Qədiri-Xum bayramı münasibətilə görüş
"Əsil düşmən Amerika və sionizmin siyasətləridir"
Qədiri-Xum bayramı münasibəti ilə İmam Xomeyni (r) hüseyniyyəsində görüşdə Cənab Rəhbər Ayətullah Xameneinin bəyanatının tam mətni:
Bismillahir-Rəhmanir-Rəhim
Bütün möhtərəm iştirakçıları, əziz qardaş və bacıları, İran xalqı və bütün şiələri, İslamın irfani həqiqətlərindən və şərif dinin mahiyyəti ilə tanışlıqdan ləzzət alan bütün insanları mübarək Qədir bayramı münasibətilə təbrik edirəm. Möhtərəm iştirakçılara, xüsusilə uzaqdan gəlmiş bacı və qardaşlara, bu hüseyniyyəni öz hüzuru ilə zinətləndirənlərə xoşgəldin deyirəm. Bir cümlə Qədir mövzusunda, daha bir cümlə Qədirlə tanışlıqdan yaranan, üzərimizdə olan vəzifə barədə ərz edirəm. Bu iki məsələyə diqqət yetirin.
Qədir məsələsi İslam tarixində çox mühüm məsələdir. Əvvəla, bu hadisənin özü heyrətamizdir. “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” Peyğəmbər (s) buyuruğu təkcə şiələr tərəfindən qəbul və nəql olunmuş söz deyil. Bu söz aksiomlar qismindəndir. Bu sözə irad bildirmək istəyənlər heç vaxt bəyanatın özünə qarşı çıxmayıblar. Yeganə işləri bu bəyanatı istədikləri kimi mənalandırmaq, təhrif etmək olub. Yenicə meydana çıxmış bir qrupun təsəvvürünə gələn fikirlər də min il qabaqkı fikirlərdir, böyük alimlər onların cavabını verib, zərrəcə şübhəyə yer qalmayıb. Həzrət Peyğəmbərin (s) “ələstu əvla bikum min ənfusikum” sualı Qurani-Kərimin “ənnəbiyyu əvla bil mumininə min ənfusihim” ayəsinə işarədir. Həzrət bu sualın ardınca “mən kuntu məvla fə haza əliyyun məvla” cümləsini buyurur və bu buyuruğa zərrəcə şübhə yoxdur. Bu tarixi və dərin mənalı şərif cümlənin yalnız şərhi ilə bağlı iradlar var. Əvvəla, bu cümlə ilə Əmirəlmömininin xilafət və imamət məqamı ortaya qoyulur. Digər bir mühüm məsələ İslamın hökumət və siyasətə nəzarəti məsələsidir. Bu məsələdən qəflətdə qalmamalıyıq. İslamı ictimai-siyasi məsələlərdən kənarda görənlər, bu dinin yalnız fərdi məsələlərlə bağlı səlahiyyətli olduğunu iddia edənlər əslində sekulyar baxışa malikdirlər. Düşmən təbliğatı, düşmən əlləri də uzun illərdir müsəlmanlar arasında bu baxışı yayır. Qədir hadisəsi onlara cavabdır. Həzrət Peyğəmbər (s) həyatının son aylarında, çox həssas bir zamanda Allah-Taalanın əmri ilə prinsipial və mühüm bir mövzunu bəyan edir. Bu məsələ Peyğəmbərdən (s) sonra Əmirəlmömininin (ə) canişinliyini təsdiq etməklə hakimiyyət mövzusunu səhnəyə gətirməkdən ibarətdir. Bu təyinat yalnız mənəvi yönə malik deyil. Təyinatda hakimiyyət, dövlətçilik, siyasət, İslam cəmiyyətinin idarə olunması nəzərdə tutulur. Peyğəmbər (s) xalqa bunları tövsiyə etdi. İslamı siyasətdən, dövlətçilikdən, bu kimi məsələlərdən uzaq sayanlar Qədir hadisəsi ilə sarsıdıcı bir cavab aldılar. İki həqiqət, Əmirəlmömininin (ə) Peyğəmbərdən (s) sonra üçün imamətə təyinatı və Peyğəmbərdən (s) sonra hökumət və siyasətə nəzarət Qədir hadisəsinin çox mühüm və həssas göstərişləridir. Bu iki göstəriş Qədir hadisəsinin zəmanət verdiyi maarifdəndir, bugünki və sabahkı müsəlmanlara böyük dərsdir.
Bu gün diqqət yetirməli olduğumuz məsələ budur ki, Qədir hadisəsi etiqadi bir hadisədir. Şiə fərd, Əhli-Beyt (ə) ardıcılları, imamət məktəbi Qədir hadisəsinə bağlıdır. Qədir mövzusu şiə təfəkkürünün özülüdür. Bu məsələdə şübhəyə yer yoxdur, bu mövzuda mübahisənin yeri görünmür. Şübhə edənlər, mübahisəyə girişənlər sırf elmi görüşlərdə bu barədə danışa bilərlər. Şiəliyin məntiqi güclüdür, dəlilləri qətidir, şəkk-şübhəyə yer yoxdur. Mümkün şübhələr müsəlmanların ümumi həyatına, həmrəyliyinə, həmkarlığına, qardaşlığına təsir göstərməməlidir. Şiə və sünni məzhəbləri və başqa məzhəblər arasında olan ixtilaflı mövzular İslam düşmənlərinin ümid nöqtələridir. İslam düşmənləri tarix boyu müsəlmanlar arasında ixtilaf yaratmağa çalışıblar. Çünki bu ixtilaflar müsəlmanların təlaşını, gücünü, iştiyaqını daxili problemlərə sərf edir, nəticədə böyük düşmənlərdən qəflətdə qalırlar. İslam İnqilabının qələbəsi və İslam Cümhuriyyəti yarandıqdan sonra İslam Cümhuriyyəti düşüncəsi dünyaya yayılmağa başladı. Dünya imperializmi uzun illər təfriqə salmaqla, böyük sərmayələr yatırmaqla İslam dünyasını İran İslam Cümhuriyyətindən ayrı salmağa çalışdı.
İslam Cümhuriyyəti nizamı, bizim böyük inqilabımız, böyük imam İslam dünyasının diqqətini cəlb edə bildi. Düşüncələr və qəlblər bu ideyaya yönəldi. Yaranmış vəziyyət düşməni qorxuya saldı. İmperializm, sionizm, ABŞ siyasi maşını qorxuya düşdü. Qədim tarixi parçalama silahlarını ələ götürdülər. Uzun illər boyu və bu gün şiələrlə sünnilər arasında ixtilaf yaratmağa çalışıblar, hər iki zümrənin düşüncəsini əsas düşməndən yayındırmağa cəhd göstəriblər. Sünni-şiə ixtilafı yaratmaq imperializmin siyasətidir. Bu siyasətin mütəxəssisi qədimdən bu istiqamətdə fəaliyyət göstərən Britaniya və onun müttəfiqləridir. Onlar müsəlmanlar arasında necə ixtilaf yaratmağı bilirlər, bu yolları təcrübədən çıxarıblar və ciddi çalışmaqdadırlar.
Bu gün təkcə şiələr yox, bütün müsəlmanlar İraq, Suriya və başqa məntəqə ölkələrində imperializm tərəfindən səhnəyə çıxarılmış təkfirçiliyin hədəfindədir. Əl-Qaidə, İŞİD adında qruplar yaradırlar ki, İslam Cümhuriyyəti, İslam oyanışı ilə mübarizə aparsınlar. Amma özlərini bəlaya saldılar. Təkfirçilik onların özü üçün problemə çevrilib. Bu gün dəqiq analitik baxışla məsələni çözdükdə görürsən ki, ABŞ və müttəfiqlərinin İŞİD-ə qarşı son tədbirləri bir oyundur. Məqsəd bu xəbis hərəkətin nütfəsini məhv etmək yox, ona İslam dünyasının zərərinə aparan istiqamət verməkdir. Müsəlmanları bir-birinin üstünə salmaq istəyirlər. Cahil və təəssübkeş bir dəstəni vasitə seçiblər. Əsas məqsəd müsəlmanların diqqətini əsil düşməndən yayındırmaqdır. İstər şiə, istər sünni bu həqiqəti bilməlidir. İslama bağlı olan, Quranın hakimiyyətini qəbul edən insanlar bilməlidirlər ki, Amerika, onun siyasətləri, imperializmin siyasətləri, sionizmin siyasətləri İslamın düşmənidir. Onlar oyanışın, İslam hakimiyyətinin düşmənidirlər. Təlaşları 35 ildir davam edir. 35 ildir müxtəlif şəkillərdə mübarizə aparırlar. Allahın izni və qüdrəti ilə İslam Cümhuriyyətinə qarşı bütün planlar uğursuzluğa düçar olub. Bu dəfə də Allahın lütfü ilə məğlub olacaqlar.
İstər şiə, istər sünni müsəlmanların vəzifəsi budur ki, bir-birlərinin hissinə toxunmaqla düşmənə kömək etməsinlər. Şiələr bilməlidirlər ki, iki məzhəb arasında ixtilaf güclənsə müştərək düşmən fayadalanacaq. Buna yol verməməlidirlər. Sünnə əhli də eyni şəkildə rəftar etməlidir. Bu iki məzhəb bir-birinə qarşı diqqətli olmalı, bir-birinin müqəddəsliklərini təhqir etməməli, firqələr arasında, xüsusi ilə şiələr və sünnilər arasında təfriqə alovu qızışdırılmamalıdır. Bunu hamı bilməlidir. Qarşı tərəfin hislərini təhrik edənlər bilməlidirlər ki, Amerikaya, xəbis Britaniyaya, sionizmə kömək edirlər. O dövlətlərə kömək edirlər ki, İŞİD və Əl-Qaidə kimi qrupları, təkfirçi cərəyanı yaradıb. Bu gün İslam ittifaqı, İslam qardaşlığı, İslam həmrəyliyi bütün müsəlman cəmiyyətlərinin zəruri vəzifəsidir. Hamı bu məsuliyyəti yerinə yetirməlidir. İslam Cümhuriyyətində mömin, agah və bəsirətli müsəlmanlar yaşayır. Onlar öz vəzifələrini yaxşı bilirlər. Ümid edirik ki, hər yerdə olsalar bu vəzifələrinə diqqətli olacaqlar. Allah-Taala hamınızı müvəffəq etsin, hamınızı və İslam dünyasını Qədir bayramının bərəkətindən bəhrələndirsin. İnşaallah.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh
Oktyabr, 2014
Dostları ilə paylaş: |