DANİMARKA KRALLIĞI
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə danimarkanın iqtisadi və siyasi vəziyyəti. 1945-ci ilin mayın 5-də Danimarkadakı faşist orduları təslim oldular. Müharibə nəticəsinə Danimarka 5 min insan itirdi. Ona dəyən zərər 8 mlrd.kron idi.
Londonda yerləşən mühacir hökumətinə başçılıq edən mühafizəkarlar və radikallar partiyası ölkənin siyasi həyatında möhkəmlənməyə çalışırdılar. İşğal dövründə ölkədə azacıq da olsa, fəaliyyət göstərən sosial-demokrat hökuməti və kral hakimiyyətdə qalmağa daha çox iddialı idilər. Vəziyyətin mürəkkəbliyi onda idi ki, müharibə illərində ölkənin ən nüfuzlu partiyası olan sosial-demokrat partiyası qismən həm faşistlərlə, həm də Azadlıq Şurası ilə əməkdaşlıq edirdi. Ölkənin siyasi həyatına İngiltərənin təsiri böyük idi.
Müharibədən sonra təşkil edilmiş birinci koalisiyalı hökumətə V.Bulem başçılıq edirdi. Bu hökumət 1945-ci ilin mayın 10-dan noyabrın 6-dək fəaliyyət göstərdi. «Xilasetmə hökuməti» adlanan bu hökumət işğal dövründə qəbul edilmiş bütün qanunları təxirə saldı, bir sıra islahatlar keçirdi. Sosial-demokratlar xalq içərisində yenidən öz nüfuzlarını bərpa etmək üçün işğalçılarla əməkdaşlıq etmiş inhisarları milliləşdirmək təklifi ilə çıxış etdilər. Onlar həmçinin kommunistlərlə vahid partiyada birləşmək təklifini irəli sürdülər.
Müharibədən sonrakı ilk seçkilərdən sonra folketinq 1945-ci ilin oktyabrında açıldı. Seçkilərdə burjua-aqrar partiyası olan Venstre partiyası çox səs qazandığına görə həmin partiyanın lideri K.Kristansenin başçılı altında bir partiyalı hökumət təşkil edildi. Bu hökumət 1947-ci ilə qədər hakimiyyətdə qaldı. Bu hökumət ölkənin birinci dərəcəli iqtisadi problemlərini həll etməkdə bacarıqsız olduğunu nümayiş etdirdi. O, sosial islahatlar yolunu da götürmədi. Bu hökumət Almaniya-Danimarka cənub sərhədinin 1920-ci ilə qədərki kimi olmasını tələb etdi. «Şlezviq məsələsi» parlamentdə müxalifətin yaranmasına səbəb oldu. Bu məsələ ilə əlaqədar olaraq Kristensen hökuməti 1947-ci ilin oktyabrında növbədənkənar seçkilər təyin etdi. Lakin bu seçkilərdə DSDP (Danimarka Sosial-Demokrat partiyası) 40% səs toplayaraq qələbə qazandı. Xanson Xedtaftın başçılıq etdiyi sosial-demokrat hökuməti 1950-ci ilə qədər hakimiyyətdə oldu. 1948-ci ildə bu hökumət torpaqların xırda kəndlilər arasında bölünməsi haqqında qanun verilməsinə nail oldu. Hazır malların ölkəyə gətirilməsini məhdudlaşdırdı, balıqçılıq müəssisələrinə yardım göstərdi. 1948-1949-cu illərdə ölkənin vəziyyəti yaxşılaşdı.
Xarici siyasətdə bu hökumət Danimarkanın «Marşall planı»na qoşulmasını təşkil etdi, ölkəyə ABŞ kapitalının müdaxiləsi üçün şərait yaratdı. Artıq 1950-ci ildə Danimarkaya investisiya qoyuluşuna görə ABŞ birinci yer tuturdu. 1949-cu ildə Danimarka NATO-ya daxil oldu.
Dostları ilə paylaş: |