Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər, Nə dilbər, dilbəri –şahid, nə şahid şahidi –sərvər. Mən ölsəm sən bütü-şəngül, sürahi söyləmə qül –qül, Nə qül –qül, qül-qüli –badə; nə badə, badeyi -əhmər.
Başımdan getmədi hərgiz səninlə içdiyim badə, Nə badə, badeyi –məsti, nə məsti, məsteyi-sağər.
Şahə, şirin sözün qılur Misirdə bir zaman kasid, Nə kasid, kasidi –qiymət; nə qiymət, qiyməti –şəkkər. Tutuşmayınca dəraməş bəlürməz –xisləti -ənbər, Nə ənbər, ənbəri suziş; nə suziş, suzişi məcmər.
Əzəldə canım içində yazıldı surəti –məni, Nə məni, məniyi surət: nə surət, surəti dəftər.
Həsənoğlu sana gərçi duaçıdır, vəli, sadiq, Nə sadiq, sadiqi bəndə; nə bəndə, bəndeyi çakər. XIV əsrdə şair İmadəddin Nəsimi ədəbi dilin formalaşmasında xüsusi rol oynamışdır. Nəsimi öz əsərlərində Həsənoğluya nisbətən ərəb və fars sözləri əvəzinə, Azərbaycan söz və ifadələrinə daha çox yer vermişdir. Beləliklə, o, ədəbi dilə xalis Azərbaycan sözlərinin daxil olmasına xüsusi səy göstərmişdir.
XV əsrdə Azərbaycan dili sarayda işlənmiş və onun təsir dairəsi tədricən genişlənmişdir. Bu əsrdə ədəbi dilimizin formalaşması və inkişafında Şah İsmayıl Xətayinin böyük xidməti olmuşdur. O, Azərbaycan dilini hətta dövlət dili səviyyəsinə qədər yüksəltməyə xüsusi səy göstərmişdir.
XVI əsrdə Azərbaycan ədəbi dilinin inkişafında böyük şair Məhəmməd Füzulinin xüsusi rolu olmuşdur. Məlum olduğu üzrə XVI əsrdə də Azərbaycan dilində əsər yazmaq dəb deyildi (bu dövrdə ərəb və fars dillərində yazmağa böyük əhəmiyyət verilirdi) Füzulinin ədəbi dilimizin inkişafındakı rolu bir neçə cəhətdən xarakterizə olunur, belə ki, o, ilk dəfə olaraq: a)Azərbaycan dilində boyük həcmli əsərlər yazmışdır. b)müxtəlif janrlarda əsərlər yaratmışdır; c)qəzəl janrını ən yüksək zirvəyə ucaltmışdır.
Böyük şair Füzuli öz əsərlərində ümumxalq dilinin incəliklərindən məharətlə istifadə etmiş, beləliklə, yazılı ədəbi dilin şifahi ədəbi dilə yaxınlaşmasında onun xüsusi xidməti olmuşdur. Ədəbi dilin yazılı və şifahi formaları arasındakı fərq XVI-XVII əsrlərdə nisbətən XVIII əsrdə daha çox azalmışdı.
XVIII əsrdə Azərbaycan ədəbi dilinin inkişafında Molla Pənah Vaqif yeni bir dövr açmışdır. Vaqifin bu sahədəki fəaliyyəti aşağıdakı cəhətdən özünü göstərir:
1.M.P.Vaqif özündən əvvəlki dil ənənələrini, xüsusən Füzuli irsini davam etdirmişdir.
2.Dilin xəlqiliyini əsas tutaraq dilimizdəki ərəb və fars sözlərinə qarşı mübarizə aparmış, öz əsərlərində xalis Azərbaycan sözlərinə daha çox yer vermiş və yazılı ədəbi dilimizin şifahi dilə daha da yaxınlaşmasına nail olmuşdur. Elə buna görədir ki, şairin yazdığı şeirlərdən əksəriyyətinin dili tamamilə aydın və sadədir. Bunları oxuduqda canlı Azərbaycan dilinin ruhu, ahəngi və gözəlliyi çox aydın şəkildə hiss olunur.
3.Vaqif qoşma üslubunun formalaşmasında və inkişafında xüsusi rol oynamışdır. Onun qələminin qüdrəti sayəsində XVIII əsrdə qoşma üslubu bədii üslublar sisteminin zirvəsinə ucalmışdır.
Bu dövrdə Vaqiflə bərabər Molla Vəli Vidadinin də ədəbi dilimizin inkişafında rolu az olmamışdır.
XIX əsr Azərbaycan ədəbi dilinin sabitləşməsi dövrüdür. Bu dövr öz xüsusiyyətləri ilə digər əsrlərdən əsaslı surətdə fərqlənir. Belə ki, həmin dövrdə kapitalizmin inkişafı, Azərbaycanın digər ölkə və xalqlarla mədəni əlaqələrinin yaranması və s. dilimizin inkişafına da müsbət təsir göstərmiş, Azərbaycan ümumxalq dili inkişaf edərək milli ədəbi dilə çevrilmişdir.
XIX əsrdə Azərbaycan ədəbi dilinin sabitləşməsi və inkişaf etməsində M.F.Axundovu xüsusi olaraq qeyd etmək lazımdır. M.F.Axundov bütün fəaliyyəti boyu Azərbaycan dilinin milli müstəqilliyini qorumuş və onun inkişafı uğrunda ciddi mübarizə aparmışdır. Dil sahəsində M.F.Axundovun fəaliyyəti çoxcəhətlidir. O, dilin elə bir sahəsi, elə bir mühüm məsələsi yoxdur ki, ondan bəhs etməmiş olsun; belə ki ərəb əlifbasının dəyişdirilməsi sahəsində, orfoqrafiya məsələlərinin qaydaya salınmasında, ədəbi dilin terminlərlə zənginləşməsində M.F.Axundovun çox böyük və xüsusi xidmətləri olmuşdur; o ilk dəfə olaraq dildə dram üslubunun əsasını qoymuşdur.
M.F.Axundov, hər şeydən əvvəl, ədəbi dilin xalqa daha yaxın olmasına, ondan hamının asanlıqla istifadə edə bilməsinə xüsusi fikir verirdi. O, dili həqiqi mənada xəlqiləşdirməyə çalışırdı. Bu məqsədlə o, ədəbi dil haqqında bir sıra nəzəri fikirlər irəli sürmüş və həmin fikirlərini öz yaradıcılıq fəaliyyətində əməli surətdə həyata keçirməyə nail olmuşdur. Onun komediyalarının dili bunu aydın surətdə sübut edir. Ədəbi dilimizin xəlqiliyi, sadəliyi, saflığı uğrunda M.F.Axundovun apardığı mübarizəni onun xələfləri olan N.B.Vəzirov, H.B.Zərdabi kimi maarifçilər davam etdirmişlər.
Məlumdur ki, ədəbi dilin lüğət tərkibinin, üslublarının inkişafında orfoqrafik və digər ədəbi normalarının səlisləşməsində, sabitləşməsində mətbuat xüsusi rol oynayır. Bu cəhətdən ədəbi dilimizin inkişafında 1875-ci ildə nəşrə başlayan “Əkinçi” qəzetinin böyük rolu olmuşdur. Həmin qəzetin vasitəsilə müxtəlif sahələrə dair bir sıra yeni-yeni terminlər ədəbi dilimizə daxil olmuş və onun lüğət tərkibini daha da zənginləşdirmişdir. “Əkinçi” qəzetində müxtəlif üslublarda dərc edilən məqalələr ədəbi dilimizin, eyni zamanda, üslublarının inkişafına da təsir göstərmişdir. Bütün bu məsələlərdə qəzetin redaktoru H.B.Zərdabinin böyük xidməti olmuşdur. O, dil məsələsini də qəzetinin ümumi məqsədindən kənarda qoymamışdır.
XX əsrdə Azərbaycan ədəbi dili öz inkişafının çox mürəkkəb bir dövrünə qədəm qoyur. Bu dövrdə dilimizə qarşı hücumlar daha da qüvvətlənmişdi. Burjua millətçiləri, pantürkistlər Azərbaycan dilinə qarşı həyasızcasına hücum çəkir, bu dili hər vasitə ilə pisləməyə, onu sıradan çıxarmağa çalışırdılar. Dövrün qabaqcıl adamları doğma dilimizi hər addımda müdafiə edir və onun inkişafına mane olanlara müntəzəm və ciddi mübarizə aparırdılar. Belə şəxsiyyətlərdən biri C.Məmmədquluzadə idi.
C.Məmmədquluzadə ədəbi dilimizin inkişafında həm nəzəri, həm də əməli cəhətdən fəaliyyət göstərirdi. Onu həmişə dilin təmizliyi, saflığı düşündürür və buna görə də dildə lüzumsuz olaraq ərəb və fars sözləri işlədilməsinə qarşı ciddi mübarizə edirdi O deyirdi: “Bəzi yazıçılar dilimizdə olan sözləri dəyişdirirlər, habelə Azərbaycan dilinin tərkiblərini və qanunlarını kənara qoyub, fars və ərəb tərkibləri qanunlarını işlədirdilər. Hələ “pədər”, “madər”, “nan” kimi sözlər səhldir, ərəb və fars dilindən elə bir xoruz səsi eşitməyən kəlmələr və ibarələr lü- zumsuz yerə işlədirdilər ki, dəxi onları ərəb və farsca az savadlılar oxuyub başa düşmür və bu icad etdikləri qatış –bulaş dilin adını ədəbi dil qoyub, açıq ana dilini çoban dili adlandırdılar...”
C.Məmmədquluzadə öz bədii yaradıcılığı ilə bərabər, redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının vasitəsi ilə dilimizin inkişafı tarixində böyük fəaliyyət göstərmişdir.
“Molla Nəsrəddin” jurnalı: a) Azərbaycan dilinin milli müstəqilliyi, orijinallığının mühafizə olunmasında və b) ədəbi dilimizin daha da sadələşdirilməsində, onun şifahi danışığa yaxınlaşmasında xüsusi rol oynamışdır.
XX əsrin əvvəllərində mürtəce fikirli millətçilər digər mənfi ideyaları ilə yanaşı, Azərbaycan ədəbi dilinin inkişafına da mane olmaq üçün öz mətbuatlarını yaratmışlar. Millətçilərin 1906-cı ildə nəşrinə başladığı “Füyuzat” jurnalının əsas məqsədlərindən biri Azərbaycan dilinin müstəqilliyini inkar etmək, onu osmanlılaşdırmaqdan ibarət idi. Buna görə idi ki, həmin jurnal osmanlı dilində, həm də çətin ərəb və fars sözləri ilə dolu olan dolaşıq və anlaşılmaz bir dildə dərc olunurdu.
Eyni ildən, yəni 1906-cı ildən nəşr olunan demokratik “Molla Nəsrəddin” jurnalı həmin mürtəce xarakterli jurnalın tamamilə əksinə bir istiqamət və mövqe tuturdu. Bu jurnalın məqsədi xalqın mənafeyinə xidmət etmək, o cumlədən dilimizi qorumaq və inkişaf etdirməkdən ibarət idi.
“Molla Nəsrəddin” jurnalı xalqın başa düşəcəyi dildə yazmağı özü üçün yeganə prinsip qəbul etmişdi. Jurnal 1913-cü ildə nəşrə başlayan və “Füyuzat”ın ideyasını davam etdirməyə çalışan “Şəlalə”nin də dilini tənqid edərək onun nöqsanlı olduğunu göstərirdi.
XX əsrin əvvəllərində ədəbi dilimizin inkişafında, onun daha da püxtələşməsində və sadələşməsində M.Ə.Sabirin, Ə.Haqverdiyev və başqalarının da xüsusi rolu olmuşdur. Sovet dövründə Azərbaycan ədəbi dilinin nə qədər sürətlə və hərtərəfli inkişaf etməsini aşağıdakılarla səciyyələndirmək olar:
a) ədəbi dilimizin lüğət tərkibi yeni-yeni sözlərlə zənginləşmişdir;
b) bütün elm sahələrinə aid saysız-hesabsız terminlər yaradılmışdır;
c) ədəbi dilimiz xalqa daha da yaxınlaşdırılmışdır;
d) yazımız asan və mükəmməl əlifba əsasında qurulmuşdur;
e) dilimizin orfoqrafiyası elmi əsaslar üzərində qurulmuş və onun normaları qaydaya salınmışdır;
f) dilimizin qrammatik quruluşu daha da təkmilləşmiş və zənginləşmişdir;
g) ədəbi dilimiz ifadə tərzi cəhətdən daha da zənginləşmiş və müxtəlif üslublar meydana çıxmışdır.