Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən


MÖVZU 2 AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN TARİXİ



Yüklə 209,49 Kb.
səhifə3/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   2   3   4   5   6   7   8   9   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

MÖVZU 2

AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN TARİXİ

(Şifahi xalq ədəbiyyatı)

Müasir Azərbaycan nitq mədəniyyəti, türk xalqları üçün ümumi olan qədim dövrləri nəzərə almasaq, təxminən min beş yüz illik zəngin bir tarixin varisidir. Və bu tarixin mükəmməl mənbələri göstərir ki, Azərbaycan insanı üçün gözəl, düzgün, ifadəli, təsirli dil həmişə yüksək qiymətləndirilmiş dəyər, mənəvi kamilliyin ən mühüm göstəricilərindən biri olmuşdur. Azərbaycan nitq mədəniyyəti tarixinin əsas yekunu bu gün Azərbaycan xalqına uğurlu xidmət edən, istər fonetik, leksik-semantik və qrammatik quruluşca, istərsə də funksional üslub imkanları baxımından mükəmməlliyi ilə seçilən Azərbaycan dilidir. Azərbaycan nitq mədəniyyətinin ilk ən populyar örnəkləri, heç şübhəsiz, şifahi söz sənətidir. Nəğmələr, nağıllar, dastanlar, lətifələr, atalar sözləri, tapmacalar, yanıltmaclar, ümumiyyətlə, Azərbaycan söz sənətinin həm nəzmlə, həm də nəsrlə yaradılmış müxtəlif janrları xalqın dil təfəkkürünün ən dərin qatlarına enməyə imkan verir.

Azərbaycan folklorunun bu gün də canlı şəkildə yaşayan, yaxud müxtəlif dövrlərdə yazıya alınmış nümunələri göstərir ki, təsirli ifadə texnologiya axtarışları xalq yaradıcılığında ideya-məzmun mükəmməlliyi qədər əsas şərtdir. Və bir çox hallarda o da müşahidə edilir ki, mətndə forma ideya-məzmunu üstələmiş, hətta onu özünə tabe etmiş olur:

A kos-kosa, gəlsənə,

Gəlib salam versənə...

Çömçəni doldursana,

Kosanı yola salsana...

A uyruğu-uyruğu,

Saqqalı it quyruğu.

Kosam bir oyun eylər,

Keçini qoyun eylər,

Yığar aşın, düyüsün

Keçəlin toyun eylər.

Azərbaycan xalqının nitq mədəniyyətinə verdiyi böyük önəmin göstəricilərindən biri anaların beşik başında dedikləri laylalardır...

Laylay, həyatım, laylay,

Qəndim, nabatım, laylay.

Şirin sözlər içində

Sözüm, bayatım, laylay.

Yaxud:

Laylay, gözüm işığı,



Evimin yaraşığı.

Danışandan olmuşam

Mən dilinin aşığı.

Yaxud da:

Laylay, dili duz balam,

Dil açgınan tez, balam.

Mən oturum, sən danış

Şirin-şirin söz, balam.

Laylaların özündə ehtiva etdiyi zəngin və son dərəcə səmimi dil uşağın dünyaya gəldiyi ilk günlərdən onun nitq təlimi, tərbiyəsi üçün nə qədər əhəmiyyətli olduğunu, görünür, xüsusi izah etməyə ehtiyac yoxdur. Öz-özlüyündən də məlumdur ki, məşhur təbirlə desək, uşaq ana südü ilə bərabər ana dili ilə də qidalanmış olur. Və ana dili onun ruhuna, varlığına hakim kəsilir.

Azərbaycan folkloru uşaq nitqinin təkmilləşməsinə xidmət edən praktik təcrübələr, təlimlərlə zəngindir: düzgülər, yanıltmaclar, tapmacalar və s. bu cür çalışmaların janr müxtəlifliyi, forma-üsul rəngarəngliyi barədə aydın təsəvvür yaradır.

Azərbaycan nitq mədəniyyətinin özünü bütün miqyası, imkanları və kütləviliyi ilə göstərdiyi əsas folklor janrı nağıllardır. Xalq yaradıcılığının bütün başqa növləri kimi nağıllar da ən qədim zamanlardan insan nəsilləri, insan cəmiyyəti ilə birlikdə inkişaf edərək cəmiyyət quruluşunun dəyişməsilə quldarlıq və ya feodal mühitlərində mündərəcəsini dəyişə bilmişdir. Lakin bu dəyişmə nə qədər dərin olur olsun keçmiş epoxalardakı ictimai əlaqələrin ayrı-ayrı yönləri nağıla daxil olmuş, yeni-yeni ünsürlər ilə çulğalaşaraq bizə qədər gəlib çatmışdır. Məsələn, nağılın içində, bir tərəfdən, şəhərdə inkişaf etmiş ticarət əlaqələri ilə yan-yana, kənd yoxsullarının – rəncbərlərin mülkədar, padşah, vəzir və s. tərəfindən soyulması, qul əməyinin istismarı və bunların arxasında sinifli cəmiyyətdən əvvəlki dövrləri andıran hadisələr və mifoloji dünyagörüşlərinin bir nağıla toplandığı hallar da az deyildir.

Nağıl danışan nağılı anladığı, xatırladığı və zövqünə uyğun olduğu kimi söyləyir. Bu isə o deməkdir ki, bir tərəfdən, nağılın özünəməxsus janr dili tipologiyası, yəni səciyyəvi ifadə formulları, modelləri mövcuddur ki, hər bir nağıl danışan ona peşəkarlıq səviyyəsindən asılı olaraq bu və ya digər dərəcədə əməl etməlidir, digər tərəfdən isə, nağılçının üslub sərbəstliyi heç də tamamilə məhdudlaşdırılmır.

Atalar sözləri də xalqın intellektual-fəlsəfi təfəkkürünün məhsulu olmaqla nitq mədəniyyətinin özünəməxsus bir təzahür formasını və ya üsulunu təqdim edir:

Acın imanı olmaz, toxun gümanı.

Adam özü özünə eləyəni el yığışsa eyləməz.

Ağanın bir kəlmə sözü nökərə bir illik yoldu.

Bablı babını tapmasa, günü ah-vayla keçər.

Bulud altının günü, yaşmaq altının dili.

Tapmacalarda diqqət dilin leksik-semantik, yanıltmaclarda isə fonetik zənginliklərinin dərk edilməsinə, mənimsənilməsinə verilir.

Yalvarışlar Azərbaycan xalqının, ümumən türk xalqlarının məişətində həmişə olduğu kimi bu gün də əhəmiyyətli yer tutmaqdadır. Xüsusilə müraciət məqamlarında yalvarışların geniş üslubi imkanlara malik olduğu özünü göstərir. Bu zaman müraciət edən şəxsin müraciət olunan şəxsə konkret şəraitdəki münasibətinin ən müxtəlif çalarları (məhəbbət, hörmət, ehtiram, nəvaziş, laqeydlik, ironiya və s.) təzahür edir; məsələn: ağrın alım, ağrın ürəyimə, başına dolanım, başına dönüm, qabağında ölüm, qadan mənə gəlsin, qurbanın olum, dərdin alım, evim-eşiyim (sənə qurban), yolunda ölüm, gözünə dönüm, ömrüm-günüm (sənə qurban) və s.

“Dədə Qorqud” eposu Azərbaycan nitq mədəniyyəti tarixinin ilk ən möhtəşəm abidəsi olub orta əsrlərin əvvəllərində Azərbaycan türklərinin olduqca zəngin nitq texnologiyaları barədə son dərəcə geniş təsəvvür verir.

“Dədə Qorqud” dastanlarının əlamətdar xüsusiyyətlərindən biri də budur ki, dastanlar nəzm və nəsr birləşməsindən ibarət olmaqla bərabər, şifahi ədəbiyyatın müxtəlif janrları ilə əlaqədar növlərini də qismən əhatə etmiş olur. Buna görə də dastanlarda nəğmələr, bayatılar, atalar sözləri, tapmacalar, ağılar, nağıllar, dastanın üzvi tərkib hissəsini təşkil edir.

Əsaslı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, “Dədə Qorqud” dastanları məhdud bir zaman daxilində birdən-birə yaradılmış dastanlar deyildir. Bu dastanlar, ümumiyyətlə, türkdilli tayfalar xüsusən 22 tayfadan ibarət olan oğuzlar arasında daha əvvəlki dövrlərdə dədələr, ozanlar tərəfindən qoşulub söylənilmiş, dillər əzbəri olaraq nəsildən-nəslə keçib yayılmış dastanlardır.

“Dədə Qorqud” dastanları nəsr və nəzm əsasında qurulmuşdur, lakin dastanlarda nəsr aparıcıdır, nəzm isə əsasən əsərin qəhrəmanları arasında qarşılıqlı söyləşməni və ozanların, Dədə Qorqudun nəğməli məsləhətlərini, çıxışlarını təşkil edir ki, bunlar da əksərən “soy soylamaq” adlanır. Quruluşca bu növ mənzum söyləmələr, demək olar ki, sərbəst nəzmdir, belə söyləmələrdə vəzn müntəzəm deyildir, qafiyələr və sözlərin ahəngdarlığı aparıcı mahiyyətlidir. Əsərdə - bütün boylarda qısa, dəqiq cümlələr silsiləsi əsasında hadisələr təsvir və nəql olunur.

Nəsr nümunəsi: “Gördülər ki, namusu üçün yenilməz, ayıtdılar: Oğul, uğğun açıq olsun, sağ-əsən varub gələsən, dedilər. Atasının, anasının əllərin öpdü, qırq yigidin yanında buraqdı. Yeddi gün, yeddi gecə yürütdülər, kafırın sərhəddinə erdilər, çadır tikdilər.”

Nəzm nümunəsi:

Yüksək qarlı dağlarım – sana yaylaq olsun

Souq-souq sularım – sana içət olsun.

Tavla-tavla atlarım – sana binət olsun.

Dənlügi altun ban evim – sana kölgə olsun.

Qatar –qatar dəvələrim – sana yüklət olsun.

Qanı didigüm bəg ərənlər – Dünya mənimdi deyənlər?

Gelimlü, gedimlü dünya – son ucu ölümlü dünya.

“Kitabi-Dədə Qorqud”da janr və üslub baxımından diqqəti cəlb edən xüsusiyyətlərdən biri də dastanların aşağıdakı quruluş tərzidir:



  1. Dastanların adlanması – sərlövhəsi

  2. Dastanların başlanğıc – giriş hissəsi

  3. Dastanlarda hekayənin daxili hissələrini, parçalarını bildirmə əlamətləri: ad qoyma, döyüşə girişmə, qələbə və s.

  4. Dastanların sonu: yekun, alqış, nəsihət, dua və s.

“Dədə Qorqud” dastanlarında üslubi baxımdan surətlərin danışıqları da fərqləndirici əlamətlərinə görə diqqəti cəlb edir. Bu dastanlarda qoca, cavan, xan, çoban, qadın-ana, dost, düşmən, xüsusən Dədə Qorqud, Burla xatun, Qazan xan kimi surətlərin danışıqları, sözləri, ifadələri onların ictimai xarakterini, düşüncə və duyğularını, cəmiyyət içərisində, el arasında hansı əlamətdar xüsusiyyətəri ilə fərqləndiklərini də nümayiş etdirir.

Dədə Qorqudun danışıqları onun el arasında ağsaqqal məsləhətçi, yaxşılığı qoruyan xeyirxah Dədə olduğunu ifadə edir. Elə buna görə də Qorqud adı əslində “qorumaq” və “qut” sözlərinin birləşməsindən “xeyir qoruyan” mənasına uyğun gəlir.

“Dədə Qorqud kitabı”nın dilində Azərbaycan türkcəsinin leksik-semantik və qrammatik inkişaf tarixi ilə bağlanmayan heç bir detal yoxdur.

Dədə Qorqud” dili ilə bugünkü Azərbaycan milli dilinin lüğətindəki fərq müəyyən ölçüdə leksik vahidlərin arxaikləşməsindən ibarətdir. Ancaq bu arxaikləşmənin özü də Azərbaycan dilinin tarixi təkamülünün tərkib hissəsidir. “Dədə Qorqud”un dilində fəal işlənib, zaman-zaman arxaikləşən həmin milli leksikon sonrakı mərhələlərdə Q.Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai kimi klassiklərin... dilində müşahidə olunur.

“Dədə Qorqud” dastanlarında üslubi məqam mahiyyətli xüsusiyyətlər və üslubi vasitələr rəngarəngdir. Bu dastanlarda suallı-cavablı ifadələr, cümlələr, parçalar, nidalı, xitablı cümlələr, bədii üslubun məcaz, təşbeh, epitet, alleqoriya, kinayə və s. kimi vasitələrdən istifadə olunmuş və beləliklə canlı ümumxalq danışıq dilinin əsasında formalaşmış şifahi ədəbi dilin ilk fundamental əsəri – “Dədə Qorqud” dastanları yaradılmışdır.

“Dədə Qorqud” eposu Azərbaycan nitq mədəniyyəti tarixinin orta əsrlər dövrü üçün nə qədər səciyyəvidirsə, “Koroğlu” eposu da orta əsrlərin sonu, yeni dövrün əvvəlləri üçün o qədər səciyyəvidir. Və bu səciyyəvilik bir də onunla əlamətdardır ki, hər iki epos, tamamilə təbii olaraq ümumxalq nitq təcrübəsinə əsaslanır.

“Koroğlu”nun olduqca mükəmməl və mükəmməl olduğu qədər də elastik strukturu vardır. Azərbaycan “Koroğlu”sunu toplayıb nəşr etdirən A.Xodzko, H.Əlizadə, xüsusilə M.H.Təhmasib dastanın nə qədər mükəmməl şəkildə ortaya çıxmasına çalışsalar da, bu cəhd nəticəsiz qalmışdır, çünki “Koroğlu”nun mövcud olmuş süjetlərinin, yaxud qollarının hamısını bir yerə toplamaq, praktik olaraq qeyri-mümkündür.

“Koroğlu” eposu Azərbaycan milli təfəkkürünün bədii-estetik gücünü, geniş mənada poetikasını əks etdirir. Burada formal baxımdan nağıl-dastan təhkiyəsi, dialoqlar və müxtəlif formalı aşıq şerləri bir-birini əvəz edir.

Nağıl-dastan təhkiyəsi (qeyd edək ki, Azərbaycanın bəzi yerlərində “Koroğlu dastanı” əvəzinə “Koroğlunun nağılı” ifadəsi də işlənmişdir) eposun əsas ifadə formasıdır, hətta deyək ki, “Alı kişi” qolu, əsasən, nağıl- dastan təhkiyəsindən ibarətdir, digər qollarda da başlıca informasiyanı məhz həmin təhkiyə verir. Azərbaycan dastanları üçün səciyyəvi olan bir sıra nağıl-dastan formulları “Koroğlu” təhkiyəsi üçün də xarakterikdir; məsələn: “Günlərin bir günü...”, “Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına baxdı...”, “Az getdi, çox dayandı, çox getdi, az dayandı, bir cümə günü gəlib İstanbula çatdı”, “ Qərəz, gecəni yatdılar, səhər oldu...”, “Koroğlu bir Nigara baxdı, bir dəlilərə baxdı, ürəyi telləndi”, “Deyirlər ki, bu dəfə Koroğlunun yolu Naxçıvan şəhərinə düşdü...”, “İndi bunlar burda qalsınlar, eşit Dəmirçioğlundan: Az getdi, çox dayandı, çox getdi, az dayandı, yolda yel oldu əsdi, bulaqda mənzil kəsdi, günlərin bir günü gəlib Çardaqlı Çənlibelə çatdı; Bunlar burda deyib eşitməkdə olsunlar, sənə kimdən deyim, Cəfər paşadan”, “ İndi Cəfər paşanı qarın ağrısında qoyaq, görək Aşıq Cünunun işi necə oldu”, “ Elə ki söz tamam oldu...”, “Ustad deyir ki...” , “Sazla dediyi kimi, sözlə də dedi ki...”, “Bunu deyib...”, “ Düşdü yolun ağına, payi-piyada günə bir mənzil , orda ayla-illə, burda müxtəsər dillə...”, “Az getdi, çox getdi, gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə yetirdi” , “ Koroğlu ayaqdan geyindi, başdan qıfıllandı, başdan geyindi , ayaqdan qıfıllandı” , “ Qərəz, Koroğlu öyrənməlisini öyrəndi, bilməlisini bildi”, “ Baxdı ki, bir toydu , bir toydu, gəl görəsən” və s. və i.

“Koroğlu”nun poetik strukturca mükəmməlliyini, elastikliyini, intonasiyaca harmonikliyini şərtləndirən səbəblərdən biri epos-dastanın təşəkkül tapıb formalaşdığı dildir- milli intibah dövrünün zəngin ifadə nişanlarını özündə ehtiva etmiş Azərbaycan türkcəsidir, onun ( Azərbaycan türkcəsinin) XVII-XVIII əsrlərdə özünü xüsusi şəkildə göstərən improvizasiya potensialıdır, yüksək nitq-ifadə mədəniyyətidir.

“Koroğlu” formalaşdığı dövrün Azərbaycan türkcəsinə məxsus bir sıra xüsusiyyətlərini nümayiş etdirir. Dastanda Koroğlunun özünün məhz Azərbaycan türkcəsində danışdığını, hətta ona yaxın olan Türkiyə türkcəsini yaxşı bilmədiyini göstərən maraqlı bir fakt-epizod mövcuddur:

...İstanbula gələn Koroğlu bir əfəndiyə xotkarın dilindən bir namə yazdırmaq istəyir ki, “ bu naməni sənə verən adam mənim çavuşumdur. Mənim barigahımda mənə olan hörmət gərək ona da ola”. Lakin əfəndi Koroğlunun “dolaşıq adam” olduğunu görüb, ayrı şey yazır: “ Nigar xanım, bu adam quldurdur. Oraya çatcaq tutub asdırarsan!” Koroğlu, əfəndinin gözləmədiyi halda, kağızı alıb baxır və deyir: “ Sən elə bilmə ki, mən savadsızam. Mən dedim sən yazasan ki, sizin dilinizdə olsun. Al düzəlt!”

Koroğlu “sizin dilinizdə” dedikdə Türkiyə türkcəsinin İstanbul şivəsini nəzərdə tuturdu... Öz dili isə, heç şübhəsiz, Azərbaycan “Koroğlu”sunun dili Azərbaycan türkcəsi idi.

“Koroğlu”nun dili sadəcə xalq danışıq dili deyildir, xalq danışıq dilinə əsaslanan, xüsusi üslub tipologiyası ilə seçilən folklor ( daha dəqiq desək, aşıq!) dilidir ki, o, zəngin ifadə imkanlarına malikdir. Onlardan biri müqayisədir...

Müqayisə Azərbaycan, ümumən türk dastan-eposları üçün olduqca səciyyəvidir və həmin müqayisələrdə əsərin yaranıb formalaşdığı dövrün bədii zövqü, estetik xarakteri təzahür edir. “Koroğlu”dakı müqayisələr “Kitabi-Dədə Qorqud”da olduğu kimi, realistdir; məsələn: Yarpaq kimi baş bədəndən tökərəm; Çay kimi coşmuşam; Çənlibel üstündə əsrəmiş nərsən; Eyvazım bənzər laçına; Dava günü qızmış nərdi; Bu gələn Eyvaz, bu gələn; belə baxanda gördü Bağdad bağlarında xurmanın sayı var, amma dəlilərin sayı yoxdu; Şir kimi qızaram meydan içində, Təpinib bağrını yararam, paşa; Dumantək yurdunu, yuvanı bürür, Tamam dağı, daşı yararam, paşa; Bilmirəm baharam, yoxsa ki, qışam, Qorx o zamandan ki, qaynayam , coşam, Qırılmaz qayayam, tərpənməz daşam, Fərhad külüngünü çala qoymaram; Adlı-sanlı dəlilər hamısı yan-yana düzülüb, qurbanlıq mal kimi yatır; Tökülübdü qaş-qabağın, Boranmı, qışdımı nədi?

“Koroğlu” dastanı və onun təşəkkül tapdığı dövrdən bu günə qədər Azərbaycan şifahi xalq ədəbiyyatının möhtəşəm əsərlərindən biri kimi, milli mədəniyyətin etnik əsaslar üzərində daha möhkəm dayanmasında, inkişaf edib zənginləşməsində heç bir digər əsərlə müqayisəyə gəlməyən bir ictimai-estetik mövqeyə, nüfuza malik olmuşdur.



Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin