AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
KİMYA VƏ BİOLOGİYA FAKÜLTƏSİ
1901B BİOLOGİYA MÜƏLLİMİLİYİ İXTİSASI ÜZRƏ
II KURS TƏLƏBƏSİ
ALLAHVERDİYEVA GÜNEL RASİM QIZININ
«PSİXOLOGİYA» FƏNNİNDƏN
SƏRBƏST İŞİ
BAKI – 2020
MÖVZU 1: ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA GENETİK AMİLLƏRİN ROLU
Şəxsiyyət sözü latın dilində «persona» deməkdir. Bu söz ilkin mənasında qədim yunan teatrlarında aktyorların üzünə taxdığı maskanı ifadə edirdi. Mahiyyətcə bu termin ilkin mənasında teatr fəaliyyətində komik və ya faciəvi obrazları göstərmişdir. Beləliklə, «şəxsiyyət» ilkin mənasında müəyyən rol oynayan sosial obraz olmuşdur.
Şəxsiyyət prоblemi müаsir pedаqоgikа, psixоlоgiyа, etikа, sоsiоlоgiyа və digər elmlərin dаim diqqət mərkəzində olmuşdur.
Şəxsiyyət insan varlığının bir sıra keyfiyyət və vəziyyətinin təzahürü formasıdır. İnsan ümumi anlayışdır. O bioloji növün bir kateqoriyasıdır. Fərd bioloji varlığın insan növüdür. Şəxsiyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Şəxsiyyətin sosial mahiyyətini insanın tərbiyə aldığı və iştirak etdiyi ictimai quruluş, mədəniyyət müəyyənləşdirir. Müasir pedaqogika və psixologiyada şəxsiyyət anlayışına birmənalı yanaşılmamışlar.
Tədqiqatçıların əksəriyyəti hesab edir ki, həyatı boyu formalaşan, özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təfəkkürü, davranış tərzi, hissləri, ictimai münasibət və ünsiyyəti olan insan şəxsiyyət adlanır. Şəxsiyyət haqqında başqa tərif və fikirlər də mövcuddur:
Şəxsiyyət - bu, bir fərdin bütün müxtəlif keyfiyyət və dəyərlərini nəzərdə tutan bir insanın mənəvi tərəfidir.
Şəxsiyyət dedikdə, müəyyən sosil keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu fərd başa düşülür.
Bu təriflərin sayını istənilən qədər çoxaltmaq olar. Elə bu məqamda şəxsiyyətin inkişafı anlayışı məsələsinə aydinlıq gətirsək, yerinə düşərdi.
Şəxsiyyətin inkişafı dedikdə, insanın müəyyən keyfiyyətlərə, o cümlədən, zehni, psixi, mənəvi, əmək, fiziki və s. keyfiyyətlərə yiyələnməsi və özünü təkmilləşdirməsi başa düşülür.
Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış.
Metafizik baxış inkişafı mexaniki proses kimi başa düşür: ona kəmiyyət dəyişməsi kimi baxır, inkişafın mənbəyini isə genetik proqramda axtarır.
Dialektik baxış isə şəxsiyyətin inkişafina kəmiyyət dayişmələrindən keyfiyyət dəyişmələrinə keçid kimi yanaşır, inkişafin mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır. Dialektik baxışa görə, şəxsiyyətin inkişafinın hərəkətverici qüvvəsini ziddiyyətlərin yaranması və həlli təşkil edir. Əsas ziddiyyət insanın tələbatları ilə imkanları arasındakı ziddiyyətdir. İnsan öz ehtiyacını, yəni tələbatını ödəmək üçün bütün imkanlarını, o cümlədən, biliyini, bacarığını, iradi qüvvəsini və s. səfərbərliyə alır və nəticədə tələbatını ödəyir. Bu prosesdə öz inkişafında irəliyə doğru müəyyən addim atır - bu və ya digər keyfiyyətə yiyələnir.
İnsan şəxsiyyəti müxtəlif amillərin nəticəsində formalaşır. Şəxsiyyətin formalaşmasına təsir edən amillər çoxcəhətlidir: onlar daxili və xarici, təbii və ictimai, subyektiv va obyektiv, planlı və kortəbii olur. Alimlər onları uzun müddət araşdırmış, iqlimə və coğrafi mövqeyə qədər bir şəxsiyyətin formalaşmasında bütün mühitin iştirak etdiyi qənaətinə gəlmişlər.
İnsаnın inkişаfı və оnun şəxsiyyət kimi fоrmаlаşmаsı üç bаşlıcа аmilin – irsiyyət, mühit və tərbiyənin qаrşılıqlı təsiri ilə həyаtа keçirilir. Bəzi yeni elmi ədəbiyyаtdа fəаliyyət də bir аmil kimi göstərilir.
Amil dedikdə, hər hansı bir prosesin, hadisənin xarakterini və ya fərdi xüsusiyyətlərini təyin edən səbəb, hərəkətverici qüvvə nəzərdə tutulur.
Daxili amillərə daxildir: genetik, bioloji, fiziki, fizioloji amillər. Bu cəhətdən daxili amillər insanın şəxsi fəallığını, marağını, insanlarla ünsiyyət və münasibətini də özündə birləşdirir.
Bioloji amillərdən əsas təsir fərdin doğum zamanı aldığı genetik xüsusiyyətləri ilə həyata keçirilir. İrsi xüsusiyyətlər şəxsiyyətin formalaşması üçün əsasdır. Bir şəxsiyyətin qabiliyyət və ya fiziki keyfiyyətlər kimi irsi keyfiyyətləri, xarakterində, ətraf aləmi alqılamasında və digər insanları qiymətləndirməsində iz buraxır. Bioloji irsiyyət şəxsiyyətin fərdiliyini, digər fərdlərdən fərqini böyük ölçüdə izah edir, çünki bioloji irsi baxımından iki eyni fərd yoxdur.
İrsiyyət dedikdə, vаlideynlərdən uşаqlаrа müəyyən keyfiyyət və xüsusiyyətlərin irsən keçməsi bаşа düşülür.
Fiziolоgiyаdа isbаt оlunmuşdur ki, cinsi hüceyrədə оlаn xrоmоsоmlаr nəsillər аrаsındа bir növ keçid körpüsü rоlunu оynаyır; bu əsаsdа yаrаnаn sinir sistemi insаnın təlim аlmаsınа və tərbiyə оlunmаsınа imkаn yаrаdır. Fiziоlоgiyаdа о dа isbаt оlunmuşdur ki, insanların böyük əksəriyyətinin irsi imkаnlаrı nоrmаdа оldugundаn, оnlаrın psixolоji inkişаf imkаnlаrı dа оxşаrdır; eyni yаş dövründə və eyni şərаitdə nоrmаl inkişаf edən insanların əksəriyyətində psixolоji xüsusiyyətlər təqribən bir-birinə yаxın оlur.
Uşаğın mаlik оlduğu irsi və аnаdаngəlmə əlаmətlər uşаq şəxsiyyətinin inkişаfı üçün müəyyən fizioloji imkаn rоlunu оynаyır. İrsiyyətin dаşıyıcısı genlərdir. Müаsir elm sübut etmişdir ki, оrqаnizmin xаssələri gen kоdundа şifrələnmişdir. Оrqаnizmin xаssələri hаqqındа bütün infоrmаsiyаlаr məhz оrаdа tоplаnmışdır. Vаlideynlərdən uşаqlаrа həm fiziki əlаmətlər (bədən quruluşunun xüsusiyyətləri, sаçın, gözün və dərinin rəngi və s.), həm də fiziоlоji əlаmətlər (аli sinir sisteminin xüsusiyyətləri, sinir hüceyrələrinin sаyı, psixi pоzğunluqlаrı yаrаdаn pаtоlоji qüsurlаr, bəzi xəstəliklər – hemоfiliyа, şəkər və s.) irsən keçir.
Nəzərə almaq lazımdır ki, anadangəlmə əlamətlərin heç də hamısı irsi əlamət hesab edilə bilməz. Bu cür əlamətlərin bəziləri ana bətnində daxili və xarici mühitin təsiri ilə yarana bilir. İrsi əlamət bir nəsildə deyil, bir çox nəsillərdə üzə çıxır və mühitin təsirinə davamlı olur. Anadangəlmə əlamətlər isə bir nəsildə müşahidə edilir və sonrakı nəslə keçməyə də bilir. Odur ki, irsi əlamətlərlə anadangəlmə əlamətlər arasında fərq vardır. Pedaqogika elmində şəxsiyyətin formalaşması, inkişafı və tərbiyəsi məsələsində irsiyyətin mövcudluğu nəzərə alınmaqdadır.
Təlim, tərbiyə, təhsil və inkişaf üçün əhəmiyyət kəsb edən fiziki əlamətlər deyil, fizioloji əlamətlərdir. Məlumdur ki, həm fiziki əlamətlər, həm də fizioloji əlamətlər irsən nəsildən-nəslə keçir. Lakin fiziki əlamətlər (məsələn saçın, gözün rəngi) şəxsiyyətin necəliyinə, yəni onun mənəvi, əxlaqi, estetik inkişafına təsir göstərmir. Nəsildən-nəslə keçən fizioloji əlamətlərin (baş beyin qabığındakı hüceyrələrin sayı, temperament, ali sinir sisteminə məxsus digər xüsusiyyətlər) şüura, davranışa, təlim-tərbiyə işinə, şəxsiyyətin inkişafına təsiri vardır.
Yuxarıda da qeyd etdiyimi kimi, irsiyyət - orqanizmin müəyyən keyfiyyət və xüsusiyyətləri valideynlərdən uşaqlara ötürmək xüsusiyyətidir.
Ümumiləşdirirə deyə bilərik ki, aşağıdakılar valideynlərdən uşaqlara miras qalır:
Anatomik və fizioloji quruluş - insan irqinin nümayəndəsi kimi fərdin spesifik xüsusiyyətlərini əks etdirir (nitq, dik gəzinti, düşüncə, iş).
Fiziki məlumatlar- xarici irqi xüsusiyyətlər, bədən quruluşu, konstitusiya, üz xüsusiyyətləri, saç rəngi, gözlər, dəri;
Fizioloji xüsusiyyətlər - metabolizma, qan təzyiqi və qan qrupu, rh faktoru, bədənin yetişmə mərhələləri;
Sinir sisteminin xüsusiyyətləri - beyin qabiğinin və onun periferik aparatinin quruluşu (görmə, eşitmə, qoxu və s.), təbiəti və müəyyən bir yüksək sinir fəaliyyətini təyin edən sinir proseslərinin orijinalliğı;
Bədənin inkişafindaki anormalliqlar - rəng korluğu (qismən rəng korluğu), dodaq yariğı, damaq yarığı;
Müəyyən irsi xəstəliklərə meyl - hemofiliya (qan xəstəlikləri), şəkərli diabet, şizofreniya, endokrin xəstəliklər (cirtdanliq və s.);
Anadangəlmə insan xüsusiyyətləri - əlverişsiz yaşayiş şəraiti (xəstəlikdən sonraki fəsadlar, uşağin inkişafi zamani fiziki zədələnmə və ya nəzarət, pəhrizin pozulmasi, iş, bədənin sərtləşməsi və s.) nəticəsində əldə edilən genotip dəyişikliyi ilə əlaqələndirilir.
Xarici amillərə daxildir: fərdin müəyyən mədəniyyətə, sosial-iqtisadi sinfə və ailə mühitinə məxsusluğu. Bu baxımdan xarici amillər ictimai mühiti, kollektivi, ictimai qrupları, tərbibiyəvi təsirləri də özündə birləşdirir.
Beləliklə, şəxsiyyət müasir pedaqogika və psixologiya elmində biogenetik, sosiogenetik və psixogenetik elementlərin məcmusu hesab edilir.
Şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr də meydana gəlmişdir. Şəxsiyyətin inkişafinda hansı amillərə üstünlük verilməsindən asılı olaraq həmin nəzəriyyələri bir neçə qrupa bölmək olar: Mövzu ilə əlaqədar bəzi nəzəriyyələr haqqında qısa məlumat verək:
1. Bioloji amilin rolunu şişirdən nəzəriyyələr. Orta əsrlərdə mövcud olan «irsiyyət» nazəriyyəsi, XIX əsrin sonlarında mövcud olan «biogenetik» nəzəriyyə şəxsiyyətin inkişafında irsiyyət amilini əsas götürür. Bu nəzəriyyəyə görə, insan hazır qabiliyyət və xasiyyətlə doğulur. Bəzi alimlər - E. Torndayk, C.Dyui (ABŞ) qabiliyyətlərin göz və qulaq kimi insana genlər vasitəsilə hazır verildiyini qeyd edirlər. Dinin «qismət» nəzəriyyəsi də bu mövqedən çıxış edir: insanın taleyi doğularkan onun alnına yazılır: yazılanı isə pozmaq olmaz, heç kəs qismətdən artıq yeyə bilməz.
Şərq pedaqoji fikrində, Azərbaycan folklor nümunələrində şəxsiyyətin inkişafında irsiyyətin rolu öz ifadəsini tapmışdır. Xalqımızın atalar sözlərində deyilir: «Ot kökü üstə bitər», «Namərd gəlib mərd olmaz, mərd olmasa atası», «Quyuya su tökməklə quyuda su olmaz», «Bədəsil əsil оlmаz, bоyuncа qızıl qаlа» sə s.
Dahi Nizami Gəncəvi bu xüsusda belə yazırdı:
Zatı pis olana, üz göstərmə sən,
Qurdu bəsləməkdən ziyan çəkərsən.
Məhəmməd Füzuli irsiyyətə, zаtа, kökə üstünlük verərək оbrаzlı şəkildə belə deyirdi:
Hər kimin vаr isə zаtındа şərаrət küfrü,
İstilаhаti-ülum ilə müsəlmаn оlmаz.
İrsiyyət və tərbiyənin rolunu şişirdən nəzəriyyələr. Fransız filosofu D.Didro (XVIII əsr), İsveçrə pedaqoqu LPestalotsi (XVIII-XIX əsrlar) bu mövqedən çıxış etmişlər.
Pestalotsi insanın təbii qüvvələrini, yəni irsi imkanlarını mütləqləşdirməyin (C.C.Russonun «Təbii tərbiyə nəzəriyyəsində olduğu kimi) əleyhinə çıxırdı, Təbii imkanlar özlüyündə, tərbiyənin iştirakı olmadan inkişaf edə bilməz: özbaşına buraxılmış, kortəbii inkişaf edən insan (C.C.Russonun «Azad tərbiyə» nəzəriyyəsində olduğu kimi) ahəngdar şəxsiyyət kimi formalaşa bilməz, onun təbii qüvvələri lazımi dərəcədə inkişaf etməz.
İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr. «İki amil» nəzəriyyəsi (XIX əsr) bu mövqedə durmuşdur: guya hər şey insanın irsiyyətindən və düşdüyü mühitdən asılıdır. Sonrakı dövrlərdə irəli sürülən bəzi nəzəriyyələr də ««Konvergensiya» nəzəriyyəsi (C.Piace, Ştem), «İstedadlılıq» nəzəriyyəsi (Q.Ayzek, Qrey) irsiyyət və mühitin rolunu şişirdir, tərbiyənin rolunu inkar edir. Hətta bəzilari genlərin təsir faizini rəqəmlə göstərməyə cəhd etmişlər: guya şəxsiyyətin zehni inkişafi 80% genlərin, 20% isə mühitin təsiri ilə formalaşır (Q.Ayzek). Bu nəzəriyyələr şəxsiyyətin formalaşması məsələsinə birtərəfli yanaşmış, bu prosesə təsir göstərən amillərdən ya birini, ya da ikisini qəbul edərək digərlərinin rolunu inkar etmiş və ya məhdudlaşdırmışlar. Bu nəzəriyyələrdə habelə şəxsiyyətin özünün fəallığı qiymətləndirilməmişdir.
Bioloji və sosial amilləri, eləcə də insanın şəxsi fəallığını vəhdətdə götürən nəzəriyyə. Dialektik nəzəriyyə (XX əsr) məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin inkişafinda irsiyyət amili müəyyənedici, sosial amillər isə həlledici rol oynayır.
Beləliklə, yekunda deyə bilərik ki, insan inkişafı prosesi və nəticələri həm fərdi olaraq deyil, həm də kompleks olaraq fəaliyyət göstərən həm bioloji, həm də sosial amillər tərəfindən müəyyən edilir. Fərqli şəraitdə, müxtəlif amillər şəxsiyyətin formalaşmasına az və ya çox təsir göstərə bilər.
Dostları ilə paylaş: |