IX. LATIN AMERİKASI ÖLKƏLƏRİ
Latın Amerikası ölkələri hələ XIX əsrin 20-ci illərində müstəqillik qazansa da, lakin kapitalist təsərrüfatının inkişafında gecikdiklərinə görə qabaqcıl ölkələrin xammal əlavəsinə çevrildilər və əyalət kapitalizmi vəziyyətinə düşdülər.
İkinci Dünya müharibəsindən sonra Latın Amerikası dövlətləri güclü iqtisadi və siyasi vulkanlar zəncirinə çevrildi. Müharibə nəticəsində Latın Amerikası ölkələrində baş verən mühüm dəyişikliklərdən biri kapitalizm və milli sənayenin inkişafının sürətlənməsi idi. Bu ölkələrdə fəhlələrin sayı 14-15 milyona çatdı. Müharibədən sonra bu ölkələrdə demoqrafiq partlayış baş verdi. Belə ki, əgər müharibədən əvvəl Latın Amerikası ölkələrinin əhalisi 152 milyon nəfər idisə, müharibədən keçən təxminən 25 il müddətində onların sayı 400 milyona çatdı. Müharibədən sonra urbanizasiya prosesi, yəni əhalinin şəhərlərdə toplaşması gücləndi. Müharibə dövründə yığılmış qızıl-valyuta ehtiyatlarından istifadə iqtisadiyyatı dirçəltdi, sənayeni yeniləşdirdi, dünya ticarətində bu ölkələrin payını artırdı. İqtisadiyyatın modernləşməsi bazar iqtisadiyyatının inkişafına yeni təkan verdi. Xaricə kapital qoyuluşu artdı.
Regionun daha çox inkişaf etmiş ölkələri olan Uruqvay, Çili və Argentinada şəhər əhalisi üstünlük təşkil edirdi. Meksika və Braziliya sənayesinin inkişaf sürətinə görə fərqlənirdi. Sonralar bu ölkələrə Venesuela və Kolumbiya da qoşuldu. Bütövlükdə Latın Amerikasının yuxarıda qeyd etdiyimiz ölkələrində əhalisinin -ü, iqtisadiyyatının 80-85%-i cəmləşmişdi. Peru, Ekvador, Boliviya, Mərkəzi Amerika və Karib hövzəminin kiçik dövlətləri II qruppa aid edilir, onlarda emal sənayesi inkiaşf etmişdi.
III qrupp ölkələr sırasına daha çox geri qalan Haiti, Paraqvay və Karib hövzəsinin bəzi dövlətləri daxil idi ki, onlarda kənd təsərrüfatı üstünlük təşkil edirdi.
Müharibə dövründə iqtisadiyyatın kənd təsərrüfatı bölməsində irəliləmə, demək olar ki, yox idi. Kəndlilər torpaqsız idilər. Fermer təsərrüfatı yaradılmamışdı. Kəndlilər sahibkarlardan torpağı icarəyə götürməklə dolanırdılar. Müharibədən sonra latifundiyaların dağılması prosesi sürətləndi. Kəndlilərin ardıcıl və inadlı mübarizəsi region dövlətlərini aqrar islahatlar keçirməyə məcbur etdi. Bu islahatlar dərin olmasa da, hər halda latifundiyaları zəiflətdi. Demoqrafik partlayışlar, dünənki kəndlilərin şəhərlərə axışması da latifundiyaların dağılmasına güclü təsir göstərdi.
Lakin kənd təsərrüfatında nəzərə çarpan bir irəliləyiş olmadı. 1950-ci il siyahıyaalınmasına görə hesablanmış bütün torpaq fondunun 50%-i təsərrüfatların 1,5%-nə məxsus idi. Fermer təsərrüfatı yox idi. Monokulturanın hakim olması kənd təsərrüfatının xarakterik əlaməti olaraq qalırdı.
40-cı illərin sonu – 50-ci illərin əvvəllərində Latın Amerikası ölkələrinin siyasi həyatında da yeniləşmə prosesi baş verdi. İri torpaq sahibləri və burjuaziyanın mənafeyini qoruyan mühafizəkar və liberal partiyaların yerini indi öz ölkələrini xarici asılılıqdan qurtarmaq uğrunda mübarizə aparan burjua-islahatçı partiyalar tutdular. Onlar siyasi həyatda mühüm rol oynamağa başladılar. Milli siyasi partiyaların nüfuzu artdı.
Müharibədən sonrakı dövrdə Latın Amerikası ölkələrində geriliyi aradan qaldırmaq, elmi-texniki inqilab tələblərinə uyğun gələn sürətli inkişafa nail olmaq zərurəti yarandı. Latın Amerikası ölkələrinin geriliyinin iki başlıca səbəbi var idi. Bunlardan biri yarımfeodal qalıqları, digəri isə xarici kapitalın, əsas etibarilə, yerli oliqarxiyaya – latifundiyaçılara və iri burjuaziyaya istinad edən Amerika kapitalının ölkədə nüfuznun üstünlüyü idi.
Bu dövrdə Latın Amerikası ölkələrində əhalinin 60%-i yenə də savadsız idi. Orta ömür müddəti 45 yaşdan yuxarı deyildi.
Latın Amerikası ölkələrinin ümumi problemlərindən biri borc problemi idi. Latın Amerikası ölkələri əgər İkinci Dünya müharibəsinə qədər İngiltərə və Almaniyanın daha çox təsir dairəsinə daxil idisə və bu ölkələr Latın Amerikası ölkələrinə daha çox kapital ixrac edirdilərsə, müharibə dövründə ABŞ-ın bu ölkəyə kapital ixracı sürətləndi və müharibədən sonrakı 10 il müddətində ABŞ bu ölkələrə 5 milyard dollar həcmində kapital qoydu. Əvəzində isə 20 milyard dollar həcmində gəlir götürdü.
İnkişaf etmiş kapitalist ölkələrini buraya cəlb edən iki mühüm amildən biri, bu ölkələrin zəngin təbii ehtiyatlara malik olması və digəri isə bu ölkələrdə ucuz işçi qüvvəsinin çoxluğu idi. Çili özünün misi, Braziliya qəhvəsi, Kolumbiya zümrüdü,Venesuela, Meksika nefti, Boliviya qalayı, Kuba şəkər qamışı ilə tanınırdı.
ABŞ İkinci Dünya müharibəsindən sonra bu ölkələri özündən asılı vəziyyətə salmaq üçün 1947-ci ilin sentyabrında bu ölkələrlə birgə «Qərb yarımkürəsini müdafiə paktı»nı imzaladı və 1948-ci ilin aprelində Amerika dövlətləri təşkilatını yaratdı. «Soyuq müharibə» şəraitində ABŞ bu ölkələri silahla təchiz edir, onlarda yeni hərbi elita formalaşdırırdı. Bunun nəticəsində 1948-1954-cü illərdə Qvatemala, Peru, Venesuela, Ekvador və Kubada hərbi çevrilişlər baş verdi.
İkinci Dünya müharibəsindən sonrakı ilk dövrdə və 50-ci illərdə bu ölkələrdə dövlət bölməsi və milli iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilirdi. Regionda inteqrasiya prosesləri gücləndi. 1968-ci ildə Latın Amerikası ölkələrinin azad ticarət assosiyasası yaradıldı. 60-ci illərdə bu ölkələr üçün çox ciddi problemlər meydana çıxdı. Büdcə kəsiri kütləvi hal aldı. 1968-ci ildə keçirilmiş Olimpiya oyunları Meksika dövlətini büdcədən xeyli pul ayırmasına səbəb oldu. Dünya şöhrətli memar Oskar Numeyranın təşəbbüsü ilə Braziliyada yeni paytaxtın, yəni Braziliya şəhərinin salınması da xeyli vəsait hesabına başa gəldi. ABŞ-ın prezidenti C.Kennedi bu ölkələrə qarşı «Tərəqqi naminə ittifaq doktrinası» irəli sürdü. Bu doktrinaya əsasən Latın Amerikası ölkələrinə kömək üçün 14 milyard dollar vəsait ayrıldı. 70-ci illərdə Latın Amerikası ölkələrinin çoxu aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi.
70-ci illərdə Vevnesuela, Qvatemala, Peruda Kuba nümunəsində siyasi dəyişikliklər etmək cəhdinin qarşısını almaq məqsədilə ABŞ bu ölkələrdə iqtisadi inkişafı sürətləndirdirmək üçün 12 milyard dollar vəsait ayırdı Latın Amerikası ölkələrində 70-ci illərin ən mühüm hadisələrindən biri Nikaraquada inqilab oldu. 1927-1933-cü illərdə «azad adamlar generalı» Auqusto Sandinonun (Nikaraquanın milli qəhrəmanıdır. 1934-cü ildə xaincəsinə öldürülmüşdür) rəhbərliyi ilə aparılan mübarizə dərslərindən və 1978-ci ildən Somosa ailəsinin amansız hərbi-polis diktaturasına qarşı silahlı çıxışlar təcrübəsindən istifadə edən Nikaraqua inqilabçıları qələbə çalaraq Samosa rejimini 1979-cu ilin iyul ayında devirdilər. Bu qələbə ona görə mümkün oldu ki, fəhlələr, kəndlilər, ziyalılar, milli burjuaziya (əsasən xırda və orta burjuaziya) vətənpərvərlərin hərbi-siyasi təşkilatı – Sandinist Milli Qurtuluş Cəbhəsi (CMQÇ) ətrafında birləşmişdi. Hakimiyyətə gələn Milli Dirçəliş hökuməti mürtəce aparatı ləğv etdi, yeni hakimiyyət orqanları yaratdı, bütün vətəndaşlara onların irqi, dini, dilindən asılı olmayaraq bərabər hüquqlar, real vətəndaş azadlıqları verdi, siyasi partiyalar və həmkarlar ittifaqlarının açıq fəaliyyəti təmin edildi.
Samosa ailəsinin mülkiyyəti müsadirə olundu (ölkənin milli sərvətinin 1/3-i bu ailəyə məxsus idi), banklar, mədən-filiz sənayesi, təbii resurslar, xarici ticarət milliləşdirildi. Xalq mülkiyyəti adlanan dövlət bölməsi yaradıldı. Eyni zamanda ölkənin iqtisadi bərpasına cəlb olunmuş xüsusi bölməyə təminat və güzəştlər edildi. Aqrar islahat keçirildi. Hökumət savadsızlığın aradan qaldırılması, səhiyyənin yaxşılaşdırılması, hindu tayfalarının ictimai həyatda iştirak etməsi xəttini götürdü.
70-ci illərdə Argentina, Boliviya, Braziliya, Çili, Ekvador, Qvatemala və Hondurasda hakimiyyətə gələn hərbi xuntalar xarici kapitala geniş yol açdılar, ticarətin inkişafına mane olan bütün əngəlləri aradan qaldırdılar. İqtisadiyyatın sürətli inkişafı başladı.
80-ci illərdə Latın Amerikasının bir çox avtoritar rejimli ölkələrində demokratik quruluşun bərpası uğrunda mübarizə başlandı. Buna səbəb onların bir çoxunda nisbətən aparıcı gücə malik olan dövlət iqtisadi sektorunun özünü doğrultmaması oldu. Dövlət müəssisələri zərərlə işləyir, istehsal etdikləri isə dünya bazarında rəqabətə davam gətirə bilmirdi. Buna görə də 80-ci illərin əvvəllərində bu ölkələrin bir çoxunda bazar iqtisadiyyatına keçid baş verdi. Milliləşdirmə dayandırıldı.
XX əsrin 80-90-cı illərində Latın Amerikası dövlətlərində siyasi sistemlər əhəmiyyətli dərəcədə dəyişdi. Region ölkələrindəki iqtisadi yüksəliş həmin dəyişikliklərin əsası oldu. Latın Amerikası dövlətlərinin sosial strukturunda da dəyişiklkilər başlandı. Orta təbəqə meydana gəldi və o, siyasi mərkəz rolunda çıxış etdi. Totalitarizm və avtoritarizmdən demokratiyaya keçid dövrü başa çatdı. Latın Amerikası ölkələrinin əksəriyyəti iqtisadiyyatda neoliberallaşma, ictimai və siyasi həyatın demokratikləşdirilməsi xəttini götürdülər. 1980-ci ildə Peru, 1982-ci ildə Boliviya, 1985-ci ildə Braziliya, Qvatemala, Uruqvay və Honduras, 1989-cu ildə Paraqvay və Salvador, 1990-cı ildə Çilidə liberal-demokratik rejimlər bərpa edildi.
1994-cü ilə qədər Latın Amerikasının tarixində ilk dəfə olaraq bütün ölkələrdə, Kubadan başqa, liberal-demokratik quruluş bərqərar oldu.
90-cı illərdə Latın Amerikası ölkələrində iqtisadi siyasət strategiyasındakı çətinlkilər böyük problemlərlə qarşılaşdı. Bu problemlərdən biri borc probdemi idi. 90-cı illərdə Latın Amerikası ölkələrinin 430 milyard dollara qədər borcu var idi.
Müasir mərhələdə Latın Amerikası ölkələri dünya iqtisadiyyatına inteqrasiya olmaq, beynəlxalq əmək bölgüsündə fəal iştirak etmək xəttini davam etdirirlər. Bu ölkələrdə əsas yenilik bazar iqtisadiyyatına söykənmək, dövlət müəssisələrini özəlləşdirmək, iqtisadiyyatı cəmiyyətin mənafeyinə doğru istiqamətləndirməkdən ibarətdir.
1975-ci ildə Latın Amerikası ölkələrinin iqtisadi sistemi təşkilatı yarandı. 1985-ci ildə isə Latın Amerikası ölkələrinin müştərək bazarı yarandı ki, tezliklə o da Latın Amerikasını Azad Ticarət Assosiasiyasına çevirdi. 1989-cu ildə ABŞ-ın təşəbbüsü ilə yaradılan Şimali Amerika azad ticarət zonasına isə Kanada, Meksika ilə birlikdə Çili, Qvatemala, Honduras, Salvador, Nikaraqua, Kosta-Rika da daxil idi.
Dostları ilə paylaş: |