Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən


MÖVZU 3 AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN TARİXİ



Yüklə 209,49 Kb.
səhifə4/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   2   3   4   5   6   7   8   9   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

MÖVZU 3

AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN TARİXİ

(klassik dövr)

XII-XIII əsrlərdə formalaşmağa başlayan Azərbaycan dilində mədəni nitqin yazılı nümunələri müxtəlif cığırlar üzrə inkişaf etmişdir. Məlum olduğu kimi, başlanğıc mərhələsində Azərbaycan yazılı ədəbi dili əsasən bədii üslub silsiləsindən ibarət olmus, həm də burada nəzm – şeir dili əsas yer tutmuşdur. Lakin belə bir cəhəti də qeyd etmək lazımdır ki, bu mərhələnin sonlarında nəsr dilinin də müəyyən nümunələri olmuş, xüsusən dini məzmunlu bədii və ya qeyri-bədii əsərlərin Azərbaycan türkcəsinə nəsrən tərcümə edilməsi yazılı mədəni nitqimizin formalaşıb inkişaf etməsinə müsbət təsir göstərmişdir. Lakin XV əsrə qədərki yazılı ədəbi dil başlanğıcdan mənzum şeir dili olaraq əsasən 2 üslubda formalaşıb inkişaf etmişdir:

1.Klassik şeir – qəzəl üslubu

2.Dini təbliği və fəlsəfi şeir üslubu

Azərbaycan türkcəsində əlimizə gəlib çatan ilk əsər XIII əsrdə yaşamış Həsənoğlunun 2 qəzəlidir:

Apardı könlümü bir xoş qəmər yüz canfəza dilbər,

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.

Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,

Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.

Başımdan getmədi hərgiz sənünlən içdigim badə,

Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.

Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,

Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.

Tutuşmayınca dər atəş bəlürməz xisləti-ənbər,

Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.

Əzəldə canım içində yazıldı surəti-məni,

Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.

Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,

Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.

Bu qəzəldə işlənmiş “canfəza”, “dilbəri-şahid”, “badeyi-əhmər”, “surəti-məni” kimi ifadələr onu fars dilli ədəbi irsə bağlayırsa, “qəmər üz”, “şirin söz”, “canım içində”, “başımdan getmədi”, “içdiyim badə”, “sana duaçıdır” kimi birləşmələr Azərbaycan türkcəsinin qrammatik quruluş xüsusiyyətlərindən xəbər verir.

Daha sonra başlanğıc mərhələsində yazılı mədəni nitqimizin bir sıra əlamət və xüsusiyyətləri Qazi Bürhanəddinin yaradıcılığında öz əksini tapır. Q.Bürhanəddinin əsərlərində ərəb-fars təsirləri qaçılmaz olsa da, onun ümümxalq folkloruna üstünlük verməsi seçdiyi şeir növlərində və bu şeirlərin dilində açıq-aydın hiss olunur. Q.Bürhanəddin ilk dəfə Azərbaycan dilində rübai və tuyuğlar yazmışdır. Onun tuyuğları şifahi ədəbiyyatın yazılı dil əsasında qurulması baxımından ilk addımlardır və bununla da yazılı ədəbi dil üslubları silsiləsində yeni bir üslubun, yəni tuyuğ-qoşma üslubunun, rüşeym mahiyyətli olsa da ilk nümunələri yaranmışdır:

Ərənlər öz yolunda ər tək gərək,

Meydanda erkək kişi nər tək gərək.

Yaxşı-yaman, yatı-yumşax olsa xoş

Sərvərəm deyən kişi ərkək gərək.

***


Dünyada bir cana bənzər can gətür,

Kafir isən, dəxi gəl iman gətür.

Hələ bu dərdə düşibən yanaram,

Buldun isə, dərdümə dərman gətür.

Azərbaycan nitq mədəniyyətinin ən parlaq, xüsusi üslubi-ideoloji məzmun nümayiş etdirən tarixi təzahürlərindən biri Nəsiminin dilidir. Nəsiminin olduqca enerjili, üsyankar poetik “mən”i vardır. Və nəinki Azərbaycan, ümumən türk xalqları (bəlkə də, dünya!) poeziyasında bu qədər parlaq, həcmli, dərin (ilahi!) məzmunlu ikinci bir şair “mən”i olduğunu təsəvvür etmək çox çətindir.

Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması dövrünün ilk mərhələsini (XIV-XV) Nəsiminin yaradıcılığı tamamlayır. Nəsiminin dili XIV-XV əsr Azərbaycan ədəbi dilinin parlaq bir nümunəsidir. Nəsimin dilində ərəb-fars sözləri işlənsə də ana dili elementləri daha çox üstünlük təşkil edir. Şairin dilini səciyyələndirən ən məqbul və milli baxımdan ən vacib məsələ dilində hər bir sözün, qrammatik formanın poetikləşdirilməsidir. Ana dili vahidləri şairin qələmində üslubi vasitə olaraq onun poeziyasının ekspressiv-emosional ifadə vasitəsinə çevrilir. Bu əsrlərdə Azərbaycan dilinin lüğət tərkibi üçün xarakterik əlamətlərdən biri leksik paralellikdən ibarətdir. Nəsimi əsərlərində ərəbcə, farsca, azərbaycanca həmməna sözlərin müvazi işlənməsi daha çox bədii üslubun müəyyən xüsusiyyətləti ilə vəzn, qafiyə, təşbeh silsiləsi və s. ilə üzvi surətdə əlaqədardır. Bəzən isə Nəsimi bir misra və ya bir beyt daxilində azərbaycanca, ərəbcə və ya farsca həmməna sözləri yanaşı işlətmişdir ki, bununla da o, bir sözün, xüsusən məcazi mənasını ikinci həmməna sözlə düzgün anlatmaq istəmişdir. Bu cür eyni mənalı sözlərin bəziləri biri digərinə nisbətən daha güclu işlənmiş və zəif işlənmiş söz tədricən ekivivalenti tərəfindən sıxışdırılaraq dildən çıxarılmışdır:

Uyqu (yuxu)-xab

Şol fitnəsi çoq eynin uyquda sanan yarı

Şol fitnə qanı kim ol oyanmadı xabından


Dil – lisan

Sən bu Nəsiminin dilin anla, sözün bil

Kim, var bu dildən özgə bizim bir lisanımız.

Nəsimi öz poeziyasında özünəməxsus ahəngə, pafosa, təkrarsız emasionallığa malik olmaq üçün Azərbaycan dili vasitələrindən istifadə etmişdir. Bunlar daha çox atalar sözləri, idiomlar, frazeoloji birləşmələrin müxtəlif formalarda istifadəsində özünü göstərir:

“Bel bağlamışam bən də bəfərman-flani”

“Qan bahasız necə qan etmək dilərsən etməgil”

“Çün hər nə kim əkərsən, anın biçərsən, axir”

“Əgər ayağına düşmək macalım olaydı

Dəxi götürməzdim başım anın ayağından”

Nəsiminin əsərlərində Azərbaycan dilinin qanunlarından əsasən şeir normaları tələbatına uyğun olaraq istifadə edilmiş və morfoloji, sintaktik normaların pozulmasına və beləliklə anlaşılmazlıq yaranmasına, demək olar ki, yol verilməmişdir. Buna görə də Nəsimi şeirlərini, xüsusən əruz vəzninin tələblərinə uyğun oxuyanda çətinlik aradan qaldırılır. Əlbəttə, Nəsiminin əsərlərində dilimizin qaydalarına uyğun gəlməyən hallar da mövcuddur. Belə halların bir qismi, ərəb, xüsusən də fars dilinin təsiri ilə əlaqədardırsa, bir qismi isə şeiri əruz vəzninin ahənginə uyğunlaşdırmaq nəticəsidir.

XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvilər dövləti zamanından başlayaraq Azərbaycan dilinin mövqeyi, nüfuz dairəsi daha da genişlənməyə başladı və Azərbaycan ədəbi dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənən rəsmi dillər sırasında yer tutdu. Bu dövrdə Azərbaycan dilində bədii əsərlərin yazılması ümumi hal oldu, farsca, ərəbcə yazmaq isə getdikcə məhdudlaşdı. Elə bunun nəticəsidir ki, XVI əsrdən , xüsusən Xətainin dövründə mədəni nitqin, başqa sözlə ədəbi dilimizin üslublarında bir sıra yeniliklər baş vermişdir. Başlanğıc mərhələsində formalaşan dini fəlsəfi şeir üslubunda nəzərə çarpacaq dərəcədə xalq şeirinin – folklorun təsiri artır. Bayatı və qoşma tərzi, ümumxalq dilində sabitləşmiş sözlərin bədii üslubda işlənməsi bu dövrün şeirlərində diqqəti cəlb edir. Bu mərhələ üçün Şah İsmayıl Xətainin yaradıcılığı ən gözəl nümunədir. Xətainin bir çox əsərləri quruluş, dil və ifadə tərzinə görə bayatı, gəraylı və qoşmalarımızdan, demək olar ki, fərqlənmir:

Çıxdım qırxlar yaylasına

Çağırdım üçlər eşqinə,

Yüzümü yerlərə sürtdüm

Yeddilər, qırxlar eşqinə
Söz vardır kəsdirər başı

Söz vardır, kəsər savaşı

Söz vardır ağulu aşı

Bal ilən edər yağ söz.

Məhz Xətainin “Dəhnamə“ əsərində ilk dəfə Azərbaycan dilində gözəl, sadə və ahəngdar təbiət təsvirinə rast gəlirik:

Qış getdi, yenə bahar gəldi,

Gül bitdi və laləzar gəldi.

Quşlar qamusuf əğanə düşdü,

Eşq odu yenə bu canə düşdü.

Yer geydi qəbayi-xizar puşan,

Cümlə dilə gəldi ləbxamuşan.

Sərvin yenə tutdu damənin su,

Sərv üstə oxudu faxtə fu-fu.

Qönçə dəhəni çəməndə xəndan,

Gülməkdən ənar açıldı dəndan.

Bülbül oxudu süfati-hicran,

Dəryada dür oldu əbri-neysan.

Durna uçuban həvayə düşdü,

Laçın oluban ovayə düşdü.

Alma ağacı dibindən sayə,

Tən eylər idi buluda, ayə...

Yaşın yerə tökdü əbri-neysan.

Bülbüllər oxudu sədhəzaran.

Füzuli Azərbaycan nitq mədəniyyətinin tarixində elə bir klassik səviyyədir ki, ondan sonrakı əsrlərin ən böyük söz ustaları həmişə bu səviyyəyə yüksəlməyə can atmışlar.

Dahi şair-mütəfəkkirin ana dilinə (və nitq mədəniyyətinə) münasibəti milli təəssübkeşlik hadisəsidir:

Ey feyzrəsani-ərəbü türkü əcəm,

Qıldun ərəbi əfsəhi-əhli aləm,

Etdün füsəhayi-əcəmi İsadəm,

Bən türkəzəbandan iltifat eyləmə kəm.

Füzuli bütün dərinliyilə dərk edir ki, müsəlman aləmində elm (və din) dili olan ərəb, şeir dili olan fars dilləri bir sıra cəhətlərinə görə Azərbaycan türkcəsindən öndədir. Və odur ki, xalq dilinin zəngin ifadə imkanlarına əsaslanaraq Azərbaycan türkcəsini xüsusilə yazı dili baxımından inkişaf etdirməyin zəruriliyindən danışır:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türki ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbuli-nəzmi tərkib etməyüb

Əksərən əlfazı namərbutü nahəmvar olur.

Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,

Növbahar olğac dikəndən bərgi-gül izhar olur.

Füzulinin nitq mədəniyyəti sahəsində qüdrəti ondadır ki, onun dili, bir tərəfdən, xalq dilinə dayanır, digər tərəfdən isə, klassik ifadə normalılığı tələblərinə tam mükəmməlliyilə cavab verir:

Füzulinin şeir dilində Azərbaycan danışıq dilinin elə bir ifadə nüansı yoxdur ki, müşahidə olunmasın: müraciətlər, suallar, cavablar, nidalar, ədatlar, ara sözləri və s. Lüğət tərkibi nə qədər çətin anlaşılan, yad olsa da (çünki dövrün klassik ədəbi dil zövqü, nitq mədəniyyəti təcrübəsi, əslində, bunu tələb edirdi), sintaksis, təhkiyə tərzi, demək olar ki, tamamilə millidir:

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır.

Yaxşı görünür surətə məhvəşlərin, əmma

Yaxşı nəzər etdikdə, - sərəncamı yamandır

Eşq içrə əzab olduğun ondan bilirəm kim,

Hər kimsə kim aşiqdir, işi ahü fəqandır.

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,

Mərdüm deyib aldanma kim, içdikləri qandır

Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,

Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

Füzulinin sintaksisində monoloq (daxili nitq) və dialoqların xüsusi yeri vardır. İfadə tərzini əlvanlaşdırır, dilin cazibə gücünü artırır. Füzulinin “Leyli və Məcnun” , “Bəngü Badə”, “Söhbətül-əsmar” poemalarındakı dialoqlar janrın quruluşuna münasibdir. Yəni müxtəlif obrazlar var və bunlar üz-üzə söhbətlər aparırlar. Bu dialoqlar öz təbiiliyi , hazırcavablığı, bədii kamilliyi ilə gələcək dram dilimizin əsasını qoyurdu. Qeyri-adi görünən onun qəzəllərindəki, müsəddəslərindəki dialoqlardır: “Sordum: -Məgər bu, dürci-dəhənindürür?- dedim; dedi:- Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin”.

Dahi şairin öz bədii yaradıcılığında xalq danışıq dilinə xüsusi bir şəkildə ardıcıl meyl göstərməsi diqqəti cəlb edir. Onun əruz intonasiyasında türkçülük rahat duyulur. Yaradıcılığının üçdə biri olan “Leyli və Məcnun”un məsnəvi hissəsi bütünlüklə həzəcin ən yığcam ölçüsündə gedir. . Bu on bir hecalı türk şeirinin intonasiyasını xatırladır. Bu təsvir dilidir. Füzuli əruzun ölçüsünü kiçiltdikcə heca doğmalığına yaxınlaşır, sait-heca, yəni misranın söz tutumu, intonasiya həcmi artdıqca nəsrə addımlayır. Bu halda xalq danışığının xəlqiliyi, nəsr dilinin sərbəstliyi ilə oxucunun tələffüzü rahatlanır.



Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin