Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da
güclənməsinə imkan yaratmış, dinamik sosial-iqtisadi inkişafa təkan vermişdir.
Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda
reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırmışdır. Heç şübhəsiz, xarici
investisiyaların cəlb edilməsi əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və
sənaye potensialından tam istifadə olunmasına, iqtisadiyyatımızın daha da
möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyasına və əhalinin məşğulluğuna
böyük töhfə verə bilər.
Məhz buna görə də «Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi
iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar
hazırlanmış normativ hüquqi aktlarının layihələri «azad iqtisadi zona» elan ediləcək
ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin
müəyyənləşdirilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə
İşçi qrup yaradılsın:
İşçi qrupun rəhbəri:
Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
İşçi qrupun üzvləri:
İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azər Cəfərov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini
İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini
Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Pərviz Musayev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Əfqan Nağıyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil
Mühafizəsinin rəisi
Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru
Taleh Ziyadov - «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» Qapalı Səhmdar Cəmiyyətinin
Baş direktoru.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış İşçi qrup üç ay müddətində:
2.1. azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin
ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni
maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədi ilə bu sahədə təcrübəsi
olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas
şərtlərinə dair təkliflər versin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 31 may 2017-ci il.
№ 2940
«Respublika» qəzetində dərc edilmişdir (1 iyun 2017-ci il, № 115) («LegalActs» LLC).
«Azərbaycan» qəzetində dərc edilmişdir (1 iyun 2017-ci il, № 116) («LegalActs» LLC).
© «LegalActs» LLC