Universitet müəllimləri ilə görüşdə bəyanat
Universiteti ölkənin elmi inkişafına aşiq insanların ixtiyarına vermək lazımdır...
Bismillahir-Rəhmanir-Rəhim...
Əziz qardaşlar və bacılara, möhtərəm universitet müəllimlərinə, məclisdə iştirak edən bütün alimlərə xoşgəldin deyirəm. Bu məclis həmişə mənim üçün ən sevimli məclislərdən olub. Həm bu məclisdə haqqında danışılan mövzular, həm də buradakı elmi fəzaya görə. Bu məclisdə adətən düşüncə və elmi baxımdan bünövrəli, dəyərli mövzulardan danışılır. Bu məclisin əsas məqsədi elm adamlarına ehtiram və diqqətimizi bildirməkdir. Onlar məmləkətin ən böyük sərvətidirlər. Bunu bu məclisdə aydın şəkildə dilə gətiririk.
Nəzərinizdə deyiləsi sözünüz çoxdur, hər birinizin deməyə sözü var. Əgər bütün bu sözləri eşitmək imkanımız olsaydı şübhəsiz böyük faydası olardı. Ümid edirik ki, bütün zəruri sözlər elmi yığıncaqlarda, universitet toplantılarında lazımi şəkildə deyiləcək. Məsullar bu fikirlərdən istifadə edəcəklər. Şübhəsiz, alimlərin və uzaqgörən insanların məmləkətin taleyüklü problemləri barədə düşüncələri məcmusu böyük bir sərvətdir və bu sərvət ölkəni idarə edən məsulların ixtiyarına veriləcək. Ümid edirik ki, bu fikirlərdən istifadə olunacaq. Təəssüf ki, bugünki yığıncağımızda bütün fikirləri dinləmək imkanımız yoxdur.
Mən məclisdə söhbət edən əziz qardaşlar və bacılara təşəkkürümü bildirirəm. Bütün natiqlər gözəl nöqtələrə toxundular, onların söhbətlərindən faydalandıq. Onların söhbətlərindən ölkənin idarəçiliyində proqram və layihələrdə istifadə olunacaq. Bu fikirlər inşaallah öz səmərəsini verəcək.
Məqsədimiz elm və alimi dəyərləndirmək , dinləmək və dərk etməkdir. Həmd olsun Allaha, bu günə, bu ana qədər məqsədə çatmışıq. Bəzi məsələlər haqqında da söhbət edəcəyik.
Əvvəla, ramazan fəzası səfa-səmimiyyət, mənəviyyat, sədaqət və ixlas fəzasıdır. Bu fəzadan maksimum istifadə etməyə çalışaq. Allahla qəlb rabitəmizi, bu mənəvi əlaqəni, şəxsi rabitəmizi bu günlərdə gücləndirək. Hər bir insan üçün həmin rabitəni gücləndirmək ən böyük faydadır. Allahla rabitəni gücləndirmək həm əbədi axirət həyatımız, həm də hazırda yaşadığımız həyat üçün faydalıdır. Ramazan ayında bütün cəmiyyətdə yaşanan bu mənəviyyat fəzasından özümüz və başqaları ilə rabitələrdə faydalanaq. Düzgün qərarlar çıxaraq, düzgün addımlar ataq. Rabitələrimizdə nikbinlik, etimad, məhəbbət, xeyirxahlıq yer alsın. Ictimai və fərdi əlaqələrimizdə ramazan ayından bəhrələnməyə çalışaq. Həyatımızda, məmləkətimizdəki fəzanı nuraniləşdirək.
Biz hər birimiz bunun öhdəsindən gələrik. Siz alimlər və müəllimlər öz yüksək elmi məqamınızla tələbə və qeyri-tələbələrə təsir göstərə bilərsiniz.
Dəyərli elm adamları ilə görüş mənim üçün bir nemətdir və burada diqqətinizə çatdırmaq üçün bir neçə qeydim var. Biz daim ölkəmizin insan potensialı ilə fəxr edirik. Ən dəyərli və üstün insan potensialımız universitetlərdə tələbə yetişdirir. Hörmətli universitet müəllimləri, fürsət yaranıb ki, bəzi məsələləri burada yada salım.
Birinci nöqtə məmləkətdə elmi hərəkatla bağlıdır. Düşünürəm ki, bu çox mühüm məsələdir. Xalqımız və cəmiyyətimiz üçün elmi hərəkat həyati əhəmiyyət kəsb edir. Bu hərəkat hətta İslam dünyası üçün həyatvericidir. Biz uzun illərdir – olsunki on, on iki ildir – elm məsələsi üzərində ciddi dayanmışıq. Gerçəkdən ölkədə elmi hərəkat başlayıb. Çox böyük işlər görülüb. Bunun nümunələri barədə hörmətli alimlər danışdı. Əlbəttə ki, dostların sadaladığından çox-çox artıq nümunələr var. İşə start verilib və bu hərəkat dünya tərəfindən tanınıb. Əziz məmləkətimizin elmi inkişaf göstəriciləri dünyaya məlumdur. Məni narahat edən nöqtə budur ki, elmi hərəkatımız sabit nöqtəyə çatmayıb. Biz yoxuş qalxan kimiyik. Bəli, hərəkət etmişik, irəli getmişik, xeyli iş görülüb, amma yolun ortasındayıq. Müxtəlif səbəblərdən yarıyoldayıq. Bu mövzuda söhbəti uzatmaq istəmirəm. Müxtəlif yerlərdə, müxtəlif münasibətlərlə bu barədə danışmışıq. Bu sərt yoxuşda hərəkətimizi dayandırsaq, geriləməyimiz labüddür. Əgər elmi hərəkatımız sürətdən düşsə əvvəlki vəziyyətə qayıtmaq çətin olacaq. Bu məsələ məni narahat edir. Bu elmi hərəkata kömək etmək lazımdır. Məbada, elə bir vəziyyət yaransın ki, elmi hərəkatımız dayansın. Birinci və əsas sözüm bu idi.
Heç şübhəsiz düşmənlərimiz elmi hərəkatımızı dayandırmaqda maraqlıdırlar. Bəziləri düşmən sözündən narahat olur. Deyirlər ki, nə üçün tez-tez düşmən-düşmən deyirsiniz. Qurana baxın. Görün Quranın başlanğıcından sonuna qədər şeytan, iblis sözləri nə qədər təkrarlanıb? Düşməndən qəflətdə qalmaq olmaz. Düşməni düşmən saymaq eyb deyil. Tez-tez düşməni yada salmağımız o demək deyil ki, öz eyblərimiz və problemlərimizdən xəbərsiz qalmışıq. Düşmənlərin ən pisi daxilimizdəki düşmən, rahattələblik, tənbəllik meylləridir. İşdə bizi geri salan budur. Amma xarici düşməndən qəflətdə qalmaq böyük strateji səhv olardı. Bu bizə böyük zərbə vura bilər. Düşməni tanımaq lazımdır. Düşmənlə necə rəftar etmək ayrıca bir mövzudur. Əsası qarşı tərəfin düşmənçiliyini başa düşmək, onun planlarından baş açmaqdır. Düşmənin əsas planlarından biri ölkədə elmi hərəkatı dayandırmaqdır. Bunu başa düşəndə bütün diqqətimiz universitetə yönəlir. Məhz burada cihadla müdiriyyət məna kəsb edir. Cihad düşmən qabağında təlaşdır. Hər fəaliyyət, hər təlaş cihad deyil. Cihad odur ki, qarşı tərəfin xəbis fəaliyyətlərinə cavab verəsən. Burada cihadla müdiriyyət o deməkdir ki, ölkədəki elmi hərəkat düşmən təzyiqi ilə üzbəüzdür. Siz müəllimlər, alimlər, tələbələr ayağa qalxmalısınız. Bu duruş universitetdə cihadla hərəkat və müdiriyyətdir. Universitetdə, nazirliklərdə, müxtəlif sahələrdə düzgün təlaşlar cihadla müdiriyyət olacaq. Keçmişdə bir müddət universitetdə arzulanmayan hallar olub. Mötəbər bir universitetdə gəncləri ölkədən getməyə sövq edənlər olub. Adını da qoyublar "beyin axını". İstedadlı tələbələri axtarıb tapır, ölkədən getməyə həvəsləndirirdilər. Bir zaman belə olub. Bir zaman nazirliklərdə elə adamlar olub ki, elmi inkişafa maneçilik törədiblər. Özləri üçün dəlilləri olsa da fəaliyyətləri maneə yaratmaq olub. Bu hallar təkrarlanmamalıdır. Universitet elmi inkişafa mane olan adamlara tapşırılmamalıdır. Universiteti ölkənin elmi inkişafına aşiq insanların ixtiyarına vermək lazımdır. Elə insanlar ki, millətin, məmləkətin taleyində bu mövzunun əhəmiyyətini dərk edirlər. Bu əsas məsələdir və dövlət məsullarına, universitet rəhbərliyinə, eləcə də siz müəllimlərə aiddir. Universitet bir hərəkar başlayıb, bu hərəkatı dayanmağa qoymayın. Bu hərəkat davam etməli, ikiqat güclənməlidir. Qeyd etdim ki, indi ətraflı danışa bilmirik. Qarşıda xeyli yol var ki, elmi baxımdan nəzərdə tutulmuş nöqtəyə çatacaq. Çox çalışmalıyıq, cihad aparmalıyıq.
Qısa müddətli təlaşlar baxımından da mənim fikrim eynidir. Bu fikir mütəxəssislərin araşdırmalarından irəli gəlib. Bu gün sanksiyalar hamını düşündürən məsələdir. Mütəxəssislər bu qənaətdədir ki, elmin inkişafı ilə sanksiyalar təsirsiz olacaq. Qısamüddətli, ortamüddətli fəaliyyətlər baxımından millətinizi alçaltmaq istəyən düşmənin sanksiyaları elmi fəaliyyətlərlə təsirsiz olacaq. Biz neçə ildir təkrarlayırıq ki, sanksiyalara çox vaxt ayırmayın. Sanksiyaları təsirsizləşdirmək üçün məmləkətdə elm və texnologiya, kənd təsərrüfatı inkişaf etməlidir. Çıxışlarda eşitdiniz ki, inkişaf sanksiyaları təsirsizləşdirəcək. Bu sahədə iş üçün meydan açıqdır. Müqavimət iqtisadiyyatında elmi bazası olan şirkətlər aparıcı rol oynayır. Bu fəaliyyətlər bəyənilir və himayə olunur. Elmi-araşdırma müəssisələri, elm istehsal edən müəssisələr diqqət mərkəzində saxlanılmalıdır. Standartlaşdırma aparmaq, meyarlar təyin etmək lazımdır. Elə olmasın ki, elmi müəssisə adı altında kimlərsə bir zaman görülmüş işlərə vaxt sərf etsinlər. Sözün əsil mənasında elmi müəssisə elm istehsal etməlidir.
Mən haşiyə olaraq demək istəyirəm ki, deməyə sözü və tribunası olan bəzi şəxslər ölkənin elmi inkişafı mövzusunda tərəddüddədir. Biz bunu məsləhət görmürük. Burada məlumatsızlıq var. Bir vaxt ölkə rəsmilərindən biri hərbi sahə ilə bağlı həqiqətdən uzaq fikir bildirmişdi. Təklif etdim ki, məsullar üçün hərbi tur təşkil olunsun. Dövlət rəsmiləri hərbi mərkəzlərdə olub vəziyyəti görsünlər, məlumatları artsın. Təəssüf ki, elm sahəsində də belə bir vəziyyət yaranıb. Müxtəlif sahədə çalışan məsullar üçün elmi tur təşkil etmək lazımdır. Rəsmilər elm sahələrini gəzib tanış olsunlar. Nanotexnologiya sahəsində çalışanlardan biri dedi ki, quyu qazırıq, nəticə almayanda həmin quyunu boşlayırıq. Amma quyu qazanlar işi dayandırmır və müsbət nəticələr əldə edir. Bu gün ölkəmizdə səhiyyə dünyada öncül səhiyyələrdəndir. Səhiyyəmiz dünya səviyyəsində elmi baxımdan geri qalmır. Başqa sahələrdə də belədir. Nüvə sənayesi kök hüceyrələri sahəsində, bu sıradan başqa böyük nailiyyətlərimiz var. Çox böyük inkişafımız var. Məlumatsız adamların tərəddüddə olması yaxşı hal deyil. Mütaliə etsinlər, elmi tura çıxsınlar. Mən məsullardan xahiş edirəm ki, ölkənin elmi inkişafına, elm və texnologiya sahələrinə ciddi diqqət yetirsinlər. Bu sahədə heç bir səhlənkarlığa yol verməsinlər. Bu bizim üçün əsas məsələdir. Bu məsələ həm əsas, həm də sürətlə həyata keçəsi məsələdir. Araşdırma sahəsində lazımlı layihələr hazırlansın. Düşünürəm ki, heç bir səhlənkarlığa yol verilməməlidir. Mühüm məsələlərdən biri də kompleks elmi xəritənin təsdiq olunmasıdır. Həmd olsun Allaha. Mənə məlumat verdilər ki, bu iş müsbət qarşılanıb. Kompleks elmi xəritə əsasında bir sıra sənədlər hazırlanıb, bir sıra sənədlər də hazırlanmaqdadır. Mənə məlumat verdilər ki, bəzi elm sahəsinin məsulları öz sahələri üçün belə sənədlər istəyir. Bu, ölkəmiz üçün mühüm hadisədir. Nəzərdə tutulmuş işi təkmilləşdirmək üçün ölkədəki universitetlərə təyinatı üzrə vəzifə ayrılmalıdır. Ölkənin mötəbər universitetləri kompleks elmi xəritədə öz payını bilməlidir. Onlar öz sahələrinə uyğun vəzifələrini yerinə yetirməlidir. Nəticədə elə bir cədvəl hazırlanır ki, hər universitet öz işini bu cədvəl əsasında yerinə yetirir. Təyinatına görə universitetlər təsnif oluna bilər. Hər universitet öz məsuliyyətini yerinə yetirməlidir.
Başqa bir nöqtə budur ki, elmi fəaliyyətlərdə hərəkat başlayıb. Amma elmi fəaliyyətlər tam şəkildə ölkənin ehtiyaclarına uyğun deyil. Bizim dünyaya çıxarılan elmi məqalələrimizin kifayət qədər müştərisi var. Yəni elmi işin dünyada müştəri problemi yoxdur. Amma bu kafi deyil. Bu bizim üçün iftixardır. Amma öncə ölkənin ehtiyaclarına cavab verən elmi işlər aparılmalıdır. Bu gün fikirlər açıqlandı, sənaye və kənd təsərrüfatından danışıldı, böhrana nəzarətdən söz açıldı, mütəxəssislər fikirlərini bildirdilər. Ehtiyaclarımız, nöqsanlarımız, zəif nöqtələrimiz yada salındı. Bu suallara cavab üçün elmi araşdırma aparılmalı, məqalələr yazılmalı, çıxış yolu tapılmalıdır. Bu da çox mühüm məsələdir. Universitetlər bu işi ilə dövlətə yardımçı ola bilər. Məsulların çıxardığı qərarlarda elmi fəaliyyətlər öz sözünü deməlidir. İstər məqalə, istər elmi işlər ölkənin ehtiyaclarına münasib olmalıdır.
Siz əziz müəllimlərə deyəcəyim başqa bir mühüm söz budur ki, müəllimin şagirdə böyük təsiri var. Siz tələbə və şagirdlərin zehninə təsir göstərir, onların şəxsiyyətinin formalaşmasında rol oynayırsınız. Bu məqamınızdan tərbiyə sahəsində istifadə edin. Bu gün ehtiyacımız var ki, gənclərimiz xoş ruhiyyəli, ümidvar, şücaətli, özünəinanan, imanlı, çalışqan olsun. Tələbə belə tərbiyə olunmalıdır. Siz auditoriada, sinif otağında bu işi görə bilərsiniz. Bunun əksi də mümkündür. Öz sözlərinizlə tələbələrin gələcəyə olan ümidini qıra bilərsiniz. Onları etiqadsız və qeyri-ciddi tərbiyə edə bilərsiniz. Müəllimin işi təkcə elm öyrətmək deyil. Müəllim həm də şəxsiyyəti formalaşdırır. Tələbə və şagirdlərə mənəviyyatı, ailəni, vətəni sevdirin. Onları İslam mədəniyyətinə etiqadlı tərbiyə edin. İnqilabdan əvvəl bunun əksi müşahidə olunub. İnqilabdan sonra da universitetlərdə ara-sıra bu halla rastlaşırıq. Müxtəlif cərəyanları və şəxsləri tanıyırıq. Hazırda kimisə nəzərdə tutmamışam. Bəzi cərəyanlar Qərb mədəniyyətinin təsiri altındadır. Qərbə aid hər şeyi qəbul edirlər, milli olan hər şeyə arxa çevirirlər. Belə olanlar var. Bu bizim istəyimizin tam əksidir. Müəllim tələbəni mömin, vətənpərvər, məsuliyyətli tərbiyə edə bilər. Tələbənin məmləkətin gələcəyinə inamı müəllimdən asılıdır. Bizim sizdən gözlədiyimiz budur ki, tələbələri nikbin və gələcəyə ümidli tərbiyə edəsəniz.
Mən əvvəlki söhbətlərimdə də bir mövzu barədə danışmışam. İndi də həmin mövzu üzərinə qayıdıram. Müəllim universitet mühitini öz eşqinə çevirməlidir. Bu ikinci dərəcəli, haşiyə bir məsuliyyət deyil. Müəllim universitetdə keçirdiyi anları dəyərli saymalı, tələbələrin ehtiyaclarına cavab verməlidir. Yalnız vəzifəni yerinə yetirmək üçün universitetə qədəm qoymaq düzgün deyil. Müəllim tələbə ilə eşqlə danışanda onu təlaşa vadar edir. Tələbə müəllimin isti münasibətindən güc alır, ondan təsirlənir.
Başqa bir mühüm nöqtə maarif dərsləridir. Maarif tədris edənlərin böyük imkanları var. Milyonlarla tələbə nəzərdə tutulmuş saatlarda sizin ixtiyarınızdadır. Bu çox dəyərli fürsətdir. Ən üstün gənclər sizin ixtiyarınıza verilib. Əgər maarif müəllimi tələbənin qarşısına dərin İslami düşüncə ilə çıxsa faydamız böyük olar. Yaxşı olar ki, nümayəndəliyimiz bu məsələyə diqqət yetirsin. Tələbələrin iman və saleh əməldə inkişafı üçün əziz müəllimlər təlaş göstərməlidir.
Başqa bir mühüm məsələ humanitar elmlərlə bağlıdır. Əvəllər bu barədə danışmışıq. Humanitar elmlər sahəsində köklü dəyişikliyə ehtiyac var. Bu o demək deyil ki, başqa düşüncələrdən imtina edirik. Qərbə aid müəyyən baxışlar araşdırılıb, öyrənilib və onlardan istifadə olunur. Mühüm nöqtə budur ki, Qərb elminin əsası qeyri-ilahidir və materializmə əsaslanır. Qərbin humanitar elmlərində tövhid bünövrəsi yoxdur. Belə elmlər İslam və dinlə uyğun gəlmir. Humanitar elmlər o zaman faydalı olar ki, ilahi dünyagörüşə əsaslansın. Hazırda humanitar elmlər sahəsində vəziyyət qənaətbəxş deyil. Bu sahədə iş görülməlidir. Əlbəttə ki, bu tələsik yox, uzunmüddətli işdir. Bu sahədə çalışanlar münasib sürət götürməlidir. Yəni nə tələsmək lazımdır, nə də geri qalmaq olar. Mənə məlumat verilib ki, Mədəniyyət İnqilabı Ali Şurasında müəyyən işlər görülür və universitet müəllimləri də bu sahədə müəyyən addımlar atır. Bu çox yaxşıdır. Yəni iki sahənin yanaşı irəli getməsi faydalıdır. İnşaallah sonda məmləkət və universitetlər qazanar.
Deyəcəyim son söz budur ki, universitet mühiti siyasi cinahların dartışma meydanına çevrilməsin. Universitetin siyasi kluba dönməsi elm üçün öldürücü zəhərdir. Bu o demək deyil ki, tələbələr siyasi fəaliyyət göstərə bilməz. Mən həmişə tələbələrin siyasi fəaliyyətini dəstəkləmişəm. İndi də bu fikirdəyəm ki, siyasi düşüncə, siyasi baxış çox mühümdür. Sözüm budur ki, elm mühitini siyasi meydana çevirmək olmaz. Bu iki sahə fərqlidir. Universitet mühiti aram olmalıdır ki, elmi fəaliyyətlər sürətlənsin. Əgər siyasi dartışmalar universitet mühitinə nüfuz etsə universitetlərdə və ölkədə elmi hərəkat dayanar. Biz dayanmaq deyəndə geriləməni nəzərdə tuturuq.
Pərvərdigara! Səni Məhəmməd (s) və ali Məhəmmədə and verirəm, bu həssas saatlarda, bu mübarək günlərdə öz bərəkətini universitetlər və tələbələrə nazil et. Pərvərdigara! Bizi İran və İslam dünyasının başıucalığına aparan yola yönəlt. Pərvərdigara! Səni Məhəmməd (s) və ali Məhəmmədə and verirəm bizə fərqli dövrlərdə fərqli çəkişmələr qarşısında bəsirət əta et. İşimizdə ixlas ver. Əziz şəhidlərimizi, xüsusi ilə universitet şəhidlərini, nüvə sahəsində çalışmış şəhidlərimizi Öz lütf və mərhəmətində qərar ver. Pərvərdigara! Bizi şəhidlərin yolunda sabitqədəm buyur.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh
4 ramazan
İmam Xomeyni (r) hüseyniyyəsi
Iyul, 2014
Dostları ilə paylaş: |