MÜLKİ AVİASİYANIN MƏNFƏƏTİ VƏ ONUN İSTİFADƏ QAYDASI
Təsərrüfatçılığın müasir şəraitində real bazar mexanizminin formalaşması, müəssisələrə daxil olan pul vəsaitinin dəqiq planlaşdırılmasına və onların xərclənməsinə ciddi nəzarətin aparılmasını təmin edir.
Bazar iqtisadiyyatında müəssisənin fəaliyyətinin mühüm şərti onun ziyansız, yəni mənfəətli olmasıdır. Mənfəət müəssisənin istehsal-təsərrüfat fəaliyyətini əks etdirən ümumiləşdirici göstərici olmaqla yanaşı müəssisənin xalis gəlirinin ən mühüm elementini təşkil edir.
Mənfəət məhsulun (iş, xidmət) realizasiyasından daxil olan pulla istehsal xərclərinin fərqi kimi hesablanır.
Mülki aviasiyada gəlir realizə olunan məhsulun göstəricisidir.
Mülki aviasiya müəssisələrinin gəliri aviakompaniyalarda, agentlikdə, aeroportlarda əsas fəaliyyətlə əlaqədar olan, aviadaşımadan, AXTİ üzrə işlərdən və başqa xidmətlərdən alınan gəlirlərin cəmindən ibarətdir.
Hava gəmilərinə malik müəssisələrin aviadaşımadan alınan gəlirləri (nəqliyyat gəlirləri) aşağıdakılardan ibarətdir:
yerli və respublikalararası hava xətlərində müntəzəm və qeyri-müntəzəm reyslərlə baqajların, yükün, poçtun, sərnişinlərin aviadaşınmasından alınan qazanc;
müntəzəm və qeyri-müntəzəm reyslərlə baqajların, yüklərin, poçtun, sərnişinlərin beynəlxalq daşınmasından və başqa beynəlxalq fəaliyyətdən alınan qazanc;
sifarişli reyslərin yerinə yetirilməsindən alınan qazanc;
hava gəmilərinin başqa müəssisələrə xidmətinə görə aeroportların qazancı;
hava gəmilərinin birgə istismarından, yaxud onların icarəyə verilməsindən alınan qazanclar.
Qazanc – bu qoyulmuş qiymət və tariflər üzrə işin, xidmətin, ödənişli baqajın, poçtun, yükün və sərnişinlərin aviadaşınmasına görə haqdır.
Hava gəmilərinə xidmətə görə aeroportların qazancı - başqa müəssisələrin, aviakompaniyaların və xüsusi şəxslərin hava gəmilərinə aeronaviqasiya, kommersiya, və texniki xidmətə, enmə-qalxma xidmətinə görə aldıqları rüsumların cəmidir.
Mülki aviasiya müəssisələrinin aviasiyanın xalq təsərrüfatında tətbiqi üzrə işlərdən əldə etdiyi gəlirə sifarişçilər tərəfindən təsdiq edilən, uçuşlar üzrə müqavilələrin yerinə yetirilməsi haqqında akt-hesabatla rəsmiləşdirilmiş, iş həcmi vahidinə müqavilə tarifi ilə hesablanılmış aviasiyanın bütün növ tətbiqindən alınan qazanclar daxildir.
Mülki aviasiya müəssisələrinin əsas fəaliyyəti ilə əlaqədar, xidmətlərdən alınan gəlirə - mülki aviasiya müəssisələrinin əhaliyə, başqa müəssisə və təşkilatlara, AXTT üzrə işlərlə və aviadaşımalarla əlaqədar göstərdiyi xidmətlərin realizasiyasından alınan qazanc daxildir.
Bazar münasibətləri şəraitində mənfəət aviamüəssisələrin fəaliyyətini xarakterizə edən əsas göstəricilərdən biridir. Aviamüəssisə öz fəaliyyətini mənfəətlə başa çatdırırsa, deməli, o öz xərcini həm ödəyir, həm də əlavə gəlir əldə edə bilir.
Bazar iqtisadiyyatında mənfəəti təhlil edərkən, maya dəyəri xərc maddələri üzrə nəzərdən keçirilməlidir. Bazar iqtisadiyyatı şəraitində mənfəətin təhlili daha çox amilləri əhatə etməlidir. Məsələn, mənfəətin istehsal gücündən asılı olması, rəqabət xarakterli işdən, xidmətdən əldə edilən mənfəət və s. mənfəətin məbləğini artırmaq üçün tədbir hazırlamağa imkan verir.
Gəlirlərlə xərclərin fərqi mənfəəti təşkil edir.
Maddi istehsal sferasında mənfəət bir qayda olaraq üç hissəyə bölünür:
planlaşdırılmış məhsul, iş, xidmətin realizasiyasından alınan mənfəət;
istehsalla və məhsulun, işin, xidmətin realizasiyası ilə bilavasitə əlaqədar olmayan köməkçi və xidmətedici istehsallardan əldə edilən mənfəət;
başqa təsərrüfat əməliyyatlarından əldə edilən mənfəət (alınan və ödənilən cərimələrin cəmindən fərqlər və s. daxil olmaqla).
Mülki aviasiya müəssisələrində balans və istismar mənfəəti fərqləndirirlər.
İstismar mənfəəti - bu mülki aviasiya müəssisələrinin əsas fəaliyyəti üzrə hava gəmilərinin istismarından alınan gəlir və xərclər arasındakı fərqidir.
Balans mənfəəti - bu mülki aviasiya müəssisələri üzrə mənfəətin yekunudur.
Balans mənfəəti aşağıdakıların cəmindən ibarətdir:
istismar mənfəəti;
başqa təsərrüfatdan (qeyri-əsas fəaliyyət üzrə) alınan itgilər yaxud mənfəət;
birgə müəssisələrdə işgüzar fəaliyyətdən əldə edilən mənfəət;
müəssisə əmlakının realizasiyasından alınan gəlir, yaxud realizasiya üzrə xərcləri çıxmaqla, bərpa, qalıq dəyəri ilə satış qiyməti arasındakı fərq;
realizə olunmayan əməliyyatlardan alınan başqa gəlirlər.
Mənfəət mülki aviasiya müəssisələri fəaliyyətinin qiymətləndirilməsinin əsas maliyyə göstəricisini təşkil edir.
Mənfəətin iqtisadi məzmunu aşağıdakı istiqamətlərdə təzahür edir;
mənfəət istehsala investisiya qoyuluşlarının və xərclərin səmərəliliyinin maliyyə göstəricisidir;
mənfəət istehsalın inkişafı üçün əsas vəsait mənbəyidir;
mənfəət müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricisidir, belə ki, onda müəssisə fəaliyyətinin bütün tərəfləri (kəmiyyət və keyfiyyət), istehsal miqyasının genişləndirilməsi, elmi-texniki tərəqqinin inkişafı, istehsal fondlarından səmərəli istifadə, əmək məhsuldarlığının yüksəldilməsi və aviadaşımaların və aviaişlərin maya dəyərinin aşağı salınması cəmləşdirilir.
Bunlar mənfəətin səviyyəsinə və ölçüsünə birbaşa təsir göstərir.
Dostları ilə paylaş: |