AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu əlyazması hüququnda



Yüklə 0,72 Mb.
səhifə6/9
tarix23.02.2017
ölçüsü0,72 Mb.
#9442
1   2   3   4   5   6   7   8   9

2.4. Oyun ənənələri. Göründüyü kimi, Novruz tamaşa və oyunlarında tamaşaları fərqləndirən əsas əlamət gülüş, oyunları fərqləndirən əsas əlamət yarışdır. Novruz tamaşalarındakı gülüş yazla qışın mübarizəsi ilə bağlı olub, yazın gəlişinə xidmət etdiyi kimi, Novruz oyunlarındakı yarışma da yazla qışın, kosmosla xaosun mübarizəsi ilə bağlıdır. Ramin Allahverdiyev yazır ki, çərşənbə rituallarınada da Xaos – Kosmos oppozitiv invariantının transformativ variantları kimi qarşı-qarşıya qoyulan qruplar və onların mübarizəsi, döyüşü, davası əksini tapır. Bu qarşı-qarşıya duran tərəfləri, yaxud qrupları təmsil olunma obyektlərinə görə dörd qrupa bölə bilərik:

1. Zoomorfik səviyyədə ritual qarşıdurma;

2. Antropomorfik səviyyədə ritual qarşıdurma;

3. Əşyavi səviyyədə ritual qarşıdurma;

4. Qarışıq səviyyədə ritual qarşıdurma.

Birinciyə, adından da göründüyü kimi, heyvanların qarşıdurması: xoruz döyüşdürmək, it boğuşdurmaq, dəvə döyüşdürmək, qoç döyüşdürmək, öküz, buğa döyüşdürmək və s. aiddir.

İkinciyə zorxana adlı rituallarda pəhləvanların güləşməsi aiddir.

Üçüncüyə, yəni əşyavi səviyyədə ritual oppozisiyaya yumurta döyüşdürmək daxildir.

Dördüncüdə isə insan obrazlı tərəflə heyvan obrazlı tərəf qarşı-qarıya qoyulur. Kosa-Keçi qarşıdurması buna gözəl nümunədir (7, 123-124).

Novruz oyunlarının hamısında yarış var. İsa İndraliyev noqay Novruz adətlərindən danışarkən yazır ki, Novruz bayramında çeşidli idman yarışmaları olur. Bunlar: güləş, at yarışları, uzaq məsafəyə daş atma, igidlik göstərmədir. Yarışmada birinci olanlara quzu, buzov, pul və müxtəlif hədiyyələr verilir (124, 151). Novruz oyunları çoxdur. Məsələn, uyğurlarda bu oyunların sayı 50-dən artıqdır: “Böri ilə koy” (Qurd və quzu), “Oğlaq” (keçi), “Allaqa zaim” (keçilərin qaçış yarışı), “Küçünq yetse al” (top qapmaq), “Yılangüç” (sallanacaqdan sallanma), “Oyunçu şir”, “Həyyar” (məzhəkəçi), “Od atlaş” (oddan tullanma), “Talaşma” (itboğuşdurma), “Üşüşmə” (qoçdöyüşü), “Çokuşma” (xoruz, kəklik və s. döyüşdürmə), “Çepiç” (yarış), “Koqlaş” (qız qovalama), “Mükümüküş” (gizlənpaç), “Kökləş” (uzununa tullanma), “Koş koklaş” (qaçdı-tutdu), “Doram” (təqlid, yamsılama), “Çelişiş” (güləş), “Tatışmaq” (iplə dartışmaq), “Atlamçuk” (ip üstündən tullanma), “Mölçeş” (çox yemək yarışı), “Salqu taş” (daşatma), “Dost-Məddah” (nəqletmə yarışı) və s. kimi oyunlar var (131, 162-163; 122, 318-319). Yeri gəlmişkən, bu oyunların, demək olar ki, əksəriyyəti həm də Azərbaycan oyunları sırasına daxildir. İndi də onların bir çoxunu uşaqlar oyanayırlar.

Novruz oyunlarındakı yarışmalar öz kökləri etibarilə kosmos-xaos qarşıdurmasını əks etdirir. Oyunların bir çoxu heyvanlarla bağlıdır. Məsələn, “Xoruzdöyüşdürmə”, “İtboğuşdurma”, “Qoçdöyüşü” oyunları. “Xoruzdöyüş­dürmə” oyunu Novruz bayramı günlərində, adından da göründüyü kimi, xüsusi cinsdən olan (heratı xoruzları) və xüsusi bəslənmiş xoruzların döyüşdürülməsidir. “İtboğuşdurma” oyununda da eyni üsulla qoyun itləri döyüşdürülür. O cümlədən “Qoçdöyüşü” oyununda da boynuna zınqırov bağlanmış, xüsusi bəslənmiş qoçlar döyüşdürülür. Bu oyunlarda iki cəhət diqqəti cəlb edir:

Birincisi, heyvanların döyüşdürülməsi bir idman, əyləncə növü olsa da, onların Novruzda döyüşdürülməsi simvolik məna daşıyır. Novruzda iki tərəf – köhnə il qalmaq, yeni il isə gəlmək üçün mübarizə aparır. Həmin mübarizə heyvanların döyüşündə simvolizə olunur. Burada da məhz iki heyvan qarşı-qarşıya gəlir. Həm də yada salaq ki, qədim mifoloji görüşlərdə illər heyvanlar şəklində təsəvvür olunmuşdur. Bu halda iki heyvanın döyüşündə iki ilin (köhnə və yeni ilin) mübarizəsi təqlid olunur.

İkincisi, vuruşan heyvanların hansının yeni il, hansının köhnə il olduğu yarışda, mübarizədə müəyyən olunur. Təbiət üzərində minillər boyu müşahidə aparan xalq görmüşdür ki, qışla yazın arasında mübarizə nə qədər sərt olsa da, axırda həmişə yaz qələbə çalır. Bu halda qalib gələn heyvan, yaxud quş yazı, məğlub olub meydandan qovulan isə qışı təmsil edir.

Novruz oyunlarını atsız təsəvvür etmək olmaz. At xalqımızın tarixi boyunca həmişə onun yol yoldaşı olub. Bu cəhətdən Novruz mərasimlərindəki at yarışları da bayramın əsas mənası ilə bağlıdır.

Novruz bayramının ən mühüm və geniş yayılmış oyunlarından biri “Yumurta döyüşdürmək”dir. Bu oyunda yumurtalar bir-birinə vurulur, sınan yumurta məğlub tərəf olur. Qeyd etmək lazımdır ki, bu oyun tarixən çox geniş yayılmış, kütləvi xarakter daşımışdır. Keçmişdə dövlət başçıları da bu oyuna biganə qalmamışlar. Həbib İdrisi yazır ki, Səfəvi hökmdarlarından Şah Abbas da yumurta döyüşdürməyi çox sevərmiş. O zaman İsfahan şəhəri Səfəvi dövlətinin paytaxtı idi. Bayram münasibəti ilə şəhərin hər tərəfi bəzənir və süslənir, hər yan gur işıqlandırılırdı. Şah Abbas gecə yaxın adamları və mühafizəsi ilə birlikdə şəhəri piyada gəzər və hər gördüyünə yumurta döyüşdürmək təklifi edərdi. Sultanın bu adətini bildikləri üçün hər dükanın qabağına bir gənc adam qoyulur və onlar boyanmış yumurtalarla hazır saxlanılırdılar. Şah Abbas hər dükanın önünə gəlincə bu gənclərlə yumurta döyüşdürürmüş və o gənclərə bayramlıq olaraq hədiyyələr verirmiş (123, 201).

Yumurtadöyüşmə oyunu Novruz bayramının əsas mənasını özündə əks etdirir. Belə ki, yumurta istər Azərbaycan mədəniyyətinin, istərsə də dünya mədəniyyətinin simvolik mənaya malik obrazıdır. O, bütün dünya mifologiyalarında dünyanın yaradılışını, xaosdan kosmosun əmələ gəlməsini rəmzləndirir. Yeleazar Meletinski göstərir ki, daha arxaik mifologiyalarda yumurtadan totem quşlar, adalar, göy cisimləri, xüsusilə günəş, bir sıra tanrılar, nəhayət, kosmosun mərkəzi hissəsi olan yer əmələ gəlir (138, 202).

Yumurta dünyanın (kosmosun) yaranmasını rəmzləndirmə vəzifəsini Novruz bayramında da yaşadır. Novruz yeni ilin – yeni dünyanın yaradılışı bayramıdır. Bu halda yaradılışı rəmzləndirən yumurtadan bu bayramda geniş şəkildə istifadə olunması təbiidir. A.Xəlil yazır ki, döyüşdürülən yumurtalar iki dün­yanın – qışla yazın, soyuqla istinin, xaosla kosmosun mü­ba­ri­zəsini nümayiş etdirməkdədir (65, 69).

Yumurtadöyüşmə oyunu barəsində bu fikirləri söyləmək olar:

a) Yumurtadöyüşmə oyununun ilin başqa vaxtlarında, yaxud başqa bayramlarda deyil, məhz Novruz bayramında oynanılması onun Novruz bayramının yaradılış fəlsəfəsi ilə bağlı olduğunu göstərir.

b) Novruz yaradılış bayramıdır. Lakin bu yaradılış öz-özünə deyil, köhnə illə yeni ilin mübarizəsi nəticəsində meydana çıxır. Yumurtadöyüşmə oyunu da bu mübarizəni özündə əks etdirir. Yumurta yaradılış, həyat mənbəyidir. Qalib yumurta həyatı, yaradılışı, məğlub yumurta ölümü simvollaşdırır. Oyunda çiy yumurtadan istifadə olunması buna sübutdur. Yumurta əgər sınırsa, o məğlub olur. Sınmış yumurtanı toyuğun altına qoymaq olmaz: ondan cücə, yəni yeni həyat yaranmaz. Yeni həyatı qalib gəlmiş sağlam, möhkəm yumurta yarada bilər.

Beləliklə, Novruz bayramında oynanılan yumurtadöyüşmə oyunu birbaşa bu bayramın yaradılış fəlsəfəsini əks etdirir. Onda yaradılışın qədim mifik cizgi və mahiyyəti əks olunub. Yaradılış mübarizə yolu ilə baş verir və yaradılışı qalib gələn tərəf həyata keçirir.

Novruz bayramında oynanılan oyunlardan biri “Küşti”, yaxud başqa adla “Qurşaqtutma” oyunudur. Bu, sadəcə, insanların güləş yolu ilə yarışmasıdır. Güləşmə digər el şənliklərində də olur. İki tərəfdən biri qalib, biri məğlub olur. Şübhəsiz ki, Novruzda keçirilən “Küşti” (“Qurşaqtutma”) oyununu bayramın mübarizə yolu ilə yaradılış fəlsəfəsindən kənarda götürmək olmaz. Novruzda bütün oyunlar (yarışlar) bu ideyaya xidmət etdiyi kimi, bu yarışma da həmin ideya ilə bağlıdır.

Novruzun simvolikasını əks etdirən oyunlardan biri də “Çömçəbaşı bəzəmə” oyunudur. Bunu Novruzda yeniyetmələr oynayır. Onlar iki dəstəyə bölünür və hər dəstənin öz başçısı olur. Bir çömçənin başını müxtəlif rəngli parçalarla bəzəyir və ondan zınqırov asırlar. Püşk atılır. Püşk hansı dəstəyə düşsə, oyunu da o dəstə başlayır. Növbə ilə oyunçuların gözləri dəsmalla bağlanılır. Digər dəstənin bir oyunçusu çömçəni əlinə alıb, zınqırovu səsləndirərək çəkilmiş dairənin içərisində o tərəf bu tərəfə qaçır. Gözübağlı şəxs zınqırovu səslədəni tutmağa çalışır. Zınqırov on dəfə səsləndirilir. Əgər bu on dəfədə gözübağlı çömçəgəzdirəni tuta bilməsə, gözlərini açır və ona on lopux vurulur. Əgər tuta bilsə, çömçəgəzdirənə on lopux vurulur. Həm də dəstələr yerini dəyişməli olurlar (90, 58).

Bu oyun yarışmadır, onun ilaxır çərşənbə və Novruz günlərində oynanılması həmin oyunu Novruz mərasimlərinin ildəyişmə ilə bağlı mübarizə ideyasına qoşur. Oyun dəstələrindən birində olan bəzənmiş çömçə bunu simvollaşdırır. Yada salaq ki, “Kosa-kosa” oyununun bəzi variantlarında kosanın əlinə qırmızı parça ilə çağa kimi bələnmiş çömçə verirlər. Burada Kosa köhnə ili, əlindəki bəzədilmiş çömçə isə təzə doğulacaq yeni ili bildirir. “Çömçəbaşı bəzəmə” oyununda da bəzədilmiş çömçə də, ilk baxışdan görünməsə də, təzə doğulacaq yeni ili bildirir. Onun uğrunda mübarizə gedir. Yazla qışın mübarizəsində həmişə yaz qalib gəldiyi kimi, qalib gələn tərəf yeni ili, məğlub tərəf köhnə ili təmsil edir. Lakin bu məna oyunda açıq şəkildə görünmür. Uşaqlar, yeniyetmələr onu əyləncə məqsədi ilə oynayırlar. Ancaq bu, bir oyun olsa da, onun mənası ildəyişmə ilə bağlı qədim görüşləri əks etdirir. Edvard Taylor yazır ki, uşaqların və böyüklərin oyunlarını etnoloji nəticələr çıxarmaq baxımından nəzərdən keçirərkən bizi ilk növbədə o cəhət heyrətə salır ki, onların çoxu ciddi həyat işlərinin zarafatyana təqlididir (142, 67). “Çömçəbaşı bəzəmə” oyunu da gülüş, lağlağa, zarafatla müşayiət olunan bir əyləncə olsa da, onda “ciddi həyat işləri” – köhnə ilin mübarizə, yarışma yolu ilə yola salınması və yeni ilin qarşılanması “zarafatyana təqlid” olunur.

Novruz mərasim kompleksinə daxil olan oyunlar çoxdur. Onlar keçmiş zamanlarda daha çox olub. Müasir dövrdə elektron uşaq oyunlarının meydana çıxması bu oyunların çoxunu unutdurmuşdur. Həmin oyunların hamısı bir ideya xətti ətrafında birləşir: köhnə ilin yola salınması (məğlub edilərək qovulması) və yeni ilin qarşılanması (çağırılması, dəvət olunması). Tamaşalar üçün əsas əlamət gülüş, oyunlar üçün əsas əlamət yarışma (mübarizə) olsa da, oyunlarda da gülüş ayrılmaz əlamət kimi iştirak edir. Çünki gülüş yazın rəmzi olub, qışı məğlub etmək üçün ən təsirli magik vasitədir.
2.5. Mətbəx ənənələri. Novruz bayramının zəngin mətbəx ənənələri vardır. Bu ənənələr də, təbii ki, Novruz bayramının yaradılış fəlsəfəsi ilə bağlıdır. Bayram yeməkləri bir qida olsa da, bayramda onlar bayramla bağlı əlavə məna qazanır. Məsələn, “Yumurta boyamaq” adəti. İnsanlar il boyu yumurta qaynadıb yeyirlər. Lakin Novruzda qaynanmış yumurtanı həm də boyayırlar ki, bunun da bayramla bağlı xüsusi mənası vardır. Bəhlul Abdulla və Tofiq Babayev yazırlar: “Bəs yumurtanın boyanması nə üçündür? Yumurta boyamaq çox-çox qədimlərdən adət olub. Buna müxtəlif xalqlar öz dinlərinə, inam və etiqadlarına, həyat tərzlərinə uyğun cavablar vermişlər. Qədim azərbaycanlıların ilaxır çərşənbədə və Novruz bayramı günlərində qırmızı yumurta boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, bir sözlə, oyanma-dirilmə ayini ilə əlaqədar olan ən qədim təsəvvürlərlə bağlı olduğunu göstərir” (90, 200).

Bu izah yumurtanın boyanmasının Novruzun yaradılış fəlsəfəsi ilə bağlı olduğunu təsdiq edir. Lakin izah çox ümumidir. Bir sıra vacib sualların üzərinə işıq salmır. Həmin suallardan ən mühümü yumurtanın bişmiş olması ilə bağlıdır. Əgər yumurta məhz “oyanma-dirilmə ayini” ilə bağlıdırsa, bu halda o, çiy olmalı idi. Ramazan Qafarlının yazdığı kimi yumurta – törənişin, təbiətin oyanmasının, həyatın təzələnməsinin, cansızın canlanmasının simvoludur (76). Bişmiş yumurtadan həyat əmələ gəlməz. Yumurta bişirilibsə, demək, o, yemək məqsədi ilə bişirilib. Bu halda onun mənasını mərasimi yemək adətlərində axtarmaq lazımdır. Yəni adi günlərdə bişmiş yumurta qidadırsa, mərasimdəki bişmiş yumurta mərasimi yeməkdir və onun hökmən mərasimi mənası olmalıdır. Bu halda bütün mərasimi yeməklərə aid olan əsas və ümumi ideya ona da aid olmalıdır.

V.N.Toporov yazır ki, miflərdə yemək “ölüm – məhsuldarlıq – həyat” kompleksinin hər üç elementi və qurbanvermə ilə bağlıdır. Təsadüfi deyildir ki, yemək istənilən iki zaman dövrəsinin qovuşma hüdudlarında, başqa sözlə, yeni və naməlum vəziyyətin astanasında xüsusi əlamətə malik simvol kimi çıxış edir (145, 428).

Deyilən cəhətlər mərasimi yemək kimi bişmiş yumurtaya da aiddir. O, çiy yumurta halında birbaşa həyatı, diriliyi rəmzləndirir. Yumurta döyüşdürmə oyunlarında onun çiy olması şərtdir. Çünki qalib yumurta yazı təmsil edir. Yaz isə həyat deməkdir və burada bişmiş yumurta işə yaramır. Yumurtanın bişirilməsi onu qida ilə bağlı ayinlərə aid edir. Novruzda bütün varlıq ölür və yenidən dirilir. Bu halda yumurta ölüb-dirilməni simvolizə edir. Burada qurbanvermə adətinin izləri var. Qurbanvermə qədim ənənədə totem heyvanın yeyilməsi mərasimidir. Bu halda bişmiş yumurta ölümü, çiy yumurta həyatı bildirir. Yumurtanın bişirilməsi onun öldürülməsi (qurban verilməsi), yeyilməsi isə onu yeyən insanlara həyat verməsi deməkdir. Yumurtanın qırmızı boyanması bunu sübut edir.

Viktor Terner müəyyənləşdirmişdir ki, ən qədim mədəniyyətlərdə üç rəng əsasdır: ağ, qırmızı, qara. Ağ – həyatı, qara – ölümü, qırmızı isə onların hər ikisini bildirir. O yazır: “Qırmızı şeylər iki kateqoriyaya aiddir: onlar eyni zamanda həm şər, həm də xeyir gətirə bilir» (143, 82-83). Ternerin verdiyi bu bilgiyə əsaslanan S.Rzasoy da müəyyənləşdirmişdir ki, oğuz mifologiyasında: ağ – kişi başlanğıcını, kosmosu; qara – övladsızlığı, xaosu; qırmızıambivalent, ikiişarəli semantem kimi, qadın başlanğıcını, həm kosmosu, həm də xaosu – kosmosla xaosun hüdudunu işarələyir (99, 254).

Yumurtanın da qırmızı olması hüdudu, keçidi bildirir. Axı Novruz da köhnə dünyanın (kosmosun) ölməsi (xaos) və yenidən dirilməsidir (kosmos). Əski təsəvvürlərə görə, yenu həyatın yaranması yalnız ölüb-dirilmə ilə mümkün idi. Elmdə kosmos həm də – həyat, xaos isə həm də – ölüm mənasındadır. Köhnə ildən (köhnə kosmosdan) yeni ilin (yeni kosmosun) yaranması üçün o, hökmən ölməli, yəni xaos mərhələsindən keçməli idi. Beləliklə mənzərə aydınlaşır. Mənzərəni cızmaq üçün yumurtaya geniş mərasimi kompleks daxilində baxmaq, yəni bişmiş yumurtanı çiy yumurta ilə birgə götürmək lazımdır.



Çiy yumurta – həyat, dirilik, kosmos deməkdir. Ən qədim düşüncədə kosmos ağ rənglə işarə olunur. Çiy yumurtanın da rəngi, adətən, ağ (bəzən sarımtıl) olur.

Bişmiş yumurta – ölümü bildirir, qurbanverməni bildirir. Yumurtanın bişirilməsi həyatın (çiy yumurtanın) ölməsi (xaos) deməkdir. Lakin Novruz bayramı təbiətin, varlıq aləminin təkcə ölməsi yox, ölüb-dirilməsidir. Bunun üçün yumurta qırmızı boyanır.

Qırmızı boyanmış yumurta – ölüb-dirilməni bildirir. Qırmızı ikili mənaya malik rəngdir: həyatı və ölümü, yəni ölüb-dirilməni bildirir.

Bişmiş yumurtanın yeyilməsi – ölüb-dirilməni, kosmosdan xaosa keçməni və xaosdan da kosmosa qayıtmanı bildirir. Yəni bişmiş yumurtanın yeyilməsi ölüb-dirilmə mərasiminin icra olunmasıdır.

Qırmızı boyanmış yumurta ölüb-dirilmənin simvolu kimi, eyni zamanda günəşin gəlişini, doğuluşunu simvollaşdırır. Bu, qırmızı rəngin öz məna aləmi ilə bağlıdır. Annaqulu Nurməmməd yazır ki, qırmızı rəng türkmənlər üçün müqəddəs məna daşıyır. Qırmızı rəng onlar üçün ilk öncə günəşin doğması, günəşə yaxınlıqdır (132, 79). İlin dəyişməsi üçün də hökmən yeni ilin günəşinin doğması lazımdır.

Beləliklə, yumurta Novruz bayramının ən mənalı simvollarındandır. Novruz süfrəsindəki qırmızı boyanmış yumurta ölüb-dirilmə xarakterli bayram ayini ilə bağlıdır. Ola bilsin ki, lap keçmişlərdə ilin dəyişməsi mərasimində bişmiş yumurtanın yeyilməsi kimi xüsusi mərasim olub. Ancaq bu, xüsusi mərasim olmaya da bilərdi. Novruzun ölüb-dirilmə fəlsəfəsi hamıya aiddir. Ona görə də çoxlu yumurta bişirilirdi ki, hamı ondan dadaraq yeni ilə – yeni dünyaya keçə bilsin. Bişmiş yumurtanın hər süfrədə, bayram xonçasında mütləq şəkildə olması bununla bağlıdır.

Novruzun mərasimi simvolikası “Yeddi ləvin”, yaxud “Yeddi sin” (variantı: “Yeddi şin”) adlanan adətdə xüsusi ifadə olunur. “Yeddi ləvin” dialektlərdə “yeddi löyün” şəklində də deyilir. Mənası yeddi növ yemək deməkdir. A.Xəlil yazır ki, yeddi növ yemək hazırlamaq (yeddi löyün) və ya bayram süf­rəsinə eyni hərflə başlayan yeddi ədəd bayram nəməri qoymaq adəti olmuşdur. Şərq xalqlarının bayram tarixində “Həft sin”, “Həft şin”, “Həft mim” və s. sistemli süfrə ənənələri möv­cud olmuşdur. “Həft” yeddi deməkdir.Yeddi gün olan həftə də həmin sözdəndir. M.Kaşqarlı türk xalq təqvimində “həftə” anla­yışının əskidən olmadığını qeyd etmişdir. Çox ehtimal ki, “həftə” türklərə Hind-Avropa xalqlarından keçmişdir. “Yeddi löyün” adına daxil olan ikinci komponent ”Sin”, “şin”, “mim” isə “s”, “ş”, “m” hərflərinin ərəb əlifbasındakı adlarıdır (65, 122).

Yeddi ləvində süfrəyə çörək, duz, üzərlik, kömür, güzgü, su və yumurta kimi yeddi növ yemək, nemət, əşya qoyulur. Bunların hər birinin öz mənası var. 7 müqəddəs rəqəmdir və dünyanın, kainatın birliyini, tamlığını ifadə edir. Bunun 7 növ ərzaqla ifadə olunması süfrənin simvolikası, ümumiyyətlə, yeməyin simvolikası ilə bağlıdır. Yəni Novruz süfrəsi də bayramın yaradılış ideyasına xidmət edir. Bayram süfrəsinə qoyulan 7 nemət artıq mərasimi məna daşıyır. Qumru Şəhriyar göstərir ki, bayram günü süfrəyə baş hərfi “sin” ilə başlayan yeddi nemətin qoyulması (“Yeddi sin” ənənəsi – S.Q.), yeddi taxıl növünün (buğda, darı, qarğı­da­lı, noxud, mərci, lobya) cücərdilməsi (“Yeddi ləvin/löyün” ənənəsi – S.Q.) və onların bayram süf­rəsinə düzülməsi, məclisə yeddi dəstə üzərriyin və yeddi ədəd pulun qoyulması, orta əsrlərdə Novruz bayramının yeddi gün qeyd edilməsi və başqa adətlərlə bağlıdır (108, 173).

Ramazan Qafarlının 7 rəqəminin simvolikası ilə bağlı fikirləri Novruz süfrəsindəki nemətlərin kainatın simvolları ilə əlaqəsinin üzərinə işıq salır. Məlum olur ki, burada əsas olan 7 rəqəminin özüdür. “7-lik” həmin 7 nemətləri astral elementlərlə əlaqələndirir. O yazır ki, iki əsas rəqəmin – üç və dördün toplanmasından yeddi alınır və onunla bütün kainatın yeddiqatlı modeli qurulur: ona görə də mifik anlamda bu rəqəmlə səyyarələr, planetlər anılır” (75, 546). “7-liy”in kainatın quruluşu ilə bağlılığı özünü özbək “7-lik” adətlərində qoruyur. Malik Muradoğlunun tədqiqatından aydın olur ki, özbəklərin bayram süfrəsində 3 cür “7-lik” olur:

1) Yeddi növ yemək: günəbaxan, buğda (çörək), arpa, darı, lobya, düyü, maş;

2) Yeddi “sin” yeməkləri: sarımsaq, sumax, sirkə, sünbül, səbzi, sumalaq, sincid (iydə);

3) Yeddi ağac parçası: məcnun (salxım söyüd) budağının parçası, zeytun budağının parçası, heyva budağının parçası, ceviz (qoz) budağının parçası, badam budağının parçası, püstə budağının parçası, nar budağının parçası (130, 283).

Göründüyü kimi, özbək Novruz süfrəsində bütün bitki/ağac aləmi əhatə olunur. Yəni süfrə insanı əhatə edən dünyanın quruluşunu və o quruluşu təşkil edən əhəmiyyətli ünsürləri özündə əks etdirir. Beləliklə, Novruzun dünyanın, kainatın yaradılışı haqqında fəlsəfəsi Novruz süfrəsində 7 rəqəminin simvolikası ilə yaradılır. 7 rəqəmini təmsil edən nemətlərlə “bütün kainatın yeddiqatlı modeli qurulur”.

Tədqiqatçılar belə hesab edirlər ki, Novruz süfrəsindəki şirniyyatlar da simvolik məna daşıyır. Q.Şəhriyar yazır ki, zəngin kulinariyaya sahib olan xalqımız Novruz bayra­mında bişirdiyi bəzi şirniyyatları bir zaman sitayiş etdiyi gü­nəşlə ayı simvollaşdıraraq bişirir. Məsələn, şəkərbura ayın, qo­ğal isə günəşin rəmzi sayılır. Novruz bayramı bişirilən şir­niy­yatların hazırlanması zamanı ibtidai insanların astral təsəv­vür­ləri nəzərə alınmışdır. Bunu bayram şirnilərinin formal əla­mətləri də təsdiqləyir. Bu formal əlamətlər içərisində günəş və ay kultunun üstünlüyü özünü açıq şəkildə göstərir. Şə­kər­bura, badambura aypara şəklinə salınaraq ayı simvolizə edirsə, şəkərbura və qara bayram keçirilən evlərdə bişirilən şorqo­ğalı­nın girdə forması günəşə işarədir. Ayı simvollaş­dı­ran şir­niy­yatlar – badambura, şəkərbura sarı, günəşi simvol­laşdıran simvollar: şorqoğalı, şəkərçörəyi isə sarı qırmızı rəng­də olur. Paxlavada astral kultu əsasən ulduzları simvollaşdırır. Onun romb şəklində olması buna işarədir (108, 174).

Başqa bir tədqiqatçı Mətanət Əliyeva Novruz bayramındakı Azərbaycan mətbəxini kainatın modeli kimi şərh edərək yazır ki, Novruzun bayram edilməsi zamanı insanların yediklərinə diqqət etsək, hər evdə kosmik prosesləri ifadə edən şirniyyatın hazırlandığını görəcəyik. Hazırlanan şirniyyatlara mərasim ünsürləri kimi baxılsa da, hər biri bütöv bir yaranışı ifadə edir (116, 16).

Qeyd edək ki, Novruz təkcə Azərbaycanda deyil, bütün Şərqdə yayılmış bayramdır. Ona görə də “sin”, yaxud “şin” hərfi ilə başlayan 7 növ nemət dedikdə hər xalq öz dilində bu hərflərə uyğun 7 ərzaqdan istifadə etmiş, yaxud da “7 ləvin/löyün”də olduğu kimi, ümumiyyətlə, 7 növ neməti nəzərdə tutmuşdur. Odur ki, müxtəlif xalqlarda 7 rəqəmi müxtəlif nemətləri əhatə edir. Məsələn, Cavad Heyət yazır ki, iranlılarda “hətt (yeddi) sin” adları “s” hərfi ilə başlayan yeddi qida növü və maddələrdən ibarətdir: Sib (alma), Somaq (sumax), Səbzi (yaşıl səbzə), Sirke (sirkə), Sincid (iydə), SəməniSir (sarımsaq) (121, 121-122).

“Həft şin” adətinə, yəni “Yeddi şin”ə (“şin” səsi ilə başlayan yeddi nemət) gəlincə C.Heyət göstərir ki, bəzi müəlliflərə görə “Həft sin” qədimlərdə “Həft şin” imiş: “şin” hərfi ərəblərin təsiri ilə “sin” hərfinə çevrilmişdir (121, 122).

Novruzun mərasimi yeməklərindən biri də səməni halvasıdır. Səməni bitki/ağac kulti ilə bağlıdır. Ağac qədim türk mifologiyasında torpaq, atəş, dəmir və su ilə bərabər dünyanın yaradılışının əsasında duran beş ünsürdən biridir. Səməni birbaşa yeni həyatı, yenidən yaranmanı rəmzləndirir. Belə ki, səməni Novruz ərəfəsində qablarda dənli bitkilərdən göyərdilir. O, yazın, yaşıllığın, əkin-biçinin rəmzidir. Səmənin göyərdilməsi bir ayindir. Ona görə də ondan hazırlanan şirniyyatlar, o cümlədən səməni halvası mərasim yeməyi olub, Novruz bayramının yaradılış fəlsəfəsini özündə əks etdirir.

Novruz çox geniş coğrafiyada yayılmışdır. Ona görə də hər bölgənin süfrəsində müəyyən fərqli nemətlərin olması mümkündür. Ümumiyyətlə isə Novruz süfrəsində yerindən asılı olaraq müxtəlif çərəzlər (qoz, fındıq, fıstıq, ləbləbi, qurudulmuş meyvələr – meyvə qaxları, qovurğa, qovut, sucuq), bal, bamiyə, bayramçörəyi, duzlu kökə, qoğal, qurabiyə, şəkərçörəyi, şorqoğalı, nabat, Novruz balığı, səbziqovurma və s. olur.

Hazırda Novruz yeməklərinin şahı plov hesab olunur. O, düyüdən hazırlanır. Düyü dənli bitkidir, cücərir. Plovun çoxlu növləri var, heç şübhəsiz ki, adi vaxtdan fərqli olaraq, Novruzda bişirilən plovun da mərasimi mənası vardır.

Ümumiyyətlə, Novruz müxtəlif ənənələrlə zəngindir və bütün bu ənənələrin hamısında Novruzun yaradılış fəlsəfəsi əks olunur.



III FƏSİL
NOVRUZ BAYRAMI İLƏ BAĞLI İNANCLAR
Novruz bayramı ənənələrini bu bayramla qırılmaz şəkildə bağlı olan inanclardan kənarda təsəvvür etmək mümkün deyildir: Novruzun bütün ənənələrinin əsasında inanclar durur. Bu inanclar həmin ənənələrlə yaşayan insanların düşüncəsinin, dünya haqqında, varlıq aləminin məkan-zaman quruluşu haqqında təsəvvürlərinin əsasında durur. Həmin məkan-zaman təsəvvürləri inanclarda obrazlar şəklində öz təcəssümünü tapmışdır. Bu cəhətdən Novruzun bütün fəlsəfəsinin, məna və mahiyyətinin kökləri inanclarda əks olunmuşdur.
3.1. Novruz inanclarında qeyri-adi zaman nöqtəsi. İstənilən xalqın inancları, o cümlədən Azərbaycan xalqının Novruz ilə bağlı inancları bütöv bir sistemdir. Bizə ayrı-ayrı məsələlər, fərqli mətləblər təsiri bağışlayan inanclar vahid bir əsas ətrafında birləşərək sistem yaradır. Novruz inanclarını ümumi halda nəzərdən keçirdikdə burada da həmin inancların bağlı olduğu vahid bir əsası müşahidə etmək olur. Məlum olur ki, təzə ilin köhnə ili (yaxud təzə dünyanın köhnə dünyanı) əvəz etdiyi Novruz bayramında iki zaman üz-üzə gəlir. Bunlardan biri getməkdə olan zaman, o birisi isə gəlməkdə olan zamandır. Bunların bir-birini əvəz etməsi Novruz bayramında baş verir. Bu zaman əvəzlənməsində ən mühüm məqam ilin təhvil olunduğu zaman kəsiyidir. Həmin zaman kəsiyi ilə bağlı inanclar vardır. O inanclardan məlum olur ki, ilin təhvil olduğu məqam qeyri-adi zamandır. Bu zamanda qeyri-adi hadisələr baş verir. Həmin qeyri-adi zamanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu, bir başlanğıc anı, qeyri-adi zaman nöqtəsidir. Bütün yeni zaman, yeni məkan və bu zaman-məkan daxilində baş verəcək hadisələr həmin zaman başlanğıcından, zaman nöqtəsindən başlanır. Bu zaman nöqtəsində baş verənlər fərqli xüsusiyyətlərə malik olur.

Cəlal Bəydili (Məmmədov) göstərir ki, ilin təhvil olma anı xalq ənənəsində həm də “aləmin yatan vaxtı” adlanır. Müəllif yazır ki, aləmin yatan vaxtı Azərbaycan xalq inamlarında qışın sonunu, yazın başlanğıc anını göstərən mifik vaxtdır. Mifoloji təsəvvürlərdə aləmin yatan vaxtı ilin axır çərşənbəsinə təsadüf edir. Bununla bağlı deyilir ki, Novruz bayramına açılacaq gecədə gündüzlə gecə tən yarı olan zaman çaylar bir anlığa dayanır və sonra yenidən axır. Bu görüşlərə görə, aləmin yatan vaxtı deyilən həmin anda bütün canlı və cansız bilinən aləmdə nə varsa hamısı bir anlığa yuxuya gedər, yəni sanki ölüb-dirilər. O anda kim nə arzu eləsə, diləyi hasil olar (41, 90).

İnanclardan məlum olur ki, ilin təhvil olma anını heyvanlar hiss edir, ağaclar qeyri-adi vəziyyətə düşür. İrəvan Çuxuru bölgəsi inanclarından birində deyilir ki, keçmişdə il təhvil olan gün çaydan xırda balıq tutub gətirər, ləyənə salıb, ətrafına səməni, şam düzər, diqqətlə balıqların hərəkətini izləyərdilər. Balıq şiddətlə çabalayanda, yaxud sudan atılanda alqış qopardı ki, “il təhvil oldu”. Hamı bir-birini təbrik edər, sonra da bütün kənddə bayramlaşma mərasimi başlayardı (21, 54).

Lakin ilin təhvil olma anını, yəni bu qeyri-adi zaman nöqtəsini təkcə balıqlar deyil, başqa heyvanlar da bilirlər. Qazax bölgəsindən toplanmış inanca görə, kim il təhvil olan anda atın oxranmasını, qoçun imrənməsini, təkənin mikkildəməsini eşidərsə, bütün niyyətləri, arzu-istəkləri baş tutar (30, 53).

İnanc mətnindən məlum olur ki, il təhvil olma məqamı adi olmayan bir zaman nöqtəsidir və bu zamandan üç heyvan (at, qoç və təkə) xəbər tutur. Onlar da qeyri-adi səslər (oxranma, imrənmə, mikkildəmə) çıxararaq insanları xəbərdar etməyə çalışırlar.

At ilin təhvil olmasını başqa şəkildə də bildirir. Naxçıvan bölgəsindən toplanmış inanca görə, at ancaq Novruz gecəsində üç dəfə gövşəyir. Deyirlər ki, onun gövşəməyini kim görsə, ona vergi verilər (33, 17).

Həmin bölgəyə məxsus başqa bir inanc mətnində deyilir ki, Novruz bayramında su teşti qoyurdular. İçinə qırxayaq salırdılar. O dönəndə deyirdilər ki, il təhvil oldu (34, 31).

Lakin ilin təhvil olduğunu təkcə heyvanlar bilmir. Bu qeyri-adi zaman nöqtəsində təbiət ünsürləri də özünü adi zamanda olduğu kimi yox, başqa cür aparır. Məsələn, ağaclar həmin an başını yerə vurur. Naxçıvandan toplanmış inancda göstərilir ki, ilaxır günü il təhvil olanda ağaclar başını əyib yerə vurar. Deyirlər bunu təkcə at bilir (32, 41).

Zəngəzur folklor yaddaşına görə, köhnə ildən təzə ilə keçəndə su dayanar, at kövşəyər, ağaclar səcdəyə gələr. Söyüd deyər:


  • Mən də, mən də!..

Bu vaxt kim nə niyyət eləsə, niyyəti hasil olar (29, 65-66).

Yeri gəlmişkən, Ləman Süleymanova Şəki Novruz adətləri haqqında məqaləsində göstərir ki, ilaxır çərşənbədə səhərə yaxın, hava hələ işıqlanmamış çaya, çay yoxdursa, bulağa – zəmzəm suyuna gedirlər. Ərazidə yayılmış inama görə, bu vaxt çayda su köpüklənməyə başlayır və bunu ancaq əməlisaleh adamlar görə bilirlər (105, 106).

Göründüyü kimi, ilin təhvil olma anını insan yox, heyvanlar hiss edir, o cümlədən bu zaman nöqtəsində sular bir anlığa dayanır, ağaclarsa başını yerə əyərək torpağa toxundurur. Lakin bu zaman nöqtəsinin qeyri-adiliyi təkcə bunlarla qurtarmır. Əgər insan göstərilən əlamətləri başa düşüb, bunun ilin təhvil məqamı olmasını anlasa, həmin an ürəyində nə keçirsə, o da həyata keçər; insana vergi verilər, ürəyində tutduğu niyyət hasil olar, arzu-istəkləri baş tutar. Məsələn, Zəngəzur folklor yaddaşından qeydə alınmış bir nümunədə deyilir ki, bir arvad bayram gecəsi su gətirməyə gedir. Görür ki, ağaclar səcdəyə gəldi. Niyyət eləyir ki, əlimdəki səhəng qızıl olsun. Səhəng qızıl olur. Arvad özünü itirir. Güclə deyir ki, boynum sınaydı, bəs mən evə susuz necə gedəcəm? Arvadın o saatca boynu sınır (29, 66).

Beləliklə, ilin təhvil olunduğu an qeyri-adi zaman nöqtəsidir və bu zamana təsadüf edən, ona tuş gələn insanın istənilən arzusu həyata keçir. Bəs bu, nə ilə bağlıdır?

Müşahidə göstərir ki, ilin təhvil olduğu məqam köhnə zamanın bitdiyi və yeni zamanın başlandığı an, keçid məqamı, keçid nöqtəsidir. Köhnə zaman – axır çərşənbə, yeni zaman – Novruzdur. Ş.Albalıyev yazır ki, Novruz bayramı genetik olaraq öz mənşəyini məhz İlaxır çərşənbədən götürür! Mahiyyətcə, ilin axır çərşənbəsi bayramı Novruz bayramına – İlbaşına keçid funksiyasını yerinə yetirir (5, 54). Yeni zamanın ilk başlanğıc nöqtəsində tutulan niyyət, edilən arzu həyata keçir. Çünki il həmin anla başlanır. Həmin anda edilən arzu, tutulan niyyət yeni zamanın məzmununu müəyyənləşdirir. Borçalı-Qarapapaq bölgəsindən toplanmış, eləcə də Azərbaycanın hər yeri üçün xarakterik olan inancda da deyildiyi kimi, ilaxır çərşənbəni hansı əhval-ruhiyyədə keçirərsənsə il boyu günlərin həmin əhval-ruhiyyədə olar (31, 65).

Beləliklə, Novruz mərasim kompleksində ilin təhvil olma anı qeyri-adi zaman nöqtəsidir. Bu zaman anında hər şey fərqli olur: heyvanlar qeyri-adi hərəkətlər edib insanları bu andan xəbərdar etməyə çalışırlar. Başqa təbiət ünsürləri də adi hallarından çıxıb, bir anlığa qeyri-adi hala düşürlər: həmin an sular dayanır, ağaclar isə başlarını yerə əyib torpağa toxundururlar. Bu andan xəbər tutan insanın həmin məqamda ürəyindən keçirdiyi arzu, istək, niyyət hansı məzmunda olmasından asılı olmayaraq dərhal həyata keçir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin