Elmin cəmiyyətin və iqtisadiyyatın inkişafında rolu nədən ibarətdir?
Qurani-Kərimdə neçə yerdə elm sözü işlənib?
Dünya iqtisadiyyatında baş verən artımın neçə faizi insan kapitalı hesabına baş verir?
Elmi-texniki siyasət nədir?
İndiki bazar iqtisadiyyatı şəraitində dövlətin elmi-texniki siyasətinin prioritet istiqamətləri nələr olmalıdır?
Elmin maliyyələşmə mənbələri hansılardır?
Respublikamızda elmin kadr, informasiya təminatı ilə bağlı vəziyyət necədir?
“Beyin axını” nədir?
Yeni iqtisadi sistemdə respublikamızda elmin maddi-texniki bazası ilə bağlı vəziyyət necədir?
Tövsiyə olunan ədəbiyyat siyahısı
1.A.N.Muradov «Elmi-texniki potensial: əsas inkişaf meylləri və problemləri», Bakı, 2005-ci il; 2.Питер Дракер “Post kapitalist cəmiyyəti” Бакы, «Nurlan» 2003, 400 səh. 3.Forti A. Diseqno P. Scientific Research. Neads. Wash. 1981 4.Белл Д. Грядущее постиндустриальные общество. Опыт социального прогнозирования. М.; 1999 5.Добров Г. М. Наука о науке-3-е изд.и перераб. Киев: Наук. Думка, 1988-304с 6.Киселева В.В., Кузнецова Е.Е., Кузнецов Б.В. Анализ научного потенциала (межстран. аспекты ) М.; Наука,1991.-128 с 7.Давидюк С.Ф. Минтаиров М.С. Хозяйственный механизм в науке. Ленинград «Наука»,1990 112 с. FƏSİL 8 TƏHSİL
§1. Cəmiyyətin inkişafında təhsilin rolu və onun formaları
Məlum olduğu kimi, insan kapitalının formalaşdırılması sahəsində əsas ağırlıq təhsil sisteminin üzərinə düşür. Bu baxımdan indiki «bilik iqtisadiyyatı» əsrində əhalinin bilik və təhsil səviyyəsinin yüksəldilməsi kifayət qədər aktual və həlli vacib olan problemlərdəndir.
Ümumiyyətlə bilik çox xərc tələb etməklə yanaşı yüksək və uzunmüddətli gəlir gətirmək imkanına malikdir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələrin əksəriyyəti birbaşa və dolayısı ilə öz Ümumi Milli Məhsulunun təxminən 1/5-ni biliyin istehsalına və yayılmasına sərf edirlər. Deməli təhsil müəssisənin, təşkilatın və nəhayət ümumilikdə ölkənin sosial-iqtisadi inkişafında əsas mövqe tutur.
Keçən əsrin əllinci illərinin əvvəllərində, əmək məhsul-darlığının artırılması yollarını təsdiq edərkən insan tərəfindən qazanılan və inkişaf etdirilən əmək qabiliyyətlərini müstəqil amil kimi ayıran amerikan alimi T.Şults insan kapitalı konsep-siyasının formalaşmasına həlledici töhfə vermiş oldu. İnsan ka-pitalı nəzəriyyəsində insana investisiyanın aşağıdakı təsnifatı mövcuddur:
- biliklərə investisiya;
- sağlamlığa investisiya;
- mühacirət;
Elmə və təhsilə (biliyin artırılmasına) qoyulan investisiyalar insanın kapitalının (və potensialının) formalaşmasına qoyulan investisiyadır. Çox vaxt bu növ investisiyalar insana kapital qoyuluşu da adlandırılır. İnsan kapitalı ilə bağlı əsas nəzəri mühakimələr aşağıdakılardan ibarətdir:
- insanların təhsil nəticəsində əldə etdikləri biliklər və vərdişər kapitalın bir forması kimi çıxış edir;
-«insan kapitalı» məqsədli investisiyalaşdırmanın məhsuludur;
-«insan kapitalının» artımı tempi «maddi kapitalın» artım tempindən yüksəkdir;
Təsadüfi deyil ki, C.Kennedi prezident seçildikdən sonra 1961-ci ilin yanvarında ABŞ konqresində ilk çıxışında “…milli gəlirin artımının 40%-nin təhsilin payına düşdüyünü və təhsilə kapital qoyuluşunun iqtisadiyyata daha çox səmərə verdiyini nəzərə alaraq federal hökumət təhsilin, xüsusilə ali təhsilin inkişaf məqsədlərinin müəyyənləşdirilməsini öz üzərinə götür-məlidir, milli maraqlara uyğun olaraq ştatlarda yerli hakimiyyət və xüsusi təşkilatlar bu məqsədə çatmağa köməklik göstərmə-lidirlər” fikrini səsləndirmişdir. Bu fikirlərə əsaslanaraq təhsili iqtisadiyyatın inkişafının, həmçinin cəmiyyətdə insan kapitalının formalaşmasının və nəhayət əhalinin sosial rifahının yaxşılaşırılmasının ən vacib amili hesab etmək olar.
Dünya təcrübəsi göstərir ki, təhsil təkcə ölkənin sosial-iqtisadi və sosial-mədəni inkişafında deyil, həmçinin onun təhlükəsizliyi və davamlı inkişafında, məşğulluğun təmin olunmasında və yoxsulluğun azaldılmasında mühüm yer tutur. Bundan başqa, ixtisaslı kadrların yaratdığı maddi və mənəvi dəyərlə heç bir ixtisası olmayan insanın yaratdığı dəyər arasında ciddi fərq mövcuddur. İxtisasdılı kadrlar həmçinin əməyin keyfiyyəti baxımından da ixtisassız işçilərdən əsaslı şəkildə fərqlənir.
Beləliklə, təhsil - həyatda lazım olan bütün zəruri biliklərin toplanmasına, ağlın inkişafına, yaradıcı və səmərəli təfəkkür metodlarının təkmilləşdirilməsinə, iqtisadi artımın sürətlənməsinə bilavasitə təsir göstərir. Qazanılmış biliklər isə insanın ömür yolunda onu daim müşayiət edir.
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi də iqtisadiyyatın inkişafı ilə təhsil arasında sıx əlaqə olduğunu göstərir. Xatırladaq ki, ABŞ alimlərinin hesablamalarına görə bu ölkədə milli gəlirin artımının 15-20%-i təhsilin, bu göstəricinin ¼-i isə məhz ali təhsilin payına düşür. Bundan başqa, artımın 20-40%-ə qədərinin elmi biliklərin təkmilləşdirilməsi və onların istehsal prosesində tətbiq olunmasının hesabına baş verir. Sözsüz ki, bu prosesdə ali məktəblər xüsusi rol oynasa da, ümumilikdə ölkədə təhsil sisteminin (uşaq bağçalarını da bura daxil etmək olar) çox böyük təsiri vardır. Qeyd etmək lazımdır ki, ABŞ-da yerinə yetirilən fundamental tədqiqatların 60%-i, Yaponiyada 54,9%-i, Almaniyada 57,9%-i, Fransada 90%-i, Böyük Britaniyada isə 95%-i ali təhsil müəssisələrində yerinə yetirilir. Təkcə 1985-1991-ci illərdə universitetlərdə yerinə yetirilən elmi-tədqiqat işlərinin maliyyələşməsinə çəkilən xərclər ABŞ-da 7 mlrd. dollardan 17 mlrd. dollara yüksəlib. İnflyasiyanı nəzərə almaqla universitetlərdə yerinə yetirilən elmi-tədqiqat işlərinin həcmi bu illərdə 45%, sənaye müəssisələrinin laboratoriyalarında 4%, federal hökumət laboratoriyalarında isə 3% artıb. Böyük Britaniyanın alimləri belə qənaətə gəliblər ki, ölkədə adambaşına düşən ÜDM-in həcminə görə dünya ölkələri arasında ikinci yerdən 5-ci yerə düşməsinə təhsil sahəsində islahatların aşağı sürətlə aparılması təsir göstərib.
İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, təhsil insanın istedadının, intellektinin üzə çıxmasına kömək edən mühüm vasitədir və cəmiyyətin inkişafının özülünü təşkil edir. Bu baxımdan indiki bazar iqtisadiyyatı şəraitində Azərbaycanda təhsil sisteminin dünya standartları səviyyəsinə çatdırılması vacibdir. Çünki təhsil bilavasitə insanın həyat səviyyəsinə təsir göstərən mühüm amildir. Dünya təcrübəsinə diqqət yetirdikdə təhsilin ölkədə nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin onun təhlükəsizliyi və dayanıqlığının təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan yaradıcı fəaliyyət sahəsi olduğunu görmək olar. Bu fəaliyyət sahəsinin özünün inkişafı isə hər şeydən əvvəl gənclərin peşə və ixtisasa yiyələnmək imkanlarının genişləndirilməsinə və onların gələcəkdə yoxsulluq riskindən qorunmasına müsbət təsir göstərir.