II mətn
Bir gün mənim babam Məşədi Şükür xəsdələnir. Babamnan da Paşa bəy dosduymuş. Məşədi Şükür qonşunu çağırır ki, get qonşu kəntdə Paşa bəyə denən ki, Məşədi Şükür xəsdələnifdi, ona bir dənə baş ağrısı dərmanı versin. Bu da gedir Paşa bəyin evinin qənşərində dayanıf çağırır:
– Ay Paşa bəy, ay Paşa bəy.
Nökərlər çıxır. Deyir:
– Paşa bəyə deyin bir az bəri gəlsin.
Paşa bəy də yaşdaşmışdı, çətinniknən yeriyirdi. Nökərlər deyir ki, bəy, icazə ver gedək onu bir az çırpax. Deyir:
– Yox, onun qabına qoyulan odu, gedəjəm.
Çəliyin alır əlinə yavaş-yavaş çıxır.
– Ə oğul, nə deyirsən?
Deyir:
– Bəri gəl ey, səynən işim var.
Nəysə, yavaş-yavaş gedir. Deyir:
– Ə oğul, nə deyirsən?
Deyir:
– Məşədi Şükür məni göndərdi, dedi ki, maa dərman versin, başım ağrıyır.
Deyir:
– Oğul, Məşədi Şükürə dərman tapılajax, amma sana dərman yoxdu.
Özü də belə qaydası varmış. Kim onun evinə gəlsə, evində çörək kəsməmiş onu buraxmazdı. Oğlu Sultan bəyə də tapşırmışdı ki, qapına gələn adamı yedirt yola sal. Uzax yoldan gəlir, piyada gəlir, aj-susuzdu. Sənin varındı, onun yoxdu. Bunu da evə aparır, çörək verir, yeyir, onnan sora dərmanı götürür gedir.
III mətn
Kəntdə biri gəlif Paşa bəyə deyifdi ki, Paşa bəy, mən dağda yaşıya bilmirəm ey, çıxıf gedəjəm Qarabağa. Deyif:
– Oğul, de görüm gedəndə bu başı da özüynən aparajaxsan, yoxsa bu başı burda qoyuf gedirsən?
Deyif:
– Əşi, o nə sözdü? Gedəndə başımı da aparajam.
Deyif ki, o baş ki səndədi, nə ala dağ, nə qara dağ. Hara getsən, eyni şeydi.
IV mətn
Dağ evində buların qapısında çoxlu iti varmış. Bir gün Paşa bəy gəlir ki, buların (Sultanın – top.) qapısında o qədər it var, sayı-hesabı yoxdu. Deyif ki, oğul, Sultan bala, bu itdər nə yaxşı sizi yemir?
Deyir:
– Niyə yesinnər, baba. Bulara çörək atırıx, yal bişirif veririk, sümük tulluyurux, itdər bizi tanıyır.
Deyir:
– Ay oğul, bu camahat sənə bu qədər çörək verir, niyə quduruf bu camahatı yeyirsən? Sultan, ağlızı yığın başınıza. Təkəriniz çıxıfdı Qırxqız dağının başına. Bir gün ordan yumalanajax və Allah bilir harda bənd alajaxdı.
V mətn
Paşa bəyin iki yoldaşı oluf, biri seyid qızı oluf, Oğuldərə kəndinnən Seyid Mirəzizin qızı. Paşa bəy də seyidnən qohum olsa da, onnan arası olmuyufdu. Onun bir sözü var. Deyirdi ki, bir kəndi dağıtmax üçün ora qoşun lazım deyil. Kəndin başınnan bir seyid, ayağınnan bir seyid qoysan o kənd dağıldı getdi. Həmin bu Seyid Mirəziz gəlir qalır bunnarda. Yatmax vaxdı yer salıllar. Bu deyir ki, bəy, mən o yerdə yata bilmərəm. Paşa bəy də fikirrəşir ki, yəqin bunun yoldaşı yaxşı yer salmıyıf da. Girir içəri, görür taxtın üsdündə buna bir yer salıflar, soruxlu, çıxollu, tük yastıxlar başının altında, biri o tərəfdə, biri bu tərəfdə. Seyidə deyif ki, a kişi, bildim, bildim, sən orda yata bilməzsən. Gəlif arvada deyir ki, yekə evdə seyidə yeddi dənə yer sal. Çağırır:
– Seyid gəl, yerin hazırdı. Bu gejə səhərə kimi o yeddi yerin hansında isdiyirsən orda yatarsan.
VI mətn
Paşa bəyin dört oğlu oluf, ən ağıllısı Xosrov bəy oluf. Sultan bəy sərkərdə oluf. İsgəndər bəy onun ferma, təsərrüfat hak-hesabına baxan oluf. Zülü adında da bir oğlu oluf. Paşa bəy deyif ki, Zülü, səni göndərəjəm məktəbə gedəsən. De görüm bu başnan gedərsən oxumağa, yoxsa başını qoyuf gedərsən. Deyir ki, bay, adam başsız gedər?
Deyir:
– Yox, sənnən Xosrov olmaz. Elə sən burda get İsgəndərin malını otar.
Yoxluyurmuş ey o. Kim getməlidi, xaricə çıxa bilər, elə mənfət gətirə bilər.
Söz aparıf söz gətirənnərə deyirmiş, filankəs maa yağ gətirir, bal gətirir, erkək gətirir, siz də ətəyinizə yalan büküf gətirif balalarımı qana salırsız. Gəlmiyin bura.
VII mətn
Bizim kətçi Ələsgər qıçın yəhərdən aşırıf, fıştırıx çalırmış. Sultan bəy Ələsgərə deyif ki, Ələsgər, belə olmaz. Gedif bir evdə oturanda Ələsgər düz bunun ağzını nişan alır. Başın yana çöndərəndə güllə çənəsini sıyrır. Ələsgər qaçır Paşa bəyin üsdünə ki, Sultanı atdılar. Ağıl lazımdı da. Deyir ki, Ələsgər, mənim bir kürəyimi qaşı görüm. Kürəyini qaşıyanda deyir:
– Ələsgər, sən atmısan, əlin əsir. Dur burdan get, uşaqlar səni öldürər.
Deyif ki, Paşa bəy, nə bilirsən? Deyif:
-
Düşman düşmanın kürəyin qaşıyanda əlləri əsməlidi. Sənin əlin əsir. Dur burdan get.
Orda deyif ki, atan da yaxşı atıf, saxlıyan da yaxşı saxlıyıf.
VIII mətn
Paşa bəy bəyliyi öz ağlıynan alıf. Əslən bəy olmuyuf. Bərdədə İsmayıl Ləmbəranski oluf. Yelizavetpolda oturan qubernator rus imiş. Paşa bəynən də İsmayıl bəy yaxın dost imiş. Paşa bəyin heylə çox pulu yox imiş. Ayınnan-oyunnan götürür gəlir. Deyir ki, İsmayıl, məni də apar da, orda gör bəylik ala bilərsən.
Deyir:
– Nəyin var?
Deyir:
Deyir:
– Ana, sənin nəyin var?
Deyir:
– Biri də mənim var.
Deyif:
– Ana, onu da ver.
Cəhrənin sandıxcası olur, ordan çıxardıf verir. O iki yüzdüynən gedir. Qubernatorun iki oğlu varmış. İsmayıl bəy rusca bilirmiş, Paşa bəy yox. Yüzdüyün hərəsini verir uşağın birinə. Uşaxlar deyir, bəs atamız soruşsa, bu pulu bizə kim verdi, nə deyax? Deyir ki, deyin Paşa bek. Qubernator gələndə uşaqlar əllərində bir yüzdük belə çıxanda qubernator deyir, pulu sizə kim verdi? Deyir, Paşa bəy. Gəlif İsmayıl xayiş eliyəndə deyir ki, uşaxlar bəyliyi ona mənnən qabax verif.
IX mətn
Şuşa, Gəncə, Qarabağ bəyləri yay vaxdı toplaşırmışdar Şuşada, orda söhbət eliyirmişdər, öz aralarında məşvərət eliyirmişdər. Anaqız oğlu Şükür deyirmişdər. Ona hətta bəylər bəyi də deyirmişdər. Özü bəy döyül, amma bütün bəylərdən dilavərmiş. O qədər gözəl nitq mədəniyyəti varmış ki, ona çatan yoxmuş. Paşa bəy hələ bəy olmamışdan qabax deyir ki, necə eliyək mənim bəyliyimi təsdiqlədək? Gəncədə general qubernator otururmuş, bəylərin təyinatın verən o idi. Anaqız oğlu Şükür deyir ki, Paşa, deginən görüm dörd dənə yüzdük səndə tapılar?
Deyir:
– Dörd nədi, lap on dənə tapılar.
Deyir ki, onda gedək. Qubernatorun iki uşağı var, hər uşağın əlinə bir yüzdük lazımdı. Çatan kimi uşaxlar bunnarı qarşılayır. Qarşılıyanda uşaxlar deyir:
– Dyadya, kto tıy takoy.
Deyir:
– Paşa bəy.
Qubernator bunnarı çağıtdırır içəri. Deyir ki, Şükür, yanıma nə üçün gəlmisən? Deyir gəldim ki, Paşanın bəyliyini təsdiq eliyəsən.
Deyir:
– Uşaqlar təsdiq elədi.
X mətn
Alqulu kəndində Ader addı keşiş olur. Bir gün bu, oğluna toy eliyir. Toy elənif qutaranda Paşa bəy onu çağırır. Deyir ki, gəl görüm toy nətər keşdi? O da sayılan adammış. Deyir ki, arə, elə yaxşı keşdi, elə yaxşı oldu. Sənin müsəlmannarın bir şiş kababdan ötrü bir qoynumu kəsdi, şad oldum. Bir cöngəmi kəsdi, şad oldum. Tuluğumu cırdı, ona da şad oldum. Amma bir dosdum qəndi cüt-cüt qoydu ağzına, elə bildim bütün məkür-kafımı apardı.
Bu qədər var gözünə görünmədi, dostunun qəndi iki-iki yeməyi gözünə göründü. Məclisdə olanda gərək özüü gözdüyəsən da.
XI mətn
Bir gün rəhmətdik Sultan yuxudan oyanır, deyir:
– Ata, bu gecə bir yuxu görmüşəm. Gördüm ki, arabamız Qırxqızın başına dik yoxuşa çıxır.
Deyir:
– Baho, bala, nə pis yuxu görmüsən.
Deyir:
– Niyə dədə?
Deyir:
–Vay o günə ki, o geri qayıda. Onda bizim devranımız dağılajax. Oğul, gəl nəhlət şeytana de. Dik dırmaşma yuxarı, həmişə aşağı bax. Camahatnan pis rəftar eləmə.
XII mətn
Paşa bəy dülgərləri göndərir ki, Dərəkəndində yaxşı qoz ağacdarı var, olardan kəsin verin mişara, yaxşı-yaxşı taxdalar çıxardın, mən onnan şkaf bağlatdırajam. Qoz ağacının da özünün rəngi var da. Həmin Dərəkəntdəki gözə gələn ağacdardan birini kəsif verillər mişara. Mişar bunu çətin kəsir da, səs eliyir, dirənir. Mişar çəkənin biri deyir:
– Çor, zəhirmar, burda sənə mən keçi ətini hardan alım?
Mişar çəkənin biri olur Lələ, biri də oğlu Abdulkərim. Lələ deyir:
– Ə çək, möhkəm çək, görüm bu niyə ilişdi?
Deyir:
– Ay ata, nə bilim, mənnən keçi isdiyir, yağ isdiyir. Mən keçi ətini hardan alım?
Gedif Sultan bəyə deyillər, Sultan bəy bulara bir keçi verir. Gətirif keçini kəsillər. Abdulkərim deyir ki, buna yaxşı mərsiyə yaraşır. Sinəsinə döyə-döyə deyir:
A keçi, yağlı keçi
Dörd əl-ayağı bağlı keçi.
Səni usta yeyəjək
Necə ki Sultan sağdı, keçi.
XIII mətn
Paşa bəy ömrünün sonunda oğlannarın yığır başına. Deyir ki, bala, bu döölət-var hamısı sizindi. Mən ölənnən sora adıza layix ehsan verərsiz. Deyillər, ay ata, nə varsa sənin adınnan bağlıdı. Deyir, yox, bala, mənimki bura qədərdi. Burdan ayna nə eləsəniz deyəjəhlər Paşa bəyin öylatdarı bunu elədi. Çalışın camahata fərq qoymuyun. Ehtiyacı olan da otsun yesin. Amma yanıma üzü qara gələssiz mənim kəfənimi bütöy ağdan bişsəniz. Mənim kəfənimi cırın, onu calatdırın, sora mana kəfən biçin. Deyillər, niyə, qiymətdi parçalara nə gəlif? Deyir, yox, yorğanın kəfrənini söküf ölüsünə kəfən tikənnər deməsin ki, mən ölümə kəfən tapmadım, amma Paşa bəy bahalı kəfəndə basdırıldı. Qoy desinlər ki, Paşa bəy də calax kəfənnən getdi.
XIV mətn
Laçının üç varrı adamı oluf. Biri Paşa bəy oluf, biri Hajı Mirəziz, biri də Lətif. Hajı Mirəziz həm də Paşa bəyin qayınatası oluf. Paşa bəyə sual verillər ki, bəy, dünyanı necə yola saldın? Deyif, mən daddım getdim, yəni yemədim. Hajı Mirəziz tamarzı getdi, amma Lətif yedi getdi. Özünə korruğ vermiyif. Kalxoz yarananda onun bünövrəsi Lətifin malı oluf.
XV mətn
Paşa bəyin böyük ilxıları oluf. Deyillər, hər yaşdan yüz baş heyvan saxlıyırmış. Deyillər ki, bir gün ilxısı gedəndə qoyun ürkür. Görür ki, ayağı bir zincirə ilişdi. Zinciri tuta-tuta gedir ki, bu zincir girif bir qayanın içinə. Qayanın nə oyuğu, nə bir şeyi. Tüfəngin sümbəsiynən qaşıyır, bir cığırın tapır. Baxıf ki, qayanı deşif içini qızılnan dolduruflar. Götürüf gətirif, onnan varranıf.
XVI mətn
Pircahannan Məşədi Alı gəlif Paşa bəyin yanına. Deyif ki, bəy, getdim o dünyanı gəzdim gəldim. Bəy də ağıllı adamdı. Düşünüf ki, bunda söz var da, yoxsa elə-belə bu sözü deməz. Deyif ki, Məşədi Alı, xeyir ola, nəyə getmişdin? Deyir, elə getdim. Deyir, nə gördün? Deyir, bəy sağ olsun, bir ev gördüm, bax bir ucu sənin bu evində, bir ucu da Həkəridə. Deyir, xeyir ola ay Məşədi Alı, o böyüklükdə binanı neynillər? Deyir ki, bəy, o binanın içi doludu naz-nemətnən. Deyir, o naz-neməti neynillər? Deyir ki, bəy, gördüm ki, bir dəsdə camahat gəldi, heş-zada əlin vurmadan geyindilər-kejindilər, hərəsi bir at mindi, bir tüfəy götürdü, bir qılınc bağladı, çıxdı getdi. Soruşdum bu hara camahatıdı? Dedilər, bu Qasımuşağıdı, bəyin adamıdı. Deyir, sora nə gördün? Deyir, sora gördüm bir dəsdə camahat gəldi, nə böyük kiçiyi, nə kiçik böyüyü tanıdı. Ye ki yeyə bildikcən, ye ki yeyə bildikcən. Sora da qoltuxların, ciblərin doldurdular getdilər. Soruşdum bu hara camahatıdı? Dedilər, bu da Vağazin camahatıdı.
Bu söhbəti eliyən Şahbaz müəllim oluf Narışdan. Amma söhbətin dalın eləmədi. Dedi ki, bütün kəntdərin xasiyyəti orda öz əksini tapıf. Sənin dilin dinc durmuyajax, toyda danışajaxsan, ya vayda, mənim gorum olar söyüş yiyəsi. Mən goruma söydürə bilmərəm. Sora xəsdələndi, qardaşımı göndərdim ki, bu söhbətin ardını örgənsin. Deyif, yox, mən onu danışammaram.
XVII mətn
Paşa bəy adamların psixologiyasın bilən, düşüncəsin qiymətləndirməyi bacaran bir adam oluf. Bir dəfə evdə oturanda birdən hay düşüf ki, güney yandı. Dağda payızda ot bozarır, qışda, yazda heyvan onu xam kimi yeyir. Tökülüf gedifdilər, bəy də oturufdu. Deyif ki, bala, noldu? Deyiflər ki, odu söndürdük. Deyir, soruşmadız ki, güney niyə alışıf? Deyiflər ki, bəy, Səfəralı kişi ojax qalamışmış, onnan od düşüf. Deyir, yox, siz Səfəralının cığın20 söndürəmməzsiz. Heş kimin güjü çatmaz (Səfəralı görünür şeytan meyilli adammış da). Səhər duruf görüllər ki, bircə qarış yer də qalmıyıf, hamısı yanıf.
XVIII mətn
Atı İsgəndər bəy minif harasa gedif da. Gətirif atı bağlıyıf, özü də keçif yatıf. At qalıf çöldə günün altında, amma bu, evdə istirahətin eliyir. Paşa bəy gəlif deyir:
– Xaldar, Xaldar, bilirəm nə deyirsən. Deyirsən ki, əkdiyin namərt oğlun məni bu gejə minif isdədiyi yerə sürüf, özü öz kamına çatıf. Amma məni orda bağlıyıf ağaja, indi də burda bağlıyıf milçəyin altına, milçək yeyir məni. Bilirəm nə deyirsən.
O demək deyil ki, oğlunu pisliyir. Oğluna çatdırır ki, belə olmax lazımdı.
XIX mətn
Sabir kişi danışırdı. Nəsib Paşa bəyin əmisi oğludu. Deyir bir gün İsgəndər bəy bunun piçənəyinə mal yığıb, bunun yerini otarıf. Nəsib alıxlı atnan gəlif əmisi oğluna (Paşa bəyə – top.) deyir ki, nədi, oğlannarını göndərmisən mənim yerimə. Atdan düşmür, atın üsdünnən danışır. Deyir, Nəsib, düş, Nəsib, düş. Deyir, yox, düşmüjəm. Oğlannarın belə eliyir, mənim piçənəyimi heyvannara otarır. Bir xeyləğ duruf deyir ki, o malı yığmamışdan qabax kimnən görüşdün. Deyif, Ədilnən Cümşüdnən. Deyir hə, o adamlar yığar. Deyif, məni də apar. Deyif, nətər səni aparım? Deyir, minəjəm tərkinə. Deyif, bəy də at tərkinə minər? Deyir, qoy camahat görsün ki, mən Nəsibin tərkində gedirəm, ona toxunmağ olmaz.
XX mətn
Bir bəy Paşa bəyə deyir ki, sən bu heyvannara nə verirsən ki, onnar gümrahdı, yaxşıdı. Amma bizim mal qırılır. Bir gün deyir ki, səni aparajam mənim çobannarımın yanına. Çobannarın yanına günorta aparır. Çobannara deyir, nəyiniz varsa, gətirin sırfa açın, yemək yeyək. Çobannar açır, bal, yağ, dünyanın nazı-neməti hamısı burdadı. Deyir ki, sabah da sənin çobannarınnan gedif yeyəjıyıx. Gediflər, çobannar sırfa açıllar. Çobanın sırfasında nə var? Paşa bəy deyir ki, sənin malın onçün arıxdı ey. Çobanın yedığı budu, malın da yedığı budu. Çobana bax, malın kök olsun.
XXI mətn
Paşa bəyin qızına elçi gəlir. Sultan bəy nökərə deyir ki, get ağama denən niyə on üç yaşında qızını fikirrəşirsən, qırx yaşında oğlunu yox. Sultan bəy onda subay imiş. Nökər gedif elə helə də deyir. Paşa bəy deyir ki, get o bəyə denən ki, qız qalar sana töhmət olar, amma sən maa töhmət olmazsan. Ona görə gərək qızı tez yola salasan.
115. SULTAN BƏY
I mətn
Sultan bəyin Qırxqızda dağ evi oluf. Malı, qoyunu orda olurmuş, özü də rəhbərəh. Türkiyədən qovulmuş Andranik başına dəsdə yığıf gəlir. Laçınnan keşməlidi. Andranikin nümayəndəsi gəlib Sultan bəydən icazə isdiyif ki, keçə Qarabağa, ordan da gedə Şamaxıya. Sultan bəy gəlif atasına deyir ki, Paşa, belə bir şey oluf. Deyir:
– Ə, ona nə dedin? Hə dedin?
Deyif ki, yox, hə demədim. O vaxdı torpaxbasdı deyirdilər. Paşa bəy deyif ki, get denən torpaxbasdını ödüyərsən, topu, tüfəngi sökülü vəzyətdə qəlfə-qatıra yüklüyərsən ki, camahat duyux düşməsin. Bu vəzyətdə keçin.
O vaxdı beş yüz atdısı oluf Sultan bəyin. Ona qırmızı şalvarrar deyirdilər, şalvarlarının yanında qırmızı palasa varmış. Yerbəyer eliyif bütün döyüşçüləri. Gəlif Zabuğ körpüsünnən keçillər. Gözdüyüllər qoşunun arxası qutarır. Qoşunun qabağı Dəlmələrə dirənir. Orda elə bir səngər yaratmışdı Sultan bəy, ora ancax kəndirnən düşə bilərdin. Girif orda pulamyot qurmuşdu. Səngəri tam hazır eliyənnən sora deyir, gəl. Qoşun gəlir. Körpünü keçəndə arxanı kəsillər. Burda atışma başdıyır. Buların silahları sökülü, arxa arxadan, qabax qabaxdan buları qırıllar. Ora Qannı dərə deyillər. Andranik ordan qaçır. Sərkərdə ağ atın üsdündə əlində bayraq gəlir da. Sultan bəy də işini bəri başdan yaxşı görmüşdü. Andraniki tanıyan bir ermənini yanında saxlıyırdı. Sərkərdəni tutanda soruşur ki, Andranik budu? Deyir, yox, Andranikin başı çox yekədi. Andranik özü arxada gəlirmiş. İki dənə müsəlman körpəsinin əlinnən tutur, guya bu da müsəlmandı. Ordan üsdən aşağı enir Güləbirtə sarı, dəyirmanda paltarını dəyişir. O vəzyətnən aradan çıxıf.
II mətn
Andranik deyifdi ki, sana qızıl verəjəm, sən icazə ver qoşun keşsin Qarabağ zonasına. Deyif ki, qoy atama maslahat eliyim. Gəlif atasının yanına. Atası deyif ki, Laçın balaca yerdi. Qarabağa keçənnən sora qayıdıf Laçını da alajax. Bir kələh quruf bunu məhv eləmək lazımdı. Sən qızılı al, denən qoşunun gəlsin. Camahatın şübhələnməməsi üçün silahları yığsınnar arabaya, silahsız gəlif keşsinnər. Andranik bu dediyi kimi gəlir. Dalı Zabığa girəndə əmr eliyir, dalın, qabağın kəsin. Ordan bir dənə də erməni çıxa bilmir. Andranik qırmızı at minmişmiş, özü də qırmızı geyinmişmiş. Aprel ayıdı, suyun daşan vaxdıdı. Andranik özün atıb çaya. Gülləynən atı vuruflar, atın da tərkində xurcun varmış. Bizim də insan tamahgirdi dana. Xurcun çaya düşəndə bunnarın başı xurcuna qarışır ki, onu tutalar. Andranik özün verif kola, aradan çıxıf. Xurcuna baxıflar ki, kəsilmiş barmaxdı üsdündə üzüy, kəsilmiş qulağdı üsdündə sırğaynan. Heylə olur Andranik qaçır gedir. Sultan bəy onda Laçını vermir.
III mətn
Andranik buna xəbər verir ki, sana bu qədər qızıl verirəm, sən yol ver mən keçim Qarabağa. Sənnən mənim işim yoxdu. Bu tez atı minir gəlir qardaşı Xosrov bəyin yanına. Deyir:
– Sənnən məsləhət almağa gəlmişəm.
Xosrov bəy deyir ki, get allatginən. Qızılı al, denən mənim camahatım hiddətlənər. Topunuzu, tüfənginizi qatırlara yüklüyün, mən sizə yol verəjəm. Qoşunu yığ, arxanı da kəs, qabağı da. Orda bir casus da olur. Andraniki orda tutajaymışdar. Boz atnan çapar gedir ona xəbər verir ki, burdan qaç. Heylə olur qaçır, arxasınca güllə atıllar, dəymir.
Sultan bəy Qala dərəsini ala bilmir, ora kəşfiyyata adam göndərmək istiyir. Qoşunu yığır, deyir, oraya kim gedə bilər? Vağazində Kazım kişi olur, bizim Piçənisdə də Əkbər kişi. Əkbər deyir, mən gedərəm, Kazım da deyir, mən də gedərəm. Camahat deyir ki, bunnar qannıdı, gedə bilməzdər. Sultan bəy buları geri çağıranda başa düşüllər nə üçün onnarı çağırır. Deyillər, bizim bir düşmanımız var, o da ermənidi. Bunnar gedillər ki, Qala dərəsinin qənşərin kəsən bir ermənidi. Əkbərnən Kazım həmən ermənini öldürəllər, onnan ora Sultan bəy Qala dərəsini alır, Şuşanın yolu açılır.
Bərdədə Qılışdı Savalan oluf. Çox gözəl, varrı kişi oluf. Gedirmiş Ağdaşa, bazarrığ eləməyə. Yeməkxananı bağladırmış ki, bu gün Savalan əminin hesabınadı, kim yeyir yesin. Heylə kişi oluf. Sultan bəyin bir sifarişiynən ona köməyə beş yüz altdı göndərmişdi.
IV mətn
Mən orda iştirak edən ağsakqalları görmüşəm. Əmiri, Ağaları, Minkəntdi Gülümü görmüşəm. Olar deyirdilər ki, erməninin qoşunu gəlir söykənir Həkəri çayına. Andranik Sultan bəyə qasid göndərir ki, sənə iki pud qızıl verim, qoy keçim Qarabağa. O da razılaşır. Gəlir evə. Onun atası Paşa bəy həmişə Sultan bəyə bəy deyirmiş. Deyif, bəy, niyə bikefsən? Deyif, ata, bəs belə-belə. Andranik iki pud qızıl verir, özü də isdiyir keçə Qarabağa. Deyir, bəs sən neynədin? Deyir, razılığ verdim. Deyir, yox, bala, səhv eləmisən. O gedif Qarabağı da alajax, qayıdıf səni də öldürəjəh, gənə də qızıl onundu. Deyir, bəs tədbir? Deyir, onun bircə tədbiri var. Adam göndər, denən mənim torpağımnan bir dənə saldatın əli tüfəyli keşmiyəjəh. Silahın hamısın dördyüz qatırdı, arabadı, nədisə yüklüyün. Qoşunun dalı Minkənd çayınnan qutaranda qabağı enəjək Həkəri çayına. Bizimkilər hamısı da akopda gözdüyürmüşdər. Çıxıf qırarsınız.
Elə heylə də eliyif, dörd yüz arava yüklü silahı bəy daşıdıf Kürthacıya. Andranik özü səkgiz atdıynan qaçıf. Onun biri gedif Arazda batıf. İki boz at oluf. Biri Andranikin atı oluf. Andranik keçif o taya.
V mətn
Həsən kişi vardı, Andraniknən Sultan bəy qavaxlaşanda, deyir, Sultan bəyin atın mən tutmuşdum. Deyir ki, Andranik gəldi, bunnar danışdılar. Birdən Zabuxda güllə atıldı. Onda Andranik başa düşdü ki, bu uduzuf. Altında boz at vardı. Sıçrıyıf aradan çıxdı. Daldan atdılar, güllə dəydi yaraladı. Hiss olundu ki, güllə qolunnan dəydi, amma çıxdı getdi.
Bunu maa Həsən kişi danışıf, Ağaların atası.
VI mətn
Ermənilər hüjum çəkəndə Sultan bəy əmr verir silahı bajaran adam, bir də tüfəyi olan adamlar Minkəndə yığılsın. Şeylanlı Bəşir də onda cavan oğlanmış. Adsız-sansız adam idi. Kəntləri yığır Minkəndə, ordu düzəldir Andranikin qoşununa qarşı vuruşmağa. Bu da cavandı, evləmiyif. Sultan bəy cavannarı sıraya qoymuşmuş. Bir dəfə üzünə baxa-baxa gedirmiş, bir dəfə də arxadan baxa-baxa gedirmiş. Deyif, əlimi kimin arxasına qoysam o irəli çıxsın. Minkəntdə Bəşirin bir qohumu varmış. Sultan bəy əlini Bəşirin kürəyinə qoyanda deyir o uşaxdı, silah bilmir. Sultan bəy deyir, yüz güllə atsın biri boşa getməz. Özü də düz deyir ey. Bəşir elə bir adammış ki, gülləsi boşa getməzmiş. Sultan bəyin onu tanımasına bax ey.
VII mətn
Atam Sultan bəyin özünü görmüşdü. O vaxdı ata-anası qırılır, yetim kimi əmisi oğlunun yanında qalırmış. Atam deyir ki, balacaydım, Almuradın yanında qalırdım. Almuradın da yoldaşının adı Rasta idi. Bir günnəri səs düşdü ki, bəy gəlir, gedəcəkdi. Rus gəlifdi deyə bular çıxıf gedillər. Atmışa yaxın farmaş yüklü yük idi, qırxa qədər də at idi. Gəldilər töküldülər. Bunnara heyvan kəsirlər. Məni görəndə Sultan bəy dedi ki, ay Almurad, bu kimin uşağıdı belə. Dedi ki, rəhəmtlik əmoğlu Həbibin oğludu. Dizinə vurdu dedi:
– Vay, vay, bulara da yaman oldu, qardaş qırıldı, ata öldü, ana öldü.
Dedi ki, Rasta, mənim tərxurcunumda kəfənnik ağım var. O ağı çıxart, bu gecə uşağa alt-tuman köynək tik. O vaxtlar alt tuman-köynəyi ancax bəylər geyirdi. Atam deyirdi ki, şal yunnan toxunma şalvar geyirdik, adamı dalıyıb öldürürdü.
Arvad gəldi, ölçdü mənim kürəyimi, ölçülərimi götürdü. Mən yatdım. Səhər arvad məni durğuzdu ki, bala, qurban olum, dur, bəy əmingil gedillər. Ayağa durdum, həmin alt paltarı geyindirdi gətdi bəyin hüzuruna. Sultan bəy dedi ki, əlimdən nə gəlir? Mən çıxıf gedirəm. Bu uşax burda yetim qaldı, siz də başsız qaldınız. Gözünnən yaş axdı. Dağlara baxdı dedi:
– Can, ay vətən, can. Bir də səni görmərəm mən, – deyif getdi.
VIII mətn
Sultan bəy İrana gedirmiş. Ama bir yol axtarırmış ki, nətəhər getsin. Sultan bəyə deyiflər ki, səni İrana addatsa, Güləbirtdə Abdullaoğlu Misir var, bəlkə genə o addada bilər. Misir də İrana işdiyirmiş. Bələdçi axtarırmış da. Təhlükəsiz addada bilən, Arazın keçalatını bilən adam axtarırmış da. Ona da Misiri nişan veriflər. Mən də eşitdiyimi deyirəm, bala. Sultan bəy gəlib Abbas qışlağına – Misirin evinə. Misirə deyif ki, bilirsən, mən Sultan bəyəm. Misir də bala, Abdullanın oğludu. O da yüzbaşı-zad oluf. Həə, nəysə, deyir ki, məni addadeysən İrana. Misir birinci razı olmur. Bəy ona deyir ki, əən-bəən eləmə, səni vuraram. Heş getmərəm də, qoy hökumət məni tutsun. Misir də razı olur onu keçirməyə.
İki qatır yükü qızılnan Misir Sultan bəyi aparır İrana. Misir Sultan bəyi özünün tanışının evində qoyur. Bunu Misirin oğlu söhbət eliyif. Meşin xurcunnar varıydı, ağzı qapaxlıymış. Xurcunu Sultan bəy qızılnan dolduruf. Misir qızılı götürmək isdəmiyif, deyif ki, ta bu olmadı ki, saa yaxşılıx eləməh haqqıynan oldu. Sultan bəy ona deyif ki, artıx danışma. Səni vuraram burda qalarsan, heş gedif ora çıxa bilmərsən. Nəysə, Misir qızılnan qayıdıf gəlir.
IX mətn
Mircəfər Bağırov adam göndərir ki, Sultan bəynən görüşmək isdiyir. Sultan bəy gələn elçiyə deyir ki, nəslin desin. Mircəfər Bağırov deyir, mən seyid nəsliyəm. Deyir, yox, mən onnan görüşə bilmərəm, sözün desin. Mircəfər Bağırov deyir ki, ta ki başın saləmətdi burdan köç. Deyir, kürdün gülləsi maa atılmasa, mən bu vətənnən çıxmaram. İnqilabçılar Müseyib bəyi ələ alıllar. Axı Sultan bəy deyif kürdün gülləsi mənə atılamsa vətənnən çıxmıyajam. Bunu örgədillər. Çayın bir üzündə Sultan bəyin evi idi, o tayı da qalın meşə idi. Sultan bəy qapıda gəzirmiş. Müseyib bəy həmin meşədən Sultan bəyi atır. Atannan sora Sultan bəy deyir, artıx çıxmalıyıx. Güllə papağına dəyir, deşib o üzdən çıxır. Paşa bəy deyir, atan yaxşı atıf, saxlıyan da yaxşı saxlıyıf. İrana addıyır. Əlyannıya mal gətirir İrannan. Bir Əlyannının evinə gəlir. Deyir, bu ayın-oyunu satmağa apar, ordan da Müseyib bəyin evinə get. İki dəfə gedif gələnnən sora deyif, indi onu qonağ çağır. Müseyib bəyi çağırır. Yeməx, içməx. Sultan bəy görükmür. Bunnar durur yeri salıf yatanda Sultan bəy peyda olur. Əliynən Müseyib bəyin başına vurur. Ev yiyəsi deyir, ə, o nə səsdi? Müseyib bəy deyir, ə, nə səs olajax? Bir tikə çörək verdin, onu da qannan yoğurdun. Lampanı alışdırıllar. Sultan bəy deyir, bu papağı sənə kim verif? Deyir, bəy, sən vermisən. Deyir, bir şey deyəjəm. Sənə qarşı bircə nöqsanımı de, səni bağışdıyajam. Deyir, deyə bilmərəm. Orda onu öldürür, çıxır gedir. Samavarı qaynadıf bağlıyır belinə əcirnən öldürür. Onnan sora addıyır İrana.
Dostları ilə paylaş: |