AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda


II FƏSİL NOVRUZ BAYRAMI İLƏ BAĞLI MƏRASİM ƏNƏNƏLƏRİ



Yüklə 0,72 Mb.
səhifə3/9
tarix23.02.2017
ölçüsü0,72 Mb.
#9442
1   2   3   4   5   6   7   8   9

II FƏSİL
NOVRUZ BAYRAMI İLƏ BAĞLI MƏRASİM ƏNƏNƏLƏRİ
Novruz bayramı öz ənənələri baxımından çox zəngindir. Onları müxtəlif şəkildə qruplaşdırmaq mümkündür. Biz tədqiqatın məqsəd və vəzifələrindən asılı olaraq həmin ənənələri aşağıdakı kimi ümumiləşdirməyə çalışmışıq:

İlaxır çərşənbələrlə bağlı ənənələr;

Sosial birlik və paylaşma ənənələri;

Tamaşa ənənələri;

Oyun ənənələri;

Mətbəx ənənələri.


2.1. İlaxır çərşənbələrlə bağlı ənənələr. Novruz iri bir mərasim kompleksidir. Bu kompleksə daxil olan mərasimlərin əsas hissəsini Novruz bayramı gününə – Yeni ilin ilk gününə qədərki ilaxır çərşənbə mərasimləri təşkil edir. Qeyd edək ki, bu çərşənbələr təkcə köhnə ilin yola salınması baxımından deyil, həm də elmi mübahisələrə səbəb olması baxımından diqqətçəkicidir. Çünki son onilliklərdə Novruz bayramının xalqımızın həyatında yeri və rolu genişləndikcə, artdıqca ilaxır çərşənbələrlə bağlı mübahisələr də böyüməkdədir. Bu mübahisələrin əsas məzmun və mahiyyəti həmin çərşənbələrin adları ilə bağlıdır. Lakin bu mübahisələrin ən faydalı cəhəti ondan ibarətdir ki, polemikalar, mübahisələr fonunda Novruz bayramı ilə bağlı çoxlu maraqlı faktlar, tədqiqatlar meydana çıxır.

İlaxır çərşənbələrin sayı 4-dür. Bu, ən geniş yayılmış xalq inancıdır. Belə inanc mətnlərindən birində deyilir ki, qışda hər şey yatıb donur. Yaz gəlib dörd dəfəyə bunları ayıldır. Bunların ayılması Novruz bayramında olur. Ona görə də Novruz bayramı dörd həftədir (12, 56).

Bu dörd çərşənbə xalq təqvimində qışın son ayı olan Boz ayın dörd çərşənbəsidir. Xalq təqvimində də qışın müddəti 3 aydır. Əvvəlcə dekabrın 20-dən yanvarın 30-dək davam edən 40 günlük Böyük çillə, ardı ilə fevralın 1-dən 20-dək davam edən Kiçik çillə, sonda fevralın 21-dən martın 21-dək davam edən Boz ay gəlir. Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun 4 çərşənbəsi köhnə ilin sonu – yeni ilin ərəfəsi kimi xalq içərisində əlamətdar günlər kimi xüsusi fərqləndirilir və qeyd olunur. Bəzi bölgələrdə xalq təqvimindəki Boz ayın 4 çərşənbəsi ilə bərabər onlardan əvvəlki 3 çərşənbə də əlamətdar hesab olunur və onların da öz adları var.

Qeyd edək ki, tədqiqatçılar bu adlar barəsində öz aralarında mübahisə edərkən bəzi hallarda Novruzun folklor düşüncəsi olduğunu, folklorun da əsas xüsusiyyətinin variantlılıq olmasını diqqətdən kənarda qoyurlar. Fərqanə Kazımova qeyd edir ki, folklorda çoxvariantlılıq əsas xüsusiyyətlərdən biridir. Hətta kiçik bir məhəllədə bir neçə variantın olması təbii və düzgündür. Bu müstəvidən çıxış etsək, Novruz bayramının qeyd edilməsinə dair müxtəlif variantların olmasını da təbii qəbul etməliyik (128, 185).

Göründüyü kimi, şifahi düşüncədə yaşayan mətn müxtəlif folklor mühitlərində dəyişmələrə məruz qalır. Məsələn, hətta adı bəlli məşhur aşıqların sevilən şeirləri aşıqlar arasında yayıldıqca onların fərqli variantları yaranır. Novruz bayramı da öz tipologiyasına görə folklordur və variantlaşma onun ruhundadır. Bu amilə bağlı olaraq ilaxır çərşənbələr, onların adları, bu adlara uyğun sıralanmalara müxtəlif bölgələrdə fərqli şəkildə rast gəlmək mümkündür. Folklorşünaslar bunu bilir və Novruz çərşənbələrindən danışarkən daha çox ümumiləşdirməyə, variantları əhatə etməyə çalışırlar. Lakin bəzən elə olur ki, bir sıra müəlliflər özlərinin mənsub olduğu bölgənin Novruz bayramına məxsus ilaxır çərşənbə adlarını əsas götürür və digər bölgəyə məxsus adları qəbul etmirlər. Bu halda unudulur ki, hər bir bölgəyə məxsus ad mahiyyət etibarilə variantlardan biridir və hər bir variant öz bölgəsi üçün əsasdır.

Mübahisələr öz başlanğıcını Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasından götürür. Nə qədər ki, Novruz bayramı dövlət səviyyəsində qeyd olunmurdu, bu mübahisələr yox idi. Lakin Novruzun Müstəqil Azərbaycanın dövlət bayramına çevrilməsi onunla bağlı bir sıra məsələlərin müəyyənləşdirilməsini və konkretləşdirilməsini tələb etdi. Yəni indi ilaxır çərşənbələr artıq televiziyalar vasitəsi ilə qeyd olunur. Bu halda onların vahid sistemlə adlandırılması məsələsi ortaya çıxır. Eyni çərşənbənin müxtəlif bölgələrə məxsus müxtəlif adlarla, yəni fərqli variantlarla adlandırılması, şübhəsiz ki, qarışıqlıq yaradardı. Burada “milli” və “ümummilli” məsələsi var. Novruz Azərbaycanın bütün bölgələrində qeyd olunan milli bayramdır. Hazırda o, dövlət tərəfindən qeyd olunan ümummilli bayrama çevrilmişdir. Bayramın ümummilli səviyyəsi onun milli səviyyələrinin ümumiləşdirilməsini, vahid sistemə salınmasını tələb edir. Fərqanə Kazımova ümumiləşdirmə zərurətinin folklorun çoxvariantlılıq xüsusiyyətindən doğduğunu vurğulayaraq yazır ki, ədəbi, eləcə də bütün ictimaiyyətin nəzər-diqqətinə çatdırılan konkret mərasim (Novruz mərasimi – S.Q.) toplanmış materiallar əsasında ümumiləşdirilmiş formadır. Dünya ictimaiyyətinin də diqqətinə ümumiləşdirilmiş formanın çatdırılması çox düzgündür. Tədqiqatlara gəldikdə isə hər bir bölgəni ayrıca araşdırmaq gərəkdir (128, 185).

Belə bir ümumiləşdirmə-sistemləşdirmə işini ilk dəfə folklorşünas Azad Nəbiyev aparmış, “İlaxır çərşənbələr” adlanan kitabçasında bu dörd çərşənbəni aşağıdakı adlar altında bu ardıcıllıqla sıralamışdır:

Birinci çərşənbə – Su çərşənbəsi (84, 6);

İkinci çərşənbə – Od çərşənbəsi (84, 18);

Üçüncü çərşənbə – Yel çərşənbəsi (84, 29);

Dördüncü çərşənbə – Torpaq çərşənbəsi (84, 41).

Müstəqillik dövründə televiziya və radiolar Boz ayın bu 4 çərşənbəsini (bəzən müəyyən yerdəyişmələrlə) göstərilən adlar altında ardıcıl olaraq qeyd etməyə başladılar. 2008-ci ildə Bəhlul Abdulla və Tofiq Babayevin tərtibatı ilə buraxılmış “Novruz Bayramı Ensiklopediyası”nda da bu adlar təsbit olunmuşdur. Ensiklopediyada deyilir: “Boz ayda qeyd olunan dörd ilsonu çərşənbələr öz mərasim və ayinlərinin zəngin və təmtəraqlı olması ilə həmişə seçilib, elə bundan belə də seçiləcək. Sonuncu dörd çərşənbənin məxsusi adları olub. Bu adlar elə indi də var. Xalq arasında, el içində bu adlar “Əzəl çərşənbə” (“Yalançı çərşənbə”, “Müjdəçi çərşənbə” də deyilir), “Kül çərşənbə”, “Gül çərşənbə”, “İlaxır çərşənbə” şəklindədir. XX əsrin 80-ci illərinin axırlarından “abi-atəş-xaki-bad”ın təsiri ilə Boz ayın dörd çərşənbəsi “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi” adıyla da tanınmaqdadır (90, 105).

Ramazan Qafarlı bu 4 çərşənbənin keçən əsrin səksəninci illərinin ikinci yarısından başlayaraq televiziya və radiolar tərəfindən xüsusi qeyd olunmasının tarixçəsi haqqında yazır ki, o zaman BDU-nun Folklor kafedrasında çalışırdım. Mərhum professor Azad Nəbiyevlə birlikdə dünyanın yaranmasında iştirak edən dörd ünsürlə (su, od, torpaq, yel) bağlı qədim inancları, atalar sözü və məsəlləri toplayıb ilk dəfə 1987-ci ilin fevral ayından başlayaraq hər çərşənbə günü “Kommunist” qəzetində su, od, torpaq və yelə aid çoxlu materiallar çap etdirdik. Bu təşəbbüs gözləmədiyimiz maraqla qarşılandı, o vaxtdan çərşənbələri ünsürlərlə qeyd etmək ənənə halını aldı. 1988-ci ildə “Əzəl çərşənbələr” adında bir toplu da buraxdıq. Bundan sonra hər il Novruzla bərabər dörd çərşənbə də bu adlarla qeyd olunmağa başladı. Bir vaxtlar “Əkinçi” qəzetində belə bir məlumat dərc olunmuşdu ki, ötən çağlarda yazqabağı çərşənbələrdə təntənələr ab, atəş, xak və bada həsr olunurdu. Biz bu məlumata əsaslanaraq rituallar sistemini bərpa etməyə təşəbbüs göstərmişdik. Sonra mütəxəssis və həvəskarların bu məsələ ətrafında mübahisələri KİV-lərə yol tapdı. Çərşənbələrin ardıcıllığını hərə bir cür yozmağa başladı. Müxtəlif konsepsiyalar irəli sürdülər. Əslində, çərşənbələrin adları ideyasının xalqa elm adamları tərəfindən ötürülməsinin heç bir ziyanı yox idi. Novruzun yaradılış, törəyiş, uğur, bərəkət bayramı olmasını elm sübut edir. Biz dünyanın yaranışının mifoloji modelinin tədqiqinə əsaslanaraq ilkin ünsürlərlə bağlı inancları gündəmə gətirmişdik. Bu addım xoş istəkdən doğurdu, amma bununla sanki bəzilərinin əlinə girəvə vermişdik, özlərində qəribə “kəşflər” etdilər. Bəziləri “ağac”, “kül” çərşənbələrini meydana atdılar, “ölü” çərşənbədən danışanlar da tapıldı. Biri yazdı ki, “torpaq” axırıncıdır, digəri ona qarşı çıxdı, finişi “yel”ə, ya da “od”a verdi (76).

Qeyd edək ki, dörd ünsürlə bağlı mifologiyada, folklorda çox geniş və zəngin faktlar vardır. R.Qafarlı başqa bir kitabının “Azərbaycanda yazqabağı rituallar” adlanan yarımfəslində və ayrıca bir məqaləsində həmin fakt-mətnləri dörd çərşənbə ilə əlaqədə əhatəli şəkildə ümumiləşdirmişdir (75, 64-100; 127, 271-278).

Son dövrlərdə rəsmi adlanmaya (Su, Od, Külək, Torpaq çərşənbələri) etiraz olunur. Etirazın əsas məzmun və mahiyyəti bundan ibarətdir ki, ilaxır çərşənbələrin “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi” adları altında qeyd olunması düzgün deyildir. Bu adlar Şərqdə məşhur olan dörd ünsürün [ab (su)-atəş (od)-xak (torpaq)-bad (yel, külək)] adına uyğun olaraq sonradan süni şəkildə düzəldilmişdir və xalq ilaxır çərşənbələri heç vaxt bu adlarla adlandırmamışdır. Məsələn, Güllü Yoloğlu bu adlara qarşı kəskin şəkildə etiraz edərək yazır ki, çərşənbələrin dörd ünsürlə adlandırılması məsələsini ortaya atan alimlər “ab, atəş, xak, bad” (heç biri türk sözü deyil – G.Y.) fikrinə dayanaraq, insanın bu dörd ünsürdən yaranmasına əsaslanaraq çərşənbələri də su, od, torpaq, yel deyə dörd yerə bölürlər... Lakin bu dörd ünsürün sıralanmasında da alimlərimiz fərqli fikir nümayiş etdirirlər. Onu da qeyd edək ki, türkün mifik təfəkküründə insanın var oluşunda dörd ünsür deyil, beş ünsür böyük rol oynayır. Bunlardan beşincisi dəmirdir (115, 136).

Bəhlul Abdulla da bu adlandırmanı düzgün hesb etməyərək yazmışdır: “Amma bir müddət var ki, “abı-atəş-xaki-bad”ın təsiri ilə Boz ayın dörd çərşənbəsi “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi” adıyla deyilir, yazılır, təbliğ olunur. Bu cür adlara biz mifoloji fikrimizdə də, filoloji fikrimizdə də tuş olmuruq” (2, 163-164).



Ramin Allahverdiyev bu barədə fikirləri ümumiləşdirərək çərşənbələrin “Su çərşənbəsi”, “Od çərşənbəsi”, “Yer çərşənbəsi” və “Yel çərşənbəsi” kimi təqdim edilməsini aşağıdakı beş arqumentlə inkar edir:

Birincisi, sadə məntiqə əsasən fəlsəfi (və yaxud dini-fəlsəfi, dini) təfəkkürün məhsulu olan istənilən fəlsəfi (və yaxud dini-fəlsəfi) konsepsiya özündən əvvəlki təfəkkür (mifoloji təfəkkürün) mərhələsinin məhsulu olan ritual-mifoloji köklərə malik çərşənbələrin əsasında dayana bilməz.

İkincisi, çərşənbələrin sayı el arasında (tədqiqatçıların da qeyd etdikləri kimi) dörd yox, yeddidir. Belə olduğu halda dörd ünsürün üstünə üç əlavə ünsür də gəlmək lazımdır.

Üçüncüsü, Novruz bayramı və çərşənbələrlə bağlı ritual-mifoloji görüşlərin, inamların cəmləşdiyi mifoloji mətnlər və digər folklor materiallarında, demək olar ki, ancaq su və od simvolu əksini tapır. Yəni ritual simvolu kimi torpaq və yel elementləri yoxdur. Ümumiyyətlə, çərşənbə ritualları, inancları, görüşləri ilə bağlı əlimizdə olan bütün mifoloji və digər folklor mətnləri göstərir ki, çərşənbələrdə əsasən iki element - su, od ünsürü əksini tapır. Bu məqam Y.V.Çəmənzəminlinin də diqqətini cəlb etmişdir. O, yazır “Ənasiri-ərbəə (dörd ünsür – S.Q.) deyilən bu dörd amil xalqımızın arasında təqdis olunur. Bunların içində böyük bir qüdsiyyət daşıyan od və axar sudur. Ocağa və çırağa and içərlər, suyu murdarlamazlar. Novruza yaxın çərşənbələrdə sabah erkən axar su üstə çıxarlar, çillə kəsdirərlər və i. a.” (48, 314). Torpaq və yel ünsürü demək olar ki, bu mətnlərdə ümumiyyətlə əksini tapmır. Bu da çərşənbələri “Yer çərşənbəsi” və “Yel çərşənbəsi” kimi adlandırmağın əsassız olduğunu göstərən fakt təsiri bağışlayır. Düzdür, yellə bağlı ayrıca “Yel baba” kimi mərasimlər var (taxıl məhsul yığımı və digər təsərrüfatçılıqla bağlı mərasimlərdə qeyd olunur). Lakin bu o demək deyildir ki, hansısa Novruzla əlaqəsi olmayan mövsüm mərasimini çərşənbələrə pərçimləmək olar. Eləcə də torpaqla bağlı hansısa əski inamların olması çərşənbə rituallarını bu cür adlandırmağa əsas vermir. O ki qaldı, od və su ünsürlərinə - hər iki element demək olar ki, bütün çərşənbələrdəki ayinlərdə, mifoloji görüşlərdə əksini tapır və hər iki element ritual simvolu statusunda çıxış edir.

Dördüncüsü, demək olar ki, eyni ünsür bütün çərşənbə rituallarında iştirak edir. Məsələn, bütün çərşənbələrdə tonqal qalandığına görə, çərşənbələrdən birinə “Od çərşənbəsi” adı vermək, ümumiyyətlə, absurddur. Deməli, bütün çərşənbələrdə, demək olar ki, eyni ilə əksini tapan bu elementlərin şərəfinə (bu və ya digər dərəcədə çox və ya az olmasına baxmayaraq) çərşənbələri adlandırmaq da məntiqsizdir.

Beşincisi, ən əsası bu və ya digər ənənəni təqdim etmək yalnız və yalnız etnosun, xalqın özünün ixtiyarındadır. Xalq özünün çərşənbələrini “Əzəl çərşənbə”, “Müjdəçi çərşənbə” “Ölü çərşənbəsi” , “İlaxır çərşənbə” və s. bu kimi adlarla təqdim edirsə, onu elə bu cür də qəbul edib təbliğ etmək lazımdır (7, 118-119).

Bu barədə əvvəllər və son dövrlərdə deyilmiş fikirlərə nəzər salarsaq, məsələnin heç də sadə olmadığını görərik. Bir sıra görkəmli alimlər dörd ünsür məsələsi ilə bağlı diqqətçəkici fikirlər söyləmişlər.

Hələ vaxtilə M.Təhmasib ilaxır çərşənbələri dörd ünsürlə əlaqələndirərək yazırdı ki, “son ayın (Boz ayın – S.Q.) dörd yeddigünlük çilləyə bölünməsi isə, ümumiyyətlə, təbiətin dörd ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür hava, torpaq, su və oddur. Qədim etiqadlara görə, son ayın hər həftəsində guya ki, bu ünsürlərdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə də, ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanda bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi bir şəkildə qeyd edilirmiş” (113, 113).

Göründüyü kimi, Y.V.Çəmənzəminli kimi, M.H.Təhmasib də ilaxır çərşənbələri dörd ünsürlə əlaqələndirmişdir. Lakin burada bir fərq diqqəti çəkir. Əgər Y.V.Çəmənzəminli bunu birbaşa Avesta-Zərdüştilik görüşləri ilə əlaqələndirirsə, əksinə, Azərbaycan folklor mətnlərinə dərindən bələd olan M.H.Təhmasib Novruzun Zərdüştiliklə bağlılığını qəbul etməyərək, öz fikrini xalq içərisində yaşayan inanc mətnlərinə əsaslanaraq deyir. Burada qeyd etmək yerinə düşər ki, xalq içərisində ilaxır çərşənbələrin dörd ünsürlə bağlılığına dair mətnlər vardır.

Yazıçı-folklorşünas Əzizə Cəfərzadə “öz düşüncələrinə” yazırdı ki, atam (şair qəlbli səyyah Məmməd Cəfəroğlu) deyərdi ki, insan dörd ünsürdən yaranıb. Farsca təhsillilər “ab-atəş-xak-bad”, ustad aşıqlarımızdan biri vücudnaməsində “abı,atəş, xakü-baddan yarandım” deyir. Bizim fikrimizcə, bu cərgə su, od, torpaq, yel deməkdir. Bizi yaradan Ulu Tanrı insanı su qatılmış palçıqdan xəlq elədi. Ona isti nəfəs verdi – od verdi, yellərə əmr verdi. Həmin adamı silkələyib ayıltdı. Odur ki, bu dörd ünsür müqəddəsdir. Hərəsinə bir çərşənbə axşamı həsr olunur. Birinci su çərşənbəsi, ikinci od-atəş çərşənbəsidir. Üçüncü çərşənbə torpaq çərşənbəsidir. Dördüncü ilaxır çərşənbəsi – yel çərşənbəsidir (43, 169-170).

Kamil Vəli Nərimanoğlu da yazır ki, Aristotelin “Təbiət mərhələlər sırasıdır” yanaşmasını əsas götürsək, Novruzdan bir ay əvvəl başlayan çərşənbələr sırasıyla su, od, hava, torpaq ilə rəmzlənmişdir (89, 221).

Professor Maarifə Hacıyeva da Novruzun ilaxır çərşənbələrdən başladığını vurğulayaraq yazır: “Əslində Novruz bayramına hazırlıq yeni ilin (Novruzun) başlanmasına dörd həftə qalmış başlayır. Dörd həftə içərisində bir çox törən və mərasimlər keçirilir. Bu mərasimlər hər həftənin çərşənbə axşamı keçirilir. Dörd çərşənbənin hər birinin öz adı vardır:

1.Su çərşənbəsi

2.Od çərşənbəsi

3.Yel çərşənbəsi

4.Torpaq çərşənbəsi ” (61a, 49)

Biz ilaxır çərşənbələrin xalq içərisində müxtəlif adlarla adlandırılmasını folklor düşüncəsinə məxsus variantlaşma hesab edirik. Lakin son onilliklərdə həmin çərşənbələrin 4 ünsürlə əlaqələndirilməsinə münasibətimiz belədir: Xalq içərisində ilaxır çərşənbələrin Su-Od-Hava-Torpaq sıralanması ilə adlanmasına rast gəlinməsə də, məhz xalq düşüncəsi, folklor mətnləri həmin 4 çərşənbənin 4 ünsürlə bağlılığını da təsdiq edir. Tədqiqatçıların bir-birləri ilə polemikalarında hansı arqumentlərə əsaslanmalarından asılı olmayaraq, bu məsələdə əsas olan xalqın öz düşüncəsi, bu düşüncəni əks etdirən folklor mətnləridir.

Novruz bayramı ilə bağlı miflərdən birində deyilir: “Qışda hər şey yatıp donur. Yaz gəlip dörd dəfəmə bınnarı ayıldır. Bınnarın ayılması Novruz bayramında olur. Ona görə də Novruz bayramı dörd həftədi.

Novruzun birinci həftəsi yer, torpax ayılır. Otlar cücərip yerdən qalxır, ağaşdar yaşıllanır, camahat yer belliyir, əkin əkir.

İkinci həftə yel ayılır, küləh əsir, ağaşdar çifdənir, havanın ağırrığı sınır.

Üçüncü həftə su ayılır, camahat suyun üsdünnən tullanıp aydınnığa çıxıllar.

Dördüncü həftə od ayılır. Camahat qışdan qalan xəstəliyi, ağırlığı odun üstünə tökürlər, oddan tullanıb yüngülləşillər. Odun da istisi azalır. Bundan sonra yeni gün başlanır” (60, 58).

Göründüyü kimi, mifdə ilaxır çərşənbələr açaq-aydın şəkildə mətndəki ardıcıllığa uyğun olaraq Torpaq-Yel-Su-Od ünsürləri ilə bağlıdır.

Bundan başqa, Ə.Paşabəyli adlı müəllif hələ 1928-ci ildə çap etdirdiyi “İlin axır çərşənbəsi” adlı məqaləsində göstərir ki, çərşənbələrin hər biri bir cismə aid olurmuş.

Məsələn: birinci çərşənbə: havaya

ikinci çərşənbə: suya

üçüncü çərşənbə: torpağa

dördüncü çərşənbə: ağaca düşürmüş.

Hər çərşənbənin bir şeyə aid olması o çərşənbə düşən cismin dirilməsi, canlanması, istiləşməsi deməkdir (93, 114)

Yeri gəlmişkən, bu məsələ ilə bağlı diqqətimizi ömür yolu qanlı 37-ci il repressiyaları ilə yarıda qırılmış şair Əhməd Cavadın 1920-1921-ci ildə Novruz bayramı ilə bağlı yazdığı şeirlər cəlb edir. Onlardan biri “Dörd çərşənbə” adlanır. Səciyyəvidir ki, burada ilaxır çərşənbənin hər biri 4 ünsürlə əlaqələndirilmişdir. Şair birinci çərşənbəni hava çərşənbəsi kimi tərənnüm edir:

Açıldı hava,

Qurtardı dava.

Getdi qış,

Gəldi yaz...

... Görən deyir:

Üzə dəyən

Meyxoş meh də

Gözəl Yazın havasıdır (90, 67).

Ə.Cavad ikinci çərşənbəni su çərşənbəsi kimi tərənnüm edir:

Bulaqların gözü açıq,

Ormanların üzü açıq...

...Hər yandan xoş avaz gəlir,

Sular deyir: Yaz... Yaz gəlir (90, 67-68).

Şair üçüncü çərşənbəni torpaq çərşənbəsi kimi tərənnüm edir:

Torpağa bax, torpağa,

Sanki qalxır havaya.

Buxarlanır nəfəsi,

Oyanıbdır həvəsi... (90, 68).

O, dördüncü çərşənbəni od çərşənbəsi kimi tərənnüm edir:


Mən oddan yaranmışam,

Odur südüm, nəfəsim.

Od rənginə boyanmışam,

Oddur gücüm, oddur səsim!... (90, 68).

Dörd çərşənbənin tərənnümünə həsr olunmuş şeiri burada bütöv olaraq təhlil etmək imkansızdır. Diqqət çəkən odur ki, şair çərşənbələri 4 ünsürlə bağlı tərənnüm edərkən xalq inanclarından, xalqa məxsus deyim və ifadələrdən istifadə etmişdir. Bu da həmin şeiri folklor-etnoqrafik düşüncəni daşıyan şeir kimi qəbul etməyə imkan verir.

Bir məsələ də diqqəti çəkir. Dörd çərşənbəni 4 ünsürlə əlaqələndirən müxtəlif mətnlərdə ünsürlərin sıralanması dəyişsə də, ünsürlərin adları sabit qalır. Bu da folklor düşüncəsinə işarə edir. Folklorda variantlılıq, variativ yerdəyişmələr var. Lakin sıralanma dəyişsə də, adların sabit qalması 4 ünsür inancının 4 çərşənbə ilə əlaqəsinin sabit olduğunu göstərir.

Bu məsələdə bir cəhətə fikir vermək məqsədəuyğundur. Novruz yaşı bilinməyən mərasim kimi xalqımızın adət-ənənələrini, dünyaya baxışlarını, mifik fəlsəfəni özündə yaşadır. Məsələyə bu cəhətdən baxarsaq, Novruzu həm də xalqımızın insan, təbiət, dünya və zaman haqqında fəlsəfəsi kimi də qəbul etmək olar. Novruz düşüncəsində böyük bir fəlsəfənin olduğunu heç kəs inkar etmir. Bu halda Novruzun 4 ünsürlə bağlı Şərq fəlsəfi görüşünü də öz yaddaşına “yazmasına”, bizcə, təbii yanaşmalıyıq. Lakin indi elmdə elə fikirlər söylənilir ki, onlar 4 ünsür məsələsinin milli köklərinin olduğuna da işarə edir. Məsələn, ilaxır çərşənbələrin 4 ünsürlə bağlılığına qəti etiraz edən Ramin Allahverdiyev eyni zamanda düşündürücü faktlara da diqqət cəlb etmiş və diqqətəalınası fikirlər söyləmişdir. O yazır ki, çərşənbələrin dörd ünsürlə bağlılığından söhbət açmışkən qeyd etmək vacibdir ki, qədim türk yazılı abidələrindəki mətnlərdən bəzilərində görürük ki, əski türk tanrıçılıq sistemində bu ünsürləri müvafiq tanrılar təmsil etmişdir. Məsələn, həmin yazılardan birində oxuyuruq: ”Üçünc: yəmə beş tenqrikə, Xormuzta tenqri oğlanına bir tıntıra tenqri, ikinç yil tenqri... üçünç yaruk tenqri, törtünç suv tenqri, beşinç ot tenqri yerinqgərü baru umatın bu yirdə erür üzə on kat kök asra” (96, 141). Tərcüməsi: “Üçüncü yenə beş tanrıya, Hürmüz tanrı oğullarına Birincisi meh tanrısı, ikinci yel tanrı... üçüncü işıq tanrı, dördüncü su tanrı, beşinci od tanrı günah şeytanları ilə vuruşub yaralandığı üçün zülmətə qarışdığı...” (96. 142). İndinin özündə də türk və milli inanclarımızda, mifoloji mətnlərdə Su əyəsi, Yer əyəsi (tanrısı) və s. tanrıçılığı əks etdirən görüşlərə tez-tez rast oluruq. Bu əyələrin hamısı, heç şübhəsiz, əski türk tanrıçılıq sisteminin izləridir ki, özünü bu və ya digər formada göstərir. Əlbəttə, bu faktoloji materiallara əsaslanıb belə bir qənaətə gələ bilərik ki, bu genetik, dil, etnik-psixoloji və s. baxımdan tam məntiqidir ki, yuxarıda göstərdiyimiz folklor mətnində əksini tapan dörd ünsür həm də elə məhz bu əski türk tanrıçılıq sisteminin (həmin tanrıların ölüb-dirilməsi motivinin) qalıqlarıdır (kursiv bizimdir – S.Q.). O cümlədən də ritual-mifoloji köklərə malik çərşənbələrin arxaik elementləri də türk tanrıçılıq sistemindəki tanrıların (sub tenqri, meh tenqri və s.) ölüb-dirilməsi motivi ilə əlaqələnir. Eyni zamanda həmin ölüb-dirilmə motivi həm də invariant xəttin, yəni kosmoqoniya (yaradılış) aktının baş verməsi motivinin transformativ variant kimi çərşənbə rituallarında reaktuallaşdırılır (7, 114).

Bizcə, R.Allahverdiyevin bu fikirləri düşündürücüdür və gələcək tədqiqatlarda inkişaf etdirilə bilər. Digər bu tipli fakt İslam Sadıq tərəfində söylənmişdir. O, belə hesab edir ki, ilaxır 4 çərşənbənin sıralanması qədim şumerlərin tanrıçılıq panteonu ilə bağlıdır və sıralanmanın əsasında şumer tanrılarının böyük-kiçikliyi, o cümlədən dörd ünsürün yaranma, mövcud olma ardıcıllığı durur (100, 134-137).

Novruzun mənşəyinin şumerlərlə bağlı ola bilməsini tipoloji məsələ kimi A.Xəlil də ehtimal etmişdir. O, Novruzun tarixindən danışarkən dörd əsas fakt göstərir ki, bunlardan ikincisi şumerlərlə bağlıdır : “Novruz”un yaranması beş min il öncəyə aiddir. Bu fakt Şumer abidələrindəki məlumatlara əsaslanır. Çünki orada mövsümlə bağlı mərasimlərdən bəhs olunmuşdur. Bunun bəzi ünsürləri “Bilqamıs” dastanında da müşahidə olunur. Burada bəhs olunan mərasimin “Novruz”la bəzi bənzərlikləri vardır. Biz­cə, bunlar daha çox tipoloji xarakterlidir” (65, 32).

İlaxır çərşənbələrin 4 ünsürlə bağlılığı Novruz mərasim kompleksinin əsaslarına aid olan “cəmlə//cəmrə” anlayışı ilə də təsdiq olunur. Novruz bayramının tarixi, ayrı-ayrı türk xalqlarında Novruz adət-ənənələri haqqında çox zəngin məzmuna malik kitab yazmış türk tədqiqatçısı Əbdülxalıq (Abdulhaluk) Çay “cəmrə” anlayışı barədə türk tədqiqatçılarının verdikləri məlumatları ümumiləşdirərək yazır ki, baharın gəlməsi xalq arasında atəş və istiləşmə mənasında olan “cəmrə” ilə də ifadə olunur. Cəmrə 20 fevralda havaya, 27 fevralda suya, 6 martda torpağa düşər. Bu, sira ilə havanın, suyun və torpağın istiləşməyə başlaması mənasındadır. Türkiyəmizdə pul kisəsinin istiliyini ifadə etmək üçün “Cəmrə bizim kisəyə düşmüş” şəklində bir deyim də vardır (119, 378).

Bu barədə ümumiləşmiş başqa bir məlumatda deyilir: “Cəmlə – Novruz bayramı ərəfəsində – Boz ayda icra olunan ilin son dörd çərşənbəsinə el arasında verilən adlardan biri. Ərəb mənşəli “cəmrə” (köz, isti) kəlməsinin fonetik dəyişikliyə uğramış şəkli olub, “isti, ilıq nəfəs” anlamına uyğun gəlir. Xalq arasında “havaya cəmlə dəydi”, “suya cəmlə dəydi”, “yerə cəmlə dəydi”, “torpağa cəmlə düşdü” kimi spesifik ifadələrin işlədilməsi, yaxud çərşənbələrin sırasının “birinci cəmlə”, “ikinci cəmlə”, “üçüncü cəmlə”, “dördüncü cəmlə” şəklində düzümlənməsi Boz ay ərzində havanın dəyişib mülayimləşməsində onun “isti, ilıq nəfəs” kimi qəbul edildiyini göstərir” (90, 52).

Bu məlumatlar göstərir ki, cəmlələr 4 çərşənbənin 4 ünsürlə hər hansı bağlılığına da işarə edir. Elə yuxarıdakı məlumatları sistemləşdirsək, bu, aydın olar:

Birinci çərşənbə --------- birinci cəmlə ------- havaya cəmlə dəydi;

İkinci çərşənbə ----------- ikinci cəmlə -------- suya cəmlə dəydi;

Üçüncü çərşənbə --------- üçüncü cəmlə ------ yerə cəmlə dəydi;

Dördüncü çərşənbə ------ dördüncü cəmlə ---- .............................

Göründüyü kimi, burada 4 ünsürün ilaxır çərşənbələrdə bir-biri ilə əlaqəsi, daha doğrusu, ünsürlərin növbə ilə oyanması öz əksini tapmışdır. Lakin qurduğumuz bu cədvəl sanki yarımçıqdır: elə bil, ünsürlərdən biri – od ünsürü çatışmır. Əslində isə, hər şey öz yerindədir. Xalq düşüncəsində heç bir dolaşıqlıq, uyğunsuzluq, sistemsizlik ola bilməz. Bizim fikrimizcə, “cəmlə” elə od ünsürünün özüdür. Birinci çərşənbədə od özü oyanır, sonra növbə ilə o biri ünsürləri oyadır. Bu halda yuxarıdakı cədvəli elmi şəkildə belə tamamlamaq olar:

Birinci çərşənbə ---------- birinci cəmlə ------- od oyanır;

İkinci çərşənbə ----------- ikinci cəmlə -------- hava oyanır;

Üçüncü çərşənbə --------- üçüncü cəmlə ------ su oyanır;

Dördüncü çərşənbə ------ dördüncü cəmlə ---- yer (torpaq) oyanır.

Qeyd edək ki, ünsürlərin oyanmasının ardıcıllığında müxtəlif bölgələr üzrə fərqli sıralanmalar ola bilər. Məsələn, türk alimi Mustafa Kafalı göstərir ki, cəmrələr əvvəlcə torpağa, sonra suya və ən son havaya düşür (126, 26).

Cəmlə dəymə, cəmlə düşmə elə oyanma, dirilmədir. Cəlal Bəydili yazır ki, inama görə, qışda hər şey yatıb donar. Yaz isə gəlib dörd dəfəmə bunları ayıldar ki, bunların da ayılması Novruz bayramında olar. Ona görə Novruz bayramı dörd həftədir – deyilir. Təbiətin dirilişi (ölüb-dirilməsi), həyatın oyanışı rəmzi olan Novruz bayramı gələndə köhnə ilin axır çərşənbə gecəsi də, etiqada görə, təbiətdə hər şey yatmış olur, olan nə varsa hamısı sanki ölür, hətta axar sular belə dayanır. Aləmin yatan vaxtı su da, ağac da yatır. Gecə ilə gündüzün “taraz olduğu” bu zamanda təbiətdə nə var isə hamısı təzələnir... Hər il beləcə dünyanın yaradılışı bu bayramda canlandırılır. Əski dünya nizamı dağılır, yenisi yaranır” (40, 278-279).

M.Qasımlının Novruz mərasim kompleksinin tarixi-mifoloji anlamı ilə bağlı apardığı tədqiqatdakı bəzi fikirlər də 4 ünsürün oyanması məsələsinə işıq salır. O, çərşənbələrlə bağlı yazır ki, Boz ay (bəzi yerlərdə ona “alaçalpo” da deyirlər) qışdan yaza keçid prosesini əks etdirir və əslində, çilləçıxartma” – müşküldən, çətinlikdən xilas olma həmin müddət (fevralın iyirmisindən martın iyirmisinədək olan dönəm) ərzində tədrici şəkildə baş verir. Boz ayın el arasında “cəmlələr”, “üsgülər”, “buğlar” kimi müxtəlif adlarla nişanlanan dörd çərşənbəsi (dörd cəmlə, dörd üsgü, dörd buğ) qışdan yaza keçidi – çilləçıxartmanı təkamül ardıcıllığı ilə əhatə edir. Əslində, “Novruz çərşənbələri” adlanan çərşənbələrin sayı dörd yox, yeddidir. Sadəcə olaraq, onların dörd sonuncusu əsas çərşənbələr sayılır. Əsas çərşənbələrə qədərki üç çərşənbə el arasında “oğru çərşənbələr”(“oğru üsgülər”) adlanır. İnama görə, oğru çərşənbələrdə yazın nəfəsi oğrunca suya, torpağa, ağaclara toxunub geri qayıdar, bu minvalla yaxın zamanlarda gəlib çıxacağının xəbərini vermiş olar. Oğru çərşənbələrdən sonra başlayan əsas çərşənbələr “doğru çərşənbələr” (“doğru üsgülər”, “doğru buğlar”) adıyla tanınır. El sınağına görə, doğru çərşənbələrdə yazın nəfəsi növbəylə suyun, ağacların, torpağın canına hopub onları oyadır. Yazın nəfəsi öncə suya toxunur və bununla da el arasında deyildiyi kimi: “sulara ixtiyar verilir”. Sulara ixtiyar verilməsi, daha doğrusu, suların ixtiyarının özünə qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxta-qış onu dondurub ixtiyarını əlindən ala bilmir. İkinci çərşənbədə torpağa ixtiyar verilir. Torpaq qarını-buzunu əridib, nəfəsinin buğuyla toxumunu cücərdir, əkinini dikəldir. Torpaqdan sonra növbə ağaclara çatır. Doğru çərşənbənin üçüncüsündə ağaclara ixtiyar verilir. Həmin çərşənbədə ağaclar qış yuxusundan oyanır və tumurcuğa dolmağa başlayır. Ən sonda – axır çərşənbədə yazın nəfəsi canı-qanı olanları tərpədir – heyvanların, quşların, adamların qanı yerindən oynayır. Beləcə, yaşayış, varlıq yeni bir axara düşür (78, 51).

M.Qasımlının verdiyi bu məlumat da 4 çərşənbənin ünsürlərin oyadılması – dirildilməsi ilə bağlı olduğunu göstərir. Bu məlumatın cədvəlini qurarsaq, aşağıdakı mənzərə alınar:

Birinci çərşənbədə -------- sular oyanır (sulara ixtiyar verilir);

İkinci çərşənbədə --------- torpaq oyanır (torpağa ixtiyar verilir);

Üçüncü çərşənbədə ------ ağaclar oyanır (ağaclara ixtiyar verilir);

Dördüncü çərşənbədə -- qan oyanır (heyvanların, quşların, adamların qanı oyanır).

Burada ünsürlərin “ab(su)-atəş(od)-xak(torpaq)-bad(külək)”-a uyğun olmaması bizi çaşdırmamalıdir. Biz belə fikirləşirik ki, Azərbaycan Novruz bayramındakı bir sıra ənənələr onun özünə məxsus olduğu kimi, 4 çərşənbədə 4 ünsürün oyanması da qədim türk mifik görüşləri ilə bağlıdır. Novruzla bağlı inanclar dərindən öyrənilərsə, burada qədin türk inanclarını görmək olar. Məsələn, yuxarıdakı cədvəldə üçüncü çərşənbədə oyanan ağac ünsürü qədim türk mifologiyasında yaranışın əsasını təşkil edən 5 ünsürdən biridir. Füzuli Bayat Çin qaynaqları əsasında qədim türk mifologiyasındakı 5 ünsürün bu ünsürlərdən ibarət olduğunu gəstərir: torpaq, ağac, atəş, dəmir, su (118, 45-46).

Nəzərə almaq lazımdır ki, türklər başqa xalqlarla təmasa girdikcə onların 5 ünsür haqqındakı mifoloji görüşləri 4 ünsür haqqındakı qədim Şərq görüşlərinə qarışmış, daha sonra 4 ünsür fəlsəfəsi hakim düşüncəyə çevrilsə də, 5 ünsür haqqındakı inanclar xalq düşüncəsində, folklorda, o cümlədən Novruzla bağlı təsəvvürlərdə yaşamaqda davam etmişdir. Bahaəddin Ögel belə bir qarışmanı nəzərdə tutaraq yazmışdır ki, İran və Ön Asiya mifologiyasında külək, atəş, su və torpaq insanın yaradılışında çox əhəmiyyətli rol oynayırdı. Altay və Sibir türk mifologiyasında isə bu dörd ünsürə çox rast gəlmirik. Bu, ilk dəfə uyğurların zamanında görünür (133, 487).

M.Qasımlı 4 ilaxır çərşənbənin (“doğru çərşənbələr”) müxtəlif bölgələrdə yayılmış adları ilə bağlı yazır: “Doğru çərşənbələrin el arasında çeşidli adları vardır. Bu sıradan olan birinci çərşənbə “Əzəl çərşənbə”dir. “Əzəl çərşənbə”yə Azərbaycanın müxtəlif bölgələrində “Sular novruzu” və ”Yalan çərşənbə” də deyilir. İkinci çərşənbə “Müjdəverən”, “Muştuluqçu”, “Külə”, “Xəbərçi” adlarıyla tanınır. Üçüncü “Gül çərşənbə”dir. Bu çərçənbədə rəhmətə gedənlərin ruhu xatırlanıb qəbir üstünə gedildiyindən ona “Ölü çərşənbəsi” və ya “Ata-baba günü” də deyilir. Sonuncu, ən təmtəraqlı, təntənəli qeyd olunan “Axır çərşənbədir” (78, 51-52).

Novruz bayramı ilə bağlı ensiklopediyada ilaxır çərşənbələrin adları ilə bağlı bütün məlumatlar belə ümumiləşdirilmişdir:


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin