Şərqdə ritorika Şərq ölkələrində: Çində, Hindistanda, Ərəbistanda ritorikanın inkişafı üçün şərait var idi. Bu ölkələrdə din xadimləri dini kitabların şərhini xüsusi bəlağətlə dinləyicilərə çatdırırdılar. Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi əsasında yaranmışdır. VII əsrin axırlarında Xəlil İbn Əhməd Əl Fəraidi ərəb poeziyası üçün ritmik-melodik modellər kəşf etdi. Həmin modellər əsasında “Qurani-Kərimin”in ayələrini xüsusi avazla oxumaq mümkün oldu. Ərəb şeirinin vəzni olan əruz bu zəmində inkişaf etdi. Ümumiyyətlə götürdükdə, İslam dininin VII əsrdə meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan verdi. Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş şəkildə inkişaf etməyə başladı. Bütün dini xütbələr ərəb dilində aparılırdı. Bu dövrün görkəmli natiqlərindən heç şübhəsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd etmək lazım gəlir. Məhəmməd(əs) məclislərdə oxuduğu xütbələrə qədər özünə gələn vəhyləri adamlara çatdırır və onları Allahın birliyinə inanmaqda – möminliyə çağırırdı. İstər qüreyşlərin birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (əs.) gözəl nitqi qarşısında həsəd və paxıllıqdan törənən ədavət də yaranırdı. Məhəmməd(əs.) Mədinəyə köçdükdən sonra müsəlmanlara özü İslam dini, Allahın əmrləri, Quranın hökmləri, öz şəriəti haqqında güclü bir natiq kimi çıxış edirdi. Koto Lombun yazdığına görə Məhəmməd(əs.) bütün dillərə vaqif imiş.
Azərbaycanda ritorika Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilmiş, xilqətin əzəlinin söz olduğu təlqin edilmişdir. Ulu əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək dəyərləndirmişlər. Babalarımız bəşər tarixini obyektiv təhlil edərək belə bir nəti-cəyə gəlmişlər ki, insan cismən yox olsa da, onu tarixdə yaşadan sözdür. Bizim çağdaş tariximiz sözün tarixidir. Hər hansı bir tarixi dövrü mənəvi aləmimiz, söz tariximizlə ölçür, qiymətləndiririk. Məsələn: Nizaminin dövrü, Füzulinin dövrü və s. Nizami dövründə yaşamış sərkərdələr, hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Söz müqəddəs, sözü cilalayan ustad isə müqəddəslərin müqəddəsidir.
Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri”, “Abad-ül-mütəllimin” və digər əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiymət vermişdir. O, gözəl nitqi millətin mədəniyyət göstəricilərindən biri sayırdı. N.Tusi göstərirdi ki, gözəl nitq üçün birinci növbədə dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyindən faydalanmaq vərdişlərinin inkişaf etməsi, yəni həmin dildən istifadə edənlərin hazırlığı tələb olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə xüsusi fikir vermiş, dilin qayda-qanunlarına hamının eyni dərəcədə riayət etməsini zəruri saymışdır. Tusiyə görə, insan bu dünyanın əşrəfi, o böyük Allahın zərrəsi, təbiətin tərkib hissəsidir; onun dünyaya gəlməsində Ana və Təbiət Allahın buyruğu ilə əsas rol oynamışdır. Odur ki, Allahı, haqqı, həqiqəti dərk etməkdən ötrü bütün bilik mənbələrindən baş çıxarmağı və onlara sahib olmağı mütəfəkkir alim fəzilət sayır. Bu fəzilətin insanda nitfədən (insan yarandığı gündən) malik olduğu isə ünsiyyətdir. İnsan öz-özü ilə də, Allahı ilə də, insanla da ünsiyyətdən çox böyük fərəh duyur, çünki o bütün bunları dərk etmiş, həqiqətə yaxınlaşmış, Allaha qovuşmuş olur. Məhz bu mənada insan dünyasında, o cümlədən, Tusi nəzəriyyəsində natiqlik müqəddəs sənət, söz söyləmək, danışmaq möcüzəvi qabiliyyət sayılır.
Azərbaycan ədəbiyyatı tarixində nitqin, danışığın gözəlliyinə yüksək qiymət verənlər çox olmuşdur. Ədəbi-tarixi mənbələrə görə, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Həsənoğlu, Nəsirəddin Tusi, Əbdülrəşid Bakuvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Sahib Təbrizi, Molla Pənah Vaqif, Qətran Təbrizi, Şah İsmayıl Xətai, Marağalı Əvhədi və b. böyük natiqlər olmuşlar. Onların yazdıqları bədii əsərlərdə natiqlik məharəti, nitq kamilliyi mədəniyyəti, nitqin təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi və s. haqqında janrın verdiyi imkan ölçüsündə elmi-nəzəri fikir və mülahizələr söylənilmiş, söz sənətinə yüksək qiymət verilmişdir.
XI əsrin sonları XII əsrin əvvəllərinıdə Azərbaycanda artıq ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdi. Bu dövrdə yaşayan Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritorlar idilər. Təəssüf ki, türk dili saraylara yol tapa bilmədiyi üçün Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, Fəxrəddin İbn Məhəmməd Hinduşah Naxçıvani, habelə görkəmli söz ustası Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani və başqaları öz əsərlərini farsca yazmışlar. Nizamül-Mülk (1017- 1092) səlcuq sarayının elə ağıllı vəziri olmuşdur ki, onun məsləhətləri həmişə hörmətlə qarşılanmışdır. Əvvəlcə (1063-cü ildə) Alp Arslanın, sonra isə Məlik şahın vəziri olmuş Nizamül-Mülk öz tövsiyə və çıxışlarını «Siyasətnamə» adlı kitabda vermişdir. Nizamül-Mülkün «Siyasətnamə» əsərinin 148-150-ci səhifəsindəki rəvayətdən bir hissəyə diqqət yetirək.Rəvayət:
Hadisədə deyilir ki, xəstəlik peyğəmbər ə.s elə zəiflədib əldən salmışdı ki, yeriməyə taqəti qalmamışdı, camaat namazının vaxtı çatmışdı, əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib, camaat namazını qılsın. Aişə və Həfsə peyğəmbərin başı üstündə oturmuşdular. Aişə peyğəmbər ə.s. dedi: «Ey Allahın peyğəmbəri, namaz vaxtı çatmış, camaat məscidə yığılmışdır, sənin də ora getməyə taqətin qalmamışdır. Cammaatın qabağında durub imamlıq etməyi kimə tapşırırsan?» Dedi: «Əbubəkirə». Bir də soruşdu «Kimə tapşırırsan?» Dedi: «Əbubəkirə». Aişə Həfsəyə dedi: «Mən iki dəfə dedim, sən də bir dəfə de ki, Əbubəkir zəif və ürəyiyuxa adamdır, əshabələrinin hamısından çox o səni istəyir, namaza durub, sənin yerini boş gördükdə ağlamağı tutacaq, namazı həm özünə, həm də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü də möhkəm adamdır, buyurunuz, imamlığı o etsin, ziyanı olmaz». Aişə və Həfsə peyğəmbər ə.s. belə dedilər. Peyğəmbərin qəzəbi tutdu, üzü qızardı və dedi: «Siz Yusif Kərsif kimisiniz. Mən siz istəyəni etməyəcəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə olsun. Gedin Əbubəkirə deyin, camaat namazını başlasın». Aişənin (Allah ondan razı olsun) bu qədər elmli, mömin və pak olmağına baxmayaraq, peyğəmbər ə.s. Aişənin istədiyinin əksini etməyi buyurdu. İndi görünüz, başqa arvadların bilik və məsləhətləri nə dərəcədə olar. Yusif və Kərsif haqqında hekayə isə başqa cürdür...
Nitqin növləri
“Nitq – müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun – həm informasiya, həm çağırış – müraciət, həm dinləyicini təhriketmə və s. ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsi”dir. Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün – nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Nitq nəinki dili təzahür etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir, nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunması, informasiyanın ötürülməsi və əldə edilməsidir. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür.
Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə fəaliyyət göstərir. Nitqdən təcrid olunanda o mücərrəd bir mahiyyət daşıyır, ünsiyyət, anlama üçün yararsız olur. Nitq ünsiyyət prosesi olduğundan nitq və dil arasındakı qarşılıqlı əlaqələr bu prosesdə baş verir.
Nə qədər yaxın və qarşılıqlı əlaqədə olsa da, dil və nitqin özünəməxsus cəhətləri vardır ki, bu onları bir-birindən fərqləndirir. Bu fərqlər aşağıdakılardır:
1. Dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür. Nitq insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyət prosesidir. Ünsiyyət vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir.
2. Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktlarıdır, vərdişləridir, danışığıdır, yazısıdır. Yazıçının dili dedikdə, yazıçının nitqi (nitqinin yazıya köçürülmüş forması) nəzərdə tutulur.
Ümumxalq dili eyni bir dil kollektivi üzvlərinin əlaqə məqsədilə dildən istifadə formalarından asılı olaraq müxtəlif dəyişikliyə uğrayır. Danışanlar, yaxud yazanlar dil vasitələrindən eyni şəkildə istifadə etmirlər. Bu istifadə şəxsin təhsili, həyat təcrübəsi, dünyagörüşü, mədəni səviyyəsi və s. ilə bağlı müxtəlif şəkildə olur. Burada danışan və yazanın ifadə etdiyi fikrə münasibəti də dil vasitələrindən istifadənin rəngarəngliyinə, müxtəlifliyinə səbəb olur. Bu münasibətdən asılı olaraq cümlədə sözlərin sırası dəyişilir, müxtəlif xitablar, ara sözləri, ara cümlələr işlədilir, rəngarəng intonasiya çalarlarından istifadə olunur.
3. Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Bu müşahidə fərdlərin nitqi və onun məhsulu olan mətn üzrə aparılır. Dilə dair qrammatika kitabları və digər sorğu vəsaitləri bu mətnlər, onların təhlili yolu ilə aparılan araşdırmaların nəticəsi olaraq yazılır, oxuculara təqdim olunur. Nitq daha çox sintaksislə bağlıdır, onun sinonimi kimi işlənir.
4. Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardadır. Başqa sözlə, nitq işləndiyi şəraitdən asılıdır, həmin şəraitdəki bütün faktorların təsirinə məruz qalır, dəyişikliyə uğrayır. Lakin dil normalarının köməyi ilə bu dəyişikliklərdən, təsirlərdən özünü qoruyur.
5. Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir. Onun vahidləri (mürəkkəb sözlər, söz birləşmələri, cümlələr) nitq prosesində yaranır, mürəkkəb quruluşa malik olur. Bu vahidlər həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi güdür. Dil isə nitqlə müqayisədə sabitdir, dəyişmir. Dildə səhv ola bilməz, nitqdə isə ola biər. Dil tarazlaşmış, nizamlanmış normalar sisteminə və lüğət tərkibinə malikdir. Nitq prosesinin müəyyən məhsulu (məsələn, mətn), həmin məhsulun da iki tərəfi olur: 1) oradakı fikir, yəni nitqin məzmunu; 2) bu fikrin maddi qabığı varlıq, yəni forma. Deməli, bu mənada dil nitqin formasıdır, fikir isə onun məzmunu.
6. Nitq fərdi – psixi, dil isə ictimai hadisədir. Hər bir nitq aktı bütün psixi formaların (duyğu, hiss, təsəvvür, qavrayış, təfəkkür, emosiya və s.) təsirinə məruz qalır, ayrı-ayrı şəxslər dilin zəngin ifadə vasitələrindən müxtəlif şəkildə istifadə edirlər. Bu səbəbdən birinin nitqi, danışığı digərlərindən gözəl, zəngin, əhatəli, məzmunlu və təsirli olur. Bu, danışanın (yazanın) dünyagörüşündən, savad dərəcəsindən, dilə şüurlu münasibəti və s. asılı olaraq müxtəlif formalar kəsb edir. Belə keyfiyyətlərə malik olanlar dil vasitələrindən daha məharətlə, olmayanlar isə bir qədər zəif istifadə edirlər. Natiqlik fəaliyyətində bu cəhət nəzərə alınmalı, natiq öz nitqi üzərində müntəzəm işləməli, danışığında dilimizin zəngin və rəngarəng ifadə vasitələrindən istifadə etməyi bacarmalıdır. Nitq fərdin yaradıcılıq fəaliyyətidir, vərdişidir. Digər yaradıcılıq formaları kimi nitq də (şifahi və yazılı) dilin vahidləri və ifadəlilik vasitələrindən istifadə baxımından estetik keyfiyyətlərə malik olmalı, dinləyicini özünə cəlb etməlidir. İfadə olunan hər bir fikir dinləyiciyə (oxucuya) təsir etməli, onda müəyyən hisslər oyatmalıdır.
7. Nitq və dil quruluşuna görə də fərqlənirlər. Dilin quruluşu onun ən böyük vahidi olan cümlədə özünü göstərir. Nitqin quruluşuna isə cümlə, abzas və mətn daxildir. Dil sisteminin ən böyük vahidi sayılan cümlə nitq sistemində ən kiçik vahid olur.
Aralarında fərqlərin olmasına baxmayaraq nitq və dilin qarşılıqlı əlaqəsi vardır. “Nitqin aydın olması və özünün bütün təsirini göstərməsi üçün dil vacibdir; nitq öz növbəsində dilin bərqərar olması üçün vacibdir; tarixən nitq mövcudluğu həmişə dildən əvvəl olur”.
Nitqin ifadə üsullarına, təzahür şəkillərinə, kommunikasiya məqsədinə, şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq, səhnə nitqi, danışıq nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil olunmuş və təşkil olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə görə bir-birindən fərqlənirlər.
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir. Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır.