HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ
Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz
(H. Əliyev)
Azərbaycan xalqı dövlət müstəqilliyi əldə etdikdən sonra ölkədə Azərbaycan dilinin sosial-siyasi, mədəni mövqeyinin güclənməsi, təbii ki, nitq mədəniyyətinin yüksəlişinə hər cür şərait yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü ( və rəhbərliyi ) ilə qəbul edilən bir sıra rəsmi sənədlər ulu öndərin bu məsələyə nə qədər böyük önəm verdiyini göstərir.
Azərbaycan nitq mədəniyyəti uzun əsrlərin zəngin ənənələrinə əsaslanmaqla XX əsrdə sürətlə inkişaf etmiş, dövlət müstəqilliyinin ilk illərindən etibarən daha geniş miqyas ( və imkanlar) qazanmışdır.
XX əsrin ortalarına doğru artıq Azərbaycan ədəbi dilinin bədii üslubu ilə yanaşı kifayət qədər mükəmməl elmi, publisistik və rəsmi-işgüzar üslubları formalaşır. Azərbaycanda milli dildə orta, eləcə də ali məktəblərin açılması, mətbuatın nəşri, dövlət idarələrində Azərbaycan dilinin az və ya çox dərəcədə işlənməsi, ziyalı kontingentinin genişlənməsi və s. bu cür funksional üslub diferensiasiyası üçün şərt olur. Doğrudur, sovet dövləti möhkəmləndikcə ümumən “sovet xalqları”nın hamısının dilləri rus dilinin dağıdıcı təzyiqinə məruz qalmağa, “yerlər”də rusdilli “ziyalılar” yetişdirilməyə başlanır. Lakin xalqın içərisindən çıxmış milli ziyalılar həmin ruslaşdırma diplomatiyasına qarşı ciddi mübarizə aparırlar. Azərbaycanda bu cür ziyalılar çox olmuşdur ki, onlardan ən məşhuru Bəxtiyar Vahabzadə idi. Böyük şair, mütəfəkkir, ictimai-siyasi xadim Bəxtiyar Vahabzadə ana dilinin təbii-tarixi hüquqlarının məhdudlaşdırılmasına qarşı on illər boyu cəsarətlə mübarizə aparmışdır. O, “doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar”ın artdığı illərdə ana dilinə müraciətən yazırdı:
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqının aldığı ilk nəfəsdən yarandın...
XX əsrin 50-ci, 60-cı illərindən fərqli olaraq 70-ci illərində ana dilinə qayğı, onun hüquqlarının müdafiə edilməsi özünü daha ardıcıl, daha məqsədyönlü şəkildə göstərir- Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində Azərbaycan dili, həqiqətən, dövlət dili səviyyəsinə yüksəlməyə başlayır. Azərbaycan Respublikası ali təhsilinin bayraqdarı olan Azərbaycan ( indiki Bakı) Dövlət Universitetinin 50 illik yubileyində azərbaycanca çıxış edən respublika rəhbərinin bu qeyri-adi təşəbbüsü, eləcə də anadilli təhsilin, ədəbiyyatın, elmin inkişafı üçün yaratdığı şərait xalqın taleyi baxımından hər cür təqdirə layiq idi.
Heç şübhəsiz, ümummilli liderin-müasir Azərbaycan dövlətçiliyinin banisinin müstəqillik dövründə dövlət dilinin yüksəlişi sahəsində gördüyü işlər ciddi tarixi əsaslara malikdir. Biz xüsusilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanını nəzərdə tuturuq... Etiraf etmək lazımdır ki, Azərbyacan dilinin tarixində hələ ona ( Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sənəd olmamasıdır. Eyni zamanda Azərbaycan dilinin tarixi əsasları barədə heç bir elmi mənbədə bu qədər mükəmməl təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs edilməmişdir.
Əlbəttə, rəsmi dövlət sənədində bu və ya digər orijinal elmi konsepsiyanın irəli sürülməsi qeyri-adi hadisədir. Bununla belə, həmin”qeyri-adiliy”i ən azı aşağıdakı səbəblərə görə qəbul etmək lazım gəlir:
1) Azərbaycan dilinin ( və xalqının) mənşəyi barəsində bir neçə on il ki, davam edən mübahisələri yekunlaşdırmaq, tarixi faktların ( və sağlam tarixi düşüncənin) mövqeyindən əsaslı bir konsepsiya vermək artıq yalnız elmi deyil, həm də milli, ictimai-siyasi bir zərurət idi;
2) Azərbaycan dilinin dövlər dili kimi yaşamaq, daha da inkişaf etmək üçün etnososial, mədəni-mənəvi potensialının olmasını göstərmək məqsədilə tarixdən, daha dərin köklərdən gəlməyə ehtiyac duyulmuşdu;
3) haqqında söhbət gedən fərman bir dövlət sənədi olaraq bütövlükdə Azərbaycan dövlətinin ( və xalqının) marağını əks etdirsə də, həmin dövləti yaradan, həmin xalqı işıqlı gələcəyə aparan bir mütəfəkkirin düşüncəsinin məhsulu olduğuna (və konseptual səciyyə daşıdığına) görə xüsusi elmi- metodoloji mövqe ifadə edə bilərdi.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanda irıli sürülmüş ideyalar içərisində aşağıdakılar diqqəti daha çox cəlb edir:
1) Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması;
2) Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.
Dövlət dilini qorumaq hər bir dövlətin mühüm siyasi-ideoloji vəzifələrindən, əsas milli-tarixi maraqlarından biridir. Bu baxımdan müstəqil Azərbaycan dövləti də istisna təşkil etmir...
Fərmanda deyilir:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir. Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Fərmanda Azərbaycan dilinin (və onun nitq mədəniyyətinin) zəngin tarixinə ən qədim köklərinə və ya genetik mənbələrinə nəzər yetirilir:
“Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdı...
Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır. Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, "Kitabi-Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi”.
Qabaqcıl ədib və ziyalılarımızın ana dilimizin inkişafı və saflığı uğrunda uzun illər apardıqları gərgin mübarizə xalqımızın ümummilli lideri H.Əliyevin siyası hakimiyyəti dövründə layiqli qiymətini aldı və özünün kamillik dövrünə qədəm qoydu. Azərbaycanın siyasi-mədəni fikir tarixində görkəmli rolu olan H.Əliyev ədəbiyyatımızın və dilimizin inkişaf edib zənginləşməsində də xüsusi xidmət göstərmişdir.
Sovetlər dönəmində kommunist məfkurəsi sözdə beynəlmiləlçi olsa da, əməldə sovet xalqlarının dillərinə eyni münasibət yox idi. Dövlət və partiya orqanlarında, orduda bütün sənədləşəmə və ünsiyyət ancaq rus dilində aparılırdı. Rəsmi dövlət adamları məclislərdə yalnız rusca danışırdılar. O zamanlar siyasi hakimiyyətdə olan xalqımızın ümummilli lideri H.Əliyev “Mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilən Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsinə müyəssər oldu. Belə bir addımın atılması həmin dövr üçün olduqca təqdirəlayiq və qətiyyətli bir iş idi.
Ulu öndər 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələndən sonra digər sahələrdə olduğu kimi 1969-cu ildən başladığı işi daha mükəmməl səviyyədə və mütəşəkkil qaydada davam etdirdi.
Dil, cəmiyyətlə bir vaxtda yarandığından onun inkişafı da cəmiyyətin inkişafı ilə əlaqədardır. Cəmiyyətdə baş verən hadisələr – elmi-texniki və mədəni tərəqqi dilin inkişafında mühüm rol oynayır. Demokratik Azərbaycan cəmiyyətinin yaranması, inkişafı və onun formalaşmasında mütərəqqi rol oynayan Ulu Öndərimiz Azərbaycan dilini də müstəqil inkişaf yoluna çıxartdı, onun çiçəklənməsinə və qol-qanad açmasına lazım olan bütün imkanları yaratdı.
Dostları ilə paylaş: |