Ümumxalq Azərbaycan dilinin tərkib hissələri Hər xalqın və millətin ancaq bir dili olur. Həmin dil o xalq və ya millətin ümumi dili olduğu üçün ümumxalq dili deyilir. Məsələn, Azərbaycan ümumxalq dili, rus ümumxalq dili, türkmən ümumxalq dili, qazax ümumxalq dili və s.
Ümumxalq dili çox geniş anlayışdır. Belə ki, ümumxalq dili dedikdə xalqın bütün dil vasitə və formalarının məcmusu nəzərdə tutulur. Dildə hər nə varsa, bunların hamısını ümumxalq dili əhatə edir.
Öz inkişafının müəyyən mərhələsinədək Azərbaycan dili vahid tərkibli ümumxalq dili formasında olmuşdur. Lakin sonralar bu dilin tərkibində bir-birindən az-çox fərqlənə bilən qollar əmələ gəlmişdir. Bu qollar, başlıca olaraq, cəmiyyət üzvlərinin dildən nə dərəcədə istifadə edə bilməsi ilə əlaqədar yaranmışdır.
Məlumdur ki, hər bir xalq və ya millətin bütün üzvləri ümumxalq dilindən eyni şəkildə, eyni qaydada istifadə edə bilmirlər. Məsələn, ziyalılar, xüsusən alim və yazıçılar dildən daha məharətlə istifadə etməyə meyl göstərirlər. Onlar ümumxalq dilinin söz və ifadələrini, qayda-qaynunlarını daha da cilalayır və daha mükəmməl şəklə salırlar. Lakin savadsız və azsavadlılar isə dildən bir növ “xam” şəkildə istifadə edirlər.
Bu deyilənlərə görədir ki, müasir Azərbaycan ümumxalq dili, tərkibcə 2 qola ayrılır: 1) ədəbi danışıq, yaxud ədəbi dil, 2) qeyri- ədəbi danışıq, yaxud danışıq dili. Bu şərti bölgüdə “ədəbi dil” və “danışıq dili” məfhumlarını, eyni zamanda, dilin “tərkib tərəfləri” də adlandırmaq olar.
Ümumxalq dilinin iki qola ayrıldığını M.Qorki çox gözəl şərh etmişdir: “Dilin ədəbi və xalq dili deyə ikiyə bölünməsi yalnız onu göstərir ki, necə deyərlər, bir “xam” dil var, bir də sənətkarlar tərəfindən işlənilmiş dil”. Ümumxalq dilinin iki qola ayrılmasını şərti mənada başa düşmək lazımdır, çünki yuxarıda qeyd edildiyi kimi, hər xalqın bir neçə deyil, ancaq bir dili olur.Buna görə də Azərbaycan ədəbi dili dedikdə bir dili, Azərbaycan danışıq dili dedikdə isə başqa dili düşünmək olmaz. Bunların hər ikisinin əsası eynidir.