13.3. Müəssisədə korporativ vergi menecmentinin təşkili Korporativ vergi menecmenti sisteminin yerinə yetirdiyi funksiyaları nəzərə almaqla onun tərkibində aşağıdakı alt sistemlərin olmasını zəruri hesab etmək olar:
korporativ vergi menecmentinin məqsədləri alt sistemi;
vergi planlaşdırılması və proqnozlaşdırılması alt sistemi;
Bu alt sistemlərin əsas funksiyaları və qarşılarında duran vəzifələrlə tanış olaq.
Korporativ vergi menecmentinin məqsədləri alt sistemi dövlətin vergi doktrinasını nəzərə almaqla və müəssisənin ümumi inkişaf strategiyasından çıxış edərək korporativ vergi menecmentinin məqsədlərini müəyyənləşdirir.
Vergi planlaşdırması və proqnozlaşdırılması alt sistemi müəssisənin vergi öhdəliklərinin minimallaşdırılması və növbəti dövrlər üçün ödənilməli olan vergi məbləğinin proqnozlaşdırması məqsədlərini əhatə edir. Bu alt sistemin əsas funksiyaları aşağıdakılardan ibarətdir:
vergi nöqteyi-nəzərindən optimal idarəetmə variantlarının işlənib hazırlanması;
tətbiq edilmiş variantların maliyyə nəticələrinin qiymətləndirilməsi;
seçilmiş vergi planlaşdırması sxemlərinin həyata keçirilməsinə nəzarət edilməsi;
mühasibat və vergi uçotu siyasətinin işlənib hazırlanmasında iştirak etmək.
İdarəetmə prosesinin elementi kimi vergi tənzimləməsi vergi planlaşdirması və vergi nəzarəti alt sistemləri arasında bir əlaqələndirici həlqədir. Korporativ vergi menecmenti sistemində vergi tənzimləməsi dedikdə vergi planlarının reallaşdırılması prosesinə operativ müdaxilə prosesi başa düşülür. Praktiki olaraq vergi tənzimləməsi qərarların qəbul edilməsi, vergi menecmentinin qarşısında duran vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi üçün onların detallaşdırılması yolu ilə reallaşdırılır.
Vergi nəzarəti və vergi auditi alt sistemi vergilərin düzgün hesablanması, budcəyə vaxtında ödənilməsi, vergi öhdəliyinin yerinə yetirilməsi zamanı yol verilmiş səhvlərin aşkar edilməsi və onların aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələləri əhatə edir. Bu alt sistemin funksiyaları əsasən aşağıdakılardan ibarətdir:
müəssisənin fəaliyyətinə cari maliyyə və vergi monitorinqinin həyata keçirilməsi;
müəssisənin uçot siyasətinin işlənib hazirlanmasında iştirak etmək;
qəbul edilmiş idarəetmə qərarlarının yerinə yetirilməsinin bütün mərhələlərində vergi nəzarətinin təşkili və həyata keçirilməsi texnologiyası üzrə təkliflərin işlənib hazirlanması;
müəssisənin filiallarında, törəmə şirkətlərində uçotun təşkili ilə bağlı vəzifələrin icra edilməsi.
Motivasiya alt sistemi korporativ vergi menecmentinin qarşısında duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün motivasiya üsullarının seçilməsi və tətbiqi ilə bağlı məsələləri əhatə edir.
Ümumi halda qərarın qəbul edilməsi nəyin və necə seçilməsi, planlaşdırılması, təşkil edilməsi, hansı motivasiya tədbiri vasitəsilə vergi menecmentinin yuxarıda göstərilən funksiyalarının yerinə yetirilməsinin təmin edilməsinin müəyyən edilməsidir.
Qərarların qəbul edilməsi müvafiq informasiya təminatının olmasını tələb edir. Bununla əlaqədar olaraq korporativ vergi menecmenti sistemində vergitutmanın informasiya təminatı alt sisteminin olması zəruridir. Alt sistem vergitutma prosesini və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti reqlamentləşdirilən normaitv-hüquqi xarakterli informasiya blokundan, ayrı-ayrı vergi növləri üzrə uçot-heabatla bağlı informasiyanı əks etdirən blokdan təşkil olunur. Bu alt sistem əsasən aşağıdakı funksiyaları yerinə yetirir;
vergi, inzibati, mülki qanunvericiliklə, həmçinin şirkətin fəaliyyət göstərdiyi sahədə baş verən dəyişiklikləri nəzərdə saxlamaq;
mühasibat və vergi uçotunun, daxili vergi nəzarəti və auditinin avtomatlaşdırılması;
əməkdaşlıq edilən şirkətlər barədə informasiyanın toplanması və təhlili, həmçinin onların etibarlılıq dərəcəsinin qiymətləndirilməsi.
Vergi menecmentinin maliyyə menecmentinin ayrılmaz tərkib hissəsi olduğunu nəzərə alsaq vergi müəssisədə menecmentə rəhbərliyin maliyyə direktoruna həvalə edilməsini məqsədəuyğun hesab etmək olar. Xarici təcrübəni nəzərə alsaq maliyyə direktoru müəssisənin ən azı iki xidmətini koordinasiya etməlidir: mühasibat və hüquq.
Müəssisədə bu iki xidmət sahəsinin maliyyə direktoruna tabe edilməsi çox zəruridir. Müəssisənin mühasibatlılığı maliyyə göstəricilərinin kalkulyasiyası ilə bilvasitə bağlıdır. Bu göstəricilər əsasında isə büdcəyə ödənilməli olan vergilərin məbləği hesablanır. Deməli mühasibatliğın bilavasitə maliyyə direktoruna tabe etdirilməsi bir sıra problemlərdən yan keçməyə imkan yaradır.
Müəssisədə hüquq xidmətinin mühasibatlıqdan ayrı olması vergilərlə bağlı ciddi neqativ halların yaranmasına səbəb olur. Belə ki, bağlanmış müqavilələrin məzmunu, huquqşünasların istifadə etdikləri terminalogiya müəssisənin vergi öhdəlikləri ilə də bağlı olur.
Korporativ vergi menecmenti sistemində mülki-hüquqi müqavilə vergi planlaşdırılmasının əsas alətlərindən briridr. Bununla əlaqədar olaraq müəssisənin hüquq bölməsi ilə mühasibatlığı arasında sıx qarşılıqlı əlaqə olmalıdır. Belə qarşılıqlı əlaqəni isə maliyyə direktoru vasitəsilə koordinasiya etmək daha əlverişlidir.