Esmira Fuad (Şükürova) Filologiya üzrə Fəlsəfə doktoru amea nizami ad. Ədəbiyyat İnstitutu Cənubi



Yüklə 259,07 Kb.
səhifə1/7
tarix31.12.2016
ölçüsü259,07 Kb.
#3887
  1   2   3   4   5   6   7
Esmira Fuad (Şükürova)

Filologiya üzrə Fəlsəfə doktoru AMEA Nizami ad. Ədəbiyyat İnstitutu Cənubi

Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı işçisi
Güney Azərbaycanda ədəbi proses (2011-12-ci illər)

Diqqətlə baxan bir insanın hünəri görünməz olanı göstərə bilməkdir.

Kierkeqaard.

Uzun illərdir ki, Güney xalqının ədəbiyyat adamları-şair və yazıçıları üzləşdikləri mürəkkəb duruma, müxtəlif yönlərdən göstərilən basqılara, Azərbaycan türkcəsinə qoyulan qadağalara, ana dilində təhsil üzərindəki yasaqlara rəğmən var gücü ilə qələmə sarılır, bir-birindən dəyərli əsərlər yaradırlar... Böyük Vətənimizin Güney parçasında qələm sahiblə-rinin güclü həyat eşqilə yaratdığı əsərlərlə, dərc olunan kitab (“Çalhaçal”, ”Ağ aşıq”, “Günəş”, “Talanmış günəş”, “Bir səbət qızıl yumurta”, Hadi Qaraçay. “Tamudan gələn səs-lər”, Əli Daşqın.“Zaminim sevgidir (Şeirlər toplusu)”, Məmməd Rza Təbrizli.“Qartal balası” və s., “Dayaq” və AYB-nin xəttilə nəşr olunmuş Ramin Cahangirzadə.“Daşlar”, Elvar Qullivənd.“Zibil dolunda ziyafət”, Rəsul Yunan.“Mən Çin məhəlləsində itmişəm” və “Duel”, İsmayıl Ülkər.“Sevda yoldaymış”, M.Əzizpur. “Su pıçıltısı” və “Mənə bir küçə bağışla”, Sayman Aruz.“Paltarlarım adamsızdır”, Səkinə Purhəsən.“Ayrılıq durağı”, Kiyan Xiyav.“Sarı saatlar dənizində”) və dərgilərdə (“Varlıq”, “Xudafərin”, “Yaşmaq”, “Güneyin səsi” və s.), “Dayaq.orq”, “Düşərgə”, “Sözün sözü”, “Öyrənci”, “Günaz.TV”, “Azadlıq.orq” kimi internet səhifələrində, Hadi Qaraçay, Hümmət Şahbazi və Əziz Səlaminin, eləcə də M.Məhəmmədinin özəl saytlarında yer almış yazılarla, şeir və nəsr nümunələrilə tanışlıq bir daha təsdiqləyir ki, Güney Azərbaycanda ədəbi proses dinamik sürətlə davam edir.



Ədəbi tənqid (Eleştiri), Vahid Ədəbi dil üzərində çalışmalar. “Yaşmaq” dərgisinin baş yazarı, şair Səid Muğanlı (“Kult.az” saytında və “Ədalət” qəzetindəki müsahibəsində) bu gün ədəbiyyatın inkişafının həm Güneydə, həm də Quzeydə qabarıq, bəzi hallarda isə bütün çılpaqlığı ilə özünü göstərən estetik toqquşmalardan daha çox asılı olduğunu söyləyir. Səid Muğanlının həmin müsahibədə səsləndirdiyi fikirlər hazırda Güney Azərbaycanda gedən ədəbi prosesin qısa bir xülasəsıdır. Ədəbiyyatda yaşlı və gənc nəsillər arasında bir bəyənməməzlik, bir-birini qəbul etməmə məsələsinə münasibətini sərgiləyən S.Muğanlı bu tendensiyaya da açıqlama verir və bildirir ki, “Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhənddən başqa hamının üstünə gedirlər (yəni, tənqid edirlər), amma Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə alanlar olur, o zaman deyirik ki, çox da dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir.” Araşdırmaları və tərcümələrilə kifayət qədər oxucu auditoriyası qazanmış Güntay Gəncalp da “Bakıda ədəbiyatda yeni və yaşlı nəsil arasındakı dartışmalar üzərinə” adlı yazısında bu günkü savaş, mübarizə, kürəsəlləşmə dünyasında fikirlərin savaşını normal, təbii qəbul edir və Quzey Azərbaycanda yetişməkdə olan yeni ədəbi nəslin yaradıcılıq enerjisini, potensial imkanını göstərmək üçün özündən əvvəlki nəslə meydan oxumaq istəyinə diqqəti yönəldir: “Gerçəkdən də bu yeni nəslin “duyum” və “duydurum” səliqələri, zövqləri fərqlidir. Fərqli deyil, təzadlıdır. Bu təzadların çarpışmasını da bəlkə təbii olaraq anlamaq mümkündür... Dünya savaş dünyasıdır. Fikirlərin də savaşı var. Nişenin hayqırışını duyalım - Barışınız savaş, durğunluğunuz səfərlər olsun (1).”

İstedadlı şair Məlihə Əzizpurun isə gənc nəslin Şəhriyara münasibətinə, eyni zaman-da ustad şairin Güney ədəbiyyatı qarşısındakı misilsiz xidmətləri məsələsinə daha həssas və içdən, həm də qlobal yanaşması düşündürücüdür: “İranda fars dili və ədəbiyyatı qarşısında türkcə uzun illər boyunca susarkən son dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyar, İranda farsca qarşısında yox olmağa üz tutan Türk dilini ”Heydər Babaya salam” əsəri ilə əbədi olaraq ayağa qaldırıb başını göylərə çatdırdı (2).”

Göründüyü kimi, bu gün çağdaş Güney Azərbaycan ədəbiyyatında işlədilən, yəni, mövcud ədəbi dillə bağlı müxtəlif baxışlar ədəbi mübahisələrin mövzusuna çevrilməkdədir. Şair və yazıçıların bəziləri Türkiyədə daha geniş şəkildə yayılan Anadolu türkcəsini, bir qismi Quzey Azərbaycan türkcəsini, bir qismi isə Ortaq türkcəni məqbul sayır və məqbul saydığı türkcədə də yazmağa üstünlük verir. Beləliklə də özünü ana dilinin xidmətçisi, qoruyucusu sanır. Onlardan bəzilərinin Ədəbi dil anlayışı ilə bağlı özəl fikir və qənaətlərinə qısaca nəzər yetirmək istəyirik. Çünki ədəbi prosesin inkişafında dil məsələsi ən vacib faktordur. Hadi Qaraçay Ədəbi dil anlayışı”na özəl münasibətini eyniadlı yazısında sərgiləyir, Ortaq Azərbaycan dilinin, Ortaq Türkcənin gərəkliliyini hayqırır. Elə bir ortaq və aydın türkcənin ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türk onu anlamaqda çətinlik, zorluq çəkməsin... Bu ortaq türkcəni Osmanlı türkü də, Azərbaycan türkü də, özbək, qırğız, qaraqalpaq, qazax, türkmən, qaqauz, tatar və s. adlı qarındaşlarımız da anlasın, ilişgilərini həmin türkcədə sürdürə bilsinlər... Hadi Qaraçay yazır ki, “XX əsrdə elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, özəlliklərinə dayanaraq yeni anlamlara, yeni nəsnələrə uyqun ad qoymaqla ilgilənməlidir. Günümüzdə belə bir qurumun yaradılma olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışmalara, bir neçə aydının özəl çalışmalarına, başqa sözlə, örgütləndirilməmiş bir biçimdə gedir. Bunun da verdiyi sonuc olduqca azdır...” Məlihə xanım sonucun-nəticənin az olmasının əsas səbəbini Güney Azərbaycanda Quzeydən fərqli olaraq uzun illərdən bəri ana dilində milli təhsilin olmaması ilə əlaqələndirir. Yazar xanım söyləyir ki, “ədəbi dil quzeyli şairin əlində mum kimidir,  bu dildə təhsili və hər növ azadlığı olduğuna görə onun üzərində arzu elədiyi kimi işləyib ona şəkil verə bilir, onu istədiyi kimi formalaşdıra bilir, güneydə (Cənubi Azərbaycan) isə bu, çətindir.(3)”

Çağımızın olağanüstü şairləri Ə.Daşqın, H.Qaraçay, M.Əzizpur, H.Şahbazi, N.Əzhəri, N.Merqati və başqalarının bir ziyalı kimi narahatlığı, türkcənin gələcəyilə bağlı əndişəsi başa düşüləndi. Millətin, xalqın ziyalısı bu cür düşünməli, ana dilinin azadlığı, tərəqqisi naminə, təbii ki, çabalar göstərməli, var gücü ilə savaşmalıdı... Bu savaşın gərəkliliyini anlayan türk ruhlu, türk düşüncəli şair, nasir və dilçi alim Əli Daşqın müxtəlif lüğət kitabları və Azərbaycan türkcəsinin öyrədən eyitim görəvlilərinə və tələbələrə türkcəni-ana dilimizi sərbəst şəkildə öyrənmək istəyənlərə yardımçı olmaq məqsədilə dilçilik məsələlərinə gündəlik danışıq dilinə, eyni zamanda, dialektologiyaya aid kitablar da hazırlayaraq nəşr etdirmişdir. Vətənpərvər yazar “Türkcə-Türkcə sözlük (Təbriz, Yaran yayınevi, 1991, 530 s)”, “Sadə xəritələr (elmi araşdırmalar)”, (Təbriz: İranvic yayınevi, 1992, 128 s.), “Farsca-Türkcə sözlük” (1c.,Təbriz, Talaş yayınevi, 1994, 800 s.), “Dil və dilçilik (Təbriz, Əxtər yayınevi, 1998)”, “Gündəlik Türk dili (1 və 2 cildlər., Təbriz, Danyal yayınevi, 1998, hər ikisi 208 s. olmaqla)”,”İngiliscə-Türkcə-Farsca sözlük 1 və 2 cildlər, Təbriz, Aşina yayınevi, 2000, hər ikisi 800s. olmaqla)”, “Azərbaycan dilinin qrammatikası, (Təbriz, 2002, 136s.)”, “Dilin iç üzü ( dil-təfəkkür-şüur), (Təbriz, Əxtər yayınevi, 2000, 152 s.)”, “Ədəbi səbkilər, Təbriz, Sərçeşmə yayınevi, 2001, 96s.),”Türkcə rahat dil öyrənimi 1c., Təbriz, Vəfacu yayınevi, 2002, 192s.)”, “Türkcə rahat dil öyrənimi II c., Təbriz, Vəfacu yayınevi, 2002, 192s.)”, “İngiliscə-Türkcə-Farsca dil bilimi, Təbriz, Əzəm yayınevi, 2002, 160s.)”, “Türkcə-Farsca danışıq, Təbriz, Əxtər yayınevi, 2001, 160s.), “Dədə Qorqud və yeni toplum (tenologiya), (Təbriz, Əxtər yayınevi, 2003, 160s.)”, “Farsca-Türkcə sözlük 2 c., (Təbriz, Əxtər yayınevi, 2006, 1200s.)”, “Türkcə-Farsca sözlük, (Təbriz, Əxtər yayınevi, 2006, 1040s.)”, “Çağdaş Azərbaycan Türkcəsi, Fiziologiya, (Təbriz, 2006, 64s.)”, “Ümumi dilçilik, (Təbriz, Nikuyi yayınevi, 2009, 104s.)”, “Təbriz diyalekti, (Təbriz, Əxtər yayınevi, 2012, 176s.)” kimi monumental əsərlərini məhz bu məqsədlə araya-ərsəyə gətirmişdir. Təsadüfi deyil ki, Türkiyənin Tarsus bələdiyyəsi Kültür və sənət danışmanı Qüdrət Ünal bütün türk dünyasının şair, yazar və alimlərinə bu böyük qaynaqdan-Ə.Daşqının lüğət və sözlüklərindən istifadə etməyi, yararlanmağı tövsiyyə etmişdir: “Adam (prof.Dr.Ali Daşkın) ömrünün onyedi sənəsini vermiş və xalqının varlıq, habelə gələcəyini düşünərək 12000 səhifəlik, həm də üç dilli sözlük yaratmışdır, bu işi böyük bir institut öz bilim adamları ilə birlikdə və uzun illər boyunca yerinə yetirə bilmir. Daha nə istəyirsiniz? Alın, qullanın bu böyük qaynağı siz-Türk ölkələrinin öncül yazar, şair və araşdırmaçısı olaraq!..” (“Zaminim sevgidir”, Bakı: Uluslararası “Vektor” Elm Mərkəzi Yayınevi, 2008, s.437).

Uzun illər Hindistanın baş naziri olmuş böyük hind mütəfəkkiri və ictimai xadimi Mahatma Qandi də məhz ana dilinin və ölkəsinin istiqlala qovuşması uğrunda savaşıb: “Hindistanda orta oxulda və universitetdə yabancı dildə oxuma yayılmışdır. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıxması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə oxumanın bizə nə qədər zərər verdiyinin fərqində deyilik. Özümüz yabancı dildə təhsil aldığımız üçün bunun zərərlərini anlayıb önləmlər almalıyıq (4.s.45).”

Əfsuslar olsun ki, bu tendensiya dünyanın inkişaf etmiş ölkələrilə ayaqlaşmaq üçün gecə-gündüz çabalar göstərən bir sıra ölkələrə də xasdır. Son nəticədə itirən, uduzan yabançı dilləri ana dilindən üstün sayanlar olur. Eynilə müdriklərimizin bir kəlamında deyildiyi kimi: “Toyuq qartal yerişi yerimək istədi, öz yerişini də itirdi.”

Ancaq M.Qandinin söylədiklərindən də görünür ki, deməli, dünyanın imperiya əsarətində olan bütün xalqları eyni hisslərlə yaşayır, eyni amacla da savaşırlar... Şair, dilçi alim-türkoloq Həmid Nitqi də imperiya əsarətində olan bir xalqın övladı olaraq bu acı həqiqəti vaxtında görürdü. Vətənsevər alim çıxış yolunu “Dildə, fikirdə, əməldə birlik” şüarını gerçəkləşdirmək uğruna çabalar göstərmiş, bütün dünya boyu sakinləşmiş böyük Türk millətinin bir-birini ortaq bir dildə danışıb anlaması naminə ömrünü fəda etmiş İsmayıl bəy Qaspıralının hələ XIX əsrin ikinci yarısında irəli sürdüyü “Vahid ədəbi dil sistemi”ni yaratmağın vacibliyini dərk edirdi… Hətta bu məqsədlə 80-ci illərdə “İmla qaydaları” adlı məqalə yazaraq “Varlıq” dərgisinin əlavəsi kimi nəşr də etdirmişdi. Şəhriyarın Azərbaycan türkcəsində qələmə aldığı “Heydərbabaya salam” əsərinin xalq danışıq dilinə son dərəcə yaxınlığını xüsusi vurğulayan dilçi alim Quzey Azərbaycanda illərdən bəri mövcud olan və geniş şəkildə tətbiq edilən imla prinsiplərini gözləməklə ərəb əlifbası əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir ədəbi dil sistemi, yazı üsulu da yaratmışdı. Həmin yazı üsulu – “İmla qaydaları” bu gün Güneydə və onun dışında yayımlanan “Varlıq”, “Xudafərin”, “Yaşmaq”, “Bayquş”, “Güneyin səsi”, “Ban” və s. kimi mətbu orqanlarda işlənməkdədir. Lakin dilini, elini, yurdunun istiqlalını düşünən, orijinal, mükəmməl şeirlərinin də yer aldığı lirikasını zərif tülə bürünmüş gözəl gəlinə bənzədən, o tülü qaldırmağı, vəsf elədiyi gözəlliyi görməyi isə oxucunun ixtiyarına buraxan və:

Sevda deyil, bəs bu nədir?

Daş qəlbinə kəbə deməm?

Yalın ayaq, yana-yana

yanğın yerində yeriməm?

Yalanına

ən müqəddəs gerçək kimi inanıram..

Allarını bilə-bilə yenə sənə allanıram...

Sevda deyil, bəs bu nədir? (5.s.108).

-kimi sərbəst şeirin ən gözəl nümunələrini yaradan bir şairin Güneydə modern şeirin yaradıcıları sırasında bu gün adının çəkilməməsi təəssüf doğurur... (Səbəbini bu günlərdə bir şair dostum söylədi. Amma doğrusu, təəccüb elədim, çünki Güneyli qardaş və bacıla-rım şairin, sənətkarın şəxsiyyətini (Əlbəttə, şəxsiyyət önəmlidi, amma yazarın əsərlərində vurğuladığı mətləblər onun şəxsiyyətindən az əhəmiyyət daşımır-E.F.Ş.) yazılarından üstün tuturmuşlar, Vətəni yalnız siyasi mühacir kimi tərk etməyə məcbur olanları öz aralarında sanır və şüurlarında tuturmuşlar. Bu məsələyə açıq münasibətini və böyük Şəhriyarı nə üçün sevdiyini, qarşısında baş əydiyini həmin şairin məktubundan bir parça ilə sunuram: Mən Şəhriyarın türkcə şeirlərini zəif olduğu için sevməm (Təbii, bu, həmin şairin yanaşmasıdır, zatən mən ona yüz dəfə desəm ki, - “Heydərbabaya salam” poeması təkcə Güney, bütövlükdə Turan ellərinin ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında şah əsərlərdəndir, o, öz mövqeyində duracaq. Amma Şəhriyar irsini araşdıran bir elm adamı kimi, bu əqidədəyəm ki, “Heydərbabaya salam”, hələ üstəlik “Səhəndiyyə” poeması da dünya ədəbiyyatında eşi bulunmaz şah əsərlərindəndir-E.Ş.F), ama o adama baş əyərəm, çünki xalqına döndü və “gəldim öz şəhərimin Şəhriyarı (padışahı) olam, Tehran məni anlamadı, dedi. “Türkün dili tək sevgili, istəkli dil olmaz” deyə ana dilinə pasport verdi. O yabancı ölkəyə gedib oradan vətən sevmədi, Təbrizdə və Ulu Xaqaninin yanı-başında uyudu və hər gün yüzlərlə soydaşının türkcə düşünməsinə səbəb oldu.” 

Bu, örnək olası bir faktdır, deyilmi? Elə bu məqamda qeyd etmək yerinə düşər ki, böyük Şəhriyarın, Səhənd, Sahir, S.Behrəngi, Sönməz, Savalan, H.Nitqi, Ə.N.Oxtay və digər klassik söz ustadlarımızın, N.Mənzuri, Ə.Daşqın, Ə.Alov, C.Bozorgəmin, N.Əzhəri, Ə.Səlami, H.Qaraçay, H.Şahbazi, Səhər xanım, M.Əzizpur və digər çağdaş şair və araşdırmaçıların səylərinə, bu yöndə xidmətlərinə baxmayaraq, Güneydə bu gün vahid ədəbi dil tam şəkildə formalaşa bilməmişdir. Söz ustalarının əksəriyyəti danışıq dili ilə ədəbi dilin fərqləndirilməsini gərəksiz sayır və əsərlərini danışdıqları tərzdə, yaxud şivə və dialektə uyğun yazmaqda davam edirlər.

Böyük türk şairi Nazım Hikmət əsərlərini hələ 1929-cu ildən etibarən “Yalnız konuştuğumuz dili yazmayacağız, konuşmamızı esas olarak alacağız, fakat bu temelin üstüne biz yeniden bir dil yaratacağız” prinsipi ilə qələmə alırdı və əsas məsələnin yalnız yazarın yaradıcılıq üslubunda, dilinin təzəliyində, yəni, yeniliyində olduğunu düşünürdü. N.Hikmət, hətta “Nəsrin ayrı, şeirin də ayrı dili olmalıdır”, - istilahını belə qəbul etmirdi. Əslində Güneydə də ziyalıların bir araya gələrək, tutaq ki, Şəhriyarın “Heydərbabaya salam” adlı şah əsərini yaratdığı xalq danışıq dilini-Təbriz şivəsini əsas götürərək vahid sistemli ədəbi bir dilin formalaşdırılmasına nail olması mümkündür. Lakin bu məsələ, hələ ki, açıq qalır və artıq vahid sistemli ədəbi dilin formalaşdırılması günün ən aktual tələblərindən biri olaraq sənət adamlarının daimi dartışma mövzusuna çevrilmişdir. Xatırladaq ki, “Talanmış günəş” adlı şeirlər kitabı ilə ədəbi aləmə səs salmış istedadlı şair Nasir Merqatinin ərəb dilindən alınan bəzi sözlərin cəm şəkilçisi qəbul etməsi məsələsinə maraqlı münasibəti, obyektiv yanaşması ilə ilgili həm Güneydə, həm də Quzeydə düşünməyə dəyər. Çünki bu yanaşmanın özü də vahid Ədəbi dil məsələsinin gərəkliliyini açıq-açıq gündəmə gətirir. Həqiqətən gözdən qaçan bu məqamla bağlı onun bir yazar, bir ziyalı kimi narahatlığı başa düşüləndi... Biz Nasir bəyin fikirlərini həm redaktə edərək (I sitat), həm də olduğu kimi (II sitat) təqdim edirik: “Doğrusu, bilmirəm bu, ərəbin sonsuz lütfüdür, yoxsa Quzey Azərbaycanın çiyninə qonan dövlət quşunun hopdurduğu iqbal-tale. Hər halda, Tanrı-təala Quzey Azərbaycana “balam” demişdir. Dedi-qoduyla işim yoxdur, sözümün canı “fal”dadır. Daha doğrusu, heç başa düşə bimirəm, nə üçün ərəbdən alınan bu falların bir çoxu Quzey toyuğunun altına qoyulduqdan sonra, iki sarılı çıxır? İnanmırsınızsa, onda “ədəbiyyat”, “mədəniyyət” və ya “şəxsiyyət” kimi sözlərə baxın. Əvvəllər bu falları görəndə: “Bunda bir hikmət yatıb”, - deyir və düşünürdüm ki, bəlkə ərəblərin bizim Quzey Azərbaycana lütfü çox olduğundan ona bir “y” hərfini artıq bağışlayıblar. Ancaq çox düşünüb-daşındıqdan sonra, belə bir sonuca vardım ki, bu, elə dövlət quşunun öz işidir. Ancaq bilmirəm, nədənsə bu iqbalı Quzeyın çiyninə qonduran dövlət quşu başa düşməyib ki, ərəb dilində “i” və “y” hərflərini göstərmək üçün yalnız bir əlamət var. Ona görə də “i” mənsubiyətilə bitən kəlmələr “at” və ya “ət” şəkilçilərini götürəndə, iki səsli bir-birinin yanına düşdüyünə görə, arada yalnız bir səssiz-“y” hərfi alır, nəinki iki səssiz. Ona görə də ərəb xəttilə yazılan “ədəbiyat, mədəniyət” və bu kimi digər sözlərdə yalnız bir “y” səsi yazılır və onun üstünə ( ــّ) əlaməti qoyulur. Bu əlamət iki “i” və “y” səslərinin göstərgəsidir. Örnək: 1) ədəb+i=ədəbi+at-=ədəbi(y)at. 2) şəxs+i=şəxsi+ət-=şəxsi-(y)ət.”

Qeyd edim ki, Nasir bəy “sait” sözü əvəzinə xalis türkcə kəlmə olan “səsli” işlədib, ona uyğun olaraq mən də “samit” sözünü “səssiz”lə əvəzlədim və yerində olduğunu düşündüm. Diqqəti ona yönəltmək istəyirəm ki, bu iki parçanı qiyaslasaq, heç bir soydaşımız Hadi bəyin və onunla eyni mövqeyi paylaşan dəyərli aydınlarımızın Güneydə vahid, mükəmməl Ədəbi dil yaratmaq uğrundakı çabalarını anlamaqda zorluq çəkməz: “Doğrusu bilmirəm bu Ərəbin sonsuz lütfüdür yoxsa quzey Azərbaycanın çininə qonan dövlət qusuşunun hopdurduğu iqbalı. Hər halda tanrı təala quzey Azərbaycana balam demiş. Dedi-qoduynan işim yoxdu, sözümün göbəyi “fala”dadır. Lap doğrusu heç başçı-xarda bimirəm nədən dir Ərəbdən alınan bu falaların bir choxu quzey toyuğunun altına qoyulduqdan sonra iki sarılı çıxır? İnanmısizsa onda “ədəbiyyat”, “mədəniyyət” və ya “şəxsiyyət” kimi sözlərə baxın. Əvvəllər bu falaları görəndə; “Bunda bir hekmət yatıb” dedim. Düşünürdüm ki; bəlkə Ərəblərin bizim quzey Azərbaycana lütfünün çox olduğundan, ona bir artiq “y” hərfi bağışlayıblar, ancaq çox düşünüb- daşındiqdan sora, belə fir sonuca çatdım ki; bu, elə dövlət quşunun öz işi dir. Ancaq bilmirəm nədənsə bu iqbalı quzeyın çininə qonduran bu dövlət quşu başa düşməyib ki; Ərəb dilində “i” və “y” hərflərin göstərmək  üçün yalnız bir əlamət var, ona görədə “i” mənsu-biyətilə bitən kəlmələr “at” və ya “ət” götürəndə iki səslinin biri- birinin yanına düşdüyünə göprə, arada yalnız bir dana samit “y” hərfi alır, və nə iki dana. Ona görədə Ərəb xattilə yazılan “ədəbiyat, mədəniyət” və bu kimi sözlərdə, yalnız bir “y” səsi yazılır və onun üstünə ( ــّ) əlaməti qoyulur. Bu əlamət iki ) “i” və “y” ( səslərinin qösrərgəsidir. Örnk ücön: 1. ədəb+i=ədəbi+at=ədəbi(y)at. 2. şəx+i=şəxsi+ət= şəxsi(y)ət” (6)

Nasir bəyin fikirlərinin yer aldığı sitatı imkanım və anladıqlarım çərçivəsində redaktə etməyə cəsarətləndim... Açığı bu cəsarəti mənə çox sevdiyim və əsərlərini öləsiyə bir sevgi ilə oxuduğum, fikirlərini yağış tək ruhuma çilədiyim Əziz Səlaminin istedadlı xanım şairimiz Səkinə Purhəsənin şeirləri haqqında yazdığı bu qutsal kəlmələr verdi: ”Səkinə Purhəsənin şeirləri belə sənətçilik bacarıqları ilə doludur və bütün bunlar dilimzdə dəyərli bir şairin doğuşunu bildirir. Ölkəmizin güneyində qələm çalan bir çox yurddaşlarımız kimi, onun da şeirləri gözəl bir redaktə yardımının yoluna göz tikmişdir! Bu yardım çatarsa, onun gözəl və dəyərli şeirləri daha da gözəl və daha da dəyərli ola biləcəkdir. Gizləməyim ki, mən özüm də gündüzün günəşi altında, əlimdə fənər, bu yardımçını hər zaman arayıb və aramaqdayam (7).” Sevdiyim şairlər sırasının önündə yer alanlardan olan və yetərincə mükəmməl şeir və öykülər yazan, çevirilər edən Əziz Səlami bu ehtiyacı görür və duyursa, onda yubanmadan Hadi bəyin dil islahatlarına qoşulmaq ehtiyacı da doğulur... Çünki Güneyli yazarların məna dərinliyi, məzmun dolğunluğu, dəyişik forması ilə seçilən əsərlərinin sadəcə üslub və ifadə xətalarını aradan qaldırmaq gərəkdir...

2011-ci ildə Güney Azərbaycanda cərəyan edən ədəbi prosesdə diqqətçəkən hadisələrdən biri Cəfər Bozorgəmin, Sayman Aruz, Duman Ərdəm, Elvar Quluvənd, Ramin Cahangirzadə, Solmaz Məhəmmədrizayi, Saray Məhəmmədrizayi kimi bir neçə Güney Azəbaycan şaır, tənqidçi və yazarının bugünkü Azərbaycanın özgür insanına gərəkli saydıqları anti-ədəbiyyat manifestini elan etməsi olmuşdur. Onların çağdaş media, veb, internet, evrənsəl kənd və ilişgilər dünyasında Azərbaycan türkü necə düşünməlidir, hansı sənət və ədəbiyyatla maraqlanmalıdır? - suallarına özlərinin cavablarının da yayımlandığı manifest düşündürücü məqamları ilə diqqət çəkir: “Bu gün Azərbaycan ədəbiyyatçısı haçanadək keçmişin çürümüş sümüklərindən asılaraq, ortaçağ Azərbaycanının el-oba, çadır, at, qılınc, qalın bığ, atalıq, dədəlik, çəkəndə misri qılıncı, leş bir yana-baş bir yana ozaylarında gəzişərək, yaşadığı çağdan yadlaşıb, geriyə addımlamalıdırlar? Arxada buraxılmış ədəbiy-yata olan qutsallıqla, köləcikliklə, deyişimsizliklə yanaşmalıdırlar? Azərbaycan çağdaş insanı haçanadək Şəhriyarın dünya yalan dünyadır kimi narkotik ozaylarına uymalıdır? Haçanadək modern və postmodern əsrində folklor və divan şeiri fəzalarını yaşamalıdır? Maraqlısı ədəbiyyatçılarımızın: Azərbaycan hələ gələnəksəl durumu yaşayarkən, hələ modernləşməmiş, post-modernizmi qonuşmaq gülüncdür" kimi qonuşmalardır. Bizcə daha yetər. Əski çərçüvələr pozulmalıdır. Ozaylar deyişilməlidir. Yaşasın, eşq olsun, mən elimin Koroğlusu, sən Nəbisi, o Babəki kimi sloganlar şeir və öykümüzdən köçməlidirlər. Modern üsturə (mif)lər yaranmalıdırlar: qılıncsız, atsız, bığsız, nərəsiz, çənlibelsiz və başsız, leşsiz... bizə bu gun politikaçı, dilçi, araşdırıcı, teknolog, alim, ekonomist və... gərəkir olsunki arıq-cılız, amma qafası çalışan modern düşüncəli iş bilən. Azərbaycanın yapı-sökümcü postmo-dern satiraçısı (Diqqətli oxucu neçə qələm sahibinin imzaladığı manifestdən bu bircə parçada yol verilən üslubi yanlışlara nəzər yetirən kimi anlayacaq ki, vahid Ədəbi dil yaratmağın vacibliyini hayqıran Güneyli ziyalılar nə qədər haqlıdırlar!..) Ramin Cahangirzadə nə gözəl yazmış:

Babalarımızı qəbirdən xortladarkən,

Bir-birinin canına salacayıq.
Dədəmizin qopuzunu duvardan asıb,


İspan gitarasını verəcəyik əlinə
Dədəmiz yeni hava çalmağı bacaracaq,


Əjdər əmi lambada oynayacaq... (8)

Bəs, “Daşlar” seriyasından yazdığı şeirlərini çox bəyəndiyim və təqdir etdiyim istedadlı gənc şairimiz Ramin bəy görəsən düşünmürmü ki, dədəmiz əlinə gitara götürüb çalanda, Əjdər əmi lambada oynayanda nə qədər eybəcər görünə bilər!.. Niyə olanları kökündən qoparmağa çalışmalıyıq axı? Yeniləri qəbul edək, dədəmiz də qopuzunu saxlasın, Əjdər əmi də lambada yox, “Heyvagülü”, “Qaytağı”, “Qoçəli”ni oynasın... Gənclər, müasir cavanlar oynasınlar həm milli havalarımızı, həm də “Lambada”nı, “Tanqo”nu, hələ üstəlik “Gan-Gam style” da... Bir xalq keçmişini unutmazsa, bu gününü yaşadaraq gələcəyinə körpü salarsa, milli dəyərlərini bütövlükdə qoruyub saxlaya bilər... J.Amadu, L.Tolstoy, R.Taqor, Ç.Aytmatov, T.Drayzer, Şekspir, Höte, Volter və b. öz xalqlarının özəlliklərini qələmə aldıqlarına, əsərlərindəki güclü milli ruha, apaydın yansıyan milli koloritə görə bu gün dünya ədəbiyyatının korifeyləri sırasındadırlar... Siz, qatı yenilikçilər, mənə dünya ədəbiyyatından elə bir nümunə gətirin ki, o əsərə “Heydərbabaya salam”a yazılan qədər nəzirə, təxmis yazılsın, yaxud iqtibaslar edilsin!.. Bu həmin əsərdəki milli ruhun, Azərbaycan xalqının özəlliklərinin, milli mentalitetin parlaq təzahürünün nəticəsində baş verib, çünki əsəri oxuyan hər kəs öz dilini, keçmişini, uşaqlığını, doğulduğu məkanı, doğma yurdu xatırlayıb və ən əsası, türkcə düşünüb... Milli dəyərləri olmayan bir xalq köksüz ağaca bənzər, gec-tez quruyacaq... Mən kiməsə dərs vermək niyyətindən çox-çox uzağam, amma bu sətirləri yazanda istər-istəməz bir hadisəni xatırladım... Fransanın paytaxtı Paris şəhərindəki məşhur “Paris Notterdam kilsəsi”ni hamı xatırlayır. Kilsənin yerləşdiyi küçədəki binaların üzərini ağartmaq-restavrasiya etmək (Bakıda olduğu kimi) istəyən Şəhər meriyasının əməlinə qarşı xalq bir nəfər kimi ayağa qalxaraq küçələrə axışmış və: “Buna heç vəchlə yol vermək olmaz, çünki bu divarlarda böyük Viktor Hüqonun əl izləri var” demiş, bu işə qol qoymamışdır. Biz isə gəlin əsrin fenomeni olan Şəhriyarı narkotik aludəçisi adlandıraq, Q.Saedini, H.Nitqini, R.Bərahanini və b. xaricdə yaşayıblar deyə dışlayaq, dahilərimizi kiçildə-kiçildə, ləkə vura-vura gedək, haraya qədər?!! Qəribə tendensiya yaranıb bu gün, həm böyük Vətənin Quzeyində, həm də Güneyində... Əlinə qələm alıb şeir yazmağa başlayanların ilk tənqid hədəfi özünəqədərki nəslin yazarları, yaxud da müasirləri, onların əsərləri olur, “Dədəm mənə kor deyib, gələnə-gedənə vur deyib” prinsipi ilə əllərinə keçəni xışdayırlar... Deyən yoxdur ki, sən hələ o səviyyəyə çat, hansısa bir əsərin dilllərə düşsün, xalq səni tanısın, sevsin, sonra tənqid atəşinə tutarsan da bu xalqın yaratdıqlarını... Bu məsələdə də Hadi bəyin mövqeyini dəstəkləyirəm, ən azından “Dil varlığın eviymiş” yazısındakı fikirlərinə görə... O, çağdaş ədəbiyyatda imzası olan hər bir qələm adamına qısqanclıq duyğusu ilə yanaşmadan yüksək dəyər verməyi bacarır, eləcə də Hümmət Şahbazi, Əziz Səlami, Nadir Əzhəri, Həmid Arğış, Əli Daşqın və b...

Əlbəttə, bu gün Güneydə dinamik inkişaf edən ədəbi prosesin diqqət çəkən yönlərindən biri son illərdə ədəbi tənqidə böyük marağın, rəğbət və diqqətin artmasıdır… Ədəbi təhlil yazıları ilə mətbuatda ara-sıra çıxışlar edən, ədəbi tənqid sahəsindəki boşluqdan, şeir toplularındakı qüsurlardan yana bir ziyalı narahatçılığı duyan Cəfər Bozorgəmin bu sahədəki irəliləyişi də nəzərdən qaçırmır: “Ancaq gənclərimizin şeirinin necəliyi və xarakteri üs-üstə (bəzi əski yazan gənc şairlərimiz istisna olaraq) şuarçılıq və ögüd-xitabədən uzaqlaşmaq, şeirdə dil və formanın önəmsənməsi, ərdi və özəl şairanə baxışlar, qəzəl, folklor, aşıq şəri fəza və estetikasından qırılmaq, modern, postmodern şeir estetika izlərinin görünməsi olmuşdur. Bu gün şeirimizin qarma-qarışıq durumu, ifrat-təfrit (bir başı tam əskilik və bir başı təməlsiz aşırıçılıq) və anarşızmindən arınıb-durulub, sağlam və doğru axımı, xarakteri aydınlaşmalıdır. Şeir topluları! Dönə-dönə çapdan buraxılıb yayınlanırlar və bir professional tənqidçi boşluğunda durumları aydınlaşmayır. Professional ədəbiyyatımız da bu üzdən yarana bilməmişdir (2).” Cəfər Bozorgəminin də söylədiyi kimi, bu gün Çağdaş Güney Azərbaycan aydınlarını ən çox düşündürən məsələ ölkədə məhz professional ədəbiyyatın yarana bilməməsinin səbəbləridi... Tanınmış ədəbiyyatşunas alim Sabir Nəbioğlu, çağdaş şairlərimizdən Hadi Qaraçay, Nadir Əzhəri, Hümmət Şahbazi, Güntay Gəncalp, Sayman Aruz və b. kimi bunun səbəbini Güney Azərbaycan ədəbiyyatında bu gün yeri daha çox hiss edilən tənqidçilərin, ədəbi tənqid xarakterli yazıların yetərincə olmamasında görən Məlihə Əzizpur yazır: “Ədəbiyyatımızın daha da inkişaf edib irəliləmə-si üçün tənqidçilərə çox ehtiyac vardır. Yəni, özəlliklə gənc yazıçı nəslinin daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar. Bugün bu boşluq getdikcə daha da hiss olunmaqdadır. (3)”

Qeyd edək ki, Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı (Qureyşi), Əlirza Miyanalı və başqalarının yaradıcılığı haqqında maraqlı məqalələr yazan ünlü şair və tədqiqatçı Əhməd Alovın çağdaş dövr yazarlarının bədii irsinə, yeni yaranan əsərlərə ədəbi tənqidin yeni münasibətinə həsr etdiyi "Ədəbi-tənqidi araşdırmalar", Hümmət Şahbazinin “Müasir Güney Azərbaycan şeirinin tənqidi”, Eyvaz Tahanın “Dil varlığın evidir”, Cəfər Bozorgəminin “Çağdaş ədəbiyyatın tənqidi”, Nadir Əzhərinin “Məqalələr” adlı kitab və topluları da Güney ədəbiyyatşünaslığında mövcud olan boşluğu doldurmaq yönündə atılmış mühüm addımlardır. Bu uğurlu addımların sırasına Eyvaz Tahanın “Dil varlığın evidir” kitabı haqqında ədəbi yaradıcılığını çox bəyəndiyim, şeirlərini yüksək dəyərləndirdiyim Hadi Qaraçayın “Dil varlığın eviymiş” böyük həcmli təhlil-incələmə yazısını və Qadir Cəfərinin “Poema özəlliyi və poetika gözəlliyi (Qeydlər)”ini və Kiyan Xiyavın Ruqəyyə Kəbirinin susənbər yazıları üstündə bir not olaraq qələmə aldığı "nana yarpağında qadın hörümcək” adlı yazısını da kamali-ədəblə əlavə edə bilərik.

Bu tənqid xarakterli araşdırmaların içərisində “Poema özəlliyi və poetika gözəlliyi”ni incələyən Qadir Cəfərinin çağdaş dövrdə mənzumə sözünün əvvəlki mövqeyini itirməsi məsələsinə münasibətini örnək olaraq göstərmək istəyirəm, təbii, imla səhvlərini islah etməklə: “Mənzumə sözü poema qarşısında keçərliliyini itirmiş və təcrid olunmuşdur. Bunun səbəbi isə çağdaş poemaçılıqda nəzm və düzənin itməsi ilə yanaşı, sərbəst poemaların ortaya gəlməsidi. Digər yöndən çağdaş dövrdə klassik poemalar belə, içərikcə-mahiyyətcə fərqlənərək, yalnız nağıl, rəvayət xarakterini itirmişdir. Buna açıq-aydın örnək isə Şəhriyarın "Heydərbabayə salam" və "Səhəndiyyə" poemaları, Bəxtiyar Vahabzadənin "Muğam" və "Gülüstan" poemaları və Prof.Zəhtabinin "Şahin Zəncirdə" poeması və başqaları ola bilər. Vurğulanan poemalarda rəvayət etmək ənənəsi qalırsa da, artıq nağılçılıq duyulmamaqdadır. Dünya ədəbiyyatında tanış olduğumuz modern poemalar içində T.S.Elyotun "Çıraq ölkə"si və çağdaş ədəbiyyatımızda Nasir Merqatinin "Talanmış günəş" kitabında həmin adı daşıyan poemanın və "Yad torpağım" poemasının adını çəkmək olar. Modern poemalar rəvayət ənənəsinə sadiq qalmışlarsa da, modern estetika əsasında qurulmuşdur.”

2011-ci ildə Güneydəki ədəbi proseslə bağlı Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri, gənc şair Sayman Aruzun açıqlamaları da diqqətçəkicidir. Sayman bəy “Güney Azərbaycanda çağdaş ədəbi proses” adlı hesabat xarakterli məqaləsində Nasir Mənzuri, Nasir Merqati, Rəsul Yunan, Əli Əbbası, Həmid Arğış, Məhəmməd Sübhdel, Rza Kazımi, Atilla İskəndərani, Səkinə Həsənpur, İsmayıl Ülkər, Nigar Xiyavi, Məlihə Əzizpur, Həmid Əhmədi, Güntay Gəncalp, Mahmud Məhdəvi, Valeh Şiri, Rüqiyyə Kəbiri, Həsən Səfəri, Rüqiyyə Səfəri və başqalarını gənc yazarlar kimi uyğulayır, onların yaradıcılığından nümunələr gətirməklə toxunduqları mövzulara, duyğu və düşüncələr aləminə qısa nəzər salır. O, ədəbi tənqid sahəsində isə Eyvaz Taha, Cəfər Bozorgəmin, Nadir Əzhəri və Hümmət Şahbazinin məqalə və kitablarında müasir Güney ədəbiyyatının durumunu təhlil etdiklərini, onların çağdaş ədəbiyyatın güclü və ya zəif tərəflərini göstərməyə çalışdıqlarını diqqətə çatdıran Əhməd Alovın fikirlərinə söykənərək öz yanaşmasını sərgiləyir: “Daha şairin "Morği-dili" "Zülfü-pərişanda" aşiyan salmır. Bəlkə şairin ürək quşu Vətən bağında gül-çiçəkli, meyvəli-barlı ağaclara qonur və onların budaqlarında yuvalanır. Şair daha “Şahi-zənəxdan” dustağı yox, el qayğısının əsiri olur. Xəyali dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair əlçatmaz röyalara, xülya-lara dalmır (13).”

M.Aslanın “Muradəli Qüreyşi (Qaflantı)” adlı məqaləsi də Güney Azərbaycanda müasir ədəbi tənqidin simasını əks etdirmək baxımından maraq doğurur. Böyük şair-sənət-kar gələcəyinin onu gözlədiyinə bütün qəlbimlə əmin olduğum, şeirlərini sevə-sevə oxuduğum Məlihə Əzizpurun təkcə Səhər xanım haqda deyil, ümumiyyətlə, Çağdaş Güney ədəbiyyatının istedadlı yaradıcıları haqqında bir ədəbiyyatşünas-tənqidçi təfəkkürü ilə qələmə aldığı “Çağdaş Güney ədəbiyyatının durumu”, “İstibdada qarşı milli ədəbiyyat”, “Güneyin çağdaş qadın şairləri” kimi ədəbi təhlil xarakterli yazıları da Güney ədəbiyyatının bugünkü simasının göstərgəsidir. Onun Güney ədəbiyyatı ilə bağlı obyektiv fikirləri, bu ədəbiyyatı yaradanlara - Şəhriyar, Səhənd və Sahirə, Ə.Oxtaya, yaxud Əli Cavadpur, Zeynal Cəfərpur, Səid Muğanlı, Vüqar Nemət, Əziz Səlami, Səhər xanıma və başqalarına ədalətlilik mövqeyindən yanaşaraq həm klassik, həm də çağdaş ədəbiyyatı və yazarları vəhdətdə uyğulaması, tənqidçi obyektivliyi diqqət çəkir. Əlbəttə, nəzəri-estetik görüşlərində bir dərinlik, analitik təfəkkür yansıyan Məlihə xanım və onunla eyni əqidədə olan qələmdaşları dərindən dərk edirlər ki, əsl ədəbiyyat məhz ənənəviçiliklə müasirliyin, çağdaşlığın vəhdətində yaranır və öz əbədiyaşarlığını da elə bu müstəvidə qazanır...

Hadi Qaraçayın Eyvaz Tahanın “Dil varlığın evidir” kitabı haqqında qələmə aldığı və böyük zövq və maraqla oxuduğum “Şeir varlığın eviymiş” adlı məqaləsini ədəbi tənqid isti-qamətində yazılmış ən uğurlu yazılardan biri hesab edirəm. O, Nasir Merqatinin “Talanmış Günəş” kitabı haqqında ciddi fikirlər söyləyir. Ancaq ilk olaraq Eyvaz bəyin “Şeir varlığın evidir” kitabının çox cildli olacağını vurğulamadığını, son dönəmlərdə Güney ədəbiyyatını zənginləşdirən “Mavilər”, “Talanmış Günəş”, “Gözü yaşlı küçələr”, “Günəş tonqalı”, “Bəlkə daha deyənmədım”, “Hər rəngdən”, “Zəncirdə sevda” kitablarının hər birində bəhs edilməli mövzular, haqqında danışılası qonular-mətləblər olduğu halda, ciddi araşdırmaçı kimi ədəbi aləmdə artıq öz möhürünü vurmuş Eivaz Tahanın “yazıçılarımızın yüksək  ədəbi yaradıcılığını görməzdən gəldiyini, hətta Hümmət Şahbazinin də söylədiyi kimi, 1991-ci illərdən bəri Güneydə şeirlə yazı dili arasında getdikcə daha da dinamikləşən gəlişməni, Kiyan Xiyavın, Ərsan Ərelin, Səid Heydər Bayatın, Ramin Cahangirzadənin, Lalə Cavanşi-rin, Məlihə Əzizpurun, Sahil Azərin, Duman Ərdəmin, Aydın Arazın, Elyad Musəvinin, Elnaz İslamvəndin, Səid Muğanlının, Süleyman Məhəmmədoğlunun, Elşən Böyukvəndin yaradıcılığını gözardı etdiyini müəllifin yanlışı kimi dəyərləndirir. Hadi bəy haqlı olaraq düşünür ki, əgər Eyvaz bəy Kiyan Xiyavın bu şeirini oxusaydı, belə yazmazdı:




Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin