Azərbaycan sovetləşəndən sonra mövcud hakimiyyət ölkədə savadsızlığı aradan qaldıraraq rejimin mənafeyinə xidmət edən cəmiyyət qurmağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədə çatmaq üçün qarşıda duran vəzifələrdən biri yeni ruhda yaranan ədəbi əsərləri oxucu auditoriyasına çatdırmaqdan ibarət idi. Bu isə öz növbəsində irihəcmli mətbu orqanların yaradılmasını tələb edirdi.
Sovetlər dönəmində Azərbaycanda qəzetlərlə bərabər, müxtəlif səpkidə jurnalların nəşri də geniş vüsət almışdı. Sovet hakimiyyətinin ilk illərində çap olunan jurnallar sırasında “Füqəra füyuzatı” (1920-1921), “Xalq maarifi” (1920), “Yeni yıldız” (1921-1922), “Azərbaycan Ali İqtisadi Şurasının Əxbarı” (1921-1924), “Kooperativ işi” (1921-1925), “Gələcək” (1922) və başqalarının adını çəkmək olar. Bu jurnallarda ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir çox məqamlar öz əksini tapsa da, müntəzəm olaraq ədəbi-bədii, elmi və əxlaqi-tərbiyəvi mövzularda yazıların nəşr edildiyi, irihəcmli, ictimai-siyasi və elmi jurnala ehtiyac hiss olunurdu. Odur ki, Azərbaycan SSR Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov, Maarif komissarı Mustafa Quliyev və komissar müavini Tağı Şahbazi (Simurq), maarif xadimləri və ədiblər müstəqil ədəbi jurnal yaratmaq təşəbbüsünü irəli sürdülər. Azərbaycan Xalq Maarif Komissarlığı 1922-ci ilin oktyabr ayının 14-də olan iclasında respublikada maarif işçilərinə, müəllimlərə kömək etmək, ədəbiyyatın, elmin, incəsənətin inkişafına yardım göstərmək məqsədi ilə “Maarif” adlı aylıq jurnalın nəşr olunmasını qərara aldı.
Beləliklə də, 1923-cü il yanvarın 28-də xalqımızın fikir tərcümanı və Azərbaycan Sovet Yazıçıları İttifaqının orqanı “Azərbaycan” jurnalının sələfi olan “Maarif və mədəniyyət” jurnalının birinci nömrəsi çapdan çıxdı. Jurnalın birinci nömrəsində “Bir-iki söz” adlı redaksiya məqaləsində etiraf edilirdi ki, vətəndaş müharibəsindən sonrakı ağır illərin bütün çətinliklərinə baxmayaraq, yeni jurnalın meydana gəlməsi bir zərurət idi. İndi respublikamızın sərhədlərindən xeyli uzaqlarda məşhur olan “Azərbaycan” jurnalı müxtəlif dövrlərdə, müxtəlif adlar altında 1923-1927-ci illərdə “Maarif və mədəniyyət”, 1928-ci ilin yanvarından 1936-cı ilin mayınadək “İnqilab və mədəniyyət”, 1936-cı ilin iyunundan 1941-ci ilin mayınadək “Revolyusiya və kultura”, 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək “Vətən uğrunda”, 1946-cı ilin may-iyunundan 1952-ci ilin dekabrınadək yenə də “İnqilab və mədəniyyət” adı ilə nəşr edilib. “Azərbaycan” adını jurnal 1953-cü ilin yanvarından daşımağa başlayıb.
“Maarif və mədəniyyət” adını daşıdığı dövrdə jurnalın redaktoru 1923-1924-cü illərdə Tağı Şahbazi Simurq, 1924-1927-ci illərdə Cəlil Məmmədquluzadə, 1927-1928-ci illərdə Ruhulla Axundov olub. 1928-ci ildən “İnqilab və Mədəniyyət” adlanan jurnalda R.Axundovdan sonra Mustafa Quliyev (1929-1932), Müseyib Şahbazov (1932-1933), Hacıbaba Nəzərli (1933-1934), Məmməd Kazım Ələkbərli (1934-1936) redaktor kimi çalışıblar. Jurnal “Revolyusiya və kultura” adı ilə çap olunduğu illərdə M.K.Ələkbərli (1936-1937) və Mirzə İbrahimov (1938-1941), “Vətən uğrunda” adlandığı dövrdə 1941-1946-cı illərdə isə Məmməd Arif redaktor səlahiyyətlərini icra edib. II Dünya müharibəsi başa çatdıqdan sonra jurnalın əvvəlki adı yenidən özünə qaytarıldı. Jurnal “Azərbaycan” adlandığı 1953-cü ildən isə Ə.Vəliyev, Ə.Əbülhəsən, Ə.Cəmil, Q.Musayev, C.Məmmədov və başqaları redaktor vəzifəsində çalışıblar. Jurnalın hər nömrəsi təsdiq edir ki, o hansı adla çıxmasından asılı olmayaraq, həmişə öz vəzifəsini şərəflə yerinə yetirməyə çalışıb, ədəbi və mədəni həyatımızın salnaməsi olub.
"Azərbaycan" jurnalının ilk nömrəsi 1923-cü il yanvar ayının 28-də işıq üzü görüb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. Əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək, çağdaş dünya ədəbiyyatı və mədəniyyətində gedən proseslərin, mövcud cərəyan və təmayüllərin milli düşüncədə təzahürünü, eyni zamanda qloballaşma şəraitində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir.
24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır.
27 yanvar 2003-cü ildə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə jurnalın əməkdaşları Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunmuşlar.