10.2. İri korporasiyaların cəmiyyətin əsas qrupları ilə münasibətdə sosial məsuliyyəti
Korporasiyanın sosial tərkibi haqqında bir-birinə zidd olan iki nəzəriyyə mövcuddur. A. Smit, M.Fridman, Q.Saymon, L.Mizes klassik və neoklassik iqtisadi məktəblərin digər nümayəndələri ,mahiyyət etibari ilə korporasiyanın sosial institu olmasını qəbul etmirlər. onlara görə korporasiya və ümumiyyətlə biznes yalnız mənfəət qazanmaq üçün məqsədyönlü şəkildə fəaliyyət göstərməlidir: iqtisadi funksiyanı yerinə yetirməklə korporasiya cəmiyyət üzvlərini işlə təmin edir.
Ikinci nəzəri doktrinaya görə korporasiyanın fəaliyyəti iqtisadi məqsəd və vəzifələrlə məhdudlaşmamalıdır, o, öz fəaliyyətinin əməkdaşlara, istehlakçılara, investorlara, yerli sakinlərə və bütünlüklə cəmiyyətə təsirinin sosial və etik aspektlərini nəzərə almalıdır. Korporasiya insan, təşkilat və cəmiyyət qarşısında sosial məsuliyyət daşıyır. Bu konsepsiaynı ABŞ-da XX əsrin 30-cu illərində “SİRS” şirkətinin başçısı Robert Vud irəli sürmüşdür. Lakin inkişaf etmiş ölkələrdə bu konsepsiyaya həqiqi maraq XX əsrin 50-ci illərində göstərilməyə başlamışdır. Beynəlxalq təcrübəyə görə iqtisadiyyat böhran keçirdiyi dövrdə birinci konsepsiyaya, dayanıqlı inkişaf dövründə isə ikinci konsepsiyaya üstünlük verilir.
Müasir dövrün sürətlə dəyişən sosial-iqtisadi şərtləri əmtəə və xidmət bazarında fəaliyyət göstərən işgüzar təşkilatların qarşısında təkcə mövcudluqları qorumaq, fasiləsiz inkişafını təmin etmək, öz potensiallarını artırmaq funksiyalarını deyil, eyni zamanda cəmiyyətin əsas qrupları ilə qarşılıqlı münasibətdə cəmiyyətin bir çox sosial problemlərin həllində fəal iştirak etməyi tələb edir.
Təşkilat özünün müasir inkişaf mərhələsində dövlətin, istehlakçıların və ətraf mühitin müdafiə qruplarının artan təzyiqi altında fəaliyyət göstərir.
Sosial məsuliyyət mövzusunda ilk əsaslı əsər keçən əsrin 50-ci illərində yazılmış H.Bouenin “Biznesmenin sosial məsuliyyəti” əsəri idi. O, bu əsərdə sosial məsuliyyət konsepsiyasının biznesə necə şamil edilməsi, işgüzar qərarların qəbulu zamanı cəmiyyətə sosial və iqtisadi fayda verən geniş sosial məqsədlərin dərk edilməsi məsələlərini dövrün vacib problemi kimi irəli sürmüşdü.
Müasir işgüzar təşkilat həm əmtəələri, həm də onların alınması üçün alıcılıq qabiliyyətini generasiya edir; sosial infrastrukturun genişləndirilməsini təqdir edir və kapitalı mənfəətlə təmin edir; təşkilatın özündə əlaqədaə olduğu təşkilatlarda, dövlət sektorunda iş yerləri yaradır; ətraf mühitlə cöxsaylı qarşılıqlı münasibətləri ilə səciyyələnir. Şübhəsiz ki, təşkilatın uğurları da onun bu münasibət və əlaqələri necə nizamlanmasından yüksək səviyyədə asılıdır.
Işgüzar təşkilatın ictimai qrupların sosial tələblərinə qarşı fəaliyyəti strateji planlaşdırmanın bütün hallarında olduğu kimi gələcəkdə baş verə biləcək hadisələrə uyğun qurulmalıdır.
Ictimai qruplarla münasibətdə məqsədlərin seçilməsi və oyun qaydalarının müəyyənləşdirilməsinə təşkilat rəhbərlərinin təsirinin məhdudluğunu qəbul etmək lazımdır. Bu məqsəd və qaydalar müxtəlif ideologiya nümayəndələrinin apardıqları danışıqların sövdələşmələrin və öz baxışlarına üstünlük qazandırmaq istifadə edilən digər vəsaitlərin sayəsində reallaşdırılan siyasi proseslərlə müəyyənləşdirilir.
Ictimai qruplarla münasibətdə işgüzar təşkilatın strategiyasının təhlili, əsas etibarilə üç istiqaməti əhatə etməlidir (şəkil 10.1):
- məqsədləri;
- məhdudiyyətləri;
- təşkilatın fəaliyyət göstərdiyi xarici güc sahəsini.
Dostları ilə paylaş: |