalinin təchiz olunmasının və xidmət sahəsinin yaxşılaşması, sənaye kooperasiyalarının inkişafı xırda ticarət məntəqələrinin, ictimai iaşə müəssisələrinin xüsusi şəxslərə verilməsinə səbəb oldu. Lakin Macarıstan iqtisadiyyatı 80-ci illərin ortalarında bütövlükdə çətin vəziyyətə düşdü. Xarici borclar vəziyyəti daha da çətinləşdirirdi. Ölkə rəhbərliyi 80-ci illərin sonunadək radikal dəyişikliklərə girişməyə cəsarət etmədi. 1988-ci ildə Y.Kadar vəzifəsindən uzaqlaşdırıldı. Onu Karoy Qros əvəz etdi. Lakin o da bu vəzifədə çox qala bilmədi. 1987-ci ilin sonunda meydana gəlmiş Macarıstan Demokratik Forumu 1990-cı ilin yazında parlament seçkilərində birinci yeri tutdu. O, hüquqi dövlət yaradılması, demokratik özünüidarə, zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi, bazar iqtisadiyyatına keçmək uğrunda çıxış edirdi. Jozef Antall xırda sahibkarlar partiyası və başqa partiyalarla birlikdə koalision hökumət yaratdı. MSP-nin deputatları parlamentdə müxalifətdə qaldılar. MSFP isə parlamentdə heç bir yer tuta bilmədi.
80-ci illərin ikinci yarısında dünyada və Avropada baş verən sosial-siyasi proseslər Macarıstandan da yan keçmədi. 1989-cu ildə 1956-cı il hadisələrinə haqq qazandırıldı. İmre Nad bəraət aldı. Oktyabrın 23-ünün macar xalqının milli bayramı kimi qeyd edilməsi qərara alındı. 1990-cu ildə prezident vəzifəsi təsis edildi. Macarıstanın ilk prezidenti Arpad Gents oldu. Yeni konstitusiya qəbul edildi. Konstitusiyaya əsasən o, Macar Respublikası adlandı. Macarıstan investisiya qoyuluşuna görə sosialist ölkələri arasında birinci yeri tutdu. Ona 18 milyard dollar investisiya qoyulmuşdu. Macarıstan ATƏT, Avropa Şurası, Aİ, 1999-cu ildən isə NATO-nun üzvüdür.
Dostları ilə paylaş: |