AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr V kitab



Yüklə 2,7 Mb.
səhifə5/29
tarix02.12.2016
ölçüsü2,7 Mb.
#664
1   2   3   4   5   6   7   8   9   ...   29

XI mətn

Tülü Kərimin gejə oğru gəlif qoyununa. Bu da həmişə qoyunun içində oturarmış. Oğrular iki nəfər imişdər, hərəsi birin tutuf aparıf. Deyif, əşi, bəlkə imkansızdılar, qoy aparsınnar. On min qoyunum var, qoy olmasın ikisi. Görür bular apardılar, orda bağladılar, bir də qayıtdılar gəldilər. Deyir, ə, bəlkə dörtdülər, qoy aparsınnar. Bular bir də qayıdıf gələndə deyir ki, a qırılmış, siz nə çoxsunuz ə? Oğrular Ağdaban kəndinnən oluflar. Gedif deyiflər ki, belə-belə. Deyiflər, ə, öyüz yıxılsın, o Tülü Kərimin qoyunudu, nə qələt eliyif ora getmisiniz. Tülü Kərim hər gələndə bu kəndə iyirmi-otuz dənə qoyun paylıyır gedir. Ağsakqallar duruf heyvannarı da qatıf qabağına gətirif, bu uşaxları da. Deyif, a Kərim, bu uşaxlar bir qələt eliyif, sən allah, bizim bu uşaxları bağışda. Deyif, ə, uşaxdılar dana, eliyiflər, eliyiflər. İsdiyiflər qoyunu sürüyə qatalar. Deyif, yox, ona haram əl dəyif, onu sürüyə qatmıyın. Deyif, oğul, qoyun lazımdı, nə vaxd gəlirsiniz gəlin, verim, aparın kəsin. Da niyə sininə-sininə gəlirsiniz? Bax, belə bir adam oluf.



XII mətn

Qələndər kişi varıdı. Mən institutda oxuyan vaxdı o kişinin səksənə yaxın yaşı vardı. Gəldim oturdum onun yanında. Dedim ki, nə üçün bizlərə bozax deyillər. Dedi ki, a bala, olar buraya gələndə böyük bir oba oluflar, çox qoçax adamlar oluflar. Oların adı bozax qoyun cinsinin adınnan bağlıdı. Onnar qoyunçu oluflar, saxladıxları da bozax qoyun cinsi oluf. Onunnan əlaqədar, bulara bozaxlar, bozax qoyunnular deyilif.

Bozax qoyun cinsi bu dəyqə də var. Qarabağ cinsi qumraldı, onun baldırlarının arası, yun hissəsi bozdu. Bir var qaraya çalan boz, bir də var ağa çalan boz. Bozax qoyunnarın rəngi ağa çalan bozdu. Amma qumral qoyununku qaraya çalan bozdu. Qara qumral qoyunnar soyuğa, xəsdəliyə çox davamlıdı. Amma əti bozaxdan azdı. Bozax qoyunnarın həm boğazı çox uzundu, həm də gözdəri kəllənin çölündədi dəvənin gözdəri kimi. Ağzı-burnu yekə qoyundu, hündürdü. Əgər qarabağ cinsi 75-80 kilo ət verirsə, bozax cinsi ondan 15-20 kiloya qədər çox ət verir. Amma o qoyun xəsdəliyə, soyuğa dözümsüzdü. Ona görə də bizim zonada Qarabağ cinsi daha çox saxlanılıf. Bozax qoyun cinsi bizə gəlmədir.
XIII mətn

Mən bildiyimə görə, Araz qırağında Boyəhmətdi varrılarının qış yataxları oluf. Bu varrılardan biri İran şahsevəninnən qız alıf. Bu şahsevənnər də çapqınçı oluf. Bu adamlar ildə bir dəfə erkəklərini, mallarını qatırmış qavaxlarına, aparıf Gəncədə satıf gəlillərmiş. Nə qədər bu camaat sirr saxlıyırmış, gənə də qasit xəbər verirmiş, bular öydən çıxan kimi şahsevənnər cumurmuş buların varın-döölətin talıyırmış, aparırmış. Bular nə qədər fikirrəşir, fikirrəşir, ə, bunu bular hardan bilir, bizim burda olmamağımızdan hardan xəbər tutullar? Şübhələnillər gəlindən. Qohumları bəyə deyir ki, bəy, sənin arvadınnan dəyir bu zərbə bizə.

Bir gün bəy gənə deyir, filan vaxdı gedək filan yerə, malımızı aparax satax, gələk. Yolun yarısında bu, özünə yaxın on nəfər götürür, qalanına deyir, siz aparın, mən gəlif sizə çatajam. Gəlin də artıx məlumatı verif axı. Cavannar gedif, qalan qojadı, uşaxdı. Bu gəlif o zaman çatır ki, artıx talıyıflar, aparıllar. Gəlin də duyuxub ku, bu bilir. Gəlin də atdı bularnan gedir. Gəlinin əri atı sürür çatır bu dəsdənin başçısına. Bunu vurur atdan salır, bular əlbəyaxa olur. Gəlin atı saxlıyır düşür, başdıyır arxadan xançalnan ərini vurmağa. Oğlan altındakını öldürür, gəlini tutur. İsdiyillər gəlini atalar, deyir dəymiyin. Gəlini tutur gətirir, itin zincirini bağlıyır başına, hər gün onnan bir tikə kəsir ölənə qədər. Sora bular hücum eliyillər, şahsevənnərin bir oymağını yatdığı yerdə məmə deyənnən pəpə deyənə qırıllar. Deyiflər ki, siz niyə bu namərtdiyi elədiniz? Namərt Boyəhmətdi kəlməsinin yaranmasını mən Qazı kişidən belə eşitmişəm.
XIV mətn

Mehralının dədəsinin adı Şahnazar oluf. O, boydan çox balaca adam oluf. Təxminən beşdə-altıda oxuyan bir uşax kimi oluf. Amma bu, Qılışdı kəndinə qan uddururmuş. Günüz gedirmiş hərrənirmiş ki, filan məhlədə cöngə var. Kəməntcil adam imiş. Kəməndi nətər atırmışsa, düşürmüş cöngənin buynuzuna, bağlıyırmış atının quyruğuna, sürüf gətirirmiş. Qılışdılar Adgözəl bəyin üsdünə şikayətə gedillər. Qılışdılar deyir, əşi, Şahnazar bizi çapdı-taladı, heyvannarımızı apardı. Bəy fərraşdarı göndərir ki, gedin kopoğlunu tutun gətirin. Bu nədi, çatan deyir, Şahnazar apardı, çatan deyir, Şahnazar kəsdi.

İndi bəy işdərə baxır. Şahnazarı çağırıllar, Şahnazar gəlir. Bir müddətdən sora bəy deyir, ə, noldu, Şahnazar gəlmədi? Deyillər, gəldi. Deyir ki, hanı? Balaca bir uşax duruf qabağında. Deyir ki, hanı ə? Deyir ki, bəy, budu. Deyir, ə, adam oğlusan. Get Şahnazarı gətir, bu uşağı nəzdirirsən ayannan bəri. Deyir, əşi, boyunun balaca olduğuna baxma ey, dünyanı dağıdan budu. Ə, – deyir, – məni doluyursuz, nətər budu? Ə, Şahnazar sənsən? Deyir, hə. Deyir, ə, Qılışdının camışdarını Kürə tökən Şahnazar sənsən? Deyif, bəy, mənəm. Əyə, buları göyə çıxardan, şahsey-vaxseyini qaldıran sənsən? Deyir, mənəm. Göy mahutdan çuxası varmış. Durur çuxanı belə götürür, gətirir salır Şahnazarın çiyninə, Şahnazar qalır çuxanın içində. Bəy nəhəng adamdı, bu da balaca adamdı. Deyir, Şahnazar, dədənin oğlu deyilsən buları əgər gejə çölə çıxmağa qoysan. Sən ki, bir qarış boyunnan buları bu günə qoyufsan, verdim Qılışdını saa, ye. Deyir ki, bəy, bu günnən belə bulardan sənə bir şikayət gəlmijəh, azad yaşasınnar.
XV mətn

Meydan çayı, Güney dərə, Soğannıx, Orta yurd, Ağ çınqıl, Ağ bulax, Dəmirçi Hasannı dərəsi, Qum yurt, Şiş təpə, Yavı dərəsi – bax bu yaylaxlar Boyəhmətli, Göyüşdü camaatının keçmişdə yaylax yerrəri oluf. Bular da oba-oba köçüflər. Bu kənd (Göyüşlü – top.) tirə-tirədir da. Burda eminnilər, əhmətdər, bəyzadalar, məmmədlər, xəlilağalılar var. Boyəhmətdidə arabaçılar, mahmutdar, əfəndilər, şillər var. Bular da tirə-tirə köçüflər. Xırda tirələrin ikisi, üçü bir yaylaxda oluf, böyük tirələr də tək-tək oluflar. Məsələn, Dəli Səməd tək düşərdi. Nənəm deyərdi ki, qancıx itdən başqa on bir iti varıdı. O itin dərdinnən tək düşərdi.

Camaatın özünün köşməyi may ayının iyirmi, iyirmi beşinnən sora başdıyardı, ta may ayının axırına qədər davam eliyərdi. Amma qoyun sürülərinin dağa aparılması ilə baxırdı. Elə olurdu mayın onunnan sora, elə olurdu iyirmisinə qədər köçürdü. İyirmi beşinə çox nadir hallarda qalardı. Deyillər, qış bəri başa düşdü, ya o başa düşdü, onda ləngiyə bilərdi. Hava xoş olanda mayın beşinnən sora elat burdan tərpənərdi. Burdan çıxardılar gedərdilər Tərtərin Səhləbat kəndinin yanında düşərdilər. Ordan qalxardılar Qaratikannı yala düşərdilər, Ağdərənin üsdünə. Ordan qalxıb gedərdilər Tənəhli bulağa düşərlərmiş, ordan da Daşgələn, Quşqun götürülən yaylağına gələrlərmiş. Hansı köç hansı yaylağa gedərmişsə, orda bölünərlərmiş. Köçsüz gedəndə yaylağa bir günə çatmax olur. Amma köçnən gedəndə üş günə, dörd günə gedif yaylağa çatardılar.
XVI mətn

Meydan çayında Əliş ağa oluf. Göyüşdünün yaylax yeri əsasən, Yavı dərə, bir də Günöy dərə oluf. Günöy dərədən o tərəf Qaraxaçdı, Boyəhmətdinin bir hissəsi orda oluf. Onnan da ayna Ağ dağdı, bir müddət də orda oluf. Bozaxların bir hissəsi də Əhmət təpəsində oluf. Bu yerlərin hamısı Murov yaylağındadı.

İki yerdə düşərgə vardı. Qaradəmirçinin yanında Qarışqallıx deyillər, bir orda camaat düşərgə salırdı. Bir də Tərtərin alt tərəfində Çaparxana vardı, orda düşərgə salırdılar. Keşmişdə ən azı bir həftəyə, on günə dağa çatardıx. Kəntdə yaşdı adamlar qalırdı. İrannan gəlif burda rəşbər işdiyən adamlar oluf, torpağı olara verif gedillərmiş. Hərənin özünün rəşbəri varımış. Bir rəşbər üş dənə evin əkinini götürürdü. Hər il gəlirmiş, biçirmiş, döyürmüş, yığırmış, payını da ev yiyəsinnən alırmış. Kişilər də peşqurta gəlirmiş. Gəlif taxılı bişdirif yığırmış, ayləsinin ehtiyacı qədərini üyüdürmüş, atına yüklüyüf gedirmiş. Həmən gəlif getməyə peşqurt deyirlərmiş.


  1. TƏHLƏ


I mətn

Bizə niyə xan təhləsi deyillər? Köçəri camaat çoxdu, xan adı bircə bizə veriflər. O da dörd-beş qardaş oluflar: Alı, Vəli, Məmməd, Nəbi. Gəliflər Pənahəli xanın yanına. Bir müddət Pənahəli xannan gəziflər. Baxıf ki, bu tayfa həqqi qoçax tayfadı. Bax, bu torpağı – Qaratəpəni xan verif bulara. Gəliflər ora. Bax, bu təhlə camaatı həmin dörd-beş qardaşın törəməsidi. Ona görə bizə “xan təhləsi” deyiflər.



Söyləyicini şəcərəsi: cədd babası Nəbi – Vəli – Əlqulu – Kazım.
II mətn

Əlqulu babam dağa-arana tək gedirmiş. Onun bir qızı oluf. Çalmalı kəndi var, bular çalma-zad doluyurlar qılçalarına. Bular gəlif Əlqulu kişinin malını yığıflar. Bunun qızı baxıf ki, çobana-zada bənd olmax olmaz, malı götürüf gedillər. Nehrənin çatma tayını götürüf qoyuf belinə, gedif. Gedif ki, dörd-beş nəfərdi, xallanı götürdü, malı yığıf aparıllar. Bulara deyif ki, malı hara aparırsız? Deyiflər, bəs Çalmadanıx, belə-helə. Qız bulara nə qədər deyif, malı buraxmıyıflar. Qız onnan sora çatma tayını salıf işə. Buları bir-bir yıxıf yerə, qatıf mala gətirif ovaya. Gətirif başdarını sarıyıf, nə lazımdı köməklik eliyif. Deyif, gedin bir də tək evliyə hörmət eliyin. Bilin ki, özünə gərraydı10 ki, tək gedif gəlir.


III mətn

Bu adamlar (təhlə camaatı – top.) bir-birini buyura bilməz. Get oların məclisinə. Balaca uşaxdı, durajax belə buyurajax. Xan təhləli duruşuynan, yerişiynən, qüruruynan seçilir. Mən hesab eliyirəm ki, qürurluluğuna görə bulara “xan təhlə” deyiflər. Burdakı ən aciz təhləni aparginən tulla tanınmaz yerə, üş dörd ildən sora gedəssən ki, oranın ağsakqalı oluf. Ən zəyifi, burda baş çıxarda bilmiyən çıxır gedir başqa bir rayonda yer alıf devlətin saxlıyır. On ildən sora orda addı-sannı bir adama çevrilir. Qarabağdakı təhlələrə xan təhlə deyillər. Əlibayramlıdakı təhlələr çöl təhləsidi.


IV mətn

İran şahsevənnəri gəlif Arazın bəri tayınnan çalıf-çapıf aparıllarmış. Elə oluf ku, sürüynən malı, qoyunu çapıf gediflər. Sora bir qrup adam – atamgil, əmimgil gedif ora. Yaxşı da güllə atannar oluflar. Oların başçısının sarı səmənd atı oluf. Əmim onun atını vurub. Nəysə, buları akrujeniya eliyillər, deyillər, bir də bura gəlmiyin. Sora bular gedif deyiflərmiş, orda bir dəsdə kol oğlu əmələ gəlif, biz da o üzə keçə bilmərik. O cür şahsevənin ayağını kəsiflər.


V mətn

Bizim təhlə camaatı dağa-arana gedif-gələndə Soltan bəynən əlaqələri oluf. Dağa gedəndə Soltan bəyin qoşununa kömək eliyirdilər, mal-heyvan verirdilər. Onda təhlənin ağsakqalı Lələ kişi idi. Lələ kişi bu hadisələrdən bir neçə il qabax ölmüşdü, amma Soltan elə bilirmiş sağdı. Ermənilərnən müharibə başdıyanda Soltan bəy ismarış yolluyur, onda atam əlli atdıynan gedif o müharibədə iştirak eliyif. Burdan Allahverdi kişi, atam Kazım kişi, dayım İbrahim, Çalqulu Məhəmməd həmin müharibədə iştirak eliyif. Dayım orda rəhmətə gedif, atamın qılçına güllə dəyif. Orda Sultan bəy deyir, Lələ kişi dursaydı, gör maa nə qədər kömək eliyərdi.


VI mətn

Qubernator oluf, bular gəlif Lənbərana. Bu bəyliklərdə də atamgili isdiyən adam az oluf. Bunlar ismarış yolluyuflar ki, qubernator gəlif Lənbərana, Lələ kişi, sən də dəsdənnən gəl bura. Buları pis niyyətnən çağıtdırıflar. Lənbərana yol qarğının içiynən gedir. İki yüz-üş yüz adam dursun əli silahlı orda, sən onu görməzsən. Lələ kişi atamdan iki-üç yaş böyük oluf, amma kişi çölə-bayıra daha həssas oluf. Bular bu yolnan gedəndə rəhmətdik atam deyif, Lələ kişi, qubernatorun bizi çağırmağını heş mənim ağlım kəsmir. Gəl çöl yolu gedək, qarğılığa girmiyək. Bular çöl yolu gediflər. Gediflər ki, böyük ziyafət təşkil olunuf, Qarabağ bəyliklərindən də kimlər gəlif. Oturuflar Anaqız oğlu Şükürün bağında. Qubernatorun xanımı da burda oluf. Oturuflar, ziyafət dağılan majal nişan qoyuflar, silah atıflar. Lələ kişiyə deyiflər ki, siz də bir məharətinizi gösdərin görək nəyə qadirsiniz. Demək, Lələ kişi atama deyif, sən at nişanı. Bir dənə də cavan oğlan oluf, nənəmin əmisi nəvəsi – Musa. Dədəm də deyif ki, içimizin balacası Musadı, qoy Musa atsın. Balacanı veriflər qabağa ki, balacamız bu cəsarətin yiyəsidi. Ağacın başında bir saxsağan oluf. Musa deyif ki, saxsağanı atsam nətər olar? Deyir ki, lap yaxşı. Deyif, başın kəsim, bədəninə vurum? Xanım deyir ki, başın kəssən yaxşıdı. Beşatılannan vurur saxsağanın başı bir yana gedir, leşi bir yana. Musa o vaxt on altı, on yeddi yaşında cavan uşax oluf. Xanım çağırıf onun üzünnən öpüf. Deyif ki, Allahın altında Qarabağımızda sənin kimi oğlannar çox olaydı.

Ziyafət qutardı, bular indi qayıdasıdı. Qayıdanda gənə həmən yolnan gələsi oluflar. Rəhmətdik Lələ kişi çox höjət adam oluf. Deyif, deyirsən oraynan getmiyək, orda nə var ki? Atam deyif, onda gedək, orda bişmiş kərpişdən bir tikili var, ora yaxınnaşanda sifdə mən keçəjəm. Əgər bir şey hiss eləsəm, işarə verəjəm, gəlmiyin. Yox, olmasa, keçərsiniz. Rəhətlik kişi atı sürür. Görür kü, qalyan tüsdüsünün iyi bunu vurdu. Bu qarğılığın içində qalyan çəkən kimdi? Rəhmətdik kişi keçir. Keçənnən sora atdan düşür qarğılığı verir gülləyə. Bular gülləyə verəndə olar da o tərəfdən atıllar. Qaçanı qaçır, qaçmıyanı ordan keçif gəlillər.
VII mətn

Bizim ulu babamız Bəylər bəy olufdu, Şuşada yüzbaşı işdiyifdi. Şuşada yüzbaşı işdiyən vaxdı xan deyif ki, get orda özünə mülk seç. Bax, bu kəndin (Bəcirəvan kəndinin – top.) yeri tamam meşə olufdu. Bu meşənin ortasında kövər deyirik biz, ağac bitmiyən yerdi. O kövərdə gəlif yurt salıfdı. Bu bəy də dağa gedif arana qayıdan adam oluf. Aranda qalan adamlara bu yer sərfəli olufdu. Bu kişinin adıynan burda tikilillər. Şərəfli bəylərindən bura kəhriz çəkdirif.

Lənbəranda Anaqız oğlu Şükür oluf. Gəliflər Cəfərquluxanın yerində qabaxlaşıflar. Şükür bəy deyif ki, mən gedirəm, o bəynən qavaxlaşajam, ona sinə vurajam. Əgər o yerinnən dəbərsə, o yer bizimdi, dəbərməsə, yer onun oldu. Lənbərannılarnan gəlif qabax-qabağa. Salam verəndə Şükür bəy döş vuruf, kişi dəbərmiyifdi. Deyif, bu günnən Cəfərquluxanın yeri bu kişinin oldu. Sora bəyin kiçik qardaşı Hajı Xannar qızıl pulnan torpağı sənədləşdirib. Həmən onu alanda Cəfərquluxana Uçan addı bir it göndərir Hajı Xannar. O kişi iti dəvəkeçməz yerdə yoxlatdırır. Deyir, birdən olar iti səyf göndərəllər. İtin adı çıxmışmış. Çobana deyif ki, darvazadan çıx çölə. Çoban çıxıf. Deyir, indi iti qıyla. Əgər bu it dəvəynən gedəndə həyətin içi görünməyən çəpərdən sıçrasa, həmən itdi, sıçramasa, demək o it deyil. İt sıçrıyır. Deyir, halal olsun Hajı Xannara, o torpax ona halaldı.

Fərzalı bəyin beş oğlu oluf. Onnarın böyüyü Bəylər bəy oluf, dövlət adamı oluf, dövlət işlərini o idarə eliyifdi. Ən varrısı Hajı Xannar olufdu, balaca qardaş olufdu.


VIII mətn

Xanalı olufdu, İnəkdağlı Qurban oluf, şəkili Qardaşxan oluf, Kürdoğlu Məhəmmət, Hajı Xannar oğlu İmamqulu oluf, bular bir yerdə oluf uzun müddət. Bular dəsdə halında dağda birrəşiflər. Beş qaçax dəsdəsi, hərəsin başında əlli nəfər. İki yüz, üş yüz nəfər orda döyüşdə oluflar. İmamqulu kişi bir epizod danışırdı. O deyirdi ki, Xanalı Nikolaynan hesablaşan Sarı Süleymanın sağ əli oluf. Deyir, Xanalı elə bir adam idi ki, onatılanın sandığını göydə dəyişirdi. Gödək adam idi, altında çal atı vardı. Xanalı, deyir, bizə rəhbərlik eliyirdi. Artıx rus qoşunu gəlir. Xanalı deyir ki, əgər biz qaşsax, bizi doşan kimi tutajaxlar. Biz özümüzü elə gösdərməliyik ki, olar elə bilsin biz qaçırıx. O qoşun seyrələjək. Seyrələndə onnarın üsdünə qayıdarıx. Onnar hamısı pinəçi-minəçidi, elə-belə adamdı. O saatdarı olar karıxajax, heş güllə də ata bilmiyəjəhlər. Deyir, kişi nətər demişdi, elə heylə də oldu. Bular seyrəldi, biz qayıdıf buları gülləliyif dağdan aşırdıx.

İndi rus atriyadı bütün keçələtləri tutuf, daşdan qalax quruf, pulamyotu onun üsdünə qoyuf gözdüyür ki, bular dərəyə yenəndə at yoludu da, burda pulamyota verəllər. Biz də qalaxdakı pulamyotu götürməliyik ki, qalax dağılsın, dəsdəmiz atnan burdan keşsin. Deyir, Xanalı dedi, bu gejə o pulamyotu ordan gətirdik, gətirdik. Gətirmədiksə, səhər bizi tutajaxlar. Üş nəfər adam getməlidi. Mən dedim ki, biri mən. Dəli Asdan adında bir oğlan varıydı. Bu da dedi, biri mən. Bir də Mamed adında bir oğlan vardı, anasının, atasının bir oğluydu. O vaxdı bir övlada hamı hörmət eliyirdi. Xanalı dedi ki, Kürdoğlu Məhəmmət, bu Hajı Xannar oğlu cavan uşaxdı, on səkgiz yaşı var, üzünə hələ tük gəlmiyif. O gedir, gəl sən də get dana. Deyir, yox, Xanalı. Mən hara getsəm sənnən gedərəm. Özü də maa hara qalındı, ver atım, amma mən qaraya11 gedə bilmərəm.

Nəysə, deyir, üç nəfər seçildi. Ölümə gedirik da. Qabaxda bəlkə bir əlli nəfərdi, yüz nəfərdi, beş pulamyotdu, bilmirik. İmamqulu kişi deyir, indi qabaxda mən gedirəm. Burda da saldat pulamyotu quruf, içəridə kamandir, beş-on nəfər adam var. Təxmini yerin bilirik. Bular da mauzernən, beşatılannan gedillər. Deyir, yoldaşımın biri qaldı. Dedi ki, ayaxqabımın bağın düzəldirəm. Deyir, mən getdim, dalımca da Dəli Asdan gəlir. Yolda Mamet dedi ki, İmamqulu, mənim çarığımın bağı açılmıyıf, mən qorxuram. Gejənin şehi düşüf, çarıx da isdanıfdı. Deyir, çarıxları soyundum bir-birinə bağladım. Dedim, ala Mamed, qayıtsam, çarığı verəssən maa. Qayıtmasam, özünündü. Amma qayıdıf görəm çarığı qoyuf qaçmısan, səni öldürəjəm. Deyir, çarığı taxdı çiyninə. Dedi, ölsəm öləjəm, ölməsəm çarıxdı, bunun nə ağırrığı var. Amma o birsi kişi ki var – Dəli Asdan, bunun da atasının qanın almışam, ona görə deyir İmamqulu, hara getsən sənnən gedəjəm. Deyir dedim, ə, sən də qal, sən bir az dəlibaş adamsan, maa narahatçılıx yaradarsan. Deyir, yox ey, mən saa söz vermişəm, hara getsən sənnən gedəjəm, özü də sənnən qabax.

Nəysə. Deyir, gəldim qalağın üsdünə çıxanda gördüm pulamyot qalağın o biri tərəfindədi. Qalax da daşı daş üsdünə qoyuflar. Deyir, mən indi çönməliyəm, çönəndə də ayağımı qaldırıf o birsinə qoymalıyam, daş şıkqıldamalıdı. Deyir, əlaş yoxdu, çönməliyəm. Deyir, mən çönəndə daş şıkqıldadı. Sən demə pulamyotun arxasındakı oturuxlu yatıf, səsi eşitmədi. Tüfəngi çöyürüf bunu atdım. Atan kimi deyir, and olsun Allaha, həmən saldat quzu kimi basırıx elədi, güllə ata bilmədi. Pulamyotu keçirdim əlimə, yeniş aşağı gətirdim.

Mühasirədən çıxannan sora Xanalı dedi ki, mən keçirəm İrana. Qırx nəfər adamnan pusquya düşüllər, bir adamları ölür, otuz dokquz nəfərnən keçillər İrana. İranda Xanalıya deyillər ki, Xanalı, Sarı Süleymannan bir yerdə olmusan. Azərbaycanda bir qoçax oğlan vardımı? Deyir, orda İnəkdağlı Qurban varıydı, şəkili Qardaşxan varıydı, Kürdoğlu Məhəmmət varıydı. Amma orda Hajı Xannar oğlu İmamqulu varıydı, on səkgiz yaşı olardı, olmazdı, üzünə hələ tük gəlməmişdi. O qızıl ilan idi. Orda qalannarın içində bir ona hayfım gəldi.


IX mətn

Bizim əsas qışlağımız Qaratəpə oluf, yaylağımız da Sarıyer. Səfqulu çinarından addıyırdıx Əlağalı, Sumagüllücə, Tağbəndin yanınnan keçirdik, gedirdik Kolanıya, ordan addıyırdıx Doşannı, Vəng, Taxtabaşına çıxan yola, Hajı Pənah körpüsünə. Ordan Xallanlı, Tutqu çayı, Uzunyal, Qaraqaya, Bağırsaxçayı, ordan da addıyırdıx İsdisuya. İsdisudan o yana bizim yaylaxlar idi. Köç zamanı Əlağalının altında, Ballı qayada, Vəngdən yuxarıda, Taxtabaşında düşərgə salırdıx. Düşərgəni otdamax şəraitinə, rahatcılığına, suyuna görə seçirdilər. Düşərgədə bir gejə qalırdıx, amma elə olurdu otu, suyu yaxşı olurdu, bir gün, iki gün heyvan dincəlirdi.




  1. LƏNBƏRAN

Rəhmətdik Şükür müəllim vardı, direktor işdiyib uzun müddət. O deyirdi ki, Ləmbəran ləmbə aranlı deməkdir, yəni təmbəl aranlı. Bütün kəntlər gedirmiş dağa, bu kənd getmirmiş, daim burda qalırmış. Ona görə bura təmbəl aranlı deyillərmiş.

Bura Ağcabədinin kəndi olub. Suyu olmuyub, məhsulu sulaya bilmirmişdər. Ağcabədinin kəndi olduğunnan Bərdədən su ala bilmirdi. Su almaq üçün gərək müqavilə bağlanardı. Onun dərdinnən 1943-cü ilin noyabrında verillər Bərdəyə.

Ləmbəran camaatı əsasən baramaçılıxla məşğul olurdu. Vaxdilə Zərdab kimi dörd-beş rayonun baramasını verif bir bizim kənd. İpəkdən cejim toxuyurdular. Boyanmamış cejimdən şalvar tikirdilər, par-par parıldıyırdı. Arvatdar baramanı bişirib onu açırmışdar. Əyirirdilər, sapını çıxarannan sora aparıf boyaxçıda boyadırlardı, onnan sora hananı açıb başdıyırdılar toxumağa. Müharibə devrində taxılın, unun qıt vaxdında Ləmbəranı saxlıyan cejim oldu. Aparıf qıraxda satıf pulunu buğdaya verib onnan dolanıflar.

Bizdə çəkili olmuyana qız vermillərmiş. Deyillərmiş, onun çəkili var ki, ona qız verirsən? Yaxud deyirdilər, beş çəkili yoxdu başına dolana, ona niyə qız verirsən? Bunnan əlaqədar bir məsəl də var. Biri deyir ki, çəkilim yoxdu, amma iki min qoyunum var. Deyif, da deynən iki min dərim var da. Qış bərk qarrıyar, qoyunnar tələf olar, əlində heş nə qalmaz, amma çəkil yerində durajax.


  1. ALPOUD

Bu kəndin ortasından yol gedirdi, o tərəf, bu tərəf hamısı tükanıdı. Dörd yerdə qəssab tükanı vardı. Hər qəssabın qarmağınnan on iki dənə erkək asılırdı. O erkəklər ki, hərəsi otuz üç, otuz beş kilo ət verirdi. O ətdən saat on ikiyə bir tikə də olsun qalmazdı. Saat on ikidən sora qəssablar kötüyün üsdünü qaşıyırdılar, əlin-ayağın yuyub gedirdilər istirahət eliyirdilər. Orda çəkməçinin, dərzinin, hər kəsin ayrı tükanı vardı. Mədəniyyətdə birinci yerdə Alpoud, ikinci yerdə Lənbəranıydı. İsdər bişmişdə, isdər mədəniyyətdə, yeməkdə, toyda-zadda mədəni kəndiydilər. Rəhmətdik atam deyirdi ki, oğul, bax bu yurt (qaldıqları evi nəzərdə tutur – top.) səkgiz nəsil yola salıb. O nəslin ikisi çox yaşıyıf. Biri 115 yaş yaşıyıf, biri də yüz beş yaşıyıf. Dədəmin dədəsini, atamı, məni də saysan bu yurt on bir nəsil yola salıf. Biz hələ bu yurtdan kənara çıxmamışıx.




  1. ÇƏLƏBİLƏR


Çələbi kəndindəki nəsillər: zarıstılar, ətyeməzdi, dəlləkbabalılar, əhmədxanlar, qanqallar, sonalar, şəfilər, sofular, həsrətdər.

Bizə ətyeməzdi deyəllər. Allah köçənnərinə rəhmət eləsin, anam deyərdi ki, sənin atan Ətyeməzdi tərəfdəndi, babaları ordan gəlib. Atamın adı olub Ramazan, babamın adı Mirzalı, Mirzalının atası Ramazan olub, Ağdamdan gələn odu. Qoja kişilər vardı, mən onnarnan işdiyirdim müharibə vaxdı. Kotan əkirlərdi, mən də kəlin boynunda otururdum. Deyirdilər, sür Qaradəmirçi yerinə. Deyirdim, ay Məmməd dayı, yer bizimdi, niyə Qaradəmirçi yeri deyirsiz? Deyir, a bala, o vaxdı üş-dörd adam gəlib tökülüblər Kürün qırağına, bəyənməyib buranı, su uzaqlığı olub, köçüb Bərdənin altında məskən salıblar. Ona görə o yerin adı Qaradəmirçi qalıb.

Sovet bura iyirminci ildə gəlibdi, onda burda qaçaqaç olubdu. O deyib, gəlib bizi qırajaxlar, bu deyib, bizi qırajaxlar. Bizim camaat burdan qaçıb meşəyə gedib. Şah kövəri deyilən yer vardı, orda məskunlaşıblar. Sora bir ağıllı adam çıxıb deyib bizi qırmağa gəlmir a, gəlin qayıdağın. Sora qayıdıblar yerlərinə.

Molla Fərrux Əhməd əfəndinin bajısı oğlu olub. Oruşduğ ayı olur. Oruşduğu tutub qutaran günün sabahı gəlib meçidin qabağında aş bişirib, yeyib-içib, xeyir-dua verib gedillərmiş. Sovetləşmə dövrü gələndə sabah oruşdux qutarır, bu çıxır ki, əzan verə. Azan verəndə, rus saldatı varmış, olar bunu tutub ki, sən qaçağa, banditə qaç deyirsən. Öyünü, malını, nə var hamısın müsadirə eliyillər, özdərini aparıllar Bərdədə pratakol yazdırıllar, ordan da sürgün eliyillər. Molla Fərruxdan başqa Şamıl, Cəmil, Süleyman kişi olub, oları da sürgün eliyiblər.

Ətraf kəndlər dağ-aran gedərdi, amma bizim camaat elə binədən oturaq olub. Qılışdı, Mollalı camaatı dağa gedəndə gətirib ağırrıxlarını-uğurruxlarını bura yığırdı.


  1. ƏYRİCƏ


I mətn

Üş nəfər qardaş Qaladan gəliblər: Batur bəy, İsmayıl bəy, Kərim bəy. Olar Tərtərnən Kürqovuşanın arasında məskən salıblar. Sora oların biri gəlib Kərimbəyli kəndinin ərazisinə, Batur bəy Əyricədə əyrici sexi açıbdı, barama əyiribdi. Batur bəy Yevlağa yol çəkdirib. İndi də o yola “Batur bəyin yolu” deyillər. Sora burda var Köçəri nəsli. Olar iki qardaş olub, Naxçıvandan gəliblər. Birinin adı Köçəri, birinin adı Əhməd olub. Əhməd maldarlıqla, Köçəri isə ipəkçiliklə məşğul olub. Əhmədin nəsli xəsdəliyə düçar olub yoxa çıxıb, amma yurdun adı qalır. İndi də həmin yerə “Əhmədbəyli yurdu” deyillər.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin