1. Fonetik səviyyədə obrazlılıq: Azərbaycan dili fonetikasının üslubi imkanları içərisində diqqəti ən çox cəlb edən səslərin, sözlərin və qrammatik vasitələrin təkrarıdır. Səslərin üslubi təkrarı özünü a) assonans ( saitlərin təkrarı) və b) alliterasiya ( samitlərin təkrarı) şəklində göstərir.Və çox zaman assonansla alliterasiya bir yerdə çıxış edir; məsələn:
Mən aşiq, neylim sənə,
Düşübdü meylim sənə.
Mən dönsəm, üzüm dönsün,
Sən dönsən neylim sənə?
Yaxud:
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhz olub salxanmaq istəyirəm,
Göylərdə günəş kimi mən yanmaq istəyirəm.
Azərbaycan dilinin fonetik-üslub imkanlarından danışarkən nidalar və təqlidi sözlər, yaxud yamsılamalar barədə ayrıca bəhs etmək lazım gəlir...
Azərbaycan dilində nida sözləri heç bir dildəki ilə müqayisə olunmayacaq qədər həm çoxdur, həm də mənaca rəngarəngdir: ay, ax, of, uf, hay, hey, ey, aman, vay, ehe, aha, oho, ıhı, baho...
Təqlidi sözlərin, yaxud yamsılamaların miqyasına gəldikdə isə burada da Azərbaycan dilinin imkanları çox genişdir: tap, tup, taq, tuq, tıq, tarap, daranq, durunq, caq, cuq, cırıq, şaq, şuq, şarap, şurup, hap, hup, zıq, zuq...
Azərbaycan dilinin, ümumən türk dillərinin iltisaqi ( aqqlütinativ) təbiəti ona geniş ( və zəngin) fonetik-üslubi manevr imkanları vermişdir ki, bu imkanlardan istifadənin də öz “sirli” texnologiyaları vardır. Nitq mədəniyyəti təcrübəsi ( və istedadı) olan hər bir şəxs üçün Azərbaycan dilinin üslubi fonetikası, yaxud fonetik üslubiyyatı fikrin dəqiq ( və təsirli) ifadəsi üçün sınanılmış vasitədir.
2.Leksik səviyyədə obrazlılıq: Bu səviyyədə obrazlılıq özünü daha çox məcazlar (bədii təsvir və ifadə vasitələri), frazeoloji birləşmələr, antonimlik, omonimlik, sinonimlik, çoxmənalılıq və s. istiqamətdə göstərir. Bədii təsvir vasitəsi – əsərdə bədii dilin mühüm tərkib hissəsidir. Sözün məcazi mənası əsasında yarandığına görə məcazlar da adlanır. Epitet, təşbeh, metafor əsas bədii təsvir vasitələrindəndir.
Epitet - Epitet yunan sözüdür, lüğəti mənası qoşma, sözün digər sözə qoşulması deməkdir və bədii söz birləşmələrinin bir tərəfi olur. Epitet sintaksisdə işlənən təyin termininə uyğundur. Ona görə də epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn: Klassik ədəbiyyatda gözəl üçün işlədilən “gül üzlü”, “sərv boylu”, “ahu baxışlı”, “qələm qaşlı” və s. kimi ifadələr epitetdir. Və yaxud “xalqımızın, dağ cüssəli, qartal baxışlı, qar saçlı övladları nə qədər bir-birinə bənzəyirlər.
Dostları ilə paylaş: |