AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr IV kitab



Yüklə 5,93 Mb.
səhifə8/31
tarix07.01.2017
ölçüsü5,93 Mb.
#4721
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

II mətn

Qarabağ xannığına seçki dövründə Qara Murtuza Çalbayır dairəsinin sədri təyin olunur. Çalbayır dairəsinə aitdi Pircahan, Qoşasu, Künbəzdi Qaraçannısı, Yuxarı Qaraçannı, Sarı baba, Ərdəşöy, Piçənis, Ələkçi, Namlı, Qarabayram, Şəlvə, Alaqaya, Kürthacı kəndləri. Həmin dairənin də sədri Qara Murtuza oluf. Yaxşı çalışıf, səsi topluyuf. Xan onun işindən razı qalıf. Onu qəbul eliyəndə deyif, mənnən nə isdiyirsən? Deyif, mənim bircə dənə oğlum var, ona toxunulmazdıx ver. Toxunulmazdıx alan da vergidən azad olur. Doğurdan da, toxunulmazdıx verif. İndi bizdə Bülöylük bəyləri deyillər. Əslində onnarda bəylik statusu olmuyuf, toxunulmazdığ oluf. Amma camahat bunnarı bəy kimi tanıyıf. Qara Murtuza rəhmətə gedif. Oğlu Alı bu dairənin sədri oluf, eyni zamanda Qarabağ xannığının nümayəndəsi oluf. Bir günnəri bu, yenə Qarabağ xanının qəbuluna gedəndə xan soruşufdu nə çətinniyin var? Deyif ki, xan sağ olsun, əkinə-səpinə köməyim yoxdu. Bunnan çətinnik çəkirəm, təkəm. Deyif ki, sənə beş erməni ayləsi verəjəm, apar işdət. Çağıtdırır təşkil eliyir, beş dənə ayləni köçürür Laçının Alqulu kəndi deyilən yerə. O vaxdı orda bulağın üsdündə dam-daş salır, bu beş erməni orda tikilir. Alının qulları sora təkmilləşir Alqulu kəndi olur. Ora sora böyük bir erməni kəndinə çevrilir. Hətta orda Aterka adında keşiş də yerrəşir. Keşiş özü də böyük imkana malik olur. Hətta bəzən Paşa bəy gələndə təklif eliyir ki, toxumum var, nəyə ehtiyacın var? Paşa bəy deyir ki, keşiş, sağ ol, heş nəyə ehtiyacım yoxdu. Bu proses davam edir 1915-ci ilə qədər. Sultan bəy oları ordan köçürdür, onnan da erməni ordan ləğv olunur. O Alqulu kəndi Qarabağ xanının Qara Murtuzanın oğlu Alıya verdiyi beş ermənidən yaranmadı.


71. ALXASLI KƏNDİ
Siftə hər yer meşəlik idi, yaşayış yox idi. Kəlbərcərdən iki qardaş gəlifdi. Kəndimizin o tayı Alpout, Qoşasu kəntləri idi, güney xasiyyətli idi. Siftə onnar ataları da yanında gəlir oraya. Atalarının da gözü kor imiş. Oğlannar deyifdi ki, bura yaxşı güney yerdi. Atası deyif ki, bu yerdən bir az qazın. Kişi qazdırıf, deyif qaytarın torpağı doldurun qazdığınız yerə. Əlini sürtüfdü ki, qazılan torpax oranı doldurmuyufdu. Deyif:

– Bala, burda taxıl olmaz, gedək ayrı yerə.

Sora addıyıf bizim indiki Alxaslı teritoriyasına. Gələndə görüflər bir tərəfi meşədi, yaxşı yerdi. Bu dəfə də deyifdi qazın buranı. Qazdırıfdı, sora deyif torpağı qaytarın yığın yerinə. Torpağı qaytarıf yığanda görüf ki, xeylax torpax qaldı. Deyif:

– Burda yaşamağ olar.

Həmin kişinin adı Alxas imiş. Heylə olur orda yurd salırlar. Oğlannarının birinin adı Əhməd idi, o birini bilmirəm.
72. MALIBƏY KƏNDİ
Bizdə çox geniş örüş-sahə var. Onnan əlaqədar camahat çox mal-devlət saxlıyırdı. Da bizdə malın dalınca getmək söhbəti yox idi. Okqədər geniş örüş vardı ki, axşam gələn gəlirdi, gəlmiyən də yatırdı örüşdə. Örüşün genniyinə görə, mal azad otdadığına görə kəndin adını Malıbəy qoyuflar. Şuşada da Malıbəyli kəndi var. Qan üsdündə bizdən bir adam ayləsiynən kəntdən çıxıf gəlif orda yerrəşif. O gələn soruşuf sən hardansan, bu gələn soruşuf sən hardansan, deyif Malıbəyliyəm. Onnan da o kəndin adı qalıf Malıbəyli.

Bizim kəntdə köçərilər deyilən bir tayfa var, tərəkəmə oluflar. Onnara Püscəfərlilər də deyirik. Kalxozlaşma devrində gəlif bizim kövşənin üsdünnən keçəndə onnarın qavağını kəsif devlətini alıf veriflər kalxoza. Devlətdəri alınnanan sora deyiflər ki, madəm əmlakımız burda qaldı, elə özümüz də burda qalıf kalxoz olajayıx. Elə onnan da qalıflar orda. Bizim kəntdə məmmədlər, turabxannar, sultannar deyilən nəsillər var.


73. MOLLALAR KƏNDİ
Bizim kəndimizdə çox yaşdı bir kişi varıydı. O deyirdi ki, bizim kəndin binövrəsi belə qoyuluf. Bizim kənd yaşıllıx, çəmənnih, elə boş meşəymiş. Kəntdə bir dənə bulax varımış, ora bulağın bərəsi deyərmişdər. O bulağın üstünə elə maral-ceyran gələrmiş. Bizim kəndin binövrəsini deyillər ki, İrannan gəlmiş Molla Piyalə addı bir kişi qoyuf. Həmin kişi Laçına gəlmişmiş, özü də molla oluf. Oraları gəzif. İndiki kəndimizin yeri çəmən olduğuna görə bəyənif. O vaxtı da heyvandarrıxnan məşğul olurmuşdar. Deyif ki, elə bura yaxşıdı, xoşuna gəlir bu yer. Kişi bura gələndə evlənmişmiş. Yoldaşı varıymış, onun yanında da bir oğlan uşağı. Oğlan Mollanın yox, arvadın əvvəlki ərinnən imiş. Nəysə, gəlif bizim kəntdə yerrəşir. Başdıyır burda heyvandarrıxnan məşğul olur.

Mollanın da bizim kəndə gətirdiyi arvatdan üç oğlu olur. Olur dörd oğlu. Həmin kəndin də adı molla olduxlarına görə Mollalar kəndi adlanıf. Bizim kənd iki hissədən ibarət oluf. Bir hissəsi – Mollanın siftə düşdüyü yer kəndimizin aran hissəsidi. Elə bil orda qışda heyvanı saxlıyırmış, yayda da köçürmüş yuxarı kəndə. Beləliknən, onun dörd oğlu olur. Ona görə də kəndin adı Mollalar kəndi oluf.


74. KORCABULAQ KƏNDİ
İrannan Xəlil adlı bir nəfər gəlif Şuşaya Pənahxəlil xanın mehtəri oluf. Yaxşı at minən oluf, mehtərlik eliyif. Xanın qızının bunnan xoşu gəlir. Xanın qızını qaçırar, gələr Ağdamın Əlağalı kəndinə. Orda xanın adamları ona çatıf. Amma xan tapşırıf ki, ona dəymiyin, qızı götürün gəlin. Əlağalı ilə Vəng arasında Qarasu deyilən yer vardı, bular gəlif qozun divində yatıflar. Orda xanın adamları qızı onun əlinnən alıflar, oğlana da dəymiyiflər. Oğlan da xanın qorxusunnan geri qayıda bilmiyifdi. Biz tərəfdə Lolabağır kəndi oluf, hansı ki bizim kənd həmin kəntdən bölünüf gəlmədi. Gəlif o kəntdə mehtər kimi qalıf, hansısa bir imakannı adamın heyvanına baxıfdı. Sora Səttar addı qardaşını da İrannan götürüf gəlif.

Bizim kəndin ərazisi Lolabağırın yeri oluf. Qorçu, Ərikli kəntlərinin camahatı bizim kəndin torpağınnan istifadə eliyirdi. Həmin yer əldən çıxmasın deyə Kərbalayı Tağı gedif ki, görə orda su var, yoxsa yox. Axtarıf o suyu tapıf. Qayıdıf gəlif camahata deyif ki, getdim bir bulax tapdım. Deyiflər, nətər sudu? Deyif, elə bir korca bulaxdı. Kəndin adı ordan yaranıf. Kəndin ilk sakini də Kərbəlayı Tağı oluf, gəlif orda dam-daş salıf. Sora mənim babam Hajı Səməd, Lolabağırdan Köçəri, Qara kişi, bir də Qələndər – bu beş adam gəlif orda məskunnaşıf. Orda məskunnaşmalarının da səbəbi o torpağın əldən çıxmaması oluf. Sora Xəlil, qardaşı Səttar da Lolabağırdan köçüf gəlif Korca bulağa. Niyə gəlif? Mənim babamın Korca bulağa köçənnərnən qız qohumluğu oluf, ona görə o da köçüf Korca bulağa. Xəlil də, qardaşı da evləniflər, qız qohumluğuna görə onnar da o kəndə köçüflər.


75. LOLABAĞIR KƏNDİ
Həmin kəntdə Lolabağır addı çox qüvvəli pəhlivan oluf. Keşik dağı deyirik. Bəzi yerrərdə Keşiş dağı, Keş dağı kimi də göstəriflər, amma bizim camahat Keşik dağı deyirdi. Sağında, sol tərəfində kəntdər vardı. Bu dağ da həmin kəndlərin arasında idi. Elə bil onnara keşik çəkirdi. Orda Lolabağırın yaylağı oluf, Yal yurdu deyillərmiş. O vaxdı haranınsa general-qubernatoru eşidif ki, bu qüvvəli pəhlivandı. Gələndə özüynən bir pəhlivan gətirif. Qubernatorun gəlişinin şərəfinə Lolabağır hardasa bir kilometr yola böyük bir xalı döşətdirif ki, mənim qonağım gəlir. Qubernator deyir ki, mənim pəhlivanımnan güləşərsən, onu yıxsan nə isdəsən verəjəm, amma uduzsan bütün mülkünnən əl çəkəssən. Şərt kəsib buları güləşdirir. Hardasa bir saat güləşillər, amma heş biri bir-birinə üstün gələ bilmir. Lolabağır varlı adam oluf, malının içidə də kök bir çöngə vardı. Güləşdiyi adam da rus olufdu. Ayləsinə deyif ki, filan qaşqa çöngəni qurban de, bu gavur mana güj gəlir. Nəysə, pəhlivanı yıxır. Qubernator deyir ki, mənnən nə istəyirsən, de. Duruf belə baxır. Deyir ki, o ərazi Ağaların yeridi (Ağalar da Qorçuda hörmətli şəxs oluf), o ərazi filankəsindi. Onnan qalan burda nə ərazi var mən sənnən onu isdiyirəm. Elə orda da sənətləşdirif o torpaxları verib ona. Bizim kənt də həmin torpaxda yerləşir. Lola onun ləqəbi oluf. Özü də çox gursəsli adam oluf. Deyillər ki, Keşik dağınnan adamı haylıyanda Araxışda onun səsi eşidilirmiş. Hardasa on kilometr məsafə olardı. Heylə nəhəng bir adam olufdu.
76. QORÇU KƏNDİNİN ADI
Qorçuda bir nəfər cin tutuf. Uşax cinin iynəsin çıxarıf buraxıfdı. Cin gəlif bajanın üsdünnən deyif ki, mənnən nə isdiyirsən? Deyif, vallah, hər şeyimiz var, amma qonşular bizə çox külə gəlir, qora. O da yoxumuzdu. Sən bizim qorumuzu bir az bol elə. Qorçu sözü deyillər ordan qalıf.
77. YAĞLIVƏND KƏNDİ
Ağaməhəmməd Şah Qacarın qoşunu Arazı keçir bu taya, gəlir Yağlıvəndə. Kənd camahatına deyir ki, bu axşam qoşunumu yedirdərsiz. Bular da fikirrəşir ki, bu qədər qoşunu nətər yedirtsinnər. Bir kəndin gücü buna çatmaz. Ağsakqal adamlar deyir ki, əsgər nə bilir yağlı yemək nədi. Bunnara yağlı yemək vermək lazımdı ki, tez doysunnar. Deyillər, nə qədər iri quyruxlu qoç var kəsin. Elə eliyin ki, qazanda yağ su əvəzi olsun.

Nəysə, bişirif töküllər əsgərin qabağına. Əsgər yeyir. Əsgər bədəni yağ götürmür axı. Elə vəzyət yaranır ki, əsgərlər arasında yatalax xəstəliyi yayılır. Heylə olur Ağaməhəmməd Şah Qacar Arazı addıyıf qayıdır İrana. Onnan o kəndin adı qalır Yağlıfənd.


78. BUDAQDƏRƏ KƏNDİ
Kəndin bünövrəsini qoyufdu Əhmətdər nəsli. Bizim babalarımızın babası Zəngibasardan gəlif Naxçıvanın Kolanı kəndinə. Çaydan atnan keçəndə ayaxları suya düşürmüş, üzəngini su basırmış. Ona görə ora Üzəngibasar deyiflər. Bir qismi Kolanıda qalıf, yarısı gəlif Ağdərə rayonunun Xatınbəyli kəndinə. Ora gəlif mənim atamın babası Məşədi Əhməd, əmiuşaxları Kolanı, Şərəf gəliflər. Erməni-müsərman davasında ermənilər qırğınnar törədəndə atamın əmisi bir erməni öldürüf kəntdə, onun üsdündə kəntdən qaçıflar. Gəlillər Laçında Budaxdərə kəndini yaradıflar. Onnan sora onnarın başına toplaşannar olur. Zəngəzur, Sisyan mahalınnan gələnnər oluf. Ermənilər orda nə gəzirdi. Xatınbəylidə olanda erməninin nə get-gəli vardı, nə bir şeyi vardı. Az-maz erməni vardı, onnar da sənətkar idi, gəlirdilər ev tikirdilər.

Budaxdərədə budaxlar, əhmətdər, şavazdar nəsli var. Əhmətdərnən budaxlar əmiuşağı oluflar. Əhmədin bajısının yoldaşı başqa yerdən oluf, amma bu kəntdə məskunnaşıf. Onnan törəyən nəsil şavazdar adlanıf. Orda Həsənalı uşağı oluf, onnar sora ayrılıf Palçıxlı kəndini salıflar. Su olmadığı üçün yendilər Şəlvədə məskunnaşdılar.


79. İMANLAR KƏNDİ
Atamın danışdığına görə, bu kəndin əsasını qoyan kişinin adı olufdu İman. Elə onçun da İmanlar adlanır. O, öz uşaxlarına danışırmış ki, mən Gəncəbasardan gəlmişəm. Ağdamın Zəngişalı kəndinnən Peykar addı bir qızı götürür, gəlif çıxır həmin əraziyə. Bizim İmanların altında da Şəlvə kəndi var. Şəlvə kəndindən Məmmədlər deyilən nəsildən bir nəfər həmin İmana kəntdən iki kilometr aralı yer göstərib ki, burda özünə dam-daş düzəlt, yaşa. İmanın şəlvəlilərnən qohumluğu yoxdu. İmanlar demək olar ki, o kəntlərdən sora məskunlaşan kəntdi. İman orda dam-daş tikib. Atam bizə göstərirdi ki, suyun qırağında onun damı varıdı, orda yaşıyırdı. O dərəyə də Peykərin dərəsi deyirdilər. Nehrəni çalxıyıb ayranı tökürmüş suya, Şəlvəyə qədər dərə dümağ gedirmiş. Bu gün o dərəyə həmin kadının adıynan Peykərin dərəsi deyillər. Bu adamın həmən nigahdan beş oğlu oluf. Oğlunun birinin adı Novruz, birinin adı Əsəd, birinin adı Məmmədhəsən, biri Məşədi Bayram, biri də Avaz. Həmin kəntdə olanlar bu beş oğuldan törəyənlərdir.
80. ƏRƏBLƏR NƏSLİ
Keçən illəri bir nəfərdən soruşdum. Dedim, ərəbli bəyləri hardan gəlmədi? Dedi, İranda bir kəntdə iki tayfa arasında qannıçılıx düşüf, neçə nəfər ölüf. Bular ordan köçüf gəlmişdi bizim kəndə – Pircahan kəndinə. Bizim kəndin adamları təklif eliyif ki, bu kəndin yanında harda isdiyirsiz ev tikin yaşıyın. Deyillər, yox ey, bizim düşmanımız var orda. Gərək biz elə yerdə olax ki, atışma olsa, özümüzü müdafiyə eliyə bilək. Ərəblər kəndi elə yerdə idi ki, hara getsən bir səngər idi. Onnar orda tikilir, naxarta yaşıyıflar. Sovet hökuməti gələndə dağılmışdı hərəsi bir tərəfə.
81. ÇATIQIRAN NƏBİ
Nəbi addı biri toy vaxtı girir meydana, deyir mənə bir dənə qənim. Biri qalxır ayağa ki, bu kişiynən güləşə. Bunu tutullar ki, otur aşağı, bir dəfə sıxajax qabırğaların dola ciyərinə. Toy bəyi qəzəflənif bu kişinin əlini çatıynan bağlatdırır. Camahat gülüşür. Kişiyə pis təsir eliyir, güj verib qolundakı çatını qırır. Bunu vurmax istəyir, toy bəyi qoymur ki, heylə adamı vurmazdar. Onnan da o nəslin adı qalır Çatıqıran Nəbinin nəvəsi.

Keçmişdə toylarda meydangir olardı. Toyun ən şirin yerində, ortasında özünə güvənən biri girirdi meydana, deyir, mənə qənim varsa, çıxsın qabağa. Qalib gələn toy yiyəsinnən nəmər alırdı, paltarlıq parça bağlıyırdılar boynuna.


82. BAYRAMUŞAĞI NƏSLİ
Bayramuşağı kəndinin kökü Qazax rayonuna dirənir. Qazax rayonunun Aslanbəyli kəndində bir tayfa bir tayfadan adam öldürür. Görüllər buları burda öldürəjəhlər, gəlillər Qarabağın Qaradəmirçi kəndinə. Bura bir bajıynan bir qardaş da gəlir, Bayram addı kişiyə nökər olullar. Bunun da ərgən qızdarı olur, özü də əlli yaşın keçirmişmiş. Dört dənə qızı varmış. May ayı olanda onnar tərpənillər Zarıstı kəndinə. Korun karvansarasında bunun arvadı deyir ki, bu yaman kötənni qızdı, gəl bunu al. Deyir, ay arvad, mən əlli yaşı keçirmişəm, bütün Qarabağ, Bərdə məni tanıyır. Mənə nə deyəllər. Deməzdər, qızı yerində birini alıf. Deyir, əşi, al, birdən oğlun olar. Heylə olur bu qızı alır. Dağa çıxanda görüllər bu qız hamilədi. Burda mülkü varmış. Arvadı deyir ki, get pambığı qızdara yığdır, da mən burdan gedəmmərəm. Görüm burda heyvan-zad saxlıya bilərəmmi? Gəlif kaha dərəsinin qabağını düzəldirlər, burda qalır. Xıdır Nəbidə bunun oğlu olur. Birinci oğlun adını qoyur Məmiş. Onun dalınca İmamqulu, Karbalayı Hakverdi, Qasım olur. Gəlir daldan da bir oğlu olur. Burda kənd salırlar, kəndin adı onnan qalır Bayramuşağı. Axırıncı uşax olanda arvad deyir ki, dörd uşağın adını sən qoydun, axırıncını da mən qoyum, mənim də nişanam batmasın. Axırıncı uşağın adını qoyur Qazax. Bizim nəsildəki Qazaxov familyası da həmən Qazaxdan gəlir.
83. HACILI KƏNDİ
Bı kəntdə vaxtiynən neçə adam olufsa, hamısı gedif haca. Ona görə də kəndin adını Hacılı qoyuflar. Bını mən uşax vaxtı ağsakqallardan eşitmişəm. Eşitmişəm ki, bı kənd adi bir kənd idi. Haca gedənnən sora deyiflər ki, gəlin elə bı kəndə Hacılı deyəh. Elə o vaxtdan kəndin adı Hacılı qalıf. Bizim kəndimizdə çox tayfa olmuyuf. Bir dənəsi oluf, o da Bağırrı tayfasıydı. Bizim tayfaydı. Özü də varrı adamlar oluf. Bınnar ancax bir-birinnən qız alıf, qız verirmişdər. Bı tayfanın adamları o qədər qışqırıf, bağırırmışdar ki, elə onnara Bağırrılar deyiflər. Bı kəntdən gedif başqa yerlərdə kənd salıflar. Əyin12 kəndi var ha, onnar bizim kəntdən getmədilər. Bınnar Qurt qalasını salıflar Ermənistanda. Onnarın hamısı, qızım, varrı adamlar oluf.
84. USUFLU KƏNDİ
Usuflu kəndinin adı Usuf bəyin adıynan bağlıdı. O da Hajılı bəylərinnən oluf. Deyirdilər ki, o vaxtı Usuf bəy atasınnan ayrılanda Qubatdıda Qızıl Qaya deyilən bir yer vardı, orda köhnə damlar deyilən yerdə binə salıf. Deyilənə görə, qaçaxlarnan aralarında ədavət düşüf, onnan sora oranı yandırıflar.

Sora Usuf bəy bir əz sağ tərəfə gəlif orda binələşif. Sora orda da xəstəlih yayılır. Özü də vəba xəstəliyi olur, camahat qırılır. Orda bir dağ oluf, sal daşıydı. Onun üstündə ərəb əlifbasıynan yazısı varıydı. Ərəb dilini bilənnər həmən yazını oxumuşdular. Orda bu sözlər yazılmışdı: “Mən neçə illər burda yaşadım. Bir belə ilxı saxladım, sürü saxladım, naxırım oldu. Bu yer xeyirsizdi. Burda yaşamax mümkünsüzdü. Burda yaşamıyın”.

Yanı, bala, Usuflu kəndi belə yaranıf. Sora da xəstəliyə görə dağılıf. Həmin kəndin qalıxları qalmışdı.
85. SARIYATAQLILAR HAQQINDA
I mətn

Bizim kəndimiz altı tayfa idi: İsaxannı, Camalxannı, Qasımlı, İmanlı, Nəbili, Məmmədli. Bular hamısı bir babadan törəmədir. Bizim kəntdə İranın Qaradağınnan, Dərləyəzdən qaçıb gələnnər də vardı. Bizim camahat köçərgi camahat olubdu. Bizdəki otların içərisində topal addı ot var. O sarı otdu, ilimiz on iki ay sahədə olur. Ona görə bura Sarıyataq deyiblər. Digər otdar yağış yağanda yatırdı, amma topal ot yatmırdı. Çay yerrərində bitən qarğular kimi dik qalırdı. Həm şirin ot idi, heyvan onu kökünə kimi yeyirdi, həm də qar yağanda tələf olmurdu. Heyvan qarı eşirdi, topaldan yeyib qarnın doyururdu. Yaylaqlarımız Siyan rayonunun Ərəbcə kəndində idi.


II mətn

Mamay əminin babası Mıcıq Hüseyin olub. O qədər qaçağan olub ki, atdı ona çatmırmış. Yetim oğlan olub. Bəy gəlib kəntdən keçirmiş. Bunun adamlarından biri deyir ki, bəy, bunnarın hak-hesabın verax keçax. Deyir, mən filan bəy olam bulara hak verəm? Vermirəm. Belə olanda ağsakqallar Aləm ağacının dibində oturmuşlar, bunu eşidillər. Bəy çıxıf gedifdi. Təxmini bilillər ki, bəy gedib iki kənd aşağıda düşəcəkdi. Mıcıq Hüseyini çağırıllar. Deyillər, ə Mıcıq, Giləni isdiyirsən verax saa? Deyir, ə, mənnən məzələnmiyin. Giləni kimdi verən maa? Gilə hara, mən hara? Gilə doğurdan da, gözəl qız olub. Deyillər, sən öl, Giləni verək saa, amma bir şərtimiz var. Deyir, şərtiniz nədi? Deyir, gedib o bəyin atını gətirəssən. Deyir, gedib atı gətirərəm, amma qızı verəssiz maa. Razılaşıllar. Bu da dilənə-dilənə gedib çıxır Maltəpəyə. Ora çatanda qarannıx düşür. Bəy bunun dilənçi payını verir. Bu sızıldıyır ki, qarannığ düşür, neyniyim. Bəyin xanımı deyir ki, a bəy, yazığ adamdı, it tutub eliyər. Qoy qalsın burda, səhər durub gedər. Bəy deyir, aaz, bunun gözünnən bijdik yağır, bu dilənçiyə oxşamır. Deyir, görmürsən üsdü-başı cırıxdı. Nəysə, razılaşıllar. Bəy arvadın sözünə baxır, Mıcıq Hüseyin qalır. Mıcıq Hüseyin görür ki, bəy atın başına zinciri bağladı, qıfılı vurdu, mıxı gətirib vurdu yerə, üsdünə gəvəni sərdi, uzandı. Baxır görür atın boynunu aça bilməz, mıxı ordan çıxarda bilməz, bəy üsdündə yatıb. Neyniyim, neynəmiyim? Nə Gilədən keçə bilir, nə də atı apara bilir. Nəsə gətirməlidi. Fikirləşir ki, gedib Giləni almaq üçün bunun nəyinsə aparmalıdı. Baxıb görür ki, bəy yatıb, beşatılanı da fırrıyıb qoluna. Durur xənçəli çıxardır beşatılanın kəmərini kəsir. Beşatılanı götürür, görür eşşəyi apara bilmiyəcək, palanı götürüb atır tərkinə tərpənir. Bu vaxd itdər hürür. Bəy durur görür beşatılan yoxdu. Ə, kopoğlu apardı. Partapart atıllar, Mıcıq Hüseyin özünü vurur şama, addıyır gəlir kəndə. Gəlir ağsakqalların yanına. Deyir, qardaş, gəlmişəm, Giləni verin. Deyillər, at hanı? Deyir, hal-qəzyə belə-belə. Atı gətirə bilmədim, amma beşatılanı gətirdim. Deyillər, beşatılanı ver. Deyir, yox, keçəl suya getməz, Giləni aparın qoyun mənim evimə, beşatılan sizindi. Giləni döyə-döyə aparıf qoyullar bunun evinə. Beşatılanı gətirib verir. Səhər görüllər bəy başının dəsdəsiynən gəlir, qabağına da heyvanı qatıb. Gətirib verir, beşatılanı da qaytarıllar. Deyillər, bəy, keçəndə hak vermirsən vermə. Amma o kəlməni işdətməginən ki, mən filan bəy olam filan kəndin adamlarına hak verəm.


III mətn

Hajı Mahmud imkannı bir adam olufdu. Yayın günüdü, köçərilər gəlif düşmüşdü. Mənim Əliş babam Padar kəndinin altınnan gəlif keçəndə görür ki, cavan gəlindi, qulluxçu bunu çayda çimizdirir. Bunu görəndə deyir, cavan gəlindi, utanar. Tez keçir kolun dalında gizdənir. Gizdənəndə qulluxçu görür bunu. Deyir, xanım, xanım, orda bir kişi sizi gördü, ayıbına gəldi gizdəndi. Deyir, az, həlimiçəndən kişi olmaz. Həlimiçən də nəyə görə deyillər? Adətən o çayın üsdə düyü əkirmişdər. Həlim də düyüdən əmələ gəlir da. Deyir, ə, bu deyir həlimiçəndən kişi çıxmaz, gör bunun başına nə oyun açacam. Nəysə. Gözdüyür, xanım çimir, dəsdəmazın alır, gəlir evlərinə. Yerin pəsətdiyir. Gejə durur gedir, görür ki, bəy uzanıf yatıf, xanım da başın qoyuf bəyin qolunun üsdünə. Ə, nəyi aparım, neyniyim? Xənçəli çıxardır beşatılanın kəmərini kəsir. Tamah güj gəlir, görür başdarının altında bir boxça var. Boxçanı götürür. Sadıxlı deyilən kənd oluf, orda əmoğlannarının evinə gəlir.

Səhər açılır, bəy duruf görür beşatılan yox, boxça yox. Boxçada da arvadın alt paltarı olub. Mənim Əliş babam elə hesab eliyir ki, bu qızıl-zad olar. Gəlib evdə açır, görür arvadın alt paltarıdı. Bəy gedir Padar kəndinə Hacı Muradın yanına. Bəs Hacı, hal-qəzyə belə-belə. Deyir, ə, heş kim arvad paltarı oğurramaz burda. Nədi, nə məsələdi? Axırda arvad açıb deyir ki, belə bir şey olub. Hacı Murad da çox uzaxgörən bir kişi olub. Deyir, bu olsa-olsa Əliş kişi olajax. Bəy, sənin arvadın dilinin güdazına gedif. Deyif həlimiçənnən kişi çıxmaz.

Babamgil Sadıxlı kəndində oturmuşlar, bir də görüllər Hacı Muraddı, həmən bəydi, xanım da atın üsdə gəlillər. İki erkək bir dənə cöngəni qatıb qabaxlarına gətirillər. Babam durur ayağa deyir, Hacı Murad, xeyirdimi? Deyir, Dadaş, hal-qəzyə belə-belə. Deyir, Hacı Murad, Əliş o işi eləməz. Deyir, vallah yox, belədi. Əliş babam da oturmuşdu damın qırağında. Deyir, mən eləmişəm, lap yaxşı eləmişəm. O deyəndə həlimiçəndən kişi çıxmaz, bilmirdi belə olajeh. Aydınnaşır məsələ nə yerdədi. Onnan da bəynən dosd olur, silahın da qaytarıf verillər, paltarın da. Deyir ki, Dadaş, canın haqqı, mən elə bilmişəm bu qızıldı götürmüşəm. Bilsəydim arvad paltarıdı götürməzdim.


86. GÖYYALLILAR HAQQINDA
I mətn

O kəndin əsasını yeddi nəfər qoyub. Onnarın hamısı bir-birinə yaxın adam olub. Deyilənə görə, Anadoludan gəliblər. Azərbaycanın bir çox yerlərini gəziblər, bizim Göyyal dediyimiz ərazidə məskunlaşıflar. Niyə? Ətraf dağlıqdır, meşəlikdir, diş göynədən soyuq bulaxlar oluf. Deyiflər ki, ən yaxşı yer buradı. Bizim kəndin qara damlarının hamısı güneydə tikilib, kəndin qəbirsannığı həm güneydə, həm də dik dirədə olub ki, su dayanmasın. Bizim qonşu Fərcan kəndi biznən müqayisədə qədimdi. Yeddi nəfər gəlif oranı seçəndə fərcannılar razı olmur ki, bular burda binə salır, yurd salır, sabah ərazimizə pay olajaxlar. İş elə gətirir ki, otuz nəfər fərcannı yeddi nəfər göyyallının üzərinə hücum çəkir ki, burdan perihdirsin13. Mənim ulu əjdadım da Kötük Abdulla deyillər, bir ayağın çəkən olub. Bu da öküzün üsdündəymiş. Görür ki, yeddi nəfər bulara dov gəlir, deyir:

– Ədə, məni öküzün üsdünnən düşürün.

Qolun qolçağ eliyir, buları bir-bir sərir. Birin ağzın dağıdır, birin qolun sındırır, birin başın yarır. Bular sabahı gedif pristava şikayət eliyirlər. Vijdannı adamlara hər zaman rəhmət düşür. Xudadat bəy oluf, yaşıl bir çəmənnikdə əyləşdirif buları. Bir yanda otuz nəfər, bir yanda yeddi nəfər. Deyif, danış olduğu kimi. Gerçəyi danışıflar. Deyif ki, yeddi nəfər otuz nəfərə qalib gəlibsə, mən o torpağı verdim onlara. Bax, o zamandan bizim əjdadlar orda məskunnaşıf.


II mətn

Kəndi təşkil edən iki tayfadır: Əhməduşağı, İsmayıluşağı. Hərəsinin altı oğlu, dörd qızı oluf. Kənd bu iki tayfadan törüyüf, indi yüz dörd ev oluf.

İsmayılın uşaxları Sisyanın Xortuyüz kəndinnən gəlmədilər. Bizim qohumlar orda yaşıyırdılar. Bizdə Dağ Mahmudludan gəlmə də var. O yeddi nəfər – şahalıdı, nəzəralıdı, əhmədalıdı, bular kökdə dayanandı. Bizə, əsasən, sofulu tayfası deyiblər. Sofulu tayfası böyük bir bölgəni əhatə eliyir. Olardan Sisyanda çox varıdı, sora Qubatdıda altı-yeddi kənd var. Cəbrayılda Dağ Tumaslı, Çuvlu, Bıçaqlı sofuludan yaranma kəndlərdir. Qubatdıdakı Göyyal, Ballıqaya, Boynakər, Çərəlinin müəyyən hissəsi sofulu kəndləridi.

Deyilənə görə, onnar üç qardaş olub: Saralı, Sofulu, Dərzalı. O qardaşdar o əraziyə gəliblər. Sofudan törəyənlər sofulular, Sarıdan törüyən saralılar, Dərzalıdan törəyənlər dərzalılar adlanıb. Saralı sözü Xəştab kəndinin adında qalmışdı. Saralı tayfasından on iki, on dörd kənd törüyüb: Fərcan, Zor, Mehrili, Xəştab, Yeməzdi, Mollalı, Ağkənd, Xocamsaxlı. Ermənistanın dağ kəndləri də biznən əmoğludu. Orda yas düşəndə, toy olanda lap çooğun olsa belə ora getməli idik. Erməni-müsərman davası düşənnən sora əlaqələr kəsildi. Dərzalı Cəbrayılda qalıb, Dərzili kəndində.

Atamın qohumları vardı, Dəstəyirtdə yaşıyırdı. Xortuyüz deyilən dağın ətəyindəydilər. Çəmənlik, gözəl bir yer idi. Bizim sofulu tayfası həmən o dağda məskən salmışdı. Oranı ermənilər iki dəfə zəbt eliyif. Bizim camahat güclü çıxıb, erməniləri ordan çıxardıblar. Salax kişi söhbət eliyirdi ki, bizim kənd ermənilər yaşayan kəndə yaxınmış. Erməninin Allah damazdığın kəssin. Həmişə isdiyərmiş genişdihdə yaşasın, ətrafında onnara tay adam olmasın. Bu mənada bir dəfə hücum eliyiflər, bizimkilər qalib gəlif. İkinci dəfə ermənilər qalib gəlib, onda kəndin bir hissəsi ordan çıxıb. Elə həmən çıxannardan biri bizimkilər oluf. Bu oluf təxminən 1892-1893-cü ildə. Bizim tayfa o vaxd gəlib. Həbib kişinin atası söhbət eliyirdi ki, üçüncü dəfə hücum eliyəndə səhər ertə saat altı iradələri idi, çənni bir gün imiş. Tərəkəmədə belə bir xasiyyət var. Tezdən durub mal-heyvanı sağallar, otlağa yola salallar. Bu mament imiş. Həbibin atası görür ki, üsdən aşağı çənin altıynan xeyli əli silahlı erməni gəlir. Bu qaçır özün salır kəndə. Ədə, qalxın ayağa, ermənilər töküldü kəndə. Elə bular qalxıb özün nizamlıyana qədər ermənilər girir kəndə. Qırdıxların qırıllar, salamat qutaranlar evdən çıxır. Buların da məqsədi təkcə qırmax yox, buları yerinnən eləməkdi. Kəndi tamam yandırıllar. Bular çıxır gəlir Qubatdının Gəyən düzünə. Yaz ağzı imiş, bir müddət orda qalıllar. Bir hissəsi Göyyala gəlib. Bizim kəndin orda qışlamaq üçün yeri vardı. Ora əmimin adıynan Gəncalı yeri deyirdilər. Bizimkilər gedib tökülüb ora. Böyük sahəsi var, amma suyu yoxuydu. Araşdırıflar, axtarıflar. İsdiyiflər gedələr Dağ Tumas tərəfə, görüflər oranın da elə güjdü yeri yoxdu. Gəliflər Göyyal tərəfə, orda məskunnaşıblar. O yal payızda yamyaşıl olur, qarrıyana qədər öz yaşıllığın saxlıyır. Yaşıllığına görə ona Göyyal deyiflər.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin