Azərbaycan dilinin tarixinə dair Morfoloji quruluşuna görə dünya dilləri bir neçə qrupa - kök dillər, felektiv(kökü içəridən dəyişən), iltisaqi(sözün kökü dəyişməyən və həmişə müstəqil məna daşıyan) qruplara bölünür. Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dillərə aiddir.
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili olub, dünyanın geniş yayılmış dillərindən biridir. Bu dildə 50 milyona qədər adam danışır.Azərbaycan Respublikası ilə yanaşı, Cənubi Azərbaycanın da əsas əhalisi Azərbaycan türklərindən ibarətdir. Dağıstan, Gürcüstan, Türkiyə və İraq ərazilərində də azərbaycanlılar öz qədim yurdlarında toplu halda yaşamaqdadırlar. Azərbaycan torpağının böyük bir hissəsi zorla Ermənistan ərazisinə birləşdirilmiş, əhalisi isə öz qədim yurdlarından çıxarılmışdır. Bunu bizim gələcək nəsillər unutmamalı, tarixin verəcəyi fürsətdən istifadə etməlidirlər. Bunlardan əlavə, Rusiyada, Avropa ölkələrində, ABŞ-da və başqa ərazilərdə də azərbaycanlılar səpəli halda yaşamaqdadırlar.
Azərbaycan dili dünyanın ən qədim dillərindəndir. Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. Qeyd etdiyimiz kimi, Azərbaycan dili türk dilləri ailəsinə - türk dillərinin oğuz qrupuna daxildir. Lakin formalaşma tarixi oğuz qrupuna daxil olan digər dillərdən daha qədimdir. Türk adını daha qədimlərdən yaşadan və gətirən isə Turukki tayfası olmuşdur. Turukki sözü “güclü, qüvvətli, doğan, törəyən” mənalarında tur/tör sözündən olub, türük//türk sözünü əmələ gətirmişdir.
Hələ eradan əvvəlki birinci minilliyin sonlarında Azərbaycanın cənub hissəsində əhali dövlətin adı ilə atropatenlər, şimalda albanlar adlanırdı, cənubda Atropatena dili, şimalda Alban dili ifadələri işlənirdi.
“Türk” etnik adı Azərbaycanda çox qədim tarixə malikdir və e.ə III minilliyin əvvəllərindn məlumdur. Bu söz Orta və Mərkəzi Asiya ölkələrində sürətlə kütləviləşmiş, daha intensiv işlənmişdir. Azərbaycanda isə V əsrdən –Sasanilərin dövründən kütləviləşməyə başlamışdır. Sasanilər Çindən İrana qədər böyük bir ərazidə yerləşən türk xaqanlığı ilə əlaqə saxlayır, bəzən qohumluq münasibətlərinə girməli olurdular. Onlar bu minvalla Azərbaycan türklərini də “türk” adlandırırdılar. Digər tərəfdən, xaqanlığın öz dövründə xaqanlıq türklərinin Azərbaycana axını davam etməkdə idi. Ərəblər gəldikdən sonra şimallı-cənublu bu ölkəni də “türk ölkəsi” bilir və “türk ölkəsi” adlandırırlar. Lakin ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və Atropatena sözünü öz şivələrində “Azərbaycan” şəklinə saldıqları, azərbaycanlıları qısa şəkildə azəri adlandırdıqları üçün bu termini şimal türklərinə də şamil etməyə başlamışdılar. Azəri sözü VII əsrdən işlənməyə başlamışdır. Azərbaycan sözü Antarpatianu sözündən əmələ gəlmişdir. Antarpatianu sözünün birinci hecasındakı An adının “n” samiti düşmüş, Atarpatianu tədricən Atropatena adını almışdır. Atropatena sözündə irəli çıxan “t” (dz) qovuşuq səsinin birinci komponentinin karlaşmış variantı saxlanmışdır. Ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzirbican-Azirbican-Azərbaycan şəklində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili “əl-azəriyə” – azəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi Azərbaycan dilində də flektiv dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən sonra gələn təkmənalı şəkilçilər vasitəsilə ifadə olunur.
Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakini olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “KitabiDədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olunan məlumatlara görə XIII əsrdən başlayır. Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr 13-cü əsrdən 18-ci, yeni dövr adlandırılan ikinci dövr isə 18-ci əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir. Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici xüsusiyyəti ilə yanaşı dildaxili özümlükləri ilə də seçilir.
Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb-gəlməsinə səbəb olmuşdur. İkinci dövrdə isə realist seir məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdur. İkincisi, əski Azərbaycan dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma hadisəsinin tam başa çatmasının nəticəsi idi.
Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:
1)ədəbi dilin təşəkkül mərhələsi(13-14-cü əsrlər),
2)klassik şeir dili mərhələsi(15-17-ci əsrlər).
İkinci dövr Azərbaycan dili isə 3 mərhələni əhatə edir:
1)ədəbi dilin xəlqiləşməsi mərhələsi(18-ci əsr),
2)milli dilin yaranması və inkişafı mərhələsi(19-20-ci əsrin əvvəli),
3)müasir mərhələ(20-21-ci əsrin əvvəli).
Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox 20- ci əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə 3 meyil, 3 istiqamət özünü göstərir.Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.
1.Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü “Molla Nəsrəddin” jurnalının və bu jurnalın əməkdaşlarının əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.
2.Daha çox osmanlı və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dili yaratmaq. Bu “Füyuzat” və “Həyat” kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk dilindən, demək olar ki, seçilmirdi.
3.Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Ədəbi dil sahəsindəki bu proses əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.
Yeni dövr Azərbaycan dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.
Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlərindən başlamışdır. Azərbaycan ədəbi və xalq danışıq dilini dərin bilən, bu dilin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr edilmiş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır.
1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi.Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə əvvəlcədən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbər ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Resublikası konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur:
“Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
Azərbaycan dilinin SSR Konstitusiyasında rəsmi dövlət dili kimi öz əksini tapması Ukrayna kimi böyük bir respublikanın rəhbərlərinin və başqalarının buna qəti etirazları səslənsə də, Heydər Əliyev onlara çox kəskin və qəti olaraq “dövlət dilinin Azərbaycan dili olduğunu Azərbaycan konstitusiyamızda yazdırmalıyıq və yazacağıq!” deməklə iradını bildirənləri susdurmuşdur və beləliklə də, ana dilimizi məhv olmaqdan qoruyub saxlaya bilmişdir. Bu da danılmaz bir faktdir ki, o vaxtlar Azərbaycan dilini konstitusiyada dövlət dili kimi yazdıran yeganə türk mənşəli respublika Azərbaycan idi.
Azərbaycan dili ilə bağlı müxtəlif fərmanlar olub. 1919- 1920-ci illərdə Azərbaycan Cümhuriyyəti dilimizi türk dili adı ilə dövlət dili kimi işlətdi. Sovet çevrilişindən sonra 1930-cu illərə qədər dövlət dili yenə türk dili adlandırıldı. 1936-cı ildən dövlət dili Azərbaycan dili adı ilə işlənməyə başlayır.
1992-ci ilin 22 dekabrında verilən fərmanla Azərbaycan Respublikasının dövlət dili öz əski adında, türk dili adlandırıldı. 2001-ci il iyunun 18-də “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi” haqqında fərman verildi. 2003-cü ilin yanvarın 2-də isə “Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun qəbul edildi.