MÖVZU 2 : HAFİZƏNİN İNKİŞAFI VƏ GÜCLƏNDRİLMƏSİ TEXNOLOGİYASI
Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması sayəsində sonralar onun tanınma və yada salınmasından ibarət mürəkkəb psixi fəaliyyətdir.
Hafizənin insan həyatında və fəaliyyətində əhəmiyyəti olduqca böyükdür. Əgər hafizə olmasaydı hər şey insana həmişə yeni görünərdi. Hafizə olmasaydı insan «əbədi olaraq yeni doğulmuş uşaq vəziyyətində qalardı» (İ.Seçenov).
Hafizə ilə bağlı çətinliklər yadasalmadan daha çox xatırlama ilə əlaqədardır. Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış qalır. Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur», amma deyirlər ki, onlar bunu bilirdi, oxumuşdu, eşitmişdi və s. Psixoloqlar bunu unutma adlandırırlar. Yəni psixikada olan informasiyalar dəqiqliyini, aydınlığını itirir və ya azalır. Əlbəttə, burada fərdi xüsusiyyətlər, materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır.
Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur. Lakin psixika üçün paradoksal hallar da xasdır. Məsələn, yaşlı adamlar indicə, az müddət əvvəl eşitdiklərini asanlıqla unutduqları halda, uzaq keçmişdə baş verənləri çox da çətinlik çəkmədən və aydın xatırlayırlar. Bu fonomen «Ribo qanunu» adlanır. Unutmanın ikinci mühüm amili adətən mövcud informasiyadan aktiv istifadə olunmamasıdır. O şeylər daha tez unudulur ki, ona az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda verbal hafizə daha tez unutqanlıqla əvəz olunur. Uşaqlığın təəssüratı, xatirələri, hərəkət vərdişləri hafizədə daha davamlı, bəzən on illərlə heç də çox iradi səy göstərmədən yada salınır.
Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. Ümumiyyətlə, o şeylər «unudulur» ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır.
Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir. Onun çoxsaylı pozuntuları geniş yayılmışdır. Baxmayaraq ki, insanların çoxu onun pozulduğunu hətta bilmirlər və yaxud da çox sonralar bilirlər. Hafizənin pozulması insanın fərdi xüsusiyyətləri ilə də bağlıdır. Onların təhlili hafizənin bir daha psixoloji fonomen olduğunu təsdiq edir.
Hafizə pozuntularının bütün formaları amneziya adlanır. Hafizənin tərkib hissələri olan fiksasiya, retensiya və reproduksiya ayrı-ayrılıqda üç növ proseslər olmaqla onlardan hər biri müvafiq qaydada pozula bilər. Məsələn, siz axtardığınız əşyanı hara qoyduğunuzu tapa bilmirsinizsə, deməli məlumatın fiksasiyası pozulmuşdur – fiksasion amneziya. Hər hansı bir hadisədən sonra, o cümlədən, travma, sərxoşolma zamanı məlumatlar unudularsa buna anteroqrad amneziya deyilir. Bu retensiya prosesinin pozulması ilə əlaqədar meydana çıxır və əksər hallarda travmalarla və sərxoşluqla əlaqədar olur. Amneziyaların geniş yayılmış formalarından biri də retroqrad amneziyadır – keçmişə aid olan hadisələrin və ya məlumatların unudulması. Bu pozuntu forması reproduksiya prosesinə aiddir. Bu növ pozuntu müəyyən müddətdən sonra öz-özünə və ya hipnoz vasitəsilə bərpa oluna bilər. Kəmiyyət göstəricilərinə aid olan yuxarıdakı pozuntulardan başqa yaddaşın keyfiyyət pozuntuları da vardır. Onlara paramneziyalar deyilir.
Paramneziyaların maraqlı formalarından biri kriptomneziyadır ki, bu da başqasının başına gələn hadisələri, onlara məxsus xidmətləri öz adına çıxmaqla xarakterizə olunan yaddaş pozuntusudur. Xəstələr bildikləri, eşitdikləri hadisələrin kimə məxsus olduğunu, nə vaxt baş verdiyini unudaraq onları öz adlarına çıxır, keçmişdəki hadisələri isə təzə baş vermiş hadisə kimi qələmə verirlər. Başqa sözlə, kriptomneziyalarda məlumatın vaxtı və mənbəyi unudulur. Bunun üçün şəxs həmin hadisələri öz başına gələn hadisə kimi yadına salır. Xəstələrin bunu qəsdən və ya müəyyən məqsəd üçün etmədikləri söhbət əsasında asanlıqla aydınlaşır.
Psevdoreminissensiya – yanlış, düzgün olmayan, yalançı yaddaş olub hadisələrin vaxtının, tarixinin təhrif edilməsi ilə xarakterizə olunur.
Konfabulyasiya – heç vaxt baş verməmiş və baş verməsi mümkün olmayan qeyri-real, fantastik məzmunlu hadisələrin «xatırlanmasına» deyilir.
Hafizənin zəifləməsinin bir çox səbəbi var. Beyin və hafizəni araşdıran alimlər beyin üçün zəruri fermentlərin çatışmamasını, stress və gərginlik zamanı beyin enerjisinin qısa müddətdə tükənməsini əsas səbəblərdən sayırlar. Bəzən də insanın fizioloji quruluşunun və fiziki xüsusiyyətlərinin də hafizə zəifliyinə səbəb olduğunu bildirirlər. Mütəxəssislər yaşlandıqca bədənin bəzi orqanlarının yorulduğunu, buna görə də bəzi funksiyalarını yerinə yetirə bilmədiyini deyirlər.
Üstəlik kənardan axıb gələn və ruhu zədələyən zərərli təlqinlər təmiz beyinləri iflic edir. Filmlər, televiziya verilişləri, teatr tamaşaları, moda sərgiləri, maqazin proqramları, gündəlik xəbərlər, siyasi polemikalar, idmançı və sənətçilərin əhəmiyyətli hadisə kimi nümayiş etdirilən hərəkət və sözləri, sırf maraq oyatsın deyə uydurulan yalanlar, hər cür sensassiyalar… onsuz da kifayət qədər zəifləmiş beyinləri büsbütün zəbt edir.
Əfsuslar olsun ki, gündən-günə inkişaf edən texnologiya insan beyninin işini müəyyən qədər azaldır. Bu günün tələbələri hesablayıcı maşınlara və kompyuterlərə arxayın olub vurma cədvəlini belə əzbərləməyə ehtiyac görmürlər. Bu hazıra nazirlikdən irəli gələn tənbəllik də beyin şöbələrinin aktivləşməsini əngəlləyir. Bəli, insan mütləq texnoloji imkanlardan yararlanmalı, ancaq tarazlığı pozmamağa çalışmalıdır. Məsələn, hafizə kütləşməsin deyə sadə işlərdə kompyuterdən istifadə etməmək daha məqsədəuyğundur. Kompyuter hafizənin işini asanlaşdırmaqla yanaşı, elə proqramlaşdırılmalıdır ki, beyni məşq etdirsin. Kompyuterdən alternativ beyin kimi istifadə olunmalıdır. Özümüzü kompyuterə əmanət etməməliyik. İnsan əzbərləməkdən çox öyrənməyə önəm verməli və daha çox bu istiqamətə yönəlməlidir. Lakin bəzi əhəmiyyətli mətnləri əzbərləmək də zehni məşq etdirmək baxımından çox faydalıdır.
Eyni zamanda, Smartfonlardan həddən artıq istifadə nəticəsində insanlarda yaddaş zəifliyi birmənalı olaraq özünü göstərir: Xüsusilə, uzunmüddətli hafizə pozğunluğu yaranır.
Psixoloqların fikirlərinə görə, smartfonlardan istifadə zamanı insanın məqsədyönlü yadda saxlaması da məşq etdirilmir: Smartfonda telefon nömrələrini saxlayan şəxs ona arxayındır və heç bir telefon nömrəsini yadda saxlamağa çalışmır.
Bəzən diqqət zəifliyi üzündən «yaddaşım qalmayıb» sözünü işlədirlər. Əslində, diqqətlə nəzər yetirib, diqqətlə öyrənmədikləri üçün material yaddaşda yaxşı qalmır.
Hafizəni zəiflədən şeylər olduğu kimi onu gücləndirən səbəblər də vardır. Xüsusilə, rejimli həyat, prinsipial işləmək, sistemli düşünmək və beyni daima işlətmək kimi amillər hafizənin qüvvətlənməsində vacib rol oynayır. Mütəxəssislər: «Çox işləmək beyni yorur» fikrini düzgün hesab etmir. Beyin yorğunluğunun səbəbi çox işləmək deyil, yanlış istifadə və ya istifadəsizlikdir. Bəli, beyin çox çalışmaqdan yorulmur, əksinə işlədikcə itiliyini, səmərəliliyini artırır. Beyni yoran və kütləşdirən işləmək yox, boş-bekar durmaq, düşünməmək, təfəkkür etməmək və bekar qalmaqdır. İstifadə olunmayan orqanlar passivləşdiyi, işlənməyən kotan pas atdığı kimi, hafizə də düzgün istiqamətdə işlədilməyəndə kütləşir.
Digər tərəfdən, mütəxəssislər bəzi qidaların beynin işinə birbaşa təsir göstərdiyini də qeyd edirlər. Məsələn, səhər yeməyi beynin fəaliyyətinə müsbət təsir göstərir, səhər yeməyi yeməyən insanlarda isə diqqət dağınıqlığı meydana gəlir. Unutqanlığı azaltmaq və hafizəni qüvvətləndirmək üçün tərkibində beynin əsas qida maddəsi – qlükoza olan kişmiş kimi qidaların qəbulunu məsləhət görürlər.
Sabit olmuşdur ki, başqa bədən üzvlərindən fərqli olaraq, beyin hər nə qədər çox iş görərsə, güc və qabiliyyəti bir o qədər artar. Hafizənin mərkəzi də beyində yerləşdiyi üçün, hər nə qədər məlumat daxil edilərsə, bir o qədər də hafizə onu saxlamağa güclü olar.
Yaddaşın gücləndirilməsi üçün nələri etməyə gəlincə, bildirməliyik ki, ilk növbədə insan yaddaşını məşq elətdirməlidir: İnsan yaddaşı gücləndirmək üçün şeirləri, onu cəlb edən informasiyanı yadda saxlamağa çalışmalı, məşq elətdirməlidir. Beynimizin imkanları genişdir. Biz hər hansı bir sahə üzrə nə qədər çox çalışsaq, beynimiz bu istiqamətdə daha güclü inkişaf edəcək. Daha çox əllə yazmaq uşaqlar üçün olduqca vacibdir. Bu, beyni inkişaf etdirir. Yox əgər ciddi yaddaş pozğunluqları varsa, bu barədə mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Əgər insanda stress və iztirab çox olarsa, hafizəyə mənfi təsir göstərər. Ona görə də kifayət qədər yatmağın, istirahətin hafizəni gücləndirməyə təsiri vardır. Hafizəni bədən üzvlərimizi gücləndirmək kimi təmrin vasitəsilə gücləndirə bilərik və bunun üçün də proqrama ehtiyacımız vardır. Bu proqramda bəzi mövzuların hər gün təkrar olunmasına da diqqət etmək lazımdır. Yorğunluq və həddən artıq stress hafizəyə mənfi təsir göstərər.
Hafizəyə təsir edən müsbət amillər: təmiz hava, sağlam yeməklər və içəcəklər, kifayət qədər yuxu və istirahət, yaşa və cinsə uyğun fəaliyyətlər, ruhi gigiyena, sağlam bədən və s. Əgər bədəniniz sağlam olmazsa, sağlam hafizəyə malik ola bilməzsiniz.
Həkimlər hafizəni gücləndirmək üçün bu yeməklərə üstünlük verməyimizi məsləhət bilirlər: dana ciyəri, yumurta, dana ətindən kabab, gül kələm, kahu, araxis, araxis yağı və təzə tərəvəzlər. Çünki bu məhsullar beyinə qanı rahat ötürməyə yardım edir və o zaman ki, beyinə kifayət qədər qan gedər, hafizə güclənər. Ancaq bu deyilənlərdə həddi aşmaq olmaz. Əks təsir göstərə bilər.
Həkimlər hafizəni gücləndirmək üçün duzlu və yağlı yeməkləri azaltmağı tövsiyə edirlər. Daha çox balıq yeməyi tövsiyə edirlər ki, tərkibində Omeqa-3 vardır. Çiyələk, moruq, ispanaq və sarımsaq da çox tövsiyə edilir.
Ağrı kəsən dərmanlardan və siqaretdən uzaq olmaq lazımdır. Yadda saxlamaq və onu təkrar etmək hafizəni gücləndirməyə yardım edər. Meyvəni çox yemək lazımdır.
Kündür də hafizəni gücləndirmək qabiliyyətinə malikdir. Hətta hamilə qadınlara da ona görə tövsiyə edilir ki, övladlarının hafizəsi güclü olsun. Kündür beyin hüceyrələrinin fəaliyyətinə də müsbət təsir qoyar.
Ədəbiyyat:
1. Bavramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. II nəşr, Bakı, 2002.
2. Əlizada Ə.Ə. İdrak prosesləri və hisslər. Psixopedaqoji məsələlər. Bakı, 2001.
3. Əliyev R.İ. Psixologiya. Bakı, 2003.
4. Psixologiya. Prof. Seyidov S.İ və prof. M.Ə. Həmzayevin elmi pedaktorfuğu ilə, Bakı, 2007.
Dostları ilə paylaş: |